20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 8-11-2021, 21:19
Nuray Nəzərova yazır: Anamın “Xoşbəxtlik qutusu”

Nuray Nəzərova

Bu həyatda ən pis sükut ölüm sükutudur. Anamın həyatla vidalaşdığı zaman elə həmin ölüm sükutu hökm sürürdü. Bilmirdim nə edim? Hara sığışdırım özümü? Ana! Həmişə fərqli gözlə baxmışdım o qadına. Qəribə bir havası vardı. Bir şahzadədən fərqi yoxdu. Sanmayın ki, anamdı deyə təriflər yağdırıram. Yox, əsla! O, əsl xanımdı! Bəzən sadə bir gülüşlə işini həll edər, bəzən də şirin dilini işə salıb, atamın inadla “yox” dediyi məsələlərdə onu yola gətirərdi.
Peşəsi jurnalistdi. Gözümü açdığım gündən anamı yazan, oxuyan, nəyisə müzakirə edən görmüşdüm. Hər şeydən əvvəl bilirdim ki, anam yaxşı ədəbiyyat insanıdır. Onunla hər zaman fəxr edirdim.
Gec ailə qurmuşdu. 35 yaşı olanda, mənə və əkiz qardaşıma qovuşa bilmişdi. Həmişə deyirdi ki, sən mənə Allahın hədiyyəsisən. Nəvələrini tez görsün deyə, məni 23 yaşım olanda evləndirdi. Gördü də nəvələrini. Onlara olan sevgisi o qədərdi ki hərdən qısqanırdım da. Deyirdim, anam nəvələrini məndən çox sevir. Sən demə o, nəvələri mənə görə sevirmiş.
Onsuz həyat yolumu necə tutacağam, bilmirəm. Tez-tez deyirdi ki, 65 yaşında öləcəm. O, vaxta kimi işlərimi görməliyəm. Özümdən yadigar nəsə saxlamalıyam bu dünyada. Gördü də, yazdı da, yaratdı da. İndi isə, indi isə gedir.
Atam əllərini tutub yanında oturmuşdu. Anam harasa səyahət edirmiş kimi gözünü divara zilləyib baxırdı.
O məğrur qadının əlləri o qədər zərif idi ki, mən ən çox onun əllərini sevirdim. Balaca əlləri, incə barmaqları vardı. İndi dərisi altında olan əzələlər elə bil harasa yoxa çıxmışdı. Dəri sümüyə yapışmışdı. O məğrur və tez-tez süzülən gözləri indi çuxura düşmüşdü.
Canım anam, sənsiz biz nə edəcəyik. Bir balaca ürəyinə məni, atamı, nəvələrini, elə hey narazı qalıb, başını buladığı gəlinlərini, "heç mənə oxşamır" dediyin qızını sığışdırmışdın.
Ayın iyirmi beşi anamı torpağa verdik. Yas qurtarandan sonra, xalam dedi ki, anamın vəsiyyəti varmış. Ölüm anını sanki bilirmiş kimi vəsiyyət yazıb qoymuşdu anam. Kaş basdırmadan əvvəl tapardıq vəsiyyəti, bəlkə də çox şey onun arzu etdiyi kimi olardı.
Ailə bir araya gəldi. Bacım, həyat yoldaşı, əkiz qardaşım, gəlinimiz, övladları, mən və arvadım. Atam süfrənin ən başında oturdu. Xalam vəsiyyətnaməni oxudu. Heç gözləmədiyim məsələ anam zinət əşyalarını gəlinləri və qızı arasında tən bölüşdürməsi idi. Kassasında olan pulunu isə yasına xərclədiyimiz pulun əvəzi olaraq vermişdi. Və yenə bizi düşünmüşdü. Ən çox təəccüb etdiyimiz vəsiyyətnamənin son cümləsi idi: “Balalarım sizdən xahiş edirəm ki, mənim “Xoşbəxtlik qutu”mu mənimlə birlikdə basdırın!”.
Anamın xoşbəxtlik qutusunun olduğunu bilmirdim. Onun “xoşbəxtlik” anlayışının bizdən ibarət olduğunu düşünürdüm. Sən demə elə deyilmiş.
Qutu haradadı? - dedim xalama. Xalam - nənəngildədir, dedi. Anam ərə gələndə qutunu özü ilə gətirməyibmiş. Bu mənim beynimə qurd saldı. Nə var ki o qutunun içində, anam onu ər evinə gətirməyib?
Tənbəllik etmədim. Nənəmgilə gedib, qutunu tapdım. Adi, göy rəngli, köhnə A4 vərəqlərinin qoyulduğu qutu idi. Üstünə köhnə printerlərdən çıxarılmış vərəq yapışdırılmışdı. “Xoşbəxtlik qutum” yazırdı.
Qutunu evə gətirdim. Anamın onun içində nə saxladığını bilmirdim deyə, yoldaşımın yanında qutunu açmadım. İş otağıma qoydum. Anamın sözü ilə desək - nə də olsa yad qızı idi. İstəməzdim anama aid hansısa məhrəm bir mənzərəni görsün.
Qutunu açdım. Əvvəlcə hər şeyi bu qədər böyütdüyüm üçün özüm-özümü məzəmmət edib, bir xeyli güldüm. Anamın xoşbəxtlik qutusunun içində balaca uşaq ayaqqabıları, Nuh əyyamından qalma DVD, CD-lər, gümüş boyunbağılar, bir sözlə anamın əzizləyib, xarab olmasın deyə, istifadə etmədiyi hər şey vardı. Bir də 65 illik ömründə özünü xoşbəxt hiss etdiyi anlardan xatirə qalan balaca əşyalar. Düşündüm ki, bunu kimsə görsəydi, ya da anamın qardaşı olsaydı, arvadı çoxdan bu “xır-xəşəyi” zibilliyə tullamışdı. Bu balaca, adi qutu, açığı, gözümə mənasız göründü. Anam niyə bu qutunu özü ilə basdırmaq istəyir ki, deyə düşündüm.
Sonra məni başqa bir maraq daha çox çəkdi; o, DVD və CD-lərdə nə olduğu. İndiki dövrdə texnologiya o qədər inkişaf edib ki, bu DVD-ləri işlədən komputerlər, aparatlar yoxdu artıq. Özümə söz verdim. Nə olur olsun, bu qutunu bastırmadan əvvəl içində olanların əslində nə məna kəsb etdiyini bilməliyəm.
Bir haşiyə də çıxım ki, anamın vəsiyyətini biləndən sonra bir axunda danışdıq. Axund dedi ki, İslam dinində insanın qəbrinə nə isə qoyulması günahdır. Biz sadəcə o qutunu anamın ayaq tərəfindən, yanında basdıra bilərik. Qəbrin içində onunla birlikdə basdırmaq, İslam dini üçün caiz deyilmiş. Mən də anamın qəbrinin aşağısında balaca bir yer qazıb, qutunu ora basdırmağa qərar verdim; amma o, DVD-lərdə nə olduğunu bildikdən sonra.
Bir kolleksiyaçı dostuma zəng vurub xahiş etdim ki, bir iki köhnə DVD-im var. Onların içində nə olduğunu bilməliyəm. Mümkünsə mənə kömək etsin.
Sağ olsun, mənim üçün zar-zor işləsə də işimə yarayacaq köhnə bir komputer tapdı. DVD-lərə baxdım. Çoxusu kino idi. Anamın sevdiyi filmlər. Tez-tez onlar haqqında danışmışdı deyə filmin ilk səhnəsinə baxan kimi adlarını deyə bilirdim.
Qutunu yerə töküb, daha dəqiq yoxladım. Anamın yazdığı hekayə dəftərləri arasında bir DVD yenə tapdım. Qəribəydi, anam onu qutunun içində gizlətmişdi. Qalxıb qapını bərk bağladım. Heç kimin məni izləmədiyindən əmin olub, DVD-ni komputerə yerləşdirdim. Bax bu əsl sirr idi. Ekranda anamın 24-25 yaşında olan şəkillərini gördüm. Şəkillərdə tək deyildi. Anamın yanında, bərabər gülüb, “mehriban” oturduğu bir kişi daha vardı - Aydın əmi.
Aydın əmi anamın iş yoldaşı idi. Mən gözümü açandan onların birgə işlədiyini bilirdim. Qəribə gələni o idi ki, anamın ona nifrət etdiyini düşünürdüm. Heç vaxt onu danışdırmırdı. O, zarafat edəndə hamı gülürdü, anamdan başqa. O, nəsə söz soruşanda hamı cavab verirdi, anamdan başqa. Hərdən mənə elə gəlirdi ki, anam o, adamı görmür.
Bir dəfə balaca olanda anama evdə dedim ki, - “Ana, Aydın əmidən niyə zəhlən gedir?” Anam üzümə baxdı, sanki sualımı eşitmədi. Və mənə dedi ki, vaxtımı boş sözlərə sərf etmiyim. Gedib, dərslərimi hazırlayım. Onda qərar vermişdim ki, Aydın əmi anamın gözünə görünmür. O adam yoxdur. Hələ arada zarafat edib, bacımla Aydın əminin adını “yox adam” qoymuşduq.
Aydın əminin qəribə üz quruluşu, çox şirin qoxusu vardı. Mənə şəkil çəkməyi, musiqini - hər anamın yanına gedəndə - o, öyrətmişdi. Anamdan gizlin Aydın əminin oturduğu otağa gedər, onunla birlikdə rəsm dərsimi hazırlamağı sevərdim.
Amma indi anamın nifrət etdiyini düşündüyüm adamla belə səmimi gülüşlü şəklini gördüyümdə dəhşətli qısqanclıq hissi keçirdim. Sanki, anam atamı aldatmışdı. Sanki bu qutunu "mənimlə basdırın" deməklə o, adamı yanında o, dünyaya da aparmaq istəmişdi.
DVD-ni komputerdən çıxardım. Anam necə gizlətmişdisə eləcə də hekayə dəftərinin arasına qoyub, qutuya atdım. Və o, “xoşbəxtlik” qutusunu yandırmağa qərar verdim.
Çox hirsliydim. Elə bil, kimsə demişdi ki, anan əslində sənin anan deyil. Beynimdə Aydın əmiyə sevgi dolu o gözlə baxan qızın anam olduğuna inanmaq istəmirdim. Amma, təəssüf ki, o idi. Mənim anam - Leyla xanım.
Həmişə fikirləşirdim ki, anam atamdan başqasını sevməyib, atamdan başqasını öpməyib. Atamla tanış olduğu hekayəni anam elə həvəslə anladırdı ki, saatlarla o hekayəyə qulaq asmaqdan yorulmurdum. Anam bizə yalan deyirdi? Ağladım. Qəbrinin üstünə getdim. Ağzıma nə gəlirsə dedim. Dedim ki, onun oğlu olduğum üçün çox utanıram. Kaş sən məni doğmayardın, dedim. Kaş sən mənim anam olmayardın, dedim. Sonra qəbir daşı üstündə, mənə baxıb gülən, illərdi vurğunu olduğum o, gözləri gördüm. Elə mərhəmətlə baxırdı ki, sanki, o da “təəssüf edirdi”. Təəssüf edir ki, atamdan çox sevdiyi kimsə olub. Təəssüf edirdi ki, mən onu indi öyrəndim. Sağ olduğu zaman bilsəydim, bəlkə də nəsə söz deyib, məni sakitləşdirə bilərdi.
Evə qayıtdım. Boş vaxt tapan kimi qutunu yandıracağam deyə düşünüb evin bir küncünə qoydum. Gözüm görməsin deyə də üstünə evin atılası taxta-tuxtasını tökdüm.
Bir neçə gün sonra atam qutunu tapıb-tapmadığımı soruşdu. Tapmamışam dedim. Çünki atama gördüklərimi deyəcək cəsarətim yoxdu. O, anamı sevirdi. Dəlilər kimi sevirdi. Bir gün belə sevgisindən imtina etməmişdi. 34 illik evlilik həyatında anamın xətrinə dəyməsin deyə bircə dəfə belə olsun, anamın sevmədiyi hərəkəti etməmişdi. İndi mən bu adama necə deyim ki, əslində səninlə bir yastığa baş qoyan qadın başqasını sevirmiş. Necə deyim ki, anamın başqasını gülərək yanağından öpdüyü şəklini görmüşəm. Necə deyim?. Özümdə deyildim.
Anamın ölümündən artıq 3 ay keçmişdi. Atam tez-tez qutunu soruşur, mən də "vaxtım yoxdu" deyib, söhbəti dəyişirdim. Amma o da bir vaxta qədər.
Bir gün evə gələndə gördüm ki, atam evdə yoxdu. Elnarə dedi ki, atam gizlətdiyim qutunu tapıb, qəbirstanlığa qutunu basdırmaq üçün gedib.
Ömrümdə ilk dəfəydi, saatın əqrəblərinin bu qədər gec işlədiyinin şahidi olurdum. Hər saniyə mənə bir gün kimi gəlirdi.
Ən çox atamın, yalanımı tutmağından utanmışdım. Kişinin üzünə necə baxacağam deyə düşünürdüm.
Gəldi! Sonrakı iki günü mənimlə danışmadı. Axırı mən gedib, ayağına düşüb, yalvardım. Yalan danışdığım üçün üzr istədim.
Atam əvvəlcə susdu. Sonra dedi ki, anan, “xoşbəxtlik” qutusu taxta-tuxta arasına atılacaq qadın deyildi. Məni ev edən, uşaqlı edən, mənə yuva verən anan idi - dedi. Əgər sən o cür bir qadına hörmət etməyi bacarmırsansa, haram olsun o qadının sənin üstündə çəkdiyi əziyyətə. Haram olsun sənə verdiyi südə.
Hirsimdən donub qalmışdım. Özüm də istəmədən ağzımdan bir söz çıxdı.
- Ata sənin o yerə-göyə sığdıra bilmədiyin qadın başqasını sevirdi, başqasını.
Atam susdu. Sanki sirrini öyrənmişdim. Məyər atam bilirmiş. Gözləri bərəli mənə baxaraq, oturdu. Və hekayənin əsl üzünü danışdı.
- Bünyad, anan qorxurdu. Sevə bilməməkdən qorxurdu. Onu ilk gördüyümdə düşünmüşdüm ki, o, mənə Tanrının hədiyyəsidir. Mənə ərə gəldi. Onu yarı yolda qoyan bir adamı sevsə belə. Heç vaxt xəyanət etmədi. 34 illik evliliyimizdə gözünün ucu ilə belə tək o adama deyil, heç bir insan övladına baxmadı. Ömrü boyu mənə sədaqətli qaldı. Mənim ona verdiyim sevgi müqabilində o, mənə yol-yordam göstərdi. Yuva qurdu. Bir-birindən ağıllı, bir-birindən gözəl balalar verdi. Yazdı, yaratdı. Mən onunla hər zaman fəxr etdim oğlum. Leylanın dünyası o qədər zəngin, o qədər gözəldi ki, mən unutdum sevilmədiyimi. Və icazə verdim sevgisini özü ilə qəbrə aparmağa. Bir dəfə ananın qeyd dəftərçəsində oxudum, deyəsən Hüseyn Cavidin sözləriydi. Deyir “Məhəbbət öylə bir alov ki, bir kərə insanın qəlbini sardımı, ölüncəyə qədər sızladıb, durur.” Hə, onsuz da ananın qəlbi ömrü boyu sızlamışdı. Leyla üçün o adam Tanrı idi. Leyla onun eşqinə ibadət edirdi. Kimisə inancları üçün günahlandırmaq olmaz. O, onsuz özü-özünə qəddarlıq etmişdi. Barı biz qəddar olub, onu sevgisindən ayırmayaq. Bir də belə şeylərə çox fikir vermə, qocalarsan. Bax sağ olsun anan, mənə necə yaxşı baxıb. Hələ də gücüm, qüvvətim yerindədir. Ehhh, görəsən onsuz necə yaşayacam. Yaxşı ki, gözüm o qədər də yaxşı görmür. Onsuz dünya qoy elə belə torlu, tozlu qalsın.
Atam anamdan sonra gözlükdən imtina etmişdi. Anam öldükdən bir neçə ay sonra atam da öldü. Və mən anamın xoşbəxtlik qutusunu atamla anamın qəbrlərinin arasında basdırdım.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!