Kəlbəcərin azadlığa qovuşduğu gündür .....                        Ermənistan KTMT sammitinə qatılmaqdan imtina etdi .....                        Bakıdakı maşın bazarı Ağdama köçürüləcək .....                        Tramp Çin lideri ilə danışıqlar apardı .....                        Salyan sakini itkin düşdü .....                        Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO .....                        Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb .....                        Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ .....                        Pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı .....                       
Tarix : Bu gün, 12:04
“Vahid Əzizin poeportreti   – mən küləyi görürəm...”

Vahid Əziz – 80.

“Vahid Əzizin poeportreti

– mən küləyi görürəm...”


“Mən hər zaman dediyim sözün məsuliyyətini dərk etmişəm,
bu və ya digər kəlməni dilimə gətirməzdən əvvəl
onu dəfələrlə götür-qoy etmişəm...”

(Vahid Əziz)

“Göz yaşını gildir-gidir,
Axıtdığın vaxt olacaq;
Şair qaranquş kimidir –
öldürən bədbəxt olacaq...”

(Vahid Əziz)


Çağdaş ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Azərbaycanın Xalq şairi, ictimai dövlət xadimi, vətəndaş şair, görkəmli qələm sahibi Vahid Əziz milli düşüncə, milli təəssübkeşlik baxımından, fitri istedı ilə, fəhmikarlığı ilə çox qələmdaşları sırasında fərqli, özünəməxsus, əlahiddə yer tutan sənət adamıdır. Deyim ki,“Küləyi görmək” fəhmi hər şairə nəsib olmur və təsadüfi deyildir ki, onun ilk şeirlər kitabı elə bu cür adlanır – “Mən küləyi görürəm” (“Gənclik” nəşriyyatı, 1969). Bu, əslində Allah vergisidir ki, bu qəbildən şairə şeirləri “vəh” təkin nazil olur... Vahid Əzizin maqiq təxəyyülünün bəhrəsi olan və “Əllərimin kölgəsi” (“Gənclik” nəşriyyatı, 1985) adlanan kitabı haqqında dövrün azman şairlərindən olan Xalq şairi Nəbi Xəzri “Düşündürən sətirlər” adlandıdığı məqaləsində yazmışdı: “Məncə, kitab nahaq “Əllərimin kölgəsi” adlanmayıb. Çünki, kölgə özü Günəşin, işığın övladıdır. İşıqsızlıqda, Günəşsizlikdə kölgə yaranmaz. Burada əllərin kölgəsi arzuların, ümidlərin izi kimi qəbul olunmalıdır. ...Bu, sərrast müşahidənin orjinal və şairanə ifadəsidir. Bu, ancaq gözlə görünən yox, ürəklə duyulan həyat sirri, təbiət sehridir.” (Bax: “Ədəbiyyat və incəsənət” qəzeti, 25 oktyabr 1985.)
Füzulinin “Heyrət, ey büt!!” – deyimi və bu deyimdə gizlənən “həyat sirri” yada düşür və arzular, ümidlər işığının şüləyində yaranan belə əsərlər – şeirlər məxsusi olaraq milli sərvətə çevrilir... Və “milli sərvət” toxunulmazdır:
Mənim, əl vurmayın, bir misrama da,
Qalsın nəğmələrim yazdığım kimi.
Qələmim dolaşıb bəyaz varaqda,
Özüm yer üzündə gəzdiyim kimi.

Şair başdan-başa yanar ürəkdir,
Qovrulub dönmüşəm külə, yanmışam.
Görməyə nə var ki, duymaq gərəkdir,
Necə duymuşamsa, elə yazmışam.

(“Sahilə çatmayan ləpə” kitabından)

Məqamıdır, onu da xatırladım ki, Vahid Əzizin təzə ayaq tutub yeriyən yaradıcılığı haqqında “Tanışlıq” (1968) məqalə-uğurlamasında ilk söz söyləyən, onun istedadının cövhərindəki mahiyyəti duyan, qiymətləndirən ustadlar ustadı, Xalq şairi Rəsul Rza olmuşdur: “Şeirlərini oxudum. Vərəqləri çevirdikcə, qarşımda istedadlı bir şairin surəti canlanırdı. ... Bunlar ki, şeirdir. Bu şeirlər qibtə oyadacaq qədər poetikdir. Burda ağıl, hiss, arzu, xəyal, qəlb döyüntüsü elə bir vəhdətdə ifadə olunmuşdur ki, oxuyursan, sevinirsən, sinən qürurla qabarır. Bu mənim yurdumun balasıdır.” ". (Bax: Rəsul Rza. “Tanışlıq” – məqalə -uğurlama. "Ədəbiyyat və incəsənət" qəzeti, 16 mart 1968-ci il.) Və öncəgörən müdrikin sözü gerçək oldu, Vahid Əziz həm bir şəxsiyyət kimi, həm bir şair kimi “yurdun balası” oldu!!
“Poeziya daim insan qəlbinin qaranlıq, qarışıq, çaşdıran dünyasının tərcüməsidir, bu baxımdan hər bir şair tərcüməçidir. Qəlb dilinin söz dilinə tam dəqiq tərcüməsi. ... Şair Vahid Əziz öz qəlbinin tərcümanıdır.” (Bax: Baykal Murad. Təmiz havaların poeziyası Yalın ayaqların torpaq duyğusu. Xalq şairi Vahid Əzizin yaradıcılığı haqqında qeydlər. “525-ci qəzet”, - 2024.- 9 yanvar,№ 2.- S.14;15.)
Bu qənaətlə tam razılaşıram, həqiqəən də, Vahid Əziz bir şair kimi qəlbin tərcüanıdır!!
Ədəbi tənqiddə şairlərin qələmə aldıqları mövzulara görə belə bir təsnifat aparılır – məhəbbət şairi, təbiət şairi, lirik şair, lirik-epik şair, vətənpərvər şair, nəğməkar şair və s... Müşahidəmizə görə, Vahid Əzizin fitri istedadında, yaradıcılığında bütün bu cəhətlər – mövzu siferaları qəribə bir tərzdə cəmləşmiş və hamısı da qədərincə, bədii-estetik dəyərincə, zəhmətinin bəhrəsi, əxlaqının ifadəsi təkin əksini tapıbdır... Əslində, Vahid Əziz dəyişməz, daim artan, inkişafda olan müəllim-sənətkar səviyyəsində, “yanar ürəkli”, ləyaqətli söz xridarıdır...
Qənaətimcə – istedadlı adamların əksəriyyətinin adları onların şəxsiyyətinin güzgüsü olur. Vahid adını qoyanda, onun soyadı sanki öncədən onun şair taleinin ovsunlu, maqik gücünə, enerjisinə çevrilib.... Əsərləri mədəniyyətimizin sərvətinə çevrilən öz istedadı ampulasında yaşadığı dövrün vahid istedadlı şairi, əziz şəxsiyyəti olubdur – Xalq Şairi Vahid Əziz!!.. Bu, hər şairə nəsib olmayan sənət xoşbəxtliyidir... Yetərincə olan bu sənət xoşbəxtliyi ondan irəli gəlir ki, Vahid Əziz öz dövrünün, zamanının, yaşadığı mühitin şairidir, gördüyünü, duyduğunu yazıb, məşşatəlik etməyib və on görə də dövrü, zamanı onun, o da dövrünü, zamanının poetik məhək daşına çevrilibdir... Bu məhək daşı Araz boyu hərəkət edir, Təbrizə boylanır, diləyi, arzusu Zəngəzura dirənib dastna dönür, Dəmir qapı Dərbənd qapılarının önündə eləcə daşa çevrilir:

Dağlarımın üzü gülmür, nə yandı,
Torpağımın bir “Gülüstan” dərdi var.
Köçüm getdi Zəngəzura dayandı,
Yazan olsa, neçə dastan dərdi var.

Gah ox batar gözlərimə, gah nizə,
Baxa-baxa həsrətliyəm Təbrizə.
Dərbəndimlə durmaq olmur göz-gözə,
Dağlarımın çox “dağıstan” dərdi var.

(“Dözmək olmur” (1997) kitabından)

Hələ bura Qarabağ dərdini (“Qarabağ”, “Qaçqın şəhərciyinin qəbristanlığı”, “Çadır uşağı”, “Dərsə gecikən...”, “İgid əgər”, qəbildən şeirlərdə, poeziyamızın zəfərə ehtiramın etirafı olan “Param-parça” kitabı (2021), demək olar ki, bütövlükdə) əks etdirən poetik mətnlərin siqlətini əlavə etsək, xalqımıın nə dərdlər yükünün altından keçdiyinin tarixi mənzərəsini təsəvvürə gətirə bilərik...
Vahid Əzizin “Sabahın qatarında” adında bir şeiri var. “Aylı pəncərə” (“Gənclik” nəşriyyatı, 1974) kitabındadır. Mən bu şeiri oxuduqda, tam qənaətə gəldim ki, Vahid Əziz sabahların şairidir və o bu qatarın sərnişini yox, lokomotividir:

Dünəndən bu günə,
bu gündən sabaha,
Sabahdan sabahların
sonsuzluğuna qedər –
zamanın qatarı.
Getməyə ümidli bir sərnişin kimi
oyanıram gecənin,
gündüzün dayanacaqlarında.
...Gedirəm:
Mən sabahın qatarındayam.


Bu misralar dürüst bir qənaəti də, yadıma saldı: “Qərbi Azərbaycanın Dərələyəz mahalının Hipip kəndində dünyaya göz açmış Vahid Əzizin yaradıcılığı "yetmişinci" illər poeziyasının paytaxtı oldu! Vahid Əziz anlayır ki, bir şair kimi gələcək nəsillər qarşısında borcludur, çünki nə vaxtsa onun gözü ilə bizi görəcəklər.” ( Bax: Murad Baykal.Təmiz havaların poeziyası... Yalın ayaqların torpaq duyğusu... “525-ci qəzet”, - 2024.- 9 yanvar,№ 2.- S.14;15.)
Bu misralar, elə buradakı şeirlər və Vahid Əziin bu ahıl çağında yazdığı şeirlər də eyni havada orjinaldır, yeni deyimlərlə, ənənəvi mövzulara yeni, ürəyəyatımlı yanaşmalarla zəngindir. Vahid Əziz oxucularla şablon, quru dillə danışmır, daima yenilik axtarışında və orjinallıq kəşfindədir... Nikbinlik, həyata bağlılıq, inam, ülviyyət onun lirik qəhrəmanının əsas xarakterik keyfiyyətidir:

Mən yağışam – buludlrdan tökülən,
Dan yeriyəm – Günəş ilə sökülən,
İstərəm ki, min boyayla çəkilən
Düzlərə gül kimi səpələr məni.

Boyaların yaşılıyam, alıyam,
Gözəllərin dodağının balıyam,
Arzuların yolçusuyam, yoluyam,
Səsləyər Günəşlə səhərlər məni.

(“Aylı pəncərə” kitabından.)

Burada dünyamızın ahəngi, harmoniyası, insanın təbitdə, təbiətin insanda birgəliyi və vəhdətaniyyəti bədii mətnin nüvəsində hərəkətdədir, insanın ucalığı təbiətin ucalığında, təbiətin ucalığının (insan da təbiətin bir prçasıdır!) müqəddəsliyinin dərkindədir ki, şairi, onun lirik qəhrəmanınını “arzular yolçusu” edir, Mikayıl Müşfiqin “Arzuya bax, sevgilim, söylə ürəyincəmi, tellərindən incəmi” misralarının ovqatına bürünür, “Ağac” şeirində olduğu kimi, adi ağac olmaq arzusu lirik qəhrəmanı qapsayır ki, munis körpəyə beşik olsun:

Dünyaya ağac kimi
gəlmək də gözəlmiş –
bəlkə bəxtim gətirdi,
zərif-zərif yonuldum.
Narahat bir körpəyə
yellənən beşik oldum.

(“Ədəbiyyat və incəənət” qəzetində, 28 avqust 1981.)

Diqqət edin, əslində “yonulmaq” əzabdır, işgəncədir, ağrıdır. Şair bu ağrı-acını necə də “zərif-zərif yonuldum” ifadəsi ilə yumuşaldır, bu ağrını zərifliklə qəbul edir, çünki, sonda müqəddəs, ülvi, təmiz bir məqama qovuşacaq, ağac bir narahat körpəyə rahatlıq bəxş edən beşik olacaq!.. Bax, budur, möcüzə - cəsurluğa, ucalığa, qorxmazlığa çevrilən poetik möcüzə...
Poetik mətnin forma, janr xüsusiyyətləinə gəlincə, Vahid Əziz yaradıcılığında bu cəhətdən zəngin, rəngarəng polifonizmin şahidi oluruq. Vahid Əziz poeziya nəhrində sərbəst üzməyi bacarır. Onun klassik Azərbaycan şeir formatlarından tutmuş, modern-sərbəst şeirin ən müxtəlif çalarlarında – bütün vəzn, ifadə, forma əlvanlığına ustalıqla sahiblənməsin görürük...
Vahid Əzizin poetik yaradıcılığı müstəqillik dövrü ədəbiyyatımızda yeni nəfəs, yeni pafos, tamam yeni mahiyyət kəsb edir... Ömrü boyu müstəqilliyimizin təşnəsində olan şairin yaradıcılığı yeni bir vüsətlə yeni mərhələyə qədəm basır. Onun “Dözmək olmur” şeirlər və poemalar kitabı (“Gənclik” nəşriyyatı, 1997) bu mənada səciyyəvidir. Burada Azərbaycanda keçid dövrünün keşməkeşləri, Qarabağ münaqişəsinin xalqımıza vurduğu zərbələr, qaçqınlıq, köçgünlük əzabları, mənəvi sıxıntılar, itirdiyimiz hər şey, hər şey şeirin traqik mövzusuna çevrilib, sarı sim tonunda misralanıb:
Heç kəs yaşamaz doyunca,
Zirvə yox vətəndən uca.
Atılırıq qucaq-qucaq
Odunda qalanmaq üçün.

( “Dözmək olmur” 1997- kitabından.)

Mühüm bir mətləbə də nəzər salaq. Mənim ədəbi qəhrəmanım Vahid Əzizlə yaşdaşıq, necə deyərlər saqqaldaşıq... Niyə “ədəbi qəhrəman” deyirəm... Bunun da mənası var. Ədəbi tənqidə gətirdiyim “Poeportret” janrı özündə bunu ehtiva edir. Əvvəllər zarafat tərzində olsa da, barələrində məqalələr, ədəbi oçerklər, sonra poeportretlər yazdığım yazıçı-şair dostlarıma deyərdim ki, Sizlər mənim ədəbi qəhrəmanlarımsınız! Siz bədii əsərlərinizdə təxəyyülün gücü ilə düşündüyünüz, arzuladığınız qəhrəmanların bədii obrazlarını yaradırsınız, onlara istəyinizcə ad qoyursunuz, mən isə əsərlərimdə Sizlərin gerçək ədəbi obrazınızı yaradıram. Görünür, “hər zarafatda həqiqətin də payı var” – deyimi, bica deyil. Sonra bunu gerçək qənaətə çevirdim...
Dedim axı, Vahidlə yaşdaşıq, o məndən 5-6 ay böyükdür. Mətləb bundan ibarətdir ki, eyni dövrdə yaşamışıq, uşaqlığımız müharibədən sonrakı mərhələdə keçib. Eyni ağrıları, eyni sevincləri, eyni çətinlikləri, eyni asanlıqları keçirmişik, oxşar astanalardan keçmişik... Mənim də ulu babalarım Qərbi Azərbaycandandır – Vedi diyarındandır, Vedi kolanılarıdır, Şahbuzun Kolanı ellərindən yellənib oranı məqamgah seçiblər... Gəncliyimdə bunu bilmirdim, rəhmətlik Fərman Kərimzadənin mənə, gənc aspiranta – şirin-şirin “Əmioğlu!” müraciətindən sonra axtarışlar apardım, ağsaqqallardan soruşdum, tarixə ekskurs etdim, həqiqətə yetdim...
İkimiz də Qarabağda, qonşu, diz-dizə, kürək-kürəyə bölgələrində yaşamışıq, eyni havanı udmuşuq. İ.V. Stalindən tutmuş bu günümüzə qədər neçə-neçə padşahlar, hökmdarlar, birinci katiblər, rəhbərlər, doktorinlar dövründə yaşamışıq... Eyni siyasi, sosial, ictimai, ideoloji hadisələrin şahidi və iştirakçısı olmuşuq. Və şükürlər olsun ki, müstəqilliyimizə qovuşduq, düşmən işğalından azad edilmiş Qarabağı gördük...
Bütün bunları niyə söyləyirəm, niyə xatırlayıram?! Yəni, deməyim odur ki, Vahid Əzizin şəxsiyyəti, həyatı, yaradıcılığı, ovqatı mənə doğmadır, elə bil, o bir şair kimi, mən də bir filoloq-alim kimi eyni həyatı yaşamışıq... Mənim ədəbi qəhrəmanım - hamınızın – cəmiyyətimizin şair kimi, ictimai-siyasi xadim kimi, kəsərli, heç nədən çəkinməz qələmi olan analitik publisist kimi tanıdığı, xalqın - əksəriyyətin sevimlisi olan Xalq şairi Vahid Əzizi, az qala, özüm kimi başa düşürəm, özüm kimi hiss edirəm və buna görə də onun haqqında yazdıqlarımda, dediklərimdə, düşündükələrimdə falş, yalan, sünilik ola bilməz... Onu bir kiprik qırpımında tam görürəm...
Vahid Əziz bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. “Mən küləyi görürəm” (1969), “Aylı pəncərə” (1974), “İllərin baharı” (1980), “Əllərimin kölgəsi” (1985), “Тень моих рук.” (Moсква, “Советский писатель”, 1988), "Dözmək olmur" (1997), “Şeirlər” (2005), “Yarım əsrin çiçəkləri. Səninlə... Seçilmişlərdən seşmələr.-1963-2023)”- (2023), “Param parça illər” (“Qarabağ dəftərindən” seçmələr – 2020) şeirlər və poemalar kitabları rəğbətlə qarşılanmışdır.
Bədii tərcümə ilə də məşğul olur. Məsələn, ruscadan tərcümə elədiyi “Aqustino Netto. Azadlıq nəğmələri” ( Bakı: Yazıçı, 1981, 84 səh.) göstərə bilərik. 50-dən çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.
Dörd cildlik “Şeirlər, poemalar, tərcümələr, publisitika mətnlərindən ibarət “ seçilmiş əsərləri “Gənclik” nəşriyyatında nəşr edilmişdir... Əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək yayılmış, özünün də dünya ədəbiyyatı klassikasından tərcümələri mövcuddur...
Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı" ilə Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülmüşdür. Bu, Qarabağ fatehi, Respublikanın Prezidenti İlham Əliyevin Vahid Əziz şəxsiyyətinə və yaradıcılığına verdiyi rəsmi dövlət qiymətidir... Xalqın və dövlətin böyük rəğbətini qazanmaq sənətkarın əvəzedilməz uğuru və xoşbəxtliyidir...
Bu yükək fəxri adla yanaşı müxtəlif vaxtlarda təsis edilmiş ədəbi mükafatlara, diplomlara, fəxri diplomlara layiq görülmüşdür və bunlar şahrah yolla əldə edilməmişdir...
Vahid Əziz öz yaradıcılığında ədəbi-bədii söz sənətinin aparıcı mövzusu olan insan fenomeninə fərqli prinsiplər əsasında yanaşmış və 60-cı illərdən ictimai fərdin üzləşdiyi əsas problemləri ehtiva edən vətəndaşlıq lirikasında öz ədəbi-estetik qayəsinə uyğun insan konsepsiyasını yaratmışlar. Bu konsepsiya onun şeir yaradıcılığında zaman-zaman özünün ən yüksək bədii və hərtərəfli təcəssümünü tapmışdır. Onun yaradıcılığında, eyni zanmanda, XX əsrin sonunda insanın mənəviyatında yaranan dərin böhran və insanın özgələşməsi ilə bağlı ədəbi fikirdə yaranan dekadent meyillər, pessimist əhval-ruhiyyənin dəf olunması kimi məsələlər da öz bədii inikasını tapıbdır ki, poeziyanın ümumi axarına qovuşmaqla fərdi üslub və ifadə tərzi ilə fərqlənirdi...
Onun da şeirlərində antihumanist ideologiyaya qarşı ardıcıl və kəskin ifşaedici mövqedən çıxış, milli-tarixi keçmişə müraciət, habelə azərbaycançılıq konsepsiyası yazdığı əsərlərin ideya istiqamətini və bədii bütövlüyünü təmin edən əsas amil idi... Bu isə oxucuda ictimai həyatın ziddiyyətli və mürəkkəb gerçəkliyi barədə dəqiq təsəvvür yaradır, milli təfəkkür cəhətdən yeni nəslin formalaşmasına xidmət edirdi...
Vahid Əzizin poetik yaradıcılığını mövzu siferasını təsnif edəsi olsaq, əsasən, bu qənaətdəyəm:

1. İctimai-siyasi hadisələrə pafossuz, ritorikasız, sakit, təmkinli özünəməxsus baxış;

2. Azərbaycançılıq haləsində, böyük vətənpərvərliklə, yurdsevərliklə, milli təəssübkeşliklə üzvü surətdə birləşən - Türkçülük, Turançılıq ideya-estetik qayəsi onun poetik yaradıcılığının kordinal qayəsini təşkil edir, özünü “O, tayın, bu tayın şairiyəm mən..” – bütünlükdə türk dünyasının şairi elani-eşq edir: “...şir kimi həyatla vuruşur qələm, evin, məhəllənin, bir elin deyil; O tayın, Bu tayın Şairiyəm mən.”

...Çəmənlər biçənəm, taxıl əkənəm,
yuvalar quranam, evlər tikənəm,
Yurdun hər yerində keşik çəkənəm –
Ordunun, Alayın Şairiyəm mən.


Keçib əsrlərdən, qərinələrdən,
dərs aldım Şeiriyyət dahilərindən,
əxlaqım, varlığım Türk ellərindən –
böyük bir Dünyanın Şairiyəm mən...”

(Bax: Vahid Əziz. Seçilmiş əsərlər. 2 cilddə, 2-ci cild. 2015-2024 seçmələri.
Bakı, “Azərnəşr, 2024. s.282. – 314 səh.)

Vahid Əzizi Vətəndən didərginləri, uzaqlarda həyat eşqi axtaranları, sərsəriləri qəbul etmir, millətinə silahdaş olanları təqdir edir...

Vahid Əzizin “Daş” poemasının epiloqunda şairin belə bir istəyi var. Bu adi istək deyil vətəndaş şairin, türk birliyinin təşnəsi olan türk oğlu türkün estetik idealıdır. Təkcə bircə bənddə bütün türk xalqlarının, bütün Azərbaycanın məhəbbəti, könül nidası, əbədi öndrlərə ləyaqət simvolu ehtiva olunubdur...

Amma, ürəyimdə bir istək də var;
Nuri Paşaya da heykəl qurulsun,
Bakının ən uca təpələrində,
bürüncdən, altundan, qranitdən olan
Heydərlə - Atatürk yanaşı dursun!..

(Bax: Vahid ƏZİZ. Təzadlar.- 2010.- 16 dekabr.- S.10.)


1. Təbiətin və cəmiyyətin vəhdətinin poeziyası... İnsan və təbiətin fövqəlgücün qüdrətinindən yaranan vəhdətiniyyat harmoniyası qanunauyğunluğunu dərk edərək bu postulata nüfuz etmək səyi, özünün bəsirət gözüylə qeyri-adi aləmin təbəllüatlarını görmək bacarığı... Təbiətsiz cəmiyyət, cəmiyyətsiz təbiət yoxdur – ideyasına poetik sadiqlik;

2. Poeziyanın kordinal mövzusu – məhəbbət lirikası... Könlündə məhəbbət bəsləməyən şair deyildir, ötəri yazardır. Məhəbbətsiz poeziya quru çay yatağına bənzəyər... Səmimilik, dürüstlük, etiraf, iztirab onun da sevgi poeziyasına xas xüsusiyyətdir. Ənənədən süzülüb gələn göz yaşı təkin duru, yanğılı axardır... Bu şeirlərdə sevən bir qəlbin bütün döyüntülərini eşidirsən, sünilik, bər-bəzək, sızıltı, inilti yoxdur, məhəbbətin iztirablı sədaları, çalarları var... Vahid Əziz şaiin xoşbəxtliyini onun mühitinin hər çalarına sevgidə görür. Elə insanın xoşbəxtliyi də bundadır... Şairin “Sevgidən yazdım ki...” şeiri bu bu mənada olduqca mənalıdır:

Dərədən-təpədən yazmağa nə var:
“dumandı” – yaz getsin, “çəndi” – çəkilsin,
sevgidən yazdım ki, nakam qalanlar
oxuyub, dərdini unuda bilsin.

... Sevənlər – Dünyanın qərib övladı,
bir azca onlara bənzəyər çiçək,
sevgi şairləri əbədi qaldı,
sevgisiz yaşayan izsiz öləcək.
30.04.2007. (Bax: Vahid Əziz. Yaşadım yaşamaq ehtiyacında..., şeirlər, 2 cilddə, I cild (1965-2015), Bakı, Azərnəşr,2024, s.141-142. – 387 səh.)

Belə ki, Vahid Əziz həm klassik şeirdən təsirlənib yararlanır, həm də çağdaş ədəbiyyatdan bar-bəhər yükü tutaraq məhəbbət lirikasının vüsal-hicran dolaylarında yol gedən lirik qəhrəmanın iztirablarının gözəl nümunələrini yaradır. O bütün parametrlərdə əsl sevgi şairidir. Bir sözlə, onun sevgi qəhrəmanını bu müqəddəs, bu ali hissin sözün məcnunu olduğunu görürük... O, bu dünyanın sevməli nəyi varsa onu sevməyi və sevdirməyi bacaran şairdir... Və “Vaxtın – Vahid ӘZİZ bir dәnәsidi, Sözlәri şeiriyyәt dürdanәsidi!” Lakin bu dürdanəliyin bir kədərli, dramatik danəndəliyi də var:

“Kənddən baş götürüb gedən yolların
hansısa şəhərə gətirdi məni,
açıb qapısını soyuq qatarın,
elə vağzaldaca itirdi məni.

Gənc idik; vuruşduq, coşduq, çağladıq,
hər kəs bir diləklə qalxdı, ucaldı,
şəhərli qızlara könül bağladıq,
kəndin gözəlləri vaxtsız qocaldı.”

“Bu yollar baş alıb gedər uzağa” , 12.12.2006. (Bax. Vahid Əziz. Yaşadım, yaşamaq ehtiyacında. Şeirlər, 2 cilddə, I cild. 1965 – 2015-ci illərin seçmələri, Bakı, “Azərnəşr”, 2024. S.95. – 367 səh.)

Vahid Əzizin məhəbbət lirikasının bir qismi “Mahnı mətni” təkin təqdim edilir və bu təbiidir. Özü dediyi təkin: “Cavanlıqdan dodağımda zümzümə, ürəyimdə bayatıdır məhəbbət...”; “Həzin bayatılar söyləyən neyəm…”
Ümumiyyətlə, onun şeirlərinə ən ünlü bəstəkarlar tərəfindən 50-dən çox mahnı yazılıb və bu mahnıları eləcə ünlü müğənnilər ifa edib və edirlər. Çünki Vahid Əzizin mahnı mətnləri qismən problemsizdir, sözlə musiqinin biri-birinə
ritmik və tonik uyğunluğu, mətndəki ritmik vahidlərin zənginliyi, normal anəngdarlıq, şeirin avazı bəstəçiyə bəstə imkanı yaradır...
Bu mahnı mətnlərindən bir qismini yada salaq: “Mehribanım” (Bəstə: Elza İbrahimova, ifa – Şövkət Ələkbərova), “Gecikdin” (Bəstə: Elza İbrahimova, ifa – Flora Kərimova), “Bayatılar” (Bəstə: Eldar Mansurov, ifa – Brilyant Dadaşov), “Nəyimə gərək?”, “Gecələr keçir”( Bəstə: Eldar Mansurov, ifa – Aygün Kazımova), “Əzizim”, “Qurban olum” (Bəstə: Kəmalə Qasımova, ifa – Mirzə Babayev), “Aldatma məni” (Bəstə: Eldar Mansurov, ifa – Flora Kərimova), “Yaşadım, yaşamaq ehtiyacından”, “Səninlə” (romans), “Sənə qalsın”, “Yoxsan bu şəhərdə?..”, “Gülüm”, “Yasəmən, ah yasəmən”, “Unuduldum”, “Sevdiyini niyə danırsan?” (mahnı-duet), “Nə biləydim yalandı”, “Yalan olar”, “İncimədin ki?”, “Səni sevməyimə peşmanam”, “Yanğı”, “Sevgilim”, “Heç bilirsən, nələr olub o vaxtdan?”, “Xatirə nəğmə” (Bəstə: Eldar Həsənov), “Deyəsən” (Bəstə: Könül Hüseynova), “Səndən sonra”, “Xahiş” və s. bu qəbildən onlarla mətnlər sözlə liro-bəstələrdir, çeşmə kimi dum–duru, çiçək təkin nazənin, “ürəyi sevgi yuvalı” qız duaları qədər inanclı ürəyin tellərindən qopan həzin həyat nəğmələridir:

“Çiçəyim, nə üçün belə zalımsan?
Taladı könlümü aldığım soraq,
bir də bu Dünyaya gələsi olsan,
ya məndən sonra gəl, ya məndən qabaq.”

( “Xahiş”, Əsərləri, 2-cild. s.211,)

Hətta, şairin mahnı mətni təkin təqdim etdiyi bayatılar da mövcuddur. Əlbəttə, bayatılar müəyyən ahənglə, müsiqi ladında oxunur, bayatı çağrılır, laylalara dönür, amma profesional mahnı mətni təkin, bəstəkar bəstəsinə layiq olan mətn kimi onu təqdimi şairin bayatı lirik növündə onun axtarışlarının nəticəsi, istəyi kimin də qəbul edilməlidir:

BAYATILAR
(mahnı)
Ürəyimdə ayaz var,
Nə qış gedib, nə yaz var,
Oyatma bənəvşəni –
Kol dibində ayaz var.

Kədərli axmayaydı,
Göz yaşım axmayaydı,
Yad baxmağı bir yana –
Yar yada baxmayaydı.

Qalanın daşı oldum,
Gözünün yaşı oldum,
Dünyada gün ğörmədim –
Sevəndə naşı oldum.

Yanımda qal bir az da,
Göz yaşı var Arazda,
Yar yuxusun danışıb –
Şəkli qalıb Arazda...

1975 – 1984. (Bax: Vahid Əziz. Yaşadım, yaşamaq ehtiyacında. Şeirlər, 2 cilddə, I cild. 1965 – 2015-ci illərin seçmələri, Bakı, “Azərnəşr”, 2024. S.21-22. – 367 səh.)

Vahid Əziz bayatı janrına elə bağlıdır ki, onu poeziyasını sarı simi bu lirik xalq şeiri formasında daha təsirli olur. Vahid Əziz lirikasının poetikası - sərbəst şeir; heca, əruz… Vahid Əziz xalq ədəbiyyatının bayatı, dodaqdəyməz, yanıltmac təki janrlarına müraciət edib çox orijinal nümunələrini yaratmışdır. Dodaqdəyməz aşıq poeziyasının Dədə Ələsgər sınağından çıxan ən çətin növlərindən biridir və bu poetik formtın öhdəsinən Vahid Əzii bacarıqla gəlibdir:

Neçə illər alovlanır
dodaq-dodaqdan aralı.
həsrətinnən ynan könül
gəzər o vaxtdan aralı.

Sən sevgilər şəhanəsi,
arzu-istək şəlaləsi,
vay o günə həsrətlisi
gəzə çıraqdan aralı.


(Dodaqdəyəməz. 08.05.2014. Bax: Vahid Əziz. Yarım əsrin çiçəkləri. Səninlə.Bakı, “Azərnəşr”, 2016. S. 336. – 497 səh.)

Vahid Əziz klassik şeirimizin qəzəl janrına – şeir şəklinə də müraciət edib və mövzu, məzmun və şəkil cəhətdən yeniliklərlə diqqəti çəkən qəzəllər qələmə almışdır. Vahid Əzizin qəzəlləri mövzu, ədəbi-estetik fərqliliyi ilə bərabər, bu qəzəllərin leksikası təmiz ədəbi dilimizdədir və bəzən əruzda olan şeirlərdə müşahidə edilən yad leksik və fonetik ünsürlərdən tam arınmışdır...
Vahid Əzizin əksər qəzəlləri sillabik vəznin oxşrı olan rəcəz bəhrinə uyğun gəlir, daha da dəqiqləşdirsək, Vahid Əzizin qəzəlləri harmonik bölgülü heca vəznində yazılan qəzəllərdir. Onun təqdimetdiyi qəzəllərin adları da diqət çəkir. Klassik ədəbiyyatda qəzəllər əsasən, ya birinci beytin birinci misrası ilə, yada birinci beytlə adlandırılır... Vahid Əziz isə burada da yenilik etmiş, qəzəllərini rədiflərlə adlandırmışdır... Qəzəlləri rədiflə adlandırmağın bir üstün cəhətini sezdim ki, rədif qəzəlin mövzusunun, məzmunun koduna, açarına çevrilir... Rədif həmçinin qəzəlin ritmini də müəyyənləşdirir...

Vahid Əziin qəzəlləri ənənəvi qəzəl janrından bir xüsusiyyəti ilə də fərqlənir. Qeyd etdiyimiz kimi, qəzəl janrı əksərən məhəbbət mövzusunda olur. Vahid Əziin qəzəllərinin mühüm bir qismi isə ictimai və fəlsəfi məzmun kəb edir, sosial mühitə nüfuz edir. Məsələn, onun “Savayı” – “Bu Vətən torpağını, Vallah, yetimlər qorudu; yetimin kimsəsi olmaz ki, Vətəndən savayı... “ “Qalır” – “Yеnə də bircə ümid Tаnrı vеrən bахtа qаlır, Günü хоşbəхt аpаrır, nə qаlsа – bədbахtа qаlır, Görəsən, yеr üzünün zülmünün оlаrmı sоnu? Kim bilir, bəlkə о dа əcəllə bir vахtа qаlır?” ; “Bilirsən” – “ Onsuz da bura “Dünya” adlı zindan olubdu, nələr çəkirəm saldığın qəfəsdə, bilirsən...”; “Çəkilib” – “...Vətənin gеn gününə hаmı cаn qurbаn еləyib, еlə ki, düşdü dаrа–аzmı qırаğа çəkilib? Çаhаndа birçə nəfər Tаnrıyа övlаd sаyılıb – о, dа insаn əlinə düşüb–çаrmıха çəkilib...” ; “Gedəndi” – “Ağlım kəsəni, Vahid Əziz, “düzlüyü” gəzdi; tapılmır hələ, bəxt kimi yatıb da gedəndi...” qəzəllərindən gətirdiyimiz bu nümunələrdə dediyimiz cəhət öznü bariz bir şəkildə nümayiş etdirir... (Bax: Vahid Əziz. Seçilmiş əsərlər. 2 cilddə, 2-ci cild. 2015-2024 seçmələri. Bakı, “Azərnəşr, 2024. s.5. – 314 səh.)
Səhv etmirəmsə, Türkiyənin çox ünlü şairi, alimi, filosofu, jurnalisti, sissenaristi, uzun müddət Türkiyə Yazarlar Birliyinin genel başkanı olmuş Mehmet Doğanın sözləridir: "Bütün köklü ədəbiyyatlarda şair başlanğıcda kahin, münəccim, sehrbaz və ya şamandır. Şeir də sehrdir, əsla sıradan bir şey deyildir.” Bu sözlərin enerjisinə qısılası olsaq – Vahid Əziz də sözün sehrini yaradan şamandır, hətta “Dərgahda” olmağı da bacarır və “Ellər, məni axtarsanız bir zaman, Dərgahdadır üz tutduğum o ünvan” – elan edir. “Dənizlər də havalanır...”, “Bağışla”, “İlahi” ,“Ulu Tanrı, bunu səndən göləməzdim...” qəbildən şeirlərində bu qənaəti daha da dərinləşdirir, müəllifin lirik xarakterindəki saflıq və ülvülük sözlə rəssamlıq əsərinə çevrilir...
Vahid Əzizin poeziyasının ən maraqlı cəhətlərindən biri də forma, qəlib məsələsidir. Onun poetik yaradıcılığında heca vəzninin növləri, bölgü və ritm məsələsi, şeirin əsas forma elementlərindən olan qafiyə, sərbəst şeirin mahiyyəti və növləri, harmoniyası, həmçinin əruz vəznindən istifadə imkanları tədqiq olunmağı vacib problemlərdəndir...
Demək olar ki, ənənəvi heca şeirimizin bütün bölgü və qəliblərinin qapısı onun üzünə açıqdır. O sərbəstdə də, əruzda – qəzəllərində da, xalq şeir şəkillərində - qoşma, bayatı, gəraylı və s. bu qəbildən də bərcəstə nümunələr yaradıb.
Diqqəti çəkən odur ki, Vahid Əziz hecada da tam sərbəstlik hüququnu qoruyub saxlayır, mühafizəkar, radikal deyil, necə deyərlər, vəznin əsiri olmur, formanın sərhədlərini aşır, imkanlarını genişləndirir, yeni konturlar yarada bilir... Təbii, o, modernist düşüncəyə malik müasir dövrün şairi olsa da, folklor, xalq ədəbiyyatı klassik şeirlə bahəm onun da yaradıcılığında qoşa qanad kimi təzahür edir, birləşir, sintez olunur... Bu, təkcə qəlib-bölgü bağlılığı deyil, məzmunun, özünəxas baxışın əlvanlığıdır, yeniləşmiş ölçü-biçisidir... Və ən maraqlsı budur ki, bu “ölçü-biçilərlə” zəngın, vüsətli Vahid Əziz poeziyası Vətənə, vətənpərvərliyə, vətəndaşlığa, vətənsevərliyə, Azərbaycana – azərbaycançılığa xidmət edir...
Millətsevərlik, yurdsevərlik, poetik, lirik-dramatik Qarabağnamələr... Etiraz və ehtiras, fərdilik və fərqlilik, alilik və adilik, millətin, ordunun, haqqın uğuru, qalibiyyət qüruru, qutsal, ilahi qata bağlı Fatehlik eşqinin təntənəsi bu lirik Qarabağnamələrin məğzidir, məzmunudur, predmetidir... Dərələyəz mahalından olan, uşaqlıq və gənclik illərini daim Qarabağ havası duyulan Tərtərdə keçirmiş, Vahid Əziz hər zaman qəlbində dogma yurd, Qarabağ həsrətini, ağrı-acısını yaşamışdır. Şair ötən illər boyu Qarabağla, Zəngəzurla bağlı həm nostalji-nisgilli, həm də nikbinliklə dolu yüzlərlə şeir yazmışdır... (Bax Vahid Əziz. “Dərələyəz” poeması. “Ədəbiyyat qəzeti”.- 2020.- 25 aprel.- S.18-19.)
Qarabağ da Dərələyəz təkin Vahid Əzizin bütöv qəlbinin şah damarıdır. Təkcə 2020-ci ildə qələmə alınan bir silsilədəki nümunələrə diqqət kəsilək. “Azərbaycandır Qarabağ”, “Ləngimə, tez yetiş, böyük qələbə...”, “Savaş bitib?..”, “Bir gün bir aydır ki, yurd avaşddı...”, “Əsgərin”, “Qələbəli Azərbaycan...”, “Gəlirik...”, “Var ol, Ali Baş Komandan...”, “Tanrı, qoru Azərbaycan Ordusunu...”, “Ordu...”, “Yalnız irəliyə, yalnız irəli...”, “Qarabağım...”, “Hələ bitmiş saymaq olmaz savaşı...”, “Hicran a qalırdı “Qərinə” olsun...”, “Onlar qayıtmadı bu son həmlədən...”, “İtqovan”...”, “Lap az qalır...”, “Lap az qalır...” qəbildən şeirlərin motivirovkası əslində Qarabağın xilası uğrunda gedən qələbə döyüşünün poetik gündəliyidir...
Şair, az qala, saatbasaat, günbəgün xilaskar döyüşün gedişatını izləyir, poetik-publisitik uslubda münasibətini bildirir. Bu şeirlərin lirik qəhrəmanı bütün məsləki ilə Vətənin – Qarabağın xilası missiyasını öz üzərinə götürüb:

Zülmət getdi Qarabağdan,
ömrünü çıraq elədin,
var ol, Ali Baş Komandan -
çox günahkar nəsillərin
üzlərini ağ elədin!

( “Var ol, Ali Baş komandan!..” şeiri. “Ədəbiyyat qəzeti”, - 2020.- 31 oktyabr.- S.12-13.)

Bu da, məşhur Stendalın fikridir: “Yadelli işğalçılara qarşı hər bir mübarizə qanuni işdir və xalqın birinci borcudur.” Və bu müqədəs borcu xalqımız, dövlətimiz fəxarətlə, bütövlükdə şəhid olmağa hazır müsəlləh əsgər cəsurluğu ilə yerinə yetirdi və Vahid Əziz də vətənsevər bir şair kimi bu həyati həqiqətləri poetik həqiqətlər buketində təqdim elədi...
Vahid Əzizin şeirləri təpədən-dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş daxili poetik monoloqdur... Bu şeirlər dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulmuşdur. Bu mənada, Vahid Əzizin lirikası müasir Azərbaycan şeirinin inkişafında fərqli hadisədir. Vahid Əziz şeirlərində bütün hallarda, o cümlədən, lirik duyğularını ictimailəşdirəndə də obrazlı düşüncənin təbiiliyini və səmimiyyətini, lirizmi qoruyub saxlayır. Ona görədir ki, Vahid Əzizin lirik qəhrəmanı da həmin işığın, milli-mənəvi varlığın real və təbii bir daşıyıcısıdır... Vahid Əzizin şeirləri - işıqlı düşüncələrin şeiriyyətidir...
80 yaşını tamamlayan Xalq şairi Vahid Əzizin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmandır. Bu lirik qəhrəmanın ayağı odlu torpaqdadır, başının üstündə isə üçrəngli dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Vahid Əzizin estetik idealının mahiyyətidir...
80 yaşın mübarək, yaşdaşım, ədəbi qəhrəmanım, ilhamı lacivərd poetik üfüqlərdə pərvaz edən, bu ufüqlərdən ötgəm, yenilməyən, ritorikadan uzaq, saf duyğuların, səhər mehi təkin xəfif, təmiz səsi eşidilən, adını böyük hərflərlə qeyd etdiyim – VAHİD ƏZİZ!!
Ps.: Məqalə dərc üçün təqdim edilən ərəfədə Respublika Prezidentinin Vahid Əzizə “Şöhrət” ordeni verilməsi haqqında sərəncamı verildi. Şöhrətə çoxdan çatmış Xalq şairinin 80 yaşındakı “Şöhrət” ordeni bizi də sevindirdi və təbrik edirik!!

Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas,
Səməd Vurğun mükafatı laueratı...
21.11.2025.











Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!