Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
Bu gün, 07:53
Uşaqların hüquqları və sosial ədalət

Gülmaya Feyruzqızı

AYB və AJB üzvü


Uşaqların hüquqları və

sosial ədalət


Müasir dövrdə dövlətlərin gücü təkcə iqtisadi göstəricilərlə, hərbi potensialla və ya iri infrastruktur layihələri ilə ölçülmür. Dövlətin həqiqi qüdrəti onun vətəndaşlarına, xüsusilə də uşaqlara göstərdiyi qayğı və yaratdığı sosial təminat sistemi ilə müəyyən edilir. Çünki hər bir ölkənin gələcəyi onun bugünkü uşaqlarının sağlamlığına, təhsilinə və rifahına bağlıdır.
Azərbaycan son otuz beş ildə tarixinin ən mürəkkəb və ağrılı dövrlərindən keçib. Xalqımız müharibələr, işğal, qaçqınlıq, məcburi köçkünlük, terror hadisələri, iqtisadi çətinliklər və dövlət quruculuğu kimi ağır sınaqlarla üzləşib. Minlərlə insan həyatını itirib, minlərlə ailə doğma yurdlarından didərgin düşüb. Dövlət bütün bu problemlərin həlli üçün böyük maliyyə və insan resursları sərf edib.
Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Minalardan təmizləmə prosesi davam edir, yeni şəhərlər və kəndlər salınır, yollar, məktəblər, xəstəxanalar tikilir. Vaxtilə çadırlarda, vaqonlarda və ağır şəraitdə yaşamağa məcbur olmuş insanlar öz doğma torpaqlarına qayıdırlar. Bütün bunlar dövlətin qarşısında duran mühüm vəzifələrdir və hər bir vətəndaş bu prosesin uğurla başa çatmasını arzulayır. Lakin ölkənin qarşılaşdığı bu böyük problemlər sosial məsələlərin, xüsusilə də uşaqların rifahının ikinci plana keçirilməsinə səbəb olmamalıdır. Əksinə, müharibədən sonrakı dövrdə insan kapitalına yatırımlar daha da artırılmalıdır. Çünki bərpa olunan şəhərlərdə yaşayacaq, qurulan məktəblərdə təhsil alacaq, ölkənin gələcəyini formalaşdıracaq məhz bugünkü uşaqlardır.
Son illərdə dünyada və ölkəmizdə baş verən iqtisadi proseslər ailələrin sosial vəziyyətinə ciddi təsir göstərib. Bahalaşma, inflyasiya və gündəlik tələbat mallarının qiymətlərinin artması bir çox ailələrin büdcəsini çətin vəziyyətə salıb. Xüsusilə çoxuşaqlı ailələr uşaqların qidalanması, geyimi, təhsili, sağlamlığı və digər ehtiyaclarının qarşılanmasında ciddi çətinliklərlə üzləşirlər.
Belə bir şəraitdə uşaqpulu məsələsinin müzakirəyə çıxarılması tamamilə təbii və əsaslıdır. Uşaqpulu yalnız maddi yardım deyil. Bu, dövlətin ailəyə və uşağa verdiyi dəyərin göstəricisidir. Bəzi insanlar hesab edirlər ki, veriləcək məbləğ ailələrin bütün problemlərini həll etməyəcək. Bu fikir müəyyən mənada doğrudur. Lakin sosial yardımın məqsədi bütün problemləri birdəfəlik aradan qaldırmaq deyil, ailələrin yükünü azaltmaq və onlara əlavə dəstək göstərməkdir.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, uşaqların sosial müdafiəsinə yönəlmiş proqramlar uzunmüddətli perspektivdə dövlətin özünə də böyük fayda verir. Sağlam qidalanan, keyfiyyətli təhsil alan və sosial təminat hiss edən uşaqlar gələcəkdə daha məhsuldar vətəndaşlara çevrilirlər. Bu isə iqtisadi inkişafın və sosial sabitliyin əsas şərtlərindən biridir.
Uşaqların sosial müdafiəsi yalnız pul yardımı ilə məhdudlaşmamalıdır. Bu sahədə digər mühüm addımlar da atıla bilər. Məsələn, məktəb yaşlı uşaqlar üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi və ya müəyyən kateqoriyalar üzrə tam ödənişsiz istifadə imkanlarının yaradılması ailə büdcəsinə ciddi dəstək ola bilər. Bu, xüsusilə hər gün məktəbə, hazırlıq kurslarına, idman və incəsənət dərnəklərinə gedən uşaqlar üçün böyük əhəmiyyət daşıyır.
Nəqliyyat xərclərinin azaldılması ailələrin maliyyə yükünü yüngülləşdirməklə yanaşı, uşaqların təhsil və inkişaf imkanlarını da genişləndirər. Çünki bəzi ailələr üçün əlavə nəqliyyat xərcləri uşaqların müxtəlif təhsil və inkişaf proqramlarında iştirakına maneə olur. Sosial ədalət prinsipi tələb edir ki, hər bir uşaq ailəsinin maddi vəziyyətindən asılı olmayaraq bərabər imkanlara malik olsun.
Uşaq hüquqları məsələsi yalnız sosial müdafiə deyil, həm də milli inkişaf məsələsidir. Uşaqların rifahına ayrılan vəsait xərc kimi deyil, gələcəyə qoyulan investisiya kimi qiymətləndirilməlidir. Güclü iqtisadiyyat, müasir ordu və inkişaf etmiş infrastruktur nə qədər vacibdirsə, sağlam və savadlı nəsil yetişdirmək də bir o qədər vacibdir.
Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşıda duran əsas vəzifələrdən biri həm bərpa-quruculuq işlərini uğurla davam etdirmək, həm də sosial rifahı gücləndirməkdir. Dövlətin qüdrəti yalnız azad edilmiş torpaqlarda tikilən binalarla deyil, eyni zamanda həmin binalarda böyüyən uşaqların xoşbəxtliyi ilə ölçüləcək.
Nəticə etibarilə, uşaqların hüquqlarının qorunması, ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaqpulu məsələsinin yenidən nəzərdən keçirilməsi və uşaqlar üçün nəqliyyat güzəştlərinin tətbiqi cəmiyyətin gələcəyinə xidmət edən mühüm addımlar ola bilər. Çünki hər bir ölkənin ən böyük sərvəti təbii ehtiyatları deyil, sağlam, savadlı və xoşbəxt böyüyən uşaqlarıdır.


Bu gün, 07:42
Nağılabənzər gün

Nağılabənzər gün

(Göydən 3 bərəkət düşür: yağış damlası, günəş şəfəqi, bir də ayın işığı...
“Bu gün bizim için böyük və mənalı bir gündür, arkadaşlar
Uyumayın
Ladies and gentlemen, this is” our essay. Please read...
Yəqin ki, xatırladınız. Deyərdim, son zamanların daha çox dinlənilən mahnılarındandır. Emre Felin oxuduğu, səsi və geyim tərzi ilə Barış Mançonu xatırladan ifası. Yaryuxulu halda evdən çıxıram. Mahnı isə xrustal stəkana dəyən qaşığın yaratdığı səs kimi qulağımda cingildəyir. Qarşıda uzun bədənli, qısaayaqlı, nazik tüklü bir itin qulaqbatıran zingiltisi eşidilir. Axşamkı yağışın yaratdığı bulanıq gölməçənin ətrafına yiğışmış boz sərçələr görünür. Onların civiltisi itin zingiltisinə qarışır. Səhərin öz xoru yaranıb. Birdən qarğanın kobud, boğuq səsi bu xorun ahəngini pozur. Diksinirəm. Elə bil boğazında nəsə ilişib qalıb. Bir anlıq ətrafa göz gəzdirirəm və görürəm ki, məndən fərqli olaraq, təbiət çoxdan oyanıb. Bu canlı mənzərəyə bircə dirijor çubuğu çatmır. Amma nə halım, nə də vaxtım var ki, yerdən qurumuş bir çubuq götürüb bu səhər orkestrinə rəhbərlik edim. Hal bir yana, vaxt yoxdur, vaxt! Çünki bizim saat səkkizn yarısında Bakı Dövlət Universitetinin önündə görüşümüz var.
Eşidirsinizmi? Səkkizin yarısında. Biz bu böyük görüşə tələsirik. Səhər məni silkələyib yerimdən qaldıran əl yuxulu və düşüncəli halıma yenidən sığal çəkir, sanki addımlarımı iri atım deyə kürəyimdən itələyir. Ancaq düşüncələr məni qəti rahat buraxmır. Heç narahat da eləmir. Əhməd Cəmilin “Yenə düşür yadıma ömrün ötən günləri” misrası beynimdən keçir. Gözümün önünə birinci kursda oxuduğum illər gəlir. O zamankı həyəcanı yenidən yaşayıram...
Hazırladığım ilk yazımı xatırlayıram “Bax: Ayxan İbişov, “5 ilin yekunu, yaxud 1 gündən sürreal reportaj”, “Bütöv Azərbaycan” qəzeti, 24 may, 2024-cü il). Addımbaşı bugünkü görüşümüzü necə təsvir etməyə çalışacağımı elə yol boyunca beynimdə götür-qoy edərək düşünürəm. Beləcə, düşüncələr qanadında doğma Bakı Dövlət Universitetinin önünə çatıram. Müəllimlərimi görürəm. Sərdar Əsədzadə və Kənan Novruzovla görüşürəm. Zaur Babayev, Samir Xalidoğlu, Arzu Məmmədovanın isti və səmimi tərzi havanın tutqunluğuna işıq salır. Hava isə elə hey qaş-qabaqlıdır.
Artıq avtobusumuz yola düşüb. Nədənsə maqnitofonun bultuzu işləmir. Şirin söz-söhbətlə yolumuz daha maraqlı keçir. Rus və ingilis bölməsinin tələbələri — Bartu Kamal, Ələkbər Ələkbərov və qrup yoldaşlarının şən əhvali-ruhiyyəyə köklənən söhbətləri, ürəkdən deyib-gülməkləri yolumuza gözəllik qatır. Ən gözəli isə müəllim-tələbə birliyindən doğan doğmalıqdır. Bizi isə qarşıda İsmayıllı adlı cənnət gözləyir...

Ziyalı, bir o qədər də səmimi müstəvidə başlayan səfərimizin, demək olar ki, bir saatı geridə qalır. Həyat öz axarında, ömür isə öz avtobusunda yeni bir mərhələyə can atır. Yolunu tapıb işə saldığımız maqnitofonda ardıcıl olaraq müxtəlif repertuarda musiqilər səslənir, sanki konservatoriyadasan. Qəribədir ki, ötən illərdəki səfərlərdən fərqli olaraq yolboyu milli və bəstəkar mahnıları bir-birini əvəzləyir. Tələbələrin musiqi zövqü adamı heyrətə gətirir. Normal günlərdə bu saatda yuxulu, həmçinin istəksiz olan beyin və bədəni bu gün xüsusi bir ahəng bürüyür.
Pəncərədən çölə baxdıqda hələ də yaşıl olan dağlar, buludlu səma və yenicə sünbül açmış zəmilər insanda böyük bir ümman təəssüratı yaradır. Nədənsə bu gün təbiət xüsusi bir gözəlliyə bürünüb. Doğrudur, yuxarıda da qeyd etdiyimiz və Bakıda olduğu kimi yenə də hava tutqundur. Ancaq biz bu tutqunluqda arabir avtobus pəncərələrinə düşərək ritmik ahəng yaradan damlaları lacivərd səmanın sevinc gözyaşlarına bənzədirik. Sanki təbiət bizim səfərimizə sevinib ağlamaq istəyir, amma hələ də özünü saxlaya bilir. İçəridə isə tam başqa bir ab-hava hökm sürür. Artıq maqnitofonu dinləyicilər üçün hazır vəziyyətə gətirmişik. Arxa oturacaqlarda, ənənəvi olaraq, tələbələr əyləşib və öz aralarında deyib-gülürlər. Bəziləri kiçik videoqeydlər apararaq bu günü tarixə həkk edir, bir müddət sonrası üçün xatirə anı hazırlayır.
Ön oturacaqlarda isə nümunəvi olaraq müəllimlər əyləşib, fikir mübadiləsi aparır, düşüncələrini bölüşürlər. Bu günü xüsusi edən və əsas söhbətlərin ana xəttini təşkil edən məqam Samir Xalidoğlunun əslən üz tutduğumuz
İsmayıllı, Zaur Babayevin Şamaxı şəhərlərindən olmasıdır.
Bizim üçün gözəl təbiəti, təmiz havası və əzəmətli dağları olan Qafqazın üç oğullarından Ağsu, Şamaxı, İsmayıllı müəllimlərimiz üçün məxsusi bir önəm daşıdığını duyuruq. Və bütün bunlar öz axarında davam edərkən, artıq Şirvanın gözü, şeirlərin sözü, tarixin özü və böyük mədəniyyətin beşiyi, “Şam”ın qardaşı Şamaxıya ilk qədəmlərimizlə daxil oluruq... Özü də maraqlı bir təsadüflə.
Beləki, avtobusun maqnitofonunda musiqisi Ramiz Mustafayev, sözləri Fikrət Sadıq olan “Şamaxı” mahnısını qoşuram, ifanın nəqarəti tələbələrin müşaiyətilə canlılıq, yeni nəfəs qazanır:
Mehri salmışam axı,
Heyran olmuşam axı!
Qurban olum, Şamaxı,
Şamaxı, ay Şamaxı!


Elə bu anda Zaur Babayev mahnının səsini azaldır: “Əzizlərim, bu da Şamaxı, ay Şamaxı”, deyir. Gülüş səsləri eşidilir. Yüksək əhvalla yetişdiyimiz ünvana daxil oluruq. Halil İbrahim sofrası qurulur. Bu zaman süfrə başında milliliyimizin işartısı olan aşıq peyda olur. Bizi milli ruhlu saz havasıyla qarşılayır... Restoranda Şamaxı dağlarını əks etdirən, haradasa onuncu əsrin əvvəllərini bildirən tablo diqqətimizi çəkir. Zaur Babayev tarixi reallıqdan -başımıza gələn dağıdıcı zəlzələdən danışır. Vaxtilə onun ulu babasının mədrəsə müəllimi - təbiətşünas olmasından söz açır. Həmin dövrlərdə dağa səyahətə apardığı şəyirdlərin gözləri önündə baş verən zəlzələnin şəhəri yerlə-yeksan etməsi, min çətinliklə müəllim şagirdlərini Bakıya gətirməsi, beləcə böyük xeyriyyəçi Tağıyevin himayəsinə sığınması faktları isə hər kəsdə heyrət doğurur. Burada bir gerçəklik görünür: demək ki, Zaur Babayevin təşkilatçılıq bacarığı, tələbə-müəllim dostluğunu qurmaq, bu bağı möhkəmləndirmək qabiliyyəti, bir sözlə xarakterindəki canyanğılılıq genetik kodlar üzərindəymiş.
Beləcə, Şamaxıdan İsmayıllıya doğru yolumuz davam edir. Samir Xalidoğlu yolboyu İsmayıllının tarixi kəndləri, “Şahdağ Milli parkı”, “Ögey ana” filmindən məşhur İsmayılın itburnu topladığı yeri, Səməd Vurğunun Talıstan kəndindən ilhamlanaraq eyniadlı poemasını qələmə almasını, rus yazıçısı,
dramaturq Maksim Qorkinin vəsf etdiyi İvanovka, Musa Yaqub ruhunun yaşadığı Buynuz, təbiətinin şəfaverici xüsusiyyətlərilə seçilən İstisu kəndlərini bizlərə tanıdır. Bu andaca yada yenə də Əhməd Cəmil yaradıcılığından bircə bəndlik şeir düşür:
Ey Vətən, ana Vətən,
Heyranam sana, Vətən!
Dupduru göllərin var,
Yamyaşıl çöllərin var.

Bu səfərin unudulmayacaq tərəfi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistrantı - çinli tələbəmiz Susannanın İsmayıllıya, daha dəqiq bizim görüşümüzə gəlməsi oldu. Özü də əliboş deyil, adınalayiq tortla. Öyrənirik ki, Susanna həm də müəllimimiz Arzu Məmmədovanın tələbəsi imiş.
Yavaş-yavaş səfərimizin sonuna yaxınlaşırıq. Günəşli, yağışlı, bəzən sakit, bəzən küləkli günümüzün yaddaşına rayon ağsaqqallarından olan, İllərlə pedaqoji fəaliyyət göstərən, məsul vəzifələrdə çalışan, politoloq Balakişi Xudiyevin də adı yazılır. Balakişi müəllim səfər sonuna yaxın təcrübəsinə əsaslanaraq bildirir ki, yağışda çətinlik çəkməyək deyə, vaxt itirmədən yola düşməliyik. Səfər yekunlaşır. Gəldiyimiz kimi də yola düzəlirik. Amma bizi yağış deyil, öz şöləsini Vətənin göylərindən yayan günəş yola salır...

Bununla da nağılabənzər görüşümüz sona çatır. Göydən 3 bərəkət düşür: yağış damlası, günəş şəfəqi, bir də ayın işığı...

Ayxan İbişov
Əsgər İsmayılov

Bu gün, 07:33
Söz ruhunda İlqar Fəhmi imzası

Söz ruhunda İlqar

Fəhmi imzası


Sözün tarixi bəşəriyyətin yaranışı, insanın özünüdərk prosesi qədər qədim və sirlidir. İlk insan daxilindəki tufanları, heyranlıqları və qorxuları ifadə etmək üçün sözə sığınandan bəri, poetik düşüncə ruhun ən sadiq bələdçisinə çevrilmişdir. Əsrlər bir-birini əvəz etsə, nəsillər dəyişsə də, poeziyanın mayası, toxunduğu mövzular demək olar ki, eyni qalmışdır: əlçatmaz yar, qovuşa bilməyən aşiqlərin pıçıltıları, təbiətin fəsillərlə dəyişən rəngləri və insanın daxili tənhalığı...
Lakin bu minillik, şablonlaşmağa meylli mövzuları özünəməxsus üslubda işləyən, onlara yeni nəfəs və fərqli semantik qatlar qazandıran yazıçı-publisistlər sayəsində oxucu heç vaxt eyni ritmdən darıxmır, bədii zövqün aşınmasına bais olmur. Çağdaş Azərbaycan ədəbiyyatında məhz bu bədii zövqü qoruyan, misraları ilə ruhun ən dərin qatlarına toxunan imzalardan biri də İlqar Fəhmidir. Onun yaradıcılığı ilə, xüsusən də şeir dünyası ilə tanışlıq insanı mistik və fəlsəfi bir məna aləminin dərinliklərinə çəkir. Bəzən bu misraların sehrinə qapılarkən insan qeyri-ixtiyari düşünür: Bu sətirlər həqiqətənmi qələmdən çıxıb? Onlar adi bir kağız vərəqində necə belə canlı, belə ağır dayana bilirlər?
Unut məni
Şairin sevgi fəlsəfəsini anlamaq üçün onun yaradıcılığında xüsusi çəkisi olan "Unut məni" şeirinə diqqət yetirmək kifayətdir. İlk baxışda bu şeir sadə bir ayrılıq fəryadı və ya unudulmaq istəyi kimi görünə bilər. Lakin misraların dərinliyinə endikcə poetik obrazın əslində tam tərsi bir arzunu – əbədi yaddaşda qalmaq istəyini necə gizlətdiyini görürük:
Unut məni səhərlər, üfüq işıldayanda,
Yavaşca pəncərəndə budaq xışıldayanda.
Unut məni günorta, külək günü əyəndə,
Divanda halsız-halsız kitab vərəqləyəndə...

Şair sevgilisindən onu elə anlarda unutmağı xahiş edir ki, həmin anlar insanın ən həssas, təbiətlə və özü ilə baş-başa qaldığı, duyğuların pərvazlandığı dəqiqələrdir. Üfüqün işıldaması, budağın xışıltısı, günortanın sakitliyi, kitab vərəqlərinin səsi onsuz da sevgini və seviləni xatırladan təbii stimullardır.
Şeirin kulminasiya nöqtəsi isə məişət fonunda verilən fəlsəfi-dramatik mənzərədir:
Unut məni hər axşam, sızıltıdan bezəndə,
Durub gedib ərinçün mixəkli çay süzəndə...
Bu misralarda sönmüş bir eşqin, başqasına aid olan bir qadının daxili sızıltısı var. "Mixəkli çay" detalı şeirə həm milli element, həm də vizual bir rəng qatır. Şair "Unut məni, unut, tam. Səhər... Günorta... Axşam..." deyərək zamanın bütün kəsiklərini əhatə edir. Bu isə o deməkdir ki, məni heç bir zaman unutma! Sadə, yaddaqalan, ritmik ahəngi ilə insanı uzaqlara aparan bu şeir, əslində unudulmazlığın poetik bəyannaməsidir.
Məni axtar
Müəllifin "Məni axtar" (Əruz üstündə mini-poema) adlı əsəri klassik ənənə ilə müasir urbanistik (şəhər) həyatın sintezindən doğan möhtəşəm bir poetik nümunədir. İlqar Fəhmi klassik əruz vəzninin ritmini müasir dövrün detalları ilə (bar, kafe, taksi, siqaret tüstüsü) elə ustalıqla birləşdirir ki, oxucu zaman və məkan anlayışını itirir. Şair insanın xoşbəxt və əyləncəli anlarında deyil, məhz daxili böhran, saxtalıq və tənhalıq anlarında sığınacaq yerinə çevrilmək istəyir:
Məni axtarma hər axşam, yığışıb şənlik edəndə,
Yenə də barda, kafedə ötəri gün keçirəndə...
Dadı şit qəhqəhələrdən bezikib təngə gələndə,
Taparaq nəysə bəhanə yenə küncə çəkiləndə – Məni axtar.

"Şit qəhqəhələr", "boş foye", "siqaret tüstüsü" müasir insanın depressiyasını, kütlə içindəki tənhalığını vizuallaşdıran güclü metaforalardır. Şair sevdiyi qadını "taksi kəsən gecəyarı yolların" soyuğundan, "soyumuş güzgüdə hiddətlə baxan öz əksindən" xilas etməyə hazırdır.
Şeirin son bəndi isə metafizik bir xilaskarlıq missiyası daşıyır:
Çıxmaram bircə sözündən, səni allam yer üzündən,
Çəkərəm mavi səmaya, öpərəm nəmli gözündən...
Bu misralar sevgini yerdəki bütün çirkinliklərdən, "sərsəm həyatın" ağırlığından qoparıb ülvi, transsendent bir müstəviyə – "mavi səmaya" qaldırır. Ritmin təkrarı (rədiflər) şeirə elə bir daxili musiqi bəxş edir ki, oxucu özünü həmin melodiyanın dalğasında hiss edir.
Ağlayan yağışa
İlqar Fəhmi poeziyasında təbiət hadisələri heç vaxt sadəcə dekorasiya deyil. "Ağlayan yağışa" şeirində şair romantik ədəbiyyatın ən çox istifadə etdiyi "yağış" simvoluna tam fərqli bir rakursdan yanaşır. Burada yağış – saxta göz yaşlarının, səmimi olmayan kədərin rəmzidir:
Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır,
Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır.

Müəllif aşiqin və ya qarşı tərəfin nümayişkaranə kədərinə inanmır. "İti kirpikdəki yaşlar", "həyəcanla dolu sözlər" onun bədii intuisiyasını aldada bilmir, çünki o, insanın daxili aləmini mükəmməl bilir. "Gülüşün ağlamağınla arası bircə qarışdır" misrası insan psixologiyasının dəyişkənliyini, hisslərin teatrallaşdırılmasını tənqid edir. Fəsillərin, şimşəklərin və sellərin önəmi yoxdur; əgər daxildə səmimiyyət yoxdursa, təbiətin bütün möcüzələri şairin nəzərində əhəmiyyətini itirir: "Nə qədər yağsa da yağsın, bu yağış saxta yağışdı..."
İlqar Fəhminin şeir dünyasına səyahət göstərir ki, o, sadəcə qafiyə xatirinə yazan bir şair deyil. O, sözün arxasında dayanan böyük bir fəlsəfənin, intellektual bədii təfəkkürün daşıyıcısıdır. Onun poeziyası klassik şeirimizin irsi (əruzun əzəməti, təsəvvüfi dərinlik) ilə müasir insanın daxili dramatizminin mükəmməl vəhdətidir.
Müəllifin misraları sadəliyi ilə dərhal yaddaşa həkk olunur, lakin eyni zamanda insanın iliklərinə qədər işləyən fəlsəfi bir kədəri, bədii estetikası var. Fəhminin şeirləri oxucunu gündəlik həyatın adiliyindən qoparır, duyğuların aşınmasının qarşısını alır və bizi sözün, sevginin və ruhun əbədi, toxunulmaz dünyasına qovuşdurur. Bu yaradıcılıq – çağdaş ədəbiyyatımızın unudulmaz və hər zaman təzə qalan mənəvi xəzinəsidir.

Ayhan

Bu gün, 07:21
Terror qurbanlarının xilaskarları

Terror qurbanlarının xilaskarları

Əslində bu mövzu çox ciddi və düşündürücüdür.
Zamanın burulğanından qurtulub salamat çıxmaq dərrakənin və ağılın məhsuludur. Tarix sübut edir ki, terror heç bir dövlətə, cəmiyyətə və ya siyasi quruma uzunmüddətli xeyir və sabitlik gətirməyib. Əksinə, terrorizm bəşəriyyətin inkişafına mane olan, qlobal sabitliyi təhdid edən və yalnız fəlakətə səbəb olan destruktiv vasitədi.
Terror insanların psixologiyası ilə yanaşı flora və faunaya ciddi zərbələr endirir.
Terrorlar zalım və amansızların ,insanlığa xas olmayan iyrəncliyidir.
Belələrini dünya lənətləyir heç kim bağışlamır.
Bir zamanlar hələ SSRİ-nin vaxtında bu qüdrətli ölkənin ərazilərində bir neçə terror və təxribat aktları baş vermişdi. Məsələn: 1977-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərinin mərkəzində, insanların sıx toplaşdığı yerlərdə üç terror aktı keçirilib. Nəticədə 7 nəfər həlak olub və 44 insan yaralanıb. Ermənistanda yaşayan bu terrorçular - Stepan Zatıkyan, Zaven Baqdasaryan və Akop Stepanyan SSRİ-nin Xüsusi Xidmət orqanlarının əməkdaşları tərəfindən tezliklə həbs edilirlər.İstintaq sənədləri prokurorluq və Ali Məhkəməyə göndərilir. Məhkəmənin qərarı ilə adları çəkilən erməni terrorçular ölüm cəzasına məhkum olunurlar.

4 iyul 1988-ci ildə saat 15:30 radələrində Qorki vilayətinin (indiki Nijniy Novqorod) Arzamas şəhərinin dəmir yolu stansiyasına yaxınlaşan yük qatarın bir neçə vaqonunda güclü partlayışlar baş verir və bunların nəticəsində 91 nəfər həlak olur, yüzlərlə insan yaralanır. İstintaq zamanı məlum olur ki, partlayan vaqonlarda üstü açıq taralara qablaşdırılmiş 20 ton heksaqen adlı partlayıcı maddə olub.Bəzi əməliyyatçıların irəli sürdükləri fikirləri nəzərə alsaq görərik ki, teplovozun sobasından çıxan qığılcım yük vaqonlarına daxil olaraq, güclü partlayışa səbəb olub. Məlum olub ki, həmin stansiyanın ərazisində, baş verən hadisənin 200-250 metrliyində dayanan başqa bir yük qatarında nüvə başlıqları olub və xoşbəxtlikdən partlayış zamanı onlar detonasiyaya uğramayıblar. Əks halda Arzamas şəhəri və onun ətrafında olan yaşayış və tikinti obyektləri yer üzündən silinə bilərdi.
1984-ci ildə erməni terrorunun sədası Azərbaycanda da eşidildi və bir gün Bakıda 106 saylı marşurutda “İkarus” markalı sərnişin avtobusunda təxribat törədilir. Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarının əməkdaşları 19 gün ərzində terror aktını törədən Bakı şəhərinin sakini, erməni millətinin törəməsi Genrix Vartanov əldə edilmiş danılmaz dəlil və sübutlar nəticəsində saxlanılaraq həbs edilir.
1988-ci ildə Ermənistanın Xüsusi Xidmət orqanlarının agenti olan Sumqayıt şəhərinin sakini Eduard Qriqoryan, onun qardaşı və bir neçə terrorçu iri miqyaslı təxribat törədərək bu şəhərdə yaşayan, erməni millətindən olan qadınların mənzillərinə icazəsiz soxularaq, hətta hamilə qadınların da qarınlarını doğrayaraq vəhşicəsinə qətlə yetirirlər. Qriqoryanlar mənzilləri qarət etdikdən sonra növbəti soydaşlarının mənzillərinə də girirlər.
Qətlə yetirilən qadınların hamısı “KRUNK” adlanan erməni terror təşkilatının üzvü olmadığı üçün və hər ay adı çəkilən bu terror qurumunun hesabına 50 rubl göndərmədikləri üçün, Eduard onları xüsusi qəddarlıqla qətlə yetirirdi. Qısa müddət ərzində Qriqoryan həbs olundu, lakin onun məhkəməsi bizə qarşı qərəzli formaya çevrilərək, Russiyada keçirildi. Nəticədə bu dəhşətli qatil cəmi 12 il müddətinə məhkum olundu. Bu prosesdən sonra Eduard Qriqoryan Ermənistanın milli qəhrəmanına çevrildi. Bəli, bu ölkədə öz soydaşlarını, hətta hamilə qadınları qətlə yetirənlər də xalq qəhrəmanı sayılır.
Sonralarda erməni terrorçuları Azərbaycan xalqına qarşı bir sıra ağır təxribat aktların həyata keçirirlər;
-Onlar Ağdam-Gəncə sərnişin avtobusunu partladırlar. Nəticədə bir neçə sərnişin yaralanır;

-Bakı-Min-Vod sərnişin qatarında da ermənilər təxribat törədirlər və nəticədə ölən və yaralanan olur.
-Erməni terrorçuları Tümen-Bakı sərnişin qatarını partladmaq üçün, Dağıstanın ərazisində təxribat törədirlər, lakin bu qatarın maşinistlərinin bacarığı və ustalığı nəticəsində qəzanın qarşısı alınır;
-19 mart 1994-ci ildə saat 13:00 radələrində qatar “20-Yanvar” metro stansiyasına yaxınlaşan zaman, qatarın baş vaqonunda güclü partlayış baş verir, nəticədə 14 nəfər həlak olur, 49 insan yaralanır. Vəfat edənlərin sırasında görkəmli bəstəkar Azərbaycanın Xalq artisti Rafiq Babayev də var idi. Allahdan vəfat edənlərə rəhmət diləyirik, zədə alanlara can sağlığı arzulayırıq. İstintaq zamanı məlum olmuşdu ki, terror aktını yerinə yetirmək istəyən Oktay Qurbanov “Sadval” terror cəmiyyətinin üzvü olub və partlayıcı qurğunu işə salarkən, özü də məhv olub. Qeyd edirik ki, bu terrorun təşkilatçısı, “Sadval”-n fəal üzvü olan Azər Aslanov Azərbaycan Respublikası Xüsusi Xidmət orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində az müddətdə müəyyən edilib, həbs olunub.Dindirilmə zamanı o da bildirib ki onun anasını bu hadisədən bir neçə ay əvvəl Ermənistanın xüsusi xidmət orqanları tərəfindən girov götürdükləri üçün ,o məcburiyyət qarşısında qaldığı üçün bu çirkin əməli Bakı şəhərində təşkil edib.
-1994-ci ilin İyul ayının 3-də, Bakı metrosunda növbəti terror aktı baş verir. Saat 20:30 radələrində “28-May” metro stansiyasından çıxan və “ Gənclik ” stansiyasına 500 metr qalmış elektrik qatarının ikinci vaqonunda güclü partlayışdan sonra, yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olur, 58 insan isə yaralanır. Həmin vaqonda olan və yol idarəsində mühəndis vəzifəsində çalışan, 1944-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş İsmayılov Fərhad İsmayıl oğlu da terror nəticəsində başından ağır yaralanır və partlayış dalğası onu yerə yıxanda, o ayaqqabılarını itirir. O, baş nahiyyəsindən ağır yaralansada ayaqyalın, dabanlarında şüşə və metal qırıntıları doğrasa da özü ağır yaralı olmağına baxmayaraq digər yaralıları yanan vaqondan çıxarmağa başlayır. Nəticədə bu əsl qəhrəman insan 19 nəfəri, o cümlədən iki azyaşlı uşağı fəlakətdən qurtarır. Və ömrünün sonunadək aldığı xəsarətin ağrısını çəkə-çəkə yaşayır.
Fərhad İsmayılov 2 aprel 2024 ci ildə ağır xəstəlikdən sonra vəfat edir. Adını qeyd etdiyimiz bu qəhrəman insan - İsmayılov Fərhad İsmayıl oğlu yaxın dostumuz və həmkarımız, yazıçı publisist, Birinci Qarabağ müharibəsinin veteranı, Dövlət Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovniki Hamlet İsmayıl oğlu İsmayılovun doğma kiçik qardaşıdır. Deyirlər ot kök üstə bitər. Hamlet müəllimin həyat yolunu və Azərbaycanın Xüsusi Xidmət orqanlarında çalışdığı illəri izləyərkən biz onun yalnız müsbət fəaliyyətini görürdük. O da kiçik qardaşı Fərhad kimi insanları fəlakətdən xilas etmək üçün özünü riskə atmağa həmişə hazır olub.
Biz bu məqalədə digər ölkələrdə və Azərbaycanda törədilən terror aktlarını qeyd etdik,lakin 1985-ci ildə respublikamızın ərazisinə kəşfiyyat-təxribat dəstələrinin atılması və onların hamısının Qaradağ və Salyan rayonlarının ərazisində Hamlet müəllim və onunla birlikdə çalışan əməkdaşlar tərəfindən müəyyən edilib zərərsizləşdirməsi barədə də danışmalıyıq.Söhbət ondan gedir ki,bu ərazidə keçirilən əməliyyat-axtarış tədbirlərinə o zaman, mayor Hamlet İsmayılov rəhbərlil edirdi.Və onunla birlikdə təhlükəsizlik bölməsinin zabitləri Etibar Babayev, Aydın Kərimov və Tahir Quliyev də iştirak ediblər.Birinci mərhələdə əməliyyat -axtarış tədbirlərinə rayon milis əməkdaşları da cəlb olunmuşdu və onların da birgə səyi nəticəsində 30 təxribatçı zərərsizləşdirilmişdi.Qeyd etmək istəyirəm ki,o zaman Qaradağ rayon partiya təşkilatında çalışan və hüquq -mühafizə orqanlarının kuratoru olan xalq yazıçısı Çingiz Abdullayev rayon təhlükəsizlik bölməsinin rəisindəm xahiş edib ki,keçirilən ciddi və mühüm əməliyyat-axtarış tədbirlərində iştirak etmək üçün ona da icazə verilsin.Bəli,ələ keçirilən kəşfiyyat-təxribat dəstələri dindirmə zamanı bildiriblər ki,onların məqsədi rayonun ərazisində dislokasiya olunan mühüm mülki və hərbi obyektlərdə terror-təxribat aktları keçirmək və hərbi silahlı qüvvələrin komandan müavinini girov götürmək olub
Uğurlu keçirilən bu tədbirdən sonra
Hamlet İsmayılov barədə təqdimat göndərilib və ona SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən, vaxtından əvvəl, polkovnik-leytenant rütbəsi verilib.
Deyilənlərə görə, bir zaman Hamlet İsmayılov xidməti borcunu -respublika rəhbərinin mühafizəsini təmin edərkən, əsl qəhrəmanlıq göstərərək tapanca ilə silahlanmış şübhəli şəxsi təkbaşına tərksilah edərək zərərsizləşdirir.
Hamlet İsmayılovun bu qəhrəmanlığını o zaman Naxçıvana ezam olunan jurnalist həmkarım, yazıçı Akif Cabbarlı da təstiq etdi. Nədənsə, bu hadisə barədə yuxarı instansiyalara məruzə olunmayıb. Əgər onlara məruzə olunsaydı Azərbaycanın igid oğlu Hamlet İsmayılov dövlət mükafatı ilə təltif olunardı. Əminəm ki oxucularımız qeyd olunan faktlara məqalə ilə tanış olduqdan sonra özləri qərəzsiz və düzgün qiymət verəcəklər.
Deyirlər ki, Allah Hamleti xeyirxah və mərhəmətli bir insan kimi həyata gətirib. Onun gəncliyinə nəzər salsaq görərik ki, nə qədər insanlara kömək əlini uzadıb. Məsələn: "Arzu" pioner düşərgəsinin idman müəllimi işləyəndə Xəzər dənizində - Şüvəlan çimərlində suda boğulan M.Ə..Sabir adına Pedaqoji Texnikumunun iki tələbə qızıbı xilas edib; Bakı bulvarında "Sadko" kafesinin yaxınlığında axşam saat 21 radələrində qaranlıq bir gecədə dənizə düşən 9 yaşlı Nigar adlı bir qızı estakadanın altından çıxarıb sahildə duran qardaşı Fazilə ötürərək xilas edir. Qardaşı Fazil xilasetmə fəndlərindən təhsil aldığı üçün balaca qızcığaz Higarı anasının gözləri qarşıslnda yenidən həyata qaytarır.

Ertəsi gün "Bakinskiy raboçiy" qəzetinin redaktoru bu cəsur qardaşlarla tanış olmaq üçün redaksiyaya dəvət edir, lakin onların təvazökarlığı buna imkan vermir. Bundan başqa 1991-ci ildə Bakı şəhərindəki 47 saylı məktəbin yaxınlığında axşam saatlarında əməliyyat-axtarış tədbiri keçirərkən, Hamlet İsmayılov görür ki, 12 yaşlı məktəbli qızı iri bıçaqla hədələyən 30-35 yaşlı cinayətkar qızın hər iki qulağından qızıl sırğaları zorla dartıb çıxarır. Qaçmaq istəyən əli bıçaqlı cinayətkarla əlbəyaxa olub onu tərkisilah edir və hüquq-mühafizə orqanlarına təhvil verir. Üzgözü alqan içində olan qızı xəstəxanaya göndərir. Bir neçə gündən sonra cinayətkarlığın qəti "düşməni" olan Hamlet İsmayılov 65 saylı marşrutla işdən evə dönərkən avtobusda iki cavan oğlanın bir qadını bıcaqla hədələyib çantasını əlindən almaq istədiyini görür. Hamlet avtobus "Beşmərtəbə"yə yaxın olan dayanacağa çatan kimi hər ikisini zərərsizləşdirib yaxınlıqdakı polis bölməsinə aparır.
Hamlet müəllimin onlarla belə qəhrəmanlığından danışmaq olar. Qaradağ rayonunda qətlə yetirilən bir hərbçini öldürənin qısa bir müddətdə aşkarlanması, qadınların Türkmənistana satılması işini həyata keçirən insan alveri ilə məşğul olan cinayətkarı yaxalaması və sairə.
Hamlet müəllim vətənpərvər, xalqını və dövlətini sevən insandır. Birinci Qarabağ müharibəsi başlayan zaman, Hamlet müəllim vəzifədə və 3-uşağın atası olaraq raport yazıb, bir neçə dəfə könüllü olaraq döyüşə gedib. O, Şuşa, Kərkicahan, Çaykənd, Murovdağ, Goranboyun Erkeş, Manaşıt kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. 6 iyul 1991-ci ildə düşmənin snayperi onu üz nahiyəsindən yaralayır. Buna baxmayaraq o tabeçiliyində olan döyüşçüləri mühasirədən çıxartmağa müvəffəq olur.
Görünür bu vətənpərvərlik Hamlet və Fərhad İsmayılovlara 1941-1945 -ci illərdə,Vətən müharibəsində iştirak edən iki böyük qardaşları- Əliağa və Ayazdan ruhən keçib. Ayaz 1943-cü oldə Kerç şəhəri uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olub.Əliağa isə 1945-ci ilin əvvəllərində ağır yaralandıqdan sonra vətənə qayıdır.

Hamlet İsmayılov əvvəllər nazirliyin mərkəzi aparatında-xüsusi şöbədə, 7 il Naxçıvanda Bakı şəhərinin, Qaradağ rayonunda DTX rəisi vəzifəsində çalışıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılanda, o bu Ali təhsil mərkəzinə komendant xidmətinin rəisi təyin olunur. 2003-ci ildə polkovnik rütbəsində ehtiyata buraxılır. Hazırda Hamlet müəllim bədii yaradıcılıqla məşğuldur. Onun səkkiz kitabı işıq üzü görüb, məqalələri “Exo”, “Açıq Söz”, “Vışka” və "Xalq qəzeti"ndə çap olunub.
Qeyd etmək istəyirəm ki, bu ailəni tanıyan insanlar Fərhad, Hamlet, Fazil, Eldar, Ramiz, Ayaz, Əliağa İsmayılov qardaşları ilə fəxr edirlər.

Mübariz Süleymanlı,
AYB üzvü, Beynəlxalq mükafatlar laureatı, şair-publisist.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!