RUHUMUZU İŞIĞA
BƏLƏYƏN ŞAİR …Mövzu palitrası daha əlvan, daha çoxrəngli olan, şeirləri ilə ruhumuzu işığa bələyən, dünyaya saf, təmiz məsum şair gözüylə baxan, şərəfli yaradıcılıq yolu ilə inamla addımlayan Adil Şamiloğlunun «Qaçaq Gülsüm» əsərilə (Bakı, 2025) tanışlıqdan sonra bir daha inandım ki, əsl şairlərin sözü dirilik suyudur. Bu «dirilik suyundan» içdim və Şəmkir elinin mərd və qeyrətli bir qadını ilə tanışlıqdan qürur hissi keçirdim. Qürurlandım ki, Azərbaycanın aslan təbiətli, şir ürəkli qadınları olan yerdə həmişə düzlük, saflıq, halallıq var, qeyrət, namus, şərəf var. Həm də qürurlandım ki, dünyanı dolaşan «Aslanın erkəyi, dişisi olmaz» məsəli məhz türk qadınları üçün deyilib. At belində sağa-sola ox atan, qılınc oynadan, tüfənginin gülləsi hədəfindən yayınmayan mərd və qeyrətli qadınlarımız tarix boyunca kişilərlə çiyin-çiyinə dayanaraq düşmənə qarşı igidliklə vuruşublar. Onların sayı çoxdur, saymaqla bitib-tükənməz. Həmin o cəsur, igid qadınlardan biri də Qaçaq Gülsümdür və həmin o igid, cəsur, qorxmaz Şəmkirli balasından, Odlar Yurdunun od qızından Adil Şamiloğlu bütün zamanlarda oxunacaq tarixi bir poema yazmış, həm ədəbiyyatın, həm də ədəbiyyat tarixinə yazılacaq bu əsər nəsillərdən-nəsillərə ötürülərək oxunacaq.
Gülsüm tarixi şəxsiyyətdir. O, 1863-ci ildə Əmirqulu kişinin evində dünyaya göz açıb və ömrünün son gününə, son anına kimi ucalıq taxtından düşməyib. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər çar rusiyasının azğınlaşmış məmurlarına qarşı barışmaz olmuş, tüfəngini yerə qoymamış, kolxoz quruculuğu dövründə də haqsızlığa qarşı barışmaz mövqe tutmuş, özünü-sözünü bilməyən erməni milislərinin (Polisini – red.) çirkin əməllərinə görə gözünü belə qırpmadan güllələyən Qaçaq Gülsüm qaçaqlıq dövründə olduğu kimi yenə də düşmənə düşmən kimi cavab vermişdir.
Şair Adil Şamiloğlu Qaçaq Gülsümü ucalığın, əyilməzliyin, vətənpərvərliyin, yurdsevərliyin, mərdliyin…rəmzi kimi qələmə vermiş, onunla bağlı fikir və düşüncələrini, eşitdiklərini, hiss və həyəcanlarını səmimi şəkildə qələmə almışdır.
Qaçaq Gülsümün Kərəmlə dostluğundan, onun məsləhətilə Araz çayını adlayıb o taya keçməsindən, qaçaqların həbs edilməsindən və Qaçaq Kərəmin köməyi sayəsində onların azad olunmasından, Qaçaq Kərəmin qardaş tövsiyyəsilə Gülsümün qaçaqlıq həyatından əl çəkməsindən söhbət açmış, hər incə detala toxunmaqla son dərəcə təsirli bir əsər yazmağa müvəffəq olmuşdur.
Qaçaq Kərəm özünə bacı və silahdaş bildiyi Gülsümə müraciətlə belə deyir:
Elinə-gününə yanıb da qayıt,
Uşaq çağlarını anıb da qayıt.
Qayıt, əziz bacım, mehriban bacım,
Azalsın mənim də qoy ağrım, acım.
Bir rahat, bir azad həyat qurarsan,
Kəndə-kəsəyə də dayaq durarsan.
Sənin arzuların, əməlin haqdır,
Qadına ən ali ana olmaqdır.Adil Şamiloğlunun bir sənətkarlıq xüsusiyyəti də odur ki, o, təkcə Qaçaq Gülsümdən söhbət açmır, həm də türkçülükdən söz salır, türkün böyüklüyünü, nəyə qadir olduğunu, tarix yazdığını dilə gətirir, həm də ikiyə bölünmüş Azərbaycanın yaralarına sözlə məlhəm olmaq istəyir.
Qaçaqlar Araz çayını keçən zaman şair Nəbi Eloğlu yada düşür. Onun Araz çayına yazdığı şeiri şagirdi Əzəmət yanıqlı-yanıqlı Araz çayına baxıb dilə gətirir:
Ömür yolu qaralıdır, ağlıdır,
Bu dərd məni için-için ağladır.
Təbrizimə gedən yolum bağlıdır,
Araz çayı, aramıza girmə gəl!
Şair özü də Gülsümün dilindən ikiyə bölünmüş Azərbaycanla bağlı fikirlərini bölüşür ki, bu da oxucunu daha da təsirləndirir:
…Adını dilimdə bitirmişəm mən,
O gözüm, o, qanım, canıma candır,
O, iki bölünmüş Azərbaycandır.
Heç zaman dilimdən adı düşməyib,
Hələ Azərbaycan bütövləşməyib.Şair Adil Şamiloğlu eyni zamanda ağır qul əməyi olan pambıq yığımından, bu bitginin vaxtilə Şəmkirdə də yetişdirilməsindən, qadınların, qocaların, uşaqların zəhərli pambıq tarlalarında günçıxandan günbatana kimi işləməsindən ürəkağrısı ilə söhbət açır. Erməni milislərinin (polis) Gülsümün hamilə gəlinini də pambıq yığımına göndərmək istəyindən, erməni milisi Hampet Aşotyanın Gülsümə qarşı hədə-qorxu gəlməsindən və s. söz açaraq yenə də Gülsümün kişi qeyrətini, mərdliyini bir daha açıqlamalı olur:
Erməni bir az da irəli vardı,
Ağzı köpükləndi, köksü qabardı:
- Deyəsən, hökumət-zad bilmirsiniz,
Sürərəm Sibirə, qalmaz iziniz.
Mənmi yığacağam çöldə pambığı?
Birbaşa tarlaya, itin qancığı.
Halaldır içsək də bizə qanları,
Bitirmək gərəkdir müsəlmanları.
Gülsüm dözə bilmir və silaha sarılır.
Gülsüm fırlanaraq aldı tüfəngi,
Dəyişdi bir anda milisin rəngi.
Nə tərpənə bildi, nə macal tapdı,
Harda ermənini gör, əcəl tapdı.
Dolaşıb yıxıldı o ən irisi,
Qaçmağa cəhd etdi hələ birisi.
Daha nə söyür, nə şeşələnirdi,
Yekəpər yerində eşələnirdi.Düşünürəm ki, «Qaçaq Gülsüm» poeması son 15-20 ildə yazılmış ən gözəl, ən dəyərli əsərlərdən biridir, bəlkə də birincisidir. Belə bir poemanı yazmaqla Adil Şamiloğlu hansı istedada, hansı söz qüdrətinə malik olduğunu bir daha açıb göstərmiş oldu.
Əsərdə maraqlı, təsirli səhnələr yetərincədir. Qaçaq Kərəmin, Stalinin, M. C. Bağırovun, Gülsümü dəlicəsinə sevən şair Nəbi Eloğlunun, qaçaq Şirəlinin və digər tanınmışların haqqında söz açılması əsərin dəyərini daha da artırır. Oxucu xəyalən ötən illərə səyahət etməli olur, Azərbaycan tarixinin hələ tam açılmamış, öyrənilməmiş səhifələrini vərəqləyir, həm qürur duyur, həm də vaxtilə əzilən xalqın taleyinə acıyır.
Söz meydanında söz köhlənini şahə qaldıran şair Adil Şamiloğlu təvazökarlıq edərək əsərin girişində Qaçaq Gülsüm haqqında məhz Səyavuş Sərxanlının, yaxud Məzahir Hüseynzadənin yazmalı olduğunu bildirir:
…Mövzu təzə mövzudur,
Duymamışdı Səyavuş.
Sərxanı vəsf etməkdən,
Doymamışdı Səyavuş.
Məzahir də bu işdən,
Bu mövzudan yan keçdi,
Aradan illər ötdü,
Gün keçdi, zaman keçdi.
Bu mövzunu vəsf etmək,
Düşdü mənim boynuma…Ancaq buna baxmayaraq oxucu onunla razılaşmaq məcburiyyətində olmur, çünki «Qaçaq Gülsüm» poemasını, ancaq Adil Şamiloğlu yaza bilərdi, yazdı da. Yazdı və həm özünə, həm də Azərbaycanın mərd və qeyrətli bir qadınına sözlə heykəl ucalda bildi.
* Adil Şamiloğlunun «Qaçaq Gülsüm» poemasında vətən sevgisi, yurda bağlılıq, təbətin tərənnümü, Təbriz həsrəti, Araz dərdi, ölüm haqqında fikir və düşüncələr, türkçülük, rus və erməni azğınlığı… diqqəti cəlb edən başlıca xüsusiyyətlərdəndir. Poemada şair Vətən duyğulu, təbiət ətirli misraları ilə könlümüzü oxşayır, ruhumuza sığal çəkir. Vətənə, təbiətə, yurd yerinə qırılmaz tellərlə bağlı olan, yurdun hər daşını, quru yarpağını belə müqəddəs bilən şair ən gözəl duyğularını sözə çevirərək Sərxan kəndinin əhatə dairəsində olan Kotan bulağından, Cəyir çayından, İlıxçı meşəsindən və s. söhbət açmaqla kifayətlənmir, həm də bir rəssam kimi o gözəl yerləri gözlərimiz önündə canlandırır:
…Min ildir mövcuddur bu Kotan bulaq,
Bir gün gərək gedib mehmanı olaq.
Bulaq axıb gedir, indi də vardır,
Axır şırıl-şırıl, nə bəxtiyardır. Sərxan kəndinə həsr edilmiş misraların sehrinə düşməmək mümkündürmü?
Yol boyunca mürgüləyir İlıxçı,
Üstümüzə meh ələyir İlıxçı.
Yarımyaylaq…Ana Cəyir…İlıxçı…
Sərxana gəl, sərxana gəl, Sərxana.Bulağın, çayın, dağın, kəndin…obrazını yüksək sənətkarlıqla yaradan, yurdun əsrarəngiz gözəlliyini məhəbbətlə itfadə edən, ən müqəddəs duyğularını qələmə alan Adil Şamiloğlunun yurd yerlərilə bağlı poetik düşüncələri olduqca maraqlıdır, orijinaldır, ideya-məzmun və sənətkarlıq cəhətdən qüvvətli olması ilə seçilir.
Poemada Sərxan kəndi cazibə qüvvəsi kimi adamı həm də ona görə özünə çəkir ki, bu kənddə şair-publisist Səyavuş Sərxanlı, tanınmış şair Məzahir Hüseynzadə, həm də əsərin baş qəhrəmanı, kişi qeyrətli Qaçaq Gülsüm dünyaya göz açıb və öz mərdliyi, igidliyi, qoçaqlığı, haqq yolçusu olması ilə Şəmkir elini yaxın-uzaq bölgələrdə tanıtdıra bilib. Peterburqda rus çarı Nikolay da Gülsümün qaçaqlıq etməsindən xəbər tutur və onun üstünə silahlı dəstə göndərir.
Poemada Qaçaq Gülsümlə təbiətin birgə tərənnümü, Gülsümün-Süleymanın da təbiətin bir parçası olduğu bədii boyalarla təsvir edilir ki, bu da əsəri daha oxunaqlı, daha təsirli, daha cazibədar etməklə yanaşı, həm də şairin özünün də vətəni, yurd yerini qanıyla, canıyla sevdiyinə şahidlik etmiş oluruq. Gülsümün xahişi ilə şair Nəbinin dilindən söylənilən, öz həzinliyi, poetik gözəlliyi ilə yaddaşa köçən bu misraları həyəcansız oxumaq mümkün deyil:
…Novlu bulaq bir ilahi biçimdə,
Sərinləyin, bir doyunca için də.
Sərxan mənim ürəyimin içində,
Sərxana gəl, Sərxana gəl, Sərxana.Poemada Azərbaycan təbiətinin ətrini, qoxusunu duymaq, Şəmkir elinin gözəlliklərini, ürəkaçan mənzərələrini görmək mümkündür. Təbiətlə könül söhbəti eləyən, bulağın, çayın, dağın, meşələrin gözəlliyini poeziya dilinə çevirən Adil Şamiloğlu həm də oxucuya təbiəti sevdirməyi bacaran şairdir.
Əsərdə təbiət sevgisilə yanaşı, Nəbi və Gülsüm sevgisi də əks olunub.
Gülsüm kişi paltarı geyinib silahlansa da, dağlara, meşələrə çəkilib qaçaq dəstəsinin başçısı kimi Süleyman adını daşısa da, yenə də ürəyi el üçün, oba üçün, doğmaları üçün döyünür. O, kəndə qayıdacağına, haqq-ədalətin bərpa olunacağına, Süleyman adının yenidən Gülsüm adıyla əvəz olunacağına inanır və ümid edir. O da ailə qurmaq, sevib-sevilmək istəyir. Dəstəyə qoşulan şair Nəbi Eloğlunun onu təmiz məhəbbətlə sevdiyini bilsə də, hələ gözləməyə üstünlük verir. Çünki o, haqq uğrunda mübarizə aparır. Sapı özümüzdən olan Bayram kimi kəndxudaların, yaddinli, yadelli pristavların, canişinlərin özbaşınalığına son qoyulmayana qədər silahı yerə qoymayacağına and içib. Gözləri qarşısında atası Əmirqulunun kürəyinə qaynar samovar bağlatdıran pristavı o, necə bağışlaya bilər? Bu, mümkündürmü?
Poemada Gülsüm həm qaçaqdır, həm də kövrək ürəkli, incə təbiətli bir qadındır. Onun da ürəyində sevgi duyğuları, məhəbbət hissləri baş qaldırır. O da ailə qurmaq, ana olmaq istəyir, amma məzlum, kasıb adamlara, kəndlilərə qənim kəsilən, onların son tikəsini belə əlindən alan pristavlara, kəndxudalara, çar məmurlarına qarşı olan nifrəti onun ana olmaq istəyini dəfələrlə üstələyir. Məhz ona görə də şair Nəbinin sevgisinə biganə qalmasa da, biganəlik göstərir. Şairin sevgi dolu misralarını dinləyir və ona belə cavab verir.
…Tələsmə, səbr eylə, Nəbi Eloğlu,
Bizim istəyimiz çıxacaq doğru,
Heç fikir eləmə, o gün gələcək,
Xoşbəxtlitk, qaval, toy-düyün gələcək.Amma o gün gəlib çıxmır. Nəbi döyüşlərin birində öldürülür. Gülsüm göz yaşlarını saxlaya bilmir, ürəyi alışıb-yanır. Gülsüm sarsılmışdı…Gülsüm ağladı,
Nəbinin gözünü özü bağladı…* Əsəri oxuyub başa vurandan sonra bir müddət xəyala daldım. O illərin ağrı-acılarını ürəyimdə hiss elədim. Tomiris qeyrətli, Sara Xatun düşüncəli Qaçaq Gülsümü düşündüm, ruhuna dualar oxudum. Onu da düşündüm ki, Azərbaycanın onun kimi mərd qızları, qadınları az deyil, çoxdur və təəssüf ki, o igid, döyüşkən qadınların çoxu unudulub, yaddan çıxıb. Onları unutmaq şərəfli tariximizin bir parçasını unutmaq demək deyilmi?
Nə yaxşı ki, Adil Şamiloğlu kimi vətən sevdalı bir qələm adamı varmış və o, tarixin gizli qalan səhifələrindən birini – Qaçaq Gülsüm səhifəsini arayıb-axtararaq rəhrəmanlıqlarla dolu tariximizin daha da zənginləşməsi üçün böyük əziyyət çəkmiş, hər zaman oxunacaq, bu günkü və gələcək nəsillərə örnək ola biləcək bir əsər yazaraq oxuculara ünvanlayıb.
«Qaçaq Gülsüm» poeması şairin həm də özünə ucaltdığı söz abidəsidir. Söz abidəsi qurmaq, igid bir qadına sözlə abidə ucaltmaq şair üçün qazanılan ən böyük savabdır, Allahın da xoşuna gəldiyi bir işdir. Bu işin öhdəsindən ustalıqla gələn Adil Şamiloğlu sözün əsl mənasında Qaçaq Gülsümə yaraşan, onun adına layiq bir əsər yarada bilib, o tarixi şəxsiyyəti Milli Qəhrəman kimi dəyərləndirib və düz də eləyib.
Qəhrəman Gülsümə öz adından söz abidəsi yaradan şair haqlı olaraq yazır ki, «Ən böyük abidə yaranar sözdən».
Gülsümə sözlə abidə ucaldan şair həm də bəyan eləyir ki:
Mən bu abidəni hər yerdə qurdum,
Sevən ürəklərdə, qəlblərdə qurdum. Bəli, sevən ürəklərdə, qəlblərdə qurulan söz abidəsindən hər kəs faydalanacaq. Bu əsər zamandan zamana keçib yaşayacaq, keçmişimizi, soykökümüzü, milli qeyrətimizi, kimliyimizi, nənə və babalarımızın qəhrəmanlığını, haqq işi uğrunda mübarizə apardığını unutdurmağa qoymayacaq, bu günkü və gələcəkdə doğulacaq uşaqların qəhrəmanlıq ruhunda, vətənpərvərlik ruhunda tərbiyə almalarında önəmli rol oynayacaq, xalqımıza ərmağan edilən ən dəyərli töhfə kimi qəbul ediləcək.
Bəli, bu söz abidəsi hər zaman oxunacaq və Qaçaq Gülsümü də əbədi yaşadacaq. Yaşat ki, yaşayasan, deyiblər. Mən də deyirəm ki, Qaçaq Gülsüm kimi qəhrəman, vətənpərvər, xalqımıza başucalığı gətirən bir qadını sözlə yaşatdığına görə sağ ol, şair!
P.S. Şair, Adil Şamil oğlu 21 fevral 2026- cı ildə Şəmkir rayon, Məhəmməd Füzuli adına tam orta məktəb - liseydə "Qaçaq Gülsüm" kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində Şəmkir rayon İcra hakimiyyətinin və Şəmkir rayon Bələdiyyəsinin nümayəndələri də iştirak etmişdilər. Tədbir çox yüksək səviyyədə təşkil olunmuşdur!
Hüseyn İSAOĞLU, yazıçı-publisist,
AYB və AJB üzvü.