Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 8-05-2026, 18:13
Bu dəhşətləri yaxşı bilir Azərbaycan…


Bu dəhşətləri yaxşı

bilir Azərbaycan…



İkinci Dünya müharibəsi arxasında yalnız milyonlarla həlak olmuş insanı, dağıdılmış şəhərləri və sındırılmış insan talelərini qoymadı. O, ən əsas dərsi qoydu — təcavüzkarı sakitləşdirmək mümkün deyil və imperiya ambisiyaları heç vaxt öz-özünə dayanmaz. Məhz buna görə 8 may zəfər tarixi deyil, dərin xatirə və düşünmə günüdür.
Ukrayna İkinci Dünya müharibəsini ən böyük zərər çəkmiş ölkələrdən biri kimi yaşadı. Torpaqlarımız genişmiqyaslı döyüşlərin, işğalların, kütləvi repressiyaların və mülki əhalinin məhv edilməsinin meydanına çevrildi. O dəhşətli müharibənin faciələrini Azərbaycan xalqı da yaşadı. Ukraynalılar azərbaycanlılarla və digər xalqlarla birlikdə nasizmə qarşı vuruşdular, müqavimət hərəkatında iştirak etdilər, arxa cəbhədə çalışdılar, başqalarını öz həyatları bahasına xilas etdilər. Ukraynanın, Azərbaycanın və digər ölkələrin nasizm üzərində qələbəyə verdiyi töhfəni qiymətləndirmək mümkün deyil. Bizim ortaq mübarizəmiz olmasaydı, bu qələbə də olmazdı.
Müharibə başa çatdıqdan sonra ukraynalılar, təəssüf ki, azadlıq əldə etmədilər. Nasist işğalını sovet totalitar nəzarətinin bərpası, aclıq fəlakətləri, repressiyalar və Ukraynanın azad düşüncəsinin hər cür təzahürünə qarşı mübarizə əvəz etdi. Kreml onilliklər boyu miflər formalaşdıraraq onları öz hakimiyyətini və imperiya siyasətini legitimləşdirmək üçün istifadə etdi.
Müasir Rusiya bu yanaşmanı miras aldı və onu xeyli radikallaşdırdı. Nasizm üzərində qələbə yeni dövlət ideologiyasının əsasına çevrildi; burada tarixi yaddaş aqressiyanın, cəmiyyətin militarizasiyasının və qonşu dövlətlərin daxili işlərinə müdaxilənin bəraəti kimi istifadə olunur. Məhz beləliklə, raşizm formalaşdı — imperiya revanşizmini, müharibə kultunu, avtoritarizmi və digər xalqların öz yolunu seçmək hüququnun inkarını birləşdirən ideologiya.
Lakin Rusiyanın Ukraynaya qarşı artıq beşinci ildir davam edən və İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi münaqişəyə çevrilmiş müharibəsi Kreml üçün triumf deyil, onilliklər boyu Rusiya xarici siyasətinin üzərində qurulduğu bir çox miflərin dağılmasının başlanğıcıdır. Ukrayna yalnız tab gətirmədi, həm də resurs baxımından özündən qat-qat güclü olan təcavüzkara qarşı effektiv müqavimət göstərmək qabiliyyətini nümayiş etdirdi. Dünya gördü ki, Rusiya dövləti idarəetmə, hərbi logistika, texnoloji təminat və strateji planlaşdırma sahələrində sistemli problemlərə malikdir. Bütün bunlar Rusiyanın regional güc kimi təsirini tədricən zəiflədir.
Rusiya aqressiyası həmçinin Rusiya iqtisadiyyatının fundamental zəifliklərini üzə çıxardı. Uzun illər “texnoloji suverenlik” barədə səsləndirilən bəyanatlara baxmayaraq, Rusiya sənayesinin komponentlərdən, elektronika və proqram təminatından, eləcə də istehsal avadanlıqlarından nə dərəcədə kritik şəkildə digər ölkələrdən asılı olduğu aydın göründü. Hətta Kremlin “uğurlu idxalı əvəzləmə” nümunəsi kimi təqdim etdiyi Rusiya aqrar sektoru belə xarici toxum materialından, texnikadan və texnologiyalardan asılı olaraq qalır. Sənaye kompleksinin əhəmiyyətli hissəsinin köhnəlməsi və modernləşmə imkanlarının məhdudluğu Rusiyanın dünyadakı iqtisadi və siyasi mövqelərinə getdikcə daha çox təsir göstərir.
Bu fonunda Ukrayna nümunəsi son illərin ən mühüm beynəlxalq fenomenlərindən birinə çevrildi. Ukrayna göstərdi ki, dövlətin gücü yalnız silahların sayından və ya iqtisadiyyatın miqyasından asılı deyil. Həlledici rol cəmiyyətin birliyi, vətəndaşların məsuliyyəti üzərinə götürməyə hazır olması və dövlətin beynəlxalq koalisiyalar qurmaq qabiliyyətinə məxsusdur.
Məhz 24 fevral 2022-ci ildən sonra Ukrayna cəmiyyətinin konsolidasiyası müqavimətin əsas amillərindən birinə çevrildi. Könüllülük hərəkatı, qarşılıqlı yardım, ordunun dəstəklənməsi, yerli icmaların dayanıqlığı və effektiv diplomatik fəaliyyət XXI əsrdə milli səfərbərliyin unikal nümunəsini yaratdı.
Ukraynaya göstərilən güclü beynəlxalq dəstək də az əhəmiyyət kəsb etmədi. Dünya anladı ki, İkinci Dünya müharibəsi dövründə olduğu kimi, söhbət yalnız bir dövlətin digərinə qarşı apardığı müharibədən getmir, beynəlxalq nizamın zor gücü ilə dağıdılması cəhdindən gedir. Məhz buna görə Ukraynaya dəstək qlobal təhlükəsizlik məsələsinə çevrildi.
Azərbaycan Respublikasına bu yaxınlarda baş tutmuş tarixi səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müharibənin dəhşətlərini yaxşı bilən Azərbaycan xalqına Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən həmrəylik və ardıcıl mövqeyə görə səmimi təşəkkürünü bildirdi. Ukrayna dövlətinin başçısı Azərbaycanın Ukraynaya təqdim etdiyi 11 enerji paketi üçün minnətdarlığını ifadə etdi, həmçinin vurğuladı: “Ayrıca olaraq hörmətli cənab Prezidentə təşəkkür etmək istərdim ki, siz bizim uşaqlarımıza — sərhədyanı ərazilərdən olan, çox çətinliklər yaşamış və müharibədən zərər çəkmiş uşaqlara kömək etmisiniz. Bu cür dəstəyə görə təşəkkür edirəm. Siz 500-dən çox ukraynalı uşağımızı qəbul etdiniz. Bu humanitar dəstəyə görə təşəkkür edirəm.”
İkinci Dünya müharibəsinin tarixi öyrədir ki, təcavüzkara edilən güzəştlər heç vaxt uzunmüddətli sülh gətirmir. Əksinə, zəiflik və qətiyyətsizlik yalnız yeni cinayətləri təşviq edir. Bu gün Ukrayna bu dərsi dünyaya faktiki olaraq xatırladır və bunun üçün son dərəcə yüksək bədəl ödəyir.
Xatirə və Qələbə Günü yalnız keçmişlə bağlı deyil. Bu, müasir dünyanın gələcək qarşısında daşıdığı məsuliyyət haqqındadır. Tarixdən nəticə çıxarmaq və azadlığı təhlükə altına düşdüyü anda qorumaq bacarığı haqqındadır.
Bu gün Ukraynanın mübarizəsi yalnız öz ərazi bütövlüyü uğrunda müharibə deyil. Bu, həm də belə bir prinsip uğrunda mübarizədir ki, heç bir dövlətin güc yolu ilə sərhədləri yenidən müəyyənləşdirmək, digər xalqlara öz iradəsini sırımaq və ya cinayətləri “tarixi missiya” ilə əsaslandırmaq hüququ yoxdur.
Məhz buna görə Yaddaş və Qələbə Günü bizim üçün yalnız tarixi deyil, həm də müasir məna daşıyır. İkinci Dünya müharibəsi haqqında yaddaş dünyaya əsas həqiqəti öyrətməlidir: təcavüzkarı güzəştlər, laqeydlik və ya qorxu dayandırmır. Onu dayandıran birlik, qətiyyət və azadlığı müdafiə etməyə hazır olmaqdır.
Bu gün Ukrayna bu azadlıq uğrunda son dərəcə yüksək bədəl ödəyir. Lakin eyni zamanda məhz ukraynalılar dünyaya bəşəriyyətin 1945-ci ildən sonra artıq mənimsəməli olduğu dərsi xatırladır: ədalət olmadan sülh mümkün deyil, təcavüzkarın cəzasız qalması isə hər zaman yeni müharibəyə yol açır.

Yuri Qusev,
Ukraynanın Azərbaycandakı səfiri


Paylaş



Bölmə: Siyasət / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!