Yollar ayırdı biziDostum BƏXTİYAR BAYRAMOVun
x a t i r ə s i n ə (ELEGİYA)... İnsan ömrü yollarda keçir. Yola nə var ki?! Heç kəsin kimliyinə məhəl qoymadan hamını istədiyi unvana--mənzil başına çatdırar. Dərd bizim dərdimizdir: evdən çölə çıxanda yüz ölçüb, bir biçməyə çalışır, Allah-təaladan yolumuzun uğurlu olmasını diləyirik. Təəssüf ki, bəzən seçdiyimiz ən gözəl yolun da bizi ürəyimizdəki arzulara qovuşdurmağa "gücü çatmır."
Bəxtiyarla yolumuz dədə-baba yurd yerimizdə, İrəvan mahalında kəsişmişdi. Onda evli-eşikli kişilər idik. Halbuki bir-birinin beş addımlığında qərar tapmış Zəngibasar kəndlərində
(Bəxtiyar Asağı Necilidə, mən isə Qaraqışlaqda) dünyaya göz açıb , ərsəyə yetmişdik. Görünür, alnımıza belə yazılıbmış, yollar bizi məhz o vaxt-- 80- ci illərin ikinci yarısında Qərbi Azərbaycanın paytaxtında, "Sovet Ermənistanı" qəzeti redaksiyasında görüşdürməliymiş. Elə ilk tanışlıqdanca xasiyyətimiz tutduğundan qədim-qayım bir dostluğun təməli qoyulmuş oldu.
Aramızdakı xoş ünsiyyət həm də atalarımız, əmilərimiz, əmiuşaqlarımızın (yeri gəlmişkən, Bəxtiyarın əmisi oğlu Azər bəyi bu günədək özümə ən əziz dost bilirəm) yaxın tanış olmalarından qaynaqlanırdı.
Hər ikimiz ziyalı ailəsindən idik. Xüsusən, "Bayramov" soyadı o tərəflərdə yaxşı tanınır, hörmət-izzətlə qarşılanırdı. Tək bir fakta toxunacam: Bəxtiyarın əmisi Məhərrəm Bayramov olduqca böyük nüfuz sahibi kimi xatırlanırdı. O, vaxtilə məsul işlərdə (məs:Amasiyada raykom katibi) çalışmış, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifəsinədək yüksəlmişdi. Məhərrəm müəllim həm də təcrübəli tədqiqatçı -alim, pedaqoq idi. Ömrünün son dönəmini isə jurnalistikaya həsr etmişdi--1974-cü ildən 1981-ci ilədək "Sovet Ermənistanı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdı.
Bəxtiyar ixtisasca müəllim idi, amma qəzetçiliyə özgə bir həvəsi vardı. Təəssüf ki, bu yolda birgə fəaliyyətimiz uzun sürmədi-- müəyyən səbəblərdən Bakıya köçüb, burda yurd saldı.
1988-ci ildə Qarabağ hadisələri tüğyan edəndə mən də Bakıya köcməli oldum. Təbii ki, ilk görüşüb dərdləşdıyim adamlardan biri də Bəxtiyar oldu...
O zamanlar nələr çəkdiyimiz hamıya məlumdur. 90-cı-cı illərdə qaçqın və köçkünlərin mətbu orqanı olan "Vətən səsi" qəzeti fəaliyyətə başladı. Bəxtiyar da orda çalışırdı, özü də canla-başla! Hətta bir neçə ildən sonra baş redaktor vəzifəsinə qalxdı, çox gərəkli işlər gördü. Onda mən Az TV-də çalışırdım. Tez-tez zəngləşir, hal-əhval tuturduq. Bir müddət sonra isə... yollar bizi yenidən eyni məkanda görüşdürdü: Bəxtiyar televiziya sahəsinə keçmişdi. Necə deyərlər, dostluğumuza " ikinci nəfəs" verilmişdı. Və beləcə, olduqca maraqlı keçən aylar- illər bəzi məsələləri sanki arxa plana cəkmişdı. Yoxsa...Bir də ayılıb görməzdik ki, saçımız-saqqalımız əməlli-başlı ağarıb. Artıq Bəxtiyar TV-də xeyli püxtələsmişdı, "Maarifçilik" redaksiyasına rəhbərlik edirdi, o qədər arzusu, niyyəti vardı ki! Amma...
Belə yerdə deyiblərmis: "Sən saydığını say..." Hə, fələyin gözü tökulsün, qoy deyim. Bəxtiyarın səhhətində müəyyən problemlərin olduğunu bilirdik. Di gəl ki, belə yox də! Şəkər xəstəliyi "mehriban düşmənçiliyindən"qalmadı:qısa zaman kəsiyində gözləri bərk zəiflədi, böyrəklərində, ürəyində
ciddi fəsadlar baş qaldırdı. Neçə-neçə adda iynə -dərmanı bir yana, əməliyyat dalınca əməliyyatlardan keçdi.Allah-təala ömür-gün yoldaşının, iki oğul balasının, qızının canlarını sağ eyləsin, uzun ömür versin onlara! Göstərdikləri ideal qayğı, maddi-mənəvi dəstək, keçirdikləri daxili sarsıntıların müqabilində, heyif ki, Bəxtiyarı ayaqları üstə qaldırmaq mumkün olmadı...
Dərd gələndə batmanla gəlir, belə yerdə deyiblərmis. Şəxsən məni. yandırıb yaxan odur ki, taleyin üzü dönəndə yaman dönür, yaxşıya-yamana fərq qoymur. Bəxtiyar kimi həyatsevər, millətpərəst, ailəcanlı, qəlbitəmiz
bir İnsan, hər kəsin xosbəxtliyini istəyən, xeyirdə-sərdə yanında olan
vəfalı Dost bu qədər ağrı-acıya düçar olmamalıydı. Kaş ki, Əbədiyyətə, Haqq evinə sarı rahat, əcəli bir ölumlə, "ayaqları üstundə" getsəydi...
P.S. Yenə də yollar ayırdı bizi --özü də bu dəfə həmişəlik! Olümündən vur-tut 3 gün keçir. Amma bu qısa vaxt həftələr, aylar qədər uzun gəlir mənə... Elə gün olmazdı ki, zəngləşib hal-əhval tutmayaq. Arada görüşür, nisgilli çay süfrəsi arxasında oturub doyunca dərdləsirdik, Belə gorüslərə hədsiz sevinsə də, başıni agir-ağır bulayar, siqareti bir-birinin oduna yandırardı. Heç cür inana bilmirəm ki, o məhzun çöhrəsini, o mərhəm səsini bir daha eşitməyəcəyəm...
Allah rəhmət etsin, qəbri nurla dolsun!
Mərhum dostum barədə bu ürək çırpıntılarımı onun 70 illik yubiley yaşı
(3 il əvvəl) münasibətilə qələmə aldığım şeirlə tamamlayıram.
Gəl sənə söyləyim sözün düzünü,
Dünya belə gəlib, belə gedəcək.
Nahaq yerə çox da üzmə özünü,
Dünya belə gəlib, belə gedəcək!
Kiminin ağlı yox, bəxti yüyrəkdi,
Hər əməli yalan-palan, kələkdi,
İşə bax ki, düşünürlər mələkdi,
Dünya belə gəlib, belə gedəcək!
Qardaşım, səninki belə gətirdi,
Halalca zəhmətin kədər bitirdi,
Yaxşılıqlar etdin, dərd-sər yetirdi,
Dünya belə gəlib, belə gedəcək!
Nə tez ötüb keçdi cavanlığımız,
Gözəl günlərimiz, xoş çağlarımız,
Atalı-analı o vaxtlarımız,
Dünya belə gəlib, belə gedəcək!
Adın Bəxtiyardı, özün-biixtiyar,
Şükr, arxan-dayağın, oğlun-qızın var,
Sən öz gəncliyini nəvəndə axtar,
Dünya belə gəlib, belə gedəcək!
Cavanlıqda oymaq-oymaq gəzərdin,
Arana-yaylağa quştək şəkərin,
İndi hücum çəkir xatirələrin,
Dünya belə gəlib, belə gedəcək!
Yadına sal İrəvanı, Dilcanı,
Başına döndüyün daşı-qayanı,
Harda qaldı "Sovet Ermənistanı?"
Dünya belə gəlib, belə gedəcək!
Sən qələm əhlisən, söz adamısan,
Haqqın dərgahında saç ağartmısan,
Şükrlər Allaha, 70-ə çatmısan.
Şöz ver ki, 100-ü də aşıracaqsan,
O məşhur kəlməni unutmayasan:
"Dınya belə gəlib, belə gedəcək!"
Ruhuna ehtiramla: Mirzə Yusif