İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                        Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                       
Tarix : Dünən, 23:02
İsaqoğlunun "Günahsız günahkar" dünyası

Vaqif İsaqoğlunun

"Günahsız günahkar" dünyası


Müasir Azərbaycan nəsri hər zaman cəmiyyətin nəbzini tutmağı, baş verən sosial-mənəvi prosesləri bədii süzgəcdən keçirməyi bacarmışdır. Bu ənənəni layiqincə davam etdirən tanınmış yazar Vaqif İsaqoğlunun bu yaxınlarda işıq üzü görən "Günahsız günahkar" hekayələr kitabı ədəbi mühitdə xüsusi diqqət çəkir. Kitab təkcə bir yazıçı təxəyyülünün məhsulu deyil, həm də yaşanmışların, şahidliyin və vətəndaş yanğısının kağıza köçürülmüş fəryadıdır. Cəmiyyətin ağrılı nöqtələri və məmur özbaşınalığı kitabın mərkəzində dayanan əsas xətlərdən biri müəllifi dərindən narahat edən haqsızlıqlar və cəmiyyətdə kök salmış mənfi təzahürlərdir.
Vaqif İsaqoğlu hekayələrində özlərini "kiçik allahlar" hesab edən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvətxorluğa qurşanmış məmurların iç üzünü cəsarətlə açır. Yazıçı göstərir ki, bir insanın taleyi bəzən soyuq kabinetlərdə oturanların insafına qaldıqda, "günahsızlar" necə "günahkara" çevrilir. Kitabın adı da məhz bu paradoksdan doğur: Müəllif hekayələrində zərrə qədər də olsa yalana, süni boyalara yer vermir. Oxucu hiss edir ki, o, yalnız şahidi olduğu, gözləri ilə gördüyü real hadisələri qələmə alıb. Bu realizm oxucuda yazıçıya qarşı böyük bir inam yaradır.
Kitabın digər mühüm qatını vətənpərvərlik və milli yaddaşın qorunması təşkil edir. Müəllif "Anuş", "Erməni", "Mişel" kimi hekayələrində erməni faşizminin eybəcər simasını, dinc əhaliyə qarşı törədilən amansız divanları və insanlığa sığmayan vəhşilikləri bədii dillə gələcək nəsillərə ötürür. Bu hekayələr sadəcə keçmişin təsviri deyil, həm də bir ayıq-sayıqlıq çağırışıdır.
Vaqif İsaqoğlu türk dünyasına qənim kəsilən bu ideologiyanın mahiyyətini açaraq, oxucunu hər zaman ehtiyatlı olmağa və tarixin dərslərini unutmamağa səsləyir. Onun təsvir etdiyi "insan adına yaraşmayan hərəkətlər" əslində bir xalqın çəkdiyi iztirabların sənədli xronikasıdır.
Vaqif İsaqoğlunun "Oğru" hekayəsində professor Bədəlovun mənəvi dəyərlərinin maddi maraqlar qarşısında sarsılması və ömür yoldaşının xatirəsini əbədiləşdirmək üçün kitablarını satmağa məcbur qalması təsvir edilir. Hekayədə ziyalının çarəsizliyi və zəmanənin mənəvi aşınması ən dar məqamda kitabların sahibinə əl tutmaması fonunda göstərilir.
Vaqif İsaqoğlunun "Qazi Həsən" hekayəsi cəmiyyətin ən ağrılı yaralarına toxunan, oxucunu dərindən sarsıdan realistik bir əsərdir. Müəllif kiçik bir küçə hadisəsi fonunda mənəvi aşınmanı, laqeydliyi və qazilərin qarşılaşdığı sosial ədalətsizliyi ustalıqla təsvir edir.
Hekayənin süjet xətti iki tamamilə zidd dünyagörüşünün və mənəviyyatın toqquşması üzərində qurulub. Füzuli döyüşlərində iki erməni tankını məhv edən, qazi Həsən bədənində hələ də müharibənin qəlpələrini daşıyan Vətən fədaisidir. O, dövlətdən heç bir imtiyaz istəmir, öz halal zəhməti ilə yetişdirdiyi çiyələkləri sataraq dolanmaq istəyir. Sahə müvəkkili qanunu qorumalı olduğu halda, rüşvətxorluq və qanunsuzluq yaradır, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tabeçiliyindəki küçəni şəxsi qazanc mənbəyi kimi idarə edir.
Hekayədəki hadisələrin inkişafı insan mənəviyyatına vurulan ağır zərbələri müəllif ardıcıllıqla göstərir. Kapitanın qazinin sözünə qarşılıq ona şillə vurması, dövlətin asayiş keşikçisinin vətəndaşa qarşı fiziki və mənəvi zorakılığıdır. Polisin qəhrəmanlıq nişanələrini "iki-üç dəmir-dümür" adlandırması, cəmiyyətdə müqəddəs dəyərlərə verilən saxta qiymətin bariz nümunəsidir. "Gündəlik 40 manat verərsən, alver edərsən" tələbi, qanunların deyil, pulun hökmranlıq etdiyi korrupsiyalaşmış mühiti ifşa edir. Kapitanın çiyələk yeşiklərinə təpik vurması, əzilən meyvələrlə qazinin ayaqlar altına atılan qürurunu simvolizə edir. Ayaqqabısını qazinin kürəyinə sürtərək təmizləməsi isə insanlığın tamamilə bitdiyi, mənəvi eybəcərliyin zirvəsidir.
Vaqif İsaqoğlunun " Qazi Həsən" hekayəsində müharibədə tankları partladan, qəlpələrə sinə gərən yenilməz bir qəhrəman, sülh dövründə arxa cəbhənin amansız və laqeyd bürokratiyası qarşısında aciz qalır. Həsənin körpə uşaq kimi ağlaması fiziki ağrıdan deyil, bədənindəki qəlpələrin sızıltısından deyil, uğrunda canını qoyduğu vətəndə gördüyü mənəvi xəyanətdən və haqsızlıqdandır. Əsər hər bir fərdi qazilərə, şəhid ailələrinə qarşı daha diqqətli, hörmətli və vicdanlı olmağa səsləyir."Qazi Həsən" hekayəsi sadəcə bir polislə qazinin davası deyil, cəmiyyətdəki mənəvi aşınmaya qarşı yazılmış bir haray və xəbərdarlıq fəryadıdır.

Kitabın ən sarsıdıcı və emosional məqamları "Ana istəyi" və "Şəhid" hekayələrində cəmlənib. Müəllif şəhid anasının daxili dünyasını, onun övlad itkisindən doğan sonsuz ağrısını elə ustalıqla təsvir edir ki, oxucu bu kədərin içində boğulur. "Məni də oğlumla birlikdə dəfn edin" deyən ananın fəryadı, əslində bütün Azərbaycan analarının mətanətinin və sevgisinin simvoludur."Şəhid" hekayəsində qəfil gələn xəbərin ananı "ildırım kimi vurması" səhnəsi sarsıdıcıdır. Lakin yazar burada həm də mənəvi ucalığı qeyd edir. Övladının tabutu qarşısında duran ananın: "İndi o təkcə mənim oğlum deyil, Azərbaycanın oğludur" - deməsi, fərdi kədərin milli qürura çevrilməsinin ən yüksək nöqtəsidir.
Vaqif İsaqoğlunun "Günahsız günahkar" kitabı təmizlik, düzlük, sədaqət və torpaq sevgisi kimi ali dəyərlərin təbliğinə xidmət edir. Bu əsər həm bir ictimai qınaq, həm də milli ruhun dirçəlişinə töhfədir. Yazıçı oxucusunu həm ətrafındakı haqsızlıqlara qarşı mübariz olmağa, həm də vətən qarşısındakı borcunu unutmamağa çağırır.

Hüseyn İsaoğlu,
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!