Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 3-04-2026, 22:14
Dağların yaddaşındakı toy


Dağların yaddaşındakı toy

Kənd şənbə günü təkcə təqvimin bir parçası deyil, həm də kollektiv sevincin, gözləntinin və qədim bir ritualın zirvə nöqtəsi idi. Şənbənin gəlişi ilə kəndin sakit ahəngi dəyişər, hava hələ gəlməkdə olan toy karvanının həyəcanı ilə dolardı.

Kəndin girişindəki dolayılar (dolama yollar) sadəcə coğrafi bir relyef deyil, həm də müjdənin ilk göründüyü, qara zurnanın kökləndiyi nöqtə idi. Bütün kənd əhli - qocadan uşağa qədər sözləşmiş kimi gözlərini o dolayılara dikərdi. Uşaqlar yol kənarındakı təpəciklərdə keşik çəkər, uzaqdan görünən toz dumanını "Gəlirlər!" nidası ilə kəndə car çəkərdilər.

Toy karvanı kəndin mərkəzinə çatmamış zurnaçının nəfəsi, zurnanın səsi dağlarda əks-səda verirdi. Zurnaçı dolayıdan -dolanbac yoxuşlu yolun ən hündür və səs yayılan hissəsindən ifaya başlayardı. Bu səs sadəcə musiqi deyildi, həm də bir ailənin xoşbəxtliyini, bir evə gələn səadəti bütöv bir icmaya bəyan edən rəsmi bəyanat idi.

O səhər – bazar günü Kurud kəndi hər zamankından fərqli oyandı. Günəş dağların iti zirvələrindən süzülüb gələndə, bağlardakı meyvə ağaclarının yarpaqlarında gecənin sərinliyini qoruyan şeh damlaları mirvari tək parlayırdı. Amma bu səhərki sükut həmişəki sakitlikdən deyildi; bu, böyük bir sevinc fırtınasından əvvəlki xumarlanma idi. Çox keçmədi ki, kəndin dərələrinə zurna-nağara sədası yayıldı. Bu səs Kurudun qədim qayalarına dəyib əks-səda verir, sanki bütün təbiətə müjdə yayırdı: Bu gün kənddə toy var!

O vaxtlar zurna çalınanda ruhumuz yerindən oynayırdı. Zurnanın o ilk sədası gələndə bilirdik ki, fələyin çarxı bizim tərəfə dönüb. Toy evindən əvvəl bütün kəndə bayram gələrdi. O vaxtlar toy təkcə bir ailənin şadlığı, iki gəncin muradı deyildi; bu, bütöv bir elin-obanın bir yumruq kimi birləşdiyi, köklərə bağlılığın təsdiqi olan müqəddəs bir ayin idi. Qonşu qonşuya baxmazdı ki, görüm məni çağırıblar, ya yox; qapı hər kəsə açıq idi. Kimin imkanı nəyə çatardısa, işin bir ucundan tutardı. Birimiz odun daşıyardıq, birimiz qazan asardıq.

Həyətdə odun tüstüsü yüksəlməyə başlayardı. O tüstü təkcə yemək bişirmək üçün deyil, birliyimizin, diriliyimizin nişanı kimi göyə ucalardı. Qazanların altındakı palıd yarmaçaları çatırdadıqca, qazanın altından o yan bu yana hücum çəkən alov dilləri, havaya yayılan o his qoxusu kəndin təmiz dağ havası ilə qarışıb insanın iştahını deyil, ruhunu açırdı...

Qonşu qadınlar böyük qazanların başına keçmişdilər: kimi axşamdan hazırlanmış içliyi kələm yarpağına bükür, kimi təzəcə kəsilmiş əti doğrayır, kimi də kəndin məşhur aşının düyüsünü arıtlayırdı. Nənələrin biri düyünü süzür, digəri isə qazmaq üçün lavaşları hazırlayırdı. Onların hər hərəkətində bir nizam, bir ahəngdarlıq, qədimdən kök salmış bir gələnək vardı. Arada zarafatlaşır, köhnə toylarda olub keçənlərdən danışıb gülüşürdülər. Çünki o vaxtlar toy həm də kəndin xanımları üçün bir dərdləşmə, bir sevinc paylaşma məqamı idi. Kişilər isə toy mağarını qurmaq üçün əlbir olmuşdular. Hər kəsin üzündə yorğunluqdan çox, illərin qonşuluq mehribanlığından doğan səmimi bir təbəssüm vardı.

Dağların qoynundakı bu kiçik kənd, günəşin al şəfəqləri altında musiqi və rəqs sədaları ilə nura boyanırdı. Zurnanın o yanıqlı, həm də qürurlu sədası sıldırım qayalarla qədim bir dastan barədə söhbət edirdi. Nağaranın hər zərbəsi isə sadəcə bir ritm deyil, ana torpağın min illik nəbzinin döyüntüsü idi. O vaxtın insanı torpaqdan qopmamışdı. Ayağımız torpağa dəyəndə enerjimiz artardı. Yallı gedəndə elə bilirdik ki, yer yerindən oynayacaq. Nağaraçı çomağı elə şövqlə vururdu ki, səsi qonşu kəndlərdə eşidilirdi. Amma o səs heç kimi yormazdı, əksinə, ürəklərə fərəh, ruhlara qida verərdi.
Gəlin atlananda zurnanın səsi daha da şaxələnər, nağara isə sanki dağları silkələməyə başlardı. Bu, sadəcə bir köç deyil, bir ocaqdan digərinə uzanan səadət körpüsü idi...

Kəndin ağsaqqalları qapı ağzında cərgəyə düzülmüşdülər; hər birinin üzündəki qırışlar keçmiş toy-busatların xatirəsini daşıyırdı. Gəlinin ayağı altında kəsilən qurbanın qanı torpağa qarışanda, hamı bir ağızdan "mübarək olsun" dedi. Bu dua kəndin havasına elə hopdu ki, quşlar belə qanad saxlayıb bu mənzərəni seyr etdi. Mağarın içi isə tamam başqa bir aləm idi. Uzun taxta masaların üstü kəndin bərəkəti ilə bəzədilmişdi: təzə kəsilmiş quzu ətinin ətri, kərə yağında qovrulmuş o məşhur "süzmə plov"un qoxusu mağarın hər küncünə yayılmışdı. Amma heç kim yemək üçün tələsmirdi; hamının gözü meydanda, qulağı isə zurnanın "Cəngi"sində idi.
Və nəhayət, o məşhur "Yallı"... Bu, Kurudun vizit kartı idi. İlk addımı kəndin ən hörmətli ağsaqqalı atardı. Onun əlindəki naxışlı dəsmal havada süzüldükcə, arxasınca düzülən onlarla insan tək bir bədənə çevrilirdi. Ayaqlar yerə elə bir ahənglə dəyirdi ki, sanki yerin altındakı qayalar da bu ritmə cavab verirdi. Nağaraçı artıq nağaranı deyil, sanki öz ürəyini döyürdü. Səs dərələrdən keçib qonşu kəndlərə çatanda, ordakılar da bilirdi:
"Kirs - Kurudlular yenə bir olub, yenə şadlıq edir, Yallı gedirlər!"

Axşam düşüb günəş dağların arxasında gizlənəndə belə, kənd yatmadı. Ay işığı damların bacasından süzüldükcə, toyun sədası uzaq dərələrdə əks-səda verməyə davam etdi. O gecə hər kəs yastığa başını qoyanda yorğunluqdan deyil, ruhunun doyduğundan gülümsəyirdi. Çünki o vaxtlar toy təkcə bir gün sürməzdi; o sevincin istisi növbəti toya qədər hər kəsin ocağını qızdırardı.

Polad POLADOV


Paylaş



Bölmə: Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!