Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Bu gün, 10:41
Acının və ümidin hekayəsi

Şəbnəm RÜSTƏMOVA

Acının və ümidin

hekayəsi


Əziz oxucular, 1992-ci ildə Qızlqum sanatoriyasında Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşüb “Qarabağa qayıdacağıq” adlı reportaj hazırlamışdım. Öz həvəskar fotoaparatımla çəkdiyim şəklin də altına yazmışdım:-

“Bu qocaların qisasını bu uşaqlar alacaq.” Elə də oldu. O illərin uşaqları böyüyüb torpaqlarımızı işğaldan azad elədi və mən şəkildəki uşaqları axtarmağa başladım. Aradan keçən ağrı-acılı bir qərinədə nələr yaşadıqlarını özlərindən dinləmək istədim. Aradan bir müddət keçdi. Bu günlərdə mobil telefonuma bir mesaj gəldi:
“Salam, hər vaxtınız xeyir olsun! Eşitdim siz bu şəkildəki uşaqları axtarırsınız. Bəzilərini tanıyıram. Biri mənim həyat yoldaşımdır. Ordakı bir qızı və iki oğlanı daha yaxşı tanıyıram. Qız Ramanada, oğlanlar Şuşada yaşıyırlar. İstəsəniz əlaqə nömrələrini taparam. Mən də Qızılqum sanatoriyasında böyümüşəm və maraqlı bir hekayəm var. Əslində sizə yazmaqda məqsədim odur ki, mənim də həyat hekayəmi oxuyasınız. Mən Rüstəmova Şəbnəm - DİİXİ Hİ Şuşa Rayon Komitə sədriyəm.
Bu mesajın davamı da vardı. Amma sevincdən, həyəcandan oxuya bilmədim. O günlərin acı xatirələri bu şad xəbərə qarışıb gözlərimin qabağına tor çəkdi. Nə qədər çalışdımsa o tor uzun zaman çəkilmədi. Ona görə də “balaca” Şəbnəmin həyat hekayəsini oxumağı sizin öhdənizə buraxdım.
Sayğılarla: Tamxil Ziyəddinoğlu,
Bütöv Azərbaycan Media Qrupunun rəhbəri

Zəfər mənim

qələmimdə


Bu gün 9 sentyabr 2025-ci ildir, həftənin ikinci günüdür. Hövsanda yerləşən məhkəmə binasındayam. Bildiyimiz kimi, 3 oktyabr 2023-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Qarabağda keçmiş qondarma “Artsax” rejiminin bir sıra rəhbərləri saxlanılıb. Yanvarın 17-sindən onların məhkəməsi aparılır. Mütəmadi olaraq mən də bu məhkəmələrdə iştirak edirəm.
Hamı zala daxil olur. Bu gün ən ön sırada əyləşdim. Məhkəmə başlamazdan öncə bir xanım məhkəmənin gedişatı haqqında təlimatlar verir.
Məhkəmə başladı.
— Qalxın, hakim gəlir!
Yavaş-yavaş şahid ifadələri başladı. Hər şahid danışmazdan əvvəl hakim sual verir:
— Bu şəxsləri tanıyırsınız?
— Sizə nə kimi zərərləri dəyib?
Bu söz mənə çox təsir etdi: “Sizə nə kimi zərərləri dəyib?”
Şahidləri dinləyə-dinləyə fikrim çox uzaqlara getdi...
30 aprel 1992-ci il. Mən anam, qardaşlarım və yaxın qohumlarımla birlikdə Şuşadan çıxdıq. Uşaq idim, amma hər şeyi xatırlayıram — dağların qoynunda qərib qalan evimizi, yollarda qalan izlərimizi, uşaq gülüşlərimin səsləndiyi həyətimizi... Qayğısız uşaqlıq illərimin bununla bitdiyini dərk etdim. O gün, özüm də bilmədən, içimdəki uşaqlıq hissini itirdim.
Atam və dayılarım döyüşdə idilər. Öncə qadınları və uşaqları çıxarırdılar. Əvvəl Ağdama, sonra Bakıya gəldik. Bizi Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Qızıl Qum” sanatoriyasına yerləşdirdilər və beləcə çətin qaçqın həyatımız başladı.
Böyük külfət, balaca otaq... nə əşya var idi, nə geyim, nə də doyunca yemək. Hər axşam anam o yorğun baxışları ilə bizə pıçıldayırdı:
— Bir gün hər şey yaxşı olacaq, uşaqlar...
Bir gün həyətdən səs-küy gəldi. Pəncərədən baxanda gördüm ki, yardım maşını gəlib. Bizə müxtəlif təşkilatlardan yardım gətirirdilər. Bilirsiniz, mənim anam utancaq insandır, heç vaxt yardım almağa getməzdi, bizə düşən payı qonşular alıb gətirirdilər.
Bu dəfə geyim və ayaqqabı gətirmişdilər. Yardımlar maşından boşaldıldı. Ayaqyalın halda iydə ağacının kölgəsində dayanmışdım. Hamı bir-birini səsləyirdi. Çoxlu ayaqqabı var idi. Bir qırmızı ayaqqabı gördüm, o qədər xoşuma gəldi ki... Amma növbə çox idi. Yenə də növbəyə dayandım.
Hey dua edirdim ki, mənim növbəm çatanadək heç kim o ayaqqabını götürməsin. Qırmızı rəngdə idi, üstündə bantik vardı. Təzə deyildi-burnu sürtülmüş, kiminsə köhnə bilib atdığı ayaqqabı idi. Amma təsəvvür belə etməzdim ki, o qırmızı ayaqqabı mənim üçün həm acının, həm də ümidin simvoluna çevriləcək.
Balaca ürəyim həyəcanla çırpınırdı. O ayaqqabını geyinib digər uşaqlara necə göstərəcəyimin xəyalını qururdum. Axı mən neçə aydır ayaqyalın gəzirdim.
Axır ki, mənim növbəm çatdı.

- Hə, ay saçı uzun qız, nə istəyirsən, götür, - dedi uca boylu, səliqəli geyimli dayı.
Həyəcanımdan əsirdim. Ayaqqabının birini götürmüşdüm ki, araya qarışıqlıq düşdü, çox sıxlıq olduğu üçün arada qaldım. Çəlimsiz uşaq idim.
Bir tay ayaqqabını möhkəm qucaqladım. Gerisini xatırlamıram. Özümə gələndə ayağımın və əlimin zədələndiyini gördüm. Ağrısı dözülməz idi.
İndi 40 yaşım var. O günlərdə yaşadığım acıların sözlərin gücü çatmadığı, yalnız göz yaşlarımla danışa bildiyi bir hekayədir:
Qırmızı ayaqqabı.
Bəzi hisslər var ki, sözlərlə izah etmək olmur. İndi mən hakimin sualına necə cavab verim ki, bu erməni canilərin mənə və mənim kimi nə qədər insanlara heç vaxt unutmayacaqları acılar yaşatdıqlarını hərtərəfli izah etmiş olum.
Müharibə bizim uşaqlığımızı əlimizdən aldı. Səssizcə böyüdük, ağrı acılarımıza sinə gərib göz yaşının yerinə gülümsəməyi öyrəndik. Çünki biz ağrının içindən güc tapan bir millətik.
44 günlük Vətən müharibəsi bunun ən canlı sübutudur. Biz bu qələbəni qəhrəman şəhidlərimizə, igid qazilərimizə, Ali Baş Komandanımızın dəmir iradəsinə borcluyuq. Bəli, 44 günlük Vətən müharibəsi hər kəsin gözü önündə yaşandı. Bu müharibə Azərbaycan xalqının qəhrəmanlıq, vətənpərvərlik və birlik ruhunu bütün dünyaya göstərdi.
Qələbə yalnız bayrağın ucalması deyil, həm də ruhların qalib gəlməsidir.
Ruhunuz şad olsun, Birinci Qarabağ döyüşündə qəhrəmancasına şəhid olan atalarımız. Bu xalq sizinlə həmişə fəxr edəcək. Qarşınızda baş əyirik - 44 günlük müharibədə qəhrəmancasına vuruşub canını verən şəhidlərimizə və sağlamlıqlarını vətənə qurban verən qazilərimizə. Bizə 8 noyabr Qələbə Günü sevincini yaşadan vətənimizin mərd oğulları! Biz həmişə sizi hörmət və sevgi ilə minnətdarlıqla anırıq. Çünki siz bu xalqın qürurusunuz, bu xalqın qeyrətisiniz. Zəfər bizimdir. Qarabağ Azərbaycandır.
P.S. Sonda bildirmək istəyirəm ki, əgər bu müsabiqədə yer tutsam, mənə təqdim edilən mükafatla kimsəsiz qız uşaqlarına qırmızı ayaqqabı alacağam.
DİİXİ Hİ Şuşa Rayon Komitə sədri Rüstəmova Şəbnəm Bəxtiyar qızı

Redaksiyadan: Şəbnəm Rüstəmova qalibi olduğu müsabiqədə qazandığı 300 manatla 4 kimsəsiz qıza və özünə -7 yaşında qırmızı ayaqqabı geymək nəsib olmayan Şəbnəmə qırmızı ayaqqabı alıb. 1992-ci ildə Qarabağa qayıdacağıq demişdim. İndi də deyirəm ki, bir gün o qırmızı ayaqqabını geyinib Cıdır düzünə gedəcəyik. Çünki Qarabağ bizimdir...
Bu gün, 10:17
Sovet tarixşünaslığında türk etnosuna münasibət


Elnarə Məmmədova,
Pedaqogika üzrə fəlsəfə doktoru
ADPU-nun Ümumi Pedaqogika kafedrasının dosenti


Sovet tarixşünaslığında

türk etnosuna

münasibət


(Qərbi Azərbaycanın toponomik və

etnik-mədəni irsinin təhrifi

məsələləri)


XX əsrdə Totalitar Sovet rejiminin ideoloji siyasətinin əsas sütunlarından biri "vahid sovet xalqı" (Homo Sovieticus) modelini formalaşdırmaq idi. Bu siyasi-ideoloji layihənin həyata keçirilməsi üçün SSRİ tərkibindəki xalqların, xüsusilə də zəngin dövlətçilik və etnik tarixə malik olan Türk xalqlarının milli şüurunun, tarixi yaddaşının və soykökü bağlarının zəiflədilməsi prioritet vəzifəyə çevrilmişdi. Pan-türkizm və pan-islamizm təhlükəsi adı altında türk xalqlarının bir-biri ilə olan tarixi, dil və mədəniyyət inteqrasiyası qadağan olunmuş, türkologiya elmi ciddi akademik ideoloji nəzarət altına alınmışdır.
Bu təhrif siyasətinin ən kəskin hiss olunduğu coğrafiyalardan biri də tarixi Qərbi Azərbaycan (indiki Ermənistan) torpaqlarıdır. Zəngəzur, Göyçə, İrəvan, Dərələyəz, Vedibasar, Şörəyel və Pəmbək kimi qədim Türk-Oğuz yurdlarında mövcud olmuş minillik etno-mədəni irs, arxeoloji və epiqrafik abidələr, toponimik sistem Sovet dövründə sistemli şəkildə təhrifə və məhvə məruz qalmışdır. Sovet dövrünün elmi dairələri Qafqazın yerli türklərini "gəlmə" kimi qələmə verməyə çalışarkən, bölgədəki minlərlə kitabəni, məscid və qəbirüstü abidəni ya fiziki olaraq məhv etmiş, ya da onların tarixi-etnik aidiyyətini dəyişdirərək alban və ya erməni irsi kimi təqdim etməyə cəhd göstərmişlər.
Bu məqalənin məqsədi Sovet tarixşünaslığının Anti-Türk ideoloji konsepsiyasını ifşa etmək, akademik Məşədixanım Nemətovanın epiqrafik tədqiqatları, İrəvan xanlığının siyasi və etno-mədəni tarixi, toponimik faktlar və görkəmli türkoloqların əsərləri əsasında Qərbi Azərbaycanın tarixi bütövlüyünü elmi müstəvidə sübuta yetirməkdir.
Sovet tarixşünaslığının təhrif mexanizmləri.
Sovet tarixşünaslığının Türk tarixini yanıltmaq üçün tətbiq etdiyi əsas metodoloji tezis "Türklərin Qafqaza və Ön Asiyaya sonradan gəlməsi (XI əsr Səlcuq köçləri ilə)" konsepsiyası idi. Bu konsepsiya vasitəsilə Qafqazın avtoxton (yerli) türk tayfaları - saklar, hunlar, xəzərlər, kəngərlər, bulqarlar, qıpçaqlar və oğuzların minillik tarixi qatı inkar edilir, onların Qafqaz sivilizasiyasındakı rolu sıfırlanırdı.
Stalin dövründən etibarən akademik N.Marrın "yafetik nəzəriyyəsi" və sonrakı dövrdə bəzi ermənipərəst sovet qafqazşünaslarının iddiaları əsasında Azərbaycan türk etnosunun soykökü parçalanmağa çalışılmışdır. Azərbaycan türklərinin ethnogenezində aparıcı rol oynayan Türk komponenti arxa plana keçirilir, xalqın yalnız "türkləşmiş yerli tayfalardan" ibarət olduğu iddiası irəli sürülürdü. Bu konsepsiyanın arxasında duran əsas məqsəd Türk dünyası arasında etnik, dil və mədəni varislik xəttini kəsmək idi.
Bununla yanaşı, SSRİ-də həyata keçirilən üçpilləli əlifba reforması (Ərəb, Latın, daha sonra Kirill əlifbasına keçid) xalqın tarixi yaddaşına vurulan ən böyük zərbələrdən biri oldu. Bu keçidlər nəticəsində Azərbaycan xalqı özünün minillik yazılı irsindən, Səfəvi, Qacarlar və İrəvan xanlığı dövrünə aid arxiv sənədlərindən, klassik poeziyasından təcrid edildi. Kirill əlifbasına keçidlə birlikdə tarixi mənbələrin Sovet ideologiyasına uyğun tərcümə olunması və şərh edilməsi prosesi geniş vüsət aldı.
Sovet tarixşünaslığı eyni zamanda L.N.Qumilyovun xəzərlər və qədim türklər haqqında obyektiv tədqiqatlarına, O.Süleymenovun "Az i Ya" əsərində irəli sürdüyü ümumtürk filoloji və tarixi qatlarına qarşı şiddətli akademik təzyiqlər təşkil etmişdir. Oljas Süleymenovun 1975-ci ildə işıq üzü görən "Az i Ya" kitabı "İgor polku haqqında dastan"da türk dilinin və mədəniyyətinin dərin izlərini ortaya qoyduğu üçün Moskva Elmlər Akademiyası tərəfindən millətçilikdə günahlandırılmış və kitabın yayılması qadağan edilmişdi. Bütün bunlar Sovet dövlətinin Türk tarixinin gerçək köklərinin açılmasından necə qorxduğunun göstəricisidir.
İrəvan xanlığı: Qərbi Azərbaycanda türk dövlətçilik və etno-mədəni irsi
Qərbi Azərbaycan torpaqları əsrlər boyu Türk dövlətçilik ənənələrinin mərkəzində dayanmışdır. Səfəvilər, Əfşarlar, Qaraqoyunlu və Aqqoyunlu dövlətlərinin mühüm inzibati-ərazi vahidi olan İrəvan çuxuru XVIII əsrin ortalarında müstəqil İrəvan xanlığına çevrilmişdir. Xanlığın inzibati quruluşu, əhalisinin etnik tərkibi, toponimikası və mədəniyyəti tamamilə Türk-Müsəlman xarakteri daşımışdır.
İrəvan xanlığı 15 mahaldan ibarət idi: Qırxbulaq, Zəngibasar, Qarnıbasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talın, Seyidli-Nəxribanlı, Sərdarabad, Qarbi, Aparan, Böyük Abaran və Şörəyel. Bu mahalların adlarının 90%-dən çoxu xalis Türk mənşəli tayfa, şəxs və coğrafi anlayışlardan götürülmüşdü. Məsələn, Səədli mahalı adını qədim Türk tayfası olan
Saadlılardan, Zəngibasar adını Zəngi çayı və Zəngi türk boyundan almışdır.
Xanlığın mərkəzi olan İrəvan şəhəri özünün memarlıq ansamblı ilə məşhur idi. İrəvan qalası, Sərdar sarayı, Güzgü salonu, Şah Abbas məscidi, Sərdar məscidi, Zal xan məscidi kimi möhtəşəm abidələr Türk-Səfəvi memarlıq məktəbinin şah əsərləri hesab olunurdu. Çar Rusiyası tərəfindən 1827-ci ildə İrəvan qalası işğal edildikdən sonra keçirilən kamerallıq siyahıyaalmaları və I.Şopenin rəsmi statistik məlumatları sübut edir ki, xanlığın əhalisinin əksəriyyətini (80%-dən çoxunu) yerli Azərbaycan türkləri təşkil edirdi.
Lakin 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, Qacarlar İranından və Osmanlı imperiyasından ermənilərin kütləvi şəkildə İrəvan, Naxçıvan və Qarabağ torpaqlarına köçürülməsi ilə bölgənin etnik xəritəsi dəyişdirilməyə başlandı. Çar hökuməti tərəfindən yaradılan uydurma "Erməni vilayəti" (Armyanskaya oblast) gələcək erməni dövlətinin təməlini qoymaq məqsədi daşıyırdı. Sovet dövründə isə bu proses daha təhlükəli müstəviyə keçərək, İrəvan xanlığının tarixi izlərinin silinməsi ilə nəticələndi. 1930-1950-ci illərdə İrəvan qalası və Sərdar sarayı Sovet Ermənistanı rəhbərliyinin qərarı ilə buldozerlərlə dağıdıldı, şəhərin Türk-Müsəlman siması yox edildi.
Akademik Məşədixanım Nemətovanın epiqrafik tədqiqatları.
Sovet tarixşünaslığının və erməni falsifikasiyasının qarşısına sarsılmaz elmi faktlarla çıxan ən böyük azərbaycanlı alimlərdən biri də görkəmli epiqrafçı alim, Akademik Məşədixanım Nemətova olmuşdur. O, onilliklər boyu Qafqazın, o cümlədən Qərbi Azərbaycanın (indiki Ermənistan) ərazisindəki epiqrafik abidələri - ərəb, fars və türk dilli kitabələri, qəbirüstü daşları, qoç və at heykəllərini yerindəcə tədqiq etmiş, onların estampını (surətini) çıxarmışdır.
Məşədixanım Nemətovanın Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar, Əyricə, Urud və başqa ərazilərdə apardığı tədqiqatlar erməni tarixçilərinin "bu torpaqlar qədim erməni torpaqlarıdır" iddiasını tamamilə alt-üst etmişdir:
● Urud Qəbirüstü Abidələri və Kitabələri: Zəngəzurun Urud kəndindəki qədim qəbiristanda Məşədixanım Nemətova XIV-XVII əsrlərə aid onlarca qoç və at heykəlli qəbir daşlarını, sənduqələri tədqiq etmişdir. Bu daşların üzərindəki ərəb qrafikalı Azərbaycan dilində yazılmış kitabələr, Səfəvi və Qaraqoyunlu dövrünə aid bəylərin, sərkərdələrin adları, həmçinin Türk-Oğuz tayfa damğaları (Şamlı, Əfşar, Bayat, Qacar damğaları) sübut etdi ki, bu ərazilər qədim Türk-Oğuz yurdudur.
● Sufi Xənəgahları və Ziyarətgahlar: M.Nemətova Qərbi Azərbaycanda mövcud olmuş Sufi təriqətlərinə (Xəlvətiyyə, Sührəvərdiyyə, Səfəviyyə) ait xənəgah və ziyarətgahların kitabələrini oxuyaraq onların məhz Müsəlman-Türk mənşəli olduğunu elmi dövriyyəyə daxil etmişdir.

● Erməni Falsifikasiyasının İfşası: Məşədixanım Nemətova öz əsərlərində dəfələrlə qeyd etmişdir ki, erməni tədqiqatçıları Sovet dövründə Urud və Göyçədəki Türk qəbir daşlarının üzərindəki ərəb/türk yazılarını çəkiclərlə yonaraq silmiş, onların üzərinə xaç şəkilləri həkk edərək "alban" və ya "erməni" abidəsi kimi qələmə verməyə çalışmışlar. M.Nemətova vaxtında çıxardığı estamplar sayəsində bu saxtakarlığı beynəlxalq elmi aləmdə ifşa etmişdir.
● Akademik M.Nemətovanın tədqiqatları sübut edir ki, Qərbi Azərbaycan ərazisindəki epiqrafik irs bütöv bir Türk-İslam sivilizasiyasının pasportudur və bu pasportu heç bir ideoloji təzyiqlə ləğv etmək mümkün deyildir.
Qərbi Azərbaycanın türk toponomik sistemi və "Toponim soyqırımı"
Qərbi Azərbaycan coğrafiyası Dədə Qorqud boylarının, Oğuz-Qıpçaq etnik qatının, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və İrəvan xanlığı dövrü türk abidələrinin mərkəzidir. Lakin Sovet hakimiyyəti illərində (xüsusilə 1935–1989-cu illərdə) Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin fərmanları ilə minlərlə türk mənşəli yaşayış məntəqəsi, dağ, çay və dərə adları dəyişdirilmişdir.
Cədvəl 1:Qərbi Azərbaycanda Sovet dövründə reallaşdırılan toponim dəyişikliklərinin dinamikası və etnik kökləri

Tarixi türk toponimi Dəyişdirilmiş erməni adı Dəyişdirilmə tarixi Tarixi-etnik kökü və mənalandırılması
İrəvan Yerevan 1936 Qədim
Türk-Rəvan/İravan boyları, İrəvan xanlığı mərkəzi
Göyçə (göl) Sevan 1930-cu illər Qıpçaq/Oğuz
"Göy-çay" / "Göyçə" etnotoponimi
Hamamlı Spitak 1949 Türk "Hamamlı" (İsti su/Mədəniyyət mərkəzi)
Kəvər Kamo(sonra Gavar) 1959 Qədim Kəvər/Kəngər türk boyunun adı
Gözəldərə Qetashen 1978 Oğuz-Türk coğrafi istilahı və yaşayış məskəni
Basarkeçər Vardenis 1969 "Basar-keçər"Türk-Oğuz tayfa və bəylik adı
Zəngibasar Masis 1969 Zəngi türk boyu və Zəngi çayı vadisi
Kərkibaş Shagap 1948 Kərki türk tayfası ilə bağlı topoformat
Qaraqoyunlu Krasnoselsk 1937 Qaraqoyunlu Türk dövləti və tayfa birliyi
Abaran Aparan 1935 Qədim Türk-Abaran tayfa adı

Mühüm elmi fakt: Akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayevin birgə fundamental tədqiqatları sübut edir ki, indiki Ermənistan ərazisindəki toponimlərin 80%-dən çoxu xalis Türk mənşəlidir. Bu toponimlər Orxon-Yenisey abidələrində, "Kitabi-Dədə Qorqud" dastanında, Mahmud Kaşğarinin "Divani lüğət-it-türk" əsərində və Səfəvi/Osmanlı vergi dəftərlərində öz orijinal formalarında əksini tapmışdır.
Deportasiyalar və mədəni qırğın: 1948-1953 və 1987-1989-cu illər
Sovet ideoloji təhrifləri təkcə kağız üzərində qalmamış, kütləvi etnik təmizləmələr və deportasiyalarla müşayiət olunmuşdur. İkinci Dünya müharibəsindən sonra İosif Stalin tərəfindən imzalanan SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 4083 nömrəli və 10 yanvar 1948-ci il 148 nömrəli qərarları ilə Qərbi Azərbaycanda yaşayan 100 mindən çox azərbaycanlı türk öz tarixi-etnik torpaqlarından - Göyçə, İrəvan, Zəngibasar və Vedibasardan Kür-Araz ovalığına məcburi köçürülmüşdür.
Bu deportasiya qərarının rəsmi bəhanəsi "xaricdən gələn ermənilərin yerləşdirilməsi" olsa da, əsl hədəf Qərbi Azərbaycanı Türksüzləşdirmək və bölgənin etnik simasını dəyişmək idi. İsti iqlimə öyrəşməyən minlərlə soydaşımız Kür-Araz düzlərində xəstəlikdən və ağır şəraitdən məhv olmuşdur.
Deportasiyaların sonuncu mərhələsi 1987–1989-cu illərdə Mixail Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyinin havadarlığı ilə reallaşdırıldı. 300 mindən çox azərbaycanlı öz dədə-baba yurdlarından son nəfərinədək qovuldu, 200-dən çox azərbaycanlı erməni vandalizminin qurbanı oldu. Bununla da indiki Ermənistan ərazisi monoetnik dövlətə çevrildi və minillik Türk varlığı fiziki olaraq oradan çıxarıldı.
Nəticələr və təkliflər.
Sovet tarixşünaslığı uzun illər boyu Türk dünyasının tarixi bütövlüyünü pozmaq, Azərbaycan xalqını öz minillik etnik və coğrafi köklərindən ayırmaq üçün ideoloji "tarix mühəndisliyi" ilə məşğul olmuşdur. Bu siyasətin ən ağır fəsadları Qərbi Azərbaycanda özünü göstərmiş, türk varlığı həm etnik təmizləmələr, həm də toponimik, epiqrafik və mədəni soyqırımla silinməyə çalışılmışdır.
Ancaq akademik Məşədixanım Nemətovanın epiqrafik kəşfləri, İrəvan xanlığının zəngin dövlətçilik arxivləri, Budaq Budaqov və Qiyasəddin Qeybullayevin toponimik tədqiqatları sübut edir ki, Qərbi Azərbaycan Birləşmiş Türk dünyasının və Azərbaycan sivilizasiyasının qədim və ayrılmaz beşiyidir.
Müasir Azərbaycan tarixşünaslığının və akademik çevrələrin qarşısında duran əsas vəzifələr aşağıdakılardır:
1. Qərbi Azərbaycanın epiqrafik, toponimik və arxeoloji xəritəsinin beynəlxalq dillərdə (ingilis, fransız, rus) elektron bazasının yaradılması və BMT/YUNESKO çərçivəsində təqdim olunması;
2. Sovet dönəmində təhrif edilmiş arxiv sənədlərinin orijinal Osmanlı, Səfəvi və Qacar dilli mənbələr əsasında yenidən elmi dövriyyəyə daxil edilməsi;
3. Qərbi Azərbaycan İrsi ilə bağlı xüsusi elmi-tədqiqat mərkəzlərinin formalaşdırılması və bu mövzunun dərsliklərə salınması.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!