Ləman ABBASLI
BDU jurnalistika fakültəsinin
IV kurs tələbəsi
Kimdir Qonşumuz?Uşaqlıqdan yadımdadır ki, kiçiyindən böyüyünə qonşumuz Xatirə xalaya hər kəs hörmət edir, görəndə salam verməyə belə çəkinirdilər. Onu fərqli edənsə yalnız niqabı idi. Dinə bağlılığı həyat yoldaşından belə ayrılmasına, tək ömür sürməsinə səbəb olmuşdu. Amma o bununla xoşbəxt idi. Qonşular onu uşaqlarına misal gətirib dinə necə bağlı olmağımızı başa salırdılar. Sən deyən elə də çox get-gəlli biri deyildi. Dedim axı tək həyat sürməyi sevirdi.
Məşğuliyyəti namaz, din, təsbeh, səcdəyə getmək və s. idi. Elə danışırdılar ki, mən elə bilirdim o Allahın qızıdır. Bir gün düşündüm ki, o allahın qızıdırsa demək allah da o evdə qalır. Özümə bir söz verdim. Allahı görəcəm deyə. Görməkçünsə evinə getməli idim, amma necə? Xeyli fikirləşdikdən sonra qərar verdim ki, gizli də olsa girəcəm o evə. Uşaqlıqdan dəcəl olmağım həmişə başıma bəla olub. Verdiyim vədləri, sonunu bilməsəm də, tutmuşam. Elə bu dəfə də. Səhər tezdən yerimdən durub Allahın evinə gedəcəm,- deyə səbrsizlənirdim. Oğlan kimi böyümüşdüm, hasardan atladım, sakitcə yerə düşdüm. Deyəsən sübh namazı vaxtına təsadüf etmişəm. Həyətə baxan pəncərədən Xatirə xalanın ağ hicabda namaz qıldığını, Səcdə edib qalxdıqca kürək tərəfinin mənə sarı olduğunu gördüm. Yaxşı ki, üzü mənə tərəf deyildi. Bu mənimçün əla fürsət idi. Tez keçdim içəri.
Özümü həyatda ikinci dəfə xoşbəxt hiss edirdim, ilk dəfə birinci sinifə getdiyim gün idi. İçəridə maraqlı portretlər, fəqli simaların şəkilləri, ağlı yaşıllı bayraq və nəhayət namaz qıldığı hissənin yuxarısında isə böyük bir portret rəsm vardı. Düşündüm ki, atası Allahın şəklidir. Amma anam mənə Allahın nurlu olduğunu, onun simasını kimsə görmədiyini demişdi. Bu kimdir bəs? Keçəl, saqqalı uzun, lap uşaqlıqda bizi qorxutmaq üçün uydurulan personaja oxşayırdı. Birdən yadıma düşdü ki, qayıtmalıyam. Bir azdan çıxa bilməyəcəm. Aşdığım hasarı keçib, qaça-qaça evə gəldim. Beynim çox qarışıq idi, axı mən Allahı görəcəkdim, o kim idi elə???
Düzünü desəm orda gördüyüm şəkilləri yadıma çox da sala bilmirdim tək, saqqallı kişidən başqa. Bəlkə o imiş Allah? Yox, yox Allah niyə elə qorxulu olsun axı...
Böyüyəndə başa düşdüm ki, qonşumuz Xatirə xala elə İran imiş, divardan asılan portret rəsmi isə rəhbərləri adlandırdıqları Xomenei. Biz qonşular necə də yaxşı tanımamışıq İranı, hicablı, Allah qızı sən demə başqa biri imiş. İndi başa düşdüm ki, kimlərisə tanımaq elə də asan deyilmiş. Kimsə çadradan baxırsa o safdır deyə bilmərik. İran, sən də illərlə taxılan çadradan baxdın bizə. Yeritdiyin sistemi hər kəs Xatirə xalanın dinə bağlılığı kimi bildi. Allaha deyil, Xomeneiyə xidməti isə dinə, qonşuluğa olan satqınlıqdır.