Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
Tarix : 28-07-2023, 23:54
Unudulmaz görüş

Unudulmaz görüş

Biz həyatımız boyu çox yerlər gəzir, müxtəlif fikirli, əqidəli insanlarla görüşürük. Zaman keçdikcə gəzdiyimiz yerlərin və görüşdüyümüz insanların çoxu heç bir iz qoymadan yaddaşımızdan silinib gedir. Elə insanlar da var ki, onları həmişə hörmət və məhəbbətlə xatırlayır, ehtiramla anırıq. Azərbaycan xalqının görkəmli din xadimlərindən, övliyalarından biri olan Hacı Seyid Mirtaha ağa belə unudulmaz insanlardan idi.
Mirtaha ağa ilə tanışlığımın maraqlı tarixi var. 2010-cu il iyunun 19-da Tərtər rayonunun Çaylı kəndi istiqamətində erməni mövqelərinin içərisinə girib təkbaşına 6 saat döyüşərək düşmənin 150-dən çox əsgər və zabitini məhv edən, özü də qəhrəmancasına şəhid olan və ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Azərbaycan Milli Ordusunun giziri İbrahimov Mübariz Ağakərim oğlunun vali deynləri ilə görüşmək üçün iki gün sonra- iyunun 21-də Biləsuvara getmişdim. Onları ziyarət edəndən sonra Mirtaha ağanın oğlu Mirsahib ağa məni evlərinə dəvət etdi. Həmin gün mənə Mirtaha ağa ilə görüşmək, çörək kəsmək, onun maraqlı söhbətlərinə qulaq asmaq nəsib oldu.
Mənim şair olduğumu biləndə Mirtaha ağa bir şerimi dinləmək istədi. Mən Həcc ziyarətinə gedən bir dostuma həsr etdiyim aşağıdakı şerimi oxudum:

Qardaş, yola düşürsən müqəddəs torpaqlara,
Qəlbində apardığın iman qorusun səni.
Dan üzü möminlərin alnına sığal çəkən,
Hira dağından qalxan duman qorusun səni.

Döz Tanrının yolunda məşəqqətə, cəfaya,
Salam apar bizlərdən Məkkə, Mərvə, Səfaya,
Qədir gecələrində Məhəmməd Mustafaya,
Nazil olan müqəddəs Quran qorusun səni.

Həzrəti peyğəmbərə Cəbrayıl gətirən din,
Əlinin Zülfüqarı köməyin olsun sənin,
Kərbəla çöllərində baban İmam Hüseynin,
Yaralarından axan o qan qorusun səni.

Fatimeyi-Zəhranın haqqa gedən yolları,
On iki imamımız əhli-beyt oğulları,
Əbülfəzil Abbasın qələm olan qolları,
Qeybə çıxan Sahibəzzaman qorusun səni.

Məzahirəm, dərs aldım mövlam verən butadan,
Tanrı hifz etsin səni hər bəladan, xətadan,
Özü dursun arxanda yeri-göyü yaradan,
Allahımız Qadiri-Sübhan qorusun səni.


Şeiri dinləyəndən sonra Mirtaha ağa ayağa durdu, boynumu qucaqlayıb alnımdan öpdü. Bununla da mənim Mirtaha ağa ilə möhtəşəm dostluğum başladı.
Hacı Seyid Mirtaha ağa 1927-ci ildə Yardımlı rayonunun onun ulu babalarının adı ilə adlandırılan Xəlifəli (indiki Perimbel) kəndində müqəddəs bir seyid ocağında anadan olmuşdu. Onların Yardımlıda məskunlaşmasının maraqlı tarixi var.
Mirtaha ağanın mənsub olduğu nəsil dördüncü şiə imamı Zeynalabidin əleyhissalamın nəslindən idi. İslam tarixindən bildiyimiz kimi Əməvilərin hakimiyyəti illərində (661-750), xüsusən də Müaviyyə ibn Əbu Süfyanın və onun oğlu Yezidin xəlifəliyi dövründə İmam Əli əleyhis-səlamın övladlarına qarşı çox amansız qanlı qırğınlar başlandı. 681-ci ildə İmam Hüseyn Kərbəla çölündə qətlə yetirildi. Bu hadisədən sonra İmam Hüseynin nəslindən olanlar Ərəbistandan İslam dünyasının onlar üçün təhlükəsiz olan yerlərinə köçdülər. Xəlifə Kamal və Xəlifə Qiyas adlı iki qardaş da indiki Yardımlı rayonunun ərazisinə köçərək orada məskunlaşdılar. Bu qardaşlardan Xəlifə Kamalın övladı olmadı. Xəlifə Qiyasın isə çoxlu övladları dünyaya gəldi. Onlar məskən saldıqları yeri babalarının adı ilə Xəlifəli adlandırdılar. Sonralar kəndə Perimbel adı verilmişdi.
Perimbel cənnətə bənzəyən gözəl bir məkan idi. Kəndin Qiblə tərəfində Qızıl qaya, Şərqində isə İlicur qayası yerləşirdi. El arasında deyirdilər ki, Qızıl qayadan daş düşəndə yağış yağar, İlicur qayasından daş düşəndə gün çıxar. Insanların on illərlə apardıqları müşahidənin nəticəsi kimi yaranan bu deyimlər xalqın yaddaşında hələ də yaşamaqdadır.

Perimbel kəndində Xan daşı, Elçi daşı, Yezid daşı, Əhd ağacı kimi maraqlı tarixi abidələr olub. Xan daşı bu yerlərin hakiminin adı ilə bağlı olub. Elçi daşı da adından göründüyü kimi elçiliyə gələnlərin adı ilə bağlıdır. Köhnə zamanlarda kənd əhli Kərbəla müsibətini səhnələşdirəndə bir nəfəri Yezidin qiyafəsinə salıb Yezid daşının üstündə oturdardılar. Əhd ağacına gəlincə adamlar bu ağacın budaqlarından tutub Allaha niyyət edərmişlər.
Perimbel kəndinin qoynunda çağlayan Zəmzəm suyunu xatırladan Göznarı bulağı isə Tanrının bu torpağa bəxş etdiyi ilahi bir nemət idi.
Seyid Mirtaha ağanın ulu babası Xəlifə Qiyasın müqəddəs qəbri də Perimbel kəndindədir. 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulanda Perimbel kəndi böyük bir seyid ocağı kimi bütün Azərbaycanda məşhur idi. Bolşeviklər insanların hörmətlə ziyarət etdikləri bu qəbri dağıtmaq istəyirlər. Kəndə xeyli rus əsgəri gətirilir. Gecə bir fırtına, tufan qopur. Səhər adamlar və əsgərlər görürlər ki, qəbrin üstündə təqribən 50 ton çəkisi olan yumru bir daş peyda olub. Rusların komandiri camaatdan soruşur ki, gecə bu daşı buraya kim qoyub? Sonra da deyir ki, bu Allahın işidir və əsgərləri ilə birlikdə kəndi tərk edir. Həmin daş Xəlifə Qiyasın qəbrinin üstündə hələ də durur.
SSRİ dövründə islam dininə qarşı sərt qadağaların qoyulmasına, din xadimlərinin cəzalandırılmasına baxmayaraq Perimbel kəndi bir seyid ocağı kimi öz fəaliyyətini və nüfuzunu qoruyub saxlayırdı. Bolşeviklər necə olursa-olsun bu ocağı məhv etmək istəyirdilər. 1936-cı ildə kənddə Dalqov soyadlı bir hökumət nümayəndəsinin başçılığı ilə xeyli dağıntı törədildi və dindarlar cəzalandırıldılar. 1953-cü ildə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırovun göstərişi ilə Perimbel kəndi tamamilə dağıdıldı. Kəndin sakinləri ata-baba yurdlarını tərk etdilər. Sonralar onlardan bəziləri yavaş-yavaş Perimbelə qayıdaraq öz yurdlarında yaşamağa davam etdilər. Seyid Mirtaha ağanın ailəsi bir müddət Salyan rayonunda yaşadı. 1955-ci ildə Ağa öz ailəsi ilə birlikdə indiki Biləsuvar rayonunun Bəydili kəndinə köçərək orada məskunlaşdı.
Seyid Mirtaha ağanın doğulduğu ocaqda həmişə Quran oxunar, namaz qılınardı. Mirtaha ağa da dünyaya göz açdığı gündən ata ocağında əzan səsi ilə yuxuya gedib, əzan səsi ilə də yuxudan oyanmışdı. Bu səsin sədaları altında böyüyən Mirtaha ağanın qəlbində hələ uşaq yaşlarından böyük olan Allaha, müqəddəs Quranımıza, İslam dininə qarşı bir iman ocağı alovlanmağa başlamışdı. Nəticədə o, öz həyatını islam dininin öyrənilməsinə və təbliğinə həsr etmişdi. Mirtaha ağa uzun müddət respublikamızın cənub bölgəsində böyük nüfuz sahibi olan Molla Hüseyndən dərs almış, islam dininin incəliklərini öyrənmişdi.
Özü də bir şəriət alimi kimi formalaşdıqdan sonra Mirtaha ağa istər islam dininin təbliğinin yasaq olduğu SSRİ dövründə, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra yorulmaq bilmədən dinimizin təbliği ilə məşğul olmuşdu.
Sonralar mən bir neçə dəfə ağanı ziyarət etdim. 2011-ci il oktyabr ayının 18-də Mübariz İbrahimovun qəhrəmanlığına həsr etdiyim “Mübariz dastanı” kitabının təqdimatını keçirmək üçün xalq şairi İlyas Tapdıq və uşaqlıq dostum Hüseynov Rafiq Hüseyn oğlu ilə Biləsuvara gedəndə biz bir daha Mirtaha ağanın qonağı olduq, onun söhbətlərinə qulaq asdıq. Burada şair İlyas Tapdıqla Ağanın arasında maraqlı bir söhbət oldu. İlyas Tapdıq Ağadan soruşdu:
-Ağa, siz də, Mübariz İbrahimov da peyğəmbər nəslindənsiniz. Siz onun qəhrəmanlığını necə qiymətləndirirsiniz?
Seyid Mirtaha ağanın gözləri doldu. Gözlərinin yaşını silərək cavab verdi:
-Mübarizdə bir İmam Əli qeyzi vardı. Kaş ki, Kərbəla müsibətində babası İmam Hüseynin yanında olaydı. Sinəsini kafirlərin babasına atdığı oxların qabağına verərdi. Qarabağda da kafirlər bir-birinə arxa durdular, Azərbaycan torpaqlarını işğal etdilər. Mübariz öz qəhrəmanlığı, şəhadəti ilə bütün Azərbaycan gəncliyinə örnək oldu. Gün gələcək, Azərbaycan gəncləri onun yolu ilə gedərək torpaqlarımızı düşmən tapdağından azad edəcəklər.
Ağanın peyğəmbərcəsinə dediyi sözlər öz yerini tutdu. 2020-ci il sentyabr ayının 27-də başlanan və cəmisi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan oğulları Mübarizin işini davam etdirərək erməni hərbi birləşmələrini biabırçı şəkildə darmadağın edərək Şuşanı, Laçını və Qarabağın başqa şəhər və kəndlərini düşmən tapdağından azad etdilər.
2018-ci il iyul ayının 29-da Mirtaha ağanın insanlığa məhəbbətlə dolu olan ürəyi dayandı. Onun pak ruhu fani dünyadan əbədi dünyaya uçdu. Allah rəhmət etsin!

Mən 2022-ci il iyul ayının 29-da Biləsuvarda Seyid Mirtaha ağanın anım günündə iştirak etdim. Həmin gün Biləsuvar torpağı sanki bu tədbirdə iştirak edən imanlı insanların üzlərindəki ilahi nurla işıqlanmışdı. Bu Allahın peyğəmbər nəslindən olan Seyid Mirtaha ağanın ruhuna bir lütfü idi.
Yaşadığımız 2023-cü ilin iyul ayının 29-da Seyid Mirtaha ağanın dünyasını dəyişməsinin beş ili tamam olacaq. Mən onun əziz xatirəsi qarşisinda baş əyir, ona Ulu Tanrıdan rəhmət diləyirəm. Ağanın şəxsiyyətinə olan hörmət və sevgimi 28 iyun 2023-cü il tarixdə, Qurban bayramı günü yazdığım bir şeirlə ifadə edirəm:
Göz açmışdı dünyaya Xəlifəli yurdunda,
Peyğəmbər nəvəsiydi Seyid Mirtaha ağa!
İman nuru səpirdi qaranlıq ürəklərə,
Bir Tanrı töhvəsiydi Seyid Mirtaha ağa!

Ürəyində arzular ömrün uşaq çağından,
Tutdu Əhd ağacının müqəddəs budağından,
İçdi Zəmzəm suyunu Göznarı bulağından,
Hikmət xəzinəsiydi Seyid Mirtaha ağa!

Çox sevdi Qızılqaya, İlicur qayasını,
Qorudu, pak saxladı nəfsini, mayasını,
Dinini, imanını, ruhunu, həyasını,
Saflıq nişanəsiydi Seyid Mirtaha ağa!

Məclislərə girəndə coşardı bulaq kimi,
Alışardı, yanardı müqəddəs ocaq kimi,
Haqsızlığın önündə dayanardı dağ kimi,
Həqiqətin səsiydi Seyid Mirtaha ağa!

Yolunu göstərərdi düz yolundan azanın,
Üzdə gülüb, arxada dosta quyu qazanın,
Düşmən üstə yeriyən Əli-Əl-Mürtəzanın,
Qeyziydi, nərəsiydi Seyid Mirtaha ağa!

Hüseyni sinəsiylə qoruyan igidlərin,
Sübhəcən əldə silah uyumayan mərdlərin,
Kərbəla çöllərində can verən şəhidlərin,
Sonuncu nəfəsiydi Seyid Mirtaha ağa!

Şəhidlik zirvəsinə qalxan Əliyi-Əsgərin,
Qızmar günün altında, önündə mənfur şərin,
Bir içim sudan ötrü alışan körpələrin,
Yaşamaq həvəsiydi Seyid Mirtaha ağa!

Öpərdi ləçəyindən güllərin, çiçəklərin,
Carçısıydı ən təmiz, müqəddəs diləklərin,
Qədir gecələrinin bəzəyi mələklərin,
Sevgisi, nəğməsiydi Seyid Mirtaha ağa!

Məzahir, saflıq vardı o insanın canında,
İlqar-iman yaşatdı iliyində, qanında,
Məqamı var Behiştdə, Əhli-Beytin yanında,
İnsanlıq zirvəsiydi Seyid Mirtaha ağa!


Seyid Mirtaha ağanın ruhu şad olsun!
XÜSUSİ XATIRLATMA: Hörmətli dostlar! Əziz oxucular! Bu yaxınlarda Seyid Mirtaha ağanın dünyasını dəyişməsinin beş ili tamam olacaq. Hər il olduğu kimi, bu il də iyulun 29-da Seyid Mirtaha ağanın əziz xatirəsi Biləsuvar rayonunun Bəydilli kəndində anılaraq adına ehsan veriləcək, ruhuna dualar oxunacaq! Hər kəs dəvətlidir! Allah rəhmət eləsin!


Məzahir Alıyev,
şair-şərqşünas,
AYB-nin üzvü


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!