Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 7-06-2026, 07:11
Sönməyən ocaq

Abid Şamiloğlu,
Müəllim, Quba Afurca kəndi


Sönməyən ocaq

(Sənədli hekayə)
Afurca kəndinin uca dağları bəyaz dumanla örtülmüşdü. Yazın gəlməyinə baxmayaraq, hələ havalar istiləşməmişdi. Sürünü, mal-qaranı yaylağa aparmaq olardımı? Heç kim cəsarət eyləmirdi. Bəzən elə olurdu ki, yayın ortalarında yaylaqda qar yağardı. Salman kişi son sözünü dedi:
- Hazırlaşın, yaylağa çıxmalıyıq. Heç bir qar, boran bizi qorxuda bilməz. Yağar, əriyib gedər. Gecikdirmək olmaz. El-oba yığışdı, köçdü. Yaylaq həyatı başladı. 1858-ci ildə Afurca kəndində dünyaya göz açan Salman Abid oğlu kəndin dağ cüssəli bir igidi idi. O, bütün quberniyanın vicdanı, ədalət qoruyucusu, zəngin bir təsərrüfatın sahibi idi. Onun qoyun sürüləri, mal-qara naxırları Qilit yaylağındakı geniş otlaq sahələrində saxlanılırdı.
Salman kişi təsərrüfata başçılıq etməklə yanaşı, həm də Afurcanın və ətraf kəndlərin hakimi idi. O, bu işə dövlət tərəfindən təyin olunmuşdu. Kənddə bir haqsızlıq baş verəndə hamı onun qapısına qaçardı. Salman kişi həyətindəki qocaman palıd ağacının altında əyləşər, hər iki tərəfi təmkinlə dinləyərdi. Onun kəsdiyi hökmdən heç kim inciməzdi, çünki onun hakimliyi ilahi ədalətə və insan sevgisinə söykənirdi. Onun ədalət sorağı tezliklə doğma kəndinin sərhədlərini aşdı. Başqa kəndlərdə də işi çətinə düşən, çıxılmaz vəziyyətdə qalan, haqqı tapdalanan hər kəs çarəni Salman kişinin müdrikliyində tapardı. O, fərq qoymadan hər bir məzlumun imdadına çatar, müşkül işləri asanlıqla həll edərdi.
Salman kişinin həyatındakı ən böyük zənginlik onun evinin dirəyi, ömür-gün yoldaşı Mərziyə nənə idi. Mərziyə nənə təkcə Salman kişinin həyat yoldaşı deyil, həm də onun qəlbinin aynası, xeyirxahlıq missiyasının ən böyük ortaq tərəfi və kəndin mənəvi anası idi.
Salman kişinin evindən qonaq-qara əskik olmazdı. Uzaq kəndlərdən gələnləri Mərziyə nənə böyük bir təmkinlə, gülər üzlə qarşılayar, onlara süfrə açar və hər birinə ana şəfqəti göstərərdi. Salman kişinin Afurcada uzun illərə dayanan, sadiq və özü kimi igid bir dostu var idi: Əbdülxalıq. Bu iki cəsur və mərd insanın dostluğu kənddə əsl qardaşlıq nümunəsi sayılardı. Kəndin xeyrinə və ya camaatın xeyir-şəri ilə bağlı bir iş görüləcəksə, Salman kişi ilə Əbdülxalıq mütləq bir-birilə məsləhətləşərdilər. Hər hansı çətin bir qərar qəbul olunmalı olduqda, bu iki dost hər bir işi incəliyinə qədər götür-qoy edib tamamlayardılar. Salman kişinin müdrikliyi sayəsində Afurcanın və ətraf kəndlərin hər bir problemi asanlıqla yoluna qoyulardı. Bu dostluq kəndin həm xeyir işlərində, həm də ağır günlərində ən möhkəm dayaq idi.
Salman kişi həm də darda qalanın arxası, köməyi, acın çörəyi idi. Elə bir il olurdu ki, quraqlıq və ya sərt qış ucbatından bütün ətraf kəndlərdə camaatın taxılı tamamilə qurtarırdı. Belə qıtlıq günlərində insanların taleyinə aclığın qorxunc kölgəsi düşəndə, Salman kişi dərhal hərəkətə keçərdi. O, ehtiyatda olan taxıl anbarlarının ağzını açdırar və car çəkdirərdi: "Kimin nə qədər ehtiyacı varsa, gəlsin, taxılını aparsın!"
Nəinki Afurcanın, hətta ətrafdakı bütün kəndlərin əhalisi də axın-axın onun həyətinə gələrdi. Salman kişi heç bir təmənna ummadan, heç kəsi qapısından əliboş qaytarmadan tonlarla taxılı insanlara paylayardı. Kəndin kimsəsizləri, xüsusən də başsız qalmış dul qadınları və yetimləri onun daimi himayəsində idi. Səhər açılanda uşaqların üzündəki aclıq qorxusunun yerini təbəssümün alması Salman kişinin ən böyük mükafatı idi. O, sanki bu dünyaya acları doyurmaq, sızlayan qəlblərə məlhəm olmaq üçün gəlmişdi.
Təqvimlər 1918-ci ili göstərəndə bu dinc dağ kəndlərinin üzərini qara buludlar aldı. Bakıda və Şamaxıda Şaumyanın göstərişi ilə Amazaspın erməni-bolşevik silahlı dəstələri qan tökür, kəndləri yandırır, günahsız insanları öldürürdülər. Çox keçmədən qorxunc xəbər Quba qəzasına da çatdı. Düşmən Şamaxını xarabalığa çevirdikdən sonra Qonaqkənd yolu ilə Quba şəhərinə gəlib keçəcəkdi.
Kəndlərə təşviş düşdü. Qadınların fəğanı, uşaqların qorxu dolu baxışları hamını lərzəyə gətirdi. Belə bir məqamda Salman kişinin polad iradəsi ön plana çıxdı. O, bir an belə tərəddüd etmədən ayağa qalxdı.
- "Qorxmayın!" -deyə onun gur səsi əks-səda verdi. -"Namusumuzu və torpağımızı bu qan içənlərə tapşırası deyilik!"
Salman kişi dərhal strateji plan qurdu. Kəndin qadınlarını, uşaqlarını və qocalarını toplayaraq, onları gur şəlalənin axdığı yerdə olan, sıldırım Qırmızı Qayanın gizli mağaralarına yerləşdirdi. Bu təhlükəli köç zamanı qadınların və uşaqların başında Mərziyə nənə dayanmışdı. O, öz sarsılmaz iradəsi, ana şücaəti və təmkinliyi ilə mağaralarda gizlənən hər bir kəsə mənəvi dayaq oldu, qorxunu onlardan uzaqlaşdırdı. Mərziyə nənə sığınacaqda saxladığı hər bir kəsi ana kimi qoruyaraq bu zəfərin mənəvi qəhrəmanı oldu. Onun bu şücaəti, sarsılmaz rəşadəti dillər əzbəri oldu, sorağı bütün Azərbaycana yayıldı.
Şəlalənin gurultusu uşaqların səsini boğur, düşmənin bu gizli sığınacağı tapmasını qeyri-mümkün edirdi.Ailələri etibarlı yerə yerləşdirdikdən sonra Salman kişi və onun sadiq dostu Əbdülxalıq kəndin igidlərini, əlinə silah ala bilən hər bir kişisini səfərbər etdi. Düşmən Qonaqkənd yolundan keçib gələndə qarşısında heç nədən qorxmayan, Vətən naminə ölməyə hazır olan bir böyük dəstəni gördü.
Salman kişinin və Əbdülxalıqın rəhbərliyi ilə başlayan qəfil və amansız müqavimət düşməni sarsıtdı. Ağır toplarla, pulemyotlarla silahlanmış böyük bir orduya qarşı bu dəstə qəhrəmancasına vuruşurdu. Dağların hər qayası, hər cığırı düşmənə qarşı bir silaha çevrilmişdi. Bu qeyri-bərabər döyüşdə erməni-bolşevik dəstələri ağır itkilər verdilər. Onlar Təngə dərəsindən keçib Quba şəhərinə doğru irəliləməyə məcbur oldular.
Salman kişinin göstərdiyi bu qəhrəmanlıq, göstərdiyi bu müqavimət böyük bir fəlakətin qarşısını aldı. O, öz kəndinin və ətraf kəndlərin namusunu qorudu, yüzlərlə ananı və uşağı ölümdən xilas etdi. Onun bu şücaəti, sarsılmaz rəşadəti dillər əzbəri oldu, sorağı bütün Azərbaycana yayıldı.
İllər keçdi, zaman dəyişdi. Azərbaycanda sovet hakimiyyəti quruldu və amansız kolxozlaşma dövrü başladı. Bu dövr Salman kişinin həyatının ən ağır imtahanı oldu. Onun ömür boyu zəhmətlə topladığı, min bir əziyyətlə artırdığı bütün qoyun sürülərini, böyük mal naxırlarını, var-dövlətini əlindən aldılar. Ailə bir gecədə tamamilə müflis vəziyyətə salındı. Sovet hökuməti onun maddi gücünü qırmağa çalışırdı.
Bu sınaq günlərində Mərziyə nənə ərinin ən böyük sirdaşı, sarsılmaz qalası oldu. O: "Mal-mülk gəldi-gedərdi, təki baş ucalığı olsun, təki canımız sağ olsun" -deyərək Salman kişiyə güc verdi və ailənin başını hər zaman dik saxladı. Lakin onlar bir şeyi unutmuşdular. Salman kişinin böyüklüyü onun var-dövlətində deyil, sarsılmaz ruhunda və polad xarakterində idi. Salman kişi bütün bu haqsızlıqlara, maddi itkilərə baxmayaraq özünü sındırmadı. Əsl bir kişi, dağ qədər vüqarlı bir el ağsaqqalı kimi hərəkət etdi. Malı-mülkü əlindən alınsa da, qəlbindəki insan sevgisini və mərdliyini heç kim ala bilmədi. O, yenə də kəndin mərkəzində dik dayandı, yenə də darda qalanın, çarəsiz qalanın köməyinə çatdı. Bu çətin günlərdə onun ən böyük mənəvi dayağı yenə də sadiq dostu Əbdülxalıq oldu.
Əbdülxalıq həm varlı, həm də müflis günündə Salman kişinin yanında qaldı, onun dərdinə şərik oldu. Bu iki igid insan ömürlərinin sonuna qədər dostluqlarını, bir-birinə olan hörmət və sədaqətlərini eyni səmimiyyətlə davam etdirdilər.
Salman kişi 1930-cu ilin sonunda dünyasını dəyişdi. O, bu dünyadan köçəndə onun heç bir malı-dövləti yox idi. Amma onun arxasında gözüyaşlı, ona minnətdar olan və onun mərdliyinə heyran qalan bütöv bir mahal var idi. Bir də onun müqəddəs xatirəsini göz bəbəyi kimi qoruyan Mərziyə nənə vardı.
Bu gün də Afurca kəndində şəlalənin səsi ucalanda, sanki o səs Salman kişinin qəhrəmanlığını hayqırır, Qırmızı Qayanın mağaraları isə onun ədalətinin, xeyirxahlığının və cəsarətinin şahidi kimi vüqarla dayanır.
Salman Abid oğlu və Mərziyə nənə öz şərəfli ömürləri və əyilməz qamətləri ilə hər bir Azərbaycanlının qəlbində əbədi bir abidə ucaltdılar.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!