20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
11-07-2026, 05:37
Köhnə bir şəhəri eylədim abad...

Köhnə bir şəhəri

eylədim abad...


Bülbülün Fəğanı
“Eşq və irfan vadisində”


Şair-qəzəlxan Ceyhun Möhübbi

Şair özü deyir ki, mən “İmadəddin Nəsimi” -Azərbaycanın böyük şairi haqqında böyük tədqiqat və təhlili əsəri bitirəndə hamı özündən soruşurdu: kitabın müəllifi kimdir?! Nədən danışır? Eşq və irfanın geniş dünyasından onun savadı və biliyi nə qədərdir?
Bu suallara cavab olaraq, şairi ədəbiyyat dünyasına və şeir-qəzəl aşiqlərinə tanıtmaq üçün “Bülbülün fəğanı” poeması Azərbaycan ədəbi məclisinə təqdim olundu. Bu əsər şairin oxucularla ilk görüşü idi ki, orada ədəbi ictimaiyyət ilk dəfə şairin qələmi və ədəbi zövqü ilə tanış oldu.
Hərçənd indiki dünya şeir və qəzəl, bəzən kitabların bolluğu dünyasıdır, amma şeir və ədəbiyyat yalnız gözəl sözləri yan-yana düzmək deyil. Əsas olan bu şeirlərin mənası, məfhumu və onu bəşəriyyət dünyasına çatdırmaqdır. Bu dərin bəşəri mənalar irfan və mənəviyyat qabı içində, ən gözəli isə qəzəl olan, yan-yana düzülsün ki, bəşərin qaranlıq dünyasını işıqlandırsın.
Böyük şairlərin əsərlərini–İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Sədi və Hafiz Şirazi – oxuyanda və bu böyüklərin əsərlərini müasir yazılarla müqayisə edəndə açıq və aydın fərqin şahid oluruq. Həmin böyüklərin yazıları hər biri özü üçün böyük şah əsər idi, müasir dünyada isə az şair özünü onların ayağına çatdıra bilib. Amma cəsarətlə demək olar ki, müasir şair “Ceyhun Möhübbi” öz şeirləri və qəzəlləri ilə ki, dərin məna və məfhumlar ehtiva edir, o böyüklərin layiqli davamçısı ola bilib.
Füzulinin “Leyli və Məcnun” əsərini yaratmasından beş yüz il keçəndən sonra bu günə qədər az əsər yaradılıb ki, həmin böyük əsər kimi eşq və irfanın böyük dünyasına gedib yeni bir eşq poeması yaratsın. Şair-qəzəlxan Ceyhun Möhübbi uzun “Bülbülün fəğanı” poemasını yaradaraq böyük eşq və irfan dünyasının sadiq yolçusudur. O, öz yeniliyi ilə eşqi müasir dünyada yenidən təsvir edə bilib. Şair bu uzun eşq poemasını yaratmaqla köhnə eşq hekayəsini yenidən dirildib ki, sübut etsin bu bina heç vaxt köhnəlməyəcək, necə ki Füzuli öz böyük “Leyli və Məcnun” əsərinin sonunda deyir:

Köhnə bir şəhəri eylədim abad,
Qoy bunların ruhu olsun şad…


Şairin bu poemada iti və nöqtəsənc qələmi “Nurcahan və Vəli”nin böyük və pak eşqini deməklə yanaşı, gözəl və röyalı bir hekayə də yaradır ki, həm də eşq və irfan onda nümayiş olunur. Müasir dünyanın komponentlərindən, köhnə dünyanın paklığı və saflığından bəhrələnən müəllif bu ikisini bir-birinə qarışdıraraq heyrətamiz bir əsər yaradır ki, oxucu əsərin sonunda əlləri dolu gündəlik həyata qayıdacaq.
Bu əsər insanın əql yetkinliyi yaşı olan qırx yaşında yaradılır. Şair ilk əsərini bu yaşda yaradaraq və əbcəd hərflərindən bəhrələnərək bu poemada hər beytdə rəmzlər gətirib ki, alimlərin və ağıl sahiblərinin onda düşünməsi və şifrəsini açması lazımdır. Bu poemada Nurcahan və Vəlinin eşq hekayəsindən başqa qırx qəzəl də gətirilib ki, işarə və rəmz dili deyilməmiş sözləri özündə saxlayır və onun gözəlliyini, cazibəsini artırır.
2025-ci ilin payızında Bakı şəhərində, günün birində elə bir şairlə addımlaşırdım ki, elə bil uzaq keçmişlərdən, Nəsimi və Füzuli dövründən Nizami Gəncəviyədək uzun bir yol qət edib özünü müasir dünyamıza çatdırıb.
Müasir Azərbaycan şairi və qəzəlxanı “Ceyhun Möhübbi” ilə yağışlı bir gündə şəhərin mərkəzində görüşdüm. Hansı addımı atırdıqsa özündən və keçmişindən danışırdı, Arazın bu tayında itirdiyi böyük həsrətdən. Qırılmaz tellər onu Arazın bu tayına və Təbriz şəhərinə bağlayır. Təbrizin Miyanə şəhəri şairin, qədim ata-baba yurdudur.
Dövlətəli, şairin atası, 1952-ci ildə anası ilə birlikdə doğma yurdu olan Miyanəni həmişəlik tərk edərək Araz çayının o biri tayına köçmüş və ömrünün sonunadək orada yaşamışdır.
O günlərdən uzun illər keçmişdir, lakin qəribliyin ağır kölgəsi bu gün də şairin ruhunda yaşayır. Bu həsrət və qürbət hissinin izləri onun şeirlərində də aydın şəkildə görünür. Bu həsrət onun və şair dostlarının daimi yoldaşıdır, onlar özlərini köçəri quşlar bilirlər ki, heç yerdə rahatlıqları yoxdur. Hərçənd Arazın hər iki tayı onun vətənidir, amma eyni zamanda hər ikisində qəribdir, necə ki ariflər üçün bu dünya qürbətdir.
O görüşdə məni təəccübləndirən şey böyük bir insanın sadə və səmimi ruhu idi ki, ətrafın hay-küyündən uzaq elə öz dünyasına qərq olmuşdu ki, şeir və ədəbiyyatın gözəlliyindən başqa heç nə görmürdü. Bu kişinin səmimiyyəti və mehribanlığı məni çox təsirləndirdi, elə bil illərdir onu tanıyırdım. Orada gülə-gülə mənə dedi ki, düzdür adım Ceyhundur, amma “Bülbülün fəğanı” poemasındakı “Vəli” obrazı və onun ali eşqi əslində şairin özü və böyük eşqidir. Sonra da gülə-gülə dedi ki, Vəlinin qızı, indi ki atanla həmadsan, biz artıq yad deyilik.
Qısa görüşdə o özündən danışdı, keçmişindən, Arazın iki tayında bölünmüş vətəndən və sərhədin bu tayındakı qohumlardan ki, onları yenidən görmək onun üçün mümkün olmayan arzu idi; çünki qohumları tapıb öz şəcərənaməsini bilmək və qeyd etmək istəyirdi.
İndi mən Arazın bu tayından bir qonaq idim və ikinci vətəndən bir qonaqla görüş, Ceyhunun onu şairin cənublu qonağı adlandırdığı, elə bil onun üçün tarixi və böyük fürsət idi ki, deyilməmiş bütün sözlərini qəzəl qəlibində mənə danışsın. Sözlərinə qulaq asırdım və hərçənd yağış şiddətlənirdi, amma o xüsusi gündə böyük və tarixi Bakı şəhərində, şəhərin ən hündür qülləsində görüş mənim üçün çox xatirəli və yadda qalan idi. Hərçənd şəhər möhtəşəm binalarında Sovet İttifaqının rəmzi əbədi olaraq qeyd olunub, amma şəhər əhalisinin səmimi və mehriban ruhu hələ də Arazın iki tayı əhalisinin böyüklüyünü və əzəmətini özündə qoruyub.
Təvazö və mehribanlıq iki böyük ortaq nöqtədir ki, Arazın iki tayı əhalisini möhkəm bağla bir-birinə bağlayır. Mən onu şairin varlığında tam gördüm və hiss etdim.
“Bülbülün fəğanı” poemasındakı “Nurcahan”ın aşiqi və heyranı “Vəli” şairin özünün coşan təbiəti və üsyankar ruhu idi və onun daxili coşğusundan xəbər verirdi. İllər ərzində onu “Ceyhun”a çevirən coşğu. Həqiqəti axtaran və sakit dayanmayan Ceyhun çay kimi coşğun ruh ki, ətrafındakı bütün natəmizlikləri yuyub həqiqət nuru ilə bəzəsin.
Ədəbi prosesdə çılğın – nəzarətsiz rakurs qurmaq hər qələm adamına xas deyil; belə deyək, iyirminci əsrdə bunu çox az adam bacardı və iyirmi birinci əsrdə də bu səmtdə adamlar hələ çox seyrəkdir...

Ədəbi müstəvidə ortaq təcəlladan keçmək də hər adamın işi deyil. Tədqiqatçı alimlər, yazıçı və şairlər bu prosesi xüsusilə örnək məna kimi qavrayırlar. Bu hal zaman-zaman müxtəlif səbəblərdən asılı olur. Bəzən bir sıra çəkişmələr və yanlış etiqadlar da bu zəruri cəhdi vacib nüans kimi xarakterizə edirlər...
Ceyhun Möhübbi əsərlərində hər iki aləmi öz fəhmi ilə dürüst ehtiva edir, dünyanı “Təsəvvür” və “İradə” üzərində sadə qurulduğunu və “İradə”nin “Təsəvvür”dən üstün olduğunu elə aydın izah edir ki, suallarımıza cavab tapırıq və onun ədəbi prosesdə çılğın – nəzarətsiz rakurs qurmaq bacarığına heyran qalırıq. Onun qəzəl yaradıcılığını nə qədər qiymətləndirsək, bizim üçün aydın olur ki, yer üzünün bütün yüksəkliklərində səmasız bir idrak və onun daxil olduğu istiqamətdə səmimi bir vəcd var...
İstedadlı şair öz orijinal qəzəllərində, bəlkə heç özü də bilmədən, bu mistik-ciddi zəminlərə aydın poetik şərh verir. Yəni o, çoxları kimi Allahın dediklərinə mifik deyil, real aspektdən yanaşır və bu iradi keyfiyyətləri ruhani quruluşda aça bilir.
Ceyhunda Allaha və insanlara fövqəladə məhəbbət var. Onun şəxsi insanlığı özü fəlsəfi-elmi tədqiqat mövzusudur. O, bizim nəzərimizdə təkcə bir “Obraz” kimi deyil, həm də maddi və mənəvi zərurət kimi məna tapır. Buna görə də biz onu həm insan, həm də şair kimi eyni ədəbi istiqamətdə reallaşdırırıq.
Səmimi deyək, Ceyhun həm insan, həm də şair kimi cəmiyyətdə kəskin diqqət çəkdiyi üçün, zənnimizcə, istəməyənləri- gözügötürməyənləri çoxdur. Bəlkə də buna görə idrakda təcəlli edən polifonik həqiqətləri çox sakit və rahat şəkildə öz könül dünyasının effekti kimi səciyyələndir, hadisələri çox soyuqqanlı izləyir, heç kimə yuxarıdan aşağı baxmır və s...
Ceyhun Möhübbinin zəka tərpənişləri oxucuya dərin ədəbi ağırlıq ehtiva edir. Biz həm oxucu, həm də tədqiqatçı kimi bunu dəyərli qələm dostumuzun bir müddət əvvəl dahi Nəsimi haqqında yazdığı iri həcmli kitabda yaddaşımıza hopdurmuşuq. Onun bu günlərdə ölməz Seyid Əzimin qəzəllərini bir kitaba sığışdıraraq çap etdirməsi də bu prosesin bir yönüdür və bu işdə də Ceyhunun zəka tərpənişləri diqqətimizdən yayınmır.
Dəlilər ağlamır və elə bu onları arzularına çatdırır, böyük irfani əsərlərdə də ağıllılar özlərini dəliliyə vururlar ki, məqsədlərini irəli aparsın və son hədəflərinə – o böyük Məşuqəyə çatsınlar. Bu mövzu “Bülbülün fəğanı” poemasında böyük rəmz və qırılmaz sütun kimi görünür, o zaman məşuqə özünü dəliyə vurur ki, həbs olunduğu qəfəsdən azad olsun, çünki yalnız mütləq azadlıqda həqiqi eşq üzə çıxır.
“Bülbülün fəğanı” eşq və irfani şeirlər toplusu ilə yanaşı uzun eşq poemasıdır ki, kitabın adı da ondan götürülüb. Bu əziz əsərdə şair türk klassik ədəbiyyatının zəngin ənənəsindən bəhrələnərək eşq, hicran, mərifət, əxlaq, vətən, insan və təbiət gözəlliklərinin mövzularını müxtəlif şeir qəliblərində ifadə edib.
Türk ədəbiyyatı tarixi boyu həmişə eşqi şeirlə, hikməti sözlə və haqiqəti sənətlə qarışdıran xalqların hiss, fikir, mədəniyyət və kimliyinin güzgüsü olub. Yusif Xas Hacıb və Əhməd Yəsəvidən Füzuli, Nəsimi, Şah İsmayıl Xətaiyə və onlarla məşhur şairə qədər bu qiymətli irs nəsildən-nəslə ötürülüb və hər əsr ona təzə bir səs əlavə edib.

Müasir şair “Ceyhun Möhübbi”nin “Bülbülün fəğanı” əsəri də eyni mədəni və ədəbi davamda formalaşıb; eşq, insan və məna axtarışı haqqında əsərdir; klassik ədəbi ənənədən doğan, amma hiss və qayğıları bu günün insanı üçün tanış və anlaşılan olan əsərdir. Bu kitab oxucunu daxili səfərə dəvət edir; eşq hekayəsindən başlayan və həyatın sirləri, sədaqət, səbir, ümid və eşqin həqiqəti üzərində düşüncəyə aparan səfər.
Bu kitab mütləq gözəllik və itirilmiş həqiqət axtarışında sərgərdan olan insanın rəmzidir. Onun fəryadları yalnız məşuqənin hicranından şikayət deyil, maddi dünyanın məhdudiyyətlərindən bezmiş və kamilə və həqiqi rahatlığa çatmaq istəyən ruhun fəryadıdır.
“Bülbülün fəğanı”nın eşq hekayəsi daha dərin bir məfhum izləyir. Bu şeirlərdə eşq sadəcə iki insan arasındakı bağlılıq deyil; aşiqi dəyişdirən, onu eqoizmdən uzaqlaşdıran və özünü tanıma və mərifət mərhələsinə çatdıran qüvvədir. Buna görə də türk və şərq klassik ədəbiyyatının yayğın rəmzləri – gül və bülbül, meyxana, saqi, pir və sirr – bu əsərdə yalnız zahiri mənaya malik deyil, həm də irfani və mənəvi mənalar daşıyır.
Bu əsər şairin illərlə təcrübəsi, hissi və vurğunluğunun məhsuludur; canın dərinliyindən qopan və şeir qəlibində təcəlli tapan fəryad ki, indi oxucuların ixtiyarına verilir. Ümid edirik bu toplu bu günün nəsli ilə türk ədəbiyyatının zəngin xəzinəsi arasında körpü ola bilsin və onun nəğmələri şeir və ədəbiyyatsevərlərin qəlbində əks-səda versin və şeir və ədəbiyyatsevərlər şeir və eşqlə həmnişin olmaqdan bəhrələnsinlər.
Ceyhun Möhübbi müasir azərbaycanlı şair və qəzəlxandır, 1965-ci ildə anadan olub. Təbrizin Miyanə şəhəri şairin, qədim ata-baba yurdudur. Atası Dövlətəli İranda qarışıqlıqlar baş verən zaman anasın da götürüb Arazın otayına keçir. O, 1952-ci ildə öz doğma yeri olan Miyənəni həmişəlik tərk edib, anası ilə birlikdə Azərbaycana köçmüşdü. Bu şair və arif qəzəlxan gənclikdən ustadlarının köməyi ilə ədəb və irfan dünyasına üz tutub. Azərbaycanın qədim şeir və ədəbiyyatı və irfan böyükləri – İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi və İran şeir və ədəbiyyatının böyükləri Hafiz və Sədi – həmişə onun ədəbi yaradıcılığında ilham mənbəyi olublar. Bu şair və ədib ən çox qəzələ maraq göstərir. Dörd cildlik qəzəllər toplusu 1500 qəzəldən ibarətdir ki, irfani mənaları ədəbi gözəlliklərlə qarışdırıb. Bu qəzəllər toplusu dərin mənalara malik olsa da, həmişə musiqiçilərin xoşuna gəlib və ədəbi məclislərdə oxunur. Şairin altmış illik ömrünün məhsulu on iki kitabdır: “Nəsiminin şeirlərinin Quran təhlili və şifrəsinin açılması”, “Bülbülün fəğanı”, “Peyğəmbərlər Adəmdən Xatəmədək”, “Mənim xəzinəm”, “Od tutub yandı könül”, “Eşq ümmümanı”, “Seyid Əzim Şirvaninin şeirlərinin təhlili”, “Şahanə”, “Üç cildlik Qəzəllər toplusu” və “Azərbaycan dilində xarici sözlər” tədqiqat əsəri. Üç cildlik Qəzəllər toplusu 1250 qəzəli əhatə edir ki, dördüncü cildi 250 qəzəllə çap mərhələsindədir və şairin qəzəllər toplusunu 1500 qəzələ çatdıracaq.
“Bülbülün fəğanı” poeması şairin ilk əsəri kimi və seçmə qəzəllər kitabı “Qəzəllər sultanı Ceyhun” ilə birlikdə ilk dəfə Təbriz şəhərində çap olunacaq ki, hörmətli şairi təbrik edərək ümid edirik bu iki dəyərli əsər oxucuların diqqətinə layiq görülsün.

Səhra Rzayi
11-07-2026, 05:28
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!