"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 4-05-2026, 19:16
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadəqoğlu Musayev
(Göygöl rayonu)


Küləyə Pıçıldanmış

Həqiqət


Əvvəli linklərdə
https://butov.az/edebiyyat/55773-kuly-pcldanm-hqiqt.html
https://butov.az/karusel/56214-kuly-pcldanm-hqiqt.html

Əvvəllər aclıq bir canavar kimi içini gəmirirdi. Mədəsi büzüşür, bağırsaqları düyünlənirdi. Amma son günlər bu ağrı kəsilmişdi. Bədəni yüngülləşmişdi. Əlini qaldıranda barmaqlarının sümükdən ibarət olduğunu, dərinin sadəcə nazik, şəffaf bir pərdə kimi sümükləri örtdüyünü görürdü. Bu əllər bir vaxtlar plov yeyən, pul sayan əllərə bənzəmirdi. Bu əllər mağaranın girişindəki quru budaqlara bənzəyirdi.
Çöldə fırtına qopanda Səlim mağaranın küncünə qısılırdı. Küləyin ulaması qorxulu deyildi artıq. O səs, Səlimin beynindəki səsləri susdurmuşdu. "Mirzə Səlim..." – bu ad beynində səsləndi. Nə qədər yad, nə qədər ağır bir ad. Sanki çiyinlərində daşıdığı bir kisə daş idi. "Mirzə kimdir?" – deyə düşündü. O, Zeynəbin əri, Hacı Fəttahın imamı, kəndin mollası idi. Amma o adam aşağıda, o isti və üfunətli dünyada qalmışdı. Burada, bu mütləq soyuqda yalnız nəfəs alan bir canlı vardı. Adı yox, keçmişi yox, gələcəyi yox.
Bir gecə yuxudan ayıldı. Mağara buz kimi idi, amma o, tərləyirdi. Bədənində qəribə, yandırıcı bir hərarət vardı. Qan damarlarında axmır, sanki qaynayırdı. Qasımın dediyi o "palçıq" qurumuşdu, tökülmüşdü. İndi növbə ruhun qabığına çatmışdı. Səhərə yaxın, günəşin ilk şüaları dağların zirvəsini qızılı rəngə boyayanda Səlim ayağa qalxmaq istədi. Ayaqları onu dinləmədi. Sürünərək mağaranın ağzına gəldi. Qarın üstü şüşə kimi bərkimişdi. Hava o qədər təmiz idi ki, nəfəs alanda ciyərləri kəsirdi. Günəş üfüqdən boylandı. Aşağıda, vadidə ağ duman dənizi dalğalanırdı. Kənd, o kiçik evlər, o böyük davalar, o torpaq üstündəki çəkişmələr... hamısı o dumanın altında, bir heçliyin içində görünməz olmuşdu. Səlim gözlərini günəşə dikdi. Gözləri qamaşdı, yaşardı, amma baxışlarını çəkmədi. Hacı Fəttahın qızıllarından daha parlaq, Zeynəbin plovundan daha doyumlu bir şey vardı o işıqda.
"Mən üşümürəm," – deyə düşündü. Həqiqətən də soyuq yox olmuşdu. Bədəninin hüdudları silinirdi. Harada bitib, havanın harada başladığını hiss etmirdi. Barmaqlarının ucundakı hissiyyat itmişdi, sonra qolları, sonra ayaqları... O, sadəcə döyünən bir ürək, baxan bir cüt göz idi. Birdən ona elə gəldi ki, qar dənələri onun üzərinə yağmır, onun içindən keçir. O, dağın bir parçası idi. O, əsən külək idi. Dodaqları tərpəndi, amma səs çıxmadı. Sözlərə ehtiyac yox idi. İllərdir minbərdə qışqırdığı o moizələr, o ərəbcə dualar... hamısı boş səs-küy imiş. Əsl dua bu imiş: Sükut və təslimiyyət.
Səlimin başı yavaşca qarın üzərinə düşdü. Yanağı buza toxundu, amma buz onu yandırmadı, sığalladı. Son nəfəsi ağzından ağ bir buxar kimi çıxdı. O buxar havaya qalxdı, günəş işığında bir anlıq parladı və küləyə qarışdı.
Artıq "Mirzə Səlim" yox idi. Sadəcə əbədi, təmiz və sonsuz bir sükut vardı. Və bu sükut, kənddəki bütün səs-küydən daha gurultulu idi.
________________________________________
Sonluq: Yazın Gətirdiyi Xəbər
Dağların ağ kürkünü soyunmağa başladığı, qayaların arasından bənövşələrin utancaq uşaqlar kimi boylandığı vaxt idi. Çobanlar onu tapanda günorta günəşi zirvəni döyürdü. Səlim mağaranın ağzında deyil, bir az aşağıda, sıldırım qayanın üzərində tapıldı. Bədəni qarın altında qalmış, sonra günəşdə açılmışdı. O, üzüqoylu deyil, arxası üstə uzanmışdı. Gözləri açıq idi və birbaşa göy üzünə – o sonsuz maviliyə baxırdı. Üzündəki ifadə donmuş bir təbəssüm idi; sanki ölüm anında kimsə ona çox gülməli və ya çox gözəl bir sirr pıçıldamışdı.
Xəbər kəndə çatan kimi camaat axışdı. Hacı Fəttah atın belində, digərlərindən yuxarıda gəldi. O, atından düşmədi. Sadəcə əyilib cəsədə baxdı. Səlimin cır-cındır paltarı, sümükləri çıxmış sinəsi, qaralmış dərisi Hacının üzünü turşutmasına səbəb oldu. Cibindən ətirli dəsmalını çıxarıb burnuna tutdu.
-Heyif, -dedi Fəttah. Səsində kədərdən çox, itirilmiş bir əşyaya duyulan heyfslənmə vardı. - Savadlı adam idi. Səsi də gözəl idi. Amma iradəsi zəif çıxdı. Şeytanın vəsvəsəsinə uyub özünü bu günə saldı.
Yanındakı kəndlilər başlarını yellədilər: - Düz deyirsən, Hacı. Yazıq, ağlını itirdi. İsti evini, hazır ruzisini qoyub daşların arasında can verdi. Allah günahından keçsin.
Baqqal Məmməd irəli çıxıb Səlimin açıq qalmış gözlərini bağlamaq istədi. -Dəymə! - Bu səs qayanın arxasından gürultu kimi gəldi. Hamı diksindi. Dəli Qasım bir qayanın üstündə oturmuşdu. Əlindəki çomağı yonurdu. Aşağı düşmədi, camaata qarışmadı. Yuxarıdan, sanki başqa bir aləmdən danışırdı.
- Onun gözlərini bağlama, Məmməd. O, sizin görmədiklərinizi görür. Qoy baxsın.
Hacı Fəttah istehza ilə güldü: - O ölüb, Qasım. Ölü heç nə görə bilməz. Sən də onun kimi ağlını itirmisən deyəsən.
Qasım çomağı yerə qoydu. Gözlərini Hacıya dikdi. -Ölü sizsiniz, Hacı. Siz bu aşağıda, o palçıq evlərinizdə, qızıl sandıqlarınızın içində hər gün ölüb dirilirsiniz. Nəfəs alırsınız, amma yaşamırsınız. Yeyirsiniz, amma doymursunuz.
Əli ilə Səlimin donmuş cəsədini göstərdi:- Bu adam acından ölüb, amma bax, üzü gülür. Sən heç qızıllarını sayanda belə gülmüsənmi, Hacı? Bu adam buzun içindədir, amma sən kürkünün içində titrəyirsən.
Hacı Fəttahın üzü qızardı. Atının cilovunu dartdı. - Boş-boş danışma, səfil! Cənazəni götürün, aparaq yuyub basdıraq. Bəlkə torpaq günahlarını təmizləyər.
Kəndlilər Səlimin cəsədini çiyinlərinə alıb aşağı, kəndə doğru enməyə başladılar. Onların səsi, ayaq səsləri, Hacının atının kişnərtisi yavaş-yavaş uzaqlaşdı. Kənd öz "itmiş övladını" geri aparırdı – onu yenidən torpağa gömmək, üstünə daş qoymaq və unutmaq üçün.
Qasım tək qaldı. O, Səlimin uzandığı yerdə ərimiş qarın yaratdığı kiçik gölməçəyə baxdı. Günəş orada əks olunurdu.
- Get, Mirzə, -dedi Qasım yavaşca. - Onlar sənin bədənini apardılar, amma "səni" apara bilmədilər. Sən artıq bu dağsan, bu küləksən.
Qasım dərin bir nəfəs aldı. Yaz havasının təmiz, dirildici qoxusunu ciyərlərinə çəkdi. Sonra üzünü kəndə yox, daha yuxarıya, Səlimin də çıxmadığı ən uca zirvəyə tutdu. Çomağını götürüb yavaş-yavaş yuxarı dırmaşmağa başladı.
Aşağıda isə kənd, öz kiçik qayğıları, böyük yalanları və bitməyən ticarəti ilə birlikdə tüstüləməyə davam edirdi. Külək isə dağlardan əsərək dərəyə bir həqiqəti pıçıldayırdı, lakin aşağıda onu eşidən kimsə qalmamışdı.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!