Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 25-04-2026, 18:25
HAFİZƏLƏRDƏ YAŞAYAN İNSAN

HAFİZƏLƏRDƏ

YAŞAYAN İNSAN


Mərhum radio jurnalisti Heydər Zeynaloğlunun 80 illik yubileyinə

Radioda vaxtilə sayılıb, seçilən, səsi ilə sevilən, qələmi ilə özünə rəğbət, əməlləri ilə hörmət, təmizliyi, saflığı, dürüstlüyü ilə dəyər qazanan, baş redaktorumuz Heydər müəllim. Onu bu gün xatırlatmağımın, yada salmağımın, haqqında danışmağımın özəl səbəbi var...
Əməkdar mədəniyyət işçisi (2001), "Qızıl Qələm" mükafatı laureatı Heydər Zeynaloğlunun aprelin 6-da 80 yaşı tamam oldu. Aprelin 26-da isə vəfatının ildönümüdür. Eyni ayda doğulan və dünyasını dəyişən, bu işıqlı cahanda 69 il, 20 gün ömür sürən, bir yaz günü əzizlərinə vida edən jurnalistin ölüm xəbərini (həmkarım, redaksiyamızın ən gənc əməkdaşı Zaur Rzayevin zəngindən bildim) qəfil eşidən an həyəcan və ürəkağrısıyla Facebook-da (2015) paylaşım edib, bu acı olayı sosial şəbəkədə elan edəndə, haqqında ancaq xoş sözlər deyildi. Ölkənin tanınmış media mənsubları, bir kollektivdə çiyin-çiyinə işləmiş həmkarları bu itkidən təəssüfləndiyini dilə gətirib, onunla bağlı gözəl rəylər yazmışdılar. Əslində təəccüblü də deyildi.
Heydər müəllimlə bir yerdə çalışdığımız illərdə, onun necə bir insan olduğunu hamımız yaxşı bilirdik. Radionun "Xəbərlər" baş redaksiyasında rəhbər olduğu dövrdə onun bütün xarakterik xüsusiyyətləri, fərdi yaradıcılıq potensialı, idarəçilik ustalığı, həmkarları ilə yaxın ünsiyyət qurmaq bacarığı gözümüzün önündəydi. Bütün şəxsi keyfiyyətləri ilə sözün əsl mənasında örnək olan bir insan idi. Şəxsən mənim üçün həm də dərdimi deyəcək, atam qədər güvənəcək yaxın dost, böyük qardaşıydı. Redaksiyamızda İttifaq müəllim (Əməkdar jurnalist İttifaq Mirzəbəyli) ona "baba" deyib, müraciət edərdi. Aralarında elə böyük bir yaş fərqi olmasa da, Heydər müəllim öz şəxsi keyfiyyətləri ilə həmyaşıdları arasında bu böyüklüyə ucalmışdı. Müdrik davranışı, ağayana hərəkətləri, mənalı danışıqları ilə hər kəsin dərin rəğbətini qazanmışdı...

Hər gün sübh tezdən işə gələr, öz növbəsinə düşən günlərdə "Qəzetlərdən özəklər"i efirə hazırlayar, xəbərlərin hər saatdakı buraxılışlarına nəzarət edər, əməkdaşlara gündəlik tapşırıqlarını verər, hazır süjetlərə diqqətlə qulaq asar, sabahkı efirin mövzularını araşdırar, "Səhər" informasiya proqramının ssenari tərtibini gözdən keçirər, radioya dəvət edilən qonaqlarla həmsöhbət olar, öz işçilərinin dərd-sərini dinləyər, bəzən də macal tapanda hərdən otağına çəkilib, düşüncələri ilə baş-başa qalar, yazıçı təxəyyülündəki qəhrəmanları ilə danışar, bədii mövzuda cızma-qaralarını edər, bir sözlə, günbatana kimi öz iş yerini tərk etməzdi.
Yeganə baş redaktor idi ki, xidməti və şəxsi maşını olmazdı. Baxmayaraq ki, ən məsul bir redaksiyanın rəhbəri idi və o zamanlar Azərbaycan radiosu ölkədə tək dalğaydı, yeganə kütləvi audio informasiya vasitəsiydi. Heydər Zeynaloğlu rəhbərliyə işin gərginliyini xatırladıb, sürücü ilə təmin oluna bilərdi. Lakin, bizim Heydər müəllim tam başqa bir dünyanın sakini idi...Kimdənsə qəti təmənna ummaz, heç kəsin əlinə baxmazdı. Könlü, nəfisi tox olduğundan, kimdənsə nəsə umacaq və alacaq bir ixtiyar sahibi deyildi. Heç kəsin yanında gözü kölgəli olmayan bu rəhbər işçi kimi xatırlanır. Radiomuzda ətrafdakılara örnək bir həyat yaşadı. Özünün maddi sıxıtıları, ailəsində böyüyən uç məktəbli uşağın qayğıları belə onu əqidəsindən döndərə bilmədi. Başqaları kimi vəzifə səlahiyyətlərindən istifadə edib, özünə gözəl gün-güzəran qura bilərdi. İstəsəydi yaxşı dəbdəbəli yaşayış yaradardı. Lakin, Heydər müəllim nəfsinə hakim olub, halal zəhməti, gözünün nuru ilə qazandığı pulla özünü xoşbəxt sayırdı.
O tək jurnalist deyildi, arada bir qələmindən iri həcmli əsərlər də yaranırdı. "Qocalar tək olmayanda" adlı bir kitabı da işıq üzü görmüşdü. Günlərin birində ona sual verdim ki, "Heydər müəllim, niyə yazıçı olmadınız, ancaq jurnalistikada qaldınız?". Bir anlıq duruxdu və dedi. "Onda gərək ailəmi unudam, tərki dünya olam, ancaq xəyallar aləmində çabalayam. Bu mənə ağır gəlir, mən hər gün evdəki körpələrimin necə böyüdüyünü, nələr hiss etdiyini görməliyəm, onları heç bir şeyə dəyişmərəm. Mənim dünyam onlardır...".

Heydər Zeynaloğlunun ətrafda gördüklərinə yanaşması tam fərqliydi. Onun təbiəti poetik lövhələrlə təsviri, İlahinin nəqş etdiyi varidatı bədii formada gözəl təcəssüm etdirmək məharəti bədii duyumu ilə bağlı idi. İttifaq Mirzəbəylinin sözləri ilə desək, "Qəbələnin yazı, payızı haqqında, bənövşədən və digər yaz çiçəklərindən əvvəl, uşaq köynəyinin düymələrindən də kiçik olan, üstü ağ xətli xırda göy çiçəkləri, cincilim kimi yerlə sürünən həmin bitkinin çiçəklərinin gün görən kimi açılıb, günəş buludun arxasında qalan kimi bükülməsini, meşənin sıx yerlərində, hündür ağacların altında olan zoğal ağacının öz meyvələrini oktyabrın axırınadək “kimin üçünsə” qoruyub saxladığını Heydər Zeynaloğlu kimi təsvir eləmək çox çətindir…". Soruşacaqsınız ki, niyə bəs Qəbələ? Çünki uşaq vaxtı bir neçə il o torpaqda yaşamışdı. Orda gördükləri nə vardısa, hafizəsinə hopmuşdu. Ağaclarını, şırıltılı və dəlisov çaylarını, quşlarını, kol-kosunu, yağışını, palçıqlı yollarını belə, vəsfində sanki, nağllar aləmin seyrangahına düşürdün. Mənim doğulduğum, böyüdüyüm, hər halına bələd olduğum bu torpağın hər qarışında bir gözəllik var imiş. Necə olub ki, mən bunlardan xəbərsiz olmuşammış? Bəli, sonralar anladım ki, Heydər müəllimin dilindəki qeyri-adi söz boyaları ilə təsvirini görəndə baxın, dərk elədim ki, yazıçı elə bu demək imiş. Duyğularını dilə gətirib yazan, sözdən naxış çəkən, əsər yaradan insan məhz mənim kimi minlərlə fərddən fərqlənən biri imiş…
Heydər müəllim qayğılı bir rəhbər idi. Həm ailəsinin, həm də keçid dövrünün çətinliklərində, redaksiyada çalışan onlarla insanın problemlərini çözməyə cəhd edər, ən azından dinləməyi bacarardı. Qonorar bölgüsündə şəffaflığı təmin etməyə çalışardı. Ondan aslı olmayan səbəblərdən pulumuz kəsiləndə, günahı olmadığı halda, ən böyük vicdan əzabını da özü çəkərdi...

Mən və həmkarım Kəmalə Mikayılzadə, dövrünün tanınmış və nüfuzlu qadın radio jurnalisti Zərxanım Əhmədlinin istəyi və güvəni ilə 1993-cü ildə Heydər müəllimin rəhbərlik etdiyi "Xəbərlər" redaksiyasında işə başladıq. Zərxanım müəllimə, İttifaq müəllim ona isə Zəri xanım deyərdi, bizim hər ikimizə doğma münasibət bəsləyirdi. Heydər müəllimə də bizi yaxından tanıdırdı. Üstümüzdə hər birinin haqqı var. Onlar, bizim tezliklə "Səhər" informasiya proqramında aparıcı olmağımız üçün var gücüylə çalışır, ümumiyyətlə gənclərə kömək etmək üçün əllərindən gələni əsirgəmirdilər. Gənc əməkdaşları peşəkar kimi yetişdirməyə çalışırdılar. Sözün həqiqi mənasında müəllim kimi çıxış edirdilər. Redaksiyada mötəbər insanlar çalışırdı. Yasin Qaraməmmədli, İttifaq Mirzəbəyli, Qulu Kəngərli, Reyhan Rüstəmli, Akif Cabbarlı, Asəf Məhərrəmov və s. onların ardınca gələn yeni nəsil... Beləcə sənət yollarında, efir məkanında Heydər Zeynaloğlunun rəhbərlik etdiyi bir komanda ilə addımlamağa başladıq...
Hər zaman fikirləşirəm ki, Allahdan bəxtim gətirib, qarşıma belə əqidəsi saf, vicdanı təmiz, ləyaqətli insanlar çıxıb. Məhz onların sayəsində, yaxşı dostların əhatəsində mən də jurnalistikada boy atmışam. Heydər müəllim kimi ustadlardan örnək götürərək onların yolu ilə addımlamağa başlamışam.
Elə sözləri var ki, bugünkü gündə, bəlkə də hər gün onları təkrarlayırıq. Süjetlərimizi qısaldanda inciyərdik, “ay Anaş, Quran ayəsi deyil ki”, deyib dodaqaltı gülümsəyərdi. Bütün xanımlara da bu cür müraciət edərdi… Bu gün Heydər Zeynaloğlu ölməyib, o yaddaşlarda yaşayır. Redaksiyamızda hər gün adı çəkilir, duzlu-məzəli söhbətləri, mənalı sözləri yada düşür, xoş ehtiramla xatırlanır. Bundan sonra da dərin hörmətlə anılacaq. Nə qədər ki, onunla birlikdə çalışmış, onu yaxından tanıyan insanlar sağdır, nə qədər ki, onlar yaşayır, Heydər müəllim də var olacaq, xoş təbəssümlə yada düşəcək….
Sizin o cavan ikən ağarmış saçlarınız, işıqlı çöhrəniz, asta-asta yerişiniz, eynəyin üstündən qaşlarınızı çatıb, təəccüblə baxmağınız gözümüzün yaddaşında əbədiləşib, əziz Heydər müəllim. Ruhunuz şad olsun Ustad! Allah sizə rəhmət eləsin, nur içində yatın!

Şəlalə Məhyəddinqızı

Filologiya üzrə fəlsəfə doktoru


Paylaş



Bölmə: Mədəniyyət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!