TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 14-04-2026, 10:48
Qərib sənətkar

Qərib sənətkar

Uzaqdan uzağa yaxşı tanıyırdım. Amma yaxın münasibətimiz yox idi. İlk dəfə yolumuz M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasının yanında kəsişdi. O vaxt AzTV-də işləyib, I Alatavada kirayədə qalırdım. İşdən çıxıb evə gedəndə qulağıma zurna səsi gəldi. Uşaqlıqdan öyrəşdiyim və kənd toylarında sevə-sevə dinlədiyim o səs məni yolumdan elədi. Bu o vaxtlar idi ki, sosializm deyilən ictimai-siyasi formasiya dağılmış, daşnak-erməni-rus faşizminin zülmü Qərbi Azərbaycan, Qarabağ və ətraf rayonlarda soydaşlarımızın növrağını pozmuş, 1 milyondan çox əhalimiz qaçqın, köçkün vəziyyətinə düşüb sərgərdan qalmışdı. Hər kəs balasına bir tikə çörək tapmaq üçün hər cəbrə qatlaşır, öz bacardığı işin qulpundan tutub axşama qədər çalışırdı.

Sənət adamları da bu qəbildən idi. Səhər-səhər sazı olan sazını, sözü olan sözünü götürüb evdən çıxır, Allahın yetirəcəyinə tapınıb yola düşürdü. Bu dəfə yolda gördüyüm tanınmış bir nəslin, Zəngəzur mahalına ün salmış bir şəcərənin nümayəndəsi idi. Görünür yuxarıda qeyd etdiyim sıxıntılar onu da yolqırağı yeməkxanalarda öz ifaçılıq məharətini göstərməyə vadar etmişdi. Yaxınlaşmaq, gözəl ifasını dinləyib yorğunluğumu çıxarmaq, adətimiz üzrə zurnasının ağzına nəmər taxmaq, bir az da dərdləşmək istədim. Amma niyyətim baş tutmadı...

O, aralıdan məni tanıyıb daldalandı. Mən də onun o məqamda keçirdiyi duyğusal hissləri duyub görməzdən gəldim. Yerin sahibinə yaxınlaşıb sənətkarın nəmərini və ismarıcımı özünə çatdırmasını xahiş elədim. Dedim,- o zurna ifaçısına de ki, onu yaxşı tanıyıram. Sovet riyaziyatçılarını, xüsusilə Ermənistandakıları kök altına salan riyaziyyat müəllimi Həsən Şəkərəliyevin oğlu Abbas müəllimdir. Özü halal çörəklə böyüyüb. İndi də ruhunu, nəfəsini xərcləyərək ailəsinə çörək pulu qazanır. Balalarına zəhməti ilə qazandığını aparmaqdan, süfrəsinə halal çörək qoymaqdan utanmasın. Qoy bizi çöllərə salanlar, növrağımızı pozub sərgərdan qoyanlar utansın!..
Aradan xeyli vaxt keçmişdi. Mənə bir zəng gəldi. Telefona cavab verdim. Telefonun o başındakı salam-kəlam eləmədən dedi:
-Müəllim, sənnən yayındığım üçün məni bağışla!
Əslində burda bağışlanası heç bir qəbahət yox idi. Bir məğrur müəllim öz ləyaqətinə qısılmış, qüruruna sığınmışdı ki, qaçqınlığın gətirdiyi zilləti, Qərbi Azərbaycan ziyalısının düçar olduğu əzab - əziyyətləri görən, duyan olmasın...
Abbasın doğulduğu Pürülü kəndi

Tanıtım: Şəkərəliyev Abbas Həsən oğlu 1948-ci il dekabrın 6-da Zəngəzur mahalının Qafan rayonunun Pürülü kəndində ziyalı ailəsində anadan olub. Atası riyaziyyat müəllimi, anası Saçlı xanım Əli qızı ibtidai sinif müəllimi idi. Abbas 1954-1962-ci illərdə Pürülü kənd 8 illik məktəbini, 1966-cı ildə isə Gığı kənd orta məktəbində on birinci sinfi bitirib. Elə həmin ildən Pürülü kənd məktəbində laboratoriya müdiri işləməyə başlayıb. Bir il sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Coğrafiya fakültəsinin qiyabi şöbəsinə daxil olaraq təhsilini davam etdirib.
Abbasın musiqiyə həvəsi o qədər güclü olub ki, məktəb illərində dərsdən kənar vaxt tapan kimi müstəqil olaraq ifaçılıq öyrənməyə çalışıb. Hətta boyu balaca olduğu üçün tay- tuşları sənin zurna çalmağa nəfəsin çatmaz,- deyiblər. Amma Abbas hamısının iddialarını alt-üst edərək sübut eləyib ki, onun nəfəsi nəinki zurna çalmağa hətta Zəngəzura, Qafqaza, Turan ellərinə ün salmağa da yetər.
Əmisi oğlu Arif Şəkərəliyevlə

O, öz inadkarlığı, səyi nəticəsində tütək, yastı balaban və qara zurna kimi nəfəs alətlərində çalmağı mükəmməl öyrənib. 20 yaşında rayonda musiqiçi kimi tanınmağa başlayıb. Toylara, bayram şənliklərinə dəvət alıb, Ermənistanda ümumrespublika festivallarında iştirak edib. 1976, 1979, 1982, 1983-cü illərdə uğurlu çıxışlarına görə Fəxri fərmanlarla təltif edilib.
1988-ci ilin qanlı deportasiyasına qədər, fasiləsiz olaraq həm pedaqoji fəaliyyətlə, həm də musiqi ifaçılığı ilə məşğul olub. Azərbaycana pənah gətirəndən sonra Bakı mühiti onun qarşısında yeni fəaliyyət üfüqləri açıb, sənətkarlıq imkanlarının üzə çıxmasına stimul verib. 1995-ci ilə qədər Abşeron rayonunun Əli Qulu Qışlaq natamam orta məktəbində müəllim işləyib. Amma musiqiyə, incəsənətə o qədər ürəkdən bağlanıb ki, müqəddəs müəllimlik peşəsinə sayğısızlıq etməmək üçün 47 yaşında məktəbdən ayrılıb.
Abbas müəllimin türk uluslarına məxsus nəfəs alətlərini toplayıb Azərbaycan avazına uyğun səsləndirməsi ümumtürk incəsənətinə verdiyi əvəzsiz töhfədir. Azərbaycanda qədimdən yayılmış zurnalar səs tembri və ölçülərinə görə cürə zurna, orta zurna və qaba zurna olmaqla təsnifləşdirilir. Abbas Şəkərəliyev isə deyirdi ki, hər sənətkarın öz sənət yolu olmalıdır və bu yolda özündən sonraya bir iz qoyub getməlidir. Mənim öz bəstələrim-5 melodiyam var. Abbası rəqsi, Yallı, Novruz gəlir, Ay dostlar və s.
O, dediyini əməli fəaliyyəti ilə təsdiqləmək, sənət yolunda iz qoymaq üçün musiqi alətlərindən təkcə ifaçı kimi istifadə etməyib, həm də onların təkmilləşdirilməsinə çalışıb. İncəsənətin, musiqinin çox sahələrində qabiliyyətini sınayıb. Özünün təbirincə desək, 5 cür xüsusi tembrli zurna icad edib. Bunları - böyük, bir az böyük, orta, kiçik, bala olmaqla öz adı ilə-Abbasçı adlandırıb.

Abbas Şəkərəliyev 1993-cü ildə Sidqi Mustafayevin dəvəti ilə “İrs” folklor ansamblına daxil olub. Əvvəlcə bayram şənliklərində iştirak edib. Ansamblın rəhbəri onun ustad sənətkar olduğunu görəndən sonra beynəlxalq tədbirlərə, xarici səfərlərə aparıb. 1998-ci və 2002-ci illərdə Türkiyədə keçirilən Uluslararası Festivallarda iştirak edərək Fəxri fərmanlara layiq görülüb. Sonra Tehrana dəvət alaraq bir neçə konsertdə iştirak edib.
Müxtəlif nəfəs alətlərində yüksək peşəkarlıqla ifa edən Abbas müəllim 1995-ci ildə “Cəngi” Pəhləvanlar Folklor Qrupuna dəvət alıb. Tez-tez müxtəlif hərbi hissələrə görüşə gedərək əsgərləri “Cəngi” üstündə torpaqlarımızı düşmən işğalından azad etməyə səfərbər edib. 2001-ci ildə qrupun tərkibində Fransaya Ümumdünya Festivalına gedərək, bir neçə şəhərdə çıxış edib. Sonra İngiltərənin paytaxtı Londonda çıxışları olub.
Ustad sənətkar dünyanın harasına getsə də ürəyi Azərbaycanla döyünür, öz milləti ilə nəfəs alırdı. Bakıda özünü daha rahat, daha xoşbəxt, daha gərəkli hiss edirdi. Zəngəzur mahalının əhalisi, xüsusilə öz camaatımız onun musiqisinə, ifa tərzinə o qədər öyrəşmişdilər ki, toylarda, ən xırda məclislərdə belə gözləri onu axtarırdı. O da bunu yaxşı bildiyi üçün musiqi alətini həmişə qoltuq cibində, ürəyinin başında gəzdirirdi.
Abbas qara zurnanı götürəndə sanki ifa etmirdi, cəng tuturdu, meydan sulayıb döyüşə çıxırdı, özünü mənən sənətinə fəda edirdi. İliklərinə qədər bütün sümükləri oynayırdı. O qədər emosional təsir bağışlayırdı ki, adam düşünürdü,-indicə alətin nəfəsliyini çeynəyib qıracaq. Əhatəsindəkiləri baxışları ilə nəzarətdə saxlayırdı. Dəmkeşini, nağaraçını bir an gözdən qoymurdu. Tamaşaçıya elə gəlirdi ki, ustad sağa, sola tərs baxışı ilə öz ansamblını, komanda yoldaşlarını şövqsüzlükdə, ruhsuzluqda ittiham edir. Onların da özü kimi cövlan etməsini istəyirdi.
Musiqi ifaçılığında kamilləşəndən, sənətdə şöhrətlənəndən sonra Abbas Şəkərəliyevi televiziya kanalları tez-tez studiyalara dəvət edirdi. Bir dəfə AzTV-nin həyətində rastlaşdıq. Şirin-şirin söhbət elədiyimizi görən dostum-parodiya ustası Həsən Cəbrayılov bizə yaxınlaşdı, hal-əhval tutandan sonra dedi:
Tamxil bəy, eloğlunuz Abbas “Cəngi”ni qara zurnada havalandıranda adamın damarlarında qanı coşur, bütün azərbaycanlıların və anadoluluların yaşadığı faciələri isə yastı balabanın iniltisiylə dilə gətirir. Ayrı-ayrı türk xalqlarına, əcnəbilərə məxsus olan neçə-neçə nəfəs alətlərini təkmilləşdirərək “türkcə danışmağa” məcbur edib.

Həmişə hamı ilə ünsiyyətdə mehriban olan dostumuzu bir dəfə az qala ağlayan gördüm. 2005-ci ildə İstambulda keçiriləcək Uluslararası Festivalda iştirak etmək üçün Türkiyəyə uçurduq. Təyyarəmiz Naxçıvana yaxınlaşanda onun şən çöhrəsi bir andaca kədərə büründü. Səbəbini soruşdum, dedi:
“Bax, doğma Zəngəzurumun üstündəyik, o görünən dağlar oymağım, həmdəmim, şiş qayalar sirdaşım olub. İndi o yerlərin həsrətindəyəm.”
Bəli, Abbas Şəkərəliyev gənclik illərində oymaq-oymaq gəzdiyi yaşıl yaylaqlar, Nağdalı yurdu, Kilədərə, Qaryalı, Daşbaşı, Çiçəkli, Meydanlar, Boğazyurd, Əriməz dağları, büllur sularından doya-doya içdiyi Yalçeşmə, Qırxlar bulağı və Gülü bulağının həsrəti sinəsini yandırırdı. Həzin, yanıqlı, bəzən üsyankar melodiyaları ilə nə qədər cəhd etsə də bu yanğını söndürüb, o həsrəti çöysüdə bilmirdi. Bəlkə də Vətən dərdini, yurd həsrətini musiqinin dililə ürəyi istədiyi kimi ifadə edə bilmədiyi üçün qələmə sarılıb. Düşünüb ki, yazanda yadına düşən xatirələrin nisgilindən içinə axan göz yaşı o ağrı-acını dindirə, o atəşi söndürə bilər. Elə ona görə də “Vətən həsrətimdir, ay ellər mənim”- deyib, haray çəkirdi:
Vətən dedim, dilim-ağzım qurudu,
Düşdüm qürbətlərə canım çürüdü,
Hicran məni dərdə, qəmə bürüdü,
Sənə gəlim, orda ölüm a dağlar!

Üzünü çəhlim-çəhlim gəzdiyi dağlara tutub, sizə gəlim, orda ölüm, a dağlar,- dedi. Fəqət gedə bilmədi. O böyük arzunu, o bitməyən həsrəti daşıyan ürəyi dərdin zorbalığına dözmədi, qəfil dayandı. Özü də nə zaman, harda, necə dayandı?!

...7 iyul 2022-ci ildə, “Həyat” şadlıq sarayında. Qardaşı oğlu Həsənin toyunda, həm də ürəyinin başında gəzdirdiyi könül sirdaşı- qara zurna əlində, toy adamlarını ehtizaza gətirən ifası zamanı...
O qədər coşqulu, o qədər ehtiraslı, o qədər emosiayalı çalırdı ki, həyəcandan ürəyi durdu. Hamıya elə gəldi ki, Abbas öldü. Amma o ölmədi. Bir andaca ruhunu ilahi sevdaya möhürləyib Haqqın dərgahına yolladı. Haqq sahibi də onu dərgahına alıb əbədiyyətə apardı. Böyük sənətkar əbədiyaşarlıq qazandı.
Abbas Şəkərəliyev ölməyib, o qara zurnanın səsində, Zəngəzur sənətsevərlərinin nəfəsində yaşayır. Onu tanıyanların, sənətkarlığına pərəstiş edənlərin yaddaşında yaşayır. Onu daimi xatırlayanların xatirələrində, dostlarının, doğmalarının qəlbində yaşayır. Toylarda çalınan Cəngilərdə, tutulan Yallılarda el-obamızın sevgidolu ruhunda yaşayır...
Sənətkar Ruhuna sayğılarla:

Tamxil ZİYƏDDİNOĞLU


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!