İlham İsmayıl yazır:Rusiyanın birbaşa namizədi Samvel Karapetyan qeyd edib ki, "Ermənistan xalqını tədricən oyadırıq. Xalq canlanıb; onlar tezliklə dəyişiklik edəcəyimizi hiss edirlər". Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” siyasi bloku faktiki olaraq 6 fevral 2021-ci ildə “Güclü Ermənistan -Rusiya ilə” adı altında təsis edilib. Rusiyanın adı indi rəsmiləşdirilməsə də, Karapetyanın düşündüyü “dəyişiklik” şimaldan-Kremldən qaynaqlanır. Koçaryanın da “pəncərəsi”ndən dünya yox, yalnız Qırmızı meydan görünür. Sonuncu Putin -Paşinyan görüşməsində Qarabağın adının Rusiya prezidenti tərəfindən səsləndirilməsi bir daha sübut edir ki, İrəvanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyən Kremlin strateji hədəfində Azərbaycana qarşı təxribat planları mövcuddur. Anti Paşinyan qüvvələrin hakimiyyətə gəlişi baş verərsə Azərbaycana qarşı hansı təxribatlar mümkündür? Belə bir çevriliş az ehtimal olsa da Rusiyanın müdaxiləsi ilə gözləniləndir. Əlbəttə, Ermənistan Azərbaycana qarşı müharibə elan etmək imkanından uzaqdır və daha çox daxili hesablaşmaların şahidi ola bilərik. Amma, KTMT-də dondurulmuş fəaliyyət gecikmədən bərpa olacaq və Rusiya ilə birgə hərbi təlimlərə başlanacaq. Həm daxildə, həm beynəlxalq müstəvidə Qarabağ mövzusunu daim gündəmdə saxlayıb həm hərbi, həm də beynəlxalq müstəvidə Azərbaycana təzyiq vasitəsi kimi istifadə edəcəklər.
Bu planlar məhz Koçaryan, Karapetyan və onlar kimi düşünən ermənilərin, arxalarında dayanan qüvvələrin xəyalı olaraq da qalacaq. Azərbaycan bu gün yalnız bölgədə deyil, dünyada baş verən proseslərə təsir etmək gücündə olan söz sahibidir. Azərbaycanın apardığı hərtərəfli düzgün siyasət nəticəsində ermənilərin güvənə bildiyi hətta qlobal güclərin dövlətimizlə hesablaşdığı və strateji əməkdaşlığa önəm verdikləri reallıqdır. Azərbaycan dövləti Koçaryanın fikirləşdiyi “pəncərəni” dəmir yumruqla əbədi bağlayıb. Amma, xisləti xəyanətdən yoğrulmuş və daim başqa güclər üçün alət rolu oynayan erməni kimi qonşudan arxayın olmaq zərərlidir.