Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-06-2026, 18:15
DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI


DÜŞÜNCƏ FƏDAİSİ

OLAN YAZIÇI


Yazıçı-publisist, tibb xidməti polkovnik-leytenantı Elman Süleyman oğlu Rüstəmovun “Novella və hekayələr” (“Vətən”, 2014) adı ilə nəşr olunmuş kitabını vərəqlədikcə, burada verilən ədəbi nümunələri oxuduqca, onların hər birində canlı həyat nəfəsi görürəm. Yazıların çoxu oçerk janrında – bədii dillə publisistikanın qovşağında verilmiş esse üslubundadır. Belə ki, burada təsvir olunanlar əsas etibarilə müəllifin özünün yaşantılarının, ya da görüb-eşitdiklərinin əsasında qələmə alınmışdır. Başqa sözlə, Elman Rüstəmov həyat hadisələrini yazıçı ustalığı ilə nəsrə uğurla gətirir. Burada maraqlı təhkiyə tərzi və üslubu şifahi ədəbiyyatımızdakı rəvayət janrını da xatırladır. Belə ki, yazıçı hadisələri elə təbiiliklə nəql edir ki, oxucu yazıçının özünü birbaşa həmin epizodların iştirakçısı kimi hiss edir. Bu da yazıçının oxucunu hadisələrin gerçəkliyinə inandırma ustalığıdır. Təsadüfi deyil ki, kitaba ön söz əvəzi kimi verilən yazıda da yazıçı-filosof, şair Əlisa Nicat yazısına “Elman Rüstəmovun nəsri zamanın güzgüsüdür” adını verib. Məhz “zamanın güzgüsü” olduğuna görədir ki, bu əsərlərdə biz həyat reallıqlarını təhkiyəçinin şahidi olduğu hadisələr fonunda təsəvvür edə bilirik. Ə.Nicat həmin yazısına belə başlayır:
“Müasirləri heç vaxt əsl yazıçı və filosofu görə bilmirlər. Hətta o, hər gün onların yanından gəlib keçsə, onlarla salamlaşsa, əl verib görüşsə də.
Tarix bu cür nümunələrlə doludur.
Tək-tək istisnaları nəzərə almasaq bütün xalqlar, hətta Almaniya, Fransa kimi ən zəkalı, qədirbilən xalqlar belə öz dövrlərində böyük istedadlara biganə olublar.
Musiqi sahəsində Bethoven, rəssamlıqda Van Qoq, ədəbiyyat sahəsində Kafka və nəhayət, təfəkkür aləmində Nitsşenin taleyi belə olmuşdur.” (səh. 4)
Daha sonra yazıçı dediklərinə rəğmən göstərir ki, “Elman Rüstəmov, əlbəttə, Kafka və Nitsşe deyil və onlara oxşamasına gərək də yoxdur. O, elə Elman Rüstəmovdur.”
Söz yox ki, Elman Rüstəmovun yazıçı kimi özünütəsdiqinə işarə edilir burda. Özü də o, bir müəllif kimi yazdıqlarında nə dərəcədə millidirsə, o dərəcədə də vətənpərvər kimi, nə dərəcədə milli ruhlu vətənpərvərdirsə, o dərəcədə də bəşəri ideallara sadiq bir sənətkar kimi çıxış edir. Mən onun yazılarının ruhunda ziyalı – yazıçı kimi özünü fəda etdiyini görürəm: onu sözün həqiqi mənasında düşüncə fədaisi olan yazıçı kimi səciyyələndirirəm. Çünki o, eşidib-gördükləri həyat həqiqətlərini yazıçı təxəyyülündən və analitik yazıçı düşüncəsindən keçirməklə nəsr əsərinə çevirir. Onun yazı üslubu, yazıçı kimi özünü göstərə bilmək missiyası məhz bu mühüm amildən rişələnir. Onun hər əsərində düşüncə qatları müəyyən intervallarla özünü göstərir.
“Kreml qülləsi”, “Ağ vərəq”, “Mən”, “Tupoy”, “Baş kəsənlər”, “Ən qısa hekayəm”, “21 dekabr dünyanın sonu, yoxsa bir yəhudi oyunu”, “Şəkinin “Xan sarayı” və s. Bütün bu və bu kimi digər əsərlərində biz qatbaqat düşüncə layları ilə rastlaşırıq: düşünərək (müəyyən ədəbi-fəlsəfi kəşflər edərək) oxucularını da bu xüsusda düşündürür.
Misal üçün, “Min il sonranın salnaməsindən...” adlı yazıya belə bir kəlamı avtoqraf yazıb: “Xalqlar ona görə mövcuddur ki, onların qəhrəmanları var”. Bu cümlə ilə müəllif xalq yaddaşında yüzillərlə özünə yer eləmiş epik və mifik qəhrəmanlara işarə edir, bildirmək istəyir ki, bu qəhrəmanlar zamanbazaman xalqı düşdükləri girdablardan, fəlakət və bəlalardan xilas etməklə xalqı özləri ilə bərabər qoruyub yaşadıblar. Həm də bu qəhrəmanlar xalqın özünükimlik simvoluna çevrilməklə gələcək nəsillərin də öyünc, qürur yeri olublar, xalqı zaman-zaman düşmən üzərinə hücumlara və zəfərlərə səfərbər edən mənəvi-fiziki gücün enerjisinə çevrilib, xalqı fiziki gücdən və ruhdan düşməyə qoymayıblar.
Cavanşirəm, Babəkəm,
Nəbiyəm, Koroğluyam –
Azərbaycan oğluyam
(Hafiz Baxış)
və s. şəklində müəllifli və ya müəllifsiz xalq nəğmələrinə, mahnılarına çevrilərək dillərdə-ağızlarda gəzib-dolaşan qəhrəmanlarımız böyük bir ordu gücü timsalında “Azərbaycan oğluyam” tipli ifadə şəklində xalqın özünü təmsil edib yaşadıblar. Ona görə mən yuxarıda qeyd etdim ki, yazıçı kimi Elman Rüstəmovun nəsrində mərtəbəli şəkildə düşüncə qatları boy göstərir ki, bu epiqraf özündə müəyyən düşüncə tipi yaşadır. Məhz epiqrafdan doğan məntiqin davamı olaraq yazıçı hekayəyə belə başlanğıcla start verir: “Tarix boyu özünün qəhrəmanları ilə tanınan Azərbaycan 1000 il əvvəl, 2000-ci ilin əvvəllərində xalqın taleyində dönüş yaradan özünün növbəti qəhrəmanını meydana gətirdi. O vaxta qədər həmin torpaq Tomris ana, Cavanşir, Babək, Şah İsmayıl Xətai kimi qəhrəmanlar yetirmişdi. 20-ci əsrin sonunda, 21-ci əsrin əvvəllərində öz müstəqilliyini əldə etmiş Azərbaycanın 20%-dən çox ərazisi irticaçı dövlətlərin köməyi ilə böyük Ermənistan dövləti yaratmaq iddiası ilə yaşayan xəstə təxəyyüllü erməni millətçiləri tərəfindən işğal edilmişdi. 2 milyondan çox azərilər öz yurdlarından didərgin va qaçqın düşmüşdülər. 20 il idi ki, Azərbaycanın cənnət guşələri sayılan gözəl Qarabağ, Şuşa qalası erməni tapdağı altında idi. Kiçik xalqları bir-birinə vuruşduran va bundan böyük mənfəət götürən o vaxtkı irticaçı dövlətlər min bir hiylə və fənd işlədərək müxtəlif təşkilatlar yaradır və bu məsələlərin həllini həmin taşkilatlara tapşırmaqla məsələni uzadır va bundan öz xeyirləri üçün məharətlə istifadə edirdilər. Həmin dövrlərdə Azərbaycan Bakı nefti hesabına iqtisadi cəhətdən inkişaf etsə də, bu, vətənpərvərlik ruhunun yüksəlməsinə heç bir təsir göstərmirdi. Əksinə, Bakıya güclü kapital axını meşşan həyatı keçirən insanlar üçün əlverişli şərait yaradır, mətbuat və televiziya şou aləminə geniş yer ayırırdı. Şou biznes özünün çiçəklənmə dövrünü yaşayırdı. Artıq xalqda öz torpaqlarını azad etmək üçün bir inamsızlıq əmələ gəlmişdi. Çoxu bu müharibənin sonunu görmürdü, ümidsizliyə qapılanlar, həmin yerləri bir daha görməyəcəkləri ilə barışanlar var idi. Belə bir vaxtda Azərbaycan xalqının növbəti qəhrəmanı meydana çıxdı. Allah-təala sanki əməlinə uyğun ad qoymağı agah etmişdi onun valideynlərinə. Adını Mübariz qoymuşdular. Çoxlarının adı Mübariz idi o vaxt. Ancaq mübarizlik təkcə onun taleyinə, bəxtinə yazılmışdı. Alın yazısına çevrilmişdi. Ruhuna, iliyinə işləmişdi bu ad. Azəri türk xalqının saf geni ilə daşınan qəhrəmanlıq geni Cavanşirdən, Babəkdən, Şah İsmayıl Xətaidən sonra Mübarizin ruhuna keçmişdi” (səh. 70-71).
Müəllif hekayənin dili ilə də gələcəyi mətləbə (qəhrəmanlıq salnaməsinə) işarələr vurur, Tomris ana, Cavanşir, Babək, Xətai kimi tarixi (eləcə də xalq yaddaşındakı epik) qəhrəmanlarımızı xatırladır. Daha sonra yazıçı bu kimi qəhrəmanlarımızın göydən düşmə, yaxud sadəcə pafos naminə tərifə layiq olmadıqlarını xatırladır, göstərir ki, necə ki, bu qəhrəmanlarımız min ildi ki, xalqımızın əzmkarlıq, mübarizlik simvoluna çevriliblər, eləcə də bu gün də – “2000-ci ilin əvvəlində də xalqın taleyində dönüş yaradan növbəti qəhrəmanlar” doğuldu. Bəs kimdir bu qəhrəman? Əfsanəvi-mifik varlıqmı, xalq təxəyyülünün şişirtməsimi? Xeyr! Bu qəhrəman bizim müasirimiz olan xalq qəhrəmanı – Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Əslində, bu mövzu ilə Elman Rüstəmov tariximizə və folklorumuza işarə yolu ilə dünyaya mesaj verir: Hansı mesajdır bu? Bu, o mesajdır ki, bu gün az qala öz qəhrəmanlıqları ilə və həm də bizdən uzaqlaşdıqda uzaq keçmişdə qalmaqları ilə mifik-əfsanəvi qəhrəmanlara dönmüş Tomris, Cavanşir, Babək, Xətai kimi tarixi şəxsiyyətlər heç də pafos naminə dilimizdə gəzib dolaşan uydurma obrazlar deyillər! Bir vaxtlar düşmənlərin canına vəlvələ salan bu tarixi qəhrəmanlarımız bu gün də doğulurlar. Onların biri də məhz Koroğlu kimi düşmənin kürkünə birə salmış Biləsuvarlı balası olan qəhrəman Mübariz İbrahimovdur. “Kim idi Mübariz? Sadə, zəhmətkeş bir azəri-türk ailəsinin övladı. Sadə kəndçi balası. O vaxt Azərbaycanın ucqar əyaləti sayılan Biləsuvar əyalətində, indiki böyük ticarət mərkəzinə və ziyarətgaha çevrilən Mübarizabad şəhərində dünyaya göz açmışdı sadə kəndçi balası, azəri-türk oğlu. Anası Qarabağ haqqında, bəşəriyyətin ən sonuncu dəhşətli soyqırımı sayılan Xocalı soyqırımı haqqında bayatılar deməklə, 19-20-ci əsrlərdə Azərbaycanın konservatoriyası sayılan Şuşa haqqında qəmli, vətən ruhlu nəğmələr oxumaqla layla çalmışdı öz oğluna, mübariz ruhda böyüyən Mübarizinə. Birinci sinfə ayaq basan Mübarizə ilk dərs günü ana dili müəllimi Şuşanın işğalından bəhs edən “Ana vətən çağırır” mövzusunda dərs keçmişdi. Dərsdən evə dönən Mübariz atasının və anasının boynuna sarılmış, onlara Vətən deyə müraciət etmişdi. Ata və anası isə “səni Vətən üçün böyüdəcəyik” – demişdilər gözləri qəlbinin atəşindən par-par parıldayan oğullarına. Hərb sənətinin sirlərinə yiyələnən və daim qəlbi səngər üçün döyünən Mübarizin əsgəri xidməti o vaxt daxili qoşunlar adlanan və ölkədaxili nizamı qoruyan qoşun növündə keçmişdi. Ancaq onun məqsədi daxili nizamı pozan nümayişçilərin başına dubinka endirmək yox, düşmən sinəsinə yumruq vurmaq, bir yumruqla işğal altında olan torpaqlarımızda at oynadan düşməni məhv etmək idi. Odur ki, əsgəri xidmətini başa vurduqdan sonra yenidən hərbi kursa yazılır və kursu müvəffəqiyyətlə bitirərək birbaşa cəbhə xəttinə yollanır. Postda dayandıqları yüksəklikdən işğal altında olan barlı-bərəkətli torpaqlarımızı, xarabazarlığa çevrilən kəndlərimizi, tüstüsü çıxmayan komaları, azan səsi eşidilməyən məscidləri seyr edən Mübarizin düşmənə nifrəti birə min artır. Bir gün tabeçiliyində olan və postda dayanaraq düşmən tapdağında olan vətənini nişangahla müşayiət edən əsgərin gözlərinin yaşardığını görür və səbəbini soruşur. Əsgər bildirir ki, indi onun dayandığı bu postda 20 il əvvəl onun atası dayanıbmış. O atası ki, o vaxt həmin bu yerdə böyrəyini soyuqlatmışdı və indi yataq xəstəsidi. İmkanlı ağalar isə onun atasının, Qarabağ müharibəsi iştirakçısının, Qarabağ müharibəsi əlilinin böyrəyinin dəyişdirilməsinə sponsorluq etmək əvəzinə şou biznesin “yeni ulduzlarına”, “avrovijin” iştirakçılarına sponsorluq edirlər. “Yəqin ki, 20 il sonra da mənim oğlum məni yataqda qoyub gələcək bu yerdən vətən torpaqlarını izləməyə. Çünki geri qayıdan kimi bir böyrəyimi atama vermək istəyirəm. Amma elə qorxuram ki, istəyim baş tutmaya. Çünki yaman gizildəyir böyrəklərim” – demişdi gözləri yaşlı əsgər. Mübariz öz dəsmalı ilə onun göz yaşlarını silmiş və “ağlama, 20 il sonra sənin oğlun buradan yox, Şuşadan seyr edəcək vətən torpaqlarını; İsa bulağını, Cıdır düzünü, gözəl Qarabağı. Bu sözü mən Mübariz Allah qarşısında söz verirəm sənə” – demişdi. Bunu demiş, həmin axşam ata və anasına son sətri “Təki vətən sağ olsun” kəlamı ilə bitən son məktubunu yazmış və təpədən dırnağa qədər silahlanaraq təkbaşına düşmən üstünə getmişdi. Gecənin qaranlığında intiqam hissindən par-par parıldayan, işıq saçan gözləri düşməni vahiməyə salmış, onu ova çıxmış ac canavara bənzətmişdi düşmən tərəf. Bəli, düşmən yanılmamışdı. Həmin anda Mübarizin qəlbinə türkün əfsanəvi mifi sayılan boz qurdun ruhu hakim kəsilmişdi. İlk sərrast atəş ön cərgədə keşik çəkən düşmǝni yerə sərir. Düşmən səngərində qarışıqlıq düşür. Əllərini silaha atmamış Mübarizin avtomatı işıq saçmağa başlayır. Yorğun məşqlər, ağır təlimlar zamanı qazanılmış zəngin təcrübə öz bəhrəsini verir”.
Göründüyü kimi, Elman Rüstəmov sənədli hekayə janrına xas olan oçerkvari üslubda “Kim idi Mübariz?” sualını qoymaqla qəhrəmanımızın tarixi kimliyinə arayış gətirir. Burada həm Mübarizin ata-anası ilə bağlı tarixi informasiyanı çatdırır, həm də Mübarizi tarixi-əfsanəvi cəngavərlik ruhunda yetirən milli-ədəbi zəminə də aydınlıq gətirərək göstərir ki, Azərbaycan xalqının milli və ədəbi-bədii-fəlsəfi düşüncəsində elə ana da, ata da vətən timsalında özünə möhkəm yer eləmişdir. Elə ona görə də ”Mübariz atasının və anasının boynuna sarılmış, onlara Vətən deyə müraciət etmişdi” ifadələri ilə müəllif bu məqama birbaşa toxunmuşdur. Çünki Azərbaycanlı təfəkküründə Ana vətən, Ata yurdu (Dədə-baba torpağı) tipli sabitləşmiş el ifadələri hava(yı)dan deyilməyib. Ata, ya ana övlad üçün nə dərəcədə əziz – doğmadırsa, elə torpaq (vətən) də o cür əziz və müqəddəsdir.
Daha sonra müəllif hekayə janrının bədii tələbinə uyğun olaraq burada da haşiyə çıxır, postda dayanan gənc əsgərin obrazını yaradır və o əsgərin atasının da vaxtilə bu postda – səngərdə keşik çəkərkən böyrəklərini soyuq aldığı səhnəsini təsvirə gətirir. Məhz bu acı səhnəni görən və eşidən Mübarizin bundan sonra qisas eşqilə düşmən üzərinə təkbaşına getməsindən söhbət açılır.
Gördüyümüz kimi, gətirilən bu parçada da yazıçının müxtəlif cür düşüncə modellərini bir arada birləşdirdiyinin şahidi oluruq. Mübarizin cismani kimliyi, daha sonra mənəvi kimliyi (ata-anasının metaforik siması olaraq Vətən övladı olması) və eyni zamanda mifik kimliyi laybalay oxucuya təsvir olunur. Göstərilir ki, gecə ikən düşmən ordusu üstünə təkbaşına yeriyən Mübarizi düşmənlər “ova çıxmış ac canavara bənzətmişdi”. Yazıçı bu bənzətmənin doğru olduğunu da təsdiqləyir: “Mübarizin qəlbinə türkün əfsanəvi Boz qurd mifinin hakim kəsildiyini” deyən yazıçı bununla qəhrəmanımızın mifik ulu əcdadlarımızdan sayılan Boz Qurdun da daşıyıcısı olduğunu düşüncə hadisəsi olaraq oxucuya təqdim edir. Bununla Elman Rüstəmov belə bir ideyanı vermək istəyir ki, qədim türk miflərində də – mifik qəhrəmanların təbiətində də rəmzi-metaforik şəkildə də olsa bir həqiqət boy göstərir. Bununla xilaskar Boz qurd obrazının özünün də hardasa metaforik də olsa həqiqətdən rişələndiyini göstərmək istəyir. Düşmənlərə anlatmaq istəyir ki, real qəhrəmanlarımız kimi mifik qəhrəmanlarımız da havadan – boş-boşuna yaranmayıblar.
Ardınca yazıçı Elman Rüstəmov Mübarizin qəhrəmanlıq səhnəsini təsvir edir, onun Koroğlu kimi meydana təkbaşına girib düşmən üzərinə atıldığını, leşi leş üstə qaladığını görtərir.
Yazıçı Mübarizin düşmənlərə bu qan uddurmasını “səngərdən izləyən əsgərlərimizin beynini silkələyib, yatmış beyinləri oyatdığını” yazır. Bununla müəllif onun bu misilsiz şücaətini 2020-ci ilin 44 günlük Zəfərlə sonuclanan savaşımızın başlanğıcı kimi səciyyələndirir.
Lakin təkcə 44 günlük qələbəmizin başlanğıcı çərçivəsində məhdudlaşdırmır, onu daha böyük ölçüdə dəyərləndirən yazıçı bunu aşağıdakı cümlələrlə ifadə etməklə həm hekayəni yekunlaşdırır, həm də hekayənin əsas ideyası olaraq hekayənin adına çıxardığı “Min il sonranın salnaməsindən...” ifadəsinə aydınlıq gətirib yazır: “Azərbaycanın ərazisində ən yüksək zirvə Bazardüzü zirvəsidir. Mübariz isə ondan daha da hündür bir zirvə fəth edir. Bu onun ucaldığı şəhidlik zirvəsi olur. Mübariz öz qəhrəmanlığı ilə şəhidliyin ən uca zirvəsinə yüksəlir. Onun qəhrəmanlığından sonra qəlbi qisas hissi ilə dolu azəri türkləri bu zirvəni fəth etməyə üz tuturlar. Televizorda hansısa müğənniyə cangüdənlik etməyindən fəxrlə danışan başı qırxılı peysər oğlanlar əllərinə silah alıb cəbhəyə yollanırlar. Rusiyada, Almaniyada, Hollandiyada Qarabağ müharibəsindən qaçıb gizlənmiş gənclər vətəni Azərbaycana qayıdıb 20 il düşmən tapdağında olan torpaqları azad etmək üçün silaha sarılırlar. Mübarizin qəhrəmanlığından sonra xalqda özünə inam yaranır, əsl vətən ruhlu, Çanaqqala döyüşçüləri kimi ölümün gözünün içinə düz baxan böyük bir Mübarizlər ordusu yaranır. Har ayın sonunda Mübarizin ruhu əsgər yoldaşlarından birinin bədəninə daxil olur, həmin əsgər də Mübariz kimi silahlanaraq əvvəlcə Mübarizin atasının və anasının əlindən öpür, təkbaşına düşmən üstünə yeriyir və düşmənin mövqelərini darmadağın edərək şəhid olur. Artıq Azərbaycan özünün 100-cü Mübarizini şəhid verərkən düşmən ordusundan əsər-əlamət qalmamış, sağ qala bilənlər nəinki işğal etdikləri Azərbaycan torpaqlarından, həm də tarix boyu məskunlaşdıqları qədim Azərbaycan torpaqlarından baş götürüb Avropa ölkələrinə qaçmış və 3-cü minilliyin ortalarında bir millət kimi assimilyasiya olaraq yer üzündən silinmişlər ... 3011-ci il. “Azərbaycanın tarixi salnaməsindən”.
Belə bitirir hekayəni müəllif. Tarix isə gördüyümüz kimi, hekayənin yazıldığı real 2011-ci il tarixi ilə yox, 3011-ci il kimi göstərilib.
İstərdim bu məqamdan öncə yazıçının söhbət açdığı Bazardüzü zirvəsi ilə bağlı söylədiyi “Mübarizin o zirvədən də yüksək bir zirvə – şəhidlik zirvəsi” fəth etməsi məsələsinə də toxunam. Bu ifadələr mənim 1990-cı illərin əvvəllərində, hələ Cəbrayıl torpağı işğala məruz qalmadığı dövrlərdən çox əvvəl yazdığım şeirimdən aşağıdakı misraları bir daha xatırlatdı mənə:

Torpağın köksündə ən yüksək zirvə
Kəşf etdi şəhid şah şəhid qardaşım.


O vaxt şəhid qardaşlarımızın öz şəhidlikləri – igidliklərilə “torpağın köksündə ən yüksək – əlyetməz bir zirvəni kəşf etdiklərini” yazmışdım misraların dililə. İndi də Elman Rüstəmov Mübarizin timsalında şəhidlərimizin Bazardüzü zirvəsindən də uca bir qəhrəmanlıq zirvəsini fəth etdikləri fikrini oxuyuram. Fikirlərimiz necə də üst-üstə düşür. Məlumdur ki, torpaqda – yerin təkində ancaq dərinlik ölçüsündən söhbət gedə bilər. Ancaq biz bədii-fəlsəfi bir yanaşma ilə şəhidlərimizin torpağın yeraltı qatında dərinlik aşkarladıqlarını yox, əlyetməz – ən yüksək zirvəni fəth etdiklərini söyləmişik. Bu yanaşma mahiyyətcə şəhidlərimizin torpağa gömüldüklərini yox, əksinə, ölməzliyə, ölməzlik zirvəsinə yüksəldiklərinə dair söylədiyimiz bədii-poetik bir dəyərləndirmədir. O ki qaldı yazıçı Elman Rüstəmovun hekayəni belə bir sonluqla bitirməsinə və hələ bundan sonra bəşəriyyətin 1000 illik bir yol qət edəcəyi 3011-ci il tarixinin simvolikasına, bununla müəllif özündən əvvəlki tarixi şəxsiyyət olan qəhrəmanlarımızın bu gün tarixi-mifik bir örtüyə bürünərək günümüzdə – zamanımızda yaşamasına paralel bir bənzərlik ortaya qoymuşdur ki, hələ 1000 il bundan sonra da Mübariz İbrahimov qəhrəmanlığı öz sələflərinin qəhrəmanlığı kimi xalqımızın və vətənimizin tarixində anılıb yaşayacaqdır. Eyni zamanda bununla müəllif gələcəyi yazıçı gözü ilə necə görə biləcəyini təsəvvürdə canlandırmışdır. Yazıçıların öz əsərləri ilə real və ya fantastik təsvir yolu ilə gələcəyi təsəvvürdə canlandırmaları isə ədəbiyyatda kino sənəti və s. vasitəsilə əks etdirdiyi nümunələr isə hamımıza tanış məsələdir.
Bir sözlə, yazıçı Elman Rüstəmovun hər bir yazısı oxucuya müəyyən ideya – estetik məzmunlu dəyərli fikirlər aşılayır. İxtisasca həkim olan yazıçı əsərləri ilə insanların mənəvi dünyasında sağlam və faydalı ovqatla düşünə bilmək duyğuları formalaşdırır. Dəyərli yazıçımıza yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Şakir Albalıyev,
filologiya elmləri doktoru


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!