TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 12-11-2025, 10:04
Afurcadan İrşadiyyəyə uzanan həyat yolu


Afurcadan İrşadiyyəyə uzanan həyat yolu

Esse

Uzaq Fransadan, Parisdən gələn zəng məni çox heyrətləndirdi. Zəng eyləyən Murad Esen idi. Murad Osmanlı türkcəsində danışmağa başladı: “Nömrəni Feysbukdan götürmüşəm. Səninlə tanış olmaq istəyirəm”. Sonra özü haqqında məlumat verdi: “Biologiya müəllimiyəm. Təqaüdə çıxmışam. İndi Parisdə yaşayıram. Babam molla İbrahim 1900-cü ildə Afurcadan Türkiyəyə, İrşadiyyə kəndinə köçmüşdür. Babam haqqında bir əsər yazmaq istəyirəm, lakin Afurca haqqında məlumatım azdır. Mənə kənd haqqında geniş məlumat yaz göndər”.
Onun xahişini yerinə yetirdim. O, isə əsərindən bir parçanı mənə göndərdi. Yazını Osmanlı türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırdım. Murad babasının Afurca kəndindən ayrılmasını belə təsvir edirdi:
“İbrahim baba doğma Afurca kəndindən ayrılırdı. O, heç vaxt geri qayıtmayacaqdı. Asta addımlarla addımlayır, dönüb geri baxır, hərdən üzünü kəndə tərəf çevirib dua oxuyur, sanki müqəddəs əjdadlarından icazə istəyirdi. O, birdən dayandı. Sonra göz yaşlarını axıda-axıda asta səslə dedi:
“Əlvida, Qilit dağı! Əlvida, Afurca şəlaləsi” Əlvida, Təngə dağı! Əlvida, taxta körpü! Mən gedirəm. Bir də qayıtmayacağam! Seyid babalarım! Mənə yolda kömək eyləyin. Mən Sizi heç vaxt unutmayacağam!”.
O, yerə əyildi, doğma torpağı qucaqladı. Müqəddəs torpaqdan bir ovuc götürdü. Torpağı öpdü. Gözlərinin üstünə, alnına sürtdü. Çib dəsmalını çıxarıb, torpağı dəsmalının arasına tökdü, onu düyünləyib ürəyinin üstünə, qoltuq cibinə qoydu. Sonra asta addımlarla yeriməyə başladı. Bir an ürəyi tələsdi, onu üşütmə götürdü, ağladı. Göz yaşlarını gizlədə bilmədi.
Onu fikir götürdü: “Görəsən, Vətən həsrətinə dözə biləcəyəmmi?”.
Mən bu yazı parçasını dönə-dönə oxudum, bir az kövrəldim, kədərləndim. Belə qərara gəldim ki, Vətən həsrətilə yaşayan, Vətəndən uzaq düşən həmkəndlilərim, qohum-qardaşım barədə bir yazı hazırlayım.
Sərhədlərin bağlı olduğu bir zamanda Türkiyəyə getmək, orada yaşayan insanlarla əlaqə saxlamaq çox çətin idi. Buna icazə verilmirdi. Oradan gələn hər məktub yoxlanıldıqdan sonra sahibinə çatdırılırdı.
Bakıda film festivalı keçirilirdi. Festivala bir türk filmi gətirmişdilər. Film dublyaj edilməmişdi, tərcümə olunmamışdı. Filmə baxdıq. Sevincimizin həddi-hüdudu yox idi. Onda başa düşdük ki, biz də türkük.
Həmin zamanlarda nənə, babalarımızdan eşidirdik ki, bizim Afurca kəndindən Türkiyəyə gedənlər çoxdur. Biz təəccüblənirdik. Görəsən, həmyerlilərimizlə haçansa görüşə biləcəyikmi?
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra 1992-ci ildə iki nəfər öz qohum-qardaşlarını tapmaq, babalarının qəbirlərini ziyarət etmək üçün Afurcaya gəldilər. Dediklərinə görə, bunu babaları vəsiyyət edibmiş.
Səbri Özcan, Sami Esen adlı bu həmyerlilər kəndin hər tərəfini gəzib dolandılar, qohum-qardaşlarını tapdılar. Evlərinin olduğu yeri müəyyən etdilər. Seyid babalarımızın türbələrini ziyarət edib Türkiyəyə qayıtdılar.
Ondan conra neçə-neçə həmyerlilərimiz kəndi ziyarətə gəlmişlər. Onlar çox sevinirdilər ki, doğma torpağa qədəm başmışdılar, qohum-qardaşlarını tapmışdılar. Ən əsası isə Əhli-Beyt ailəsinə mənsub olan ulu babalarının qəbirlərini ziyarət etmişdilər.
Afurca kənd sakinlərinin nəyə görə qrup şəklində, həm də ailəliklə Türkiyəyə köçmələri məni çox maraqlandırırdı. Öyrəndim ki, 1828-ci ildə ruslar buraları işğal etdikdən sonra hər yerdə öz idarələrini – komendantlıqlarını qurmuşdular. Afurca kəndinin mərkəzində komendantlıq qurmuşdular. İşçilər də ruslar idi. Afurca kəndinin birinci komendantı Aleksandr Vidatyanov idi.
Əhli-Beyt ailəsinin nəslindən olan Afurca camaatı ruslarla düz gəlmirdilər. Gününü namaz qılmaqla, ibadətlə keçirən bu adamlar bu quruluşun içində sıxılırdılar. İkinci səbəb ruslarla vuruşan Şeyx Şamilin “naib”lərindən birinin Afurcalı olması idi.
1859-cu ildə Şeyx Şamil vuruşmanı dayandırdı. Çoxlu insan tələfatına razı ola bilmirdi. Düşünürdü ki, bir az da güc toplayıb sonra vuruşmanı davam etdirər.

Afurca sakininin bu müharibədə iştirak etməsini artıq ruslar bilirdilər. Buna görə, Afurca sakinlərinə qarşı inamsızlıq əmələ gəlmişdi. Onlar hər addımda qadağalarla üzləşirdilər. Bütün bunlara görə belə qərara gəldilər ki, burdan köçsünlər. Beləliklə Türkiyəyə köç başlayır. Bir qrup Niksarın Yarbaşı kəndinə, ikinci qrup Malatya Yazıhanın Hamidiyyə kəndinə, üçüncü qrup isə Samsuna yerləşir.
Sonradan Samsunda yaşayanları Sultan Yazıhanın Hamidiyyə kəndində yerləşdirmişdir. Niksarın Yarbaşı kəndində yerləşənlər oradan razı deyildilər. Yaşadıqları yerdə hər tərəf bataqlıq idi. Bataqlığa yığılan xəstəlik törədici həşəratlar insanları xəstəliyə düçar edirdilər. Beləliklə, on il burada yaşadılar. Xəstəlikdən çoxlu ölüm-itim oldu.
Afurcalılar bir yerdə yaşamaq istəyirdilər. Ona görə də Afurcadan köçüb gəlmiş Seyid Şeyx İsa əfəndi Sultan Əbüləzizin yanına gedir. Ondan xahiş edir ki, Afurca camaatının bir yerdə yaşamaları üçün torpaq ayırsın.
Sultana xəbər verirlər ki, bir Seyid sizi görmək istəyir. Sultan Əbdüləziz onun Seyid olmasını yəqinləşdirmək üçün yoxlamaq qərarına gəlir.
Sultan sarayının yanında aslanlar saxlatdırırdı. Aslanlara qulluq eləyən adama tapşırırlar ki, onun üzərinə bir aslan buraxsın. Aslanı buraxırlar. İsa əfəndi yerindən tərpənmir, qorxmur. Aslan ona yaxınlaşıb İsa əfəndinin ayaqlarını yalayır.
Sonra ikinci bir yoxlama aparırlar. Sarayın pilləkəni altında “Quran” kitabını gizlədirlər. İsa əfəndini saraya dəvət edirlər. O pilləkəni qalxmır, durub dayanır. Səbəbini soruşduqda deyir ki, pilləkənin altında sizdən də böyük “padşah” var. “Quran” kitabını götürürlər. O, yuxarı qalxır. Sultan Əbdüləziz daha bir yoxlama keçirir. Onun üçün 38 sual hazırlamışdılar. O, hər bir suala dəqiq cavab verir. Sultan Əbdüləziz çox razı qalır, ona sənəd verir. Bu sənədə görə Afurca seyidləri Osmanlı torpaqlarının istədikləri yerində özlərinə kənd sala bilərdilər.
Bu günkü İrşadiyyə kəndinin yerləşdiyi yerdə Şeyx İsa əfəndi əl ağacını torpağa sancır. Deyir ki, kəndi burada salacağıq. Həmin yer mərkəzinə görə Afurca kəndini xatırladır.
Kəndin əsası 1883-cü ildə qoyuldu. Kənd tikildi, böyüdü. Seyidlər öz aralarında kəndi əvvəlcə Afurca, Seyidlər sonda isə İrşadiyyə adlandırdılar.
Kənd böyüdü, əkin sahələrini genişləndirdilər. Orada da bir məhəllə salıb Keçiağılı adlandırdılar.
Sədrəzəm Ənvər Paşaya qədər seyidlərdən vergi yığmırdılar. Onları əsgərliyə aparmırdılar. Ənvər Paşa onlardan da vergi yığdırmağa başladı. Gəncləri əsgərliyə apardılar.
Bir qrup Afurcalı yığılıb Ənvər Paşanın yanına getdi. Dərdlərini ona söylədilər. Ənvər Paşa dedi: “Peyğəmbərimiz düşmən hücum etdiyi zaman nə edərdi? Əhalini öldürməyə gələn düşmənlə savaşmazdımı? İndi bizə də düşmən hücum etmişdir. Bizim varımız da, yoxumuz da düşməni məhv etmək üçün lazımdır”.
Beləliklə, həmin vaxtdan hamı kimi Seyidlər də əsgərliyə getdilər, vergi verdilər. Mən Afurca kəndində yaşayan 3 nəsil: Ələddinlilər, Çanqardaşlılar və Qələmililər haqqında məlumatları yaşlı nəslin nümayəndələrindən öyrənmişəm.
Türkiyəyə mühacirət edənlər də bu nəsillərin nümayəndələridir.
İlk dəfə 1860-cı ildə Ələddinlilər nəslinin Həlimlilər qoluna aid üç nəfər Afurca sakini (Üç qardaş öz ailələri ilə, bacıları Əminə xanım da onlarla birlikdə) Türkiyəyə köçdü.
Öz zəmanəsinin görkəmli dini alimi Həlim kişi Afurca kəndinin hörmətli adamı idi. Onun altı oğlu, bir qızı var idi. O, uşaqlarına da dini təhsil vermişdi. Oğlanları: Əzim, Zəkəriyyə, Mirzə, Mustafa, Yəhya, Məmmədkərim və qızı Əminə Afurca kəndində öz ata-anaları ilə birlikdə xoşbəxt yaşayırdılar. Ölkədə baş verən siyasi hadisələr, rusların haqq-nahaq onların işlərinə müdaxiləsi bütün ruhları ilə Allaha bağlı, Əhli-Beyt ailəsinə mənsub olan bu insanlara pis təsir eləyirdi.
Buna görə də buradan köçmək istəyirdilər. Həlim kişi nə qədər çalışdısa, onları fikirlərindən döndərə bilmədi.
Üç oğul: Zəkəriyyə, Mirzə, Yəhya və bacıları Əminə xanım qəza mərkəzində sənədlərini düzəldib ailələri ilə birlikdə yola çıxdılar. Uzun müddət atlarla yol gedib Türkiyəyə çatdılar. Onlara Niksarın Yarbaşı kəndində yer verdilər. Sonradan İrşadiyyə kəndinin ilk sakinləri onlar oldular. Afurca kəndində Həlim ata və üç oğlu qaldı. Əzim, Mustafa və Məmmədkərim öz bacıları Əminənin və qardaşlarının fikrini çəkərək yaşadılar.
Bu gün Seyid Zəkəriyyənin bütün nəsli “Yıldırım” soyadını, Seyid Mirzənin nəsli “Yavuz” soyadını, Seyid Yəhyanın nəsli isə “Yaşar” soyadını daşıyırlar.
Həmin ili Afurca kəndinin ikinci bir ailəsi (Seyid Teyyub axund beş oğlu ilə birlikdə) Türkiyəyə köçür. Seyid Mahmud, Seyid Hüsaməddin, Seyid Hacı Əhməd, Seyid Hacı Camal və Seyid Məhəmməd Rəsul Niksarın Yarbaşı kəndində özlərinə məskən saldılar. İrşadiyyə kəndi salınandan sonra orada yaşayırlar. Bu gün Teyyub axundun nəsilləri “Esen” soyadı ilə tanınır.
Seyid Məhəmməd Turan 1879-cu ildə Afurcada anadan olmuşdur. Afurcada ailə qurmuşdur. Üç oğlu olmuşdur. Şükri, Şəmsi və Fəhri dövrünün savadlı, bilikli adamları idilər. Seyid Məhəmməd Turan ailəsi ilə birlikdə Türkiyəyə köçüb İrşadiyyə kəndində yaşamışdır. Onlar “Turan” soyadını daşımışlar. Məhəmməd Turan 1970-ci ildə Manyasda dünyasını dəyişmişdir.
Afurca kəndində 1880-ci ildə anadan olmuş Seyid Əbdül Məbud sonradan 3 qardaşı ilə Türkiyəyə köçmüşdür. Seyid Məhəmməd Fazil, Seyid Habil, Seyid Zəkəriyyə 1897-ci ildə əvvəlcə Anadoluya gəlirlər. Sonra Malatyada Hamidiyyə kəndində yaşayırlar. Daha sonra İrşadiyyə kəndinə köçüb gəlirlər.
Afurcalı Seyid Hacı Əhməd və həyat yoldaşı Seyid Cəmilə ailəliklə Türkiyəyə köçmüş, İrşadiyyədə yaşamışlar. Hər ikisi elm sahibi idilər. Hacı Əhmədin ərəb dilində yazdığı elmi əsərləri var idi. Qara mürəkkəblə “Quran”ın əlyazmalarını hazırlayırdılar. İndi onun nəvəsi Naim Gündüz Balıkesir Universitetinin professorudur. Seyid Habil Birinci Dünya Müharibəsində şəhid olmuşdur. Bu nəsil “Gündüz” soyadını daşıyır.
Seyid Əbdülvahab 1877-ci ildə Afurcada anadan olmuşdur. Anasının adı Həlimə, atasının adı Mahmuddur. Üç qardaş idilər: Əbdülvahab, Seyidağa və Ridvan. Üç qardaş anaları Həlimə xanımla birlikdə 1897-ci ildə Afurcadan Niksara, oradan Malatyaya və 1902-ci ildə İrşadiyyə kəndinə qohum-qardaşlarının yanına gəlir və orada yerləşirlər. Seyidağa sonradan Afurcaya qayıdır.
Seyid Əbdülvahab Birinci Dünya müharibəsində iştirak edir. Ön cəbhədə vuruşur. Çanaqqala döyüşlərində igidliklə vuruşur, lakin ruslara əsir düşür. Əsirləri vaqonlara mindirib Sibirə aparmaq istəyirlər. O, Bakı yaxınlığında vaqondan tullanıb qaçır, otların arasında gizlənir. Axır ki, qurtula bilir. Buradan doğma Afurcaya gəlir. Yeddi il burada yaşayır. Sonra yenidən Türkiyəyə, İrşadiyyə kəndinə qayıdır. Ömrünün axırına kimi burada yaşayır. 1957-ci ildə dünyasını dəyişir.
Seyid Əbdülvahab və Seyid Ridvan qardaşlarının nəsilləri “Caksu” soyadını daşıyırlar.
Seyid İsmayıl Afurcada anadan olmuşdur. Üç oğlu: Səid, Mahir və İbrahim İrşadiyyədə anadan olmuşlar. Səid Seyid İsmayılın birinci xanımından olan oğlu idi. O, Çanaqqala döyüşlərində şəhid olmuşdur.
Seyid İsmayılın 3 oğlunun nəsilləri “Uzgor” soyadını daşıyırlar.
Mən bu ailələrdən ancaq bur neçəsi haqqında danışdım. Çalışdım ki, oxucular öz qohum-qardaşlarını bu yazı vasitəsilə tapa bilsinlər. Qəriblikdə yaşayan həmyerlilərimiz bu nəsillər haqqında kitablar yazmış, qəzet və jurnallarda məqalələr dərc etmişlər. Bizdə isə bu iş çox zəifdir. Bu vaxta kimi bu haqda heç bir yazılı məlumat verilməmişdir.
İrşadiyyədə yaşayan Maruf Caksu “İrşadiyyə Seyidləri” adlı kitab yazmışdır. (Maruf Caksu “İrşadiyyə Seyidləri”, Liva nəşriyyatı, Balıkesir, 2008).
Bu gün Türkiyədə 150 Afurcalı ailəsi yaşayır. Bunların içərisində alimlər, müəllimlər, mühəndislər, dövlət qurumlarında işləyən yüksək vəzifəli şəxslər də var.
Onlar həmişə vətən həsrətilə yaşayırlar. Afurca sözü dillərindən düşmür. Eynilə bizdə olan xörəkləri bişirirlər. Alkoqollu işkilərdən istifadə etmirlər. Sahib olduqları nəslin adını həmişə uca tuturlar.
Bu gün İrşadiyyə kəndi Balıkesir bölgəsinin tabeliyindədi.
Bu yazı üzərində işləyərkən yadıma bir Azərbaycan bayatısı düşdü:
“Əzizim Vətən yaxşı,
Geyməyə kətan yaxşı.
Gəzməyə qərib ölkə,
Ölməyə Vətən yaxşı”.


Lakin afurcalılar Türkiyəni qərib ölkə hesab etmirlər. İrşadiyyə onlar üçün Afurca qədər doğmadır. Türkiyəyə gedən adamlarla rastlaşdıqda sevinclə deyirlər ki, biz Afurcalıyıq. Onlarla bizə salam göndərirlər. Onlar Afurcalı olmaqları ilə fəxr edirlər.
Dili bir, canı bir, qanı bir qardaşlarımızla bir yerdə yaşamaq nə qədər xoşdur!
Afurcalılar bu qardaşlıq münasibətlərini daha da inkişaf etdirirlər. Qardaşlığımız, dostluğumuz əbədidir!

Abid ŞAMİLOĞLU,
Müəllim, Quba, Afurca kəndi



Paylaş



Bölmə: Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!