AQİLİN İNTİQAMI(Döyüş hekayəsi)
O, Müdafiə Nazirliyindən çıxanda artıq hava qaralmışdı. Olduqca qayğılı idi. Baş Qərargah rəisi Arif Salahovun dediklərini düşünür, yekun qərara gəlmək üçün eşitdiklərini ürəyində götür - qoy edirdi. Qərargah rəisi söhbət zamanı demişdi:
-Görürəm, gənc leytenantsan, ilk baxışdan da, iradəli, qətiyyətli adama oxşayırsan. İndi sənin kimi kadrlara çox ehtiyacımız var. Əgər istəsən səni Əməliyyat Baş İdarəsinə baş zabit vəzifəsinə göndərə bilərəm.
O, düşünmədən cavab verdi:
-Xeyr. Mən cəbhəyə getmək, döyüşmək üçün gəlmişəm.
Baş Qərargah rəisi təəccüblə ona baxdı:
-Bir az fikirləş, Əməliyyat İdarəsinin baş zabiti elə-belə vəzifə deyil. Bu yerə yüksəlmək üçün, nə qədər çətin, eniş-yoxuşlu yollar keçməlisən.
Aqil bir az da ciddi görkəm alaraq, - bax, elə mən də onu istəyirəm, -dedi. Torpaqlarımızı o alçaqlardan qorumaq və bu yolda vuruşmaq istəyirəm. İstəyirəm ki, çətin dediyiniz o yolları mən də keçim.
Arif Salahov diqqətlə onun üzünə baxdı. Əvvəl onun səmimiyyətinə inanmaq istəmədi. Düşündü ki, cavandı, yəqin özünü qəhrəman kimi göstərmək istəyir. Çünki son vaxtlar elələrinə tez-tez rast gəlirdi. Amma, üzünün ifadəsindən hiss elədi ki, yox, bu onlara oxşamır. Odur ki, mehribanlıqla dedi:
-Yaxşı oğlum, bir halda ki, getmək istəyirsən, uğur olsun!
Təqdimat:
Tağıyev Aqil Mürsəl oğlu 1965 - ci ildə Qafan rayonunun Açağu qəsəbəsində ziyalı ailəsində anadan olub. 1972-1982-ci illərdə Açağu və Şəhərcik qəsəbələrində orta təhsil alıb. 1982-ci ildə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan sonra təhsilini davam etdirərək 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına daxil olub. 1989-1992-ci illərdə AMEA-nın “Xüsusi konstruktor bürosu”nda riyaziyyatçı-proqramçı kimi çalışıb. 1992-ci ildə aspirantura təhsilini dayandırıb könüllü olaraq Milli Ordu sıralarına daxil olub.
O, ilk döyüş tapşırığını Füzuli rayonunda alıb.
Aqil döyüşdən çox yorğun qayıtmışdı. Özünü əzgin hiss etdiyindən dincəlmək istəyirdi. Bölük komandiri Valid Vəliyev başqa bir zabitlə onun yanına gəldi. O, zabiti göstərib dedi: -Tanış olun, daxili qoşunların bölük komandiri Fərhad Mərdanovdur. Bunların əsgərlərindən biri Yuxarı Dilağarda kəndi ətrafında döyüş zamanı həlak olub, meyidi təmas xəttində qalıb. Nə qədər axtarırlar, cəsədi tapa bilmirlər, qar üstünü örtüb, heç nə görünmür. Səncə bu işi Qafar bacararmı. Aqil etiraz etdi:
-Yox, bu iş onluq deyil, dedi. - Düzdü, Qafar yaxşı döyüşçüdür, cəsurdur, amma səbirsizdir. Özünüz də yaxşı bilirsiniz ki, ermənilər sürpriz tələlər qururlar. Əclaflar son vaxtlar meyitlərin altına qumbara qoyurlar. Bu işdə bir az ehtiyatlı olmaq lazımdır. Ora özüm gedəcəm.
Sadəcə, kömək üçün 4-5 əsgər lazımdır, çünki ora bir az aralıdır. -Əlbəttə, əlbəttə, - deyə bölük komandiri dilləndi: -Mən özüm də səninlə gedərəm. Lap on nəfər götürərik. Bəlkə atışma oldu…
Onlar Dilağarda kəndinə çatanda qar yavaş-yavaş əriyirdi. Buna baxmayaraq yenə də hər tərəf örtülü idi. Cəsədin hansı istiqamətdə olacağı da bəlli deyildi. Bircə ermənilərə yaxın təmas xəttində olması təxmin edilirdi. Aqil durbinlə ətrafı diqqətlə nəzərdən keçirsə də heç nə görünmürdü. Bu arada kapitan Fərhad Mərdanov təəssüflə şəhidi xatırladı:
Yaxşı tanıyırdım. Hündür boylu, dolu bədənli, cüssəli idi. Qorxu nə olduğunu bilmirdi. Çox döyüşkən idi. Aqil əli ilə onun çiyninə vurdu:
-Narahat olmayın, -dedi. -Harda olsa tapacağıq.
Elə bu vaxt hardansa qarğa səsi gəldi. Aqil tez çevrilib durbinlə baxdı. Dağın döşündə ermənilərə yaxın təmas xəttinin üstündə bir neşə qarğa uçurdu. Aqil sevindi: Bölük komandirinə tərəf çevrilib inamla:
-Tapdıq, -dedi. Göydə uçan o qarğaların altındadır. Amma çox ehtiyatlı olmalıyıq, ermənilər görə bilər. İtiyimizi tapmayınca bizə əlavə problem lazım deyil. Kapitan Mərdanov sevinclə dedi:
-Narahat olmayın. Bizimkilər peşəkardır. Ancaq nədən bildiniz ki, meyit ordadır?
Qarğalardan. Görürsünüz, qarıldaya - qarıldaya necə dövrə vurur, getdikcə aşağı enirlər? Meyit ordadır. Gedək!...
O, ətrafa baxa - baxa yavaş - yavaş irəliləyir, qalanları isə onun dalınca gedirdilər. Hava günəşli olsa da soyuq idi. Dağ havası, qışın sazağı istər - istəməz özünü göstərirdi. Onlar üşüsələr də buna əhəmiyyət vermir, meyidi bacardığca tez tapmağa tələsirdilər. Bir qədər getdikdən sonra Aqil qarğaların bir yerə qonduğunu görüb dedi:
- Odur, meyit ordadır. - Əli ilə qarğalar olan yeri göstərdi. -Ancaq indi ora yaxın düşmək olmaz. Səbirli olun, dedi. Elə bu vaxt Aqillə bir yerdə qulluq edən İlqar Əhmədov ermənilərə yaxın təmas xəttini diqqətlə izlədikdən sonra ona yaxınlaşıb dedi:
-Komandir, deyəsən ermənilər bizi görüblər. Hər dəqiqə atəş aça bilərlər. Hamı döyüş vəziyyəti aldı…
Atışma başladı. Güllələr dolu kimi yağırdı. Baş qaldırmaq mümkün deyildi. Meyidə çatmağa hələ xeyli vardı. Yalnız sürünmək lazım idi. Yerin qar olması işi daha da çətinləşdirirdi. Belə şəraitdə sürünə - sürünə bu qədər məsafəni qət etmək çətin olsa da başqa yol yox idi. Əsgərlərin biri yaralandı. Onu qan içində sürüyüb güllə tutmayan bir çalaya saldılar. Aqil sürünə - sürünə bölük komandirinin yanına gəlib dedi:
-Siz bizi qoruya bilsəniz, mən bizim çavuşla meyidi götürüb bir qədər aşağı apara bilərik. Sonrası asandır.
Atışma davam edir, Aqillə gizir Əhmədov sürünə - sürünə meyidə tərəf irəliləyirdilər. Xarlanmış qar sürünməkdən onları tamam islatmışdı. Çavuş özünü o yerə qoymasa da soyuqdan titrəyirdi. Dişləri bir-birinə dəyirdi. Bu, Aqilin diqqətindən yayınmadı. Əlini onun alnına qoydu. Sanki od içində yanırdı. Aqil təəccüblə dedi:
-Bu nədi, sən əməlli - başlı xəstəsən ki?!
Aqil taqətdən düşmüş İlqarı gətirib güllə tutmayan yerə qoydu. Sonra da özünü toplayıb rahatlıqla meyidə qarmaq atdı. O, bu fəndi hələ Bakı Dövlət Universitetində oxuyarkən hərbi hazırlıq kursunda öyrənmişdi. Bütün qaydaları gözəl bilir və layiqincə yerinə yetirirdi. İndi də qarmağı elə ustalıqla atdı ki, gedib meyidin üst paltarına ilişdi. Yavaş - yavaş özünə tərəf çəkdi. Cəsəd yerindən tərpəndi. Aqil bir az da dartıb bir metr kənarlaşdırdı. Hər şey təmiz idi. Meyidin altında qumbara yox idi. O, sakitliklə dərindən nəfəs aldı. Öz - özünə pıçıldadı: “Çox şükür ki, meyit salamat qaldı. Allah üzümüzə baxdı.” Amma yenə də ürəyində qara qalmasın deyə cəsədi bir az da özünə tərəf çəkdi. Bölük komandiri Fərhad Mərdanov ona yaxınlaşıb qucaqladı, minnətdarlığını bildirdi.
Atışma dayandığından döyüşçülər yaralı əsgəri də götürüb onların yanına gəldilər. Baş çavuş dedi:
-Biz də düşmənin beşini gəbərtdik.
Meyidi təmas xəttindən bir az aşağı, təhlükəsiz yerə gətirdilər. Hörmət əlaməti olaraq baş əydilər, sayğı duruşu ilə yaylım atəşi açdılar.
Aqil Tağıyev sonralar bir çox döyüşlərdə iştirak etmiş, yüksək peşəkarlıq, fədakarlıq və əzmkarlıq göstərmişdir. O, heç vaxt ölümdən qorxmamışdır. Onun fikrincə, igidlik və qəhrəmanlıq bizim əlimizin və ayağımızın fəaliyyətinin nəticəsi deyil, cəsarətimizin və iradəmizin gücüdür. Aqil israrımıza baxmayaraq təvazökarlıq edir döyüş yolu haqqında ətraflı danışmaq istəmədi.
“Bilirsiniz, dedi, müharibəyə gedən adam gəzməyə, istirahətə getmir, döyüşməyə, vuruşmağa, ölməyə gedir. Bu bir vətən borcudur, şərəf borcudur. Belə şeyləri reklam eləməzlər. Nə bilim, Vallah, bəlkə mən doğru düşünmürəm? Ancaq bu, mənim qənaətimdir. Amma bir hadisəni heç vaxt unuda bilmirəm. Hər zaman o səs, qulağımda səslənir, o hadisələr bir kino lenti kimi gözlərim önündən çəkilmir. Məni əzir, sındırır, bütün varlığımı alt - üst edir. İstəsəniz, bunu danışaram.”
1993 - cü il martın ortaları idi. Yazın gəlişi artıq hər yerdə hiss olunurdu. Əsrarəngiz mənzərələr onu valeh etmiş, qəlbini ovsunlamışdı. Düşünürdü ki, görəsən həyatda elə insan olar ki, təbiəti sevməsin?
-Komandir, bir bax, deyəsən erməniər orda nəsə quraşdırırlar.
Döyüş dostu Orxan Orucovun səsi onu xəyaldan ayırdı. Durbini alıb baxdı. Ermənilərin böyük bir dəstəsi onlarla üzbəüz çadırın ətrafında dairəvi şəkildə oturmuşdu. Onlardan bəziləri tez - tez ayağa qalxır, oturur, gah da əllərini qaldırıb rəqs edirdi. Aqil başa düşdü ki, onlar nəsə oyun qurublar. Amma nə? Birdən səs gəldi -Alo... Alo...
Aqil düşüncələrindən ayrılıb Orxana baxdı:
-Nəsə var? - deyə soruşdu. -Ermənilərin radioqovşağına, səs dalğasına düşmüşük.
-Lap yaxşı, ver görüm.
O, durbinlə erməniləri izləyə - izləyə soruşdu:
-Ara, Vazgen, orda nə edirsiniz? Qurbağa kimi bir yerə yığışıb atılıb düşürsünüz?
-Molla, qumar oynayırıq, amma, pulumuz yoxdur. Gör nə edirsən?
-İstəyirsiniz pul göndərim? - deyə Aqil cavab verdi.
-Ara, molla göndər gəlsin. Siz elə yaxşı adamlarsınız, torpaqları da verdiniz, hərbi texnikaları da...
-Yaxşı, Vazgen, çox danışma, indi göndərirəm.
Onların bölüyündə bir ədəd ZU-23 zenit qurğusu vardı. Aqil baş leytenant rütbəsi alandan sonra bölük komandiri təyin olunmuşdu. Odur ki, qurğunun rəhbəri Qafqazı çağırıb dedi:
-Ermənilərin yerini dəqiq nişan al, ver mənə. Özüm vuracağam.
Bir neçə dəqiqədən sonra Qafqaz dedi:
Hər şey hazırdır, yoldaş komandir, buyurun, sadəcə pedalı basin!
-Lap yaxşı, -deyə Aqil radioqovşağını (ratsiyanı) götürdü. Durbinlə baxa - baxa erməniyə dedi:
-Ara, Vazgen, pul tapa bilmədim. Amma sənə yaraşan bir şey göndərirəm al, deyib pedalı basdı. Bir anın içində qarşı tərəfdə leşlər tozanaqla göyə qalxdı. Toz - dumana qarışdı, palatkadan əsər - əlamət qalmadı. Aqil təbiətcə humanist, xeyirxah, yaxşılıq etməkdən zövq alan adamdır. Amma indi düşmənlərin havada uçan leşlərinə baxmaqdan sanki rahatlıq duyur, qəribə hisslər keçirirdi. Bu hisslər ona yad olsa da, qəlbinin ən dərinliklərində qalan ağrı - acılara sanki məlhəm kimi gəlirdi.
Aqil səngərə çatanda rabitəçi xəbər gətirdi ki, ermənilər səni istəyir. Aqil dəstəyi əlinə alan kimi erməni dedi:
-Ara, Molla, o gün sən səhv elədin. Aqil təəccüblə:
-Vazgen, sən hələ ölməmisən?
-Yox, ara, yox! Mən səni öldürməmiş ölməyəcəm. Sənə sürprizim var. O günkü hərəkətinin əvəzinə gör sənə nə gətirmişəm, diqqətlə qulaq as…
Rabitədə bir qadın qışqırır, bağırırdı. Bağırmırdı, insan ətini ürpədən dəhşətli səs çıxarırdı. Bu səs insan səsi deyildi. Ağrıydı, yanğıydı. Arada bir “Öldürün məni,” deyirdi. Sonra rabitədə erməninin səsi eşidildi.
-Ara, Molla, heç tanış eləmədim, bu qızı, sizinkilərdəndi, əsir götürmüşük. Sonra gülə-gülə gör necə qışqırır... Bu hadisədən sonra Aqil özünə gələ bilmirdi. Döyüşlərdə nə qədər erməni öldürsə də ürəyi soyumurdu. Elə bil qəlbindən ağır bir daş asılıb, onu yerə çəkirdi. Ona elə gəlirdi ki, o səs deyildi, qara yara idi, qara ağrı idi, qapqara səsə çevrilib ətrafa yayılırdı. O, bu qara ağrını, qara yanğını heç kimlə bölüşə bilmirdi. Heç ən yaxın dostlarına da deyə bilmirdi. Bu hadisə ona dəhşətli dərəcədə ağır gəlirdi. Nə qədər ağır döyüşlərdən keçsə də, nə qədər uğurlar qazansa da o anı unuda bilmirdi. O, qara səs onun beynində ilişib qalmışdı, elə sıxırdı, mənən elə əzirdi ki, heç rahatlıq vermirdi. Nəhayət, bir gün Orxan Orucovu çağırıb dedi:
-Mən zəif adam deyiləm, bilirsən...
-Bəli, nə qədər möhkəm iradə sahibi olduğunuzu yaxşı bilirəm.
-Qulaq as. Məsələ onda deyil. O hadisədən sonra elə bil, dünyanın bütün yükü, borcu mənim çiynimdədir. Mən kiməsə, nəyəsə borcluyam və mənə elə gəlir ki, bu borcumu verməyincə rahatlıq tapa bilməyəcəm. Bu məni çox düşündürür, fikrimi cəmləməyə imkan vermir. Ağlıma sığdıra bilmirəm. Bu qədər əzazillik, bu qədər vəhşiləşmək heç də sıradan bir məsələ deyil.
-Komandir, mən bu məsələ ilə maraqlanmışam, -deyə Orxan bildirdi. Ermənilərin bu tərəflərdə üç böyük postu var. Elə bu vaxt Qabil Quliyev (Dəli keçi) onlara yanaşdı:
-Düşünürəm ki, mənsiz heç bir iş ola bilməz. -Dedi. -Nə iş varsa, mən hazıram, komandir.
-Yox, Dəli keçi, - deyə komandir əlini onun çiyninə qoydu. - Bu dəfə sənsiz gedəcəyik. Onsuz da sən bütün ağır döyüşlərdə iştirak edirsən. Bu dəfə sən mənim yerimə komandir qalırsan. Orxanla, İftxar kifayət eliyər. Onlar bacarıqlı döyüşçülərdir. Özü də inanılmış adamlardır.
-Bəli, hər ikisi ürəkli, cəsur oğullardır. - Qabil onlar haqqında ürəkdolusu danışdı. - Belə oğullarla gedib lap Zəngəzuru da qaytarmaq olar.
Aqil deməlisini dedi, tapşırıqlarını verdi. Yalnız bundan sonra rahat nəfəs aldı. Özündə bir yüngüllük hiss etdi. Çöhrəsində təbəssüm yarandı. İnsanın ən böyük varı - dövləti, sərvəti onun daxili, mənəvi rahatlığıdır. Bəzən həyatda elə vəziyyət, elə anlar yaranır ki, insan həyatının mahiyyəti, mənası bu vəziyyətdən, bu anlardan necə keçməkdən, onu necə həll etməkdən asılı olur. Aqil üçün həmin vaxt gəlib yetişmişdi. Bu gecə onlar düşmənin üç postunu məhv etməli idi. Bu, olduqca ağır, hər addımı ölümlə nəticələnə biləcək bir əməliyyat idi. Bunu hər üçü yaxşı bilirdi. Onu da yaxşı bilirdilər ki, birinin cüzi səhvi hər üçünün həyatına son qoya bilərdi. Odur ki, bölük komandiri son tapşrıqlarını verdi:
-Əgər çəkinən, tərəddüd edən varsa təxirə sala bilərik, - dedi. Biz bu əməliyyata könüllü gedirik, heç kim əmr verməyib. Yaxşı - yaxşı düşünün. Biz düşmənin hininə girəcəyik.
Orxan ucadan güldü:
-Bağışlayın, komandir. Vallah elə danışırsınız ki, elə bil birinci dəfə əməliyyata gedirk...
Aqil qayğılı - qayğılı:
-Bilirsən, Orxan, - dedi. - Elə olmağına elədir. Amma indiyə qədər biz heç zaman ermənilərin içərisinə bu qədər dərinliyində girməmişik. Mən qorxutmuram, sadəcə maksimum ehtiyatlı olmalıyıq. Unutmayın ki, sizin də məsuliyyətiniz, ağırlığınız mənim çiynimdədir. Onların da içərisində peşəkar kəşfiyyatçılar var. Bayaqdan bəri bunlara diqqətlə qulaq asan İftixar Həmzəyev, nəhayət dilləndi:
-Mən komandiri başa düşürəm. Həmişə işin o biri tərəfini düşünmək lazımdır. Bəri tərəfi bizimdir. Gördünüz Moldovadan könüllü gəlib döyüşən Ruslanı? Kişi adam idi: Deyirdi nə olsun mən Moldaviya vətəndaşıyam, gəlib ata - baba yurdunu qorumaq mənim şərəf borcumdur. Harda ağır döyüşlər var idi, ora girirdi. Qorxmurdu, amma hərdən ehtiyatsızlıq edirdi. Axırda da öz ehtiyatsızlığına qurban getdi.
Orxan iki əlini yuxarı qaldırdı:
-Mən təslim. Siz deyənlərlə mən də razıyam. Heç kim havayı ölmək istəməz. Mən düşünmürəm ki, bu şərəfdir. Demək istəyirəm ki, yəni biz hər zaman, hər şeyə hazırıq.
Komandir böyük məmnunluqla:
Lap yaxşı, -dedi, onda belə danışaq. Üçümüz bir yerdə gedirik. Birinci posta İftixar, ikinci posta Orxan, üçüncü, axırıncı posta isə mən gedirəm. Razılaşdıq?
-Bəlkə üçüncü posta mən gedim? - deyə Orxan dilləndi. Sonra zarafatla əlavə etdi. - Çünki mən daha gənc, daha çevik və daha...
-Daha nə? - deyə İftixar onun sözünü kəsdi. -Yoxsa özünü hamıdan üstün tutursan? Vallah, səni cibimə qoyub gəzdirərəm. Orxan güldü:
-Sözdü da deyirəm. Sən də o dəqiqə başlama. Aqil əllərini hər ikisinin çiyninə qoyub dedi:
-Sağ olun, hər ikinizdən razıyam. Sözün həqiqi mənasında ikiniz də qorxmaz, cəsur və igid döyüşçülərsiniz. Yeri gəlmişkən, bunu da deyim gedək. Dekart deyir ki, “Qorxaqlıq çox pis şeydir. Onun insan üçün ən böyük zərəri ondadır ki, o, iradəni bir çox faydalı hərəkətlərdən saxlayır, ona mane olur, bəzən isə onu öldürür”.
…Hava getdikcə qaralırdı. Quşların səsi kəsilmiş, yalnız sərçələr civildəşə-civildəşə koldan - kola qonurdular. Aqil bu günü səbrsizliklə gözləyirdi. Qarşıda onun çox böyük planları vardı: İşə düzəlmək, aspiranturanı davam etdirmək... Bu isə ancaq müharibənin sona çatmasından sonra mümkün idi. Müharibə isə getdikcə qızışırdı. Acı da olsa bu bir həqiqət idi ki, ermənilər böyük üstünlük təşkil edirdilər. Demək olar ki, sürətlə irəliləyir, hər gün yeni - yeni ərazilər işğal edirdilər. Şuşa, Laçın işğal olunandan sonra Füzulinin də neçə kəndi ermənilərin əlinə keçmişdi. Ona görə də Aqil ermənilərin üç böyük strateji əhəmiyyətə malik postunu darmadağın etmək istəyirdi. Nə qədər çətin olsa da, o, bu əməliyyatı həyata keçirməyi qəti qərara almışdı. Budur, vaxt gəlib yetişib. O, bir daha gedəcəkləri əraziləri diqqətlə nəzərdən keçirdi. Hər şey qaydasında idi. Kim hardan, necə gedəcəyini bilirdi. İftixar birinci postda qalmalı, onlar isə davam etməliydilər. Amma bölük komandirini qəribə hisslər bürümüşdü. Bu hisslər ona tanış deyildi və ömründə belə hisslər yaşamamışdı. Bu, nə idi? Bilmirdi. Yalnız onu bilirdi ki, əməliyyat uğurla başa çatmalıdır...
Aqil, Orxan və İftixar avtomat və qranatamotla silahlanaraq yola düşdülər. Birinci posta az qalmış hənirti gəldi. Onlar tez yerə uzanıb ətrafı diqqətlə seyr etdilər. Heç nə görünmürdü. Sakitlik olsa da, çadırın kənarında 4 -5 nəfər var-gəl edirdi. Onlardan bir az aralı iki nəfər siqaret çəkirdi. Görünən altı nəfər idi. Bir müddətdən sonra çadırın ətrafında gəzişən 4 -5 nəfər içəri girdi. Qalan iki nəfər isə o tərəf bu tərəfə gəzişir, əraziyə nəzarət edirdi. Aqilgil sürünə - sürünə lap yaxına gəldilər. Ermənilərin danışıqları aydın eşidilirdi. Biri qollarını açıb əsnəyə-əsnəyə gərnəşdi:
-Ara, sənə dedim ki, bu türkün samaqonundan az içək. İndi yuxu məni basır, ayaq üstə dura bilmirəm. O birisi dedi: - Ara sakitlikdir. Gəl növbə ilə yataq. Qorxusundan bir türk bura gələ bilməz. Onlarda ürək olsaydı, evlərini qoyub qaçmazdılar.
-Ara, “vapşe” düz deyirsən. Onda mən gedim yatım, sonra gəlib oyadarsan. -Saata baxır. – “Uje” saat 22 - dir. O, getdi. O biri erməni bir qədər gəzəndən sonra gəlib bir daşın üstündə oturdu. Bir siqaret yandırdı. İndi əlverişli vaxt idi. Aqil birinci postu və ermənilərə nəzarəti İftixara tapşırdı. Orxanla özü ikinci posta doğru getdilər. Gecə aydınlıq olduğu üçün sürünməyə məcbur oldular. İkinci posta bir az qalmış Orxan komandir tərəfə əyilərək pıçıltı ilə qulağına dedi: Komandir, əgər etiraz etməsən, işimi qurtarıb mən də sizinlə gedərdim. Axırıncı post səyyar qərargaha nisbətən yaxın olduğu üçün güclü rejimdə işləyir. Bölük komandiri başını buladı:
-Sən işinlə məşğul ol. Hər kəsin öz tapşırığı var. Məndən nigaran olma. Bunu özüm istəmişəm. Orxan onda al, bu bıçağı götür. - Deyə, kəmərindən iri, uzun bıçağı çıxarıb ona uzatdı. - Sizə lazım olar.
Bölük komandiri bıçağı götürüb, ikinci postu Orxana tapşırıb üçüncü posta doğru sürünməyə başladı. Bir qədər gedib dayandı. Ətrafa nəzər saldı. Vahiməli sükut vardı. Adətən döyüşdən əvvəl belə olardı. Tək - tənha düşmənin üstünə getmək elə adi bir iş deyildi. Hər dəqiqə, hər an ölüm təhlükəsi vardı. Bunu özü də bilirdi. Amma qorxmaq, çəkinmək ona yad idi.
Aqil daha iki yüz metr sürünüb dayandı. Ətrafı bürüyən qatı duman bir anın içində çəkilib getdi. Ay işığında hər tərəf aydın görünürdü. Duman birdən - birə çəkildiyi kimi, birdən - birə də gəldi. Aqil bir az da sürünüb dayandı. Yaxınlıqdakı səngərdən tüstü gəlirdi. Özləri görünməsə də ermənilərin səsi aydınca eşidilirdi. Birdən ermənilərdən biri ona tərəf gəldi, aralarında bir neçə metr məsafə qalmışdı. Bir neçə addım da atsa düz Aqilin üstünə çıxacaqdı. Aqil düşündü ki, bunu öldürmək çox asandı, amma Orxanla, İftixarın həyatını təhlükəyə ataram...
Hətta ermənilər duyuq düşsələr üçünü də orda öldürə bilərdilər. Gələn erməni iki addım da atıb dayandı və nədənsə geri qayıtdı.
Daha burda vaxt itirməyə dəyməzdi. Odur ki, Aqil lazım olan məlumatları öyrənib, sürünərək Orxanın yanına qayıtdı. Orxan onu görüb çox sevindi. Bölük komandiri dərhal İftixarı soruşdu:
-Həmzəyevdən nə xəbər var? -Hər şey qaydasındadır. Sizi gözləyirdik.
Silahdaşlar arxadakı təpəyə salamat çıxa bilsəydilər, düşmən onları asanlıqla vura bilməzdi. Elə də etdilər. Birinci İftixar təpəyə çıxdı. Sıx yaz dumanı hər tərəfi bürümüşdü. Yuxarıdan İftixar, aşağıdan Aqil qorumaqla Orxan da təpəyə qalxdı. Aqil yolun yarısını getmişdi ki, duman çəkildi. Ay işığı hər tərəfi aydınlatdı. O, qorunmaq üçün yarım saat yaş otun içində uzalı qaldı. Bəxtdən yenə duman çökdü. Aqil də düşməni ayıq salmadan təpəyə qalxdı. Vaxt itirmədən mövqeləndilər. Aqil rahatlıqla: - Çox yaxşı: - Dedi. - İndi onlara elə bir toy tutaq ki...
Sözünün ardını gətirmədi. Orxan onun nə demək istədiyini başa düşdü. Bir neçə dəqiqədən sonra ermənilərin birinci və ikinci postlarını vurdu. Ermənilər atəş nöqtəsini güllə yağışına tutdular. Ara sakitləşəndən sonra üçüncü postu- bölük komandirinin özü qarşısına getdiyi postu qranatamyotla nişan aldı. Tonqalın tüstüsü hələ də çıxırdı. Səsləri kəsilsə də onların vəhşi gülüşləri hələ də komandirin qulaqlarında idi. Aqil əlini düyməyə basanda artıq onların parça - parça olmuş tikələri göydə fırlanan əşyaların arasında rəqs edirdi...
Nizami TƏHMƏZOV