Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : Bu gün, 12:10
ZAMANIN SINAĞINDAN   KEÇMİŞ DOSTLUQ


ZAMANIN

SINAĞINDAN

KEÇMİŞ DOSTLUQ


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə səfəri Özbəkistan–Azərbaycan münasibətləri tarixində mühüm hadisədir. İki qardaş dövlət rəhbərlərinin görüşləri, səmərəli danışıqlar və xüsusilə “Əbədi dostluq haqqında” müqavilənin imzalanması xalqlarımız arasındakı əzəli yaxınlığı yeni tarixi mərhələyə çıxardı.
Həqiqətən də, özbək və Azərbaycan xalqlarını bir-birinə bağlayan tellər bu gün ya dünən yaranmayıb. Onların kökləri əsrlərin dərinliyinə gedib çıxır. Dil və qəlb yaxınlığı, ortaq tarix, mədəniyyət, adət-ənənə və dəyərlər iki xalqın mənəvi dünyasını əzəldən bir-birinə yaxınlaşdırıb. Bu səbəbdən özbək-Azərbaycan dostluğu təkcə siyasi maraqların tələbi ilə formalaşmış bir münasibət deyil, zamanın sınağından keçmiş qardaşlıqdır.
Bu gün dövlət rəhbərlərinin görüşləri, imzalanmış sənədlər və əldə olunmuş razılaşmaların siyasi-iqtisadi əhəmiyyəti haqqında kütləvi informasiya vasitələrində çoxlu materiallar dərc edilir. Biz isə bu tarixi hadisə münasibətilə iki xalqın dostluğunun daha bir mühüm və qədim səhifəsi – özbək və Azərbaycan ədəbi əlaqələri haqqında söz açmaq istədik.
Çünki xalqları bir-birinə siyasət və iqtisadiyyat yaxınlaşdıra bilər, amma onların qəlbini ədəbiyyat və mədəniyyət bağlayır. Özbək və Azərbaycan ədəbi əlaqələri tarixi də məhz belə bir mənəvi yaxınlığın parlaq ifadəsidir.
Klassik ədəbiyyatımızın tarixinə nəzər salsaq, bu mənəvi yaxınlığın köklərinin nə qədər dərin olduğunun şahidi olarıq. Böyük Nizami Gəncəvi yaradıcılığı əsrlər boyu özbək ədəbiyyatına səmərəli təsir göstərib. Qütb Xarəzmi Nizami ənənələrinin təsiri ilə “Xosrov və Şirin” dastanını yaratmışsa, Heydər Xarəzmi “Məxzənul-əsrar” əsərini yazmışdır. Sonralar Əlişir Nəvai Nizaminin əsasını qoyduğu xəmsəçilik ənənəsini yeni zirvəyə qaldıraraq, türk dilində mükəmməl “Xəmsə” yaratdı. Nəvai bu böyük sələfini özünə ustad hesab etmiş və onun dühasını yüksək ehtiramla etiraf etmişdir:

Asan deyil bu meydan içrə durmaq,
Nizami pəncəsinə pəncə vurmaq.


Bu mənəvi dialoq sonrakı əsrlərdə də davam etdi. Azərbaycan poeziyasının böyük nümayəndəsi Məhəmməd Füzuli Nəvai yaradıcılığına yüksək ehtiramla yanaşdığı kimi, özbək şairləri də Füzulini özlərinə ustad hesab etmişlər. Agahi, Əmiri, Üveysi, Muqimi və digər bir çox sənətkarların Füzuli ənənələrinə müraciət etməsi ədəbiyyatlarımız arasındakı təsir və yaradıcı dialoqun qırılmazlığından xəbər verir.
XX əsrə gəldikdə isə bu əlaqələr yeni məzmun qazandı. Bu dövrdə iki xalqın dostluğunu öz taleyi və yaradıcılığı ilə birləşdirən böyük simalardan biri Maqsud Şeyxzadə oldu. Azərbaycanda doğulub, taleyin hökmü ilə Özbəkistana gələn Mqasud Şeyxzadə bu torpağı öz Vətəni bildi, özbək dilində yazıb-yaratdı və XX əsr özbək ədəbiyyatının görkəmli nümayəndəsinə çevrildi. Onun “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy”, “Daşkəndnamə” kimi əsərləri özbək ədəbiyyatının misilsiz xəzinəsinə çevrildi. Bu mənada, Maqsud Şeyxzadə təkcə böyük sənətkar deyil, həm də iki xalqın dostluğunun rəmzi timsalıdır.
Müstəqillik illərində ədəbi əlaqələr üçün yeni imkanlar açıldı. Azərbaycan ədiblərinin əsərləri özbək dilinə, özbək ədəbiyyatının bir çox nümunələri isə Azərbaycan dilinə tərcümə edildi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Elçin, Ramiz Rövşən kimi sənətkarların əsərləri özbək oxucusuna çatdırıldığı halda, Abdulla Aripov, Erkin Vahidov, Osman Əzim və digər özbək yazıçı və şairlərinin əsərləri Azərbaycan oxucularına təqdim olundu.
Sevindirici haldır ki, son illərdə bu proses daha da canlanmışdır. İki ölkədə keçirilən mədəniyyət günləri, ədəbi görüşlər, yeni tərcümələr və kitab təqdimatları mənəvi əməkdaşlığın yeni səhifələrini açır. 2024-cü ildə Bakıda Özbəkistan elm və mədəniyyəti günləri keçirildiyi halda, Daşkənddəki Azərbaycan mədəniyyəti günləri çərçivəsində böyük Məhəmməd Füzulinin əsərlərinin təqdimatı təşkil olundu.
Özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsi və təbliğ edilməsində azərbaycanlı alimlərin də layiqli töhfəsi var. Xüsusilə, tanınmış ədəbiyyatşünas, professor Almaz Ülvinin (Binnətova) çoxillik elmi fəaliyyəti təqdirəlayiqdir. Onun özbək ədəbiyyatına, xüsusən də Əlişir Nəvai yaradıcılığına həsr olunmuş çoxsaylı tədqiqatları iki xalqın ədəbi əlaqələrinin elmi əsaslarını zənginləşdirməkdədir. “Əlişir Nəvainin əsri və nəsri” kitabının özbəkcə yeni nəşri də bu davamlı elmi dialoqun daha bir sübutudur.
Bu məqamda daha bir rəmzi hadisəni xatırlatmaq yerinə düşər. 2024-cü ildə Prezident Şavkat Mirziyoyev Bakıda azərbaycanlı şair və tərcüməçi Akif Bağırov – Akif Azalp ilə görüşdü. O, bir çox özbək sənətkarlarının əsərlərini Azərbaycan dilinə tərcümə edərək, ədəbiyyatımızı qardaş xalq arasında təbliğ edir. Dövlətimizin başçısı onun özbək ədəbiyyatının Azərbaycanda populyarlaşdırılmasına və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xüsusi qeyd etdi.
Bu gün isə həmin çoxəsrlik mənəvi yaxınlıq dövlətlərimizin münasibətlərində yeni tarixi məzmun kəsb edir. Prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev tərəfindən imzalanmış “Əbədi dostluq haqqında” müqavilə xalqlarımızın əsrlər boyu formalaşmış qardaşlığının məntiqi davamı oldu.
Nizamidən Nəvaiyə, Nəvaidən Füzuliyə, Maqsud Şeyxzadədən bugünkü yaradıcı insanlara və alimlərə qədər davam edən ədəbi dialoqun özü bu dostluğun nə qədər sarsılmaz olduğunu göstərir. Dövlətlər arasındakı müqavilələr müəyyən bir tarixi dövrdə imzalanır. Lakin xalqların qəlbinə həkk olunmuş dostluğun tarixi əsrlərlə ölçülür. Özbək və Azərbaycan xalqlarının dostluğu məhz belə – zamanın sınağından keçmiş və gələcəyə yönəlmiş əbədi dostluqdur.

Obidjon ŞOFİYEV,

Özbəkistan Respublikası, Termiz Dövlət Universitetinin gənclərlə iş və
mənəvi-maarifləndirmə məsələləri üzrə birinci prorektoru,
filologiya elmləri üzrə fəlsəfə doktoru (PhD), dosent


Azərbaycan dilinə tərcümə etdi: Atilla SÜLEYMANLI


Paylaş



Bölmə: Turan / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!