Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 8-05-2026, 10:46
Mühacirlik həyatının real mənzərələri


Mühacirlik həyatının

real mənzərələri


Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tədqiqatçı-jurnalist Rəhman Salmanlı (Həsənov) iyirminci əsrin 20-30-cu illərində repressiya dövrünə bağlı bir sıra dəyərli əsərlərin müəllifi kimi də tanınır. Onun “Mühacir komissarın həyat dramı” (Memuar) kitabı da (Bakı, “ÇapArt”, 2025) bu silsilədən olan əsərdir. Burada Şəmkir rayon Zəyəm qəsəbə sakini olmuş Həbib Həsən oğlu Seyidovun keşməkeşli həyat yolundan bəhs açılır. Elinə-obasına, xalqına, torpağına – vətəninə sədaqətlə xidmət edən Mirhəbib Seyidov ona tapşırılan bütün işlərin – vəzifələrin öhdəsindən layiqincə gəlsə də, o dövrün qaragüruhçu qüvvələri onu da şərləyib – böhtana salmaqla aradan götürmək istəyirlər. Məlum repressiya maşınının məngənəsindən xilas olmaq üçün Həbib Həsən oğlu haqsız yerə saxlandığı həbsxanadan və ölüm gözləyən kabusdan xilas olmaq üçün qaçıb canını qurtarmaq, mühacir həyatı yaşamaq yolunu seçir. Müəllif əsərin lap başlanğıcından hadisələrin hansı zəmində qurulub inkişaf etdiriləcəyini belə təqdim edir:
“Həbib Seyidov Gəncə qəzasının Şəmkir nahiyəsində gənclərin hərbi xidmətə çağırışı, həbelə qaçaqların yerinin öyrənilməsi, onlarla gizli alaqəsi olanların aşkar edilməsi ilə məşğul olurdu. Sovet quruluşunun ilk on ili idi. Böyük səlahiyyətlər sahibi Həbib camaatla səmimi rəftar edər, haqsız işə heç vaxt qol qoymazdı. Tanınmış qaçaq, özünün dediyi kimi, "aldanaraq bolşeviklərə qoşulan" Samuxun Çobanabdallı kəndindən olan Mansurun iştirakı ilə Qaçaqlarla Mübarizə Dəstəsinin sıralarında dəfələrlə Kürqırağı ormanlarda olmuşdu. Axtarışında olduğu Şəmkir qaçaqlarının başçısı Ramazan oğlu Rüstəmlə, onun qardaşı, məşhur qaçaq Təhməzlə 1918-ci il "Eşelon davası"ndan, erməni hücumlarının qarşısını almaq məqsədilə yaradılan özünümüdafiə dəstələrinin işi, ən nəhayət, Gəncə üsyanındakı fəaliyyətləri ilə yaxşı tanış idi. Quruluş dəyişsə də, onların istəyi dəyişməmiş, əksinə, daha sədaqətli əqidə dostluğuna çevrilmişdi ... Yeni quruluşun adamları ilə işləsə də, daxilən əvvəlki quruluşun, Milli hökumət qurucularının tərəfində idi.
Həbib Seyidov rayon milis şöbəsinin rəisi təyin olunmamışdan əvvəl də eşitmişdi ki, Dövlət Siyasi İdarəsi Şamxor rayon şöbəsinin əməkdaşı Xocayev erməni əsillidir, maskalanaraq bəzi adamlara özünü bolşeviklərin düşməni kimi tanıtdırır, yeni quruluşu qəbul etməyənlərə Milli Hökumət tərəfdarlarını dəstəklədiyini bildirir, bununla da müəyyən qrup dəstə başçılarının, bəzi el-oba ağsaqqallarının etibarından sui-istifadə edərək onları gizli şəkildə etirazlara, üsyana, terrora istiqamətləndirir. Yerli müsəlman əhalini məqsədli şəkildə qırğına, sürgünə, həbsxanalara sürükləyərək, onların var-dövlətini ermənilərlə birgə talan edir. Ən nəhayət, Azərbaycan Cümhuriyyətinin parlaman üzvü olmuş məşhur əksinqilabçı Hacı Əhmədi aldadaraq ona yeni quruluşun əleyhinə "Allahlılar partiyası" yaratmasında, onları üsyana təhrik etməsində və s. bu kimi işlərdə böyük rolu var.
Gizli işlər qəhrəmanı Xocayevin fəaliyyətindən Həbib Seyidovun məlumatlı olduğunu onunla düz yola getməyən, azərbaycanlıların qatı düşməni Siyasi İdarənin rəisi Vasiliy Yakofidi yaxşı bilirdi. Odur ki, məxfi əməllərinin üzə çıxacağından ehtiyat edən V.Yakofidinin təşəbbüsü ilə rayon polis şöbəsinin 32 yaşlı rəisi Həbib Seyidov, "xalq düşməni" damğası vurulmaqla, respublika Xalq Daxili İşlər Komissarlığı (XDİK; rusca -NKVD) Dövlət Siyasi İdarəsinin (DSİ; rusca - QPU) Şamxor rayon şöbəsi tərəfindən 4 iyun 1933-cü ildə həbs edilir. Lakin Həbib Seyidov beş gün sonra, 9 iyun 1933-cü ildə güllələnmək üçün qatarla Bakıya yatab ediləcəyi axşamı həbsxanadan qaçmağı bacarır.” (səh. 3-4)
Əslində bu cür başlanğıc hissə müəllifin əsərin ümumi məzmununu bəri başdan oxuculara xülasə şəklində çatdırması xarakteri daşımaqla oxunulacaq əsərlə mühüm tanışlıq yaradır. Belə ki, əsərin əsas qəhrəmanı olan Mühacir komissarın – Həbib Seyidovun ölkədə hansı mürəkkəb ictimai-siyasi şəraitdə işləməsini və daxili düşmənlərin ona necə tor qurduqlarını diqqət mərkəzinə çəkən tədqiqatçı-jurnalist Rəhman Salmanlı bununla yazacağı memuar tipli əsərin ümumi ekspozisiyasını vermiş olur. Hadisələrin sonrakı inkişafı məhz bu məcrada cərəyan edir.
Kitabı həyəcansız oxumaq mümkün deyil. Xüsusən də, bilirsən ki, baş verən hadisələr tarixi xronikaya əsaslanır, canlı insan həyatından, təkcə bir insan yox, bir nəslin – XX əsrin əvvəllərində yaşamış nəslin həyatından söhbət gedir. Başqa sözlə, bədii təxəyyüldə yazıçının fantastik olaraq yaratdığı romantik insanların yox, real dünyamızın insanlarının həyatının ustalıqla təsvirə gətirildiyi bu əsərdə soydaşlarımızın üzləşdikləri müsibətli illər kitabın vərəqləri arasından boy göstərir, oxucunu hədsiz dərəcədə mütəəssir edir.
Müxtəlif vəzifələrdə ləyaqətlə işləmiş, camaat arasında komissar kimi tanınan Həbib Seyidovun yaxşılığı keçmiş, köməkliyi dəymiş insanların sayəsində türmədən qaçması və ətrafında daldalanacaqlar tapıb gizlənməsi, onu tapmaq üçün axtarış aparmaları və s. kimi epizodları həyəcansız oxumaq mümkün deyil. Bir oxucu kimi həmin səhnələri oxuyanda çox təsirləndim, 1993-cü ilin qanlı-faciəli günləri təkrar beynimdə canlandı. Bir hərbçi kimi ermənilərin caynağından qaçıb qurtararkən eynilə həmin vəziyyətlərə düşdüyümü və buna bənzər anları yaşadığımı xatırladım. Eyni zamanda özlüyümdə belə bir qənaətə gəldim ki, görünür, xüsusi seçilmiş insanlar var ki, çətin və təhlükəli anlarda Uca Tanrı onlardan nəzərlərini çəkmir, onlara qurtuluş yolları açıb xilas edir. Məhz seyid Mirhəbib Həsən oğlu Seyidov da əsərin səhifələrindən öyrəndiyimiz kimi, həbsxanadan qaçıb Türkiyə ərazisinə adlayana kimi uzun və məşəqqətli zillətlər ayaqlayır. Dəfələrlə tutulma və ölüm təhlükələri ilə üzləşsə də, Ulu Yaradan ona yardımçı olur, sağ-salamat sərhədi keçməyə nail olur.

Əbəs deyil ki, Rəhman Salmanlı əsəri “Mühacir Komissarın həyat dramı” adı ilə təqdim edir və 4 hissədən ibarət bu tarixi romanın ilk hissəsini də elə əsərlə eyni adda verir. Bu adda bir neçə incə məqama işarə var. Seyid, Mirhəbib, eləcə də vəzifəsilə bağlı həm də komissar adı ilə tanınıb adlandırılan Həbib Seyidov ilk vaxtlar komissarlıqda işlədiyindən, camaat arasında bu vəzifəyə müvafiq olaraq komissar kimi də tanınır. Buna görə də müəllif kitabın adını baş qəhrəmanın el-oba arasında komissar kimi tanınması ilə bağlı belə qoyub. İkincisi, burdakı “həyat dramı” ifadəsi də tamamilə məntiqəuyğun səslənir. Belə ki, Həbibi qəsdən vəzifədən vurdurmaq üçün daxildəki düşmənlər onu o vəzifədən bu vəzifəyə, bu vəzifədən digər vəzifəyə keçirdirlər ki, romanın 1-ci hissəsində bunlar xırda təfərrüatlarına kimi əksini tapıb. Yəni dram əsərində aktyorlar müxtəlif rolları oynadıqları kimi, Həbibin də həyatı bir drama – tamaşaya bənzəyir, rol oynayırmış kimi ona tez-tez ayrı-ayrı vəzifələr tapşırılır. Ancaq bütün bunlara rəğmən Həbib Seyidov ona həvalə olunan bütün işlərin öhdəsindən layiqincə gəlir, ona tapşırılan dramatik vəzifələrin hamısını vicdanla yerinə yetirir. Lakin canlı həyatı bir drama bənzəyən ”komissar” – Həbib Seyidov erməni-rus fitvasının güdazına gedir, bu səbəbdən də o, qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır.
“Milis rəisinin Hacı Əhmədlə görüşü” adı ilə təqdim olunan hissədən bir parçaya diqqət etmək kifayətdir ki, Həbib Seyidovun bacarıqlı və öz işini sədaqətlə icra edən birisi olduğu, ancaq daxili düşmənlərin ona tor qurmaq üçün necə hiylə işlətdikləri görünsün:
“Hacı Əhməd Nuruzadə hətta Xocayevin məsləhəti ilə bölgədə çox böyük nüfuza və tərəfdaşa malik "Allahlılar partiyası" yaratmışdı. Xocayev Hacı Əhmədi tam əmin etmişdi ki, xalqı qələbəyə doğru aparan mübarizə yolunda "Allahlılar partiyası"nı ən böyük dövlətlər dəstəkləyir. Məqamında Rusiyadan da bir çox hərbçilər, generallar bu qələbəyə qatılacaq, bununla da bütün millətlər, ilk növbədə azərbaycanlılar hürriyyətə qovuşacaqlar, ən başlıcası Kommunist Partiyası birdəfəlik məhv ediləcək. Odur ki, azərbaycanlıların soyqırımına dövlətin əli ilə bu formada zəmin hazırlayan erməni Xocayev Azərbaycan Dövlət Siyasi İdarəsi Şamxor rayon şöbəsinin rəisi, ermənipərəst, azəri türklərinin bir nömrəli düşməni Vasili Yakofidi ilə məsləhətləşərək tez-tez bu kəndə gizli gedir, Hacı Əhmədlə görüşüb onu və partiya üzvlərini yeni quruluşa qarşı daha qətiyyətli olmağa səsləyir, kolxoz quruculuğunun əleyhinə getmək, bolşevik rejimi rəhbərlərinə terror və cinayətlər törətmək üçün təlimatlandırırdı.
Rayon milis şöbəsinin yeni rəisi Həbib Seyidov bütün bunları və digər bu kimi məsələləri dəqiq bildiyindən, vəziyyətin məmləkət və əhali üçün çox faciəvi olacağı gözlənildiyindən Hacı Əhmədlə görüşməyi lazım bilir. Buna görə əvvəlcədən təşəbbüs edir. Yaxınlarına söyləyirmiş ki, şərtləşdiyimiz kimi, görüş gizlin sövdələşmədən sonra, iyulun 25-də onun yaxın tanışı vasitəsilə baş tutdu. Zəyəm stansiyasından atla Düyərli kəndinə Hacının evinə getdim. Gecə saat 11-ə yaxın idi. Hacı Əhməd əmi məni çox səmimi və gülərüzlə qarşıladı. Əvvəl təzə dəmlənmiş samovar çayı içdik, olub-keçənlərdən söhbət etdik.” (s. 54-55).
Göründüyü kimi, Həbib Seyidov gənc olsa da, el-oba arasında öz nüfuzu, fərasəti ilə seçilən – fərqlənən şəxs olub. Dövlət işində olsa belə, hökumətdən qaçaq düşənlərlə də görüşüb dil tapmağı bacarır. Ancaq belə bir bacarıqlı və qabiliyyətli insanın qədrini bilmirlər, onu ölkədən qaçaq salırlar və “Azadlığın ilk günü” adı ilə verilən kitabın 2-ci hissəsində də biz Həbib Seyidovun – mühacir komissarın Türkiyə ərazisinə keçdikdən sonra da dramatik bir həyata uğraşdığını görürük. Bu vilayət sənin, o vilayət mənim – sanki burdan ora, ordan bura, yəni demək olar ki, Türkiyənin hər yerini gəzdirirlər, ona “kommunist”, casus damğası vurdurmaq istəyirlər. Görünür, nacins adam harda olmasından, istər vətənində olsun, istər qürbətdə – asılı olmayaraq, hər yerdə öz nacinsliyini göstərməlidir. Türkiyədə, Qarsda da ona vətəndən Həbib kimi qaçqın düşüb gələn öz həmyerliləri tor qurmaq istəyirlər, yalandan onun kommunist olması haqda ifadə verirlər. Bu şər-böhtanla da mühacir komissarı süründürürlər, aylarla yersiz sorğu-suallara çəkirlər və Azərbaycanda olduğu kimi Türkiyədə də dramatik həyat keçirməyə məcbur olur. Məhz bu nöqteyi-nəzərdən də kitabın adındakı “həyat dramı” ifadəsi öz yerini alır. Bir sözlə, Həbib Seyidovun bütün həyatı elə doğrudan da dram janrındakı kimi daim dramatik bir durumda keçir, istər Azərbaycanda, istərsə də Türkiyədəki mühacir həyatında daim gərgin iş rejimi ilə müşayiət olunan dramatik bir ömür içində yaşayıb¬ – fəaliyyət göstərir. O ki qaldı Azərbaycanda komissar deyə çağırılan Həbibin adının əvvəlinə “mühacir” ifadəsinin əlavə olunmasına, bu da onun öz ölkəsindən başqa ölkəyə – Türkiyəyə köçməsi – mühacirət etməsi faktını özündə əks etdirir. Hətta mühacir sözü ilə bağlı bir faktı da deyim ki, mənim yaşadığım Cəbrayıl rayonunun Dağtumas kəndində bir Həsən kişi vardı ki, onun atası da vaxtilə Türkiyəyə köçdüyündən – mühacirət etdiyindən, camaat arasında ona Mühacir oğlu Həsən deyirdilər. Yəni atasının adını birbaşa mühacir sözü ilə dəyişdirib əvəz etmişdilər el arasında. Bu məntiqdən yanaşdıqda “Mühacir komissarın həyat dramı” adı çox uğurlu və məntiqəuyğun bir ad olub, əsərin əsas qəhrəmanının və eləcə də əsərin əsas ruhunun ifadəçisi kimi özünü büsbütün təsdiqləyir. Bir sözlə, biz əsər boyu yurdundan-yuvasından perik düşmüş mühacirət etmiş bir komissarın həyatını dramatik mənzərələr fonunda izləyirik.
Yazıçı – tədqiqatçı Rəhman Salmanlı kitabın 3-cü hissəsi kimi təqdim etdiyi “Mühacir komissar pensiyada” bölümündə də Həbib Seyidovun həyat yolunu işıqlandırır, onun ölümündən bir neçə il əvvəl iki dəfə Türkiyədən doğma Azərbaycana qonaq gəldiyini də həzin, kövrək duyğular işığında nəql edir. Çox acı həyat dramı deyilmi: özünün doğulub-böyüdüyün el-obana, ölkənə yaşının ixtiyar çağlarında qonaq qismində gəlib ziyarət edib sonra da geriyə qayıdasan?!. İki adla – soyadla tanınasan – yaşayasan və bir-birindən ayrı düşmüş bir insanın iki parçası – bir canın ikiyə bölünmüş ayrı-ayrı hissələri kimi də həyatdan nisgilli köçüb gedəsən. Bu sonluğu müəllif kitabda qara şriftlə xüsusi şəkildə aşağıdakı kimi oxuculara təqdim edir:
“Azərbaycanda Həbib Seyidov, Türkiyədə Həbib Gǝncəl kimi tanınan mühacir komissar, xalqımızın, elimizin-obamızın vətənpərvər oğlu, millət təəssübkeşi oğlu Zahidi Bakıya yola salandan sonra qəfildən səhhətində problemlər yaşanır, bir gün ağrıyır, bir gün yaxşılaşır, bir gün yatır, bir gün gəzir. Nəhayət, dekabrın ortalarında İstanbuldakı Cərrahpaşa xəstəxanasında 10 gün müalicədən sonra, 11 dekabr 1979-cu ildə dünyasını dəyişir. Mühacir komissar Həbib Seyidov "Güngörən" qəbiristanlığında dəfn edilir. Qızları və yaxınları Şəmkirdən torpaq gətirib qəbrinin üstünə tökmüşlər.” (səh. 171)
İstər-istəməz ürəyimdən kitabın müəllifinə qarşı bu sızıltılı ricətlər gəlib-keçir ki, Rəhman müəllim, bu ağrılı-acılı həyat dramının giziltilərini necə yaza bildiniz ki, ürəyiniz partlamadı?!. Bir oxucu kimi mən bu kitabı çox üzücü təsirlənmələr yaşayaraq başa çatdıra bildim. Hələ üstəlik də kitabı “Bizim ellər yerindəmi?” adlı 4-cü hissə ilə də kövrək duyğular altında yekunlaşdırmısınız... Bu hissə poeziyamızdakı şairlərimizin “Durnalar” rədifli şerilərilə göydə uçan durnalardan yurdu – vətəni poetik bir dillə xəbər-soraq almaları müraciətinə bənzəyir. Siz bu bölümlə qayıdıb Həbibin gözləri – düşüncələri ilə vətən torpağına üz tutursunuz, Həbib Seyidovun Azərbaycanda qoyub getdiyi doğmalarının – əzizlərinin sorağına düşürsünüz. Axı o, vətənində – doğma Azərbaycanında iki həyat yoldaşını və onlardan doğulan balalarını, eləcə də digər əzizlərini qoyub getmişdi. Ancaq çox təəssüf ki, həyat yoldaşı Vəzuhə Məşədi Piri qızından olan Fəttah və Şamil adlı iki oğlunun ikisi də Böyük Vətən müharibəsində həlak olmuşlar: Əlbəttə, bütün bu kimi faktlar canlı və qanlı faciəli həyat hekayətləridir ki, bunları araşdırmaq – qələmə almaq yazıçıdan çox böyük zəhmət və təmkin tələb edir. Rəhman müəllim çox böyük fədakarlıq, cəsarət və mətin iradə sahibi olmaq sayəsində ölkəsindən mühacir düşmüş bir komissarın həyatının – konfliktoloji dram səciyyəli həyatının bütün səhnələrini – tərəflərini öyrənmiş və kinolenti şəklində reallıqları ilə əsərində təsvir etməyə nail olmuşdur. Bu kitab həm Mühacir Komissarın – Həbib Həsən oğlu Seyidovun özünün şəxsi həyat dramını sənədləşdirib yazıya almaqla onun xatirəsi işığında bir mənəvi abidə ucaltmaq missiyasını yerinə yetirməkdir, həm də Həbib Seyidovun timsalında XX əsrin 20-30-cu illərində repressiyalara məruz qalmış, mühacir həyatı yaşamağa məcbur qalanlarının hamısının ümumiləşmiş obrazını canlandırmaq məharətidir. Mühacir həyatı yaşamaq heç kəsin öz xoşu ilə olmur, üzüdönük zəmanənin insanları öz isti yuvasından perik salıb qaçmağa vadar etməsi nəticəsində ağla gəlməyən işlərin başa gəlməsi kimi ağrılı-acılı müsibətlərə yol açılır. R.Salmanlı yazıçı ustalığı ilə məhz bu kimi acı həyati gerçəklikləri təsvir edib oxuculara göstərmişdir. Yazıçı – tədqiqatçı Rəhman Salmanlıya bundan sonra da möhkəm iradə, cansağlığı və yazıb-yaratmaq uğurları arzulayıram!

Şakir Albalıyev
filologiya elmləri doktoru


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!