Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
22-08-2026, 17:15
Komitə sədrindən çağırş

Komitə sədrindən çağırş

“Bəşəriyyət tarixin ən ağrılı və həssas dövrlərindən birini yaşayır. Qlobal miqyasda okeanların və daxili su hövzələrinin tarixdə misli görünməmiş sürətlə isinməsi bütün qitələrdə ürək ağrıdan risklər yaradır. Lakin bu ümumi mənzərənin fonunda hər birimizin canından bir parça olan unikal bir ekosistem gözümüzün önündə əriyir ki, o da qədim Xəzər dənizidir”.
Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Facebook” hesabında paylaşıb.
Millət vəkili vurğulayır ki, son elmi tədqiqatlar və iqlim modelləri artıq həyəcan çağırışı yox, fəryad qoparır: “Əgər qlobal temperaturun artımı və amansız antropogen təsirlər mövcud templə davam edərsə, Xəzərin səviyyəsi əsrin sonuna qədər 18-20 metrədək aşağı düşə bilər. Bu faciə doğma sahil xəttinin 20-30 kilometr geri çəkilməsinə, gözəl yurdumuzun unikal biomüxtəlifliyinin silinib getməsinə və əsrlərlə qorunan regional sabitliyin gözümüzün önündə darmadağın olmasına gətirib çıxaracaq”.
Komitə sədri xatırladır ki, Azərbaycanın dünya ekologiyasına münasibəti həmişə vicdanlı və məsuliyyətli olub. Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində qəbul edilən mütərəqqi qanunvericilik bazası, Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, su ehtiyatlarından səmərəli istifadə proqramları və İlkin Milli Uyğunlaşma Planı ölkəmizdə iqlim idarəçiliyini və hüquqi tənzimləməni əhəmiyyətli dərəcədə sürətləndirib.
“Lakin bu ürəkdağlayan qlobal böhran təkbaşına hökumətlərin öhdəsində qala biləcək məsələ qalmayaraq, hər birimizin və bütün beynəlxalq birliyin birgə səylərini, fəal mübarizəsini tələb edir. Bu baxımdan Azərbaycanın ev sahibliyi etdiyi COP29 və VUF13 gələcəyimizi xilas etmək üçün mühüm platformalardır”, - deputat qeyd edib.
Sadiq Qurbanov hesab edir ki, dövlət tədbirləri ilə yanaşı, hər bir vətəndaşın ürəyi bu torpaq üçün döyünməli, bu müqəddəs proseslərə aktiv şəkildə qoşulmalıdır: “Ümumi problemlərin həlli və xalqımızın iqlim dəyişmələrinə müsbət töhfə verməsi üçün hər birimiz gündəlik həyatda su ehtiyatlarından şüurlu şəkildə, göz bəbəyi kimi qənaətlə istifadə etməli, məişətdə və kənd təsərrüfatında resurs itkilərinin qarşısını alan qənaətcil üsullara keçməli, ətraf mühitin qorunmasında və yaşıllaşdırma təşəbbüslərində tərəddüt etmədən fəal iştirak etməliyik”.
Millət vəkili sonda yazır: “Unutmayaq ki, laqeydlik gələcək nəsillərin yaşamaq hüququna böyük təhlükədir. Bu acı böhranı yalnız güclü qlobal həmrəyliklə və böyük məsuliyyətlə idarə edib xilas edə bilərik”.

Rasim
22-08-2026, 17:03
GÜRCÜSTAN VƏ GÜRCÜLƏR

Mobil Vəkiloğlu

GÜRCÜSTAN VƏ GÜRCÜLƏR


Gürcülər Qafqaz dil ailəsinə aid olan çoxsaylı xalqdır. Gürcülər əsasən Gürcüstanda, Türkiyədə, Azərbaycanda, İranda, Rusiyada və dünyanın əksər ölkələrində az sayda yaşayırlar. Gürcülərin sayları barədə müxtəlif rəylər, fikirlər və faktlar var. Hal-hazırda Gürcüstanda 1 yanvar 2022-ci ilin siyahıyaalmasına görə 3 milyon 688 min insan yaşayır ki, bunun da 1 milyona qədəri qeyri-gürcülərdir. Qardaş Türkiyə dövlətində qeyri-rəsmi məlumata əsasən 3 milyona qədər gürcü mənşəli Laz, Acar, Gürcü, Çevenburi, Gelibolu adlanan xalqlar yaşamaqdadırlar və onların hamısı islam dininin sünni təriqətinə sitayiş edirlər. Azərbaycanda gürcülər əsasən Zaqatala, Qax və Bakıda yaşayırlar. Azərbaycanda yaşayan gürcülərin çoxu müsəlman inqloylar,əsasən Zaqatalanın Əliabad kəndində, xristianlar isə əsasən Qax rayonunda yaşayırlar. İranda yaşayan gürcülər Şah Abbasın( 1524-1587) zamanında zorla İrana köçürülmüşlər. Sayları təxminən 1 milyona qədər və ya daha çoxdur. İranda uzun müddətdir ki, əhalinin etnik tərkibini dəqiq açıqlamırlar. İranda yaşayan gürcülər şiə müsəlmanları olmaqla bərabər Şiraz və Mazandaran bölgəsində yaşamaqdadırlar.
Gürcülər tarix boyu daima qonşu xalqların işğalına məruz qalmışlar. Onlar orta əsrlərdə romalıların, əhəmənilərin, ərəblərin işğalına məruz qalmışlar. Daha sonra qərbi Gürcüstan daima türklərin və ya Osmanlıların, şərqi Gürcüstan isə Azərbaycanın və ya Səfəvilərin tabeliyində olmuşdur. Ərəb işğalından sonra gürcülər tədricən islama keçmiş, 10-cu əsrin sonlarında demək olar ki, gürcü xalqı tam olaraq müsəlman olmuş, 11-ci əsrdə xalqın böyük əksəriyyəti yenidən xristianlığa qayıtmışdır. Həmişə müsəlmanların əhatəsində yaşayan gürcülər sonradan yenidən tədricən İslam dininə üz tuturlar. Rusların Gürcüstanı işğal etməsi gürcülərin tamamilə müsəlmanlaşmağının qarşısını almışdır. Orta əsrlərdə gürcülərin bir qismi qul kimi Qafqaz xalqları ilə birlikdə başqa ölkələrə satılmış və ya aparılmışdır. Misir məmlük (qul) dövlətinin yaranmasında qul türklərlə bərabər gürcülər də yaxından iştirak etmişdilər. Bu səbəbdən gürcülərin sayı daima azalmışdır. Sonuncu dəfə gürcüləri Ağa Məhəmməd Şah Qacar 1795-ci ildə kütləvi şəkildə İrana (20 mindən çox) aparmışdır. İranda yaşayan gürcülər əsasən Mazandaran, Xuzistan və İsfahanda yaşayırlar, onları Firudini adlandırırlar. 1617-ci ildə Şah Abbas Gürcüstanın Kaxetiya bölgəsinə yürüş edir. Tarixi mənbələrdə 100 min insan qılıncdan keçirilmiş, 200 min gürcü isə Səfəvi (İran) ərazisinə aparılmışdır, amma bu rəqəmlər reallığı əks etdirmir. Belə ki, həmin dövrdə Gürcüstan ərazisində 1 milyondan artıq insan yaşaya bilməzdi. Misal üçün,1828-ci ildə quzey Azərbaycanın cəmi əhalisi 900 mini keçmirdi. Əgər 200 min əhalini (Gürcünü) bir yerə yığmaq, onları qidalandırmaq və aparmaq sadəcə reall görünmür, belə ki, həmin dövürlərdə kütləvi yaşayış yerləri də yox idi. Belə ki, Şah Abbas o zaman Gürcüstandan təxminən 50-60 min ən çoxu insan aparıb indiki İran ərazisində müxtəlif yerlərdə yerləşdirmişdir. Əgər 1617-ci il tarixdə şah Abbas Gürcüstandan 200 min insan aparsaydı bu gün İranda təxminən 400 min Gürcü olmalıydı. İsfahanda 10-na qədər gürcü qəsəbəsi və çox sayda gürcü kəndləri var. Ayrıca Nəcəfabad, Rəhmətabad, Yezdənşəhr və Əmirabad kimi yerlərdə də gürcülər yaşayır. Rəsmi sayları 100 min, qeyri-rəsmi 1-3 milyon ola bilər.
Azərbaycan gürcülərinin cəmi sayı 15-17 min nəfərdir ki, onların da 12-13 mini müsəlman inqloylardır. Türkiyədə yaşayan 120-150 min (1,5 milyon) , Ukraynada 35 min, Rusiyada rəsmi 198 min ,
Çevenburi (gürcülərə verilən ad) sözünün mənası "bizdən olan,bizim kimi olan" deməkdir. Gürcülərin Türkiyəyə kütləvi köçü əsasən 1828-1829-cu illərdə, daha sonra ən böyük köç isə 1877-78-ci illərdə Osmanlı-Rusiya müharibəsindən sonra başladı. Əsasən Ciresun, Rize, Ordu, Samsun, Sinop, Amasya və Tokat illərində (el-oba mənasında) ,həmçinin Bolu, Mərmərə, Düzcə, Sakariya, Kocaeli, Balıkesir illəri Çeveneburilərin məskunlaşdığı yerlərlərdir. 81 min nəfər laz dilini bilir,lakin təxminən 250 mindən 300 minə qədər olması güman edilir. Türkiyədə yaşayan müsəlman gürcülərdən tanınmış dövlət xadimləri Baş nazirlər Məsud Yılmaz və Nəcməddin Ərbakan olmuşdur.
Gürcüstanın rəsmi ərazisi 69, min kv km-dir, əhalisi 2024-cü ilin siyahıyaalmasına görə cəmi 3 milyon, 700 min, 581 nəfər təşkil edir. onlardan ən çox 3 milyon 224 min Gürcü, 233 min Türk (azərbaycanlı), 168 min Erməni, 15 min Çeçen (kistinlər), 13 min Rus və digər millətlər yaşayır. Rürcülər sayları azalan xalqlar sırasındadırlar, belə ki, dünyada finlərin, almanların, fransızların, rusların ölüm sayı doğulanları üstələyir. Gürcüstanda yaşayan gürcülərin bir qismi islam dininə sitayiş edirlər, əsasən ərazisi 1,9 min kv km olan Acariya muxtar Respublikasının əhalisi və Türkiyə sərhəddində müsəlman Gürcü kəntləri vardır. Bundan başq bizim millətin bir qolu olan Mesxeti türklərinin içində də müsəlman gürcülər var. Onu da əlavə edim ki, 2008-ci ilin avqustunda baş vermiş Rusiya- Gürcüstan müharibəsində Gürcüstan 3,9 min kv km ərazisi olan cənubi Asetiyanı və 8,6 min kv km olan Abxaziyanı itirmişdir.
20-08-2026, 23:00

Bir müjdə, bir

xoş xəbər, amma...


Bir müjdə, bir xoş xəbər, amma...

Öncə müjdəni verək

“Paşa Bank” və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə əməkdaşlığı ilə operamızın zirvəsi olan “Koroğlu” operası bu gün yenidən səhnəyə qayıdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əməkdaşları tərəfindən kostyumlar, zərif naxışlarla tamamlanan dekorasiyalar, ifaçıların və musiqinin vəhdəti nəticəsində böyük sənət əsəri yenidən canlanır.
“Paşa Bank”ın dəstəyi ilə müasir səhnə estetikasına uyğunlaşdırılmış “Koroğlu” tamaşası artıq yalnız yerli izləyicilər üçün deyil, beynəlxalq auditoriya üçün də təqdim olunacaq. Bu, Azərbaycan musiqisinin zənginliyini dünyaya tanıtmaqla yanaşı, milli mədəni irsimizin qlobal miqyasda möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu ilin sentyabr ayının 24-də Heydər Əliyev Sarayında “Koroğlu” tamaşası izləyicilər üçün təqdim olunacaqdır.
Azərbaycan səhnə sənətinin klassik nümunələrindən olan bu əsər peşəkar yaradıcı heyətin ifasında bir daha tamaşaçıların görüşünə gələcəkdir.

İndi də xoş xəbəri təqdim edək
Afişa: “Koroğlu” epik tamaşası 14 avqust 2026-cı il tarixindən etibarən Təbrizin üstüaçıq amfiteatrında səhnəyə çıxarılacaqdır.
Dizayner, ssenarist və rejissor: Yaqub Sadiq Cəmali
Prodüser: Nima Enhari
Musiqi: Qulamrza Mirzəzadə
Xoreoqrafiya: Elnaz Xodadadi, Səhənd və Babək Qeysəri
Tamaşaların icra müddəti: avqust-sentyabr 2026
Yaqub Sadiq Cəmalinin rejissorluğu ilə Azərbaycan türkcəsində hazırlanan "Koraoğlu" tamaşası 14 avqust 2026-cı il tarixində Təbrizdəki “29 Bəhmən” Mədəniyyət və İncəsənət Kompleksinin açıq havadakı amfiteatrında səhnələşdirilmişdir.
"Koraoğlu" epik tamaşası Azərbaycan mədəniyyətində qədim və dərin kök salmış hekayələrdən ilham alıb. Bir qrup Azərbaycan türk sənətçisi tərəfindən yaradılan və Azərbaycan mədəniyyətini, tarixini və folklorunu diqqətlə əks etdirən nəhəng meqalayihə olan "Koraoğlu" ötən il Təbrizdə səhnələşdirilmiş və artıq 42 mindən çox tamaşaçı tərəfindən görünməmiş bir coşqu ilə izlənmişdir.

“Koroğlu”nun Güney Azərbaycanda səhnəyə çıxması tarixçəsi barədə qısa arayış:
1997-ci ildə isə Sadiq Hatifi tərəfindən fars dilində yazılmış, Lütfəli Tudə Fəllah tərəfindən səhnələşdirilmiş "Koroğlu" əsəri Saplaq təxəllüsü ilə tanınan satirik şair Xeyrulla Haqq Bəygi tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Kərəc şəhərində Aqşin Agkəmərlinin təşəbbüsü (Rüfət Muradlı da quruluşçu rejissor və məsləhətçi qismində iştirak etmişdir) və Hacı Əli Səfainin rejissorluğu ilə 2 ay müddətinə Mədəniyyət nazirliyinə aid "Şəhid Çəmran" kino-tetrında tamaşaya qoyulmuşdur. Həsən xan rolunu Aqşin Ağkəmərli özü oynamışdır.
Sonralar əsərin fars dilindəki nüsxəsinin müəllifi Sadiq Hatifi “Koroğlu” tamaşasının türk/Azərbaycan dilində olan səhnə quruluşuna etiraz etmiş və bildirmişdir ki, bu, onun yazdığı mətnlə uyğun deyil.
Əslində tamaşanın türk/Azərbaycan dilində olan səhnə quruluşunu hazırlayan müəlliflər “Koroğlu” dastanının türk/Azərbaycan dilində mövcud olan əsil nüsxələrini əsas götürmüşlər. “Koroğlu”nun Azərbaycan türkcəsində Kərəcdə göstərilən ilk tamaşasının açılışında Azərbaycan Respublikasının o zamankı Fövqəladə və Səlahiyyətli səfiri mərhum Əliyar Səfərli də iştirak etmişdir.
"Koroğlu" əsəri 2000-ci ildə Təbrizdə səhnəyə çıxandan sonra Tehranın beynəlxalq “Ayini-Sünnəti” və Əhvazın beynəlxalq “İranzəmin” teatr festivallarinda tamaşaya qoyulmuşdur.
Ancaq Covid-19 pandemiyasına (2020 – 2023) görə əsərin tamaşaya qoyulması dayandırıdı və Güney Azərbaycandakı soydaşlarımız və eləcə də biz onun yenidən səhnəyə alınması ümidi ilə uzun müddət səbr etməli olduq.
Bu gün Təbrizdə səhnəyəı çıxan "Koroğlu" isə sadəcə teatr tamaşası kimi deyil, ondan daha artıq bir hadisə kimi qarşılanıb. Bəlkə də bu tamaşa yenidən Təbrizdə türk əsərlərinin istehsalı və nümayişi üçün yeni bir başlanğıc olacaq.
“Əmma” da elə bundan sonra başladı...
Fars ekstremistləri Təbrizdə “Koroğlu”nu hədəf aldılar, təhdidlər, çağırışlar və tamaşanı ləğv etmək cəhdləri göstərildi.

"Koraoğlu" tamaşasının rejissoru Sadiq Cəmali jurnalistlərə verdiyi mətbuat konfransında bu əsərə müraciət etməklə yerli hekayələrə və qəhrəmanlara daha çox diqqət yetirməyin vacibliyinə toxunaraq bildirmişdir: “Niyə kitab mağazalarımızda türk kitablarından daha çox Koreya kitabları var? Niyə Koreya hekayələri və qəhrəmanları yeniyetmələrimiz üçün daha cəlbedici olmalıdır?”
O, həmçinin çıxışının davamında bildirmişdir: "Təbriz Bələdiyyəsindən bu diyarın qəhrəmanlarından biri olan Mehdi Bakeri Teatrının tamaşası və tikintisi üçün tədbir görülməsi xahiş olunur. Bəs gənclərimiz bu qəhrəmanları necə tanımalıdırlar?"
“Koroğlu”nun rejissoru bu əsərin açıq havada nümayişinə toxunaraq deyib: “Bir tərəfdən də açıq hava cəlbedici ola bilər. Ümid edirik ki, hava şəraiti bizə xoş təsir bağışlayacaq və bir çox tamaşaları səhnələşdirə biləcəyik, çünki açıq havada səhnə sisteminin və şərtlərinin öz məhdudiyyətləri var”.
O, həmçinin tamaşa üçün biletlərin satışı barədə də danışmış, tamaşaçıların bilet almaq üçün elektron bilet veb saytına daxil olaraq biletləri əldə edə biləcəklərini vurğulamışdır. Habelə, hər tamaşa üçün 200 avtomobil tutumu olan dayanacaq yerlərinin planlaşdırıldığını demişdir.
Teatrın direktoru və Məsud Pezeşkianın Təbrizdəki seçki kampaniyasının üzvü Yaqub Sadiq Cəmali "Koroğlu" tamaşası üçün keçirilən mətbuat konfransında eyni zamanda onu da deyib ki: “Həm Babək Xürrəmdin, həm də İmam Rza Abbasi xəlifələrinə qarşı vuruşublar. Niyə İmam Rzanı haqlı, Babəki isə İslam düşməni adlandırırsınız?”
Elə əsas qarşıdurma da rejissorun bu müqayisəsindən sonra başlanıb. Təbrizin cümə namazı imam-xətibi bəzi şərhləri və mədəniyyət proqramlarını tənqid edərək bildirmişdir: "İmam Rzanı filankəslə müqayisə etməyin mənası nədir? Nəşrlərdə və bir sıra konfranslarda bəzi materiallara diqqət yetirilməlidir. Sənət adı altında hər şeyi demək düzgün deyil".
O, eyni zamanda 14-cü hökumətə də toxunaraq demişdir: "Bəzi insanlar Pezeşkian hökumətinin səlahiyyətləri haqqında istədiklərini demir və yazmırlar. İnsanlar doktor Pezeşkiana nə istədiklərini, öz fikirlərini demək üçün yox, hökumət onların problemlərini həll etsin deyə səs verdilər".

Bundan sonra Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadının Baş direktoru Nemətullah Payan Təbriz Teatrının tanınmış rejissoru Yaqub Sadiq Cəmalinin son açıqlamaları ilə bağlı izahat vermək üçün şöbəyə çağırıldığını açıqlayıb.
O, rejissorun sözlərini "nalayiq və gözlənilməz" adlandırmış, xəbərdarlıq etməklə yanaşı, onun davam edən bədii fəaliyyətinə də yenidən baxılacağını bildirmişdir. O, həmçinin "Babək Xürrəmdin" tamaşasının səhnələşdirilməsi üçün Rəhbərlik İdarəsinə heç bir müraciətin edilmədiyini iddia edib.
Sadiq Cəmalidən əvvəllər Babək Xürrəmdin haqqında tamaşanın səhnələşdirilməsinin niyə dayandırıldığını və onun Abbasi xəlifələrinə qarşı müqavimətinin niyə "İslamofobiya" adlandırıldığı soruşulmuş, O isə öz növbəsində Azərbaycanın tarixi qəhrəmanları ilə məşğul olmağı özünün bədii missiyası hesab etdiyini vurğulamışdı.

Sənətçinin Mədəniyyət İdarəsinə (İrşad) çağırılışı Təbrizin cümə imamı Əhməd Mütəhərri-Əslin Sadiq Cəmalini açıq şəkildə hədələməsindən bir gün sonraya təsadüf edir. Mütəhərri-Əsl cümə namazı kürsüsündən Sadiq Cəmaliyə "son xəbərdarlıq" etmiş və hakimiyyəti onunla məşğul olmağa çağırmışdı.
Təbriz İslam Şurasının üzvü xanım Həkimə Qafuri Təbrizli rejissorun son açıqlamaları ilə bağlı Təbrizdəki cümə namazı imamının mövqeyini yüksək qiymətləndirərək, Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslam İdarəsinin Baş direktorunun aydın cavab verməsini, eləcə də alimlərin və nəzarət qurumlarının bununla bağlı ölçü götürmələrini və mümkün pərdəarxası məsələlərə ciddi müdaxilə edilməsini tələb edib.

Həkimə Qafuri “Fars” Xəbər Agentliyinə verdiyi müsahibədə bu şəxsin açıqlamaları ilə bağlı bunları deyib: "Hörmətli Cümə İmamına təşəkkür edirəm. Digər alimlər də bu məsələyə toxunmalıdırlar ki, heç kəs imamları və müqəddəs yerləri təhqir etməyə cəsarət etməsin. Bundan əlavə, hörmətli Cümə İmamından bu məsələ ilə bağlı əyalətin Mədəniyyət və İslam İdarəsinin Baş direktoruna ciddi və qəti xəbərdarlıq etməsini və onu (rejissoru) məsuliyyətə cəlb etməsini xahiş edirəm".
O, əlavə edərək bunu deyib: “Xürrəmilər”in istədiklərini deməsi və heç kimin onları dayandırmaması pak imamlara qarşı ən böyük ədalətsizlik və haqsızlıqdır. Dinin və pak imamların ləyaqətini və şərəfini müdafiə etmək hər şeydən vacibdir və bu məsələ hər hansı bir şəxsdən və onun statusundan daha artıq səviyyədə nəzərdən keçirilməlidir”.
Təbriz İslam Şurasının üzvü sözünə davam edərək deyib: " Bu şəxsin (Yaqub Sadiq Cəmalini nəzərdə tutur - müəllif) artıq səhnəyə çıxmaq, tamaşa vermək qabiliyyəti və səriştəsi yoxdur. Ona rejissorluq etməyə icazə verilməməlidir. Ayağına çoxlu qan tökülmüş İslam Respublikasının müqəddəs sistemində məsum İmamı başqaları ilə təhqiramiz şəkildə müqayisə etməyə imkan verən bu cür insanların meydana çıxmasına icazə verilməməlidir".
Bu hərəkətlərin eyni vaxtda baş verməsi Təbrizdəki kiçik, lakin nüfuzlu dini ekstremist hərəkatların Azərbaycanın tarixi kimliyi ilə bağlı tamaşaların göstərilməsindən və bu əsərlərin ictimaiyyət tərəfindən geniş qəbul edilməsindən narahat olduqları fikrini gücləndirib. İslam Mədəniyyəti (İrşad) Baş İdarəsinin direktorunun cavabı Sadiq Cəmalinin Azərbaycanda incəsənət üçün məhdudlaşdırıcı məkan və tarixi şəxsiyyətlər haqqında tamaşaların göstərilməsi ilə bağlı əsas tənqidini də cavabsız qoyur.
Tamaşaya qarşı son təhdidlər və təzyiqlərdən sonra…

Dünən, 19 avqust 2026-cı il tarixində “Koroğlu” tamaşasının uğurlu nümayişindən sonra teatr səhnəsində tamaşaçılar qarşısında çıxış edən Yaqub Sadiq Cəmali öz nitqinə bu sualla başlayıb: “Bu gün bizlər mədəniyyəti qorumasaq, sabah gələcək nəsillərə nə qalacaq?”
Davamında mədəniyyət qoruyucularını tənqid etdikdən və mədəniyyətin qorunmasına və gələcək nəsillərə ötürülməsinə ciddi diqqət yetirməyin vacibliyini vurğuladıqdan sonra demişdir: "Biz artıq inkişaf dövrünü keçmişik və əgər bu gün bu fəaliyyətlərdə israr edirəmsə, bu, gələcək nəsillər naminədir. Uşaqlarımızı mədəniyyətimizlə tanış etməsək, bu məsuliyyəti kim öz üzərinə götürəcək?"
Sadiq Cəmalinin sözləri yalnız mədəni vəziyyətlə bağlı şikayət deyil, onlar həm də mədəniyyət qoruyucularının və cəmiyyətin gələcək nəsillərə qarşı çiyinlərində olan məsuliyyətlə bağlı ciddi bir xəbərdarlıqdır.
Bir millətin mədəniyyəti onun dili, ədəbiyyatı, musiqisi, dastanları, tarixi və mədəni şəxsiyyətləri gələcək nəslə ötürüldükcə yaşayacaq.
“Koroğlu” sadəcə bir pyes və ya dastan hekayəsi deyil, o, türklərin yaddaşının və mədəni irsinin bir hissəsidir. Əgər o, mədəniyyət və incəsənət səhnəsindən çıxarılarsa, gələcək nəsillər onu necə tanımalıdırlar?
Sadiq Cəmalinin sualı çox aydındır. Əgər bu gün öz mədəniyyətimiz üçün çalışmazsaq, onu sabahkı uşaqlarımız üçün kim qoruyacaq?
Elə bu günlərdə dünyanın 15 xarici ölkəsində yaşayan 121 Güney Azərbaycanlı siyasi və sivil fəal, alim və ziyalı İranda Azərbaycan türklərinin hüquqlarının vəziyyəti ilə bağlı BMT-nin xüsusi məruzəçilərinə, BMT-nin İran üzrə Həqiqət Araşdırma Missiyasına, beynəlxalq təşkilatlara və insan hüquqları qurumlarına birgə bəyanatla müraciət etmişlər. Azərbaycan, ingilis və fars dillərində hazırlanan bəyanatda İranda son dövrlərdə, xüsusilə ABŞ, İsrail və İran arasında baş vermiş hərbi toqquşmalardan sonra siyasi və sivil fəaliyyətlərə qarşı məhdudiyyətlərin sərtləşdirildiyi bildirilir. Bu bəyanatda eyni zamanda vurğulanır ki, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Tehran, Əlborz, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan kimi əyalətlərdə Azərbaycan milli fəalları həbslərə, təkrar çağırışlara və məhkəmə təqiblərinə məruz qalır.
Bəyanatda habelə dinc mədəni, dil və ictimai fəaliyyətlərin cinayət təqibinə əsas olmamalı olduğu vurğulanıb.
Bəyanatı imzalayanlar Azərbaycan milli fəallarının vəziyyətinin yaxından izlənilməsini, məhkəmə proseslərinin müşahidə olunmasını, ədalətli məhkəmə standartlarının təmin edilməsini və saxlanılan şəxslərin sağlamlığının və insan ləyaqətinin qorunması üçün hüquqi və diplomatik imkanlardan istifadə edilməsini istəyiblər.
Amma bununla belə…
Cənubi Azərbaycanın paytaxtı Təbrizdə artıq "Koraoğlu"nun beş tamaşası nümayiş olunub və bu əsər indiyə qədər 3000 tamaşaçıya ev sahibliyi edib.
İnsanların bilet növbəsi və tamaşada iştirakı göstərir ki, son günlərdə “Koroğlu” tamaşasına və onun rejissoruna qarşı yaranan təzyiqlər, daş atmalar və pis atmosfer yaratmaq cəhdləri onun cəmiyyətlə əlaqəsini, tamaşaçıların Azərbaycan incəsənətinə və mədəniyyətinə olan marağını azalda bilməyib. "Koraoğlu" artıq təkcə teatr tamaşası deyil, həm də sənətkarın sərbəst şəkildə mədəni əsərlər yaratmaq və təqdim etmək hüququnu müdafiə edən bir səhnədir.

Bu əsəri izləmək üçün bir qrup İraq türkünün gəlməsi də “Koraoğlu”nun tamaşaçılar tərəfindən necə qarşılanmasının səviyyəsini göstərən maraqlı nəticələrdən biridir.
19 avqust axşamı beşinci tamaşanın nümayişi zamanı bu teatra həvəslə baxan tamaşaçıların sıxlığı deyinlənlərə əyani sübutdur.
Çox güman ki, Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə birbaşa ünsiyyəti və telefon danışıqları Azərbaycan-İran münasibətlərində müsbət dəyişikliklərə səbəb olmuşdur. Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltanın da fikrincə, burada Məsud Pezeşkianın Azərbaycan türkü olması, Azərbaycan Respublikasına fərqli, dost və qardaş münasibəti bəsləməsi əlaqələrin daha səmimi və daha isti olmasına təsir göstərir.
Sözsüz ki, bu münasibətlər fonunda İranla Azərbaycan arasında mədəniyyət və incəsənət əlaqələrinin də artan tempdə inkişaf etməsini, Təbrizin “29 Bəhmən” mədəniyyət sarayının açıq amfiteatrında artıq beşinci gündür ki, nümayişi davam etməkdə olan 3000-ə yaxın tamaşaçının baxışına nail olan “Koroğlu”nun uğurlarını da qeyd etməyə dəyər.
Səməd Bayramzadə
20.08.2026

17-08-2026, 22:10
SƏRHƏDDƏN BOY VERƏN VƏTƏN SEVGİSİ


SƏRHƏDDƏN

BOY VERƏN

VƏTƏN SEVGİSİ


Dövlət Sərhəd Xidmətinin bir illik fəaliyyəti, əldə olunan nəticələr və

18 Avqust – Sərhədçinin şərəf günü

Dövlət sərhədi xəritədə çəkilmiş bir xəttdən daha böyük məna daşıyır. O xəttin hər qarışında dövlətin suverenliyi, xalqın təhlükəsizliyi, Vətənin bütövlüyü və milli maraqları dayanır. Bu müqəddəs sərhədin keşiyində isə gecə-gündüz, istənilən hava və relyef şəraitində Azərbaycan sərhədçisi dayanır.
Azərbaycanın dövlət sərhədi ölkənin təhlükəsizliyinin, suverenliyinin və milli maraqlarının etibarlı təminat xəttidir. Bu xəttin keşiyində dayanan sərhədçilər isə üzərinə düşən məsuliyyətli və şərəfli vəzifəni hər gün böyük peşəkarlıq, sayıqlıq və fədakarlıqla yerinə yetirir.
Hər il 18 Avqust – Azərbaycan Sərhəd Mühafizəsinin yaranması günü bu şərəfli missiyanın daşıyıcılarını bir araya gətirən əlamətdar tarix kimi qeyd olunur. Qarşıdan gələn 18 Avqust ərəfəsində Dövlət Sərhəd Xidmətinin son birillik fəaliyyətinə nəzər saldıqda, sərhəd təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin, əldə olunan əməliyyat nəticələrinin və quruculuq tədbirlərinin ardıcıl xarakter daşıdığı aydın görünür.
Rəqəmlərdə ifadə olunan nəticələr
Dövlət Sərhəd Xidmətinin 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində açıqlanan göstəricilər ötən ilin necə gərgin və məsuliyyətli keçdiyini əyani şəkildə nümayiş etdirir.
2025-ci il ərzində dövlət sərhədini pozduqlarına görə 516 nəfər, sərhəd rejimini pozduqlarına görə 1226 nəfər, axtarışda olan 3922 nəfər saxlanılıb. Saxta sənədlərdən istifadə edən, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən və sərhəd-buraxılış məntəqələrindən gizli keçməyə çalışan şəxslərlə bağlı da müvafiq tədbirlər görülüb.
Sərhəd təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biri olan narkotik vasitələrin və qaçaqmalçılığın qanunsuz dövriyyəsinə qarşı mübarizədə də ciddi nəticələr əldə olunub. İl ərzində 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Bundan başqa, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.
Bu rəqəmlər sadəcə statistika deyil. Onların hər birinin arxasında sərhədçinin ayıq-sayıqlığı, operativ qərarı, peşəkarlığı və Vətən qarşısında məsuliyyəti dayanır.
2025-ci ildə terrorçuluğa qarşı mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsi də DSX-nin sərhəd təhlükəsizliyinə kompleks yanaşmasının göstəricilərindəndir.
Güclü idarəçilik – davamlı nəticələrin əsas amili
Dövlət Sərhəd Xidmətinin son illərdə əldə etdiyi nəticələrdə qurumun rəhbərliyinin ardıcıl və məqsədyönlü fəaliyyətinin də mühüm rolu var.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə sərhəd mühafizəsinin əməliyyat, texniki, kadr, infrastruktur və sosial istiqamətlərinin paralel inkişaf etdirilməsi diqqəti cəlb edir. DSX-nin rəsmi məlumatlarında da 2025-ci ilin yekunları üzrə qarşıda duran əsas vəzifələr sırasında dövlət sərhədinin texniki vasitələrlə mühafizəsinin gücləndirilməsi, mürəkkəb relyef və müxtəlif hava şəraitində xidmət aparmaq qabiliyyətinin artırılması, döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, hərbi intizamın möhkəmləndirilməsi və şəxsi heyətin sağlamlığının qorunması xüsusi vurğulanıb. Bu yanaşma sərhəd mühafizəsinin yalnız bu günün deyil, gələcəyin təhlükələrinə də hazır vəziyyətdə saxlanılmasına hesablanıb.
Elçin Quliyevin rəhbərliyi ilə DSX-də maddi-texniki bazanın müasirləşdirilməsi, sərhəd bölmələrinin imkanlarının artırılması və şəxsi heyət üçün daha əlverişli xidmət şəraitinin yaradılması istiqamətində tədbirlər də davam etdirilir. 2026-cı ildə keçirilən tədbirlərdə DSX rəisi sərhədçilərin peşəkarlığının yüksəldilməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsini də xüsusi diqqətdə saxlayıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə sərhəd mühafizəsinin bütün istiqamətlərinin vahid sistem çərçivəsində inkişaf etdirilməsi diqqəti cəlb edir. 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat müşavirəsində DSX qarşısında qoyulan tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin və mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər xüsusi vurğulanıb.
General-polkovnik Elçin Quliyevin rəhbərliyi dövründə sərhəd mühafizəsinin müasir tələblərə uyğunlaşdırılması, yeni hərbi hissələrin və sərhəd obyektlərinin yaradılması, şəxsi heyətin hazırlığının yüksəldilməsi və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl işlər aparılır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizəsinin təşkili bu fəaliyyətin mühüm istiqamətlərindən biridir.
Rəhbərliyin qarşıya qoyduğu əsas vəzifələrdən biri də sərhədçinin yalnız döyüş və xidmət hazırlığının deyil, onun sosial və məişət şəraitinin də yüksək səviyyədə təmin edilməsidir. Bu baxımdan son bir ildə istifadəyə verilən yeni obyektlər diqqət çəkir.
2026-cı ilin iyununda “Samur” sərhəd komendantlığının istifadəyə verilməsi, ardınca Dövlət Sərhəd Xidmətinin Sürücülük Mərkəzinin, iyul ayında isə Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzinin istifadəyə verilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Yeni obyektlər bir tərəfdən şəxsi heyətin xidmət şəraitini yaxşılaşdırır, digər tərəfdən isə sərhədçilərin peşə hazırlığının və maddi-texniki təminatının daha yüksək səviyyəyə çatdırılmasına xidmət edir.

Baş Qərargah: qərardan icraya
Sərhəd mühafizəsinin səmərəli təşkili yalnız strateji qərarların qəbul edilməsindən deyil, həmin qərarların yerlərdə dəqiq və ardıcıl icrasından asılıdır.
Bu baxımdan Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqovun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Sərhəd mühafizəsi sisteminin gündəlik fəaliyyətinin əlaqələndirilməsi, hərbi hissələrdə yaradılan şəraitin qiymətləndirilməsi, şəxsi heyətlə görüşlər və xidməti obyektlərdə aparılan işlərin yerində təhlili Baş Qərargahın praktiki fəaliyyətinin mühüm istiqamətlərindəndir. Müxtəlif sərhəd bölmələrində yeni və əsaslı təmir olunmuş obyektlərin istifadəyə verilməsi zamanı general-leytenant Rəşad Sadıqovun həmin ərazilərdə yaradılmış xidmət və yaşayış şəraiti ilə tanış olması da bu yanaşmanın göstəricilərindəndir.
Baş Qərargah rəisinin beynəlxalq əməkdaşlıq istiqamətində fəaliyyəti də diqqətdən kənarda qalmır. Xarici tərəfdaşlarla keçirilən görüşlərdə sərhəd təhlükəsizliyi, dəniz təhlükəsizliyi və qabaqcıl təcrübə mübadiləsi məsələlərinin müzakirəsi Azərbaycan sərhəd mühafizəsi sisteminin beynəlxalq əməkdaşlığa açıq olduğunu göstərir.
Baş Qərargahın əsas funksiyalarından biri sərhəd mühafizəsinin, bölmələrin hazırlığının və xidmət şəraitinin diqqətdə saxlanılmasıdır. General-leytenant Rəşad Sadıqovun müxtəlif sərhəd bölmələrində keçirilən tədbirlərdə iştirakı, yeni və əsaslı təmir olunmuş obyektlərdə yaradılan şəraitlə yerində tanış olması bu fəaliyyətin praktiki istiqamətini nümayiş etdirir.

Məsələn, sərhəd bölmələrində istifadəyə verilən yaşayış binalarında o, hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb. Bu yanaşma sərhədçinin xidmət şəraitinin onun döyüş və mənəvi hazırlığının mühüm hissəsi kimi qiymətləndirildiyini göstərir.
Beləliklə, rəhbərliyin fəaliyyətində iki mühüm xətt paralel şəkildə görünür: bir tərəfdə sərhədin etibarlı mühafizəsini təmin edən əməliyyat və döyüş hazırlığı, digər tərəfdə isə bu hazırlığın təminatını təşkil edən müasir infrastruktur, texnologiya və insan resursları.
Sərhədçi üçün yaradılan şərait – xidmətin keyfiyyət göstəricisi
Müasir sərhəd mühafizəsi yalnız texnika və silah demək deyil. Sərhədçinin xidmət etdiyi məntəqədə onun təhlükəsizliyi, yaşayışı, istirahəti və peşə hazırlığı üçün yaradılan şərait də ümumi nəticənin mühüm tərkib hissəsidir.
Son dövrdə DSX bölmələrində yeni və yenidən qurulmuş obyektlərin istifadəyə verilməsi bu istiqamətdə aparılan işlərin miqyasını göstərir. Xidmət və yaşayış binalarının, təlim və logistika imkanlarının genişləndirilməsi sərhədçinin gündəlik fəaliyyətinin daha səmərəli təşkilinə imkan verir.
Bu siyasətin arxasında sadə, lakin mühüm bir prinsip dayanır: Vətənin sərhədini qoruyan insanın özü də dövlətin qayğısını daim hiss etməlidir.
Texnologiya və peşəkarlıq bir arada
Dövlət sərhədinin mühafizəsində ənənəvi üsullarla yanaşı, müasir texnologiyaların tətbiqi də getdikcə genişlənir. Pilotsuz uçuş aparatlarından istifadə etməklə narkotik vasitələrin aşkarlanması bunun nümunələrindən biridir.
Bu gün sərhədçinin qarşısında duran vəzifələr əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəbdir. Transsərhəd cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və qaçaqmalçılıqla mübarizə yüksək peşəkarlıq və çevik qərarvermə tələb edir.
Bu səbəbdən DSX-də şəxsi heyətin hazırlığına xüsusi diqqət yetirilir. 2026-cı ildə “Çevikçi” kursunu uğurla başa vuran hərbi qulluqçulara beretlərin təqdim olunması kimi tədbirlər xüsusi hazırlığın inkişaf etdirilməsinə verilən önəmin göstəricisidir.

Sərhədin keşiyində yeni nəsil
Dövlət Sərhəd Xidmətinin gələcək uğurları böyük ölçüdə peşəkar zabit və hərbi qulluqçu potensialından asılıdır. Bu istiqamətdə DSX Akademiyasının fəaliyyəti mühüm yer tutur.
Müasir sərhədçi həm hərbi hazırlıqlı, həm hüquqi və taktiki biliklərə malik, həm də yeni texnologiyalardan istifadə etməyi bacaran mütəxəssis olmalıdır. Çünki dövlət sərhədinin qorunması artıq yalnız fiziki dözümlülük və sayıqlıq deyil, eyni zamanda analitik düşüncə, texnoloji bacarıq və operativ qərarvermə tələb edir.
Bu baxımdan son bir ildə əldə olunan nəticələrə yalnız keçmiş ilin göstəriciləri kimi deyil, Azərbaycanın sərhəd təhlükəsizliyinin gələcəyinə qoyulan investisiya kimi baxmaq olar.
Sərhəd – dövlətin təhlükəsizlik xəttidir
Bu gün Azərbaycanın dövlət sərhədi əvvəlki illərlə müqayisədə daha mürəkkəb və geniş imkanlar üzərində qorunur. Müasir infrastruktur, texniki vasitələr, peşəkar şəxsi heyət və sistemli idarəçilik vahid məqsədə – dövlət sərhədinin toxunulmazlığının təmin edilməsinə xidmət edir.
Ötən bir ilin nəticələri də göstərir ki, sərhəd mühafizəsi sahəsində qarşıya qoyulan vəzifələr ardıcıl şəkildə icra olunur. Sərhədçi üçün isə bu fəaliyyətin ən mühüm nəticəsi bir rəqəmdə və ya hesabat göstəricisində deyil, hər gün sərhəd xəttində dövlət bayrağının əmin-amanlıq içində dalğalanmasındadır.
Çünki sərhədçinin keşik çəkdiyi hər bir məntəqə Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin canlı ifadəsidir.

Sərhədçi ailəsinə göstərilən diqqət
DSX-nin son birillik fəaliyyətində şəxsi heyətin sosial rifahına göstərilən diqqət də xüsusi yer tutur. Yeni və təmir olunmuş hərbi obyektlərdə yaşayış, xidmət, istirahət və məişət üçün yaradılan şərait sərhədçinin xidməti vəzifələrini daha rahat və səmərəli yerinə yetirməsinə imkan yaradır.
2026-cı ildə keçirilən “Açıq qapı” günləri də bu baxımdan maraq doğurur. Hərbi qulluqçuların valideynləri və yaxınları sərhəd bölmələrində yaradılan xidmət və sosial-məişət şəraiti ilə tanış olub, şəxsi heyətin peşə, fiziki və taktiki hazırlığı barədə məlumat əldə ediblər. Bu tədbirlər ordu-cəmiyyət münasibətlərinin möhkəmləndirilməsi və sərhədçi ailələrinin xidmət şəraiti barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qarşıda yeni vəzifələr, yeni hədəflər
Ötən bir ilin nəticələri göstərir ki, Azərbaycan sərhəd mühafizəsi sistemi inkişafın yeni mərhələsinə qədəm qoyub. Yeni infrastrukturun yaradılması, texniki imkanların genişləndirilməsi, peşəkar kadr hazırlığı, sərhəd təhlükəsizliyinin müasir təhdidlərə uyğun təşkil edilməsi və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi vahid strategiyanın tərkib hissələridir.
Bu strategiyanın əsas məqsədi dəyişməzdir: Azərbaycanın dövlət sərhədini etibarlı qorumaq, sərhəd təhlükəsizliyinə qarşı bütün təhdidlərin qarşısını vaxtında almaq və ölkəmizin suverenliyinin keşiyində ayıq-sayıq dayanmaq.
Bu gün Azərbaycan sərhədçisi dövlətimizin gücünü, xalqımızın iradəsini və Vətənə sədaqətini sərhəd xəttində təcəssüm etdirir. Sərhədçinin şərəfli xidməti təkcə hərbi vəzifə deyil, həm də dövlətə və Vətənə sədaqətin ən yüksək ifadələrindən biridir.
18 Avqust Azərbaycan sərhədçisinin təqvimində xüsusi yer tutan, tariximizi, dövlətçilik ənənələrimizi və Vətən qarşısında müqəddəs borcumuzu özündə birləşdirən əlamətdar gündür.
Bu əlamətdar tarix münasibətilə dövlət sərhədinin keşiyində dayanan bütün sərhədçiləri, onların ailə üzvlərini, sərhəd mühafizəsi sistemində uzun illər xidmət göstərmiş veteranları səmimi-qəlbdən təbrik edirik.
Bu şərəfli və məsuliyyətli yolda hər bir sərhədçiyə möhkəm cansağlığı, ailə səadəti, xidməti fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.
Qoy sərhədlərimiz daim etibarlı əllərdə, sərhədçilərimizin Vətən sevgisi isə hər zaman onların ən böyük gücü olsun.
Azərbaycan sərhədi etibarlı əllərdədir!

G.Süleymanlı,
“Bütöv Azərbaycan”
16-08-2026, 18:17
Şah İsmayıl   Xətaiyə məktub

Şah İsmayıl

Xətaiyə məktub


Ey şah babam, meydan boşdur, yalıncıqlar at oynadır,
Yad mahnıya züy tutanı çəpik çalır, yad oynadır.
Özün bilməz, sözün qanmaz xalqa tarix dərsi keçir,
Ermənidən, ingilisdən, farsdan mənbə, dəlil seçir.
Çəkib taxta qılıncını ad-sanına hücum çəkir,
Tariximi qaralayır, şər danışır, fitnə əkir.
Əqidəsin, məsləkini yüz yol, min yol dəyişənlər,
Gecə-gündüz söyüşənlər, deyişənlər, döyüşənlər,
Dil uzadır şöhrətinə, ləkə yaxır keçmişinə,
Xəbəri yox öz-özündən: biçarənin keçmişi nə.
Çiy loxmanı dişləyənlər, tamahına qul olanlar,
Yurda qənim çıxanlara ortaq olub, yol olanlar,
Səfəviyə hədyan deyir qafası boş, başı boşlar,
Unudurlar: yox olmayıb, təkkədədi qızılbaşlar...
Yaratdığın dövləti də, milləti də heçə sayır,
Din adına yaxa yırtır, məzhəb deyir, fitnə yayır.
Ala qarğa tora düşər geci-tezi dimdiyindən,
Bircə kəlmən ağır gələr nadanların cəmdəyindən.
Çingiz xandan üzübəri bütün keçmiş cahangirlər,
Şəhərləri viran qoyan napoleonlar, kimlər, kimlər...
Onlar üçün şəxsiyyətdir, bircə sənsən "xalq düşməni",
Bu cahillər çətin qanar kim dostudu, kim düşməni.
Ey Şeyx oğlu, Şahlar şahı, Qızılbaşın Pir-Mürşidi,
Tək-tək olub sən qüdrətdə dəyişən köhnə gərdişi.
Bir əlində qılınc tutdun, bir əlində zərli qələm,
Sözlərinə heyran oldu, duyğulandı cümlə aləm.
Bir bədənə necə sığdı şair qəlbi, şir ürəyi?
Qılıncınla ölkə tutdun, sözlərinlə min ürəyi.
Mizraqının al şəfəqi neçə iqlim aşıb keçdi,
Şeirlərin Xan Araz tək əsrləri daşıb keçdi.
Adından da xoflanırlar Alp Aruzun qandaşları,
Göbələk tək orda-burda yaman artır yandaşları.
Qoca tarix çox görübdü əslin-nəslin dananları,
Başlarına bəla olub böhtanları, yalanları.
Qılıncıyla tarix yazıb, dövlət quran böyük insan,
Millətimin qürurudu belə tarix, ölməz ad-san.
Çox ilanlar ünvanına dil uzadıb, zəhər tökdü,
Yel qayadan nə aparar, ağılsız baş cana yükdü.
Nə qədər ki, bu millət var, sən də varsan, Ulu xaqan!
Ana dilim yaşadıqca, yaşayırsan, daim sağsan!

İlham MƏMMƏDLİ,
"Bütöv Azərbaycan" qəzetinin redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru
16-08-2026, 08:33
“HERATA, BABAMIN HÜZURUNA!”

“HERATA,

BABAMIN HÜZURUNA!”


(SƏFƏRNAMƏYƏ DAİR TƏƏSSÜRATLARIM)

Səfərnamə janrı müasir ədəbiyyatşünaslıq və kultologiya nəzəriyyəsində sadəcə bəsit coğrafi məkanların, yeni şəhərlərin ekzotik təsviri və ya etnoqrafik elementlərin mexaniki qeydiyyatı ilə məhdudlaşmır. Janrın ən uğurlu və sanballı nümunələri coğrafi səyahəti mənəvi ucalığa, tarixi köklərə və sivilizasiya yaddaşına doğru daxili, intellektual bir köçə çevirə bilən, zaman və məkan hüdudlarını daxilən ləğv edən konseptual əsərlərdir. Bu baxımdan, müasir özbək poeziyasının və mediyasının gənc, istedadlı nümayəndəsi, Özbəkistanın yeni intellektual nəslinin parlaq siması Şəhriyar Şövkətin yenicə işıq üzü görmüş, özbək ədəbi-ictimai mühitində böyük əks-səda doğurmuş “Herata, babamın hüzuruna!” (“Hirotga, bobomning huzuriga!”) adlı fundamental səfərnamə-kitabı sıradan bir səyahətçi qeydləri və ya publisistik təəssüratlar məcmuusu olmaqdan tamamilə uzaqdır. Müəllifin Əfqanıstanın hər cür hərbi-siyasi təhlükələrlə, totalitar qadağalarla və sosiomədəni böhranlarla çulğalanmış mürəkkəb, ekstremal mühitinə daxil olaraq iyirmi günlük fədakar fəaliyyəti nəticəsində ərsəyə gələn bu əsər, bütöv bir türk-müsəlman Şərqinin mədəni yaddaşına, unudulmaqda olan intellektual-mənəvi düşüncə sisteminin izlərinə yönəlmiş irihəcmli, dərin nəzəri-fəlsəfi baxış və müasir komparativistika üçün qiymətləndirilməli olan mühüm sənədli-bədii mənbədir.
Müəllifin Herata və Əfqanıstanın digər qədim türk mərkəzlərinə getmək istəyi qəfil yaranmış keçici bir nostalji həvəs deyil, onun uşaqlıq və yeniyetməlik illərindən başlayaraq addım-addım formalaşan tarixi-milli şüurunun, sarsılmaz sənətkar vicdanının məntiqi nəticəsidir. Bu mənəvi yolçuluğun ilk qığılcımı, atasının onu uşaq yaşlarında Şəhrisəbzdə ulu cahangir Əmir Teymurun ilk məqbərəsinə aparması və uşaq təfəkkürü ilə böyük fatehin məqbərəsi qarşısında keçirdiyi o izaholunmaz, sakral həyəcanla alovlanmışdır. Bu ilk heyrət sonralar onun qəlbində ulu babaların mənəvi irsini yerindəcə ziyarət etmək, tarixlə bu gün arasında qırılmış əlaqələri bərpa etmək arzusuna çevrilmişdir. Şəhriyar Şövkətin böyüdükcə şeirə, klassik əruz vəzninə və söz sənətinə daxildən bağlanması, onun mənəvi dünyasında dahi mütəfəkkir Əlişir Nəvai obrazını mərkəzi mövqeyə çıxarmışdır. Coğrafiya dərslərində Nəvainin əslində Heratda doğulub-yaşadığını, dövlət idarəçiliyi və tükənməz xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu və orada da dəfn olundığını öyrəndiyi gündən etibarən, gənc şairin daxilində illərlə sönməyən, totalitar sərhədləri yarmağa can atan bir istiqlal arzusu yaşamışdır. Əsərdə diqqətçəkən ən mühüm elmi və nəzəri məqamlardan biri müəllifin Nəvai sevgisini sadəcə romantik-abstrakt hisslərlə deyil, real tarixi, geosiyasi və hərbi-ideoloji maneələr kontekstində, obyektiv reallıq müstəvisində təqdim etməsidir. Səfərnaməçi haqlı olaraq vurğulayır ki, XX əsrin birinci rübünə qədər bu müqəddəs məkanları ziyarət etməyə yalnız yolun fiziki ağırlığı və coğrafi çətinlikləri əngəl yaradırdısa, sovet hakimiyyətinin qurulmasından sonra çəkilən “Dəmir pərdə” və siyasi sərhədlər, eyni mənəvi kökdən gələn xalqları bir-birindən uzun müddətə ayırmış, Heratı və Kabili özbək və Azərbaycan türklərinin canlı yaddaşından süni şəkildə qoparmağa çalışmışdır.
Səfərnamənin daxili ideya-bədii arxitekturasında, müəllifin bu çətin, həm də ölümün bir addımlığındakı elmi ekspedisiyaya çıxmasında və bu səfərin rəsmi kitaba çevrilməsində mənim birbaşa istiqamətverici, hərəkətverici və elmi-ideoloji qaynaq rolunu oynamağıma dair qeydlərlə rastlaşdım. Kitabda xüsusi bir sənətkarlıqla və yüksək minnətdarlıq hissi ilə qələmə alınmış “Şu ro'mol bilan Navoiy qabrtoshining gardini artib qo'ygin...”(“Bu yaylıqla Nəvainin qəbir daşının tozunu sil...”) adlı geniş və emosional bölmə, bilavasitə ümumtürk komparativistikasına və səfərin daxili mənəvi missiyasına göstərdiyim böyük elmi təsiri tam çəkisi ilə ortaya qoyub. Müəllif açıq şəkildə etiraf edir ki, onun bu təhlükəli Əfqanıstan coğrafiyasına getmək qərarı bəsit bir emosional həvəsdən deyil, Bakıdakı Əlişir Nəvai heykəli önündə və sonradan Daşkənddə reallaşan elmi görüşlərimiz zamanı Herat təəssüratlarımı, ulu babalarımızın məqamlarını böyük fəlsəfi heyranlıqla, məhəbbətlə nəql etməyimdən sonra onun daxilində oyanan müqəddəs bir “elmi həsəd” hissinin nəticəsidir. Ötən payızda Daşkənddə – “Cədid” qəzeti redaksiyasında Əfqanıstana 2016 və 2021-ci illər səfərimdən bəhs etmişdim. Hələ də Herat – Kabul təsir aurasından çıxmamış bir tərzdə. Hətta arada üzr istəyib deyirdim ki, sanki o torpaqlar Bakıdan 2 saatlıq qədər məsafədə məni hələ də öz kamına çəkməkdə davam edir (yeri gəlmişkən o iki saatlıq yolu 2016-cı ildə 30 saata, 2021-ci ildə isə 16 saata gedib çıxmışdım). İndi Şəhriyar kitabında bütün geosiyasi maneələri aşaraq iki dəfə Herata getməyimi, ulu mütəfəkkirin qəbir daşını öpərək milli sədaqət nümayiş etdirməyimi və özbək dünyasının digər bir nəhəng nəvaişünas alimi, Özbəkistan Qəhrəmanı Suyima Qəniyevanın vəsiyyət etdiyi müqəddəs yaylıqla Nəvainin məzarının tozunu silməsi faktını müəllif öz yaradıcılıq dünyasında sivilizasiya miqyaslı bir mənəvi vətəndaşlıq borcu arxetipinə çevirmişdir. Dünya nəvaişünaslıq məktəbinə verdiyim bu daxili, mənəvi enerji gənc özbək şairini hər cür viza və təhlükəsizlik qadağalarını yararaq, Allaha təvəkkül edib Heyrətan körpüsündən Əfqanıstan torpağına inamla qədəm basmağa sövq etmişdir.
Səfərnamənin daxili nəzəri strukturunu daha da dərinləşdirdikdə, özümün yalnız bir ilham mənbəyi kimi qalmadığım, Şəhriyar Şövkət Herat torpağına ayaq basdığı ilk gündən etibarən Bakıdan və ağır fiziki xəsarət alıb xəstə yatağından belə ona birbaşa elmi rəhbərlik, metodoloji koordinatorluq etdiyim mətndə tam dəqiqliyi ilə nümayiş olunur. Bakıda Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur xatirəsinə həsr olunmuş böyük elmi konfransa tələsərkən bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb yatağa düşməyimə baxmayaraq, öz ağır fiziki durumumu unudaraq Şəhriyara telefon və video-zənglər vasitəsilə "Oğlum, indi Heratdasansa, mütləq İxtiyarəddin qalasına (Herat qalasına) get, Nəvainin şeir məclisləri qurduğu zala gir, orada öz-özünə şairin bir qəzəlini səsləndir, ulu babamız Babur şah 1506-cı ildə orada iyirmi gün qalmış, Nəvainin şəxsi kitabxanasından doyunca istifadə etmiş və bu anları “Baburnamə”də ömrünün ən şərəfli günləri adlandırmışdır" – deyə elmi istiqamət verməyim komparativistika tarixinin ən unudulmaz mənəvi hadisələrindən biridir.
Əfqanıstandakı özbək nəvaişünas alimlərinin, xüsusilə bölgənin ən yaşlı və qocaman fədakar tədqiqatçısı Məhəmməd Yaqub Vahidi Cüzcaninin mütləq tapılıb elmi fəaliyyətinin araşdırılması barədə verdiyim istək-tapşırıq, bu tədqiqatın elmi-metodoloji bünövrəsini təşkil edir. Şəhriyarın gündəlik sosial şəbəkələrdə paylaşdığı fotolara baxdıqca, onunla hər gün neçə dəfə telefonda danışdıqca bütün ağrılarımı unudurdum, sanki yataqda yox, Heratda, Kabulda, Məzari-Şərifdə, Bəlxdə gəzirdim. “O günlərdə cismim Azərbaycan torpağında – yataqda ağrılar içində qovrulsa da, ruhum Şəhriyarımla birgə Heratı qədəm-qədəm gəzirdi” ifadəsi, Azərbaycan və özbək ədəbi düşüncəsinin geosiyasi sərhədləri daxilən necə tamamilə ləğv etdiyini sübut edən uca bir fəlsəfi yekundur.

Şəhriyar Şövkətin Əfqanıstanda keçirdiyi iyirmi gün ərzində fərqli nəqliyyat vasitələri ilə, qorxulu hərbi postları və mürəkkəb keçid məntəqələrini yararaq təxminən 3 min kilometr yol qət etməsi və Qəndəhardan Herata, Bədəxşandan Kabilə qədər geniş bir coğrafiyanı dolaşması prosesi, ulu əcdadların müqəddəs məzarları önündə qarşılaşdığı fiziki və mənəvi məhrumiyyətlərin bədii təsviri ilə əsərin elmi dəyərini zirvəyə qaldırır. Şair ilk olaraq qədim Məzari-Şərif şəhərinə daxil olarkən, fevral ayının dondurucu və amansız şaxtasında, müqəddəs “Göy məscid” (“Rövzeyi-Şərif”) kompleksinin həyətindəki mərmər daşların soyuğu yalın ayaqlarındasa sətir-sətir işlədiyi halda, saatlarla növbə gözləmiş, yerli xidmətçilərin verdiyi bəsit rezin başmaqları geyərək məqbərəyə daxil ola bilmişdir. Burada o, telefonla video çəkiliş aparmaq istəyərkən silahlı nəzarətçilərin sərt və qəti qadağası ilə üz-üzə gəlmiş, daxili polis idarələrinə aparılaraq qırx dəqiqə boyunca sorğu-sual edilmiş, yalnız uzunmüddətli elmi izahatlardan və ağsaqqal İmamın xüsusi rəsmi icazəsindən sonra dahi əcdadların ucaltdığı o möhtəşəm memarlıq abidəsini lentə almaq şansını qazanmışdır. Səfərnamənin ən dramatik və canı bahasına başa gələn nöqtəsi isə qədim Bəlx şəhərində, İslam şərqinin ilk böyük ustad qadın şairi olan Rəbiyə Bəlxi qəbrinin və Teymuri məlikəsi Gövhərşad bəyimin ucaltdığı “Xoca Parso” məscidinin ziyarəti zamanı yaşanmışdır. Müəllif Rəbiyə Bəlxinin məqbərəsi önündə qədim əsrlərdən qalan pulları satan 70 yaşlı yerli bir əfqan ilə söhbət edərkən, ona bəsit bir jurnalist marağı ilə “Otaxon, ömrünüz boyu bu torpaqlarda neçə hökumət görmüsünüz?” sualını ünvanlamışdım. Lakin totalitar idarəetmə prinsiplərinin hakim olduğu bu coğrafiyada “hökumət”, “dövlət”, “əmirliyin vəziyyəti” kimi sözlərin işlədilməsi birbaşa siyasi casusluq və dövlət əleyhinə təxribat kimi qəbul edildiyi üçün, həmin dəqiqə ətrafda gizli nəzarət aparan, əbalara bürünmüş iki silahlı “mühtəsib” (əxlaq və siyasi nəzarət polisi) şairin və onun bələdçisi Hibatullanın üzərinə hücum çəkmişdir. Gənc özbək şairini hər iki biləyindən qanrılaraq, çiyinlərində tapança və Kalaşnikov avtomatları olan əsgərlər tərəfindən sürüyərək hərbi məhkəmə binasına aparmış, sürücünün isə yaxasından tutaraq divara sıxmışlar. Hərbi prokurorluğun soyuq, nəm və zəhərli qaz qoxuyan daxili otağında iki saat boyunca ağır psixoloji və mənəvi işgəncə altında sorğu-sual edilən Şəhriyar Şövkətin cib telefonu və şəxsi əşyaları müsadirə olunmuşdur. Onun çəkdiyi videoda siyasi ittiham axtaran nəzarətçilər özbək dilini bilmədikləri üçün gizli tərcüməçilər çağırmış, lakin mətndə yalnız Əlişir Nəvai və Babur dühalarına olan elmi ehtiram ifadələrini tapdıqdan və şairin pasportuna, barmaq izinə dair bütün rəsmi tarixləri qeydiyyata aldıqdan sonra onu sərbəst buraxmışlar. Ölümün gözünə dik baxan şair, azadlığa çıxan kimi daxilindəki sarsıntını ulu babaların mənəvi enerjisi ilə boğaraq, heç bir qorxu nümayiş etdirmədən birbaşa Bəlxin uca qala divarlarına doğru yoluna davam etmişdir.
Müəllifin qədim Qəznə şəhərində, böyük türk ensiklopedist alimi Əbu Reyhan Əl-Biruninin və dahi Sultan Mahmud Qəznəvinin məzarlarını ziyarət etməsi də analoji daxili sarsıntılar və fiziki məhrumiyyətlərlə müşayiət olunmuşdur. Şair bütöv bir gün boyunca ac-susuz, palçıqlı və kələ-kötür kənd yolları ilə, Əfqanıstanın yerli nəqliyyat vasitəsi olan üçtəkərli “rikşa” daxilində sümükləri sızıldayaraq hərəkət etmiş, dondurucu dağ havasının təsirindən bədəni tamamilə donmuş və güclü allergiya tutması nəticəsində başı ağırlaşaraq mənəvi xəstəlik həddinə çatmışdır. Birunini ziyarət etmək üçün getdiyi lay va palçıqlı xarabalıqlarda hər addımda qarşılaşdığı yoxsulluq, tənha uşaqların dilənçilik etməsi faktları onun humanist qəlbində böyük yaralar açmışdır. Hətta yol kənarındakı hərbi postlarda duran Taliban əsgərləri tərəfindən maşınları yoxlanılarkən, iki əsgərin qundağı doldurulmuş silahlarla birbaşa maşının salonuna daxil olub şairlə çiyin-çiyinə oturması, salona yayılan tər və qorxu qoxusu, hər bir sözün tərəzi ilə ölçüldüyü o hərbi-psixoloji atmosfer Şəhriyar Şövkətin daxili dünyasında dərin ekzistensial sarsıntılara yol açmışdır. Nəhayət, Herat şəhərinə və Musəlla kompleksinə – böyük ustad Əlişir Nəvainin əbədi uyuduğu müqəddəs torpağa çatanda isə şairin mənəvi iztirabları özünün ən pik nöqtəsinə yüksəlir. O, təyyarədən düşən kimi ulu babasının məzarına doğru elə bir eşqlə və ilahi divanəliklə qaçmaq istəyir ki, hətta ayaqqabılarını tamamilə çıxarıb, Herat küçələri boyunca Nəvainin gəzdiyi o müqəddəs torpağı yalın ayaqla, ağlaya-ağlaya, şairin qəzəllərini hayqıra-hayqıra keçmək qərarına gəlir. Lakin bələdçisi Hibatulla onu pencəyindən geriyə dartaraq kəskin şəkildə xəbərdar edir: “Ey igid, özünü yığışdır! Əgər əsgərlər səni bu vəziyyətdə yalın ayaqla, qışqıra-qışqıra qəzəl oxuyan görsələr, elə küçənin ortasındaca casus və ya divanə kimi həbs edib aparacaqlar, sonra səni tapmağa mənim bütöv ömrüm də bəs etməyəcək, romantikanı kənara qoy!”. Bu acı reallıq fonunda şair daxili fəryadını içinə gömərək, ssenariləşdirilmiş bu hərbi rejim daxilində addım-addım irəliləyir. Nəvainin məqbərəsinə daxil olanda isə onun qəlbi tamamilə parçalanır; çünki ulu mütəfəkkirin məqbərəsinin ətrafında paslı tikinti kranları, tamamlanmamış uçuq-sökük divarlar mənzərəsi, Şəhriyar Şövkətin “Gözüm çıxsın səni bu halda görməkdənsə, dilim qurusun səndən bu vəziyyətdə hesab soruşmaqdansa” – deyə göylərə ucalan fəlsəfi fəryadına çevrilir. O, Daşkənddən özü ilə gətirdiyi müqəddəs ipək dəsmalla Nəvainin qəbir daşının tozunu, qumunu və imperiya amneziyasının çirkini böyük bir vizual və mənəvi fədakarlıqla silərək göz yaşlarına boğulur.
Bu konseptual müstəvidə, Şəhriyar Şövkətin Məzari-Şərifdəki qədim “Göy məscidi” (“Rövzeyi-Şərif”) və Heratdakı bütöv Müsəlla kompleksini ziyarət edərkən irəli sürdüyü bədii-əks-sədalar, Teymurilər və Baburilər dövrü memarlığının Azərbaycan–Özbək ortaq mədəniyyət arxetipləri ilə eyniliyini linqvopoetik şəkildə sübuta yetirir. Şair bu tarixi qəbirlərin və dağıdılmış abidələrin sadəcə keçmişin bir yadigarı olmadığını, imperiya siyasətinin türk coğrafiyasını necə parçaladığını simvolik olaraq vizuallaşdırır. Bu təqdimatda şair, ulu babası Əmir Teymurun barmağından çıxarılan və bu gün ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Metropoliten" incəsənət muzeyində qorunan o sakral “Rosti rasti” (“Düz olsan, nicat taparsan”) möhürlü üzüyünün fəlsəfi itki tarixinə, Məhəmməd Zahir şah dövründə qəbirlərin gizli açılması hadisələrinə toxunaraq milli yaddaşın coğrafi mühacirətini və qəsb olunmasını böyük bir intellektual kədərlə təhlil edir. Səfərnamənin ən mühüm sosiolinqvistik töhfəsi isə Əfqanıstanın Əndxoy, Şəfirqan və fərqli bölgələrində yaşayan, hər cür assimilyasiya basqılarına, daxili siyasi qorxu mühitinə baxmayaraq, öz evlərində və xüsusi gizli “Yeni yol” məktəblərində özbək, türk dilini, Nəvai şivəsini və Babur şahın orijinal ləhcəsini göz bəbəyi kimi qoruyan yerli özbək ziyalılarının mənəvi dirənişinin bədiiləşdirilməsidir. Şəhriyar Şövkət bu bölgələrdə şahid olduğu sərt qadağaları – musiqinin, əl çalmağın, məzara gül qoymağın rəsmi yasaq edildiyi, əxlaq polisinin (“Amr bil ma'ruf va nahy anil munkar” və Muhtasiblərin) küçələrdə insanları sorğu-suala çəkdiyi, nikahsız münasibətlərin qamçı və daş-qalaqla cəzalandırıldığı dəhşətli sosiopolitik reallıqları qələmə alır. Məhz belə bir mütləqiyyət mühitində Əndxoyda və Heratda gizlicə təşkil olunan “Tongotar g'azalxonlik” (“Sübhə qədər qəzəlxanlıq”) məclislərində ağsaqqalların, gənclərin və ziyalıların əruz bəhrlərini, rəməl, həcəz və rəcəz vəznlərini heç bir ali təhsil almadan, sırf şifahi yaddaş kodu ilə mükəmməl şəkildə oxumaları, Məmməd Füzuli divanını və Şah Məşrəb irsini canları bahasına rəhbər tutmaları ümumtürk mənəvi müqavimətinin ən zirvə noktəsidir. Yerli özbək ziyalısı Qulam Səhi Vəkilzadə Yurddaşın və Məhəmməd Yaqub Vahidinin Şəhriyara təqdim etdiyi qədim əlyazmalar və onların dil uğrunda apardıqları mübarizə, totalitarizmin milli ruhu əsla məhv edə bilməyəcəyinin bariz isbatıdır.
Bu fundamental mənəvi zəncirin ən mühüm beynəlxalq həlqəsini və səfərnamənin 33–34-cü səhifələrində böyük bir minnətdarlıq hissi ilə qeyd edən, Şəhriyar Şövkət yuksək qədirbilənliklə etiraf edir ki, onu bu çətin, hər anı ölümlə qarşılaşan Əfqanıstan səfərinə sövq edən baş hərəkətverici qüvvə – məhz Bakı və Daşkənd şəhərlərində mənimlə keçirdiyi dərin elmi söhbətlər və 2016-cı ildə Nəvai şəhərində keçirilən beynəlxalq konfransda – bütün dünya nəvaişünaslarının elmi auditoriyası qarşısında rəsmi olaraq ayağa qalxaraq – “Bu salonda Əfqanıstana gedib, Heratda həzrət Əlişir Nəvainin məqbərəsini, müqəddəs qəbir daşını şəxsən ziyarət edən bircə nəfər var, o da mənəm!” – deyərək nümayiş etdirdiyim böyük elmi və milli qürura olan sonsuz heyranlıq hissidir. Dahi şairin ziyarətindən qayıtdıqdan sonra, Özbəkistan Qəhrəmanı Suyima Qəniyeva ilə görüşərkən, ustadımın məni qucaqlayaraq: “Bu mənim uzun illər boyu ürəyimdə qalan ən böyük arzum idi, sən buna nail oldun, xatirin xoş olsun, qızım. Əgər bir də yolun ora düşərsə, mənim bu ipək yaylığımla həzrət Nəvainin müqəddəs qəbir daşının tozunu silərsən” – deyə bəxş etdiyi o sakral əmanəti 2021-ci ildə ikinci dəfə Herata gedərək dahi mütəfəkkirin məzarını silməyim və “Suyima opam Sizə salam yolladılar, həzrətim” – deyə pıçıldamağım, ümumtürk elmi təfəkküründə müxtəlif müstəqil dövlətlərin inzibati hüdudlarında yaşasalar da, qəlbində yeganə mənəvi Vətən – Turan ideyasını daşıyan böyük alimlərin sarsılmaz mənəvi vəhdət körpüsüdür.
Şəhriyar Şövkətin bu qiymətli sənədli əsəri və mətndə nəvaişünaslıq məktəbi prinsiplərinə verilən yuksək ehtiramım, Azərbaycan və özbək xalqlarının ortaq sivilizasiya kimliyini qorumaq yolunda hansı böyük fədakarlıqlara və mənəvi zəhmətlərə qatlaşdığını dövlət miqyasında rəsmi şəkildə isbatlayan fundamental elmi-kulturoloji sənəddir. Yolun həmişə açıq, Nəvai babamızın ruhu mədədkarın, mədədkarımız olsun, Şəhriyarım!

Hörmət və mənəvi ehtiramla, Almaz Ülvi,
nəvaişünas, Özbəkistan Respublikası “Dostluq” ordeni mükafatçısı
Avqust, 2026
15-08-2026, 22:46
Səksən ilin zirvəsindən boylanan ömür

Səksən ilin zirvəsindən

boylanan ömür


(Bilnə kəndinin ağsaqqallarından Xəlil Məcidovun 80 illiyinə)
Həyatda ağsaqqal və şəxsiyyət olmaq yalnız insanın yaşı ilə ölçülən bir məqam deyil. Bu mərtəbə uzun illər ərzində qazanılmış hörmətin, etimadın, dürüstlüyün və xeyirxah əməllərin nəticəsidir. İnsan ömrünün hər mərhələsində müxtəlif sınaqlarla qarşılaşır, lakin hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. El arasında hörmət qazanmaq, insanların etibar etdiyi bir şəxsə çevrilmək, haqqın yanında dayanmaq və doğru sözü çəkinmədən demək əsl şəxsiyyətin və ağsaqqallığın göstəricisidir. Belə insanlar cəmiyyətin mənəvi sütunları, elin arxalandığı etibarlı dayaqlardır.
Ağsaqqallıq sadəcə ad və ya titul deyil. Ağsaqqallıq böyük məsuliyyət, mənəvi yük və cəmiyyət qarşısında daşınan borcdur. Ağsaqqal elin-obanın sevincini öz sevinci, dərdini öz dərdi bilən, insanları birliyə və həmrəyliyə çağıran, çətin məqamlarda müdrik sözü ilə yol göstərən şəxsdir. O, yaşadığı cəmiyyətin mənəvi dayağı, ailələrin, nəsillərin və bütöv bir elin söykəndiyi inam yeridir.
Əsl ağsaqqal mətin olur. Həyatın sərt küləkləri onu sarsıda, qarşılaşdığı çətinliklər isə yolundan döndərə bilmir. O, məğrur olur, lakin təkəbbürlü olmur. Şərəfini və ləyaqətini hər şeydən üstün tutur. Mübariz olur, haqqın və ədalətin yanında dayanır, haqsızlığa susmağı özünə yaraşdırmır. Çünki bilir ki, qarşısında susulan haqsızlıq zamanla daha böyük ədalətsizliklərə yol açır. Məhz bu xüsusiyyətlər insanı ömrünün hər çağında ucaldır və xalqın yaddaşında yaşadır.
Ağsaqqal olmaq həm də insanlara örnək olmaq deməkdir. İnsanlar onun davranışına baxır, sözündən nəticə çıxarır, həyat təcrübəsindən bəhrələnirlər. O, cəmiyyətə yalnız nəsihət vermir, öz həyatı ilə nümunə göstərir. Sözünün çəkisi də məhz bundan irəli gəlir. Çünki əsl ağsaqqalın dediyi ilə etdiyi arasında fərq olmur.
Bu gün cəmiyyətimizin ən çox ehtiyac duyduğu dəyərlərdən biri də məhz belə şəxsiyyətlərin varlığıdır. İnsanları bir araya gətirən, milli-mənəvi dəyərləri qoruyan, gənc nəslə düzgün yol göstərən ağsaqqallar hər zaman xalqın mənəvi sərvəti hesab olunublar. Onların həyat yolu bir məktəb, söylədikləri hər kəlmə isə hikmət nümunəsidir. Bu hikmət yalnız illərin deyil, halal zəhmətin, dürüst həyatın və saf vicdanın bəhrəsidir. Belə insanlar cəmiyyətin dayağı, millətin mənəvi gücü, xalqın isə qürur mənbəyidir. Onların varlığı bir elin bərəkəti, bir toplumun xoşbəxtliyi və sabaha olan inamıdır.
Azərbaycan kəndinin əsrlər boyu formalaşdırdığı mənəvi dəyərlər sistemi məhz belə insanların timsalında yaşayır və gələcək nəsillərə ötürülür. Kənd həyatı insanı torpağa bağladığı kimi, onu zəhmətə, səbirli olmağa və məsuliyyət daşımağa da alışdırır. Bu mühitdə boya-başa çatan insanlar üçün sözün dəyəri, halal zəhmətin qiyməti, qonşuluq haqqı və insanlıq borcu həyatın dəyişməz qanunlarına çevrilir. Məhz buna görə də el arasında hörmət qazanan insanlar yalnız öz ailələrinin deyil, bütöv bir nəslin və elin mənəvi simasına çevrilirlər.
Belə ömür sahiblərindən biri də Məcidov Xəlil (Meybulla) Həbi oğludur. Onun həyat yolu sadə bir insanın tərcümeyi-halından daha çox, bir dövrün, bir kəndin və bir nəslin yaşam tarixinin ayrılmaz parçası kimi diqqəti cəlb edir. Uzun illər müxtəlif sahələrdə çalışması, insanların etimadını qazanması, ailəsinə, kəndinə və cəmiyyətə bağlılığı onun həyat yolunu dəyərli edən əsas xüsusiyyətlərdəndir.
Xəlil kişi 5 avqust 1946-cı ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olub. 1952–1953-cü tədris ilində Bilnə kənd ibtidai məktəbində təhsil almağa başlayıb. 1957-ci ildə Bilnə kənd məktəbində ibtidai təhsilini başa vurduqdan sonra 1957–1962-ci illərdə Vərgədüz kənd səkkizillik məktəbində oxuyub. 1962-ci ildən etibarən təhsilini Yardımlı rayon M.F. Axundov adına orta məktəbdə davam etdirib.
O illərdə kənd məktəblərində təhsil almaq bugünkü imkanlarla müqayisə edilə bilməzdi. Uzaq məsafələr, çətin iqlim şəraiti və məhdud imkanlar gənclərin qarşısında müəyyən maneələr yaratsa da, elmə və biliyə həvəs bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edirdi. Xəlil kişi də həmin nəslin nümayəndəsi kimi təhsili gələcək həyatının ən mühüm dayaqlarından biri hesab edib.
1967-ci ildə Salyan şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunun aqronomluq ixtisasına qəbul olub və 1970-ci ildə həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Torpaqla işləmək, məhsul yetişdirmək və kənd təsərrüfatının inkişafına töhfə vermək onun həyat amalına çevrilib. O, peşəsinə sevgi ilə yanaşıb, alın təri və zəhməti ilə çalışıb. Çünki yaxşı bilirdi ki, torpaq zəhməti sevən insanı heç vaxt naümid qoymur.
Xəlil kişi 1966-cı ildə ailə həyatı qurub. Altı oğul və dörd qız övladının atasıdır. Hazırda 32 nəvəsi və 15 nəticəsi var. Böyük ailə sahibi olmaq hər zaman böyük məsuliyyət deməkdir. Övladların tərbiyəsi, onların cəmiyyətə faydalı insanlar kimi yetişdirilməsi valideyn ömrünün ən mühüm missiyalarından biridir.
Bu baxımdan Xəlil kişinin ailə həyatı da nümunəvi olub. Övladlarına zəhmətkeşliyi, halallığı, dürüstlüyü və Vətənə bağlılığı aşılaması onun ata kimi ən böyük xidmətlərindən biridir. Bu gün geniş bir nəslin ağsaqqalı kimi hörmət görməsi heç də təsadüfi deyil.
Xəlil Məcidov 1966–1987-ci illərdə Yardımlı rayonunun Bilnə kənd kitabxanasına rəhbərlik edib. İyirmi ildən artıq davam edən bu şərəfli fəaliyyət onun ömür yolunun ayrılmaz hissəsinə çevrilib və maarifçilik missiyasını layiqincə yerinə yetirdiyini göstərib. Həmin illərdə kənd kitabxanası yalnız kitabların toplandığı məkan deyil, həm də kəndin mədəni və mənəvi həyatının əsas ocaqlarından biri idi. Burada keçirilən görüşlər, mütaliə saatları və maarifləndirici tədbirlər insanların dünyagörüşünün formalaşmasına, gənc nəslin elmə və kitaba marağının artmasına mühüm töhfə verirdi. Bu səbəbdən onun kitabxanaçı kimi fəaliyyəti yalnız bir peşə deyil, həm də mühüm maarifçilik xidməti kimi qiymətləndirilə bilər.
1987–1990-cı illərdə Vərgədüz Kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin katibi vəzifəsində çalışıb. 1990–1991-ci illərdə Bilnə kəndindəki “Nəsimi” kolxozunda aqronom kimi fəaliyyət göstərib. 1992–1993-cü illərdə isə Bilnə kəndindəki Nəsimi adına kolxoza sədr olaraq rəhbərlik edib. Sədrliyi dövründə özünü ədalətli, prinsipial və dürüst rəhbər kimi tanıdıb, kolxoz üzvlərinin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşıb. Hər bir əmək adamının zəhmətini layiqincə qiymətləndirib, haqqın tapdalanmasına yol verməyib, qərarlarında obyektivliyi və vicdanlı mövqeyi ilə seçilib. Onun rəhbərlik üslubunun əsasını insan amilinə hörmət, ədalət və məsuliyyət təşkil edib. Kənd sakinlərinin rəğbətini qazanan bu xüsusiyyətlər onun nüfuzunu daha da artırıb və insanların etimadını qazanmasına səbəb olub.
1994-cü ildə kolxozların birləşdirilməsi ilə əlaqədar Vərgədüz kəndindəki M.Ə. Rəsulzadə adına kolxozda sədr müavini kimi fəaliyyət göstərib. 1995-ci ildə kolxozların ləğv olunması səbəbindən həmin vəzifədən ayrılıb. 1995–1996-cı illərdə isə Bilnə Kənd Təsərrüfatı İstehsalat Kooperativində aqronom kimi çalışıb.
Xəlil Məcidov müxtəlif vəzifələrdə fəaliyyət göstərsə də, onu tanıyanların yaddaşında ilk növbədə məsuliyyətli, sözübütöv və etibarlı insan kimi qalıb. Vəzifələr keçicidir, insanın qazandığı hörmət isə ömürlükdür. Onun uzun illər ərzində qazandığı nüfuz da məhz dürüstlüyünün, prinsipiallığının və insanlara səmimi münasibətinin nəticəsidir.
Hazırda təqaüddə olan Xəlil kişi ömrünün müdriklik çağını yaşayır. Onun keçdiyi həyat yoluna zəhmət, vicdan və ləyaqətlə yazılmış bir ömür salnaməsi kimi baxmaq olar. Bu ömür yolu sübut edir ki, insanı yaddaşlarda yaşadan tutduğu vəzifə və mövqe deyil, ləyaqəti, xeyirxahlığı və cəmiyyətə bəxş etdiyi dəyərlərdir.
Belə ömürlər zaman keçdikcə daha böyük dəyər qazanır. Çünki onlar gələcək nəsillər üçün həyat dərsi, mənəvi örnək və insanlıq məktəbi olaraq qalır.
Səksən illik ömür yoluna nəzər saldıqda aydın görünür ki, Xəlil Məcidovun ən böyük qazancı insanların ona bəslədiyi hörmət, inam və etibardır. Uzun illər ərzində qazandığı nüfuz onun dürüstlüyünün, zəhmətkeşliyinin və insanlara səmimi münasibətinin nəticəsidir.
Xəlil Məcidov bu gün də el arasında sözü keçən, hörmətlə qarşılanan ağsaqqallardan biridir. Ona möhkəm cansağlığı, övladlarının, nəvələrinin və nəticələrinin uğurlarına şahid olmağı, qarşıdakı illəri sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq içində keçirməyi arzulayırıq.
Samir Əsədli
15-08-2026, 19:12
YADIMDAN  ÇIXMIŞ  ÜÇ  ŞEİR...

YADIMDAN ÇIXMIŞ ÜÇ ŞEİR...

Adi Sözdən Dərin Fəlsəfi Mənalar Yarada Bilən Şairmiz...

Təranə Dəmir...

Bu yaxınlarda yaradıcılığını həmişə böyük maraqla izlədiyim gözəl şairəmiz Təranə Dəmirin, hansısa saytda yayımlanan üç şeiri yenidən diqqətimi çəkdi. Vaxtilə oxuyub bəyəndiyim, ruhumu ovsunlayan bu şeirləri bir gün münasibət bildirəcəyəm düşüncəsi ilə vatsap səhifəmdə yerləşdirmişdim. Üstündən xeyli vaxt keçdiyindən, doğrusu, həmin şeirlər artıq yadımdan çıxmışdı.
Bu səhər telefonumda səhifəmi köhnə yazılardan təmizləyərkən həmin şeirlər yenidən qarşıma çıxdı. Onları bir daha oxudum və qəribədir ki, ilk oxunuşdakı duyğular yenidən qayıtdı. Bəzən insanın yaddaşından çıxan bir misra, bir şeir, bir poetik duyğu illər sonra yenidən qarşısına çıxanda onu əvvəlkindən də dərindən düşündürür. Təranə xanımın bu üç şeiri də məndə məhz belə bir təsir yaratdı.
Ümumiyyətlə, Təranə Dəmir müasir Azərbaycan poeziyasında özünəməxsus poetik düşüncə tərzi ilə seçilən şairələrimizdəndir. Onun yaradıcılığında zahirən sadə görünən sözlərin arxasında daha dərin mənalar, duyğular və düşüncələr dayanır. Şairə çox danışmaqdan, fikri söz yığınına çevirməkdən daha çox, az sözlə böyük mənalar yaratmağa çalışır.
Onun şeirlərində daxili tənhalıq, azadlıq arzusu, insanın özünü və öz həqiqətini axtarması, zamanın insan ruhunda yaratdığı mənəvi boşluq və bu boşluqla mübarizə kimi mövzular xüsusi yer tutur. Lakin bütün bunlar şeirdə birbaşa, açıq şəkildə deyil, daha çox duyğu, obraz və poetik işarələr vasitəsilə ifadə olunur.
Elə buna görə də Təranə Dəmirin şeirlərini sadəcə oxumaq kifayət etmir; onları duymaq, sətirlərin arxasındakı səssizliyi dinləmək, sözlərin görünməyən tərəfinə boylanmaq lazım gəlir.
İndi həmin üç şeirə bir daha nəzər salarkən, məndə yaranan duyğuları və düşündürdüklərini bölüşmək istəyirəm.
Sıra ilə paylaşılan birinci, "Kibrit çöpü boydadı azadlıq..." şeirindən başlamaq istəyirəm.
Bu şeir yuxarıda qeyd etdiyim kimi, ilk baxışda çox sadə görünür, amma dərin fəlsəfi qatlara malikdir.

"Ömür kələ-kötür,
Ayaqlarım çəlik.
Ürəyimi söz aparır,
Əllərimi təklik."


Şairə həyat yolunu "kələ-kötür" adlandırmaqla ömrün hamar olmadığını göstərir. Burada "ayaqlarım çəlik" ifadəsi fiziki qüsuru yox, ayaqlarını həyatın ağırlığından yorulmuş ruhla eyniləşdirir.
"Ürəyimi söz aparır" misrası göstərir ki, onu yaşadan poeziyadır. "Əllərimi təklik" isə insanın həyat qarşısında köməksiz qalmasını ifadə edir.
Burada maraqlı bir qarşılaşdırma var:
ürək – sözlə doludur;
əllər – təklik içindədir.
Yəni düşüncə zəngindir, amma həyat boşdur.

"Təzə arzular, boyat misralar
Üşüyür varağın küncündə."


Şairəmiz in bu misraları olduqca uğurludur. Burada, "Təzə arzular" gələcəyə inam, "Boyat misralar" isə köhnəlmiş sözlərdir.
Yəni, şairə bununla demək istəyir ki, arzular yenidir, amma onları ifadə edən sözlər köhnəlib.
Təranə Dəmirin bu şeirlərinə baxışda ona görə bu ifadəni, "Onun yaradıcılığında zahirən sadə görünən sözlərin arxasında daha dərin mənalar, duyğular və düşüncələr dayanır."- kəlməsini işlətdim ki, həqiqətən onun şeirinin hər bir sözü çözülməlidir. Məsələn;"Üşümək" burada fiziki hal deyil.
Bu, şairənin öz düşünsinə görə bəlkədə yazılmayan şeirləri,
həyata keçməyən arzuları və səssiz qalan hisslərdir.
Növbəti misrada isə;

"Kibrit çöpü boydadı azadlıq,
Yandırsam alışacaq."


deyən şairə üçün "Azadlıq" burada böyük meydan deyil. "Bir kibrit çöpü..." qədər balacadır. Onuda "Yandırsam alışacaq" deməklə bildirir ki, kibriti yandırmaq kifayətdir ki, böyük alov başlasın. Burada iki fikir düşüncədə özünə yer alır. Azadlıq çox kövrəkdir və eyni zamanda böyük dəyişiklik yarada bilər.
Şeirin sonluqun şairəmiz oxucunu ümüdləndirir;

"Çətini Tanrıya çatanacandı,
Yaxşı ki, ümid var."


Bununlada şairə deyir ki, insan üçün ən çətin yol Allaha çatmaqdır. Bu ümüddi insanı ayaqda saxlayan.
Bu iki misra, həmdə şeirin bütün fəlsəfi nəticəsidir.

Təranə xanımın həmin saytda gedən ikinci şeiri" ÜŞÜYÜR " adlanır. Bu şeir ritm üzərində qurulub.
Əsas söz, "üşüyür"dü. Şairə burada fiziki soyuqdan danışmır.
Mənəvi üşümədən danışır;

"Hərə bir rəngdə darıxır,
Hərə bir dadda üşüyür.
Hərə bir kökdə doğulur,
Hərə bir adda üşüyür."


Şairə burada insan talelərinin müxtəlifliyi göstərir. Yəni, hamı eyni deyil. Hərənin ağrısı başqadır.
Dərdi də başqadır. O ağrıya, o dərdə görə "üşüyür".

"Hərə bir sözə aldanır,
Hərə bir gözə aldanır,
Hərə bir közə aldanır,
Hərə bir odda üşüyür."


Şeirin bu bəndində üçpilləli düşüncə var. Söz, Göz və Köz. Söz düşüncəni ifadə edir, göz sevgini, köz isə ehtirası göstərir. Amma, insan gah sözə, gah baxışa, gah da ehtirasına uduzub, ona görə yenə odda üşüyür.

"Qovhaqovdu, qaçaqaçdı,
Gəlhagəldi, köçəköçdü,
Küy-kələkdi, pıçapıçdı,
Hərə bir notda üşüyür."


Təranə xanım şeirin bu yerində məharətlə səs harmoniyası üzərinə keçid edir.
Çünki, sözlərin ardıcıl axını insan həyatının qarışıqlığını canlandırır.
Həmdə, elə bil ki, şeirin bu bəndini oxuyarkən sanki insanın nəfəsi çatmır. Buda həyat ritminin göstəricisidir.
Şeir çox gözəl sonluqla bitir. Çünki insan nə olmasından, kim olmasından aslı olmayaraq, birinci vəzifəsi "öz mənini axtarmaqdır."

"Hərə öz dənin axtarır,
Hərə öz mənin axtarır,
Hərə öz tənin axtarır,
Hərə bir yadda üşüyür."


Bu artıq ekzistensial, yəni, insanın varoluşunu, həyatın mənasını, azadlığını və fərdi məsuliyyətini mərkəzə qoyan fəlsəfi yanaşmadır. Bu düşüncəyə görə, insan əvvəlcə var olur, sonra öz həyatının mənasını və mahiyyətini öz seçimləri ilə özü yaradır. Şairəmiz insanın kim olduğunu, niyə yaşadığını və
hansı yola aid olduğunu axtarışını verir. Şeir elə bu fəlsəfi axtarışla tamamlanır.

Təranə xanımın həmin saytda gedən üçüncü şeiri isə gecə obrazı üzərində qurulmuş mənəvi qaranlıq tablosudur.

"Bu axşam dəyməyib hələ,
Ulduzu kal, ayı kaldı.
Buludu kal , yağışı kal,
Sükutu kal, hayı kaldı."


Bilirik ki, "Kal" sözü yetişməmək mənasında işlənilir. Şairə də bunu eyni mənada işlədib. Amma, göy səması cisimlərinin timsalında verməsi ilə demək istəyir ki, hələ, zaman özü yetişməyib. Göy də yetişməyib, kaldı, ulduzu, ayı, buludu, yağışı, hətta sükutu, hayı da kaldı.
Bu maraqlı poetik üsul oxucunu düşündürür. Axı, adətən "kal" meyvəyə aid edilir.
Şairə buludu, yağışı, sükutu "kal" adlandırmaqla təbiəti insanın daxili vəziyyətinə çevrir.
Şeirin ikinci bəndində isə hörmətli şairəmiz yaşadığımız cəmiyyətin tablosunu çəkir;

"Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında.
Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında."


"Hər tərəf həsrət içində,
Hər yan töhmətin altında." deməklə şairə göstərmək istəyir ki, insanlarda həsrətdə yaşayır, ittiham olunur, artıq rahat nəfəs ala bilmir.

"Yuxu da qaçıb gizlənib
Göyün yeddinci qatında."

Bu obraz çox uğurlu obrazdı. Çünki, yuxunun qaçması insan rahatlığının itirilməsini göstərir. "Yeddinci qat" isə əlçatmazlıq rəmzidir.

"Yarı işıq, yarı zülmət,
Bilmirsən hardan baxasan.
Yoxdu qapısı, bacası
Durub gecədən çıxasan."


Şairə gecəni adi zaman kimi yox, insanın mənəvi həbsxanası kimi təqdim edir. Yəni bu gecənin
qapısı yoxdur, pəncərəsi yoxdur.
İnsan bir çıxış yolu tapa bilmir.
Bu, ümidsizliklə ümid arasında qalmış ruhun bədii təsviridir.
Təranə Dəmir yaradıcılığın izləyən biri kimi deyə bilərəm ki, şairəmiz istənilən yaradıcılıq nümunəsində müxtəlif bədii vasitələrdən ustalıqla istifadə edir.
Məsələn, birinci şeirində "Kibrit çöpü boydadı azadlıq" və "Ürəyimi söz aparır", üçüncü şeirində isə "Yuxu da qaçıb gizlənib" kimi bədii bənzətmələri çox orjinaldı.
Ümumiyyətlə götürdükdə Təranə Dəmirin bu üç şeirində insanın daxili dünyası, tənhalığı, azadlıq ehtiyacı və mənəvi axtarışları poetik-fəlsəfi dildə ifadə olunur. Şairə klassik emosional təsvirlərdən çox, simvolik obrazlara və yığcam bədii bənzətmələrə üstünlük verir. Xüsusilə "Kibrit çöpü boydadı azadlıq" misrası bütün silsilənin ideya mərkəzinə çevrilir. Bu misra göstərir ki, azadlıq bəzən çox kiçik görünə bilər, lakin insanın cəsarəti ilə böyük dəyişikliklərin başlanğıcına çevrilmək gücünə malikdir.
Şairəmizin bu şeirləri oxucunu hazır cavablarla deyil, suallarla baş-başa qoyur. Məhz bu xüsusiyyət onları müasir poeziyanın düşündürən və yadda qalan nümunələri sırasında dəyərləndirməyə əsas verir. Məncə, Təranə Dəmirin poetik uğuru da elə bundadır. O, adi görünən sözlərdən dərin fəlsəfi mənalar yarada bilir.

Elxas Comərd,
AYB-nin üzvü,
şair-publisist.
15-08-2026, 19:00
Elm və mərifət nurunun əbədiyyət köçü


Elm və mərifət nurunun

əbədiyyət köçü


Dosent Mustafa Yusifovun əziz xatirəsinə.

Uca yaradanın nurlu bir həqiqəti var ki, bu fani dünyada hər nəfəs bir ayrılıq carçısı, hər ölüm isə ruhun əbədi vəhdətə və asimana ucalmasıdır. Allah dərgahında alimin mürəkkəbinin şəhidlərin müqəddəs qanı ilə tərəziyə qoyulduğu, hətta ondan da üstün tutulduğu bir elmi-ilahidə, ömrünü cəhalətin qaranlığını yarmağa və insanlığı nura qovuşdurmağa adayan fədakar bir alimin gedişi, kainatın bir parçasının qaranlığa qərq olması deməkdir. Müasir Azərbaycan təhsil və elm mühitinə, xüsusilə Gəncə Dövlət Universitetinin çoxşaxəli kollektivinə məhz belə bir ağır və sarsıdıcı itki üz vermişdir. Yarım əsrdən çox bir dövrdə elmin və mərifətin qapılarını gəncliyin üzünə açan tanınmış alim, arif pedaqoq, Gəncə Dövlət Universitetinin Tətbiqi riyaziyyat kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru, dosent Yusifov Mustafa Qasım oğlu ömrünün 81-ci ilində əbədiyyətə qovuşmuşdur. Yusifov Mustafa Qasım oğlu 2 fevral 1945-ci ildə Azərbaycanın qədim və ziyalı yurdu olan Tovuz rayonunun Bayramlı kəndində, mənəviyyata və zəhmətə bağlı çoxuşaqlı bir ailədə dünyaya göz açmışdır. İki qardaş və iki bacının əhatəsində, halallıq və elm sevgisi ilə böyüyən Mustafa müəllim, Allahın ona bəxş etdiyi fitri istedad və analitik zəka sayəsində doğma Bayramlı kəndinin tarixində silinməz bir iz qoyaraq, o kəndin ilk alimlərdən biri olmaq şərəf və iftixarına nail olmuşdur. Bayramlı kəndindən başlayan elm cığırı, sonradan böyük bir akademiyanın gur işığına çevrilmişdir. 1962-ci ildə orta təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, riyazi təfəkkürünü mühəndislik elmi ilə qovuşdurmaq məqsədilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Kənd təsərrüfatının mexanikləşdirilməsi" fakültəsinə daxil olmuş, 1967-ci ildə ali məktəbi fərqlənmə ilə bitirərək yüksəkixtisaslı mühəndis-mexanik adını qazanmışdır. Ali təhsilini tamamladıqdan dərhal sonra, 1968-ci ildə gənc mütəxəssis kimi Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunda fəaliyyətə başlayan Mustafa müəllim, maddənin və mexanikanın sirlərini riyazi modelləşdirmənin dili ilə çözməyə çalışmışdır. O, elmi axtarışlarını respublika hüdudlarından kənara çıxararaq beynəlxalq müstəvidə davam etdirmiş və dissertasiya işini Özbəkistanın fundamental elm mərkəzlərindən birində müvəffəqiyyətlə müdafiə edərək alimlik dərəcəsi almışdır. Elm pillələrində inamla irəliləyən alim, qısa müddətdə Ali Attestasiya Komissiyası tərəfindən "Dosent" elmi adına layiq görülmüş, mürəkkəb mühəndislik sistemlərinin tətbiqi riyaziyyat üsulları ilə təhlilinə həsr olunmuş dəyərli əsərləri ilə həm ölkəmizdə, həm də xaricdə böyük rəğbət qazanmışdır. Onun ruhunun ən ali ibadətgahı pedaqoji fəaliyyət, tələbə qəlbinə toxunmaq mütəaləsi idi. Bu ilahi sevgi ilə o, 1970-ci ildən etibarən taleyini Gəncə Dövlət Universiteti ilə bağlamış və yarım əsrdən artıq bir zaman kəsiyində universitetin Tətbiqi riyaziyyat kafedrasında müəllim, baş müəllim və dosent kimi şərəfli bir yol keçmiş və "Texnika üzrə fəlsəfə doktoru" elmi dərəcəsinə yüksəlmişdir. Tələbələrinə differensial tənliklərin, rəqəmlərin həndəsəsini öyrədərkən, əslində onlara həyatın və kainatın nizamını, mənəvi harmoniyasını aşılamışdır. Onun mühazirələri sadəcə elmi dərslər deyil, həm də bir mərifət məktəbi olmuş, bu məktəbdən ölkəmizin dörd bir yanına xidmət edən yüzlərlə kamil mütəxəssis yetişmişdir.

Qeyd edim ki, belə bir mübarək ziya sahibi atamın kiçik qardaşı sevimli əmimiz idi. Həyatın dəyişməz qanunauyğunluğu olan mənəvi sınaqlar Mustafa əmimin də ömür yolundan yan keçməmişdir. 2023-cü ildə onun uzun illər bir yerdə addımladığı, ruhən bütövləşdiyi vəfadar ömür-gün yoldaşı Firoza xanımın qəfil əbədiyyətə qovuşması, müdrik alimin qəlbində dərin və sarsıdıcı hüzün yaratmışdır. Bu ağır mənəvi hicran və keçirdiyi dərin sarsıntılar onun fiziki səhhətinə ciddi təsir göstərmişdir. Peşəsinə və tələbələrinə olan sonsuz sayğısından dolayı, öz rəsmi məruzəsi və şəxsi ərizəsi ilə sevimli elm ocağından ayrılmağı seçən alim əmimiz, ömrünün qalan hissəsini sükut və dualarla keçirmişdir. Dosent Mustafa Yusifov ensiklopedik biliyi ilə yanaşı, ədaləti, səmimiyyəti və təvazökarlığı ilə seçilən əsl klassik Azərbaycan ziyalısı, mübarək nur sahibi idi. O, təkcə cəmiyyət üçün deyil, öz doğmaları üçün də unudulmaz bir örnək, ailəsinin fəxr mənbəyi, üç oğulun fədakar atası, beş nəvə və iki nəticənin müdrik babası idi. Onun gedişi xüsusilə "əmi ata yarısıdır" hikmətini dərindən yaşayan və onun elmi işığından qürur duyan doğmaları, qardaşı övladları və bütün yaxınları üçün mənəvi bir dayağın çökməsidir. Onun pak ruhu qarşısında baş əymək, bu gün hər bir ailə üzvünün qəlbindəki ən ali ehtiram borcudur. Acı və təssüf hissi ilə qey edim ki, belə bir müqəddəs alim ömrü və şərəfli insan həyatı mübarək cümə günü 14 avqust 2026-cı il tarixində səhər saatlarında Gəncə şəhər Birləşmiş Xəstəxanasının Kardioloji Xəstəxanasında (Bağmanlar ərazisi) vəfat etmiş. Mərhum dosent əmim Mustafa Yusifov Gəncə şəhərinin ən müqəddəs və tarixi məkanı olan "İmamzadə" Ziyarətgah Kompleksinin qəbristanlığında, dualar və böyük ehtiramla torpağa tapşırıldı.
Elm bağçasının müdrik bağbanı,
Hicrandan pay alıb, köçdü karvanı,
Acısı yandırdı eli-obanı,
Əyildi qamətim, dizlər ağladı,
Qəm məni haxladı, gözlər ağladı.

Baxışı nur dolu, sözləri hikmət,
Baş alıb yol getdi, addımı zinət,
Cənnətə iz salan bir əbədiyyət…
Alışdı ciyərim, gözəl ağladı,
Yandırdı qəlbimi, sözlər ağladı.

O, uca bir zirvə, alim adamdı,
Mənim əmi payım, şanlı məqamdı,
Başımın pak tacı, canımda candı,
Vüqarlı dağ çökdü, düzlər ağladı,
Könlümə od saşan közlər ağladı

İslam peyğəmbəri Muhəmməd (s.ə.s.) mübarək bir kəlamı var: "Elm yalnızlıqda dost, qürbətdə yoldaş, tənhada sirdaş, bolluqda və darlıqda yol göstərici, düşmənlərə qarşı silah və dostlar yanında zinətdir. Allah elmlə cəmiyyətləri yüksəldir və onları davamlı yaxşılıqda öndər edər.”
Mustsfa əmim kimi möhtərəm bir nur sahibi cismən aramızda olmasa da, fədakar alimin müqəddəs miras qoyduğu elmi mənəvi irsi, mürəkkəbi və işıqlı xatirəsi onu tanıyanların, sevimli tələbələrinin və ailəsinin, əzizlərinin qəlbində daima yaşayacaqdır.
Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun İnşallah!

Dərin hörmət və ehtiramla: Zəkiyyə Musaqızı,
AJB və AYB üzvü.
15-08-2026, 11:43
Vaqonda


Hüseyn İsaoğlu,
yazıçı-publisist, AYB və AJB üzvü

Vaqonda

(Sənədli hekayə)

Bakı metrosunun "28 May" stansiyasından hərəkət edən qatarda yenə də sıxlıq idi. İynə atsaydın yerə düşməzdi. Relslərin ritmik səsi vaqondakı uğultuya qarışır, hərəni bir tərəfə aparan yollar burada kəsişirdi. Oturacaqların birində əllərində bazarlıq torbaları olan üç yaşlı qadın əyləşmişdi. Onlar yorğun gözlərlə vaqondakı sərnişinləri süzür, arabir öz aralarında nə barədəsə pıçıldaşırdılar. Bir az irəlidə, qapının girəcəyinə yaxın iyirmi- iyirmi bir yaşlarında bir oğlanla qız əyləşmişdi. Oğlanın qulağında qulaqcıq var idi, qız isə diqqətlə telefonun ekranına baxıb nəsə oxuyur və gülümsəyirdi. Onların yanında qucağında körpəsi olan gənc bir ana və əlində ağır çanta tutmuş yaşlı bir kişi ayaq üstə dayanmışdı. Gənclər isə sanki ətrafda baş verənlərdən tamamilə xəbərsiz idilər. Bu mənzərə oturan qadınların diqqətindən qaçmadı. Nənə yaşındakı Xalidə xala çantasını dizinin üstündə düzəldib, yanındakı rəfiqəsinin qoluna toxundu. Gəncləri göstərərək dərindən ah çəkdi: - A bacı, biz cavan olanda böyük-kiçik yerini bilirdik. Yaşlı insanlar, körpə uşaqlara yer verirdik. Avtobusa, metroya bir ağsaqqal minəndə utancımızdan ayağa durmağa yer tapmırdıq. İndiki bu uşaqlar nə böyük sayır, nə də ki kiçik. Hərəsi bir telefonu alıb əlinə oynayırlar. Dünyadan xəbərləri yoxdur.Onun sözlərini başı ilə təsdiqləyən Tamilla xala eynəyini burnunun üstündə düzəldib söhbətə qoşuldu. Səsində həm qəzəb, həm də giley var idi: - Eh ay bacı, elə bu gənclərin, uşaqların evini yıxan telefondur. Vallah bu əl telefonları çıxandan abır-həyaımız da gedib. Texnologiya dedilər, tərəqqi dedilər, amma mənəviyyatımızı əlimizdən aldılar. Günü-gündən ailələrin dağılmasına da elə bu səbəb olur. Hamı bir evdə oturur, amma hərə bir ekrana baxır. Virtual dünya real canı-ciyərlərimizi bizdən ayırdı. Üçüncü rəfiqə, Solmaz xala gənclərə tərəf baxıb acıqla dilləndi:-Düz deyirsən, a bacı, düz deyirsən.
Onlar başlarını yelləyib dərindən köks ötürdülər. Yaşlı qadınların bu giley-güzarı, səs tonlarının bir az yüksək olması yaxınlıqdakı bəzi sərnişinlərin də diqqətini çəkdi. Həmin an vaqon kəskin şəkildə uğuldadı - qatar qəfil tormoz verdi. Ayaq üstə dayanan yaşlı kişinin əlindəki ağır çanta sürüşüb yerə düşdü, içindəki meyvələr, sənədlər vaqonun döşəməsinə dağıldı. Qucağında körpəsi olan ana isə müvazinətini itirib yıxılmaq təhlükəsi yaşadı.
Məhz bu saniyədə qadınların "tərbiyəsiz" adlandırdığı həmin gənclər ildırım sürətilə hərəkətə keçdilər. Qulaqcıqlı oğlan çevik hərəkətlə körpəli ananın qolundan tutub onu yıxılmaqdan qorudu. Sonra isə öz yerini ona təklif etdi: "Buyurun, bacı, əyləşin, uşaqla çətindir." Telefonuna baxan gənc qız isə saniyə itirmədən yerə çökdü. O, yaşlı kişinin səpələnmiş sənədlərini, almalarını bir-bir yığıb çantasına qoymağa başladı. Kişinin qoluna girib ona kömək etdi və özünün oturduğu boş yeri ona göstərdi:
"Ata, buyur əyləş, buralar çox sıxlıqdır, yorularsan". Yaşlı kişi gənc qızın saçını sığallayıb "Çox sağ ol, qızım, mürvətiniz bol olsun" dedi. Körpəli ana da gənc oğlana təşəkkür etdi. Bütün bunları kənardan sakitcə izləyən üç yaşlı qadın bir-birinin üzünə baxdı. Bir neçə dəqiqə əvvəl etdikləri sərt tənqidlərdən sonra vaqona ağır bir sükut çökdü. Onlar başa düşdülər ki, əlində telefon tutmaq və ya qulaqcıq taxmaq hələ insanın daxilindəki mərhəməti, tərbiyəni və böyüyə hörməti yox etmir. Zaman dəyişsə də, gənclərin xarici görünüşü fərqli olsa da, xalqın genindən gələn o gözəl adətlər hələ də yaşayırdı.
Xalidə xala utandığından torbasının ipini bərk-bərk sıxdı və yavaş səslə pıçıldadı: "Günahlarını aldıq... Maşallah, qanacaqlı uşaqlardır." Tamilla xala və Solmaz xala da sakitcə başlarını aşağı salıb, gənclərin bu davranışına ürəkdən sevindilər. Qatar isə növbəti stansiyaya doğru sürətlə irəliləyirdi.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!