Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
24-08-2026, 13:30
DOSTLARIMA NÜMUNƏ

Hacı Məmmədov yazır:

DOSTLARIMA NÜMUNƏ

Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin, görkəmli simalarının həyat və yaradıcılığını işıqlandıraraq ədəbiyyatımıza böyük töhvələr verən, bir neçə tarixi romanın müəllifi, öz əsərləri ilə geniş oxucu kütləsinin dərin hörmət və rəğbətini qazanmış nasir publisist Mustafa Çəmənlinin 70-ci illərdə oxuduğum bir hekayəsi var idi. (Təəssüf ki, indi təkrar oxumağa tapmadım.) "Ləpirlər". Əsərin qısa məzmunu belədir:
Ömrün ahıllıq vaxtında yaşayan bir cütlük qışın oğlan çağında əl-ələ tutub topa-topa yağan qarın üzərində iz sayaraq, həyatlarının sonuncu qışının dadını çıxarırlar. Və bir neçə gün sonra biri dünyasını dəyişir. Sağ qalan hər gün son xatirə kimi qar üzərində qalan ləpirləri əzizləyir, az qala ona səcdə edir. Təbii ki, baharın gəlişi çox gözləmir. O isə baharın gəlməsini heç istəmir, çünki qar üzərindəki izlər baharın hərarətindən əriyib torpağa qovuşur, itib gedir....
Adətim üzrə hər gün səhərlər Ukrayna dairəsindəki Heydər Əliyev parkında gəzərkən rastlaşdığım bu cütlük o hekayənin qəhrəmanlarını xatırlatdı. Əhsən sənə, - dedim - Mustafa Çəmənli. Yaxınlaşıb tanış oldum, çox səmimiyyətlə Tolik və Taya dedilər. Üzlərindəki təbəssüm gözlərini işıqlandırırdı. Necə də xoşbəxt görünürdülər. Sizi mehribanlıq, məhəbbət rəmzi kimi dostlarımla bölüşə bilərəm, -nümunə götürsünlər deyə şoruşdum? Əlbəttə, əlavə edin ki, 52 ildir bir yerdəyik. Tolikin 85 yaşı var…
Yaşadığımız barıt qoxulu planetimizin hər gün bir tərəfindən fəlakət gözlənilən qalmaqallı dünyamızda bu qədər saf, ülvi məhəbbət gördükdə həyat eşqi artır, yaşamaq həvəsi yüksəlir. Daha möhkəm tellərlə həyata bağlanır insan. Ona görə paylaşmaq istədim ki, onların simasında bu xoşbəxtliyi hər kəs görə bilsin. Hər kəsə rahat mehribanlıq, ülvi və saf məhəbbətlə dolu həyat tərzi, uzun ömür diləyi ilə…

Hacı MƏMMƏDOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
24-08-2026, 12:10
ZAMANIN SINAĞINDAN   KEÇMİŞ DOSTLUQ


ZAMANIN

SINAĞINDAN

KEÇMİŞ DOSTLUQ


Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə səfəri Özbəkistan–Azərbaycan münasibətləri tarixində mühüm hadisədir. İki qardaş dövlət rəhbərlərinin görüşləri, səmərəli danışıqlar və xüsusilə “Əbədi dostluq haqqında” müqavilənin imzalanması xalqlarımız arasındakı əzəli yaxınlığı yeni tarixi mərhələyə çıxardı.
Həqiqətən də, özbək və Azərbaycan xalqlarını bir-birinə bağlayan tellər bu gün ya dünən yaranmayıb. Onların kökləri əsrlərin dərinliyinə gedib çıxır. Dil və qəlb yaxınlığı, ortaq tarix, mədəniyyət, adət-ənənə və dəyərlər iki xalqın mənəvi dünyasını əzəldən bir-birinə yaxınlaşdırıb. Bu səbəbdən özbək-Azərbaycan dostluğu təkcə siyasi maraqların tələbi ilə formalaşmış bir münasibət deyil, zamanın sınağından keçmiş qardaşlıqdır.
Bu gün dövlət rəhbərlərinin görüşləri, imzalanmış sənədlər və əldə olunmuş razılaşmaların siyasi-iqtisadi əhəmiyyəti haqqında kütləvi informasiya vasitələrində çoxlu materiallar dərc edilir. Biz isə bu tarixi hadisə münasibətilə iki xalqın dostluğunun daha bir mühüm və qədim səhifəsi – özbək və Azərbaycan ədəbi əlaqələri haqqında söz açmaq istədik.
Çünki xalqları bir-birinə siyasət və iqtisadiyyat yaxınlaşdıra bilər, amma onların qəlbini ədəbiyyat və mədəniyyət bağlayır. Özbək və Azərbaycan ədəbi əlaqələri tarixi də məhz belə bir mənəvi yaxınlığın parlaq ifadəsidir.
Klassik ədəbiyyatımızın tarixinə nəzər salsaq, bu mənəvi yaxınlığın köklərinin nə qədər dərin olduğunun şahidi olarıq. Böyük Nizami Gəncəvi yaradıcılığı əsrlər boyu özbək ədəbiyyatına səmərəli təsir göstərib. Qütb Xarəzmi Nizami ənənələrinin təsiri ilə “Xosrov və Şirin” dastanını yaratmışsa, Heydər Xarəzmi “Məxzənul-əsrar” əsərini yazmışdır. Sonralar Əlişir Nəvai Nizaminin əsasını qoyduğu xəmsəçilik ənənəsini yeni zirvəyə qaldıraraq, türk dilində mükəmməl “Xəmsə” yaratdı. Nəvai bu böyük sələfini özünə ustad hesab etmiş və onun dühasını yüksək ehtiramla etiraf etmişdir:

Asan deyil bu meydan içrə durmaq,
Nizami pəncəsinə pəncə vurmaq.


Bu mənəvi dialoq sonrakı əsrlərdə də davam etdi. Azərbaycan poeziyasının böyük nümayəndəsi Məhəmməd Füzuli Nəvai yaradıcılığına yüksək ehtiramla yanaşdığı kimi, özbək şairləri də Füzulini özlərinə ustad hesab etmişlər. Agahi, Əmiri, Üveysi, Muqimi və digər bir çox sənətkarların Füzuli ənənələrinə müraciət etməsi ədəbiyyatlarımız arasındakı təsir və yaradıcı dialoqun qırılmazlığından xəbər verir.
XX əsrə gəldikdə isə bu əlaqələr yeni məzmun qazandı. Bu dövrdə iki xalqın dostluğunu öz taleyi və yaradıcılığı ilə birləşdirən böyük simalardan biri Maqsud Şeyxzadə oldu. Azərbaycanda doğulub, taleyin hökmü ilə Özbəkistana gələn Mqasud Şeyxzadə bu torpağı öz Vətəni bildi, özbək dilində yazıb-yaratdı və XX əsr özbək ədəbiyyatının görkəmli nümayəndəsinə çevrildi. Onun “Cəlaləddin Manquberdi”, “Mirzə Uluqbəy”, “Daşkəndnamə” kimi əsərləri özbək ədəbiyyatının misilsiz xəzinəsinə çevrildi. Bu mənada, Maqsud Şeyxzadə təkcə böyük sənətkar deyil, həm də iki xalqın dostluğunun rəmzi timsalıdır.
Müstəqillik illərində ədəbi əlaqələr üçün yeni imkanlar açıldı. Azərbaycan ədiblərinin əsərləri özbək dilinə, özbək ədəbiyyatının bir çox nümunələri isə Azərbaycan dilinə tərcümə edildi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Elçin, Ramiz Rövşən kimi sənətkarların əsərləri özbək oxucusuna çatdırıldığı halda, Abdulla Aripov, Erkin Vahidov, Osman Əzim və digər özbək yazıçı və şairlərinin əsərləri Azərbaycan oxucularına təqdim olundu.
Sevindirici haldır ki, son illərdə bu proses daha da canlanmışdır. İki ölkədə keçirilən mədəniyyət günləri, ədəbi görüşlər, yeni tərcümələr və kitab təqdimatları mənəvi əməkdaşlığın yeni səhifələrini açır. 2024-cü ildə Bakıda Özbəkistan elm və mədəniyyəti günləri keçirildiyi halda, Daşkənddəki Azərbaycan mədəniyyəti günləri çərçivəsində böyük Məhəmməd Füzulinin əsərlərinin təqdimatı təşkil olundu.
Özbək ədəbiyyatının Azərbaycanda öyrənilməsi və təbliğ edilməsində azərbaycanlı alimlərin də layiqli töhfəsi var. Xüsusilə, tanınmış ədəbiyyatşünas, professor Almaz Ülvinin (Binnətova) çoxillik elmi fəaliyyəti təqdirəlayiqdir. Onun özbək ədəbiyyatına, xüsusən də Əlişir Nəvai yaradıcılığına həsr olunmuş çoxsaylı tədqiqatları iki xalqın ədəbi əlaqələrinin elmi əsaslarını zənginləşdirməkdədir. “Əlişir Nəvainin əsri və nəsri” kitabının özbəkcə yeni nəşri də bu davamlı elmi dialoqun daha bir sübutudur.
Bu məqamda daha bir rəmzi hadisəni xatırlatmaq yerinə düşər. 2024-cü ildə Prezident Şavkat Mirziyoyev Bakıda azərbaycanlı şair və tərcüməçi Akif Bağırov – Akif Azalp ilə görüşdü. O, bir çox özbək sənətkarlarının əsərlərini Azərbaycan dilinə tərcümə edərək, ədəbiyyatımızı qardaş xalq arasında təbliğ edir. Dövlətimizin başçısı onun özbək ədəbiyyatının Azərbaycanda populyarlaşdırılmasına və mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni xüsusi qeyd etdi.
Bu gün isə həmin çoxəsrlik mənəvi yaxınlıq dövlətlərimizin münasibətlərində yeni tarixi məzmun kəsb edir. Prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev tərəfindən imzalanmış “Əbədi dostluq haqqında” müqavilə xalqlarımızın əsrlər boyu formalaşmış qardaşlığının məntiqi davamı oldu.
Nizamidən Nəvaiyə, Nəvaidən Füzuliyə, Maqsud Şeyxzadədən bugünkü yaradıcı insanlara və alimlərə qədər davam edən ədəbi dialoqun özü bu dostluğun nə qədər sarsılmaz olduğunu göstərir. Dövlətlər arasındakı müqavilələr müəyyən bir tarixi dövrdə imzalanır. Lakin xalqların qəlbinə həkk olunmuş dostluğun tarixi əsrlərlə ölçülür. Özbək və Azərbaycan xalqlarının dostluğu məhz belə – zamanın sınağından keçmiş və gələcəyə yönəlmiş əbədi dostluqdur.

Obidjon ŞOFİYEV,

Özbəkistan Respublikası, Termiz Dövlət Universitetinin gənclərlə iş və
mənəvi-maarifləndirmə məsələləri üzrə birinci prorektoru,
filologiya elmləri üzrə fəlsəfə doktoru (PhD), dosent


Azərbaycan dilinə tərcümə etdi: Atilla SÜLEYMANLI
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!