Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 10-04-2026, 22:00
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadəqoğlu Musayev
(Göygöl rayonu)



Küləyə Pıçıldanmış Həqiqət

Əvvəli linkdə...
https://butov.az/edebiyyat/55773-kuly-pcldanm-hqiqt.html
-Hansı əziyyətdən danışırsan, Zeynəb? -Səlimin səsi otağın divarlarına çırpılıb geri qayıdırdı. -Hacı Fəttahın tərəzisinə əlavə etdiyi o daşları görməyib göz yummağımızdanmı? Baqqal Məmmədin borc dəftərində rəqəmləri böyüdəndə mənim susmağımdanmı?
Zeynəb nəsə demək istədi, amma Səlim əlini qaldırıb onu susdurdu.
- Biz əziyyət çəkməmişik, biz sadəcə başqalarının əziyyətini süfrəmizə aş eləmişik. Sən o "isti evimiz" dediyin bu divarların hər kərpicində neçə yetimin haqqı, neçə dul qadının göz yaşı olduğunu bilmirsən? Bu gün məsciddə Kərimin palçıqlı dizlərini görəndə anladım ki, o palçıq əslində mənim ruhuma yapışıb. Mən o çirkabı yumaq üçün gecikmişəm, Zeynəb. Amma bu saxta cənnətdə çürüməyəcəyəm.
Zeynəb divara söykəndi. Səlimin sözləri ona plovun buğundan daha ağır, daha boğucu gəldi.
-Sən nə danışırsan?.. -Zeynəb hıçqırdı. - Hamı belə yaşayır. Dünya belə qurulub!
- Dünya belə qurulmayıb, Zeynəb. Dünyanı biz belə qurmuşuq. Mən o dünyanı bu gün məscidin qapısında qoyub gəldim. Sən o dünyada qal, mən isə özümü axtarmağa gedirəm. Bəlkə o şaxtada, o palçıqda, o tənhalıqda Allahı tapdım. Çünki bu zəfəran qoxulu evdə O, çoxdan yoxdur.
Zeynəb cavab vermədi. Sandığı açdı. Ən dibdən, güvə yemiş, köhnə yun çuxasını çıxardı. Bu paltar onun gəncliyinin – hələ yalan danışmağı öyrənmədiyi vaxtların yadigarı idi. Səlim bahalı əbasını – o saxta ehtiramın son nişanəsini – yerə, ağ sarığın yanına atdı. Köhnə çuxasını çiyninə salıb qapıya yönəldi. Artıq arxasına baxmağa nə ehtiyacı, nə də cəsarəti qalmışdı.
Zeynəb qapının ağzını kəsdi. Ağlayırdı, amma bu göz yaşları həm də qəzəbdən idi. - Getmə! Çöldə qiyamətdir! Donub öləcəksən! - ərinin qolundan yapışdı, dırnaqları çuxanın yununun içinə keçdi. - Bəs mən? Mən camaatın üzünə necə baxacağam? "Mirzənin arvadı" deməyəcəklərmi mənə?
Səlim onun əllərini yavaşca qolundan ayırdı. Zeynəbin əlləri isti və yumşaq idi. Bu istilik ən böyük tələ idi.
-Sənə heç kim heç nə deməyəcək, Zeynəb. Amma mən... -Səlim qapını açdı. Çöldən gələn soyuq hava içərinin istiliyi ilə toqquşdu, ani bir duman yarandı. — Mən bu istilikdə çürüyürəm. Mənə şaxta lazımdır ki, ruhumun qurd-quşu ölsün.
-Qayıtmayacaqsan? -Zeynəb çarəsizliklə soruşdu.
Səlim arxasına baxmadı. Sadəcə qısa bir an dayandı. - Qayıdan o adam olmayacaq, Zeynəb. O adamı bu qapının ağzında basdırdım.
O, qaranlığa qarışdı. Zeynəb açıq qapının ağzında qaldı. Evin istisi çölə qaçır, çölün soyuğu içəri dolurdu. Amma o istiliyin artıq heç bir mənası qalmamışdı.
IV Hissə: Palçıq İçindəki Nur
Kənd geridə qalmışdı. Evlərin pəncərələrindən süzülən sarı işıqlar indi uzaqda sayrışan canavar gözlərinə bənzəyirdi. Səlimin bahalı çəkmələri palçıqlı qara batıb ağırlaşmışdı, amma o, dayanmırdı. Kəndin kənarında, çayın o tayındakı köhnə dəyirmanın xarabalıqları bir qaraltı kimi görünürdü. Səlim içəri girəndə burnuna kəskin rütubət, yanmış odun və nəm heyvan qoxusu vurdu. Bu qoxu məscidin gül suyu və buxur qoxusundan o qədər fərqli, o qədər “çiy” idi ki, Səlimin başı hərləndi.
Dəyirmanın damı çoxdan uçmuşdu, ulduzlar içəriyə baxırdı. Küncdəki ocağın qırağında bir qaraltı tərpəndi. Bu, Dəli Qasım idi. O, ocağa odun atmırdı; sanki ocaqla söhbət edirmiş kimi əlindəki quru budaqları bir-bir əzizləyib alova buraxırdı. Yanında böyük, tükləri bir-birinə yapışmış bir çoban iti uzanmışdı.
Səlim bir addım atdı. Ayağının altındakı daş xırçıldadı. İt dərhal başını qaldırdı. Xırıltılı bir səslə hürdü, dişlərini qıcadı.
- Sakit! - Qasımın səsi qırıq-qırıq, paslı metal kimi çıxdı. O, başını qaldırıb Səlimə baxmadı, sadəcə alova baxaraq danışdı. - O səni tanımır, Mirzə. Səndən hələ "insan" iyi gəlmir. Səndən qorxu iysi gəlir, yalan iysi gəlir. İtlər yalanı sevmir.
Səlim donub qaldı. Soyuqdan dişləri bir-birinə dəyirdi.- Mən... mən Mirzə deyiləm artıq, Qasım. Mən qaçdım.
Qasım qəfil qəhqəhə çəkdi. Bu gülüş xarabalıqda elə əks-səda verdi ki, sanki divarlar da ona qoşuldu. Çevrilib Səlimə baxdı. Qasımın üzü hisə bulanmışdı, saç-saqqalı bir-birinə qarışmışdı. Amma gözləri... o gözlərdə elə bir itilik vardı ki, Səlim özünü rentgen şüası qarşısındakı kimi hiss etdi.
- Qaçdın? - Qasım ayağa qalxdı, əynindəki cırıq pəl-pəltələri düzəltdi. Səlimə yaxınlaşdı, düz burnunun ucuna qədər gəldi. - Sən qaçmadın, sən sadəcə yerini dəyişdin. Məsciddəki xalçadan qaçıb, buradakı palçığa gəldin. Amma içindəki o "ağa" hələ də sağdır. Bax, duruşundan bəllidir. Hələ də gözləyirsən ki, sənə "xoş gəldin" deyim, yer göstərim. Qasım qəfil əlini uzadıb Səlimin çiynindəki nimdaş çuxanı dartdı. - Bu nədir? Kasıb libası geyinmisən ki, Allah səni tanısın?- Qasım istehza ilə başını buladı.- Allah paltara baxmır, Səlim. O, dərinin altına baxır. Sən hələ də "mənəm-mənəm" deyirsən. "Mən qaçdım", "Mən tərk etdim". Hər cümlənin başı "Mən"dir.
Səlimin dizləri taqətdən düşdü. Soyuq və Qasımın sözlərinin ağırlığı onu yerə yıxdı. Dizinə soyuq, yapışqan palçıq toxundu. Əllərini yerə dayadı. O an, illərdir təmiz saxladığı, hər gün dəfələrlə yuduğu o ağ əllərin qara palçığa batdığını gördü.
-Bax, - dedi Qasım, onun yanına çömələrək. Yerdən bir ovuc palçıq götürüb ovcunda sıxdı. Qara su barmaqlarının arasından süzüldü. -Həqiqət budur. Çirkli, soyuq, amma həqiqi. Məsciddəki o qızılı naxışlar, o təmiz divarlar... onlar hamısı sizin uydurmanızdır. Allahı təmizliyə həbs etmisiniz. Amma O, buradadır. Bu çürümüş yarpaqda, bu itin bitli xəzində, sənin o titrəyən qorxaq ürəyində.
İt yavaş-yavaş Səlimə yaxınlaşdı. Əvvəl burnunu uzadıb iylədi, sonra xırıltısı kəsildi. Səlimin palçığa bulaşmış əlini yaladı. İtin dili isti və kələ-kötür idi. Bu sadə təmas, Səlimin içindəki sonuncu bəndi də qırdı. O, hönkür-hönkür ağlamağa başladı. Bu, Hacı Fəttahın məclisindəki saxta ağlaşma deyildi; bu, doğulan uşağın ilk fəryadı kimi təmiz və ağrılı idi.
Qasım ona toxunmadı, təsəlli vermədi. Yenidən ocağın başına qayıtdı.- Ağla, - dedi ocağı qarışdıraraq.- Ağla ki, içindəki o "Mirzə" yuyulub getsin. Sabaha qədər ölməsən, bəlkə yaşayarsan.
Qasımın daxmasında, ocağın zəif işığında Səlim gözləri ilə divara zillənmişdi. Çöldə quduzlaşmış külək daxmanın qapısını döyür, sanki onu geri - o yalançı istiliyə çağırırdı. Amma Səlimin daxili dünyasında başqa bir fırtına qopmuşdu. Gözlərini yumanda illər əvvəlki bir payız günü canlandı.
Həmin gün Hacı Fəttahın yanına kəndin ən kasıb ailələrindən olan Dul Səkinə gəlmişdi. Səkinənin əri vəfat edəndə Fəttah "borc" adı ilə onların tək gəlir mənbəyi olan kiçik bağçanı əllərindən almışdı. Səkinə məscidin həyətində Mirzə Səlimin ayaqlarına qapanmışdı: "Mirzə, sən Allah adamısan, sən de, bu haqdırmı? Yetimlərin boğazından kəsilən o torpaq Fəttaha halaldırmı?"
Səlim o günü xatırladıqca barmaqları titrədi. O zaman Hacı Fəttah kənardan ona baxıb gülümsəyirdi – o gülüşdə həm təhdid, həm də növbəti ay Səlimin evinə göndəriləcək un çuvalının vədi vardı. Səlim isə başını aşağı salıb pıçıldamışdı: "Bacı, ruzi verən Allahdır. Hacı qanunla hərəkət edir, səbir elə, Allah sənə başqa qapı açar..."
İndi, bu soyuq dəyirmanda o "səbir" kəlməsi Səlimin qulaqlarında bir lənət kimi səslənirdi. O, Allahın adından istifadə edərək bir zülmə möhür vurmuşdu. Səkinənin o çarəsiz baxışları indi daxmanın qaranlıq künclərindən ona baxırdı.
- Mən rəhbər deyildim,- Səlim pıçıldadı, səsi soyuqdan titrədi. -Mən sadəcə quldarlığın mühafizəçisi idim. Dini xalq üçün yox, Hacı Fəttahın xəzinəsi üçün qalxan eləmişdim.
Qasım ocağa bir odun da atdı. Alovun rəqsi Səlimin üzündəki peşmanlıq qırışlarını daha da dərinləşdirdi. Səlim anladı ki, dondurucu şaxta onun bədənini öldürsə də, bu xatirələr ruhunu çoxdan çürüdüb. O, təmizlənmək üçün gəlmişdi, amma keçmişin palçığı bədənindən deyil, birbaşa ruhunun qatlarından sızır, onu içəridən boğurdu.
"Məni bağışlama, Səkinə bacı," -deyə daxilində inlədi. "Çünki mən özüm-özümü bağışlaya bilmirəm."
Gecə boyu külək dəyirmanın daşlarına layla çalan kimi uğuldadı. Səlim ocağın istisindən uzaqda, küncdə, itin yanında qıvrılıb yatdı. Palçıq quruyub üzünü dartırdı, paltarı nəm idi. Amma həyatında ilk dəfə idi ki, yuxusunda cənnəti, huriləri və ya cəhənnəm əzabını görmürdü. Yuxusunda sadəcə geniş, ucsuz-bucaqsız, səssiz bir qar düzü görürdü. Və o düzdə heç kim yox idi. Hətta özü də.
Səhər açılanda Qasım yox idi. Ocaq sönmüşdü. Səlim ayağa qalxdı. Bədəni ağrıyırdı, amma beyni büllur kimi təmiz idi. Dəyirmanın yarıuçuq qapısından dağlara baxdı. Zirvələr ağappaq idi. Artıq ora qorxulu görünmürdü. Ora onun evi kimi görünürdü.
Səlim kəndə aparan yola bir dəfə də baxmadı. Üzünü o uca zirvəyə tutub addımlamağa başladı. İt bir müddət onun arxasınca baxdı, sonra quyruğunu bulayıb xarabalıqdakı yerinə qayıtdı.
________________________________________
V Hissə: Əbədi Sükutla Görüş
Zaman anlayışı itmişdi. Günlər günəşin doğuşu ilə yox, kölgələrin uzanıb-qısalması ilə ölçülürdü. Səlimin sığındığı mağara yer üzündəki bir dəlik deyil, dağın açılmış ağzı idi; sanki dağ onu udmuş, öz bətnində yenidən formalaşdırırdı.
Davamı var...
"Bütöv Azərbaycan" qəzeti
10 aprel 2026


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!