Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
7-06-2026, 20:18
Ermənistan seçicilərinin fəallığı


Ermənistan seçicilərinin fəallığı

Ermənistanda keçirilən seçkilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə “Güclü Ermənistan” blokunun səlahiyyətli nümayəndəsi Gohar Meloyanbildirib.
Qeyd olunub ki, səsvermədə 1 224 957 seçici iştirak edib ki, bu da 2021-ci il 20 iyun parlament seçkilərində eyni saata qədər iştirak edən seçicilərin sayından (989 972 nəfər) 234 985 nəfər çoxdur.
7-06-2026, 18:42
ELDAR İSMAYILIN   BİR İMZASININ VƏ   BİR ŞEİRİNİN TARİXİ

ELDAR İSMAYILIN

BİR İMZASININ VƏ

BİR ŞEİRİNİN TARİXİ


Bu gün kimi yadımdadır - onda da həftənin beşinci günü idi. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının fizioterapiya şöbəsində işləyirdim. Şöbənin müdiri 24 yaşından alimlik dərəcəsi almış, indi orta yaşa yaxın olan sarışın, buruq saçlı, qəddi-qamətli, şux yerişli, iri gözlü, şirin sözlü həkim, dosent, müəllim Nurlana xanım idi. O, şöbəyə beş dəqiqəlik toplantıdan döndükdən sonra məni və tibb bacısı Mənsurə xanımı yanına çağırıb həmişəki kimi tapşırığını verdi.
Onu da deyim ki, biz iki tibb bacısı yaşca Nurlana xanımdan böyük olsaq da, o bizə “mənim qızlarım” deyirdi. Biz də onu elə indi də həm həkim, həm müəllim, eyni zamanda ziyalı bir xanım kimi çox istəyirik.
Hə, mətləbdən uzaqlaşmayım.
Nurlana xanımın ilk göstərişi:
- Bilirsiniz, şöbəmizdə kim müalicə alacaq? “Təbib” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Eldar İsmayılı müayinə etmişik. Sağ aşağı ətrafında bir az şiş var. Şəkərin fəsadlarıdır. Damarları, bilirsiniz ki, çox zəiflədir. Təyinatı dəqiq yerinə yetirin. Eldar müəllim kimi Vətənsevərlər bu əziz və gənc dövlətimizə, Vətənə çox lazımdır. Ömrünü uzatmaq üçün əlimizdən gələni etməliyik. Kardioqrammasında da dəyişikliklər var.
- Hələlik bu qədər məlumat yetər, mən də yanınızda olacağam.
Nurlana xanım sözünü bitirdikdən sonra əlavə etdi:
- Düzdür, biz hamıya yüksək səviyyədə eyni xidməti göstəririk, fərq qoymuruq, qoymamalıyıq da. Bilirsiniz ki, sadəcə diqqətli və xoş rəftar olmağınız da, xəstə üçün təbəssüm də şəfadır. Bu qədər.
Sözünü bitirən həkim məni xoş baxışı ilə nazlayaraq, ciddi səslə dedi:
- Sara xanım, Eldar İsmayılı tanımamış olmazsan, o da yazardı, həm də siz tərəfdəndir, Göyçənin Ağbulaq kəndindəndir.
- Bəli, həkim, mənim ikinci şeir kitabımın redaktorudur. Xəstə olduğunu da bilirəm. Həm də ailəvi yaxınıq. Elə bu yaxınlarda polkovniklə (həyat yoldaşımla) evlərinə getmişdik. Çox sevindi, gözləmirdi. Orada olan söhbət, məncə, sizə də maraqlı olar. Vaxtınız varsa, danışım:
- Var,-dərsin başlamasına hələ var.
- Sağ olun, həkim.
Eldar müəllim yoldaşıma “Əli kişi” deyirdi.
Hə, elə lap əvvəlindən başlayım.
Onlara gedəndə salam-kəlamdan sonra çay süfrəsi açdılar. Süfrə arxasında şəkər xəstəliyi ilə bağlı söhbətləri bitəndən sonra - çünki hər ikisində də şəkər var id - Eldar müəllim keçdi yaradıcılığa:
- Hə, Əli kişi, ən sadiq oxucularımdan birisən. Bilirəm, bütün kitablarımı oxuyursan. Sağ ol. Qismətində evdə hədiyyə edəcəyim kitab varmış.
Ayağa durdu, çətinliklə yeriyərək yan otağa keçdi. Əlində kitabla geri dönərək kitabı masanın üzərinə qoydu.
- Hə, Əli kişi, “GÖYÇƏNİN QİSASI QALIR”. Bunu gərək sizin kimi vətənpərvər hər bir göyçəli oxusun. Göyçənin qisasını yerdə qoymasın. Bizə o günü görmək qismət ola-olmaya, deyə bilmərəm. Mənim yazdığım tarixdir - gərək oxunsun.
(O, öz qələmi ilə bu tarixi - 07.09.2016 - yazaraq müəllif imzasını atdı) və kitabı Əliyə verdi.
- Bəli, Eldar müəllim, təəssüf ki, oxuyan azdır. Biz Sara xanımla kitabı özümüz oxuduqdan sonra aparıram işdəkilərə də verirəm, oxuyanlar maariflənirlər. Hətta sonra müzakirə də edirik. İnşallah, hərbçilərlə də bir dəfə sizi görüşdürərik.
Xəstə ziyarəti qısa olar. Amma bizim bu tarixi ziyarət heç qısa olmadı.
O günkü gün hər ikisi də Göyçə ləhcəsi ilə tarixi hadisələrdən, adət-ənənəmizdən şirin və duyğusasl söhbət açdılar. (İndi mənim üçün o günlər unudulmazdır - nəmlənən gözlərimdə inci kimi sapa düzülən xoş bir xatirədir.)
Onu da deyim, həkim! Kitabı oxumaq üstündə Əli ilə hər zaman çəkişirik. Mən bir neçə səhifə oxuduqdan sonra Əli kitabı işə aparıb özü oxuyandan sonra ailə dostumuz - Şişqaya kəndindən olan polkovnik Rasim müəllimə vermişdi. Mən də on dörd gün sonra gəldim “Təbib”in redaksiyasına. Eldar müəllimdən xahiş etdim ki, mənim özümə ayrı kitab verin, yoxsa Əli kişi ilə savaşırıq.
Eldar müəllim gülümsəyərək “GÖYÇƏNİN QİSASI QALIR” kitabından birini rəfdən götürərək:
-Qabil, bir bura gəl. Ayə, indiki dövrdə belə şey görmüsən? Kitabların bəxtinin bağlanan vaxtında bunların evində kitab oxumaq üstündə dava gedir. Nə yaxşı hələ kitab oxuyan və kitab da var imiş, yoxsa Sara Göyçəli məndən qisas alardı- deyib, güldü. Mənə də bu tarixdə - 21.09.2016 - Əliyə bağışladığı tarixdən on dörd gün sonra hədiyyə etdi.
(Bu gün üzüntü ilə xoş xatirələrini yad etdiyim Eldar İsmayıla və ömür-gün yoldaşım Əli Dünyamalıyevə Allahdan rəhmət diləyirəm.)
Həkim dedi:
- Onda gələndə deyərik, qalıbsa, birini də mənə gətirərlər.
- Sağ olun, həkim. Siz də Göyçəni çox sevirsiniz.
- Əlbəttə, sevirəm. Tovuz dağlarının o üzü bizim tarixi torpaqlarımız olan Göyçəmizdir. Odur ki, bugünkü işimizə köklənin.
- Narahat olmayın, həkim. İnşallah, Eldar müəllimi buradan sizin nəzarətinizlə sağaldıb yola salacağıq.
Saat 12:00-da şöbənin qapısı döyüldü. Tibb bacısı - Qaxlı qızı Mənsurə xanım - “Buyurun” deyib özü qapını açdı. Əslində şöbənin qapısı çox vaxt açıq olardı, hansısa xəstə çıxan zaman örtülmüşdü.
Öndə Eldar İsmayıl, arxasınca Qabil Zimistanoğlu içəri daxil oldular.
- Buyurun, Eldar müəllim, - deyə Mənsurə xanım geri çəkilib yol verdi.
Eldar müəllim Mənsurəni diqqətlə süzərək:
- Səndəmi göyçəlisən? - dedi. Ayə, amma Qaxlıya, Şəkiliyə oxşatdım. Onlar da məni hardan tanıyacaq? – deyib, Qabil müəllimə baxdı.
Onu xoş qarşılayan Nurlana xanım salamlaşdıqdan sonra:
- Bəli, Eldar müəllim, qızımız Qaxdandır, - dedi.
Hamımız təbəəssümümüzü gizlədə bilmədik.
- Eldar müəllim, hardan bildiniz?
O, gülümsəyərək:
- Bu da mənim özəlliyimdir - dedi.
Nurlana xanım:
- Yaxşı, - deyib onlara əyləşmək üçün yer göstərdi.
Sonra mənə baxaraq:
- Sara xanımı tanış etməyə ehtiyac yoxdur. Səhərdən elə sizdən və yaradıcılığınızdan danışır. Elə mən də sizin oxucularınızdanam. İnşallah, şöbəmizdən razı gedərsiniz. Qızlarımın hər ikisi də canyandırandır. Sizi tapşırmışam. Təyinatınız da verilib. Şəfalar diləyirəm.
Hə, əziz dostlar, beləcə on gün Eldar müəllim özünün dediyi kimi yavəri Qabil müəllimlə şöbəmizdə hər gün qonağımız oldular. Artıq Mənsurəni də göyçəli eləmişdik.
Bir gün verilən vaxtdan bir saat gec gəldilər. Mənsurə xanım pərdə arxasında başqa xəstəyə xidmət göstərir və astadan, xoş avazla, gözəl səsi ilə oxuyurdu:
O bu boyda bir cahanı yaradıb, yaradıb,
Həm həqiqət, həm əfsanə məhəbbət, məhəbbət…

Eldar müəllim qapıdan başı ilə salam verərək əli ilə “susun” işarəsi verdi. Gəlib sakitcə oturub sona kimi dinlədi. Və sabahısı bu şeirlə gəldi…

SƏN DEYİLSƏN MƏNSURƏDİ
(İlahi bir səsə malik Mənsurə xanıma)
Sarı bülbül bu oxuyan
Sən deyilsən Mənsurədi.
Tər nəfəsi gül qoxuyan
Sən deyilsən Mənsurədi.

Məni üzüb atıb təklik,
Sənətçim ol bircə günlük…
Pünhan-pünhan ötən kəklik,
Sən deyilsən Mənsurədi.

Gəzdim, dinşədim meşəni,
Dilə tutdum bənövşəni…
Mənə verən bu nəşəni,
Sən deyilsən Mənsurədi.

Dağdan aşan çınqıllı çay,
Nədən ötrü bu hay-haray?
Gəlib çatan nəğməli pay,
Sən deyilsən Mənsurədi.

Şəlaləmi nur çiləyən,
Üstümə nəğmə ələyən,
Bulaq zümzümə eyləyən,
Sən deyilsən Mənsurədi.

Şıltaq qəniz, bir az dayan,
Haqdan gələn səsə oyan…
Ay ağ dalğa, pıçıldayan,
Sən deyilsən Mənsurədi.

Şirinlikdə ozan səsi,
Ozan çəkmə azan səsi…
Saf ruhuma yazan səsi,
Sən deyilsən Mənsurədi!

ELDAR İSMAYIL
Ruhun şad olsun, ustad. Bu gün sayğı ilə sizi anan

Sara Göyçəli
19.02.2026
7-06-2026, 18:22
7-06-2026, 18:15
DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI


DÜŞÜNCƏ FƏDAİSİ

OLAN YAZIÇI


Yazıçı-publisist, tibb xidməti polkovnik-leytenantı Elman Süleyman oğlu Rüstəmovun “Novella və hekayələr” (“Vətən”, 2014) adı ilə nəşr olunmuş kitabını vərəqlədikcə, burada verilən ədəbi nümunələri oxuduqca, onların hər birində canlı həyat nəfəsi görürəm. Yazıların çoxu oçerk janrında – bədii dillə publisistikanın qovşağında verilmiş esse üslubundadır. Belə ki, burada təsvir olunanlar əsas etibarilə müəllifin özünün yaşantılarının, ya da görüb-eşitdiklərinin əsasında qələmə alınmışdır. Başqa sözlə, Elman Rüstəmov həyat hadisələrini yazıçı ustalığı ilə nəsrə uğurla gətirir. Burada maraqlı təhkiyə tərzi və üslubu şifahi ədəbiyyatımızdakı rəvayət janrını da xatırladır. Belə ki, yazıçı hadisələri elə təbiiliklə nəql edir ki, oxucu yazıçının özünü birbaşa həmin epizodların iştirakçısı kimi hiss edir. Bu da yazıçının oxucunu hadisələrin gerçəkliyinə inandırma ustalığıdır. Təsadüfi deyil ki, kitaba ön söz əvəzi kimi verilən yazıda da yazıçı-filosof, şair Əlisa Nicat yazısına “Elman Rüstəmovun nəsri zamanın güzgüsüdür” adını verib. Məhz “zamanın güzgüsü” olduğuna görədir ki, bu əsərlərdə biz həyat reallıqlarını təhkiyəçinin şahidi olduğu hadisələr fonunda təsəvvür edə bilirik. Ə.Nicat həmin yazısına belə başlayır:
“Müasirləri heç vaxt əsl yazıçı və filosofu görə bilmirlər. Hətta o, hər gün onların yanından gəlib keçsə, onlarla salamlaşsa, əl verib görüşsə də.
Tarix bu cür nümunələrlə doludur.
Tək-tək istisnaları nəzərə almasaq bütün xalqlar, hətta Almaniya, Fransa kimi ən zəkalı, qədirbilən xalqlar belə öz dövrlərində böyük istedadlara biganə olublar.
Musiqi sahəsində Bethoven, rəssamlıqda Van Qoq, ədəbiyyat sahəsində Kafka və nəhayət, təfəkkür aləmində Nitsşenin taleyi belə olmuşdur.” (səh. 4)
Daha sonra yazıçı dediklərinə rəğmən göstərir ki, “Elman Rüstəmov, əlbəttə, Kafka və Nitsşe deyil və onlara oxşamasına gərək də yoxdur. O, elə Elman Rüstəmovdur.”
Söz yox ki, Elman Rüstəmovun yazıçı kimi özünütəsdiqinə işarə edilir burda. Özü də o, bir müəllif kimi yazdıqlarında nə dərəcədə millidirsə, o dərəcədə də vətənpərvər kimi, nə dərəcədə milli ruhlu vətənpərvərdirsə, o dərəcədə də bəşəri ideallara sadiq bir sənətkar kimi çıxış edir. Mən onun yazılarının ruhunda ziyalı – yazıçı kimi özünü fəda etdiyini görürəm: onu sözün həqiqi mənasında düşüncə fədaisi olan yazıçı kimi səciyyələndirirəm. Çünki o, eşidib-gördükləri həyat həqiqətlərini yazıçı təxəyyülündən və analitik yazıçı düşüncəsindən keçirməklə nəsr əsərinə çevirir. Onun yazı üslubu, yazıçı kimi özünü göstərə bilmək missiyası məhz bu mühüm amildən rişələnir. Onun hər əsərində düşüncə qatları müəyyən intervallarla özünü göstərir.
“Kreml qülləsi”, “Ağ vərəq”, “Mən”, “Tupoy”, “Baş kəsənlər”, “Ən qısa hekayəm”, “21 dekabr dünyanın sonu, yoxsa bir yəhudi oyunu”, “Şəkinin “Xan sarayı” və s. Bütün bu və bu kimi digər əsərlərində biz qatbaqat düşüncə layları ilə rastlaşırıq: düşünərək (müəyyən ədəbi-fəlsəfi kəşflər edərək) oxucularını da bu xüsusda düşündürür.
Misal üçün, “Min il sonranın salnaməsindən...” adlı yazıya belə bir kəlamı avtoqraf yazıb: “Xalqlar ona görə mövcuddur ki, onların qəhrəmanları var”. Bu cümlə ilə müəllif xalq yaddaşında yüzillərlə özünə yer eləmiş epik və mifik qəhrəmanlara işarə edir, bildirmək istəyir ki, bu qəhrəmanlar zamanbazaman xalqı düşdükləri girdablardan, fəlakət və bəlalardan xilas etməklə xalqı özləri ilə bərabər qoruyub yaşadıblar. Həm də bu qəhrəmanlar xalqın özünükimlik simvoluna çevrilməklə gələcək nəsillərin də öyünc, qürur yeri olublar, xalqı zaman-zaman düşmən üzərinə hücumlara və zəfərlərə səfərbər edən mənəvi-fiziki gücün enerjisinə çevrilib, xalqı fiziki gücdən və ruhdan düşməyə qoymayıblar.
Cavanşirəm, Babəkəm,
Nəbiyəm, Koroğluyam –
Azərbaycan oğluyam
(Hafiz Baxış)
və s. şəklində müəllifli və ya müəllifsiz xalq nəğmələrinə, mahnılarına çevrilərək dillərdə-ağızlarda gəzib-dolaşan qəhrəmanlarımız böyük bir ordu gücü timsalında “Azərbaycan oğluyam” tipli ifadə şəklində xalqın özünü təmsil edib yaşadıblar. Ona görə mən yuxarıda qeyd etdim ki, yazıçı kimi Elman Rüstəmovun nəsrində mərtəbəli şəkildə düşüncə qatları boy göstərir ki, bu epiqraf özündə müəyyən düşüncə tipi yaşadır. Məhz epiqrafdan doğan məntiqin davamı olaraq yazıçı hekayəyə belə başlanğıcla start verir: “Tarix boyu özünün qəhrəmanları ilə tanınan Azərbaycan 1000 il əvvəl, 2000-ci ilin əvvəllərində xalqın taleyində dönüş yaradan özünün növbəti qəhrəmanını meydana gətirdi. O vaxta qədər həmin torpaq Tomris ana, Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi qəhrəmanlar yetirmişdi. 20-ci əsrin sonunda, 21-ci əsrin əvvəllərində öz müstəqilliyini əldə etmiş Azərbaycanın 20%-dən çox ərazisi irticaçı dövlətlərin köməyi ilə böyük Ermənistan dövləti yaratmaq iddiası ilə yaşayan xəstə təxəyyüllü erməni millətçiləri tərəfindən işğal edilmişdi. 2 milyondan çox azərilər öz yurdlarından didərgin va qaçqın düşmüşdülər. 20 il idi ki, Azərbaycanın cənnət guşələri sayılan gözəl Qarabağ, Şuşa qalası erməni tapdağı altında idi. Kiçik xalqları bir-birinə vuruşduran va bundan böyük mənfəət götürən o vaxtkı irticaçı dövlətlər min bir hiylə və fənd işlədərək müxtəlif təşkilatlar yaradır və bu məsələlərin həllini həmin taşkilatlara tapşırmaqla məsələni uzadır va bundan öz xeyirləri üçün məharətlə istifadə edirdilər. Həmin dövrlərdə Azərbaycan Bakı nefti hesabına iqtisadi cəhətdən inkişaf etsə də, bu, vətənpərvərlik ruhunun yüksəlməsinə heç bir təsir göstərmirdi. Əksinə, Bakıya güclü kapital axını meşşan həyatı keçirən insanlar üçün əlverişli şərait yaradır, mətbuat və televiziya şou aləminə geniş yer ayırırdı. Şou biznes özünün çiçəklənmə dövrünü yaşayırdı. Artıq xalqda öz torpaqlarını azad etmək üçün bir inamsızlıq əmələ gəlmişdi. Çoxu bu müharibənin sonunu görmürdü, ümidsizliyə qapılanlar, həmin yerləri bir daha görməyəcəkləri ilə barışanlar var idi. Belə bir vaxtda Azərbaycan xalqının növbəti qəhrəmanı meydana çıxdı. Allah-təala sanki əməlinə uyğun ad qoymağı agah etmişdi onun valideynlərinə. Adını Mübariz qoymuşdular. Çoxlarının adı Mübariz idi o vaxt. Ancaq mübarizlik təkcə onun taleyinə, bəxtinə yazılmışdı. Alın yazısına çevrilmişdi. Ruhuna, iliyinə işləmişdi bu ad. Azəri türk xalqının saf geni ilə daşınan qəhrəmanlıq geni Cavanşirdən, Babəkdən, Şah İsmayıl Xətaidən sonra Mübarizin ruhuna keçmişdi” (səh. 70-71).
Müəllif hekayənin dili ilə də gələcəyi mətləbə (qəhrəmanlıq salnaməsinə) işarələr vurur, Tomris ana, Cavanşir, Babək, Xətai kimi tarixi (eləcə də xalq yaddaşındakı epik) qəhrəmanlarımızı xatırladır. Daha sonra yazıçı bu kimi qəhrəmanlarımızın göydən düşmə, yaxud sadəcə pafos naminə tərifə layiq olmadıqlarını xatırladır, göstərir ki, necə ki, bu qəhrəmanlarımız min ildi ki, xalqımızın əzmkarlıq, mübarizlik simvoluna çevriliblər, eləcə də bu gün də – “2000-ci ilin əvvəlində də xalqın taleyində dönüş yaradan növbəti qəhrəmanlar” doğuldu. Bəs kimdir bu qəhrəman? Əfsanəvi-mifik varlıqmı, xalq təxəyyülünün şişirtməsimi? Xeyr! Bu qəhrəman bizim müasirimiz olan xalq qəhrəmanı – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əslində, bu mövzu ilə Elman Rüstəmov tariximizə və folklorumuza işarə yolu ilə dünyaya mesaj verir: Hansı mesajdır bu? Bu, o mesajdır ki, bu gün az qala öz qəhrəmanlıqları ilə və həm də bizdən uzaqlaşdıqda uzaq keçmişdə qalmaqları ilə mifik-əfsanəvi qəhrəmanlara dönmüş Tomris, Cavanşir, Babək, Xətai kimi tarixi şəxsiyyətlər heç də pafos naminə dilimizdə gəzib dolaşan uydurma obrazlar deyillər! Bir vaxtlar düşmənlərin canına vəlvələ salan bu tarixi qəhrəmanlarımız bu gün də doğulurlar. Onların biri də məhz Koroğlu kimi düşmənin kürkünə birə salmış Biləsuvarlı balası olan qəhrəman Mübariz İbrahimovdur. “Kim idi Mübariz? Sadə, zəhmətkeş bir azəri-türk ailəsinin övladı. Sadə kəndçi balası. O vaxt Azərbaycanın ucqar əyaləti sayılan Biləsuvar əyalətində, indiki böyük ticarət mərkəzinə və ziyarətgaha çevrilən Mübarizabad şəhərində dünyaya göz açmışdı sadə kəndçi balası, azəri-türk oğlu. Anası Qarabağ haqqında, bəşəriyyətin ən sonuncu dəhşətli soyqırımı sayılan Xocalı soyqırımı haqqında bayatılar deməklə, 19-20-ci əsrlərdə Azərbaycanın konservatoriyası sayılan Şuşa haqqında qəmli, vətən ruhlu nəğmələr oxumaqla layla çalmışdı öz oğluna, mübariz ruhda böyüyən Mübarizinə. Birinci sinfə ayaq basan Mübarizə ilk dərs günü ana dili müəllimi Şuşanın işğalından bəhs edən “Ana vətən çağırır” mövzusunda dərs keçmişdi. Dərsdən evə dönən Mübariz atasının və anasının boynuna sarılmış, onlara Vətən deyə müraciət etmişdi. Ata və anası isə “səni Vətən üçün böyüdəcəyik” – demişdilər gözləri qəlbinin atəşindən par-par parıldayan oğullarına. Hərb sənətinin sirlərinə yiyələnən və daim qəlbi səngər üçün döyünən Mübarizin əsgəri xidməti o vaxt daxili qoşunlar adlanan və ölkədaxili nizamı qoruyan qoşun növündə keçmişdi. Ancaq onun məqsədi daxili nizamı pozan nümayişçilərin başına dubinka endirmək yox, düşmən sinəsinə yumruq vurmaq, bir yumruqla işğal altında olan torpaqlarımızda at oynadan düşməni məhv etmək idi. Odur ki, əsgəri xidmətini başa vurduqdan sonra yenidən hərbi kursa yazılır və kursu müvəffəqiyyətlə bitirərək birbaşa cəbhə xəttinə yollanır. Postda dayandıqları yüksəklikdən işğal altında olan barlı-bərəkətli torpaqlarımızı, xarabazarlığa çevrilən kəndlərimizi, tüstüsü çıxmayan komaları, azan səsi eşidilməyən məscidləri seyr edən Mübarizin düşmənə nifrəti birə min artır. Bir gün tabeçiliyində olan və postda dayanaraq düşmən tapdağında olan vətənini nişangahla müşayiət edən əsgərin gözlərinin yaşardığını görür və səbəbini soruşur. Əsgər bildirir ki, indi onun dayandığı bu postda 20 il əvvəl onun atası dayanıbmış. O atası ki, o vaxt həmin bu yerdə böyrəyini soyuqlatmışdı və indi yataq xəstəsidi. İmkanlı ağalar isə onun atasının, Qarabağ müharibəsi iştirakçısının, Qarabağ müharibəsi əlilinin böyrəyinin dəyişdirilməsinə sponsorluq etmək əvəzinə şou biznesin “yeni ulduzlarına”, “avrovijin” iştirakçılarına sponsorluq edirlər. “Yəqin ki, 20 il sonra da mənim oğlum məni yataqda qoyub gələcək bu yerdən vətən torpaqlarını izləməyə. Çünki geri qayıdan kimi bir böyrəyimi atama vermək istəyirəm. Amma elə qorxuram ki, istəyim baş tutmaya. Çünki yaman gizildəyir böyrəklərim” – demişdi gözləri yaşlı əsgər. Mübariz öz dəsmalı ilə onun göz yaşlarını silmiş və “ağlama, 20 il sonra sənin oğlun buradan yox, Şuşadan seyr edəcək vətən torpaqlarını; İsa bulağını, Cıdır düzünü, gözəl Qarabağı. Bu sözü mən Mübariz Allah qarşısında söz verirəm sənə” – demişdi. Bunu demiş, həmin axşam ata və anasına son sətri “Təki vətən sağ olsun” kəlamı ilə bitən son məktubunu yazmış və təpədən dırnağa qədər silahlanaraq təkbaşına düşmən üstünə getmişdi. Gecənin qaranlığında intiqam hissindən par-par parıldayan, işıq saçan gözləri düşməni vahiməyə salmış, onu ova çıxmış ac canavara bənzətmişdi düşmən tərəf. Bəli, düşmən yanılmamışdı. Həmin anda Mübarizin qəlbinə türkün əfsanəvi mifi sayılan boz qurdun ruhu hakim kəsilmişdi. İlk sərrast atəş ön cərgədə keşik çəkən düşmǝni yerə sərir. Düşmən səngərində qarışıqlıq düşür. Əllərini silaha atmamış Mübarizin avtomatı işıq saçmağa başlayır. Yorğun məşqlər, ağır təlimlar zamanı qazanılmış zəngin təcrübə öz bəhrəsini verir”.
Göründüyü kimi, Elman Rüstəmov sənədli hekayə janrına xas olan oçerkvari üslubda “Kim idi Mübariz?” sualını qoymaqla qəhrəmanımızın tarixi kimliyinə arayış gətirir. Burada həm Mübarizin ata-anası ilə bağlı tarixi informasiyanı çatdırır, həm də Mübarizi tarixi-əfsanəvi cəngavərlik ruhunda yetirən milli-ədəbi zəminə də aydınlıq gətirərək göstərir ki, Azərbaycan xalqının milli və ədəbi-bədii-fəlsəfi düşüncəsində elə ana da, ata da vətən timsalında özünə möhkəm yer eləmişdir. Elə ona görə də ”Mübariz atasının və anasının boynuna sarılmış, onlara Vətən deyə müraciət etmişdi” ifadələri ilə müəllif bu məqama birbaşa toxunmuşdur. Çünki Azərbaycanlı təfəkküründə Ana vətən, Ata yurdu (Dədə-baba torpağı) tipli sabitləşmiş el ifadələri hava(yı)dan deyilməyib. Ata, ya ana övlad üçün nə dərəcədə əziz – doğmadırsa, elə torpaq (vətən) də o cür əziz və müqəddəsdir.
Daha sonra müəllif hekayə janrının bədii tələbinə uyğun olaraq burada da haşiyə çıxır, postda dayanan gənc əsgərin obrazını yaradır və o əsgərin atasının da vaxtilə bu postda – səngərdə keşik çəkərkən böyrəklərini soyuq aldığı səhnəsini təsvirə gətirir. Məhz bu acı səhnəni görən və eşidən Mübarizin bundan sonra qisas eşqilə düşmən üzərinə təkbaşına getməsindən söhbət açılır.
Gördüyümüz kimi, gətirilən bu parçada da yazıçının müxtəlif cür düşüncə modellərini bir arada birləşdirdiyinin şahidi oluruq. Mübarizin cismani kimliyi, daha sonra mənəvi kimliyi (ata-anasının metaforik siması olaraq Vətən övladı olması) və eyni zamanda mifik kimliyi laybalay oxucuya təsvir olunur. Göstərilir ki, gecə ikən düşmən ordusu üstünə təkbaşına yeriyən Mübarizi düşmənlər “ova çıxmış ac canavara bənzətmişdi”. Yazıçı bu bənzətmənin doğru olduğunu da təsdiqləyir: “Mübarizin qəlbinə türkün əfsanəvi Boz qurd mifinin hakim kəsildiyini” deyən yazıçı bununla qəhrəmanımızın mifik ulu əcdadlarımızdan sayılan Boz Qurdun da daşıyıcısı olduğunu düşüncə hadisəsi olaraq oxucuya təqdim edir. Bununla Elman Rüstəmov belə bir ideyanı vermək istəyir ki, qədim türk miflərində də – mifik qəhrəmanların təbiətində də rəmzi-metaforik şəkildə də olsa bir həqiqət boy göstərir. Bununla xilaskar Boz qurd obrazının özünün də hardasa metaforik də olsa həqiqətdən rişələndiyini göstərmək istəyir. Düşmənlərə anlatmaq istəyir ki, real qəhrəmanlarımız kimi mifik qəhrəmanlarımız da havadan – boş-boşuna yaranmayıblar.
Ardınca yazıçı Elman Rüstəmov Mübarizin qəhrəmanlıq səhnəsini təsvir edir, onun Koroğlu kimi meydana təkbaşına girib düşmən üzərinə atıldığını, leşi leş üstə qaladığını görtərir.
Yazıçı Mübarizin düşmənlərə bu qan uddurmasını “səngərdən izləyən əsgərlərimizin beynini silkələyib, yatmış beyinləri oyatdığını” yazır. Bununla müəllif onun bu misilsiz şücaətini 2020-ci ilin 44 günlük Zəfərlə sonuclanan savaşımızın başlanğıcı kimi səciyyələndirir.
Lakin təkcə 44 günlük qələbəmizin başlanğıcı çərçivəsində məhdudlaşdırmır, onu daha böyük ölçüdə dəyərləndirən yazıçı bunu aşağıdakı cümlələrlə ifadə etməklə həm hekayəni yekunlaşdırır, həm də hekayənin əsas ideyası olaraq hekayənin adına çıxardığı “Min il sonranın salnaməsindən...” ifadəsinə aydınlıq gətirib yazır: “Azərbaycanın ərazisində ən yüksək zirvə Bazardüzü zirvəsidir. Mübariz isə ondan daha da hündür bir zirvə fəth edir. Bu onun ucaldığı şəhidlik zirvəsi olur. Mübariz öz qəhrəmanlığı ilə şəhidliyin ən uca zirvəsinə yüksəlir. Onun qəhrəmanlığından sonra qəlbi qisas hissi ilə dolu azəri türkləri bu zirvəni fəth etməyə üz tuturlar. Televizorda hansısa müğənniyə cangüdənlik etməyindən fəxrlə danışan başı qırxılı peysər oğlanlar əllərinə silah alıb cəbhəyə yollanırlar. Rusiyada, Almaniyada, Hollandiyada Qarabağ müharibəsindən qaçıb gizlənmiş gənclər vətəni Azərbaycana qayıdıb 20 il düşmən tapdağında olan torpaqları azad etmək üçün silaha sarılırlar. Mübarizin qəhrəmanlığından sonra xalqda özünə inam yaranır, əsl vətən ruhlu, Çanaqqala döyüşçüləri kimi ölümün gözünün içinə düz baxan böyük bir Mübarizlər ordusu yaranır. Har ayın sonunda Mübarizin ruhu əsgər yoldaşlarından birinin bədəninə daxil olur, həmin əsgər də Mübariz kimi silahlanaraq əvvəlcə Mübarizin atasının və anasının əlindən öpür, təkbaşına düşmən üstünə yeriyir və düşmənin mövqelərini darmadağın edərək şəhid olur. Artıq Azərbaycan özünün 100-cü Mübarizini şəhid verərkən düşmən ordusundan əsər-əlamət qalmamış, sağ qala bilənlər nəinki işğal etdikləri Azərbaycan torpaqlarından, həm də tarix boyu məskunlaşdıqları qədim Azərbaycan torpaqlarından baş götürüb Avropa ölkələrinə qaçmış və 3-cü minilliyin ortalarında bir millət kimi assimilyasiya olaraq yer üzündən silinmişlər ... 3011-ci il. “Azərbaycanın tarixi salnaməsindən”.
Belə bitirir hekayəni müəllif. Tarix isə gördüyümüz kimi, hekayənin yazıldığı real 2011-ci il tarixi ilə yox, 3011-ci il kimi göstərilib.
İstərdim bu məqamdan öncə yazıçının söhbət açdığı Bazardüzü zirvəsi ilə bağlı söylədiyi “Mübarizin o zirvədən də yüksək bir zirvə – şəhidlik zirvəsi” fəth etməsi məsələsinə də toxunam. Bu ifadələr mənim 1990-cı illərin əvvəllərində, hələ Cəbrayıl torpağı işğala məruz qalmadığı dövrlərdən çox əvvəl yazdığım şeirimdən aşağıdakı misraları bir daha xatırlatdı mənə:

Torpağın köksündə ən yüksək zirvə
Kəşf etdi şəhid şah şəhid qardaşım.


O vaxt şəhid qardaşlarımızın öz şəhidlikləri – igidliklərilə “torpağın köksündə ən yüksək – əlyetməz bir zirvəni kəşf etdiklərini” yazmışdım misraların dililə. İndi də Elman Rüstəmov Mübarizin timsalında şəhidlərimizin Bazardüzü zirvəsindən də uca bir qəhrəmanlıq zirvəsini fəth etdikləri fikrini oxuyuram. Fikirlərimiz necə də üst-üstə düşür. Məlumdur ki, torpaqda – yerin təkində ancaq dərinlik ölçüsündən söhbət gedə bilər. Ancaq biz bədii-fəlsəfi bir yanaşma ilə şəhidlərimizin torpağın yeraltı qatında dərinlik aşkarladıqlarını yox, əlyetməz – ən yüksək zirvəni fəth etdiklərini söyləmişik. Bu yanaşma mahiyyətcə şəhidlərimizin torpağa gömüldüklərini yox, əksinə, ölməzliyə, ölməzlik zirvəsinə yüksəldiklərinə dair söylədiyimiz bədii-poetik bir dəyərləndirmədir. O ki qaldı yazıçı Elman Rüstəmovun hekayəni belə bir sonluqla bitirməsinə və hələ bundan sonra bəşəriyyətin 1000 illik bir yol qət edəcəyi 3011-ci il tarixinin simvolikasına, bununla müəllif özündən əvvəlki tarixi şəxsiyyət olan qəhrəmanlarımızın bu gün tarixi-mifik bir örtüyə bürünərək günümüzdə – zamanımızda yaşamasına paralel bir bənzərlik ortaya qoymuşdur ki, hələ 1000 il bundan sonra da Mübariz İbrahimov qəhrəmanlığı öz sələflərinin qəhrəmanlığı kimi xalqımızın və vətənimizin tarixində anılıb yaşayacaqdır. Eyni zamanda bununla müəllif gələcəyi yazıçı gözü ilə necə görə biləcəyini təsəvvürdə canlandırmışdır. Yazıçıların öz əsərləri ilə real və ya fantastik təsvir yolu ilə gələcəyi təsəvvürdə canlandırmaları isə ədəbiyyatda kino sənəti və s. vasitəsilə əks etdirdiyi nümunələr isə hamımıza tanış məsələdir.
Bir sözlə, yazıçı Elman Rüstəmovun hər bir yazısı oxucuya müəyyən ideya – estetik məzmunlu dəyərli fikirlər aşılayır. İxtisasca həkim olan yazıçı əsərləri ilə insanların mənəvi dünyasında sağlam və faydalı ovqatla düşünə bilmək duyğuları formalaşdırır. Dəyərli yazıçımıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Şakir Albalıyev,
filologiya elmləri doktoru
7-06-2026, 07:11
Sönməyən ocaq

Abid Şamiloğlu,
Müəllim, Quba Afurca kəndi


Sönməyən ocaq

(Sənədli hekayə)
Afurca kəndinin uca dağları bəyaz dumanla örtülmüşdü. Yazın gəlməyinə baxmayaraq, hələ havalar istiləşməmişdi. Sürünü, mal-qaranı yaylağa aparmaq olardımı? Heç kim cəsarət eyləmirdi. Bəzən elə olurdu ki, yayın ortalarında yaylaqda qar yağardı. Salman kişi son sözünü dedi:
- Hazırlaşın, yaylağa çıxmalıyıq. Heç bir qar, boran bizi qorxuda bilməz. Yağar, əriyib gedər. Gecikdirmək olmaz. El-oba yığışdı, köçdü. Yaylaq həyatı başladı. 1858-ci ildə Afurca kəndində dünyaya göz açan Salman Abid oğlu kəndin dağ cüssəli bir igidi idi. O, bütün quberniyanın vicdanı, ədalət qoruyucusu, zəngin bir təsərrüfatın sahibi idi. Onun qoyun sürüləri, mal-qara naxırları Qilit yaylağındakı geniş otlaq sahələrində saxlanılırdı.
Salman kişi təsərrüfata başçılıq etməklə yanaşı, həm də Afurcanın və ətraf kəndlərin hakimi idi. O, bu işə dövlət tərəfindən təyin olunmuşdu. Kənddə bir haqsızlıq baş verəndə hamı onun qapısına qaçardı. Salman kişi həyətindəki qocaman palıd ağacının altında əyləşər, hər iki tərəfi təmkinlə dinləyərdi. Onun kəsdiyi hökmdən heç kim inciməzdi, çünki onun hakimliyi ilahi ədalətə və insan sevgisinə söykənirdi. Onun ədalət sorağı tezliklə doğma kəndinin sərhədlərini aşdı. Başqa kəndlərdə də işi çətinə düşən, çıxılmaz vəziyyətdə qalan, haqqı tapdalanan hər kəs çarəni Salman kişinin müdrikliyində tapardı. O, fərq qoymadan hər bir məzlumun imdadına çatar, müşkül işləri asanlıqla həll edərdi.
Salman kişinin həyatındakı ən böyük zənginlik onun evinin dirəyi, ömür-gün yoldaşı Mərziyə nənə idi. Mərziyə nənə təkcə Salman kişinin həyat yoldaşı deyil, həm də onun qəlbinin aynası, xeyirxahlıq missiyasının ən böyük ortaq tərəfi və kəndin mənəvi anası idi.
Salman kişinin evindən qonaq-qara əskik olmazdı. Uzaq kəndlərdən gələnləri Mərziyə nənə böyük bir təmkinlə, gülər üzlə qarşılayar, onlara süfrə açar və hər birinə ana şəfqəti göstərərdi. Salman kişinin Afurcada uzun illərə dayanan, sadiq və özü kimi igid bir dostu var idi: Əbdülxalıq. Bu iki cəsur və mərd insanın dostluğu kənddə əsl qardaşlıq nümunəsi sayılardı. Kəndin xeyrinə və ya camaatın xeyir-şəri ilə bağlı bir iş görüləcəksə, Salman kişi ilə Əbdülxalıq mütləq bir-birilə məsləhətləşərdilər. Hər hansı çətin bir qərar qəbul olunmalı olduqda, bu iki dost hər bir işi incəliyinə qədər götür-qoy edib tamamlayardılar. Salman kişinin müdrikliyi sayəsində Afurcanın və ətraf kəndlərin hər bir problemi asanlıqla yoluna qoyulardı. Bu dostluq kəndin həm xeyir işlərində, həm də ağır günlərində ən möhkəm dayaq idi.
Salman kişi həm də darda qalanın arxası, köməyi, acın çörəyi idi. Elə bir il olurdu ki, quraqlıq və ya sərt qış ucbatından bütün ətraf kəndlərdə camaatın taxılı tamamilə qurtarırdı. Belə qıtlıq günlərində insanların taleyinə aclığın qorxunc kölgəsi düşəndə, Salman kişi dərhal hərəkətə keçərdi. O, ehtiyatda olan taxıl anbarlarının ağzını açdırar və car çəkdirərdi: "Kimin nə qədər ehtiyacı varsa, gəlsin, taxılını aparsın!"
Nəinki Afurcanın, hətta ətrafdakı bütün kəndlərin əhalisi də axın-axın onun həyətinə gələrdi. Salman kişi heç bir təmənna ummadan, heç kəsi qapısından əliboş qaytarmadan tonlarla taxılı insanlara paylayardı. Kəndin kimsəsizləri, xüsusən də başsız qalmış dul qadınları və yetimləri onun daimi himayəsində idi. Səhər açılanda uşaqların üzündəki aclıq qorxusunun yerini təbəssümün alması Salman kişinin ən böyük mükafatı idi. O, sanki bu dünyaya acları doyurmaq, sızlayan qəlblərə məlhəm olmaq üçün gəlmişdi.
Təqvimlər 1918-ci ili göstərəndə bu dinc dağ kəndlərinin üzərini qara buludlar aldı. Bakıda və Şamaxıda Şaumyanın göstərişi ilə Amazaspın erməni-bolşevik silahlı dəstələri qan tökür, kəndləri yandırır, günahsız insanları öldürürdülər. Çox keçmədən qorxunc xəbər Quba qəzasına da çatdı. Düşmən Şamaxını xarabalığa çevirdikdən sonra Qonaqkənd yolu ilə Quba şəhərinə gəlib keçəcəkdi.
Kəndlərə təşviş düşdü. Qadınların fəğanı, uşaqların qorxu dolu baxışları hamını lərzəyə gətirdi. Belə bir məqamda Salman kişinin polad iradəsi ön plana çıxdı. O, bir an belə tərəddüd etmədən ayağa qalxdı.
- "Qorxmayın!" -deyə onun gur səsi əks-səda verdi. -"Namusumuzu və torpağımızı bu qan içənlərə tapşırası deyilik!"
Salman kişi dərhal strateji plan qurdu. Kəndin qadınlarını, uşaqlarını və qocalarını toplayaraq, onları gur şəlalənin axdığı yerdə olan, sıldırım Qırmızı Qayanın gizli mağaralarına yerləşdirdi. Bu təhlükəli köç zamanı qadınların və uşaqların başında Mərziyə nənə dayanmışdı. O, öz sarsılmaz iradəsi, ana şücaəti və təmkinliyi ilə mağaralarda gizlənən hər bir kəsə mənəvi dayaq oldu, qorxunu onlardan uzaqlaşdırdı. Mərziyə nənə sığınacaqda saxladığı hər bir kəsi ana kimi qoruyaraq bu zəfərin mənəvi qəhrəmanı oldu. Onun bu şücaəti, sarsılmaz rəşadəti dillər əzbəri oldu, sorağı bütün Azərbaycana yayıldı.
Şəlalənin gurultusu uşaqların səsini boğur, düşmənin bu gizli sığınacağı tapmasını qeyri-mümkün edirdi.Ailələri etibarlı yerə yerləşdirdikdən sonra Salman kişi və onun sadiq dostu Əbdülxalıq kəndin igidlərini, əlinə silah ala bilən hər bir kişisini səfərbər etdi. Düşmən Qonaqkənd yolundan keçib gələndə qarşısında heç nədən qorxmayan, Vətən naminə ölməyə hazır olan bir böyük dəstəni gördü.
Salman kişinin və Əbdülxalıqın rəhbərliyi ilə başlayan qəfil və amansız müqavimət düşməni sarsıtdı. Ağır toplarla, pulemyotlarla silahlanmış böyük bir orduya qarşı bu dəstə qəhrəmancasına vuruşurdu. Dağların hər qayası, hər cığırı düşmənə qarşı bir silaha çevrilmişdi. Bu qeyri-bərabər döyüşdə erməni-bolşevik dəstələri ağır itkilər verdilər. Onlar Təngə dərəsindən keçib Quba şəhərinə doğru irəliləməyə məcbur oldular.
Salman kişinin göstərdiyi bu qəhrəmanlıq, göstərdiyi bu müqavimət böyük bir fəlakətin qarşısını aldı. O, öz kəndinin və ətraf kəndlərin namusunu qorudu, yüzlərlə ananı və uşağı ölümdən xilas etdi. Onun bu şücaəti, sarsılmaz rəşadəti dillər əzbəri oldu, sorağı bütün Azərbaycana yayıldı.
İllər keçdi, zaman dəyişdi. Azərbaycanda sovet hakimiyyəti quruldu və amansız kolxozlaşma dövrü başladı. Bu dövr Salman kişinin həyatının ən ağır imtahanı oldu. Onun ömür boyu zəhmətlə topladığı, min bir əziyyətlə artırdığı bütün qoyun sürülərini, böyük mal naxırlarını, var-dövlətini əlindən aldılar. Ailə bir gecədə tamamilə müflis vəziyyətə salındı. Sovet hökuməti onun maddi gücünü qırmağa çalışırdı.
Bu sınaq günlərində Mərziyə nənə ərinin ən böyük sirdaşı, sarsılmaz qalası oldu. O: "Mal-mülk gəldi-gedərdi, təki baş ucalığı olsun, təki canımız sağ olsun" -deyərək Salman kişiyə güc verdi və ailənin başını hər zaman dik saxladı. Lakin onlar bir şeyi unutmuşdular. Salman kişinin böyüklüyü onun var-dövlətində deyil, sarsılmaz ruhunda və polad xarakterində idi. Salman kişi bütün bu haqsızlıqlara, maddi itkilərə baxmayaraq özünü sındırmadı. Əsl bir kişi, dağ qədər vüqarlı bir el ağsaqqalı kimi hərəkət etdi. Malı-mülkü əlindən alınsa da, qəlbindəki insan sevgisini və mərdliyini heç kim ala bilmədi. O, yenə də kəndin mərkəzində dik dayandı, yenə də darda qalanın, çarəsiz qalanın köməyinə çatdı. Bu çətin günlərdə onun ən böyük mənəvi dayağı yenə də sadiq dostu Əbdülxalıq oldu.
Əbdülxalıq həm varlı, həm də müflis günündə Salman kişinin yanında qaldı, onun dərdinə şərik oldu. Bu iki igid insan ömürlərinin sonuna qədər dostluqlarını, bir-birinə olan hörmət və sədaqətlərini eyni səmimiyyətlə davam etdirdilər.
Salman kişi 1930-cu ilin sonunda dünyasını dəyişdi. O, bu dünyadan köçəndə onun heç bir malı-dövləti yox idi. Amma onun arxasında gözüyaşlı, ona minnətdar olan və onun mərdliyinə heyran qalan bütöv bir mahal var idi. Bir də onun müqəddəs xatirəsini göz bəbəyi kimi qoruyan Mərziyə nənə vardı.
Bu gün də Afurca kəndində şəlalənin səsi ucalanda, sanki o səs Salman kişinin qəhrəmanlığını hayqırır, Qırmızı Qayanın mağaraları isə onun ədalətinin, xeyirxahlığının və cəsarətinin şahidi kimi vüqarla dayanır.
Salman Abid oğlu və Mərziyə nənə öz şərəfli ömürləri və əyilməz qamətləri ilə hər bir Azərbaycanlının qəlbində əbədi bir abidə ucaltdılar.

Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!