Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 15-08-2026, 10:41
Acının və ümidin hekayəsi

Şəbnəm RÜSTƏMOVA

Acının və ümidin

hekayəsi


Əziz oxucular, 1992-ci ildə Qızlqum sanatoriyasında Şuşa rayonundan olan məcburi köçkünlərlə görüşüb “Qarabağa qayıdacağıq” adlı reportaj hazırlamışdım. Öz həvəskar fotoaparatımla çəkdiyim şəklin də altına yazmışdım:-

“Bu qocaların qisasını bu uşaqlar alacaq.” Elə də oldu. O illərin uşaqları böyüyüb torpaqlarımızı işğaldan azad elədi və mən şəkildəki uşaqları axtarmağa başladım. Aradan keçən ağrı-acılı bir qərinədə nələr yaşadıqlarını özlərindən dinləmək istədim. Aradan bir müddət keçdi. Bu günlərdə mobil telefonuma bir mesaj gəldi:
“Salam, hər vaxtınız xeyir olsun! Eşitdim siz bu şəkildəki uşaqları axtarırsınız. Bəzilərini tanıyıram. Biri mənim həyat yoldaşımdır. Ordakı bir qızı və iki oğlanı daha yaxşı tanıyıram. Qız Ramanada, oğlanlar Şuşada yaşıyırlar. İstəsəniz əlaqə nömrələrini taparam. Mən də Qızılqum sanatoriyasında böyümüşəm və maraqlı bir hekayəm var. Əslində sizə yazmaqda məqsədim odur ki, mənim də həyat hekayəmi oxuyasınız. Mən Rüstəmova Şəbnəm - DİİXİ Hİ Şuşa Rayon Komitə sədriyəm.
Bu mesajın davamı da vardı. Amma sevincdən, həyəcandan oxuya bilmədim. O günlərin acı xatirələri bu şad xəbərə qarışıb gözlərimin qabağına tor çəkdi. Nə qədər çalışdımsa o tor uzun zaman çəkilmədi. Ona görə də “balaca” Şəbnəmin həyat hekayəsini oxumağı sizin öhdənizə buraxdım.
Sayğılarla: Tamxil Ziyəddinoğlu,
Bütöv Azərbaycan Media Qrupunun rəhbəri

Zəfər mənim

qələmimdə


Bu gün 9 sentyabr 2025-ci ildir, həftənin ikinci günüdür. Hövsanda yerləşən məhkəmə binasındayam. Bildiyimiz kimi, 3 oktyabr 2023-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Qarabağda keçmiş qondarma “Artsax” rejiminin bir sıra rəhbərləri saxlanılıb. Yanvarın 17-sindən onların məhkəməsi aparılır. Mütəmadi olaraq mən də bu məhkəmələrdə iştirak edirəm.
Hamı zala daxil olur. Bu gün ən ön sırada əyləşdim. Məhkəmə başlamazdan öncə bir xanım məhkəmənin gedişatı haqqında təlimatlar verir.
Məhkəmə başladı.
— Qalxın, hakim gəlir!
Yavaş-yavaş şahid ifadələri başladı. Hər şahid danışmazdan əvvəl hakim sual verir:
— Bu şəxsləri tanıyırsınız?
— Sizə nə kimi zərərləri dəyib?
Bu söz mənə çox təsir etdi: “Sizə nə kimi zərərləri dəyib?”
Şahidləri dinləyə-dinləyə fikrim çox uzaqlara getdi...
30 aprel 1992-ci il. Mən anam, qardaşlarım və yaxın qohumlarımla birlikdə Şuşadan çıxdıq. Uşaq idim, amma hər şeyi xatırlayıram — dağların qoynunda qərib qalan evimizi, yollarda qalan izlərimizi, uşaq gülüşlərimin səsləndiyi həyətimizi... Qayğısız uşaqlıq illərimin bununla bitdiyini dərk etdim. O gün, özüm də bilmədən, içimdəki uşaqlıq hissini itirdim.
Atam və dayılarım döyüşdə idilər. Öncə qadınları və uşaqları çıxarırdılar. Əvvəl Ağdama, sonra Bakıya gəldik. Bizi Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki “Qızıl Qum” sanatoriyasına yerləşdirdilər və beləcə çətin qaçqın həyatımız başladı.
Böyük külfət, balaca otaq... nə əşya var idi, nə geyim, nə də doyunca yemək. Hər axşam anam o yorğun baxışları ilə bizə pıçıldayırdı:
— Bir gün hər şey yaxşı olacaq, uşaqlar...
Bir gün həyətdən səs-küy gəldi. Pəncərədən baxanda gördüm ki, yardım maşını gəlib. Bizə müxtəlif təşkilatlardan yardım gətirirdilər. Bilirsiniz, mənim anam utancaq insandır, heç vaxt yardım almağa getməzdi, bizə düşən payı qonşular alıb gətirirdilər.
Bu dəfə geyim və ayaqqabı gətirmişdilər. Yardımlar maşından boşaldıldı. Ayaqyalın halda iydə ağacının kölgəsində dayanmışdım. Hamı bir-birini səsləyirdi. Çoxlu ayaqqabı var idi. Bir qırmızı ayaqqabı gördüm, o qədər xoşuma gəldi ki... Amma növbə çox idi. Yenə də növbəyə dayandım.
Hey dua edirdim ki, mənim növbəm çatanadək heç kim o ayaqqabını götürməsin. Qırmızı rəngdə idi, üstündə bantik vardı. Təzə deyildi-burnu sürtülmüş, kiminsə köhnə bilib atdığı ayaqqabı idi. Amma təsəvvür belə etməzdim ki, o qırmızı ayaqqabı mənim üçün həm acının, həm də ümidin simvoluna çevriləcək.
Balaca ürəyim həyəcanla çırpınırdı. O ayaqqabını geyinib digər uşaqlara necə göstərəcəyimin xəyalını qururdum. Axı mən neçə aydır ayaqyalın gəzirdim.
Axır ki, mənim növbəm çatdı.

- Hə, ay saçı uzun qız, nə istəyirsən, götür, - dedi uca boylu, səliqəli geyimli dayı.
Həyəcanımdan əsirdim. Ayaqqabının birini götürmüşdüm ki, araya qarışıqlıq düşdü, çox sıxlıq olduğu üçün arada qaldım. Çəlimsiz uşaq idim.
Bir tay ayaqqabını möhkəm qucaqladım. Gerisini xatırlamıram. Özümə gələndə ayağımın və əlimin zədələndiyini gördüm. Ağrısı dözülməz idi.
İndi 40 yaşım var. O günlərdə yaşadığım acıların sözlərin gücü çatmadığı, yalnız göz yaşlarımla danışa bildiyi bir hekayədir:
Qırmızı ayaqqabı.
Bəzi hisslər var ki, sözlərlə izah etmək olmur. İndi mən hakimin sualına necə cavab verim ki, bu erməni canilərin mənə və mənim kimi nə qədər insanlara heç vaxt unutmayacaqları acılar yaşatdıqlarını hərtərəfli izah etmiş olum.
Müharibə bizim uşaqlığımızı əlimizdən aldı. Səssizcə böyüdük, ağrı acılarımıza sinə gərib göz yaşının yerinə gülümsəməyi öyrəndik. Çünki biz ağrının içindən güc tapan bir millətik.
44 günlük Vətən müharibəsi bunun ən canlı sübutudur. Biz bu qələbəni qəhrəman şəhidlərimizə, igid qazilərimizə, Ali Baş Komandanımızın dəmir iradəsinə borcluyuq. Bəli, 44 günlük Vətən müharibəsi hər kəsin gözü önündə yaşandı. Bu müharibə Azərbaycan xalqının qəhrəmanlıq, vətənpərvərlik və birlik ruhunu bütün dünyaya göstərdi.
Qələbə yalnız bayrağın ucalması deyil, həm də ruhların qalib gəlməsidir.
Ruhunuz şad olsun, Birinci Qarabağ döyüşündə qəhrəmancasına şəhid olan atalarımız. Bu xalq sizinlə həmişə fəxr edəcək. Qarşınızda baş əyirik - 44 günlük müharibədə qəhrəmancasına vuruşub canını verən şəhidlərimizə və sağlamlıqlarını vətənə qurban verən qazilərimizə. Bizə 8 noyabr Qələbə Günü sevincini yaşadan vətənimizin mərd oğulları! Biz həmişə sizi hörmət və sevgi ilə minnətdarlıqla anırıq. Çünki siz bu xalqın qürurusunuz, bu xalqın qeyrətisiniz. Zəfər bizimdir. Qarabağ Azərbaycandır.
P.S. Sonda bildirmək istəyirəm ki, əgər bu müsabiqədə yer tutsam, mənə təqdim edilən mükafatla kimsəsiz qız uşaqlarına qırmızı ayaqqabı alacağam.
DİİXİ Hİ Şuşa Rayon Komitə sədri Rüstəmova Şəbnəm Bəxtiyar qızı

Redaksiyadan: Şəbnəm Rüstəmova qalibi olduğu müsabiqədə qazandığı 300 manatla 4 kimsəsiz qıza və özünə -7 yaşında qırmızı ayaqqabı geymək nəsib olmayan Şəbnəmə qırmızı ayaqqabı alıb. 1992-ci ildə Qarabağa qayıdacağıq demişdim. İndi də deyirəm ki, bir gün o qırmızı ayaqqabını geyinib Cıdır düzünə gedəcəyik. Çünki Qarabağ bizimdir...


Paylaş



Bölmə: Sosial / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!