ANA DİLİMİZ –
MİLLİ KİMLİYİMİZDİRŞəki şəhərindəki Ü.Hacbəyli adına şəhər Folklor Evində Şəki MKS-nin 13 nömrəli kitabxana filialı ilə birlikdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Mənim ana dilim, mənim kimliyim” adlı ədəbi-bədii tədbir keçirilib. Hər il ənənəvi olaraq keçirilən Ana dili günlərində olduğu kimi, bu dəfəki mərasimdə də dilimizin özəlliyi, millətin və dövlətin mövcudluğundakı müstəsna yer və əhəmiyyəti barədə geniş diskussiya aparıldı. Çıxış edən ziyalıların hər biri dilimizin qorunması və inkişafı ilə bağlı maraqlı fikir və mülahizələr söylədilər.
Tədbirin aparıcısı – M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin aparıcı metodisti, tanınmış bədii qiraətçi Nazilə xanım Qaffarova mərasimi açdı, iştirakçıları ana dili ilə bağlı şeir parçası ilə salamladıqdan sonra, Azərbaycan torpaqlarının işğaldan azad olunması zamanı canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Ana dilim” şeirinin şairinin öz dilindən səsləndiyi video-çarx nümayiş etdirildi.

N.Qaffarova sözü Şəkinin şair-alim qızı, Bakıda yaşasa da, doğma yurdunda keçirilən bu cür tədbirlərdə böyük məmnuniyyətlə iştirak və çıxış edən AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Qiymət xanım Məhərrəmliyə verdi. Qiymət xanım çıxışını əsasən doğma dilimizdə yaranan folklorumuz, klassik və müasir ədəbiyyatımız, eyni zamanda dilimizin qorunub-saxlanması və inkişafının milli-mənəvi dəyərlər sistemimizdəki əhəmiyyətli rolu üzərində qurdu. Şair-alim çıxışını “Vətən nədir” adlı şeiri ilə yekunlaşdırdı. Şəki ədəbi mühitinin istedadlı nümayəndələrindən Zaur İlhamoğlu, Gülarə İnci, Əfsanə Rəvan, qiraətçi Aylin Raminqızı da öz çıxışlarında maraqlı fikirlər irəli sürdülər, bir-birindən gözəl şeirlər səsləndirildi.
Ü.Hacıbəyli adına şəhər Folklor Evinin metodisti, sevilən müğənni İdris İdrisovun ifa etdiyi şən-şux mahnı – “Şirin dil” Ana Dilimizin necə sevilən bir dil olduğunun əyani sübutuna çevrildi.
Şəki şəhər MKS-nin 13 nömrəli kitabxana filialının müdiri Gövhər Bəkirova da çıxış edərək, tədbirin keçirilməsindən məqsəd və dilimizin sevilməsi, inkişaf etdirilməsi istiqamətində görülmüş və görülməkdə olan işlərdən danışdı. Tədbir iştirakçılarına, qonaqlara və aparıcıya minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkdirildi.
Şəfəq Məhərrəmli, ŞƏKİ.