TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 10-01-2025, 08:43
Bir kəndin əhvalatı

Abid ABİDOV(Şamiloğlu),
Müəllim, Afurca kəndi


Bir kəndin əhvalatı
(Esse)
Seyidlər kimdir?
Seyid ərəb sözü olub, əfəndi, rəis, öndər mənasını verir.
Həzrəti Məhəmmədin (s.a.v.) kiçik nəvəsi Həzrəti Hüseyn və onun nəslindən gələnlərə seyid deyilir. Həzrəti Məhəmmədin nəsli qızı Həzrəti Fatimə ilə çoxaldı. Həzrəti Həsən və Həzrəti Hüseyn Həzrəti Fatimə ilə Həzrəti Əlinin oğullarıdır. Həzrəti Həsənin nəslindən gələnlərə şərif deyilir. Seyid ilə şəriflərə peyğəmbərimizin uşaqları mənasına gələn “Övladi-Rəsul” deyilir.
Peyğəmbər əfəndimiz cümə gününə “günlərin seyidi”, Həzrəti Həsən və Həzrəti Hüseynə “Cənnət gənclərinin seyidləri” adını vermişdir.
İslam dövlətlərində həmin dövrlərdə peyğəmbərimizin nəslindən gələnlərə böyük hörmət göstərilirdi. Osmanlı sultanlarının şərif və seyidlərə xüsusi sevgi və hörmətləri vardı. Belə ki, Türkiyədə seyid və şəriflərin işlərinə baxan ayrı təşkilat vardı. Onların haqları qorunurdu. Onlara layiq olmayan işlərdə işləmələrinə, bu nəsildən olan qadınların başqa nəsillərlə evlənmələrinə icazə verilmirdi.
Şəriflər başlarına ağ sarğı, seyidlər isə yaşıl sarğı sarıyırdılar. Bununla onları tanımaq mümkün olurdu.
Seyid və şəriflərin rahat yaşamaları üçün hər cürə xidmət göstərilirdi. Onlar vergilərdən azad olunmuşdular. Onlara dövlət təqaüd verirdi. Onları əsgərliyə aparmırdılar. Mərasimlərdə onlar dövlət adamlarından qabaqda gedirdilər. Onların etdiyi dualar məqbul sayılırdı.
“Əhli-Beyt” Həzrəti Peyğəmbərimizin ailəsi və onun nəsilləri mənasına gəlir. Müsəlmanların nəzərində “Əhli-Beytə” aid olanlar müstəsna bir mövqeyə sahib olmuşlar. Onları sayıb-sevmək vacib bir iş kimi qəbul olunmuşdur.
Kərbəlada olan hadisələrdən sonra sağ qalmış Zeynalabidin əvvəlcə Şama gəlir. Sonra Mədinəyə gedir. Bir müddətdən sonra bəzi seyidlər Bağdada gedirlər. Bəziləri isə Şam şəhərində qalırlar. Seyidlərin hörmətə sahib olmaları hakim dairələrin xoşuna gəlmirdi. Onlar fikirləşirdilər ki, seyidlər güclənər, hakimiyyəti ələ ala bilərlər. Onların Bağdadda qalması üçün əngəllər törədilirdi. Bu məqsədlə onların bir hissəsi Xorasana köçür, bir hissəsi isə Türkiyəyə pənah aparır.

Afurca seyidlər məskənidir
Çox gözəl mənzərəsi var kəndimizin. Uca Allah öz qadir əllərilə yaratmışdır kəndimizdəki bu mənzərələri. Kəndin girəcəyindəki məşhur “Təngə dərəsi” xüsusi gözəlliyi ilə insanı valeh edir. Kəndin yuxarısındakı Ağ qaya, Qilit yaylağı necə də möhtəşəm görünür! Qilit yaylağında olan qırx dənə bulağın suyu bir-birinə qarışıb axır, Qırmızı qayanın üstündən tökülərək şəlalə əmələ gətirmişdir. Bu şəlaləyə babalarımız “Suatan” adı vermişlər. Yetmiş beş metr hündürlükdən tökülən bu şəlalə hamını valeh edir.
“Afurca” adının mənası hündürlükdən tökülən su deməkdir. Kənd payız fəslində daha gözəl görünür. Kəndin evləri yaşıllıqlara qərq olmuşdur. Dağların başına elə bil ağaclardan çələng hörülüb. Payızda isə bu yaşıllıqlar sarı, qırmızı, bənövşəyi, mavi, çəhrayı rənglərlə əvəz olunur. Kənd rəngbərəng dona bürünür.
Kəndin aşağısından axan Vəlvələ çayı yaz yağışları yağanda aşıb-daşır, qabağına çıxan hər şeyi – ağacları, iri daşları götürüb aparır. Şəlalənin suyu da Vəlvələ çayına qarışır.
“Təngə” adının mənası dar yer deməkdir. Keçmiş zamanlarda buradan keçməyə yol yox idi. Adamlar bu dağdan o tərəfə piyada, suyun içi ilə, çayın axınına qarşı keçərək gedirdilər. Gediş-gəliş olduqca çətin idi. Çox sonralar – Sovet höküməti dövründə dağ çapılaraq yol salınmışdır. Dağın olduqca gözəl görünüşü var. Sal daşlardan “hörülmüş” bu dağ elə bil ki, iki laya ayrılıb. Sağ və sol tərəflərdə çox hündür qayalar var, onlar xüsusi, əzəmətli görünüşü ilə ilk baxışda insanları qorxutsa da, sonradan buna öyrəşirlər. Təngə dağından salınan yol Afurca kəndinin qabaq tərəfindən keçərək Qonaqkənd qəsəbəsinə və ətraf kəndlərə gedir. Bu yol ilə Şamaxı rayonuna da getmək mümkündür. Kəndin aşağı tərəfində nisbətən düz, geniş bir yerdə iki türbə vardır. Burada bizim seyid babalarımız basdırılıb. Sonradan qəbirlər üzərində türbələr tikilmişdir.
Afurca kəndi qədim zamanlardan müqəddəs kənd sayılmışdır və bu gün də öz müqəddəsliyini qoruyub saxlayır. Əhalisi isə hörmət sahibi olmuşlar.
Yadımdadır, hələ uşaq ikən görürdüm ki, yoldan keçən adamlar maşınlarını saxlayıb üzlərini kəndə tərəf tutur, babalarımıza salam verir, dua oxuyur, sonra yollarına davam edirdilər. İşi çətinə düşənlər, sağlamlığı zəif olanlar bura ziyarətə gəlir, babalarımızdan kömək istəyir, öz arzularına çatırlar.
Sovet dövləti qurulanda Afurcanın əhalisi sıxışdırılmış, ruhanilər sürgünə göndərilmişlər. Kəndin məscidi sökülmüş, onun daşları ilə klub tikmişlər. Həmin dövrdə camaat qorxudan namaz qıla, ibadətlə məşğul ola bilmirdilər. Evlərində olan dini kitabları vaxtı ilə babamızın namaz qıldığı yerə aparıb tökmüşdülər.
Qəbiristanlığın qapısı bağlanmışdı. Camaatı türbələrin yanına buraxmırdılar. Sonradan vəziyyət yaxşılaşdı. Adamlar azad yaşamağa başladılar.
Mən seyid babalarımız haqqında bəzi məlumatları kəndin yaşlı adamlarından öyrəndim. Onlar haqqında bu yazını yazmağı özümə borc bildim. Çünki indiki və gələcək nəsillər öz babalarını tanımalı, nəsilləri haqqında məlumat əldə etməlidirlər. Belə olduqda, insan daha da saflaşır, onda yaşamaq arzusu daha da güclənir. Belə insan rəhmli olur, başqalarına öz köməyini əsirgəmir. Gözəl fikirləri olan bir insan həm daxili, həm də xarici gözəlliyə sahib olur. Pis fikirlər, nifrət ondan uzaqlaşır. Axırda o, hər yerdə yaxşı insan kimi tanınır. Tərbiyəli, mədəniyyətli bir insana çevrilir. Belə insan cəmiyyətimiz, xalqımız üçün çox dəyərlidir.

Tarix unudulmur
XII əsr. Suriya. Şam şəhəri. Hal-hazırda bu şəhər Dəməşq adlanır. Dəməşq sözünün mənası ərəb dilindən “təşəbbüs” mənasını verir. Hələ qədim zamanlarda bəzi mənbələrdə bu Ərəb ölkəsini“ başı bəlalı ölkə”də adlandırırdılar. Tez-tez səlcuqlar, səlibçilər, Misir məmlükləri, monqollar Suriyaya hücum edib, ölkəni dağıtmışdılar. Əhali aclıq içində yaşayırdı. 1187-ci ildə Səlahəddin Əyyubi ətrafına könüllüləri toplayıb onları silahlandırdı. İşğalçılar ölkədən qovuldu. Lakin ölkə xarabalığa çevrilmişdi; evlər dağıdılmış, əhali qırılmışdı. Sağ qalanlar çadırlarda, uçuq evlərdə yaşayırdı. Aclıq, dilənçilik hökm sürürdü. Belə bir yerdə yaşamaq çox çətin idi. Barada çayı Şam şəhərini iki yerə bölmüşdü. Çayın hər iki sahilində dağılmış yaşayış evləri vardı. Şəhər Qasyon dağının ətəklərində yerləşirdi. Ölkədə mədrəsələr, məscidlər dağıdılmışdı. İnsanlar işləyib çörək pulu qazanmaq üçün heç bir iş yeri tapa bilmirdi.
Şam şəhərinin yoxsullar məhəlləsində üstü qamışla örtülmüş bir evdə bir ata ilə oğlu yaşayırdı. Ev çiy kərpicdən tikilmişdi. Yağış yağanda burada yaşamaq çox çətin olurdu. Ana bir il idi ki, həyatdan getmişdi. Ata və oğul mədrəsədə dərs keçirdilər. Hər ikisi yüksək savada malik idi. Həm dini, həm də dünyəvi elmləri çox yaxşı bilirdilər. Lakin yoxsulluqdan, aclıqdan adamlar uşaqlarını dərsə göndərə bilmirdilər. Buna görə də mədrəsələr bağlanmışdı.
Çox vaxt ata və oğul evdə oturub ibadətlə məşğul olurdular. Ata Quran oxuyur, oğul qulaq asırdı. Sonra ata Seyidşah oğlu Məhəmmədə mənsub olduqları nəsil haqqında söhbət edirdi. Ata və oğul yeddinci imam Musa Əl Kazımın nəslindən idilər. Peyğəmbərimizdən sonra şəcərədə yeddinci yerdə Musa Əl Kazım dururdu. Ata və oğul özlərində İlahi tərəfindən verilmiş kəraməti hiss edirdilər. Buna görə də insanlara kömək etmək, xidmət göstərmək onların arzusu idi. Şamdan “Əhli-Beyt” ailələrinin hamısı köçmüşdü. Bircə ata və oğlu qalmışdı.
Bir gün ata və oğul bütün gecəni söhbət elədilər. Belə qərara gəldilər ki, Şamdan köçüb uzaq bir yerə getsinlər. Oğul atadan soruşdu ki, biz getdiyimiz yerdə nə işlə məşğul olacağıq? Ata dedi ki, biz orada mədrəsə açarıq. Uşaqlara, böyüklərə savad, elm öyrədərik. Artıq qərar qəti idi. Səhər tezdən yuxudan durdular. Əvvəlcə qəbiristanlığa getdilər. Ananın və bütün qohum-qardaşın qəbirlərini ziyarət etdilər. Sonra oradan qayıdıb azuqə və paltarlarını götürüb piyada yola düşdülər. Yol olduqca çətin və məşəqqətli idi. O vaxt nəqliyyat ancaq at, öküz, dəvə idi; onların sahibləri adamları bir şəhərdən digərinə aparırdılar.
Ata və oğul əvvəlcə at arabası ilə yola düşdülər. Bir neçə günə Türkiyəyə çatdılar. Türkiyədə onları böyük hörmətlə qarşıladılar. Onlara təklif etdilər ki, qalıb burada yaşasınlar. Lakin ata oğluna dedi ki, bizim gedəcəyimiz yer mənim gözlərimin qarışısındadır. Mən həmin yeri görürəm. Biz oraya çatmalıyıq.
Onları böyük hörmətlə Türkiyədən yola saldılar. Bir neçə günə onlar Azərbaycanın Naxçıvan vilayətinə çatdılar. Bir neçə gün burada qaldılar. Camaat onlara qonaqpərvərlik göstərib evlərində saxladılar, onları azuqə ilə təmin etdilər. Bir neçə gündən sonra onları atlarla yola saldılar. Günlərlə yol gəlib Azərbaycanın Quba bölgəsinə çatdılar. Burada bir neçə gün qalıb istirahət etdilər. Hər yerdə onlara hörmət edirdilər. Ata oğluna bildirdi ki, biz dağlara tərəf getməliyik.
Onlar səhər tezdən yola düşdülər. Dağlara tərəf hərəkət edib Təngə dağına çatdılar. Dağın dibində oturub istirahət etdilər. Sonra çırmalanıb çayın o biri tərəfinə keçdilər. Oradan çox məsafə gedib Afurca kəndinin qarşısında dayandılar. Ata oğluna dedi ki, gözlərimin qabağına gələn kənd bu kənddir. Biz bütün ömrümüzü bu kənddə yaşamalıyıq.
Onlar yoxuş yol ilə gedərək kəndə çatdılar. Kənddə onları çox yaxşı qarşıladılar. Kəndin ağsaqqalı Həsən kişi bu kənddə hörmət sahibi idi. Hamıya kömək edirdi. Həm şadlıq, həm də yas məclisləri onun köməyi ilə həyata keçirilirdi. O, kəndə başçılıq edirdi. Kənddə məscid tikdirmişdi. İmkansız ailələrə öz kömək əlini uzadırdı. Ata və oğul onun yanına gedib bu kənddə yaşamaq istədiklərini bildirdilər. Onlara müvəqqəti yaşamaq üçün ev verdilər. Sonra kəndin aşağısında onlar üçün yer ayırdılar. Kənd camatının köməyi ilə onlar üçün ev tikdilər. Kənddə mədrəsə tikintisinə başlanıldı. Az vaxtda bura hazır odlu. Onların hər ikisi məktəbdə işləyirdi. Kənd uşaqlarına savad öyrədirdilər. Onlar dini elmlərlə yanaşı, dünyəvi elmləri də tədris edirdilər. Az vaxtda dil də öyrəndilər. Bu kənddə türk dili ilə yanaşı, tat dilində də danışırdılar.
Həmin vaxtda seyid Məhəmmədin artıq iyirmi yaşı vardı. Evlənmək yaşı çatmışdı. Seyidşah ata Həsən kişinin evinə elçi getdi. Onun kiçik qızını oğlu üçün aldı. Toy mağarı quruldu. Həsən kişinin qızı seyid Məhəmmədin həyat yoldaşı oldu. Bu, hamını sevindirirdi. Kənd peyğəmbər nəslindən olan bir ailə ilə qohum olmuşdu. Onlar şad və xoşbəxt yaşadılar. İllər keçdi. Seyidşah baba həyatdan getdi. Onu evlərindən bir az aralıda basdırdılar. Seyid Məhəmməd yaşa doldu. Onu bu kənddə seyid Kələ Ağa adlandırırdılar – mənası Böyük Ağa deməkdir. Onların üç oğlu var idi. Böyüyünün adı Ələddin, ortancılın adı Qələmi, kiçiyinin adı Canqardaş idi. Onlar da atalarından dərs almışdılar. Olduqca savadlı idilər. Onlar bölgənin başqa yerlərində yaşayıb mədrəsələrdə dərs deyirdilər. Ələddin Xırt kəndində, Qələmi Xınalıq kəndində, Canqardaş isə Küçeyi kəndində fəaliyyət göstərirdi. Elə indi də onların türbələri həmin kəndlərdədir.
Seyid Məhəmməd babamızın böyük kəramətləri vardı. Bu kəramətləri ilə hamını heyrətə gətirirdi. O, bu kəramətlərdən əhalinin xoşbəxt yaşamağı üçün istifadə edirdi. Kənd ağsaqqalları danışırdılar ki, bir dəfə babamız ilə qayınatası Həsən kişi arasında narazılıq yaranır. Babamız kənddən köçmək istəyir. O, yola düşüb gedir. Bütün qoyun sürüləri, mal naxırları onun ardınca getməyə başlayır. Bunu görən Həsən kişi tez onu geri qaytarır.
Babamız namaz qılmaq üçün hər həftənin cümə günü atla Dərbənd şəhərinə gedir. Həmişə həyat yoldaşına deyir ki, mən bir günə Dərbənd şəhərinə gedib Böyük Cümə məscidində namaz qılıram. Axşam namazına evə çatıram. Həyat yoldaşı ona deyir ki, sənin bu işində mənim də köməyim var. Mən sənin paltarını təmiz yuyuram, xörəyini təmiz hazırlayıram.
Bir dəfə nənəmiz xörək bişirirmiş, qazanın altından quru mal təzəyini keçirir. Həmin gün babamız vaxtında evə gəlib çata bilmir. Təngə dağının dibində axşam namazını qılır. İndi həmin yerdə onun nişangahı qorunub saxlanılır.

Kəndin yuxarısında “Çiləxana” adlanan bir yer var. Camaat buranı da ziyarət edir. “Çiləxana”nın yuxarısında babamızın namaz qıldığı bir namazgah vardı. Təbiət tərəfindən daşlar baş-başa durub otaq əmələ gətirmişdir. Babamız burada namaz qılıb Allaha ibadət edirmiş.
“Çiləxana”nın aşağı tərəfində “Buzxana” adlanan bir bulaq var. Deyilənə görə, babamız çomağını yerə vurub bulaq yaratmışdır. Bununla kəndin suya olan ehtiyacını təmin etmişdir. Kəndin aşağı başında iri bir daş var. Daşın ortasında bir çuxur var. Deyilənə görə, babamız dincini almaq üçün dirsəyini bu daşın üzərinə qoymuş, ona görə çuxur əmələ gəlmişdir.
Namazgahdan üst tərəfdə bir oyuq vardır. Yayın ən isti vaxtlarında burada buz olur. Ağır xəstələr üçün buradan buz çıxarıb aparırlar. Bununla da xəstələr sağalıb, şəfa tapırlar. Buranı da öz kəraməti ilə babamız yaratmışdır.
İllər keçdi. Babamız həyatdan getdi. Onu da atasının yanında dəfn etdilər.
Həmin vaxtlarda kəndin qəbiristanlığı kəndin yuxarısında idi. Babamız orada dəfn olunduqdan sonra kənddə rəhmətə gedənləri orada dəfn etdilər. Böyük bir qəbiristanlıq yarandı.
Ata və oğulun qəbirləri üzərində tübələr tikildi. Həmin müqəddəs yer Seyidşah, seyid Kələ Ağa qəbristanlığı adlanır. Xalq bu müqəddəs yeri sevir, bu yerə hörmətlə yanaşır. Belə müqəddəslər heç vaxt unudulmur, ürəklərdə yaşayır.
İllər keçdi. Afurca kəndində əhali çoxaldı. Ətrafdakı torpaqlara köçüb yeni kəndlər saldılar. Sonra isə ölkənin başqa bölgələrinə köçüb yurd saldılar. Seyidlərin bir çoxu Türkiyəyə köçdü.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Onun “naib”lərindən biri Afurca seyidi idi. Buna görə seyidlərə qarşı inamsızlıq əmələ gəldi. Onları bir növ təhlükə gözləyirdi. 1860-cı ildə bir neçə ailə məsləhətləşib Türkiyəyə köçdülər. Bu köç 1900-cu illərə kimi davam etdi. Bir qrup Afurca seyidi Türkiyədə Niksarın Yarbaşı kəndində, digər bir qrup Malatya bölgəsinin Hamidiyə kəndində, başqa bir qrup isə Samsunda yerləşmişdi. Lakin onlar bir yerdə yaşamaq istəyirdilər. Buna görə Afurcadan köçmüş seyid İsa Əfəndi Sultan Əbdüləzizin yanına gedir, onun tərəfindən qəbul olunur. Sultan Əbdüləziz onun seyid olmağını yoxlamaq qərarına gəlir. Seyid İsa Əfəndi sarayın bağında olarkən sultan əmr edir ki, onun üzərinə bir aslan buraxsınlar. Aslan seyid İsa Əfəndinin ayaqlarını yalayır.
Sultan ikinci bir sınaq keçirir. Pilləkənin altında Quran kitabını gizlədirlər. Seyid İsa Əfəndi pilləkənə çıxmamış durur. Deyir ki, yox, gələ bilmərəm, yolumun üzərində sizdən də böyük “padşah” var. Quran kitabını götürürlər, o, yuxarı çıxır.
Sutlan onu tanımaq üçün otuz səkkiz dənə sual hazırlatmışdı. O, sualların hamısına dürüst cavab verir. Sultan Əbdüləziz ona xüsusi bir sənəd verir. Bu sənədə görə seyidlər Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
1883-cü ildə indiki İrşadiyyə kəndinin əsası qoyuldu. Kənd əvvəlcə Afurca adlandırılmışdı. Sonra onu Seyidlər adlandırdılar. İndiki zamanda dövlət qurumları tərəfindən rəsmi olaraq İrşadiyyə adlandırılmışdır. Seyidlər elə bir yer seçmişdilər ki, eyni ilə bizim Afurcanın mənzərələrini xatırladır. İrşadiyyədə yaşayan seyidlər arasında alimlər, sənətkarlar, dövlət məmurları yetişmişdir.
Qonşu kəndlərdən İrşadiyyə kəndinə seyidləri ziyarət etmək üçün çox adamlar gəlirlər. Onların xeyir-dualarını dinləmək üçün bu kəndə pənah gətirirlər.
Azərbaycan müstəqillik qazandıqdan sonra yollar açıldı. Birinci dəfə 1992-ci ildə onlardan iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurca kəndinə gəldilər. Çox sevinirdilər. Bu sevinc göz yaşları ilə müşayiət olunurdu. Onların ardınca Türkiyədən bir çox adamlar ziyarətə gəldilər. İndinin özündə də əlaqələr daha da genişlənir.
Həyat davam edir. Tarix unudulmur. Nəsillər yaşayır, yaradır. Öz müqəddəs əcdadlarını heç vaxt unutmurlar.



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!