Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
31-07-2026, 19:10
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır


Azərbaycan dili milli

irsimizin əbədi daşıyıcısıdır


Avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu tarix ana dilimizin qorunması, inkişafı və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini bir daha ön plana çıxarır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın milli kimliyini, tarixini və mədəni irsini yaşadan ən mühüm dəyərlərdəndir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsini müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biri hesab edirdi. Onun təşəbbüsü ilə hələ sovet dövründə - 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm tarixi hadisə oldu. O dövrdə milli dillərin sıxışdırıldığı bir şəraitdə bu qərarın qəbul edilməsi böyük siyasi iradənin və uzaqgörənliyin göstəricisi idi.
Müstəqillik illərində də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Ardınca "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul olunaraq dilimizin tətbiqi, qorunması və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildi.
Azərbaycan dilinin inkişafı istiqamətində mühüm mərhələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi oldu. Bu qərar milli-mənəvi irsimizin qorunmasına xidmət edən ən əlamətdar addımlardan biri kimi tarixə düşdü.
Ulu Öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir". Onun fikrincə, ana dilini bilməyən insan öz tarixini, milli köklərini və mənsub olduğu xalqın mənəvi dəyərlərini də tam dərk edə bilməz. Məhz buna görə Azərbaycan dilinin saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı çoxsaylı fərman və sərəncamlarla Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı, elektron məkanda tətbiqinin genişləndirilməsi, latın qrafikalı nəşrlərin artırılması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi və dövlət dilinin saflığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilib.
2013-cü ildə təsdiq olunan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" bu sahədə strateji sənəd kimi xüsusi əhəmiyyət daşıyır. Daha sonra qəbul edilən normativ hüquqi aktlar, o cümlədən 2018-ci ildə dövlət dilinin saflığının qorunmasına dair Fərman dil siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
2025-ci ildə imzalanan yeni Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, normativ hüquqi aktlara və dil normalarına əməl olunmasına dövlət nəzarəti funksiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi. Bu qərar dövlət dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində institusional mexanizmlərin daha da gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir və onun inkişafı hər bir vətəndaşın borcudur. Dövlət başçısının sözləri ilə desək, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur". Bu yanaşma ana dilimizin saflığının qorunmasının yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti olduğunu göstərir.
Bu gün Azərbaycan dili 50 milyondan artıq insanın ana dili olmaqla yanaşı, müstəqil Azərbaycanın dövlətçilik rəmzlərindən biri kimi ölkənin ictimai-siyasi, elmi, mədəni və informasiya məkanında aparıcı mövqeyə malikdir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə də dilimizin zənginliyinin qorunması, düzgün istifadəsinin təşviqi və gələcək nəsillərə saf şəkildə ötürülməsi milli təhlükəsizlik və milli-mənəvi dəyərlərin qorunmasının mühüm tərkib hissəsi hesab olunur.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə əlamətdar tarix deyil, həm də hər bir vətəndaşı ana dilinə daha həssas yanaşmağa, onun saflığını qorumağa və gələcək nəsillərə zəngin irs kimi ötürməyə çağıran mühüm ictimai mesajdır.

Afət Camalova
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru
30-07-2026, 15:12
Komitə sədri professoru təbrik etdi


Komitə sədri

professoru təbrik etdi


Çox dəyərli və əziz Seyfəddin müəllim,

Sizi – türkologiya və mifologiya elminin, Azərbaycan folklorşünaslığının zirvələrini fəth etmiş ustad alimi 65 illik şərəfli yubileyiniz münasibətilə ürəkdən, sonsuz sevgi və dərin ehtiramla təbrik edirik!
Sizin ömrünüz bütövlükdə xalqımızın mənəvi yaddaşına, qədim Oğuz-Türk köklərinə, əcdadlarımızın ruhuna və söz xəzinəsinə həsr olunmuş müqəddəs bir yoldur. Qələmə aldığınız hər bir əsər, apardığınız hər bir dərin elmi araşdırma milli kimliyimizin işıqlı güzgüsüdür. Siz gərgin elmi axtarışlarla itirilmiş sözümüzü tapır, unudulmuş dastanlarımıza yenidən nəfəs verir və gələcək nəsillərə əvəzsiz mənəvi miras qoyursunuz.
Elmi fəaliyyətinizlə yanaşı, hərarətli qəlbiniz, işıqlı intellektiniz, insanlara olan səmimi sevginiz və xeyirxahlığınız ətrafınızdakı hər kəsə nur saçır. Sizinlə eyni elmi mühiti bölüşmək, sizin müdrik məsləhətlərinizdən güc almaq bizim üçün böyük şərəf və xoşbəxtlikdir.
Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz daxili enerji, ailə səadəti və elmi-yaradıcılıq yolunuzdakı yeni-yeni zirvələr arzulayırıq. Qoy hər yeni yaşınız Sizə sevinc, sevgi, ilham və doğmalarınızın isti nəvazişini gətirsin. Qələminiz həmişə iti, elmi ocağınız həmişə isti olsun!

Dərin sevgi, ehtiram və ən xoş arzularla, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov
27-07-2026, 23:19
Dostumuza sürpriz yubiley təbriki

Dostumuza sürpriz

yubiley təbriki


Yazıçı-publisist, tibb-xidməti polkovnik-leytenantı Elman Rüstəmovla axşamın sərinində əyləşib şahmat oynayırdıq. Vidadi müəllimlə Vaqif müəllim də adətləri üzrə azarkeşlik edirdilər. Qəfildən dayısının mələkləri üstünə tökülüb oyunumuzu pozdular. Üzərinə “Şəfa paylayan xilaskarımız 60 illiyin mübarək!” yazılmış tortu şahmat stolumuza qoyub Elman həkimə sarıldılar. Məlum oldu ki, həkimin bacısı qızları Cəmilə müəllim, Sevda xanım, Hürü xanım, xalasının nəvələri İntizar müəllimlə Raisə xanım Elman qardaşımızın 60 illik yubileyini təbrik etməyə gəliblər.

Bu gəliş şahmat yarışımıza xüsusi nəşə qatdı. Dostlarımız qohumlarının Elman həkimə qarşı olan istəyinə, sevgisinə daha çox sevindilər. Elə əslində arada qazanan da biz olduq. Nə qədər təkid etdiksə də həkimin yoldaşı Natəvan xanım tortu evə aparmadı. Elə bayırdaca kəsib həkimin dostlarını qonaq elədi. Biz də çayımızı içib Elman həkimin özünə də, sevənlərinə də dua elədik.

Qohumların ifadəsini dönə-dönə təkrarladıq. Doğrudan da Elman Rüstəmov Şəfa paylayan xilaskardır.
Xanımların və dostların adından onu bir daha 60 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirik və arzulayırıq ki, dostumuza olan sevgi heç vaxt azalmasın!

Sayğılarla: Tamxil Ziyəddinoğlu
Bütöv Azərbaycan Media Qrupunun rəhbəri
27-07-2026, 18:07
Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Şair Lalə İsmayılın

"Bəyaz Durnalar" adlı ilk

kitabı işıq üzü görüb


Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı nəşr olunaraq oxucuların ixtiyarına verilib. Kitab Birinci Qarabağ müharibəsində itkin düşmüş, məzarları olmayan yeddi qəhrəman polis şəhidimizin əziz xatirəsinə ithaf olunub və onların qəhrəmanlığının, Vətənə sədaqətinin gələcək nəsillərə çatdırılması baxımından mühüm mənəvi əhəmiyyət daşıyır.
Lalə İsmayıl gənc yaşlarından bədii yaradıcılıqla məşğul olur. Onun şeirləri uzun illərdir dövri mətbuatda dərc edilir. Şairin yaradıcılığı müharibənin ağrı-acıları, Vətən sevgisi, yurd həsrəti və insan taleləri ilə yoğrulub. Şeirlərində doğma torpağın gözəllikləri ilə yanaşı, xalqımızın yaşadığı faciələr, şəhidlərimizin müqəddəs xatirəsi və qalibiyyətə aparan mübarizə öz poetik ifadəsini tapıb.
Lalə İsmayılın bu kitabı onun üçün təkcə ədəbi yaradıcılıq nümunəsi deyil, həm də şəxsi ağrısının və müqəddəs xatirənin ifadəsidir. Çünki müəllif "Məzarsız yeddi polis şəhidi"ndən biri olan İsmayıl Barat oğlu İsmayılovun doğma bacısıdır. Bu səbəbdən "Bəyaz Durnalar" kitabı bir bacının qardaşına, həmçinin onunla birlikdə şəhidlik zirvəsinə ucalmış qəhrəman polis əməkdaşlarına ucaldılmış mənəvi abidə kimi böyük dəyər daşıyır.

Kitab Xalq şairi Nəriman Həsənzadənin xeyir-duası ilə nəşr olunub və məzarsız qəhrəman yeddi polis şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq işıq üzü görüb.
Nəşrin redaktoru Güllü Eldar Tomarlı, məsləhətçisi Tərlan Musayeva, ön sözün müəllifi Türkiyəli yazar Necdet Ekici, üz qabığının müəllifi isə rəssam, professor, dosent M. E. Kayserilidir.
"Bəyaz Durnalar" kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə nəşr olunub. Bu nəşr təkcə bir şeir kitabı deyil, həm də Vətən uğrunda canından keçən qəhrəman polis şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi abidədir.
Kitabın həsr olunduğu məzarsız yeddi polis şəhidi bunlardır:

- İsmayılov İsmayıl Barat oğlu – 5 avqust 1968-ci il, Zəngilan rayonunun Yuxarı Yeməzli kəndi.
- Bəşirov Fazil Arif oğlu – 27 dekabr 1967-ci il, Zəngilan rayonu.
- Quliyev Aqil Mehralı oğlu – 2 fevral 1969-cu il, Zəngilan rayonunun Ağkənd kəndi.
- Quliyev İlham İmamqulu oğlu – 15 iyul 1970-ci il, Zəngilan rayonunun Orta Yeməzli kəndi.
- İsmayılov Möhlət Bəhmən oğlu – 30 aprel 1968-ci il, Zəngilan rayonunun Dərə Gilatağ kəndi.
- Paşayev Sabir Əziz oğlu – 26 iyul 1969-cu il, Zəngilan rayonu.
- Nərimanov Elşad Əvəz oğlu – 20 oktyabr 1967-ci il, Zəngilan rayonu.

Qəhrəman polis əməkdaşlarının hər biri 25 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid düşmüş, bu günə qədər nəşləri tapılmamışdır. Onların məzar yerləri bu gün də məlum deyil.
Əminik ki, "Bəyaz Durnalar" vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərimizi və şəhidlərimizin unudulmaz xatirəsini yaşadan dəyərli nəşrlərdən biri kimi oxucular tərəfindən böyük maraq və rəğbətlə qarşılanacaq.
Güllü Tomarlı
26-07-2026, 23:04
Hüquqşünas şəhid ailəsini ziyarət edib.

Hüquqşünas şəhid

ailəsini ziyarət edib.


Hüquqşünas Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib.
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib.
O, Saatlı rayonu Heydərabad kəndində şəhidin yaşadığı mənzildə yerləşən ev muzeyində onun döyüş yolunu və şəxsi həyatını əks elətdirən eksponatlarla tanış olub. Şəhidin valdeyinləri Firudin və Kubra Zeynalovlar ziyarətlə bağlı minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şəhid Cabbar Zeynalov 23 mart 1999-cu il tarixdə Saatlı rayonun Heydərabad kəndində doğulub. İlk orta təhsilini Heydərabad kəndində aldıqdan sonra tam orta təhsilini Saatlı rayonun Dədə Qorqud kəndində alıb.05 aprel 2017-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, 23 oktyabr 2017-ci il tarixdə döyüş tapşırığını icra edərkən şəhid olub.
26-07-2026, 22:42
Azərbaycan Demokrat Firqəsinin mübariz, fədakar oğlu və tarix tədqiqatçısı Məhərrəm İmaz vəfat etdi


Azərbaycan Demokrat Firqəsinin

mübariz, fədakar oğlu və tarix

tədqiqatçısı Məhərrəm İmaz

vəfat etdi



Məhərrəm İmaz Azərbaycan Demokrat Firqəsinin uzun illər fəaliyyət göstərmiş üzvlərindən və Azərbaycan milli hərəkatının tarixini araşdıranlardan biri idi. O, ömrünün uzun hissəsini Azərbaycan Milli Hökumətinin tarixi irsinin və Azərbaycan Demokrat Firqəsinin mübarizə tarixinin qorunmasına, toplayıb və sənədləşdirilməsinə həsr etmişdi.
Azərbaycan Respublikasına mühacirət sonra da o, Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları ilə birlikdə fəaliyyətini davam etdirdi. Siyasi və mədəni tədbirlərdə fəal iştirak etməklə yanaşı, 21 Azər Hərəkatının tarixi və onun görkəmli şəxsiyyətləri haqqında elmi araşdırmalar apardı.
Məhərrəm İmazın ən tanınmış əsəri «İbrahimi ailəsi; bir nəslin əfsanəsi» kitabıdır. Bu əsər İbrahimi ailəsinə, xüsusilə Azərbaycan Milli Hökumətinin Baş prokuroru Fəridun İbrahimiyə aid sənədlərin, xatirələrin və arxiv materiallarının uzun illər ərzində toplanmasının nəticəsidir. Müəllif bu kitabda ailə üzvlərinin həyat və mübarizə yolunu işıqlandırmaqla yanaşı, Azərbaycan milli hərəkatının tarixinin və həmin dövrün ziyalı və mübarizlərinin rolunun mühüm bir hissəsini sənədləşdirmişdir.
Məhərrəm İmaz yalnız bir kitabın müəllifi deyildi. O, uzun illər Azərbaycan Demokrat Firqəsinin rəhbərləri, mübarizlərinin fəaliyyəti ilə bağlı tarixi sənədləri, xatirələri və arxiv materiallarını toplayıb qorumuşdur. Bu gün tədqiqatçıların istifadə etdiyi bir çox dəyərli sənədlər onun zəhməti sayəsində saxlanılmış və elmi ictimaiyyətə təqdim olunmuşdur. Ömrünün son illərində o, İbrahimi ailəsinə məxsus dəyərli sənədləri, o cümlədən Firidun İbrahiminin bacısı İranduxt İbrahiminin xatirə və yazılarını da tədqiqatçıların istifadəsinə vermişdir.
Silahdaşları Məhərrəm İmazı təvazökar, dəqiq, etibarlı və tarixi həqiqətə sadiq bir insan kimi xatırlayırlar. O hesab edirdi ki, demokratik hərəkatın tarixi yaddaşının qorunması Azərbaycan xalqının azadlıq, sosial ədalət və milli hüquqlar uğrunda mübarizəsinin ayrılmaz hissəsidir.
Məhərrəm İmazın vəfatı müasir tarix tədqiqatçılarını, eləcə də Azərbaycan Demokrat Firqəsinin üzvləri və tərəfdarları bu hərəkatın tarixi yaddaşını qoruyan ən dəyərli insanlardan birindən itirdi. Onun qoyub getdiyi əsərlər və sənədlər, xüsusilə «İbrahimi ailəsi; bir nəslin əfsanəsi» kitabı, Azərbaycan Milli Hökumətinin tarixini və Firidun İbrahiminin nəslinin mübarizə yolunu öyrənmək üçün bundan sonra da dəyərli mənbələrdən biri olaraq qalacaqdır.
Məhərrəm İmazın adı və xatirəsi azadlıq, demokratiya və sosial ədalət ideallarına sadiq bir mübariz və tədqiqatçı insan kimi həmişə ehtiramla yad ediləcək.
26-07-2026, 15:58
Elmanın öz dünyası

Elman Rüstəmov-60
Təbrik edirik!

Elmanın öz dünyası

Bəzən insan gün ərzində beş, on, yüz, bəlkə də min adamın yanından keçir. Elə dövrə gəlmişik ki, adam qayğıların, fikir-zikrin əlindən, bəziləri də görmədiyi günə çatdığından, pullandığından heç bir məhəllədə, eyni küçədə yaşadığı adamı ya görə bilmir, ya da görməzdən gəlir. Belələri təkəbbürdən o qədər şişirlər ki, beyin öz funksiyasını itirir, baş gicəllənməsi əmələ gəlir və hər şeyi baş ayaq görməyə başlayırlar. Bax onda onlara elə gəlir ki, özlərindən çox-çox yüksəkdə olanlar çox aşağıdadırlar. Elə ictimai mizan da onda, hər kəs özünü olduğu kimi tanımayanda pozulur. Bu qənaətə paytaxt mühitində yaşadığım 50 il müddətində gördüyüm, şahidi olduğum hadisələri dəyərləndirərək gəlmişəm. Bir də o qənaətə gəlmişəm ki, tanıdıqlarımın bəziləri insanlığın fövqündədir. Onların öz dünyası, öz təbiəti, fövqəlbəşər daxili zənginlikləri olur. Ətrafdakıların bir qismi belə insanların xeyirxahlığını, humanizmini, malik olduqları dəyərləri qismən dəyərləndirib qeyd etsələr də, əksəriyyət belələrini dərk etməkdə çətinlik çəkir.
Özünəməxsus ali xarakterə malik fövqəlinsanlardan biri də Tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmovdur. Elman Rüstəmovla eyni rayonda doğulsaq da, 40 ilə yaxın eyni məkanda, qonşu küçələrdə yaşasaq da tanışlığımız “Bütöv Azərbaycan” qəzeti təsis olunandan sonra yarandı. İstəyirəm onu əvvəlcə oxucularımızla tanış edəm, sonra necə tanıdığımı ərz edərəm...
Rüstəmov Elman Süleyman oğlu 1966-cı ildə, iyulun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Aşağı Girətağ kəndində anadan olub. 8 illik məktəbi doğma kənddə bitirib. İlk yaradıcılığa da elə orda başlayıb.

Kəndlərindəki Daş karxanasının erməni rəisinin əməllərindən bəhs edən “Rüşvətxor rəis” birpərdəli komediyasını 12 yaşında yazıb. O, 12 yaşında həm də atasını itirib. Ana himayəsində böyüyən Elman 9-10-cu sinifləri Abşeron rayonunun Mehdiabad qəsəbəsində oxuyub. Amma yaradıcılıq qabiliyyəti uşaqkən büruzə versə də, peşə seçimində tamam başqa istiqamətə üz tutub. Ali məktəbə qəbul olması da yaradıcılığı kimi maraqlıdır. Sinif yoldaşlarının, tay-tuşlarının danışdığına görə Elman çalışqan və məsuliyyətli şagird olub. Həm də o qədər həssas olub ki, atasızlığının yükünü çəkən anasına Azərbaycan Tibb İnstitutuna (İndiki Tibb Universiteti) qəbul olması xəbərini çatdıranda özü sevincdən və yorğunluqdan bayılıb.

Elman Rüstəmov yorğun illərinin bəhrəsi olaraq 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini Fərqlənmə diplomu ilə bitirib. Amma müqəddəs amallarla peşəsinə ləyaqətlə xidmət etmək arzusunda olan gənc həkim təyinat bölgüsü vaxtı sürprizlə qarşılaşıb. Beləki fakültənin dekanı Fərman Təhməzov onu yanına çağıraraq deyib, -Elman, get fikirləş, gör institutda qalmaq istəyirsən yoxsa yox. Əgər fakültədə qalmaq istəsən saxlaya bilərik. Dünyanın qaranlıqlarından, “xoşməramlılar”ın umacaqlarından xəbərsiz yetim sevincindən bütün gecəni fikirləşib və bu ilahi şansı qaçırmamaq qərarına gəlib. Ağlına başqa heç nə gəlməyib. Əslində ağıla gələsi heç nəyi yox idi. Çünki kasıblıqla uğraşa-uğraşa dərslərinə çalışaraq Fərqlənmə diplomu almışdı. Belə adamlar nə qədər fikirləşsə də qara fikirlər ağlından keçmir.
Beləcə Elman Rüstəmovun təyinatı fakültədən çox-çox uzaqlara verilib. O, işlədikdən, dünyadakı eybəcərlikləri, saxtakarlıqları, çoxsifətliləri gördükdən sonra başa düşüb ki, get fikirləş nə deməkdir.
E. Rüstəmov əmək fəaliyyətinə mülki həyatda başlasa da, müstəqilliyini yenicə bərpa etmiş dövlətimizin ordu quruculuğunda tibb kadrlarına ehtiyac olduğunu nəzərə alıb, taleyini Azərbaycan Ordusuna bağlayıb. 22 il Milli Orduda hərbi provizor kimi müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi, 95 illiyi yubiley medalları, Azərbaycan Silahlı Qüvvələrində 15 il Qüsursuz Xidmətə Görə medalı ilə təltif edilib. Azərbaycan torpaqlarının işğal altında olduğu ağır illərdə canı- könüldən Vətənə xidmət edən tibb xidməti polkovnik-leytenantı Elman Rüstəmov müharibə veteranıdır. 28 noyabr 1992-ci ildən 19 dekabr 2014-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələrində tibb xidməti zabiti kimi qulluq edib. Vətəninə şərəflə xidmət edən dostumuz Azərbaycan Respublikası müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 087/t saylı əmrinə əsasən “Qüsursuz Xidmətinə Görə” I dərəcəli medalla təltif olunub.
O, harda olmasından asılı olmayaraq həmişə xoşgörüyə, insani dəyərlərə üstünlük verib. Xeyirxahlıqdan zövq alıb. Müdafiə Nazirliyinin Bakıda yerləşən Baş Klinik Hospitalında xidmət elədiyi dövrdə görür ki, bir kişi neçə gündür hospitalın qəbul şöbəsinin qabağında oturur. Axırıncı dəfə işdən çıxanda kişini yenə orda oturan görüb niyə oturduğunu soruşur. Kişi cavab verir ki, əsgər atasıyam. Oğlum Naxçıvanda xidmət edirdi. Xəstələnib, neçə gündür Reanimasiya şöbəsində yatır. Nigarançılıqdan evə gedə bilmirəm. Gedim anasına nə deyim?!
Elman həkim əsgər atasını maşına mindirib evə aparır. Dəyişək paltarı verib hamama salır. Gecəni öz evində qonaq saxlayıb oğlunun tezliklə yaxşı olacağına dair təsəlli verir. Səhər yeməyindən sonra yenə maşınla aparıb evinə yola salır. Onun nigaran qalmaması üçün əlindən gələni edir. Sən get ki, anası da nigaran qalmasın,-deyir.
Hərbi həkim öz xeyirxah əməlləri barədə danışmağı xoşlamadığından neçə-neçə nəcib işlərinin nəticəsi Allahı ilə öz arasında gizli qalıb.
Dürüst, vicdanlı, ədalətli, vətənsevər və insanpərvər adamların əli əyrilərin, tamahkarların, saxtakarların arasında işləməsi bütün dövrlərdə çətin olub. İndi də elədir. Gözütox Elman Rüstəmov ömrünün qalan hissəsini könül xoşluğu, ruh rahatlığı ilə, intriqalardan uzaq yaşamaq üçün, cavan olmasına baxmayaraq, xidmət müddəti bitən kimi ərizə yazaraq 47 yaşda təqaüdə çıxıb. Bapbalaca bir aptek yeri icarəyə götürüb, həm öz başını qatır, həm də iki-üç ailənin güzəranının yaxşılaşmasına vəsilə olur. Həkimə getməyə pulu olmayanlara həkim məsləhəti verir, tanış həkimlərdən, dostlarından onlara təmənnasız yardım göstərməyi xahiş edir.
Qeyd etdiyim kimi Elman Rüstəmovla tanışlığımızın yaşı “Bütöv Azərbaycan” qəzetinin yaşı qədərdir. 2009-cu ilin oktyabrında qəzetin 3 nömrəsində ard-arda “Mən “Tupoy””, “Başkəsənlər” və “Səsli çeşmə” yazıları çap olundu. Beləcə yazıçının həm yaradıcılığı, həm də şəxsiyyəti ilə tanışlığımız başladı. Elə kitablarının nəşri də o vaxtdan sonraya düşdüyünə görə hamısını əldə edib oxumaq imkanım oldu.

“Xoşbəxt günlərimin açı göz yaşları” (Zaurun yuxuları) onun ilk çap olunan kitabıdır. Qısa müddətdə yazıçının “Başkəsənlər”, “Anama məktub”, “Novruzda açılan atəş”, “Dürmək restoranı” və “Tanrı ürəklərdədir” kitabları çap olundu. 4 ilin içində 6 irihəcmli kitabın ərsəyə gəlməsi müəllifin nə qədər məhsuldar olduğunun göstəricisidir. “Novruzda açılan atəş” povesti Qarabağ müharibəsi mövzusundadır. “Kreml qülləsi” və “Morqda yeni il şənliyi” hekayələri rus dilinə tərcümə olunaraq Ukrayna mətbuatında dərc olunub.
Mən ədəbiyyatşünas- tənqidçi olmadığıma görə, Elman Rüstəmovun yaradıcılığı barədə diqqəti filologiya elmləri doktoru Şakir Albalıyevin “Düşüncə fədaisi olan yazıçı” məqaləsindən bir fraqmentə yönəltmək istəyirəm:
Elman Rüstəmov bir müəllif kimi yazdıqlarında nə dərəcədə millidirsə, o dərəcədə də vətənpərvər kimi, nə dərəcədə milli ruhlu vətənpərvərdirsə, o dərəcədə də bəşəri ideallara sadiq bir sənətkar kimi çıxış edir. Mən onun yazılarının ruhunda ziyalı – yazıçı kimi özünü fəda etdiyini görürəm: onu sözün həqiqi mənasında düşüncə fədaisi olan yazıçı kimi səciyyələndirirəm. Çünki o, eşidib-gördükləri həyat həqiqətlərini yazıçı təxəyyülündən və analitik yazıçı düşüncəsindən keçirməklə nəsr əsərinə çevirir. Onun yazı üslubu, yazıçı kimi özünü göstərə bilmək missiyası məhz bu mühüm amildən rişələnir. Onun hər əsərində düşüncə qatları müəyyən intervallarla özünü göstərir.
“Kreml qülləsi”, “Ağ vərəq”, “Mən”, “Tupoy”, “Baş kəsənlər”, “Ən qısa hekayəm”, “21 dekabr dünyanın sonu, yoxsa bir yəhudi oyunu”, “Şəkinin “Xan sarayı” və s. Bütün bu və bu kimi digər əsərlərində biz qatbaqat düşüncə layları ilə rastlaşırıq: düşünərək (müəyyən ədəbi-fəlsəfi kəşflər edərək) oxucularını da bu xüsusda düşündürür.
Elman Rüstəmov ehtiyata buraxıldıqdan sonra ölkəmizin ictimai həyatında daha səmərəli fəaliyyətə başlayıb. Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin üzvü kimi 2017-ci ildə “Hərə bir əsgər, hər ev bir səngər” layihəsi çərçivəsində Tovuz rayonunun Ağdam kəndinə, yerli əhalinin görüşünə gedib. Kitablarını kənd camaatına hədiyyə edərək, onları düşmənlə üz-üzə dayanaraq yurdu, doğma ocağı qoruduqlarına görə təqdir edib. Maraqlıdır ki, qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi də məhz həmin kənddə alovlanıb.

Müharibədən sonra-2 noyabr 2022-ci ildə “Vətən sənə canım fəda” layihəsi çərçivəsində 44 günlük Vətən Müharibəsinin rəmzi olaraq, Şuşa uğrunda döyüşüb Şuşaya çatmadan Şəhid olanların ailə üzvlərindən və qazilərdən ibarət 44 nəfərlik qrupun Şuşaya 1 günlük səfərini təşkil etmişdik. Səfərin ən ağır xərclərindən birini-1000 manat nəqliyyat xərcini Elman Rüstəmov çəkdi. Mən həmin pulu almağa tərəddüd edəndə dedi,-müəllim, illərdi mən bu 1000 manatı əhd edərək ayırmışdım ki, torpaqlarımız işğaldan azad olunanda xərcləyəm. İndi o mübarək gün gəlib, nə xoş ki, Şuşamızın ziyarətinə Şəhid ailələri ilə birgə getmək nəsibim olub.
Artıq 17 ildir ki, Elmanla tanışıq və ürəklə deyə bilərəm ki, tanışlığımız müəyyən sınaq mərhələlərindən keçmiş dostluq səviyyəsindədir. O, mənə güvənirmi, deyə bilmərəm, amma mənim ona güvəncim tamdır. Xidmətdə qüsursuz olduğu kimi, dostluqda, vətəndaş mövqeyində də qüsursuzdur. Yaşlılara, xəstələrə şəfqəti, mərhəməti ilə, körpələrə məhəbbəti ilə seçilir. Ailəcanlı olduğu qədər də elcanlıdır. Bəzən onun hədsiz humanistliyindən, alicənablığından, üzü yumşaqlığından sui istifadə edənlər də olur. O, böyüklük edib görməzdən gəlir, nə olursa olsun özünü o yerə qoymur. Amma yaxşı bilir ki, elə qəribə tiplər var ki, qulluğunda durduqca adamı qul yerinə qoyur. Bax bu dözülməzdir...
Hərbi Jurnalistlər Birliyinin, demək olar ki, heç bir tədbiri Elman Rüstəmovsuz keçmir. Keçən il Laçın rayonunda Şəhid Camal Quliyevin tənha məzarını birlikdə ziyarət etdik. Avqustun 24-də isə əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçılar Bəylikdə məskunlaşmış kənd camaatı ilə görüşdü. Yerli əhali çatışmazlıqlardan, çətinliklərdən söhbət açanda yazıçı-publisist məskunlaşma zamanı müəyyən müddət çətinliklərin olacağını təbii sayaraq qeyd etdi ki, mən bir hərbçi və yazıçı olaraq Vətənimizin hansı çətinliklərdən keçdiyini yaxşı bilirəm. Dövlət müstəqilliyimiz elan olunan kimi dörd bir yandan düşmənlərimiz üstümüzə düşdü. Ordusuz, əliyalın könüllü dəstələr Vətənin müdafiəsinə qalxdı. Şükr etdiyimiz bu günə gəlincə 30 minə yaxın Şəhid verdik. O vaxtlar heç kim dövlətdən heç nə ummurdu. Hər əzaba qatlaşırdıq ki, təki dövlətimiz toparlanıb torpaqlarımızı azad edə bilsin. Hər kəs mən Vətənimin xilası üçün dövətə nə kömək edə bilərəm,- deyə düşünürdü. Gördüyünüz kimi güc birliyi, söz birliyi ilə torpaqlarımızı düşmən tapdağından azad elədik. Dar günün ömrü az olar. Müvəqqəti çətinliklər də keçib gedəcək. Mən bircə ona təəssüflənirəm ki, səsinin yanğısı ilə Laçını unutmağa qoymayan Məhəbbət Kazımov Qarabağın azadlığını, Laçınımızın yeni növrağını görə bilmədi...
Elman Rüstəmov 2014-cü ildə “Qafqaz-Media”İctimai Birliyinin “Nurlu qələm” mükafatına layiq görülüb. Hərbi Jurnalistlər Birliyi isə layihələrin həyata keçirilməsində göstərdiyi köməyə və mənəvi dəstəyə görə “Vətənoğlu” Fəxri Diplomu ilə təltif edib.

Onun şəxsi keyfiyyətləri, mənliyi, ləyaqəti, insanpərvərliyi, səmimiyyəti, xoşrəftarı, nə qədər nəzakətli və kübar bir insan olduğu barədə yazmaqla bitən deyil. Odur ki, əziz dostumu 60 illiyi münasibəti ilə “Bütöv Azərbaycan” Media qrupu adından, Hərbi Jurnalistlər Birliyi İdarə Heyəti adından səmimi qəlbdən təbrik edir, sağlam uzun ömür, ictimai fəaliyyətində və yaradıcılığında uğurlar arzulayırıq. Bir də arzu edirik ki, Zəngəzur dağlarındakı doğma kəndində, Qalanın başında şahmat oynamaq əhdi hasil olsun!
Sevgi və sayğılarla:
Tamxil Ziyəddinoğlu
23-07-2026, 12:32
Ağdərə sakininin hekayəsi

Ağdərə sakininin hekayəsi Foto

Arif Baxşəliyev Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun Kolatağ kəndinə qayıdan sakinlərdəndir. Uzun illər ailəsi ilə birlikdə Yevlaxda yaşayan Arif müəllim dövlətin yaratdığı şərait sayəsində yenidən ata-baba yurduna qovuşub. Beş övlad atası olan Arif Baxşəliyevin həyat yoldaşı Nəzakət xanım Xankəndi Pedaqoği Universitetinin məzunu olub. Uzun illər ibtidai sinif müəllimi kimi çalışıb. Hazırda təqaüddədir. O da doğma kəndə qayıtmaqdan böyük məmnunluq duyur. Hazırda ailə Kolatağ kəndində təsərrüfatla məşğul olur, yeni həyat qurur. Onların doğma ocaqları, tez-tez övladlarının və nəvələrinin, eləcə də qonaqların gəlişi ilə canlanır. Baxşəliyevlər üçün Böyük Qayıdış sadəcə ünvan dəyişikliyi deyil, öz yurdunda yenidən kök salmaq, ailə ənənələrini yaşatmaq və gələcəyə inamla baxmaq deməkdir.


23-07-2026, 12:02
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi


Azərbaycan-Almaniya

münasibətlərində strateji

əməkdaşlığın yeni mərhələsi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri və səfər çərçivəsində səsləndirdiyi bəyanatlar iki ölkə arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. İmzalanan sənədlər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi və regional sülhün möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər yalnız Azərbaycan-Almaniya münasibətlərinin deyil, bütövlükdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafı üçün də yeni imkanlar açır.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri iki ölkə arasında strateji dialoqun başlanmasıdır. Strateji dialoq münasibətlərin yalnız mövcud səviyyəsinin qorunmasına deyil, onların gələcəkdə daha sistemli və məqsədyönlü şəkildə inkişafına xidmət edir. Bu format siyasi, iqtisadi, humanitar, elm, təhsil və yüksək texnologiyalar sahəsində qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.
Azərbaycan uzun illərdir ki, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri vaxtında və yüksək məsuliyyətlə yerinə yetirərək etimad qazanan dövlətə çevrilib. Xüsusilə enerji sahəsində Azərbaycanın etibarlı tərəfdaş kimi qazandığı nüfuz Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir. Almaniya ilə əməkdaşlığın yeni mərhələyə yüksəlməsi də məhz qarşılıqlı etimadın və ortaq maraqların məntiqi nəticəsidir.
Bəyanatda enerji təhlükəsizliyi məsələsinə geniş yer ayrılması təsadüfi deyil. Son illərdə dünyada baş verən geosiyasi proseslər enerji təhlükəsizliyini dövlətlərin prioritet məsələlərindən birinə çevirib. Azərbaycanın təbii qazının Almaniyaya ixracına başlanılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırır. Bununla yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri də diqqət mərkəzindədir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı Almaniyanın qabaqcıl texnologiyaları ilə birləşərək hər iki ölkə üçün faydalı layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
İqtisadi əməkdaşlığın genişləndirilməsi də səfərin mühüm nəticələrindəndir. Hazırda Azərbaycanda yüzlərlə Almaniya şirkəti fəaliyyət göstərir və onların sayı ildən-ilə artır. Qarşılıqlı sərmayələrin təşviqi, sənaye əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi və yeni biznes layihələrinin həyata keçirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Xüsusilə Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması sahibkarlar arasında əlaqələrin möhkəmlənməsinə və yeni investisiya imkanlarının yaranmasına xidmət edəcək.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit imkanlarının inkişafını da xüsusi qeyd etdi. Azərbaycanın son illərdə həyata keçirdiyi iri infrastruktur layihələri ölkəmizi Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Orta Dəhlizin əhəmiyyətinin artdığı indiki dövrdə Almaniyanın bu layihələrə maraq göstərməsi Azərbaycanın beynəlxalq logistika sistemində mövqeyini daha da gücləndirəcək. Bu əməkdaşlıq yalnız iqtisadi dividendlər deyil, həm də regionda qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Bəyanatda Cənubi Qafqazda davam edən sülh prosesi də mühüm yer tutur. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və bu gün davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Ermənistanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Almaniyanın bu proseslərə konstruktiv yanaşması və sülh təşəbbüslərinə dəstək verməsi əməkdaşlığın siyasi əhəmiyyətini daha da artırır.
Diqqət çəkən məqamlardan biri də Avropa İttifaqı ilə münasibətlərə verilən önəmdir. Azərbaycan Avropa dövlətləri ilə qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlər qurur. Almaniya Avropanın aparıcı iqtisadi və siyasi güclərindən biri kimi bu əməkdaşlıqda xüsusi yer tutur. Bu baxımdan strateji dialoqun başlanması gələcəkdə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Səfər zamanı imzalanmış "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında strateji gündəliyə dair Birgə Bəyannamə" və digər sənədlər münasibətlərin hüquqi bazasını daha da möhkəmləndirir. Bu sənədlər qarşılıqlı etimadın, uzunmüddətli tərəfdaşlığın və konkret layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır.
İmzalanan sənədlər və verilən bəyanatlar iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldir. Enerji, iqtisadiyyat, nəqliyyat, investisiya, yaşıl enerji və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığın genişlənməsi həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın sabitliyi və inkişafına mühüm töhfə verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Almaniya tərəfdaşlığı qarşıdakı illərdə daha da möhkəmlənəcək və qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nümunələrindən birinə çevriləcək.

Malik Məmmədov
Abşeron RİH başçısının Xırdalan şəhər İƏD üzrə nümayəndəsi
22-07-2026, 11:02
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir

Dövlət qayğısı milli mətbuatın

inkişafının əsas təməlidir


Azərbaycan milli mətbuatı 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə zəngin və şərəfli inkişaf yoluna qədəm qoymuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" xalqın maariflənməsində, ana dilinin qorunmasında, milli özünüdərk hissinin formalaşmasında və mütərəqqi ictimai fikrin inkişafında müstəsna rol oynamışdır. Sonrakı dövrlərdə nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər qəzet və jurnallar Zərdabinin başladığı maarifçilik yolunu uğurla davam etdirmiş, milli mətbuatı xalqın ictimai-siyasi və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevirmişdir.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın tarixi missiyasını yüksək qiymətləndirərək deyirdi: "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Bu fikir milli mətbuatın cəmiyyətin maariflənməsində, milli şüurun formalaşmasında və dövlətçilik ideyalarının möhkəmləndirilməsində oynadığı əvəzsiz rolu dolğun şəkildə ifadə edir.
Müstəqillik illərində Azərbaycanda həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm istiqamətlərindən biri də media sahəsində ardıcıl islahatların aparılması olmuşdur. Xüsusilə 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazası formalaşdırılmış, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafındakı rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan mediasının inkişaf tarixində xüsusi əhəmiyyət daşıyan qərarlardan biri 1998-ci ilin avqustunda dövlət senzurasının ləğv edilməsi olmuşdur. Bu addım ölkədə söz və mətbuat azadlığının təmin olunmasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Senzuranın aradan qaldırılması azad medianın formalaşmasına, jurnalistlərin peşə fəaliyyətini daha sərbəst həyata keçirməsinə və cəmiyyətin operativ, obyektiv informasiya almaq hüququnun daha dolğun təmin edilməsinə geniş imkanlar yaratmışdır.
Ulu Öndərin müəyyən etdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək bildirib: "Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm."
Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar yeni inkişaf mərhələsi yaratmışdır. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın qəbul edilməsi, 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi milli medianın hüquqi və institusional əsaslarını daha da möhkəmləndirmişdir. Bu islahatlar media subyektlərinin iqtisadi dayanıqlığının artırılmasına, peşəkar jurnalistikanın inkişafına, informasiya təhlükəsizliyinin təmin olunmasına və müasir media mühitinin formalaşdırılmasına mühüm töhfə vermişdir.
Həyata keçirilən islahatlar region mediasının inkişafına da yeni imkanlar açmışdır. Rayon və şəhər qəzetləri, yerli informasiya resursları bölgələrdə həyata keçirilən sosial-iqtisadi layihələrin, abadlıq və quruculuq işlərinin, dövlət proqramlarının və ictimai əhəmiyyət daşıyan təşəbbüslərin operativ şəkildə işıqlandırılmasında, dövlətlə vətəndaş arasında səmərəli informasiya körpüsünün qurulmasında mühüm rol oynayırlar. Region mətbuatının maddi-texniki imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiyaya uyğunlaşdırılması və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində görülən tədbirlər yerli medianın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.
Son illərdə media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media layihələrinin dövlət tərəfindən dəstəklənməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində həyata keçirilən tədbirlər dövlətin milli mətbuata göstərdiyi ardıcıl diqqət və qayğının bariz nümunəsidir. Bununla yanaşı, rəqəmsal texnologiyaların inkişafı internet jurnalistikasının genişlənməsinə, Azərbaycan mediasının qlobal informasiya məkanında mövqeyinin daha da möhkəmlənməsinə şərait yaratmışdır.
Azərbaycan mediası Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək informasiya cəbhəsində üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmişdir. Operativ və obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması, dezinformasiyaya qarşı prinsipial mübarizə aparılması və Azərbaycan həqiqətlərinin beynəlxalq informasiya məkanında müdafiəsi milli mətbuatın dövlətçilik maraqlarına sədaqətini bir daha nümayiş etdirmişdir. Müharibədən sonrakı dövrdə isə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, Böyük Qayıdış Proqramının və ölkəmizin inkişaf strategiyasının işıqlandırılması medianın əsas fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik məktubunda qeyd olunduğu kimi, Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq böyük inkişaf yolu keçmiş, xalqın maariflənməsinə, milli şüurun formalaşmasına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir. Şuşada Milli Mətbuat Gününə həsr olunan tədbirlərin və Qlobal Media Forumlarının keçirilməsi Azərbaycanın beynəlxalq media dialoqunun mühüm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə söz və mətbuat azadlığının inkişafına verilən yüksək dəyəri bir daha nümayiş etdirir.
Azərbaycanda media sahəsində həyata keçirilən ardıcıl islahatlar milli mətbuatın hüquqi bazasının təkmilləşdirilməsini, institusional inkişafını, iqtisadi dayanıqlığının möhkəmləndirilməsini və rəqəmsal transformasiyasını təmin etmişdir. Bu gün Azərbaycan mediası milli maraqların qorunmasına, cəmiyyətin obyektiv və operativ informasiya ilə təmin olunmasına, dövlətçilik dəyərlərinin təbliğinə və ictimai həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Milli mətbuatımızın zəngin tarixi ənənələri üzərində qurulan müasir inkişaf modeli gələcəkdə də bu sahənin uğurlu inkişafını təmin edəcək mühüm amillərdən biri olaraq qalacaq.

Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!