Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
11-07-2026, 05:37
Köhnə bir şəhəri eylədim abad...

Köhnə bir şəhəri

eylədim abad...


Bülbülün Fəğanı
“Eşq və irfan vadisində”


Şair-qəzəlxan Ceyhun Möhübbi

Şair özü deyir ki, mən “İmadəddin Nəsimi” -Azərbaycanın böyük şairi haqqında böyük tədqiqat və təhlili əsəri bitirəndə hamı özündən soruşurdu: kitabın müəllifi kimdir?! Nədən danışır? Eşq və irfanın geniş dünyasından onun savadı və biliyi nə qədərdir?
Bu suallara cavab olaraq, şairi ədəbiyyat dünyasına və şeir-qəzəl aşiqlərinə tanıtmaq üçün “Bülbülün fəğanı” poeması Azərbaycan ədəbi məclisinə təqdim olundu. Bu əsər şairin oxucularla ilk görüşü idi ki, orada ədəbi ictimaiyyət ilk dəfə şairin qələmi və ədəbi zövqü ilə tanış oldu.
Hərçənd indiki dünya şeir və qəzəl, bəzən kitabların bolluğu dünyasıdır, amma şeir və ədəbiyyat yalnız gözəl sözləri yan-yana düzmək deyil. Əsas olan bu şeirlərin mənası, məfhumu və onu bəşəriyyət dünyasına çatdırmaqdır. Bu dərin bəşəri mənalar irfan və mənəviyyat qabı içində, ən gözəli isə qəzəl olan, yan-yana düzülsün ki, bəşərin qaranlıq dünyasını işıqlandırsın.
Böyük şairlərin əsərlərini–İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Sədi və Hafiz Şirazi – oxuyanda və bu böyüklərin əsərlərini müasir yazılarla müqayisə edəndə açıq və aydın fərqin şahid oluruq. Həmin böyüklərin yazıları hər biri özü üçün böyük şah əsər idi, müasir dünyada isə az şair özünü onların ayağına çatdıra bilib. Amma cəsarətlə demək olar ki, müasir şair “Ceyhun Möhübbi” öz şeirləri və qəzəlləri ilə ki, dərin məna və məfhumlar ehtiva edir, o böyüklərin layiqli davamçısı ola bilib.
Füzulinin “Leyli və Məcnun” əsərini yaratmasından beş yüz il keçəndən sonra bu günə qədər az əsər yaradılıb ki, həmin böyük əsər kimi eşq və irfanın böyük dünyasına gedib yeni bir eşq poeması yaratsın. Şair-qəzəlxan Ceyhun Möhübbi uzun “Bülbülün fəğanı” poemasını yaradaraq böyük eşq və irfan dünyasının sadiq yolçusudur. O, öz yeniliyi ilə eşqi müasir dünyada yenidən təsvir edə bilib. Şair bu uzun eşq poemasını yaratmaqla köhnə eşq hekayəsini yenidən dirildib ki, sübut etsin bu bina heç vaxt köhnəlməyəcək, necə ki Füzuli öz böyük “Leyli və Məcnun” əsərinin sonunda deyir:

Köhnə bir şəhəri eylədim abad,
Qoy bunların ruhu olsun şad…


Şairin bu poemada iti və nöqtəsənc qələmi “Nurcahan və Vəli”nin böyük və pak eşqini deməklə yanaşı, gözəl və röyalı bir hekayə də yaradır ki, həm də eşq və irfan onda nümayiş olunur. Müasir dünyanın komponentlərindən, köhnə dünyanın paklığı və saflığından bəhrələnən müəllif bu ikisini bir-birinə qarışdıraraq heyrətamiz bir əsər yaradır ki, oxucu əsərin sonunda əlləri dolu gündəlik həyata qayıdacaq.
Bu əsər insanın əql yetkinliyi yaşı olan qırx yaşında yaradılır. Şair ilk əsərini bu yaşda yaradaraq və əbcəd hərflərindən bəhrələnərək bu poemada hər beytdə rəmzlər gətirib ki, alimlərin və ağıl sahiblərinin onda düşünməsi və şifrəsini açması lazımdır. Bu poemada Nurcahan və Vəlinin eşq hekayəsindən başqa qırx qəzəl də gətirilib ki, işarə və rəmz dili deyilməmiş sözləri özündə saxlayır və onun gözəlliyini, cazibəsini artırır.
2025-ci ilin payızında Bakı şəhərində, günün birində elə bir şairlə addımlaşırdım ki, elə bil uzaq keçmişlərdən, Nəsimi və Füzuli dövründən Nizami Gəncəviyədək uzun bir yol qət edib özünü müasir dünyamıza çatdırıb.
Müasir Azərbaycan şairi və qəzəlxanı “Ceyhun Möhübbi” ilə yağışlı bir gündə şəhərin mərkəzində görüşdüm. Hansı addımı atırdıqsa özündən və keçmişindən danışırdı, Arazın bu tayında itirdiyi böyük həsrətdən. Qırılmaz tellər onu Arazın bu tayına və Təbriz şəhərinə bağlayır. Təbrizin Miyanə şəhəri şairin, qədim ata-baba yurdudur.
Dövlətəli, şairin atası, 1952-ci ildə anası ilə birlikdə doğma yurdu olan Miyanəni həmişəlik tərk edərək Araz çayının o biri tayına köçmüş və ömrünün sonunadək orada yaşamışdır.
O günlərdən uzun illər keçmişdir, lakin qəribliyin ağır kölgəsi bu gün də şairin ruhunda yaşayır. Bu həsrət və qürbət hissinin izləri onun şeirlərində də aydın şəkildə görünür. Bu həsrət onun və şair dostlarının daimi yoldaşıdır, onlar özlərini köçəri quşlar bilirlər ki, heç yerdə rahatlıqları yoxdur. Hərçənd Arazın hər iki tayı onun vətənidir, amma eyni zamanda hər ikisində qəribdir, necə ki ariflər üçün bu dünya qürbətdir.
O görüşdə məni təəccübləndirən şey böyük bir insanın sadə və səmimi ruhu idi ki, ətrafın hay-küyündən uzaq elə öz dünyasına qərq olmuşdu ki, şeir və ədəbiyyatın gözəlliyindən başqa heç nə görmürdü. Bu kişinin səmimiyyəti və mehribanlığı məni çox təsirləndirdi, elə bil illərdir onu tanıyırdım. Orada gülə-gülə mənə dedi ki, düzdür adım Ceyhundur, amma “Bülbülün fəğanı” poemasındakı “Vəli” obrazı və onun ali eşqi əslində şairin özü və böyük eşqidir. Sonra da gülə-gülə dedi ki, Vəlinin qızı, indi ki atanla həmadsan, biz artıq yad deyilik.
Qısa görüşdə o özündən danışdı, keçmişindən, Arazın iki tayında bölünmüş vətəndən və sərhədin bu tayındakı qohumlardan ki, onları yenidən görmək onun üçün mümkün olmayan arzu idi; çünki qohumları tapıb öz şəcərənaməsini bilmək və qeyd etmək istəyirdi.
İndi mən Arazın bu tayından bir qonaq idim və ikinci vətəndən bir qonaqla görüş, Ceyhunun onu şairin cənublu qonağı adlandırdığı, elə bil onun üçün tarixi və böyük fürsət idi ki, deyilməmiş bütün sözlərini qəzəl qəlibində mənə danışsın. Sözlərinə qulaq asırdım və hərçənd yağış şiddətlənirdi, amma o xüsusi gündə böyük və tarixi Bakı şəhərində, şəhərin ən hündür qülləsində görüş mənim üçün çox xatirəli və yadda qalan idi. Hərçənd şəhər möhtəşəm binalarında Sovet İttifaqının rəmzi əbədi olaraq qeyd olunub, amma şəhər əhalisinin səmimi və mehriban ruhu hələ də Arazın iki tayı əhalisinin böyüklüyünü və əzəmətini özündə qoruyub.
Təvazö və mehribanlıq iki böyük ortaq nöqtədir ki, Arazın iki tayı əhalisini möhkəm bağla bir-birinə bağlayır. Mən onu şairin varlığında tam gördüm və hiss etdim.
“Bülbülün fəğanı” poemasındakı “Nurcahan”ın aşiqi və heyranı “Vəli” şairin özünün coşan təbiəti və üsyankar ruhu idi və onun daxili coşğusundan xəbər verirdi. İllər ərzində onu “Ceyhun”a çevirən coşğu. Həqiqəti axtaran və sakit dayanmayan Ceyhun çay kimi coşğun ruh ki, ətrafındakı bütün natəmizlikləri yuyub həqiqət nuru ilə bəzəsin.
Ədəbi prosesdə çılğın – nəzarətsiz rakurs qurmaq hər qələm adamına xas deyil; belə deyək, iyirminci əsrdə bunu çox az adam bacardı və iyirmi birinci əsrdə də bu səmtdə adamlar hələ çox seyrəkdir...

Ədəbi müstəvidə ortaq təcəlladan keçmək də hər adamın işi deyil. Tədqiqatçı alimlər, yazıçı və şairlər bu prosesi xüsusilə örnək məna kimi qavrayırlar. Bu hal zaman-zaman müxtəlif səbəblərdən asılı olur. Bəzən bir sıra çəkişmələr və yanlış etiqadlar da bu zəruri cəhdi vacib nüans kimi xarakterizə edirlər...
Ceyhun Möhübbi əsərlərində hər iki aləmi öz fəhmi ilə dürüst ehtiva edir, dünyanı “Təsəvvür” və “İradə” üzərində sadə qurulduğunu və “İradə”nin “Təsəvvür”dən üstün olduğunu elə aydın izah edir ki, suallarımıza cavab tapırıq və onun ədəbi prosesdə çılğın – nəzarətsiz rakurs qurmaq bacarığına heyran qalırıq. Onun qəzəl yaradıcılığını nə qədər qiymətləndirsək, bizim üçün aydın olur ki, yer üzünün bütün yüksəkliklərində səmasız bir idrak və onun daxil olduğu istiqamətdə səmimi bir vəcd var...
İstedadlı şair öz orijinal qəzəllərində, bəlkə heç özü də bilmədən, bu mistik-ciddi zəminlərə aydın poetik şərh verir. Yəni o, çoxları kimi Allahın dediklərinə mifik deyil, real aspektdən yanaşır və bu iradi keyfiyyətləri ruhani quruluşda aça bilir.
Ceyhunda Allaha və insanlara fövqəladə məhəbbət var. Onun şəxsi insanlığı özü fəlsəfi-elmi tədqiqat mövzusudur. O, bizim nəzərimizdə təkcə bir “Obraz” kimi deyil, həm də maddi və mənəvi zərurət kimi məna tapır. Buna görə də biz onu həm insan, həm də şair kimi eyni ədəbi istiqamətdə reallaşdırırıq.
Səmimi deyək, Ceyhun həm insan, həm də şair kimi cəmiyyətdə kəskin diqqət çəkdiyi üçün, zənnimizcə, istəməyənləri- gözügötürməyənləri çoxdur. Bəlkə də buna görə idrakda təcəlli edən polifonik həqiqətləri çox sakit və rahat şəkildə öz könül dünyasının effekti kimi səciyyələndir, hadisələri çox soyuqqanlı izləyir, heç kimə yuxarıdan aşağı baxmır və s...
Ceyhun Möhübbinin zəka tərpənişləri oxucuya dərin ədəbi ağırlıq ehtiva edir. Biz həm oxucu, həm də tədqiqatçı kimi bunu dəyərli qələm dostumuzun bir müddət əvvəl dahi Nəsimi haqqında yazdığı iri həcmli kitabda yaddaşımıza hopdurmuşuq. Onun bu günlərdə ölməz Seyid Əzimin qəzəllərini bir kitaba sığışdıraraq çap etdirməsi də bu prosesin bir yönüdür və bu işdə də Ceyhunun zəka tərpənişləri diqqətimizdən yayınmır.
Dəlilər ağlamır və elə bu onları arzularına çatdırır, böyük irfani əsərlərdə də ağıllılar özlərini dəliliyə vururlar ki, məqsədlərini irəli aparsın və son hədəflərinə – o böyük Məşuqəyə çatsınlar. Bu mövzu “Bülbülün fəğanı” poemasında böyük rəmz və qırılmaz sütun kimi görünür, o zaman məşuqə özünü dəliyə vurur ki, həbs olunduğu qəfəsdən azad olsun, çünki yalnız mütləq azadlıqda həqiqi eşq üzə çıxır.
“Bülbülün fəğanı” eşq və irfani şeirlər toplusu ilə yanaşı uzun eşq poemasıdır ki, kitabın adı da ondan götürülüb. Bu əziz əsərdə şair türk klassik ədəbiyyatının zəngin ənənəsindən bəhrələnərək eşq, hicran, mərifət, əxlaq, vətən, insan və təbiət gözəlliklərinin mövzularını müxtəlif şeir qəliblərində ifadə edib.
Türk ədəbiyyatı tarixi boyu həmişə eşqi şeirlə, hikməti sözlə və haqiqəti sənətlə qarışdıran xalqların hiss, fikir, mədəniyyət və kimliyinin güzgüsü olub. Yusif Xas Hacıb və Əhməd Yəsəvidən Füzuli, Nəsimi, Şah İsmayıl Xətaiyə və onlarla məşhur şairə qədər bu qiymətli irs nəsildən-nəslə ötürülüb və hər əsr ona təzə bir səs əlavə edib.

Müasir şair “Ceyhun Möhübbi”nin “Bülbülün fəğanı” əsəri də eyni mədəni və ədəbi davamda formalaşıb; eşq, insan və məna axtarışı haqqında əsərdir; klassik ədəbi ənənədən doğan, amma hiss və qayğıları bu günün insanı üçün tanış və anlaşılan olan əsərdir. Bu kitab oxucunu daxili səfərə dəvət edir; eşq hekayəsindən başlayan və həyatın sirləri, sədaqət, səbir, ümid və eşqin həqiqəti üzərində düşüncəyə aparan səfər.
Bu kitab mütləq gözəllik və itirilmiş həqiqət axtarışında sərgərdan olan insanın rəmzidir. Onun fəryadları yalnız məşuqənin hicranından şikayət deyil, maddi dünyanın məhdudiyyətlərindən bezmiş və kamilə və həqiqi rahatlığa çatmaq istəyən ruhun fəryadıdır.
“Bülbülün fəğanı”nın eşq hekayəsi daha dərin bir məfhum izləyir. Bu şeirlərdə eşq sadəcə iki insan arasındakı bağlılıq deyil; aşiqi dəyişdirən, onu eqoizmdən uzaqlaşdıran və özünü tanıma və mərifət mərhələsinə çatdıran qüvvədir. Buna görə də türk və şərq klassik ədəbiyyatının yayğın rəmzləri – gül və bülbül, meyxana, saqi, pir və sirr – bu əsərdə yalnız zahiri mənaya malik deyil, həm də irfani və mənəvi mənalar daşıyır.
Bu əsər şairin illərlə təcrübəsi, hissi və vurğunluğunun məhsuludur; canın dərinliyindən qopan və şeir qəlibində təcəlli tapan fəryad ki, indi oxucuların ixtiyarına verilir. Ümid edirik bu toplu bu günün nəsli ilə türk ədəbiyyatının zəngin xəzinəsi arasında körpü ola bilsin və onun nəğmələri şeir və ədəbiyyatsevərlərin qəlbində əks-səda versin və şeir və ədəbiyyatsevərlər şeir və eşqlə həmnişin olmaqdan bəhrələnsinlər.
Ceyhun Möhübbi müasir azərbaycanlı şair və qəzəlxandır, 1965-ci ildə anadan olub. Təbrizin Miyanə şəhəri şairin, qədim ata-baba yurdudur. Atası Dövlətəli İranda qarışıqlıqlar baş verən zaman anasın da götürüb Arazın otayına keçir. O, 1952-ci ildə öz doğma yeri olan Miyənəni həmişəlik tərk edib, anası ilə birlikdə Azərbaycana köçmüşdü. Bu şair və arif qəzəlxan gənclikdən ustadlarının köməyi ilə ədəb və irfan dünyasına üz tutub. Azərbaycanın qədim şeir və ədəbiyyatı və irfan böyükləri – İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nizami Gəncəvi və İran şeir və ədəbiyyatının böyükləri Hafiz və Sədi – həmişə onun ədəbi yaradıcılığında ilham mənbəyi olublar. Bu şair və ədib ən çox qəzələ maraq göstərir. Dörd cildlik qəzəllər toplusu 1500 qəzəldən ibarətdir ki, irfani mənaları ədəbi gözəlliklərlə qarışdırıb. Bu qəzəllər toplusu dərin mənalara malik olsa da, həmişə musiqiçilərin xoşuna gəlib və ədəbi məclislərdə oxunur. Şairin altmış illik ömrünün məhsulu on iki kitabdır: “Nəsiminin şeirlərinin Quran təhlili və şifrəsinin açılması”, “Bülbülün fəğanı”, “Peyğəmbərlər Adəmdən Xatəmədək”, “Mənim xəzinəm”, “Od tutub yandı könül”, “Eşq ümmümanı”, “Seyid Əzim Şirvaninin şeirlərinin təhlili”, “Şahanə”, “Üç cildlik Qəzəllər toplusu” və “Azərbaycan dilində xarici sözlər” tədqiqat əsəri. Üç cildlik Qəzəllər toplusu 1250 qəzəli əhatə edir ki, dördüncü cildi 250 qəzəllə çap mərhələsindədir və şairin qəzəllər toplusunu 1500 qəzələ çatdıracaq.
“Bülbülün fəğanı” poeması şairin ilk əsəri kimi və seçmə qəzəllər kitabı “Qəzəllər sultanı Ceyhun” ilə birlikdə ilk dəfə Təbriz şəhərində çap olunacaq ki, hörmətli şairi təbrik edərək ümid edirik bu iki dəyərli əsər oxucuların diqqətinə layiq görülsün.

Səhra Rzayi
11-07-2026, 05:28
10-07-2026, 22:12
Həmin oğlanlar


Asiman Əsədsoy,
Tarixçi

Həmin oğlanlar

Millət oyandı bir dağa döndü,
Anladı özünü varlığa döndü,
Öldü qarışdı torpağa döndü
Torpağı geriyə alan oğlanlar,
Düşmənə qorxu salan oğlanlar,
Şəhid və qazi olan oğlanlar.

Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.

Xalqı oturmaq sıxdı, darıldı,
Hər kəs silaha sardı, sarıldı,
Girdi savaşda qırdı, qırıldı,
Düşmənin inamını didən oğlanlar,
Bizim üçün ölümə gedən oğlanlar,
Torpağı bizə vətən edən oğlanlar.

Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.

Qaçqını, köçkünü milyonu keçmiş,
Yadımda canlıdır o həmin keçmiş,
Bu dəfə də tarix onları seçmiş…
Zamanda fürsət pusan oğlanlar,
Tarixin ardını yazan oğlanlar,
Yeni bir xəritə cızan oğlanlar.

Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.

Yediyi ayazı yadında tutdu,
Bozqurd türklüyün adında tutdu,
Haqqını tanrının qatında tutdu
Yengin olmağa əmin oğlanlar,
Vətənin dayağı, zəmin oğlanlar,
Uşaqkən qovulan həmin oğlanlar

Biz güc millətlətiyik.i, baş millətiyik,
Tarix milləti, yaş millətiyik


Əskik yaşamaqdan cana doydu,
Səbrini, gücünü ortaya qoydu,
Həmişə nəidisə yenə də oydu,
Şərəfə, qeyrətə önçü olanlar,
Xalqın qüdrəti, gücü oğlanlar,
Yığılan nifrəti, öcü oğlanlar.

Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.

Otuz il susdu güc topladı,
İçində çalışdı iç topladı,
Dişini sıxdı öc topladı,
Dağları, daşları yeyən oğlanlar,
Dünyaya sözünü deyən oğlanlar,
Dünyanın sözün əyən oğlanlar.

Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.


Zaman şərəfini unutdurmadı,
Həddini aşmadı, heç qudurmadı,
Nə təslim olmadı, nə də durmadı
Vətənin uğruna ölən oğlanlar,
Öləndə üzləri gülən oğlanlar,
Niyə öldüyünü bilən oğlanlar.

Biz güc milləti, baş millətiyik,
Tarix milləti, yaş millətiyik.
9-07-2026, 17:46
Avropanın enerji təhlükəsizliyi yeni mərhələdə:


Avropanın enerji

təhlükəsizliyi yeni

mərhələdə:


Alternativ enerji mənbələrinə keçid necə təmin edilir?

Son illərdə qlobal enerji bazarında baş verən dəyişikliklər enerji təhlükəsizliyini beynəlxalq siyasətin əsas prioritetlərindən birinə çevirib. Geosiyasi gərginliklər, tədarük zəncirlərində yaranan risklər və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində atılan addımlar dövlətləri enerji siyasətlərini yenidən nəzərdən keçirməyə vadar edir. Ənənəvi enerji mənbələrindən asılılığın azaldılması Avropa ölkələrinin əsas strateji hədəflərindən biridir. Bunun üçün günəş, külək və hidroenerji layihələrinə investisiyalar artırılır, mayeləşdirilmiş təbii qaz terminalları genişləndirilir, enerji səmərəliliyi proqramları həyata keçirilir və enerji infrastrukturunun modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Məqsəd təkcə enerji mənbələrini şaxələndirmək deyil, həm də mümkün geosiyasi risklərə qarşı daha dayanıqlı enerji sistemi qurmaqdır.
Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmlənməsində Prezident İlham Əliyevin həyata keçirdiyi uzunmüddətli enerji strategiyası mühüm rol oynayır. Məhz bu siyasət nəticəsində ölkə beynəlxalq enerji layihələrinin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi tanınıb, Bakı–Tbilisi–Ceyhan,

Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi qlobal əhəmiyyətli layihələr uğurla reallaşdırılıb. Bununla yanaşı, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması Azərbaycanın bərpa olunan enerji potensialının inkişafında yeni mərhələnin əsasını qoyub. Günəş, külək və hidroenerji layihələrinə yönələn investisiyalar ölkənin gələcəkdə Avropaya yalnız təbii qaz deyil, həm də yaşıl enerji ixrac edən etibarlı tərəfdaşlardan birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrinin və nəqli marşrutlarının şaxələndirilməsini prioritet elan edib. Məhz bu şəraitdə Cənub Qaz Dəhlizi Avropa üçün alternativ və etibarlı enerji marşrutu kimi ön plana çıxıb. 2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfəri bu əməkdaşlığın dönüş nöqtələrindən biri hesab olunur. Səfər çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənəd Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılmasını və 2027-ci ilədək Azərbaycandan Avropa bazarına təbii qaz ixracının ildə ən azı 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur. Həmin görüşdə Ursula fon der Lyayen Azərbaycanı Avropa İttifaqının “etibarlı tərəfdaşı” kimi xarakterizə etmiş və əməkdaşlığın yalnız qaz tədarükü ilə məhdudlaşmayacağını, yaşıl enerji və bərpa olunan enerji sahələrini də əhatə edəcəyini vurğulamışdı.
Sonrakı dövrdə tərəflər arasında enerji dialoqu daha da intensivləşdi. Əməkdaşlıq artıq yalnız təbii qaz ixracı ilə məhdudlaşmır. Xəzər dənizinin külək enerjisi potensialı, yaşıl hidrogen istehsalı, elektrik enerjisinin Qara dəniz vasitəsilə Avropaya ötürülməsi və enerji infrastrukturunun modernləşdirilməsi də strateji gündəliyin əsas istiqamətlərinə çevrilib. Bu, Azərbaycanı təkcə karbohidrogen ixracatçısı deyil, həm də Avropanın yaşıl enerji keçidində mühüm tərəfdaş kimi önə çıxarır.
Enerji təhlükəsizliyi məsələsi bu gün artıq nəqliyyat və logistika təhlükəsizliyindən ayrı qiymətləndirilmir. Rusiya–Ukrayna müharibəsi Avropanın şimal və şərq istiqamətindəki bir sıra nəqliyyat marşrutlarının risklərini artırıb. Eyni zamanda Yaxın Şərqdə davam edən gərginlik beynəlxalq ticarət və enerji daşımalarına əlavə təhdidlər yaradıb. Belə bir şəraitdə Cənubi Qafqazdan keçən marşrutlar, xüsusilə Azərbaycanın iştirak etdiyi Orta Dəhliz, həm enerji resurslarının, həm də yüklərin Avropa ilə Asiya arasında daha təhlükəsiz və sabit şəkildə daşınmasına imkan verən alternativ kimi strateji əhəmiyyət qazanır. Azərbaycanın siyasi sabitliyi, müasir enerji və nəqliyyat infrastrukturu, həmçinin tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlıq təcrübəsi onu Avropa üçün etibarlı tranzit mərkəzlərindən birinə çevirir. Bu amillər fonunda Azərbaycanın rolu artıq yalnız enerji ixrac edən ölkə kimi deyil, həm də Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyini təmin edən mühüm geostrateji aktor kimi qiymətləndirilir.
Mütəxəssislər hesab edirlər ki, gələcək enerji sistemi təkcə yeni mənbələrin istifadəsinə deyil, həm də regional əməkdaşlığın gücləndirilməsinə əsaslanacaq. Bu baxımdan enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, həm də xarici siyasət, milli təhlükəsizlik və davamlı inkişaf strategiyalarının ayrılmaz hissəsinə çevrilib. Qlobal enerji transformasiyası davam etdikcə, Avropanın alternativ enerji mənbələrinə keçidi və etibarlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi beynəlxalq enerji bazarının gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri olacaq. Bu prosesdə Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də təhlükəsiz tranzit ölkəsi kimi Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir.

Piriyeva Afər Asəf qızı
Azərbaycan Radiosu - Redaktor
9-07-2026, 17:18
Ekoloqlar xəbərdarlıq etdi

Ekoloqlar xəbərdarlıq etdi

Qərbi Azərbaycan əyalətinin Urmiya gölü su hövzəsində yeni su anbarının inşa olunması yenidən gündəmə gəlib. Bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, Urmiya gölünün əsas su təminatçılarından olan Baranduz çayı üzərində yeni bəndin inşası barədə məsələni Urmiya şəhərinin İran parlamentindəki nümayəndəsi Seyyid Salman Zakir qaldırıb. O, bunun bölgədə əkinçilik üçün vacib olduğunu və inşa işlərinin təcili başladılmasını tələb edib.
Ətraf mühit fəalları və mütəxəssislər isə yeni bəndin inşa ediləcəyi təqdirdə Urmiya gölünün daha da acınacaqlı vəziyyətə düşəcəyini, bərpasının mümkün olmayacağını bildiriblər.
Mütəxəssislər hesab edirlər ki, Baranduzçay isti mövsümdə gölə tökülən həyati əhəmiyyətli və axarlı çaylardan biridir və üzərində bəndin tikilməsi gölün bərpa prosesinə ölümcül zərbə vuracaq.
Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təlim Mərkəzinin rəhbəri, tanınmış ekoloq Əhməd Bayburdi də məsələ ilə bağlı paylaşım edib:
"Urmiya gölü ətrafında yeni bəndlərin inşasını müdafiə edənlər gölün məhv olmasına görə məsuliyyət daşıyırlar. Acı həqiqət bundan ibarətir ki, gölə axan çaylar üzərində bəndlərin qurulması ekoloji problemin dərinləşməsinə birbaşa təsir göstərib."
9-07-2026, 17:16
Rza Həsənzadə 2 il həbsə məhkum edilib


Rza Həsənzadə 2 il

həbsə məhkum edilib


Azərbaycan türkü, Ucan (Bustanabad) şəhərindən olan və Kərəcdə yaşayan Rza Həsənzadə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda Əlborz əyalətinin Mərkəzi Həbsxanasında (Qızılhisar) cəzasını çəkir.
Məsələ ilə bağlı məlumatlı mənbə insan haqları təşkilatlarına bildirib ki, Kərəc İnqilab Məhkəməsinin hakimi tərəfindən çıxarılan və Mərkəzi Həbsxanada Rza Həsənzadəyə təqdim edilən hökmə əsasən, o, "sistem əleyhinə təbliğat fəaliyyəti" ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mənbənin sözlərinə görə, Rza Həsənzadə istintaq, dindirilmə və məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs kimi malik olduğu hüquqlardan məhrum edilib. Belə ki, saxlanıldığı vaxt İran Cinayət Prosessual Məcəlləsinin 48-ci maddəsinin qeydinin tətbiqi nəticəsində o, öz seçdiyi vəkilin xidmətindən istifadə etmək hüququndan məhrum olunub.
28 yaşlı azərbaycanlı fəal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən 2025-ci ilin iyul ayında Kərəc şəhərində saxlanılıb. Mobil telefonu müsadirə edildikdən sonra Əlborz əyalətindəki təhlükəsizlik qurumlarından birinin saxlanma məntəqəsinə aparılıb. Dindirilmə və ittihamın elan edilməsi prosedurlarından sonra isə Kərəcin Mərkəzi Həbsxanasına köçürülüb.
9-07-2026, 17:13
Şərqi Azərbaycanda xalçaçılıq iflic olub

Şərqi Azərbaycanda

xalçaçılıq iflic olub


Şərqi Azərbaycan əyalətində əldə toxuma xalça sənayesindən çox sayda insan dolansa da, bu sahə ağır vəziyyətdədir və əvvəlki faydalılığını itirib.
Bunu Şərqi Azərbaycan xalçaçılar Birliyinin başçısı Yaqub Fərşkaran deyib.
"Xalça sənayesinin üzləşdiyi çətinliklərin təxminən 70 faizi ixrac və idxal siyasətlərindən qaynaqlanır."
Bundan əvvəl Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin də xalçaçılıq sənayesinin iflic vəziyyətə düşdüyünü bildirib. Onun sözlərinə görə, ixracatının azalması 400 istehsalat müəssisəsinin, 1200 xalça mağazasının bağlanması və 200 min toxucunun işsiz qalması ilə nəticələnib. 
Qeyd edək ki, 2015-ci ildə Ümumdünya Əl İşləri Şurasının təsdiqi ilə Təbriz müxtəlif göstəricilərə görə “Dünya Xalçaçılıq şəhəri” adına layiq görülüb.
9-07-2026, 15:47
Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi


Afər Piriyeva yazır:

Kiberhücumlar və informasiya

təhlükəsizliyi:

Müharibələrin yeni cəbhəsi


Müasir dövrdə müharibələr artıq yalnız döyüş meydanlarında aparılmır. Rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, kiberməkan da dövlətlər arasında rəqabətin və qarşıdurmanın əsas istiqamətlərindən birinə çevrilib. Kritik infrastrukturun, dövlət qurumlarının, maliyyə sistemlərinin və informasiya resurslarının hədəfə alınması göstərir ki, kiberhücumlar milli təhlükəsizliyə ənənəvi hərbi təhdidlər qədər ciddi təsir göstərə bilir.
Mütəxəssislər qeyd edirlər ki, kibermüharibələrin əsas məqsədi yalnız informasiya sistemlərini sıradan çıxarmaq deyil. Elektrik şəbəkələri, enerji infrastrukturu, nəqliyyat, bank sektoru, rabitə və səhiyyə sistemləri kimi kritik infrastrukturun fəaliyyətinin pozulması iqtisadiyyata və cəmiyyətə ciddi zərbə vura bilər. Buna görə də bir çox dövlətlər kibermüdafiə imkanlarını gücləndirməyə, milli kibertəhlükəsizlik strategiyalarını yeniləməyə və beynəlxalq əməkdaşlığı genişləndirməyə üstünlük verirlər.
Bununla yanaşı, informasiya təhlükəsizliyi yalnız texniki müdafiə vasitələri ilə məhdudlaşmır. Sosial şəbəkələr və rəqəmsal platformalar üzərindən yayılan saxta xəbərlər, manipulyasiya xarakterli məlumatlar və dezinformasiya kampaniyaları ictimai rəyə təsir göstərmək, siyasi proseslərə müdaxilə etmək və cəmiyyət daxilində etimadı sarsıtmaq məqsədi daşıyır. Bu səbəbdən informasiya savadlılığının artırılması və etibarlı informasiya mühitinin formalaşdırılması da milli təhlükəsizliyin vacib elementlərindən biri hesab edilir.
Azərbaycan da rəqəmsallaşmanın sürətləndiyi şəraitdə kibertəhlükəsizliyin gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlət informasiya ehtiyatlarının qorunması, kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal xidmətlərin etibarlılığının artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə elektron hökumət xidmətlərinin genişlənməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi kibermüdafiə imkanlarının daha da təkmilləşdirilməsini zəruri edir.
Azərbaycanın geostrateji mövqeyi də bu sahədə xüsusi əhəmiyyət daşıyır. Şərqlə Qərbi birləşdirən mühüm enerji, nəqliyyat və kommunikasiya layihələrinin iştirakçısı olan Azərbaycan üçün rəqəmsal infrastrukturun təhlükəsizliyi həm milli maraqların qorunması, həm də beynəlxalq tərəfdaşlar qarşısında etibarlı tərəfdaş imicinin saxlanılması baxımından vacibdir. Enerji kəmərləri, nəqliyyat dəhlizləri, limanlar və digər strateji obyektlərin rəqəmsal idarəetmə sistemlərinin mühafizəsi ölkənin ümumi təhlükəsizlik konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib.
Mütəxəssislər hesab edirlər ki, gələcəyin müharibələri təkcə quruda, dənizdə və havada deyil, eyni zamanda kiberməkanda da aparılacaq. Bu baxımdan kibertəhlükəsizlik artıq yalnız informasiya texnologiyaları sahəsinin deyil, milli təhlükəsizliyin, iqtisadi sabitliyin və dövlətlərin strateji inkişafının əsas sütunlarından biri hesab olunur. Rəqəmsal transformasiyanın sürətlə davam etdiyi bir dövrdə kibermüdafiə imkanlarının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətlərin təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biri olaraq qalacaq.

Piriyeva Afər Asəf qızı
Azərbaycan Radiosu - Redaktor
4-07-2026, 12:09
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri

Azərbaycan - Avropa ittifaqı

əlaqələrinin müasir inkişaf

istiqamatləri


2026-cı ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərində mühüm siyasi və iqtisadi hadisələrdən biri kimi qiymətləndirilir. Səfər çərçivəsində verilən bəyanatlar tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsi, enerji təhlükəsizliyi, regional sabitlik və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də öz bəyanatında Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş olduğunu vurğulayaraq ölkənin beynəlxalq enerji bazarında artan roluna diqqət çəkmişdir.
Bəyanatda qeyd olunan əsas məsələlərdən biri enerji əməkdaşlığı olmuşdur. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra Avropa dövlətlərini təbii qazla təmin edir. Son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın strateji əhəmiyyətini daha da artırmışdır. Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan gələcəkdə də qaz ixracını artırmağa, eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırmağa hazırdır. Bu yanaşma Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və dayanıqlı enerji siyasəti ilə üst-üstə düşür.
Səfər zamanı yaşıl enerji sahəsində əməkdaşlıq da ön plana çıxmışdır. Azərbaycanın günəş və külək enerjisi potensialı olduqca yüksək qiymətləndirilir. Xüsusilə Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, yaşıl elektrik enerjisinin Avropa bazarlarına ixracı və beynəlxalq enerji layihələrinin genişləndirilməsi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri hesab olunur. Bu layihələr Azərbaycanın enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirməklə yanaşı, Avropa İttifaqının karbon emissiyalarının azaldılması və iqlim hədəflərinə nail olunmasına da mühüm töhfə verə bilər.
Prezident İlham Əliyevin bəyanatında regional sabitlik və təhlükəsizlik məsələləri də mühüm yer tutmuşdur. Bildirilmişdir ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və iqtisadi əməkdaşlığın tərəfdarıdır. Nəqliyyat-kommunikasiya layihələrinin inkişafı, region ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması sabitliyin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Avropa İttifaqının regionda sabitliyə və dialoqa verdiyi dəstək tərəflər arasında siyasi münasibətlərin inkişafında mühüm rol oynayır.
Bəyanatda iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri də xüsusi vurğulanmışdır. Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir və tərəflər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq Azərbaycanın qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərə bilər.
Bununla yanaşı, səfər zamanı səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasətdə həyata keçirdiyi balanslaşdırılmış kursun uğurlu nəticəsi kimi də qiymətləndirilə bilər. Azərbaycan həm Şərq, həm də Qərb arasında etibarlı tərəfdaş kimi çıxış edir, beynəlxalq enerji, nəqliyyat və logistika layihələrində mühüm rol oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın geostrateji mövqeyi daha da əhəmiyyət qazanır və Avropa ilə Asiya arasında etibarlı tranzit körpüsü rolunu möhkəmləndirir.
Eyni zamanda, tərəflər arasında əməkdaşlığın yalnız enerji və iqtisadiyyatla məhdudlaşmayacağı, elm, təhsil, rəqəmsal texnologiyalar, innovasiya, ekologiya və humanitar sahələrdə də genişlənəcəyi gözlənilir. Bu istiqamətlərdə həyata keçiriləcək birgə layihələr xalqlar arasında əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və uzunmüddətli tərəfdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı ölkənin beynəlxalq inteqrasiyasını gücləndirən mühüm amillərdən biri kimi çıxış edir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bəyanatda enerji təhlükəsizliyi, yaşıl enerji, iqtisadi əməkdaşlıq, regional sabitlik, nəqliyyat dəhlizləri və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq kimi məsələlərin ön plana çıxarılması göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu əməkdaşlığın gələcək illərdə daha da genişlənməsi həm Azərbaycanın milli maraqlarına, həm də Avropanın enerji təhlükəsizliyi, iqtisadi inkişafı və regional sabitlik məqsədlərinə mühüm töhfə verəcəkdir.

Şəhla Ağbulud

Azərbaycan Yazıçılar Birliyi Abşeron bölməsinin sədri
3-07-2026, 08:19
Təbrik edirik!

Təbrik edirik!

Babası Əbülfət Nuriyevin adını daşıyan Əbülfət Əfqanoğlunun 6 yaşı tamam oldu. Əbülfətin doğum günü süfrəsinə balaca dostları və onu çox sevənlər yığışmışdılar.

Məclisin sonbeşiyi- xalası oğlu Elmir İmaməliyev Bakıdan təşrif buyurmuşdu. Əmisi qızı Ahunun Əbülfəti görəndə sevinci yerə-göyə sığmırdı. Xalası qızları Büllurla Elmira isə artıq özlərini böyük hesab edir, süfrənin bəzək-düzək işlərinə fikir verir, əyər-əksiyə nəzarət edirdilər.
Əbülfəti təbrikə gələnlərin hamısının bir arzusu var. Atalı-analı böyüsün! Uzun ömürlü, xoşbəxt olsun, firavan həyat yaşasın!

Bütöv Azərbaycan Media Qrupu da Əbülfətin doğum gününü təbrik edir. Onun başına toplaşan gül balaların hamısına aydın səma, xoş gələcək diləyir. Bir də arzu edir ki,onların hamısı ailələrinə, nəsillərinə və Azərbaycanımıza layiqli övlad olsunlar. Onların hər birinə Bütöv Azərbaycan vətəndaşı pasportu daşımaq nəsib olsun!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!