Nurbay CABBAROVProfessor, nəvaişünas,
Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və
Ədəbiyyatı Universitetinin prorektoru,
Özbəkistan Yazıçılar Birliyinin ədəbi tənqid şöbəsinin müdiriSiracəddin Səyyid yaradıcılığında
ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsiKlassik Şərq poeziyasında dini-irfani məzmunun bədii ifadəsi xüsusi bir ənənə kimi formalaşmışdır. Bu ənənənin mühüm qollarından biri olan ərbəinçilik – yəni qırx hədisin poetik şərhi – əsrlər boyu həm mənəvi, həm də estetik dəyər daşıyan janr kimi inkişaf etmişdir. Müasir dövrdə bu ənənənin yenidən işlənməsi və yeni məzmunla zənginləşdirilməsi xüsusi yaradıcılıq potensialı tələb edir. Siracəddin Səyyid bu istiqamətdə klassik irsə sadiq qalmaqla yanaşı, onu müasir düşüncə ilə uzlaşdıran sənətkarlardandır. Onun yaradıcılığında ərbəinçilik yalnız dini motivlərin təkrarı deyil, insanın mənəvi kamillik axtarışının poetik ifadəsi kimi təqdim olunur.
Ərbəinçilik ənənəsinin yenilənməsi – İnsan ömrünün real dəyəri təqvimlərlə deyil, antoloji həqiqəti dərketmə səviyyəsi, vətənə və xalqa xidmət dərəcəsi ilə ölçülür. Siracəddin Səyyid yaradıcılığının ilk mərhələlərindən etibarən bu hikməti yaradıcılığının ana xəttinə çevirmiş, bədii ustalığını irfani biliklərlə zənginləşdirmişdir. Bu xüsusiyyət özünü xüsusilə "Ərbəin" (qırxlıq) ənənəsinin bərpası ruhunda qələmə alınan nümunələrdə büruzə verir. Türkdilli poeziyada bu janrın fundamental əsasları məhz Əlişir Nəvai tərəfindən qoyulmuşdur.
Müasir özbək poeziyasında hədislər əsasında poetik silsilələr yaratmaq ənənəsini yeni bədii zirvəyə ucaldan ustad şair Abdulla Aripovdur. Onun "Hikmət səsləri" silsiləsi bu sahədə bir növ ədəbi məktəb funksiyasını yerinə yetirmişdir. S.Səyyidin "Qırx hədis" toplusu həmin ədəbi məktəbin dərslərindən bəhrələnən, lakin özünəməxsusluğu ilə seçilən uğurlu bir bədii təcrübədir. Toplu Yaradana edilən xüsusi bir münacatla açılır:
Gözlərim yaşlı, dərgahına gəldim,
İndi artıq yolum mənə bəllidir.
Atamın günahlarını bağışla, ey Rəbbim,
Anama uzun ömür ver, ey Allahım.Mövzu arealından asılı olmayaraq, şair öz varlığının və ömrün mahiyyətini anlamaq prosesini lirik bir fəlsəfə kimi təqdim edir. Klassik ədəbiyyat nəzəriyyəçisi Şeyx Əhməd Tərazi münacatı "İlahinin hüzurunda səmimi yalvarış" kimi xarakterizə edir. Siracəddin Səyyid bu janrda saleh bir övlad prizmasından çıxış edərək valideyn amilinə xüsusi yer ayırır. Şairin poeziyasında "bacı" obrazının tez-tez xatırlanması və onların "payız reyhanı"na bənzədilməsi isə milli-mənəvi dəyərlərin poetik inikasıdır:
Böyük hikməti dərk etdiyim zaman,
Göz yaşlarım axdı, qəlbim qan ağladı,
Ey Rəbbim, onları Özün qoru –
Payız reyhanları tək bacılarımı."Qırx hədis" toplusunun girişində yer alan "Zamanın sahibi" şeiri – “Zamandan şikayət etməyin, çünki zamanın sahibi Allahdır” – hədisinin poetik şərhidir. Şair zaman və insan münasibətlərini belə ifadə edir:
Allahın sizə bəxş etdiyi aylar və illər üçün,
Hər an qiymətlidir, əgər iz qoya bilsəniz.
Əzəldən bəri zaman pis insanlara sərt olub,
Amma yaxşılar üçün zaman həmişə xeyirlidir.
Zamanın sahibidir Uca Allah,
Ondan giley etmək qəflət nişanıdır.
Burada zamanın "yaxşı" və ya "pis" olması subyektiv deyil, insanın qəlbindəki niyyət və əməlləri ilə əlaqəli bir reallıq kimi təqdim olunur. Xeyirxah məqsədlər insanın həyat yolunu işıqlandıran əsas amil kimi vurğulanır.
S.Səyyid mübarək hədislərin mahiyyətini dərin fəlsəfi məzmun və bədii zərifliklə nəzmə çəkir. "Allah gözəldir və gözəlliyi sevir" hədisi şairin interpretasiyasında belə səslənir:
Parlayan dünyanın zahirinə bax:
Onun sübhü və şamı sadəcə bir bəzəkdir.
Hər şey keçici, hər şey fanidir,
Sadəcə Allah baqi, Allah gözəldir.
O, zahiri cah-calalı deyil, səmimi əməli sevər,
Əgər qəlbin və əxlaqın pak olarsa,
Haqqın nəzərgahına yüksələrsən.Şairin bu misraları dini-etik dəyərlərin bədii təfəkkürlə vəhdətini nümayiş etdirməklə yanaşı, oxucunu zahiri bəzəklərdən uzaqlaşıb daxili təkamülə səsləyir.
Cəmi beş sözdən ibarət olan mübarək hədisin semantik tutumu bu poetik mətndə yüksək bədii sənətkarlıq, dərin fəlsəfi təfəkkür və xalq şeiri üslubunun sintezi vasitəsilə bənzərsiz bir ədəbi hadisəyə çevrilmişdir. Şeirin strukturundakı mənəvi enerji oxucunu ruhani bir oyanışa sövq edir; maddi dünyanın keçiciliyi, səhər və axşamın zahiri bər-bəzəyinin fani olduğu və yalnız İlahi varlığın əbədi qaldığı həqiqəti qəlbən hiss edilir. Şair hədislər aləmindən seçdiyi nurani inciləri poetik mirvarilərə çevirərək, ədəbiyyatsevərlərin mənəvi xəzinəsini zənginləşdirir. Silsilənin qırxıncı şeiri "Sözün sehr, şeirin isə hikmət olduğu" barədə mübarək hədisin mənzum şərhi ilə tamamlanır:
Söz – insan qəlbinin bəzəyi, libasıdır,
Əgər söz gözəl olarsa, içində mərhəmət olar.
Allah heç bir sözü səbəbsiz yerə könüllərə salmaz,
Demək ki, sözdə bir sehr var.
Bu dünya yaxşılıqlarla çiçəklənər,
Yetər ki, insanlarda qəlb və himmət olsun.
Şeir də əsla boş yerə yaranmaz,
Çünki şeirdə Peyğəmbərin söylədiyi hikmət vardır.
Siracəddin Səyyid, xalq şairi
Özbəkistan Yazıçılar Birliyinin sədriSiracəddin Səyyid sözdəki sehri və şeirdəki hikməti öz yaradıcılığının mənəvi-fəlsəfi fundamentinə çevirmiş, poeziyaya sadiqliyini ömrünün hər anında nümayiş etdirmişdir. Onun əsərlərini orijinal edən cəhət şeirlərdəki maarifçi nurun oxucunu dərin təfəkkürə və həyat fəlsəfəsini dərk etməyə yönəltməsidir.
Böyük Əlişir Nəvainin qəzəllərinə təxmis yazmaq sənətkardan misilsiz məsuliyyət və klassik poetika qaydalarına dərindən vaqiflik tələb edir. Nəvai yaradıcılığının ədəbi-estetik konsepsiyasını, dilin bəlağət və fəsahət incəliklərini mənimsəmədən bu janra müraciət etmək yalnız müəllifin elmi və bədii səriştəsizliyini büruzə verə bilər. Müxəmməs janrının sərt qanunlarına görə, əlavə edilən üç misra orijinal qəzəlin fəlsəfi yükü, əruz vəzni və bədii təsvir vasitələri ilə elə bir vəhdət təşkil etməlidir ki, beşlik bütöv bir yaradıcılıq aktı təsiri bağışlasın.
Siracəddin Səyyid klassik poeziyanın bu mürəkkəb janrında da yüksək məharət nümayiş etdirmişdir. Onun Sabir Tirmizi, Lütfi, Hafiz Şirazi, Ətayi, Əlişir Nəvai, Babur və digər ustad şairlərin qəzəllərinə yazdığı təxmislər, eləcə də Çolpanın misralarına etdiyi təzminlər müəllifin klassik poeziya ənənələrinə hakimliyini təsdiqləyir.
S. Səyyidin müxəmməslərində klassik təxmisçilik meyarları – şairin müxəmməsləri klassik janrın tələbləri ilə tam uzlaşması baxımından xüsusi elmi və ədəbi əhəmiyyət kəsb edir. Nəvainin məşhur bir qəzəlinə bağlanan müxəmməsin son bəndi bu fikri əyani şəkildə nümayiş etdirir:
Ömür bir gəmi kimidir, hər an onun səsi eşidilər,
Səfər qəfildən bitəcək, istər axşam olsun, istər səhər.
Ən gözəli budur ki, şüur və düşüncə yaxşılıqla dolsun,
Əgər Nəvai yaxşıların içində vətən tapsa, bunda qəribə bir şey yoxdur,
Çünki pis insanlarla oturan, özü də pis olar.
Həmçinin, Nəvainin "Bizim məcnun könlümüz biçarə olmuş" matlalı qəzəlinə yazılan təxmisin son bəndi bədii tamlığı ilə seçilir:
Ömür boyu tikdiyin sarayı dağıt,
Bu üç günlük səfərin mənasını dərk et,
Qəlbindən tamamilə əl çək,
Nəvai, başqalarından çarə umma,
Çünki dərdinə çarəsizlik çarə olmuşdur.
Nəvainin "Dərdinə çarəsizlik çarə olmuşdur" misrasındakı lirik faciənin miqyası S. Səyyidin əlavə etdiyi misralarla daha da dərinləşir. Burada "çarə" və "çarəsizlik" antonimiyası taleyin amansız ziddiyyətlərini bütün mürəkkəbliyi ilə açır. "Ömür boyu tikdiyin sarayı dağıt" və "Qəlbindən tamamilə əl çək" kimi radikal bədii kəşflər Nəvai fəlsəfəsi ilə elə bir uyğunluq yaradır ki, sanki qiymətli bir üzük öz daşı ilə tamamlanır.
Müasir şeirimizdə Nəvai dühasına layiq təxmis qoşmaq ənənəsində Siracəddin Səyyidin mövqeyi müstəsnadır. Şairin "Gözün nə bəla, qara olub" misrası ilə başlayan məşhur tərmin qəzəlinə bağladığı təxmisin ilk bəndi klassik poeziya səviyyəsindədir:
Kim qaşına mübtəla olub?
İki qılınc arasında qalıb,
Qəlbində iki yara açılıb,
Gözün nə bəla, qara olub,
Ki, canıma qara bəla olub.
Aşiqin sevgilinin qaşları qarşısında özünü "iki qılınc arasında" hiss etməsi təsviri tamamilə Nəvai üslubuna xas olan möhtəşəm bir obrazdır. Belə bir bədii təfəkkür səviyyəsi yalnız dərin irfani ilhamın və ustad sənətkarlığın vəhdəti nəticəsində mümkündür.
Beləliklə, Siracəddin Səyyidin “Qırx hədis” silsiləsi və ümumilikdə ərbəinçilik ənənəsinə yanaşması klassik poeziyanın müasir interpretasiyasının uğurlu nümunəsidir. Şair dini mətnlərin mahiyyətini qorumaqla yanaşı, onları yeni bədii-estetik çalarlarla zənginləşdirərək oxucunun mənəvi dünyasına təsir göstərir. Onun poeziyasında hədislər sadəcə dini kəlam kimi deyil, həyat fəlsəfəsinin, əxlaqi dəyərlərin və insanın daxili kamillik yolunun bədii ifadəsi kimi çıxış edir. Bu baxımdan Səyyidin yaradıcılığı klassik irslə müasir təfəkkür arasında körpü rolunu oynayır və ərbəinçilik ənənəsinin yaşarlığını bir daha təsdiqləyir.
Nurboy Cabbarovun
“Əmir Əlişir Nəvainin İrfani dünyası”
monoqrafiyasından tərcümə etdi: Almaz Ülvi Binnətova, Nəvaişünas