Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
22-06-2026, 08:43
Hüseynin həyatı risk altındadır


Hüseynin həyatı

risk altındadır


Təbriz həbsxanasında saxlanılan Hüseyn Şerbafipurun həyatı təhlükə altındadır.
Etiraz aksiyalarında yaralanan Güney azərbaycanlı fəalın səhhəti ağır olaraq qalır. Güney azərbaycanlı məhbus Hüseyn Şerbafipurun Təbriz həbsxanasındakı sağlamlıq vəziyyətinin ağır olduğu və həyatının təhlükə altında qaldığı bildirilir.
Azərbaycan İnsan Haqları Müdafiəçiləri Təşkilatının yaydığı məlumata əsasən, Hüseyn Şerbafipur 8 yanvar tarixində Təbrizdə keçirilən etirazlar zamanı saçma güllələrinin hədəfinə çevrilib və ağır yaralandıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Məlumata görə, o, bədənində 200-dən çox saçma qalmasına baxmayaraq Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb və həmin şəraitdə dindirilib.
Aldığı ağır yaralar və öd kisəsində yaranan fəsadlar səbəbindən Hüseyn Şerbafipur 17 aprel tarixində Təbriz həbsxanasından İmam Rza xəstəxanasına köçürülərək təcili əməliyyat olunub. Lakin müalicə prosesi tamamlanmadan, 7 may tarixində təhlükəsizlik qüvvələri tərəfindən yenidən həbsxanaya qaytarılıb.
Hazırda onun ciddi sağlamlıq problemləri, infeksiya və aldığı yaraların yaratdığı ağırlaşmalardan əziyyət çəkdiyi bildirilir. Həbsxanaya qaytarıldıqdan sonra vəziyyətinin pisləşməsi səbəbindən yenidən xəstəxanaya aparıldığı qeyd olunur.
Hüseyn Şerbafipur həmçinin işinin qeyri-müəyyən saxlanılmasına, istintaq dövründə məruz qaldığı işgəncələrə və həbsxana rəhbərliyinin müalicə tələblərinə laqeyd yanaşmasına etiraz olaraq bir neçə dəfə aclıq aksiyası keçirib.
22-06-2026, 08:34
Kreditlər ədalətsiz bölüşdürülür


Kreditlər ədalətsiz

bölüşdürülür


Təbriz Ticarət Palatasının sədri dövlət kreditlərinin bölgüsünü tənqid edib.
Butov.az Gunaz.tv-yə istinad edərək xəbər verir ki, Təbriz Ticarət Palatasının sədri Yunus Jaleh Şərqi Azərbaycan Dövlət–Özəl Sektor Dialoq Şurasının iclasında 700 min milyard tümənlik dəstək paketi çərçivəsində kreditlərin bölüşdürülməsini tənqid edərək bu sahədə şəffaflığın təmin olunmasını tələb edib.
Yunus Jaleh bildirib ki, Şərqi Azərbaycandakı bankların likvidlik payı bölgənin iqtisadi potensialına uyğun deyil və bu vəziyyət istehsal sektorunun maliyyələşdirilməsində ciddi problemlər yaradır.
O, əyalətlərdə fəaliyyət göstərən bank filiallarının səlahiyyətlərinin məhdud olmasını istehsalın maliyyələşdirilməsi qarşısındakı əsas maneələrdən biri adlandırıb və bu məsələnin iqtisadiyyat naziri ilə keçiriləcək görüşdə qaldırılmasını təklif edib.
Jaleh vurğulayıb: “İstehsal müəssisələri xammal təminatı və fəaliyyətlərinin davamı üçün hər zamankından daha çox likvidliyə və bank kreditlərinə ehtiyac duyurlar.”
Təbriz Ticarət Palatasının sədri daha əvvəl də İranın bank siyasətlərini tənqid edərək bildirmişdi ki, bəzi banklar topladıqları maliyyə resurslarının cəmi iki faizini Azərbaycanda xərcləyirlər.
İranda dövlət banklarının Güney Azərbaycanda investisiyadan yayınaraq bölgənin maliyyə resurslarını Tehrana yönəltməsi uzun illərdir iqtisadi ayrı-seçkilik kimi tənqid olunur.
Xatırladaq ki, Yunus Jaleh 2022-ci ilin aprel ayında da Şərqi Azərbaycanda xüsusi özəl bankın yaradılmasına İran rəsmilərinin mane olduğunu açıqlamış və onlara “Bu məsələ milli maraqlarla uyğun gəlmir” cavabının verildiyini bildirmişdi.
21-06-2026, 19:36
“Vətənimdir Azərbaycan!” layihəsinə yekun vurulub


“Vətənimdir Azərbaycan!”

layihəsinə yekun vurulub


20 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənimdir Azərbaycan!” layihəsinin yekun tədbiri Bakı şəhərində Gəncliyə Yardım Fondunda təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan milli geyimlərinin və qədim kəlağayı nümunələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar. Sərgidə xalqımızın zəngin milli-mədəni irsini əks etdirən eksponatlar nümayiş etdirilib, onların tarixi, hazırlanma xüsusiyyətləri və estetik dəyərləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, layihə çərçivəsində hazırlanmış rəqəmsal kataloq təqdim olunaraq qonaqlara milli geyimlərimiz və kəlağayı sənəti haqqında geniş məlumat çatdırılıb.

Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, layihə rəhbəri Güllü Eldar Tomarlı çıxışında milli irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. O bildirib ki, milli geyimlər və kəlağayı xalqımızın tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan mühüm irs nümunələrindəndir. Layihənin əsas məqsədinin milli dəyərlərimizin təbliği, xüsusilə gənc nəslin bu irsə marağının artırılması olduğunu vurğulayan layihə rəhbəri, göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Sonra şəhid Müşfiq Orucovun anası Aygün Məmmədliyə söz verilib. Şəhid anası qeyd edib ki, milli dəyərlərimizin təbliği vacibdir. Kəlağayımız xanımlara çox yaraşır. O bildirib ki, xalqımızın milli-mənəvi irsinin yaşadılması, gənc nəslə düzgün şəkildə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur. Aygün Məmmədli vurğulayıb ki, milli geyimlərimiz və kəlağayımız Azərbaycan qadınının zərifliyini, mənəvi zənginliyini və milli kimliyini özündə əks etdirir. Şəhidlərimizin canı bahasına qoruduqları Vətənin dəyərlərinin yaşadılmasının onların xatirəsinə ən böyük ehtiram nümunələrindən biri olduğunu qeyd edən şəhid anası, bu istiqamətdə həyata keçirilən layihələrin böyük əhəmiyyət daşıdığını bildirib və belə tədbirlərin davamlı olmasını arzulayıb.

Daha sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin idarə heyətinin üzvləri Səringül Sadə, Lalə İsmayıl, Səyalı Dadaşova, Qulu İsmayılov, Vətəndaş İştirakçilıgının Təşviqinə Dəstək İB- nin sədri Taleh Əliyev, Ailələrə Sosial Dəstək
İB- nin sədri Esmira Rəhimova, Nadir Xəstəliklər Təşkilatları İttifaqının sədri Səadət Bayramova, AMEA- nın dosenti Səkinə Hacıyeva, şair, qazi Nadir Həsənoglu və Vüsal Sehranoğlu çıxış edərək layihənin əhəmiyyətindən, milli geyimlərin və kəlağayının Azərbaycan xalqının milli kimliyinin formalaşmasında oynadığı roldan danışıb, bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışlarda vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması və təbliği cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, milli geyimlər və kəlağayı yalnız maddi mədəniyyət nümunələri deyil, həm də xalqımızın tarixini, adət-ənənələrini və estetik dünyagörüşünü özündə əks etdirən dəyərli irs nümunələridir.
Tədbirin bədii hissəsində aşıq İsmayıl İncəli, aşıq Xədicə Göycəli və aşıq Samir Borçalı maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Zəhra Əzimova isə tədbirdə milli-mənəvi dəyərlərə və vətənpərvərlik mövzusuna həsr olunmuş şeirlər səsləndirib. Səsləndirilən aşıq havaları, xalq musiqisi nümunələri və şeirlər iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Layihənin məqsədi Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının təbliği, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, həmçinin gənc nəsildə milli-mənəvi dəyərlərə marağın artırılmasıdır.

Bununla da “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər uğurla yekunlaşıb.
21-06-2026, 10:47
Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib.


Xalq qəhrəmanı Balo bəy

Vəkilovun məzarı ziyarət edilib.


Bu barədə ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Calalova məlumat verib. O, bildirb ki, Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarının ziyarət edilməsi artıq ənənə halını alıb. Qərbi Azərbaycan Dərələyəz(Keşkənd) İcmasının rəhbəri, professor Mahirə Nağıqızının təşəbüsü ilə ilk dəfə geniş ictimaiyyət tərəfindən ziyarət edildikdən sonra Naxçıvanda səfərdə olan ziyalılar bu ənənəni davam etdirirlər.

Tarixçi alim L.Calalovanın sözlərinə görə, 1918-1920-ci illər Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrlərindən biridir. Bir tərəfdən Anadoluda erməni dövləti yaratmaq istəyən qüvvələrin xülyaları boşa çıxmışdı. Digər tərəfdən isə Çar Rusiyası süquta uğramışdı. Fürsətdən istifadə edən ermənilər Qafqaz Hərbi dairəsindəki silahları ələ keçirmiş, Osmanlıda qırğınlar törədən Andranik Ozanyana saxta general rütbəsi verilmişdi. Belə bir şəraitdə Azərbaycan öz müstəqilliyini elan etmişdi. Andranik Ozanyanın hərbi dəstələri Anadoludan Azərbaycan ərazisinə daxil olaraq silahsız mülki əhaliyə qarşı kütləvi qətllər həyata keçirirdi. Belə bir şəraitdə məhz xalq qəhrəmanı Balo bəy Vəkilov Çivə özünümüdafiə taborunu yaradaraq Şərur-Dərələyəz qəzasında Andranikin qoşunlarına qarşı milli mücadiləni təşkil etmişdi. Təsadüfi deyil ki, ermənilər nə qədər mübarizə aparsalar da, Çivə kəndini aylarla mühasirədə saxlasalar da, kəndi təslim edə bilməyiblər. Belə qəhrəmanlar unudulmamalıdır. Balo bəy Vəkilov kimi qəhrəmanlarımızın ehtiramını saxlamaq hər birimizin borcudur.
L.Calalova onu da vurğulayıb ki, Andranik Ozanyanın ordusuna qarşı vuruşan Dərələyəzin qəhrəman övladlarından olan Hüseyqulu və Dini kişilər kimi qəhrəmanlarımız təəssüf ki tədqiqatdan kənarda qalıb. Hesab edirik ki, həmin qəhramanların irsi də öyrənilməlidir.
19-06-2026, 19:49
Əbədiyyət Gülü anıldı


Əbədiyyət Gülü anıldı

“Əbədiyyət gülüyəm mən” – deyən böyük Məhəmmədhüseyn Şəhriyar anıldı...

Məhəmmədhüseyn Şəhriyar (1906-1988)

Böyük Azərbaycan şairi - əsl adı Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi olan Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. Uşaq yaşlarından şeir yazmağa başlayan kiçik Məhəmmədhüseynin ilk şeirlərini 7 yaşından yazmağa başladığı haqda məlumat var. Doğma Azərbaycan türkcəsində və fars dilində bir-birindən gözəl əsərlər yazan şairin əvvəllər şeirlərini “Behcət” təxəllüsü ilə qələmə aldığı, daha sonralar isə bu təxəllüsü bəyənmədiyindən, özünə “Şəhriyar” təxəllüsü götürdüyü deyilir. Şair ömrünün sonunadək “Şəhriyar” təxəllüsü ilə bir-birindən gözəl əsərlər yazmışdır ki, bu, yaradıcılığının ən şah zirvəsi onun məşhur “Heydərbabaya salam” poemasıdır.

İlk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axunddan və Molla Ağa Məhəmməd Bağırdan alan Məhəmmədhüseyn, daha sonra təhsilini Təbrizin "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. Şairin ilk gənclik eşqi olan Sürəyyaya olan sonsuz sevgisi şeirlərinin əksəriyyətinin bu gözəl xanıma həsr olunması ilə nəticələnir. Lakin qohumları bu izdivaca etiraz edərək, Şəhriyara təzyiq göstərir, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olurlar. Nəticədə, Şəhriyar ali təhsilini yarımçıq qoymağa məcbur olur... Sürəyyaya bəslədiyi intəhasız sevgi hissləri şairi heç vaxt tərk etmir və o, belə bir deyim işlədir ki, “Sürəyyanın eşqi olmasaydı, mən şair yox, həkim olardım”.

Beləliklə, İranın müxtəlif şəhərlərində yerli idarələrdə məmur kimi işləyən gənc Şəhriyar, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlir. Təxminən 20 ildən sonra Təbrizə gəlir və 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə adlı xanımla evlənir. Onların bu izdivacdan Şəhrizad, Hadi və Məryəm adlı övladları dünyaya gəlir. Həyat yoldaşı Əzizə xanımın dünyasını vaxtsız dəyişməsi Şəhriyarı olduqca sarsıdır, böyük şair həyatını alt-üst edən bu hadisədən sonra təskinliyi ancaq özünü bütünlüklə yaradıcılıq və ədəbiyyata sərf etməkdə tapır.

Təəssüflər olsun ki, Azərbaycan xalqının böyük oğlu Seyid Məhəmmədhüseyn Şəhriyar ömrü boyunca Quzey Azərbaycanın həsrəti ilə yaşasa da, ona Bakını və buradakı şair dostlarını görmək, canı qədər sevdiyi qan qardaşlarını bağrına basmaq qismət olmayıb. Bu yolda şairin qarşısında süni əngəllər yaradılsa da, şairin ruhu vətən göylərini aşaraq, otaylı-butaylı Azərbaycanımızın zəngin mənəvi xəzinəsinin yaradılmasını təmin etmişdir. Şairin külliyyatı dəfələrlə nəşr olunaraq şəhriyarsevərlərin ixtiyarına verilmişdir.
***

17 iyun 2026-cı il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 120 illik yubileyi münasibətilə anım tədbiri keçirmişdir.
Tədbiri Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev açaraq, M.Şəhriyarın ömür və yaradıcılıq yolu barədə məlumat vermiş, şairin bənzərsiz yaradıcılığının otaylı-butaylı Azərbaycan ədəbiyyatındakı müstəsna yerindən danışmışdır.

Sonra söz uzaq Amerikadan gəlmiş Təbriz əsilli ziyalı xanım, "Əli Haqşünas Fondu"nun prezidenti Rübab Haqşünasa verilmişdir. Rübab xanım doğulub boya-başa çatdığı Təbrizdə yaşadığı gənclik illərini, Şəhriyarla baş tutmuş unudulmaz görüşünü xatırlamışdır. Təxminən 40 il bundan qabaq böyük şairin evində yaxınları ilə birlikdə bu dahi şəxsiyyəti ziyarət etdiyindən danışmış, xatirələrini bölüşmüş, şairlə çəkdirdikləri şəkilləri təqdim etmişdir.
Filologiya elmləri doktoru, professor Vüqar Əhməd, Folklor İnstitutu Xarici ölkələrlə əlaqələr şöbəsinin müdiri, tədqiqatçı-alim Əli Şamil, Təbriz əsilli ictimai fəallardan Yədulla Kənani, Cavad Həssas Təbrizli, Behruz Aslani, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Nəbioğlu, Şəhriyar irsinin tədiqatçıları – filologiya elmləri doktorları Esmira Fuad, Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Fikrət Süleymanoğlu, Qiymət Məhərrəmli və digər ziyalılar Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan və dünya ədəbiyyatı xəzinəsindəki yeri və mövqeyi haqqında maraqlı çxışlar etmişlər. Şairin əsərlərindən nümunələr səsləndirilmişdir. Şəhriyar yaradıcılığının vurğunu, eyni zamanda xalq və klassik musiqimizi özünəməxsus şəkildə ifa edən Güneyli soydaşımız Behruz Aslani, bəstəkar-müğənni Hikmət Oğuz ifa etdikləri bənzərsiz musiqi nömrələri ilə məclisə xüsusi rəng qatmışlar.

Tədbirdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları ilə yanaşı, otaylı-butaylı Azərbaycanımızın dəyərli ziyalıları, o cümlədən 1985-ci ildən Almaniyanın Hamburq şəhərində yaşayan Məhəmməd Xəlili, onun həyat yoldaşı Mələk xanım, Azərbaycan Konservatoriyasının və Tibb Universitetinin məzunu, qarmon ifaçısı Mahmud Bayraq, həkim Ruhəngiz xanım və digər qonaqlar iştirak edirdilər.

19-06-2026, 09:58
Tamaşaçı sevgisi də mükafatdır


Tamaşaçı sevgisi də

mükafatdır


İyunun 18-də Azərbaycan Dövlət Musiqili Dram Teatrının artistləri, Dağıstan Mədəniyyət Nazirliyinin qərarı ilə hazırlanmış "Səhnə ustaları" layihəsi çərçivəsində Qayakənd rayonunun Başlığında kəndində, gözəl bir konsert proqramı ilə çıxış ediblər. Tamaşaçılar iştirakçıları çox isti və səmimi qarşılayıblar. Sənət adamı üçün də, xüsusən Səhnə adamları üçün, ən dəyərli hədiyyələr tamaşaçı sevgisidir. Konsertdə, Dağıstan Respublikasının Əməkdar artistləri Məhərrəm Ömərov, Əfsanə Məlikova, Sevda Bəybalayeva, Tamilə Mihrabova, gənc aktrisa Tamilə Bəybalayeva və hörmətli Zeynəb xanım Dərbəndli iştirak edib.
Səhnə ustalarına yeni yaradıcılıq uğurları arzulayırıq.







18-06-2026, 18:32
Allah rəhmət eləsin!

Allah rəhmət eləsin!

Ömür vəfa etmədiyi kimi, günlər də gözləmir. Artıq Hacı Qasımın dostlarını, doğmalarını tərk edib, balalarını boynubükük qoyduğu vaxtdan 40 gün keçir.
Aslanov Qasım Satılmış oğlu 1979-cu ildə, sentyabrın 1-də Zəngəzur mahalının Pürülü kəndində doğulmuşdu. 1988-ci ildə, 9 yaşındakən, erməni faşistlərinin silahlı basqını nəticəsində dogma yurdunu tərk etmək məcburiyyətində qalmışdı. Valideynlərilə birlikdə Zəngilan rayonuna pənah gətirən Qasımın taleyi orda da gətirmədi. 29 oktyabr 1993-cü ildə Zəngilan işğal olunanda 15 yaşlı Qasım ikinci dəfə qaçqınlıq həyatı yaşamağa məhkum oldu. Valideynləri Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşdı. Ailəlikcə el-obanın hörmətini qazandılar. Gənc yaşlarından Həcc ziyarətinə gedən Qasım Aslanov, elə gənclik illərindən yas mərasimlərində ağsaqqllıq elədi, ağır yığnaqlı məclisləri yüksək əxlaqla, ədəb-ərkanla idarə elədi. Artıq 5 həftəni keçib ki, Hacı Qasım axirət evindədir, amma onun əziz xatirəsi tanıyanlarının ürəyində, sevənlərinin qəlbindədir.
Mərhumun şair həmyerlisi İsrayıl Lətifoğlu onun cismən yoxluğunu iki bənd şeirlə belə ifadə edib:
Sənin yoxluğunu mən necə deyim?!

Sənin yoxluğunu mən necə deyim?!
Gəlib məzarına ellər Hacının.
Dünən yolum düşdü qəbiristanlığa,
Ağlayır üstündə güllər Hacının.

Yox oldu bir anda xoş arzu, dilək,
O qoca dağlardan gəlmədi kömək.
Gəlin baş daşına nəzər yetirək,
Yazılıb ayları, ili Hacının…

P.S. Tamxil Ziyəddinoğlu Aslanovlara Qasım Aslanovun cavan yaşında dünyadan köçməsinə kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.
15-06-2026, 22:00
Tarixi yaşayanlar   və tarixi yaradanlar


Tarixi yaşayanlar

və tarixi yaradanlar


Tarix yaradan liderin media siyasəti

Böyük italyan mütəfəkkiri Makiavellinin təbirincə desək, insanlar 2 qrupa bölünür — tarixi yaşayanlar və tarixi yaradanlar... Əsl lider kimdir? Xalq və dövlət yolunda əvəzedilməz xidmətlər göstərənlər, taleyüklü problemləri həll edənlər. Dünya səviyyəli siyasətçi və dövlət xadimi Heydər Əliyev də bu nadir şəxsiyyətlərdəndir... Ümummilli lideri Atatürk qədər qüdrətli türk, Şarl de Qoll, Corc Vaşinqton, Uinston Çörçill və digərləri kimi tarixi şəxsiyyət adlandırırlar. Milli lider Heydər Əliyevin Azərbaycan üçün etdiklərini danışmağa saatlar, günlər lazımdır.
Mən Ulu öndərin Azərbaycan mediası üçün etdiklərinə toxunmaq istəyirəm. 2 ildən artıq müddətdə Heydər Əliyevin demək olar ki, jurnalistlər üçün açıq olan bütün görüşlərində, müsahibələrində iştirak edən biri kimi ondan dəfələrlə eşitmişəm: “Gəlin, həqiqi dost olaq. Mən sizinlə, jurnalistlərlə dost olmaq istəyirəm”.
Ümummilli Liderin 1993-cü ildə xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi ölkə mediasının inkişafında da mühüm dəyişikliklərlə yadda qaldı. İctimai-siyasi sabitlik, təhlükəsizliyin təminatı, sosial-iqtisadi problemlərin tədricən yoluna qoyulması mediadan da yan keçmədi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın 50-ci maddəsinə söz azadlığı ilə bağlı müddəalar salındı. Artıq hər kəs istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı əldə etdi. Kütləvi informasiyanın azadlığına təminat verildi, dövlət senzurasına qadağa qoyuldu. Bununla da, media azad nəfəs aldı. Artıq biz ürəklə deyə bilirdik ki, Konstitusiyaya əsasən demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından olan media söz və məlumat azadlığının başlıca daşıyıcısıdır.
Ulu Öndərin Azərbaycan mediasını daha güclü edən növbəti addımı isə 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmandır. Bununla media müstəqil inkişaf, cəmiyyətin demokratikləşməsinə təsir gücünə malik qüdrətli vasitəyə çevrildi. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunla mətbuatın inkişafına əngəl yaradan bürokratik maneələr aradan qaldırıldı, jurnalistlərin hüquqları daha yaxşı qorundu və söz azadlığının inkişafı üçün əlverişli şərait yarandı, Azərbaycanda müstəqil medianın inkişafı sürətləndi və informasiya məkanında müxtəliflik özünü göstərdi.
2000-ci ilin martında isə Ulu öndərin Sərəncamı ilə 2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Qəzetlərin Azərbaycan nəşriyyatına borcları əvvəl donduruldu, sonra ləğv edildi.
2002-ci ildə biz jurnalistlər dostumuz olaraq məhz Ümumilli Lideri gördük. “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimindəki çıxışı bu gün də xatirimdədir. “Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqil mətbuatın inkişafı demokratik cəmiyyət quruculuğunun vacib şərtidir” deyən Heydər Əliyev mətbuat azadlığının demokratik cəmiyyətin əsas şərtlərindən biri olduğunu vurğulayır, müstəqil medianın inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirirdi. Əslində, biz həmin gün Azərbaycan jurnalistikasının yol xəritəsi ilə tanış olurduq.

Mediaya açıq Lider ölkədə şəffaf informasiya mühitinin yaradıcısı idi. Heydər Əliyevlə hər canlı ünsiyyətdə hesabatlılıq və doğmalıq, eyni zamanda qarşılıqlı məsuliyyət hissi keçirirdim. 2002-ci ildə “Dostluq ikitərəflidir. Gərək, iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib, iş belə gətirib ki, biz, iki tərəf də dost olmaq istəmişik. Amma gəlin danışaq ki, bu, daha pozulmasın, biz axıra qədər dost olaq” deyə media nümayəndələrinə müraciət edən Heydər Əliyev həqiqətən də bu mühiti özü yaradırdı. Xatırlayıram ki, 2000-ci ildə “Lider” televiziyasının Prezident Administrasiyasına akkreditasiya olunmuş xüsusi müxbiri kimi ümummili liderlə ilk müsahibəmdə onun zəhmli gözlərinin təsirindən hazırladığım sualı belə unutmuşdum. Çətinliklə, çəkinə-çəkinə verdiyim o ilk sual sonrakı 2 il müddətində hər görüşdə Heydər Əliyevə ünvanladığım sualların başlanğıcı oldu. Sonradan özüm də anlamırdım ki, mənə bu qədər doğma, mərhəmətli olan o gözlərdən necə çəkinmişəm?
Növbəti çəkilişlər artıq mənim üçün bütün çəkilişlərdən rahat idi. Demək olar ki, həftə ərzində hər gün qəbullarda olurduq. Jurnalistlərlə təkcə müsahibələrdə səmimi söhbət etmir, rəsmi qəbullarda belə əvvəl bizə yaxınlaşır, problemlərimizlə maraqlanırdı. Heydər Əliyev jurnalistlərlə hal-əhval tutmadan, zarafatlaşmadan nə görüşlərə, nə də müsahibələrə başlayırdı....
Ölkə prezidenti ən xırda detallara diqqət yetirir, onu müşayiət edən jurnalistlərin hər birini tanıyır, əməyinə dəyər verirdi. Jurnalistlərə göstərilən bu diqqət və qayğı, əslində, mətbuata və söz azadlığına verilən dəyərin ifadəsi idi. Heydər Əliyev yaxşı anlayırdı ki, jurnalist cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır. Buna görə də o, media nümayəndələri ilə münasibətlərində həmişə səmimiyyət, qarşılıqlı hörmət və etimad nümayiş etdirirdi. Məhz bu münasibət Azərbaycan jurnalistikasının inkişafına, peşəkar medianın formalaşmasına və jurnalistlərin öz fəaliyyətlərinə daha məsuliyyətlə yanaşmalarına mühüm təsir göstərib. Bu gün həmin hadisəni xatırlayarkən bir daha əmin oluram ki, Heydər Əliyevin jurnalistlərə münasibəti sadəcə dövlət başçısının media ilə əlaqəsi deyildi. Bu, insan əməyinə verilən qiymətin, peşəkarlığa göstərilən hörmətin və hər bir insanı diqqətdə saxlaya bilən böyük şəxsiyyətin xarakterinin təzahürü idi. Məhz buna görə də jurnalistlər onu yalnız dövlət xadimi kimi deyil, həm də medianın inkişafına xüsusi qayğı göstərən, jurnalistlərin problemlərini anlayan və onların fəaliyyətini yüksək qiymətləndirən lider kimi xatırlayırlar. Aradan illər keçsə də, həmin gün səslənən sadə bir sual – “O qız hanı?” – mənim üçün təkcə şəxsi xatirə deyil, həm də dəyərin, diqqətin və ehtiramın simvolu olaraq qalır. Bu diqqət və qayğı isə Heydər Əliyevin zəngin siyasi irsinin, insanlara olan münasibətinin və milli mətbuatımıza verdiyi önəmin təzahürüdür.

Bu qayğı o qədər səmimi idi ki, 2002-ci ildə Milli Lideri Naxçıvan səfərində müşayiət edərkən “rəsmi görüşlər bitdi, Heydər Əliyev Batabata istirahətə gedir” deyilsə də, biz – görüşü işıqlandıran jurnalistlər çox rahat şəkildə prezidentə “biz də sizinlə Batabata getmək istəyirik” dedik. Bu səmimi mühiti bizim üçün məhz Ulu Öndər özü yaratmışdı. Gülümsəyərək üzünü Katibliyin rəisi Dilarə Seyidzadəyə tutdu və Batabatda bizim üçün şərait yaradılmasına tapşırıq verdi.
Milli Liderlə sonuncu çəkiliş 21 aprel 2003-cü il Cəmşid Naxçıvanski adına Hərbi liseyin 30-cu ildönümü ilə bağlı liseydə oldu. Həmin günün axşamı isə Respublika sarayında tədbir nəzərdə tutulmuşdu. Və bu tədbirdəki çıxışı ilə Ulu Öndər milyonların qəlbində əbədi yuva qurdu.
Sonda isə bir daha vurğulamaq istəyirəm ki, Heydər Əliyevin fəaliyyəti dövrü Azərbaycan jurnalistika tarixinin inkişafında mühüm məktəb olub. Bu məktəbdə biz peşəkarlığı, məsuliyyəti, dövlətçilik təfəkkürünü, milli maraqlara sədaqəti və jurnalist sözünün gücünü öyrənmişik.
Bu gün Azərbaycan mediasının əldə etdiyi uğurlara nəzər salarkən, həmin inkişafın təməlində Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin dayandığını aydın görürük. O, müstəqil medianın inkişafını demokratik cəmiyyət quruculuğunun ayrılmaz hissəsi hesab edir, jurnalistləri isə cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasında mühüm missiya daşıyan insanlar kimi dəyərləndirirdi.
Aradan illər keçsə də, onun jurnalistlərə göstərdiyi diqqət, mətbuatın inkişafı naminə atdığı addımlar və səsləndirdiyi fikirlər öz aktuallığını qoruyur. Heydər Əliyev yalnız Azərbaycanın dövlətçilik tarixində deyil, həm də milli mətbuat tarixində silinməz iz qoymuş böyük şəxsiyyətdir. Onun irsi bu gün də jurnalistlər üçün peşəkarlıq, vətənpərvərlik və məsuliyyət nümunəsi olaraq yaşayır.

Aynur NƏSİROVA
BDU, Jurnalistika fakültəsi, Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti
kafedrasının müdiri
15-06-2026, 13:40
Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert


Xankəndi Mədəniyyət

Mərkəzində ilk konsert



Xankəndi Mədəniyyət Mərkəzində əsaslı təmirdən sonra ilk dəfə tədbir keçirilib. İyunun 14-də Xankəndi Mədəniyyət Mərkəzində
Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan konsert proqramında Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri həm yerli, həm də dünya bəstəkarlarının əsərlərini ifa edib. Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.












15-06-2026, 12:29
Bir imza ilə başlayan yeni strateji dövr


Bir imza ilə başlayan

yeni strateji dövr


2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasındakı münasibətlərin tarixində yeni mərhələnin əsasını qoydu. Məhz Milli Qurtuluş Günündə imzalanan bu sənəd Azərbaycan-Türkiyə qardaşlığının, strateji tərəfdaşlığının və müttəfiqliyinin ən yüksək siyasi ifadəsi kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və digər strateji istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənəd iki dövlət arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldərək qarşılıqlı fəaliyyətin hüquqi və siyasi əsaslarını möhkəmləndirib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bəyannamənin əsasında Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarında ifadə olunan qardaşlıq fəlsəfəsi dayanır. Şuşada imzalanan bu sənəd Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixi, milli-mənəvi dəyərləri və gələcək inkişaf hədəflərinin təzahürü kimi mühüm əhəmiyyət daşıyır.
Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəd hesab olunur. Bəyannamədə nəzərdə tutulan əməkdaşlıq mexanizmləri Cənubi Qafqazda inteqrasiya proseslərini sürətləndirir, yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradır.
Sənədin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat - kommunikasiya imkanlarının artırılması iki ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. Xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr Azərbaycan və Türkiyənin Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir.
Bəyannamə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirib. Tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, silahlı qüvvələrin müasir tələblərə uyğun inkişaf etdirilməsi və qarşılıqlı təhlükəsizliyin təmin olunması ilə bağlı mühüm razılaşmalar əldə ediblər. Bu istiqamətdə əməkdaşlıq hər iki ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və regional təhlükəsizliyin təmin olunmasına töhfə verir.
Şuşa Bəyannaməsində xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi də xüsusi yer tutur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış etmək barədə razılığa gəliblər. Bu yanaşma Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradır.
Sənəddə informasiya siyasəti və diaspor fəaliyyəti üzrə əməkdaşlıq da əksini tapıb. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyətinin genişləndirilməsi, informasiya mübadiləsinin gücləndirilməsi və media sahəsində koordinasiyanın artırılması qarşıya qoyulan əsas məqsədlər sırasındadır.
Şuşa Bəyannaməsi həm də Ermənistanda revanşist meyillərə qarşı mühüm siyasi mesaj kimi dəyərləndirilir. Sənəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yönələn hər hansı təhdidlərə qarşı qətiyyətli mövqeni ortaya qoyur və iki qardaş dövlətin strateji həmrəyliyini nümayiş etdirir.
Bəyannamənin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada bu tarixi sənədin əhəmiyyətinə həsr olunan konfranslar keçirilir. Son illərdə təşkil olunan beynəlxalq tədbirlərdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Türk dünyasının gələcəyi, regional təhlükəsizlik və yeni geosiyasi çağırışlar geniş müzakirə olunur.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji yol xəritəsi kimi çıxış edir. Sənəd iki dövlət arasında sarsılmaz müttəfiqliyin, ortaq maraqların və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.

Rəhman Mehdiyev
Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, qazi
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!