“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görübTanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın yaradıcılığına həsr olunmuş “Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb.
Məlumat üçün bildirək ki, Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olub. Əslən Ağdamın Yusifcanlı kəndindəndir. Elə ilk təhsilini də doğma Yusifcanlı kəndində alıb. Sonra təhsilini ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda davam etdirib. Birinci Qarabağ Müharibəsi iştirakçısıdır, hazırda ehtiyatda olan zabitdir.
Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.
“Zaur Ustac 50 seriyasından” nəşr olunmuş növbəti kitabın müəllifi Azərbaycanın ilk peşəkar hərbi jurnalistlərindən olan, Prezident təqaüdçüsü, şair-publisist Vaqif İsaqoğludur. Zaur Ustacın yazdığı ilk nümunələrdən başlayaraq ən yeni nəşr olunmuş bütün əsərlərinin sistemli şəkildə geniş aspektdən təhlilindən ibarət olan kitab böyük bir auditoriya - filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar, müstəqil təhqiqatçılar və Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.
Kitabın redaktoru Tural Cəfərli, dizayneri Səbinə Hüseynzadə, naşiri Səbuhi Aslandır. Üz qabığının rəsm tərtibatçısı Rahilə Qaralovadır.
Şair-publisist Vaqif İsaqoğlu öz monoqrafik təhlillərində mötəbər mənbələrə və Qurban Bayramov, Vaqif Yusifli, Ayətxan Ziyad, Əli Rza Xələfli, Ülviyyə Hüseynli kimi tanınmış filoloqlarına, naşirlərinə, ədəbiyyat tənqidçilərinə istinad edir.
Kitab “Zaur Ustac - 50” layihəsi çərçivəsində nəşr edilib.
Hazırladı: Mina RƏŞİD