Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
16-08-2026, 18:17
Şah İsmayıl   Xətaiyə məktub

Şah İsmayıl

Xətaiyə məktub


Ey şah babam, meydan boşdur, yalıncıqlar at oynadır,
Yad mahnıya züy tutanı çəpik çalır, yad oynadır.
Özün bilməz, sözün qanmaz xalqa tarix dərsi keçir,
Ermənidən, ingilisdən, farsdan mənbə, dəlil seçir.
Çəkib taxta qılıncını ad-sanına hücum çəkir,
Tariximi qaralayır, şər danışır, fitnə əkir.
Əqidəsin, məsləkini yüz yol, min yol dəyişənlər,
Gecə-gündüz söyüşənlər, deyişənlər, döyüşənlər,
Dil uzadır şöhrətinə, ləkə yaxır keçmişinə,
Xəbəri yox öz-özündən: biçarənin keçmişi nə.
Çiy loxmanı dişləyənlər, tamahına qul olanlar,
Yurda qənim çıxanlara ortaq olub, yol olanlar,
Səfəviyə hədyan deyir qafası boş, başı boşlar,
Unudurlar: yox olmayıb, təkkədədi qızılbaşlar...
Yaratdığın dövləti də, milləti də heçə sayır,
Din adına yaxa yırtır, məzhəb deyir, fitnə yayır.
Ala qarğa tora düşər geci-tezi dimdiyindən,
Bircə kəlmən ağır gələr nadanların cəmdəyindən.
Çingiz xandan üzübəri bütün keçmiş cahangirlər,
Şəhərləri viran qoyan napoleonlar, kimlər, kimlər...
Onlar üçün şəxsiyyətdir, bircə sənsən "xalq düşməni",
Bu cahillər çətin qanar kim dostudu, kim düşməni.
Ey Şeyx oğlu, Şahlar şahı, Qızılbaşın Pir-Mürşidi,
Tək-tək olub sən qüdrətdə dəyişən köhnə gərdişi.
Bir əlində qılınc tutdun, bir əlində zərli qələm,
Sözlərinə heyran oldu, duyğulandı cümlə aləm.
Bir bədənə necə sığdı şair qəlbi, şir ürəyi?
Qılıncınla ölkə tutdun, sözlərinlə min ürəyi.
Mizraqının al şəfəqi neçə iqlim aşıb keçdi,
Şeirlərin Xan Araz tək əsrləri daşıb keçdi.
Adından da xoflanırlar Alp Aruzun qandaşları,
Göbələk tək orda-burda yaman artır yandaşları.
Qoca tarix çox görübdü əslin-nəslin dananları,
Başlarına bəla olub böhtanları, yalanları.
Qılıncıyla tarix yazıb, dövlət quran böyük insan,
Millətimin qürurudu belə tarix, ölməz ad-san.
Çox ilanlar ünvanına dil uzadıb, zəhər tökdü,
Yel qayadan nə aparar, ağılsız baş cana yükdü.
Nə qədər ki, bu millət var, sən də varsan, Ulu xaqan!
Ana dilim yaşadıqca, yaşayırsan, daim sağsan!

İlham MƏMMƏDLİ,
"Bütöv Azərbaycan" qəzetinin redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru
16-08-2026, 08:33
“HERATA, BABAMIN HÜZURUNA!”

“HERATA,

BABAMIN HÜZURUNA!”


(SƏFƏRNAMƏYƏ DAİR TƏƏSSÜRATLARIM)

Səfərnamə janrı müasir ədəbiyyatşünaslıq və kultologiya nəzəriyyəsində sadəcə bəsit coğrafi məkanların, yeni şəhərlərin ekzotik təsviri və ya etnoqrafik elementlərin mexaniki qeydiyyatı ilə məhdudlaşmır. Janrın ən uğurlu və sanballı nümunələri coğrafi səyahəti mənəvi ucalığa, tarixi köklərə və sivilizasiya yaddaşına doğru daxili, intellektual bir köçə çevirə bilən, zaman və məkan hüdudlarını daxilən ləğv edən konseptual əsərlərdir. Bu baxımdan, müasir özbək poeziyasının və mediyasının gənc, istedadlı nümayəndəsi, Özbəkistanın yeni intellektual nəslinin parlaq siması Şəhriyar Şövkətin yenicə işıq üzü görmüş, özbək ədəbi-ictimai mühitində böyük əks-səda doğurmuş “Herata, babamın hüzuruna!” (“Hirotga, bobomning huzuriga!”) adlı fundamental səfərnamə-kitabı sıradan bir səyahətçi qeydləri və ya publisistik təəssüratlar məcmuusu olmaqdan tamamilə uzaqdır. Müəllifin Əfqanıstanın hər cür hərbi-siyasi təhlükələrlə, totalitar qadağalarla və sosiomədəni böhranlarla çulğalanmış mürəkkəb, ekstremal mühitinə daxil olaraq iyirmi günlük fədakar fəaliyyəti nəticəsində ərsəyə gələn bu əsər, bütöv bir türk-müsəlman Şərqinin mədəni yaddaşına, unudulmaqda olan intellektual-mənəvi düşüncə sisteminin izlərinə yönəlmiş irihəcmli, dərin nəzəri-fəlsəfi baxış və müasir komparativistika üçün qiymətləndirilməli olan mühüm sənədli-bədii mənbədir.
Müəllifin Herata və Əfqanıstanın digər qədim türk mərkəzlərinə getmək istəyi qəfil yaranmış keçici bir nostalji həvəs deyil, onun uşaqlıq və yeniyetməlik illərindən başlayaraq addım-addım formalaşan tarixi-milli şüurunun, sarsılmaz sənətkar vicdanının məntiqi nəticəsidir. Bu mənəvi yolçuluğun ilk qığılcımı, atasının onu uşaq yaşlarında Şəhrisəbzdə ulu cahangir Əmir Teymurun ilk məqbərəsinə aparması və uşaq təfəkkürü ilə böyük fatehin məqbərəsi qarşısında keçirdiyi o izaholunmaz, sakral həyəcanla alovlanmışdır. Bu ilk heyrət sonralar onun qəlbində ulu babaların mənəvi irsini yerindəcə ziyarət etmək, tarixlə bu gün arasında qırılmış əlaqələri bərpa etmək arzusuna çevrilmişdir. Şəhriyar Şövkətin böyüdükcə şeirə, klassik əruz vəzninə və söz sənətinə daxildən bağlanması, onun mənəvi dünyasında dahi mütəfəkkir Əlişir Nəvai obrazını mərkəzi mövqeyə çıxarmışdır. Coğrafiya dərslərində Nəvainin əslində Heratda doğulub-yaşadığını, dövlət idarəçiliyi və tükənməz xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu və orada da dəfn olundığını öyrəndiyi gündən etibarən, gənc şairin daxilində illərlə sönməyən, totalitar sərhədləri yarmağa can atan bir istiqlal arzusu yaşamışdır. Əsərdə diqqətçəkən ən mühüm elmi və nəzəri məqamlardan biri müəllifin Nəvai sevgisini sadəcə romantik-abstrakt hisslərlə deyil, real tarixi, geosiyasi və hərbi-ideoloji maneələr kontekstində, obyektiv reallıq müstəvisində təqdim etməsidir. Səfərnaməçi haqlı olaraq vurğulayır ki, XX əsrin birinci rübünə qədər bu müqəddəs məkanları ziyarət etməyə yalnız yolun fiziki ağırlığı və coğrafi çətinlikləri əngəl yaradırdısa, sovet hakimiyyətinin qurulmasından sonra çəkilən “Dəmir pərdə” və siyasi sərhədlər, eyni mənəvi kökdən gələn xalqları bir-birindən uzun müddətə ayırmış, Heratı və Kabili özbək və Azərbaycan türklərinin canlı yaddaşından süni şəkildə qoparmağa çalışmışdır.
Səfərnamənin daxili ideya-bədii arxitekturasında, müəllifin bu çətin, həm də ölümün bir addımlığındakı elmi ekspedisiyaya çıxmasında və bu səfərin rəsmi kitaba çevrilməsində mənim birbaşa istiqamətverici, hərəkətverici və elmi-ideoloji qaynaq rolunu oynamağıma dair qeydlərlə rastlaşdım. Kitabda xüsusi bir sənətkarlıqla və yüksək minnətdarlıq hissi ilə qələmə alınmış “Şu ro'mol bilan Navoiy qabrtoshining gardini artib qo'ygin...”(“Bu yaylıqla Nəvainin qəbir daşının tozunu sil...”) adlı geniş və emosional bölmə, bilavasitə ümumtürk komparativistikasına və səfərin daxili mənəvi missiyasına göstərdiyim böyük elmi təsiri tam çəkisi ilə ortaya qoyub. Müəllif açıq şəkildə etiraf edir ki, onun bu təhlükəli Əfqanıstan coğrafiyasına getmək qərarı bəsit bir emosional həvəsdən deyil, Bakıdakı Əlişir Nəvai heykəli önündə və sonradan Daşkənddə reallaşan elmi görüşlərimiz zamanı Herat təəssüratlarımı, ulu babalarımızın məqamlarını böyük fəlsəfi heyranlıqla, məhəbbətlə nəql etməyimdən sonra onun daxilində oyanan müqəddəs bir “elmi həsəd” hissinin nəticəsidir. Ötən payızda Daşkənddə – “Cədid” qəzeti redaksiyasında Əfqanıstana 2016 və 2021-ci illər səfərimdən bəhs etmişdim. Hələ də Herat – Kabul təsir aurasından çıxmamış bir tərzdə. Hətta arada üzr istəyib deyirdim ki, sanki o torpaqlar Bakıdan 2 saatlıq qədər məsafədə məni hələ də öz kamına çəkməkdə davam edir (yeri gəlmişkən o iki saatlıq yolu 2016-cı ildə 30 saata, 2021-ci ildə isə 16 saata gedib çıxmışdım). İndi Şəhriyar kitabında bütün geosiyasi maneələri aşaraq iki dəfə Herata getməyimi, ulu mütəfəkkirin qəbir daşını öpərək milli sədaqət nümayiş etdirməyimi və özbək dünyasının digər bir nəhəng nəvaişünas alimi, Özbəkistan Qəhrəmanı Suyima Qəniyevanın vəsiyyət etdiyi müqəddəs yaylıqla Nəvainin məzarının tozunu silməsi faktını müəllif öz yaradıcılıq dünyasında sivilizasiya miqyaslı bir mənəvi vətəndaşlıq borcu arxetipinə çevirmişdir. Dünya nəvaişünaslıq məktəbinə verdiyim bu daxili, mənəvi enerji gənc özbək şairini hər cür viza və təhlükəsizlik qadağalarını yararaq, Allaha təvəkkül edib Heyrətan körpüsündən Əfqanıstan torpağına inamla qədəm basmağa sövq etmişdir.
Səfərnamənin daxili nəzəri strukturunu daha da dərinləşdirdikdə, özümün yalnız bir ilham mənbəyi kimi qalmadığım, Şəhriyar Şövkət Herat torpağına ayaq basdığı ilk gündən etibarən Bakıdan və ağır fiziki xəsarət alıb xəstə yatağından belə ona birbaşa elmi rəhbərlik, metodoloji koordinatorluq etdiyim mətndə tam dəqiqliyi ilə nümayiş olunur. Bakıda Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur xatirəsinə həsr olunmuş böyük elmi konfransa tələsərkən bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb yatağa düşməyimə baxmayaraq, öz ağır fiziki durumumu unudaraq Şəhriyara telefon və video-zənglər vasitəsilə "Oğlum, indi Heratdasansa, mütləq İxtiyarəddin qalasına (Herat qalasına) get, Nəvainin şeir məclisləri qurduğu zala gir, orada öz-özünə şairin bir qəzəlini səsləndir, ulu babamız Babur şah 1506-cı ildə orada iyirmi gün qalmış, Nəvainin şəxsi kitabxanasından doyunca istifadə etmiş və bu anları “Baburnamə”də ömrünün ən şərəfli günləri adlandırmışdır" – deyə elmi istiqamət verməyim komparativistika tarixinin ən unudulmaz mənəvi hadisələrindən biridir.
Əfqanıstandakı özbək nəvaişünas alimlərinin, xüsusilə bölgənin ən yaşlı və qocaman fədakar tədqiqatçısı Məhəmməd Yaqub Vahidi Cüzcaninin mütləq tapılıb elmi fəaliyyətinin araşdırılması barədə verdiyim istək-tapşırıq, bu tədqiqatın elmi-metodoloji bünövrəsini təşkil edir. Şəhriyarın gündəlik sosial şəbəkələrdə paylaşdığı fotolara baxdıqca, onunla hər gün neçə dəfə telefonda danışdıqca bütün ağrılarımı unudurdum, sanki yataqda yox, Heratda, Kabulda, Məzari-Şərifdə, Bəlxdə gəzirdim. “O günlərdə cismim Azərbaycan torpağında – yataqda ağrılar içində qovrulsa da, ruhum Şəhriyarımla birgə Heratı qədəm-qədəm gəzirdi” ifadəsi, Azərbaycan və özbək ədəbi düşüncəsinin geosiyasi sərhədləri daxilən necə tamamilə ləğv etdiyini sübut edən uca bir fəlsəfi yekundur.

Şəhriyar Şövkətin Əfqanıstanda keçirdiyi iyirmi gün ərzində fərqli nəqliyyat vasitələri ilə, qorxulu hərbi postları və mürəkkəb keçid məntəqələrini yararaq təxminən 3 min kilometr yol qət etməsi və Qəndəhardan Herata, Bədəxşandan Kabilə qədər geniş bir coğrafiyanı dolaşması prosesi, ulu əcdadların müqəddəs məzarları önündə qarşılaşdığı fiziki və mənəvi məhrumiyyətlərin bədii təsviri ilə əsərin elmi dəyərini zirvəyə qaldırır. Şair ilk olaraq qədim Məzari-Şərif şəhərinə daxil olarkən, fevral ayının dondurucu və amansız şaxtasında, müqəddəs “Göy məscid” (“Rövzeyi-Şərif”) kompleksinin həyətindəki mərmər daşların soyuğu yalın ayaqlarındasa sətir-sətir işlədiyi halda, saatlarla növbə gözləmiş, yerli xidmətçilərin verdiyi bəsit rezin başmaqları geyərək məqbərəyə daxil ola bilmişdir. Burada o, telefonla video çəkiliş aparmaq istəyərkən silahlı nəzarətçilərin sərt və qəti qadağası ilə üz-üzə gəlmiş, daxili polis idarələrinə aparılaraq qırx dəqiqə boyunca sorğu-sual edilmiş, yalnız uzunmüddətli elmi izahatlardan və ağsaqqal İmamın xüsusi rəsmi icazəsindən sonra dahi əcdadların ucaltdığı o möhtəşəm memarlıq abidəsini lentə almaq şansını qazanmışdır. Səfərnamənin ən dramatik və canı bahasına başa gələn nöqtəsi isə qədim Bəlx şəhərində, İslam şərqinin ilk böyük ustad qadın şairi olan Rəbiyə Bəlxi qəbrinin və Teymuri məlikəsi Gövhərşad bəyimin ucaltdığı “Xoca Parso” məscidinin ziyarəti zamanı yaşanmışdır. Müəllif Rəbiyə Bəlxinin məqbərəsi önündə qədim əsrlərdən qalan pulları satan 70 yaşlı yerli bir əfqan ilə söhbət edərkən, ona bəsit bir jurnalist marağı ilə “Otaxon, ömrünüz boyu bu torpaqlarda neçə hökumət görmüsünüz?” sualını ünvanlamışdım. Lakin totalitar idarəetmə prinsiplərinin hakim olduğu bu coğrafiyada “hökumət”, “dövlət”, “əmirliyin vəziyyəti” kimi sözlərin işlədilməsi birbaşa siyasi casusluq və dövlət əleyhinə təxribat kimi qəbul edildiyi üçün, həmin dəqiqə ətrafda gizli nəzarət aparan, əbalara bürünmüş iki silahlı “mühtəsib” (əxlaq və siyasi nəzarət polisi) şairin və onun bələdçisi Hibatullanın üzərinə hücum çəkmişdir. Gənc özbək şairini hər iki biləyindən qanrılaraq, çiyinlərində tapança və Kalaşnikov avtomatları olan əsgərlər tərəfindən sürüyərək hərbi məhkəmə binasına aparmış, sürücünün isə yaxasından tutaraq divara sıxmışlar. Hərbi prokurorluğun soyuq, nəm və zəhərli qaz qoxuyan daxili otağında iki saat boyunca ağır psixoloji və mənəvi işgəncə altında sorğu-sual edilən Şəhriyar Şövkətin cib telefonu və şəxsi əşyaları müsadirə olunmuşdur. Onun çəkdiyi videoda siyasi ittiham axtaran nəzarətçilər özbək dilini bilmədikləri üçün gizli tərcüməçilər çağırmış, lakin mətndə yalnız Əlişir Nəvai və Babur dühalarına olan elmi ehtiram ifadələrini tapdıqdan və şairin pasportuna, barmaq izinə dair bütün rəsmi tarixləri qeydiyyata aldıqdan sonra onu sərbəst buraxmışlar. Ölümün gözünə dik baxan şair, azadlığa çıxan kimi daxilindəki sarsıntını ulu babaların mənəvi enerjisi ilə boğaraq, heç bir qorxu nümayiş etdirmədən birbaşa Bəlxin uca qala divarlarına doğru yoluna davam etmişdir.
Müəllifin qədim Qəznə şəhərində, böyük türk ensiklopedist alimi Əbu Reyhan Əl-Biruninin və dahi Sultan Mahmud Qəznəvinin məzarlarını ziyarət etməsi də analoji daxili sarsıntılar və fiziki məhrumiyyətlərlə müşayiət olunmuşdur. Şair bütöv bir gün boyunca ac-susuz, palçıqlı və kələ-kötür kənd yolları ilə, Əfqanıstanın yerli nəqliyyat vasitəsi olan üçtəkərli “rikşa” daxilində sümükləri sızıldayaraq hərəkət etmiş, dondurucu dağ havasının təsirindən bədəni tamamilə donmuş və güclü allergiya tutması nəticəsində başı ağırlaşaraq mənəvi xəstəlik həddinə çatmışdır. Birunini ziyarət etmək üçün getdiyi lay va palçıqlı xarabalıqlarda hər addımda qarşılaşdığı yoxsulluq, tənha uşaqların dilənçilik etməsi faktları onun humanist qəlbində böyük yaralar açmışdır. Hətta yol kənarındakı hərbi postlarda duran Taliban əsgərləri tərəfindən maşınları yoxlanılarkən, iki əsgərin qundağı doldurulmuş silahlarla birbaşa maşının salonuna daxil olub şairlə çiyin-çiyinə oturması, salona yayılan tər və qorxu qoxusu, hər bir sözün tərəzi ilə ölçüldüyü o hərbi-psixoloji atmosfer Şəhriyar Şövkətin daxili dünyasında dərin ekzistensial sarsıntılara yol açmışdır. Nəhayət, Herat şəhərinə və Musəlla kompleksinə – böyük ustad Əlişir Nəvainin əbədi uyuduğu müqəddəs torpağa çatanda isə şairin mənəvi iztirabları özünün ən pik nöqtəsinə yüksəlir. O, təyyarədən düşən kimi ulu babasının məzarına doğru elə bir eşqlə və ilahi divanəliklə qaçmaq istəyir ki, hətta ayaqqabılarını tamamilə çıxarıb, Herat küçələri boyunca Nəvainin gəzdiyi o müqəddəs torpağı yalın ayaqla, ağlaya-ağlaya, şairin qəzəllərini hayqıra-hayqıra keçmək qərarına gəlir. Lakin bələdçisi Hibatulla onu pencəyindən geriyə dartaraq kəskin şəkildə xəbərdar edir: “Ey igid, özünü yığışdır! Əgər əsgərlər səni bu vəziyyətdə yalın ayaqla, qışqıra-qışqıra qəzəl oxuyan görsələr, elə küçənin ortasındaca casus və ya divanə kimi həbs edib aparacaqlar, sonra səni tapmağa mənim bütöv ömrüm də bəs etməyəcək, romantikanı kənara qoy!”. Bu acı reallıq fonunda şair daxili fəryadını içinə gömərək, ssenariləşdirilmiş bu hərbi rejim daxilində addım-addım irəliləyir. Nəvainin məqbərəsinə daxil olanda isə onun qəlbi tamamilə parçalanır; çünki ulu mütəfəkkirin məqbərəsinin ətrafında paslı tikinti kranları, tamamlanmamış uçuq-sökük divarlar mənzərəsi, Şəhriyar Şövkətin “Gözüm çıxsın səni bu halda görməkdənsə, dilim qurusun səndən bu vəziyyətdə hesab soruşmaqdansa” – deyə göylərə ucalan fəlsəfi fəryadına çevrilir. O, Daşkənddən özü ilə gətirdiyi müqəddəs ipək dəsmalla Nəvainin qəbir daşının tozunu, qumunu və imperiya amneziyasının çirkini böyük bir vizual və mənəvi fədakarlıqla silərək göz yaşlarına boğulur.
Bu konseptual müstəvidə, Şəhriyar Şövkətin Məzari-Şərifdəki qədim “Göy məscidi” (“Rövzeyi-Şərif”) və Heratdakı bütöv Müsəlla kompleksini ziyarət edərkən irəli sürdüyü bədii-əks-sədalar, Teymurilər və Baburilər dövrü memarlığının Azərbaycan–Özbək ortaq mədəniyyət arxetipləri ilə eyniliyini linqvopoetik şəkildə sübuta yetirir. Şair bu tarixi qəbirlərin və dağıdılmış abidələrin sadəcə keçmişin bir yadigarı olmadığını, imperiya siyasətinin türk coğrafiyasını necə parçaladığını simvolik olaraq vizuallaşdırır. Bu təqdimatda şair, ulu babası Əmir Teymurun barmağından çıxarılan və bu gün ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Metropoliten" incəsənət muzeyində qorunan o sakral “Rosti rasti” (“Düz olsan, nicat taparsan”) möhürlü üzüyünün fəlsəfi itki tarixinə, Məhəmməd Zahir şah dövründə qəbirlərin gizli açılması hadisələrinə toxunaraq milli yaddaşın coğrafi mühacirətini və qəsb olunmasını böyük bir intellektual kədərlə təhlil edir. Səfərnamənin ən mühüm sosiolinqvistik töhfəsi isə Əfqanıstanın Əndxoy, Şəfirqan və fərqli bölgələrində yaşayan, hər cür assimilyasiya basqılarına, daxili siyasi qorxu mühitinə baxmayaraq, öz evlərində və xüsusi gizli “Yeni yol” məktəblərində özbək, türk dilini, Nəvai şivəsini və Babur şahın orijinal ləhcəsini göz bəbəyi kimi qoruyan yerli özbək ziyalılarının mənəvi dirənişinin bədiiləşdirilməsidir. Şəhriyar Şövkət bu bölgələrdə şahid olduğu sərt qadağaları – musiqinin, əl çalmağın, məzara gül qoymağın rəsmi yasaq edildiyi, əxlaq polisinin (“Amr bil ma'ruf va nahy anil munkar” və Muhtasiblərin) küçələrdə insanları sorğu-suala çəkdiyi, nikahsız münasibətlərin qamçı və daş-qalaqla cəzalandırıldığı dəhşətli sosiopolitik reallıqları qələmə alır. Məhz belə bir mütləqiyyət mühitində Əndxoyda və Heratda gizlicə təşkil olunan “Tongotar g'azalxonlik” (“Sübhə qədər qəzəlxanlıq”) məclislərində ağsaqqalların, gənclərin və ziyalıların əruz bəhrlərini, rəməl, həcəz və rəcəz vəznlərini heç bir ali təhsil almadan, sırf şifahi yaddaş kodu ilə mükəmməl şəkildə oxumaları, Məmməd Füzuli divanını və Şah Məşrəb irsini canları bahasına rəhbər tutmaları ümumtürk mənəvi müqavimətinin ən zirvə noktəsidir. Yerli özbək ziyalısı Qulam Səhi Vəkilzadə Yurddaşın və Məhəmməd Yaqub Vahidinin Şəhriyara təqdim etdiyi qədim əlyazmalar və onların dil uğrunda apardıqları mübarizə, totalitarizmin milli ruhu əsla məhv edə bilməyəcəyinin bariz isbatıdır.
Bu fundamental mənəvi zəncirin ən mühüm beynəlxalq həlqəsini və səfərnamənin 33–34-cü səhifələrində böyük bir minnətdarlıq hissi ilə qeyd edən, Şəhriyar Şövkət yuksək qədirbilənliklə etiraf edir ki, onu bu çətin, hər anı ölümlə qarşılaşan Əfqanıstan səfərinə sövq edən baş hərəkətverici qüvvə – məhz Bakı və Daşkənd şəhərlərində mənimlə keçirdiyi dərin elmi söhbətlər və 2016-cı ildə Nəvai şəhərində keçirilən beynəlxalq konfransda – bütün dünya nəvaişünaslarının elmi auditoriyası qarşısında rəsmi olaraq ayağa qalxaraq – “Bu salonda Əfqanıstana gedib, Heratda həzrət Əlişir Nəvainin məqbərəsini, müqəddəs qəbir daşını şəxsən ziyarət edən bircə nəfər var, o da mənəm!” – deyərək nümayiş etdirdiyim böyük elmi və milli qürura olan sonsuz heyranlıq hissidir. Dahi şairin ziyarətindən qayıtdıqdan sonra, Özbəkistan Qəhrəmanı Suyima Qəniyeva ilə görüşərkən, ustadımın məni qucaqlayaraq: “Bu mənim uzun illər boyu ürəyimdə qalan ən böyük arzum idi, sən buna nail oldun, xatirin xoş olsun, qızım. Əgər bir də yolun ora düşərsə, mənim bu ipək yaylığımla həzrət Nəvainin müqəddəs qəbir daşının tozunu silərsən” – deyə bəxş etdiyi o sakral əmanəti 2021-ci ildə ikinci dəfə Herata gedərək dahi mütəfəkkirin məzarını silməyim və “Suyima opam Sizə salam yolladılar, həzrətim” – deyə pıçıldamağım, ümumtürk elmi təfəkküründə müxtəlif müstəqil dövlətlərin inzibati hüdudlarında yaşasalar da, qəlbində yeganə mənəvi Vətən – Turan ideyasını daşıyan böyük alimlərin sarsılmaz mənəvi vəhdət körpüsüdür.
Şəhriyar Şövkətin bu qiymətli sənədli əsəri və mətndə nəvaişünaslıq məktəbi prinsiplərinə verilən yuksək ehtiramım, Azərbaycan və özbək xalqlarının ortaq sivilizasiya kimliyini qorumaq yolunda hansı böyük fədakarlıqlara və mənəvi zəhmətlərə qatlaşdığını dövlət miqyasında rəsmi şəkildə isbatlayan fundamental elmi-kulturoloji sənəddir. Yolun həmişə açıq, Nəvai babamızın ruhu mədədkarın, mədədkarımız olsun, Şəhriyarım!

Hörmət və mənəvi ehtiramla, Almaz Ülvi,
nəvaişünas, Özbəkistan Respublikası “Dostluq” ordeni mükafatçısı
Avqust, 2026
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!