COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
Tarix : 19-06-2014, 15:26

Hüseyn Kürdoğlu - 80 Dərdin yeddi rəngi

 

 

 

Şeiriyyət yolçusu bir həvəskaram,

Hər sözün üstündə qan verir yaram.

Pərvanə oldum ki, işıq axtaram,

Yandı qanadlarım çıraqlar üstə.

 

Hüseyn Kürdoğlu bu misraları 1955-ci ildə - yaradıcılığa başladığı ilk illərdə qələmə alıb. İşıq uğrunda, söz uğrunda bir pərvanə sevdasıyla yola çıxdığını fəhmlə, öncədən bir şair taleyinin qismətini özünə həvəskar deyəcək qədər, böyük istedadlara xas təvazökarlıqla oxucusuna elan etmişdir. İşıqlı sözün və fikrin uğrunda qanadını oda verib, sinəsini dərddən gizlətmədən, qəlbini qəm alovunda yandırdığına görədir ki, dünyaya gətirdiyi söz dərd əhlinə məhrəm ola bilib. Onun şeiri oxucusuna dilinin ucundakı söz kimi, özününküymüş kimi doğma və yaxın gəlib. Çünki şair alnına, alnımıza yazılmış dərdin rəsmini yeddi rəngin yeddi çalarında köçürüb tabloya. Təəccüblənməyin, dərdin rəngi təkcə qara deyil ki... Göz açdığın məmləkətin payızı üçün qəribsəyəndə narınc və sarı olur dərdin rəngi. Bir ilıq bahar yelinə, nərgizli, yarpızlı, bənövşəli yaza həsrət qalanda, baharı "yad" çiçəklərlə qarşılamalı olanda yaşıl və bənövşəyi olur dərdin rəngi. Ətrafdakı haqsızlıqdan, saxta təbəssümlərdən, havasızlıqdan mənən boğulanda mavi olur dərdin rəngi. İtirdiklərin uğrunda şəhid olmaq istəyəndə al qırmızı olur dərdin rəngi. Nəhayət, Yaradan üçün darıxanda, çıxıb getmək istəyəndə bəmbəyaz olur dərdin rəngi. Dərdin rəngi təkcə qara deyil ki…

Çəkdiyini pünhan çəkər,

Qəm çiçəyindən şan çəkər.

Kürdoğlu bir cahan çəkər,

Yeddi cürə boyası qəm.

Şairin özünün də dediyi kimi, poeziyası öz boyasını kədərdən alırdı. Bu poeziya taleyin şairə və məmləkətinə səxavətlə bəxş etdiyi kədərin sözlə yonulmuş abidəsinə, qələmlə toxunub nəqşlənmiş xalısına çevrildi. Hüseyn Kürdoğlunun yaradıcılığının böyük bir qismini Qarabağ mövzusunda yazdığı əsərləri təşkil edir. Maraqlıdır ki, şairin Laçın həsrətiylə yazılmış şeirlərinin bir çoxu tarix etibarı ilə 90-cı illərdən əvvəlki dövrə təsadüf edir. Böyük yanğı və duyğuyla yazılmış bu poetik nümunələrin altında qeyd olunan tarixi silsən, onların 92-ci ildən sonra qələmə alındığını zənn edərsən. Bu şeirlər şairin kənd həyatı, dağ havası, uzaqlaşmış uşaqlıq illəri üçün darıxan çağdaşlarının həmin mövzuda yazdığı əsərlərinə bənzəmir. Hüseyn müəllimin bu şeirləri suya təşnə insanın səhradakı ovqatına bənzəyir. Şair Laçını sanki iki dəfə - birinci dəfə dağlarla vidalaşıb, halallıq alıb şəhərə, arzularının arxasınca gələndə, ikinci dəfə isə nisgili qiyamətəcən sürən acıyla itirib. Şairin 1970-ci ildə qələmə alınan şeirinə baxaq:

Camalına bağlasa da şəhər məni,

Dağdan ayrı hərdən sıxdı kədər məni.

Qınamasın mavi gözlü Xəzər məni,

Dağ gölünün nəfəsinə susamışam.

Lirik "mən"20 il sonra eilliklə yaşadığı böyük bir itkinin təsirindən fəryad edir:

 

Hər gecə bir payız gurşadı gəlir,

Qaçqın el gözünün muradı gəlir.

Viranə dağlarda bayquşdur yuxum,

Xəzər sahilinə fəryadı gəlir.

yaxud,

Yaralıyam, qan aparır izimi dağa,

Anam deyib çatdırıram özümü dağa.

Əzəl gündən qibləgahım Laçın dağıdır,

Son nəfəsdə dağa döndər üzümü, dağa!

Şəhid olmaq istəyinin gerçəkləşməməsindən, itirdiklərini qaytara bilməməsindən narahat olan şair sanki Vətənə üzrxahlıqla:

Qoca vaxtıma düşdü, şəhid ola bilmədim, Budur əlimdən gələn, yurduma şeir yazım -deyirdi. Ancaq hər sözünü içində bəsləyib böyüdən, yaşayaraq yazan, özü də bilmədən ömrünü misralarda əridən şair bir gün anlayır ki,

Onun sözü bu torpağın özüdür,

Söz yolunda şəhid oldu Kürdoğlu!

Talenin ona çəkdirdiklə

ri azmış kimi, hər sözün, hər kəlmənin üstündə can qoymaqla özündən aldığı intiqamdan məmnun görünən ustad:

Bu sözləri yazın məzar daşıma,

“Yat, Kürdoğlu, yat, ey Vətən qurbanı!" deyərək,Vətən aşiqi, yurd sevdalısı qu quşu kimi son şərqisini oxuyur.

Şairin "Necə satım" şeiri ev-eşiyini, el-obasını itirsə də, qürurunu, mənliyini, xatınlığını saxlaya bilmiş bir ananın monoloqudur. Şair bu şeiri ilə məğrur Azərbaycan xanımının heykəlini yaratmışdır. Ana ölüm yatağındadır, dərmanlarını almaq üçün qızı onun toxuduğu xalçanı satmaq istəyir. Ana isə:

Burda Qarabağı toxumuşam mən,

Bu gül dənizini mən necə satım?

Burda naxış-naxış yanan qəlbimin,

Odunu - közünü mən necə satım?

 

Xalçadan boylanan xarıbülbülüm,

Yarı qızılgülüm, yarı bülbülüm,

Oxuyur gül üstə sarı bülbülüm,

Şuşanın yazını mən necə satım?

Mənə yer üzüdür Vətən xalısı,

Bütün yer üzünü mən necə satım?-

deyərək vətən xalısın

ı satmağa qoymur.

Bu əsəri professor Tofiq Hacıyev haqlı olaraq "faciə monoloqu", "Qarabağ rekviyemi", "qəm dastanı" hesab edir. Zənnimcə, bu şeirin ürək ağrıdan sızıltısına, yaratdığı bədbin ovqata baxmayaraq işıq və ümid vəd edən tərəfləri də var. "Qundaqdan məzara"can çox şeyi itirsək də, hər şeyi itirməmişik. Əsrin əvvəlində "Bir gəncin manifesti"ndə "itə ataram, yada satmaram" - deyən

Sona xalanı həmin vüqar və qürurla əsrin sonunda Şuşasız qalmış şuşalı ananın simasında çadırda, ölüm yatağında belə görürüksə, deməli, hər şeyi itirməmişik.

Dünyada nə görür hər gəlib-gedən,

Hakimdir ehtiras, hakimdir gödən.

Tarix dediyimiz - qılınc tarixi,

İdrakın tarixi yaranmır nədən?

Qılıncın yazdığı tarixdən usanan, cana doyan şair bir ağsaqqal həyəcanı və narahatlığı ilə idrakın, əqlin yazdığı tarixi arzulayır. Bu alim-şair Kürdoğlunun müharibələrə, tökülən qanlara, qılıncla yazılan tarixə haqlı etirazı və ittihamı idi.

Hüseyn Kürdoğlunun poetik "mən"i heç nəyə- istər təbiət hadisəsi olsun, istər ictimai problem biganə qalmır. Şair dağ başında ildırım düşməsindən od tutub yanan bir dədə palıdı ürək ağrısı ilə təsvir edir:

Gecənin bağrında bir palıd yanır,

Meşədən aralı, bir dağ başında.

 

Palıdın yaddaşı od tutub indi,

Yanır xatirələr muzeyi kimi.

 

Bir kimsə yanmasın yalqızlar kimi,

Gecənin bağrında tək palıd yanır!..

Onun narahatlığı oxucuya da sirayət edir. Hadisə bir təbiət hadisəliyindən çıxır. Şairə görə, yanan bir palıd deyil, "xatirələr muzeyi", "neçə gənc ürəyin nəğməsi", "çoban tütəyinin naləsi"dir. Həssas şair üçün "min illik bir ömrün acı sonudur" dədə palıdın yanması.

Bütün yaşadığı ağrı-acılara baxmayaraq, zənnimcə, Hüseyn Kürdoğlu taledən yarıyan şairdir. Ona görə yox ki, təltif və mükafatları çox olub, "vətənin qayğısından" ona çox pay düşub. Ona görə yox ki, qəbri yurdda qazılıb. Ona görə ki, sözünə vurulanı, sözü ilə ovunanı çox olub. Ona görə ki, sənin də, mənim də, özünün də yaşadığı acının, kədərin sözlə nəqşini çəkə bilmək istedadı verilmişdi ona. Ona görə ki, ləyaqətli insan, həssas və istedadlı şair, təmənnasız alim və vətəndaş ömrü yaşaya bilib. Ona görə ki, yaddaşlarda qalan xatirəsi işıqlı, poetik irsi isə mükəmməl sənət nümunəsidir` Hüseyn Kürdoğlunun.

 

 

QOY BAXIM,

EY GÖZ YAŞIM

 

(Bir şəklin önündə)

 

Qoy baxım, ey göz yaşım, doğma diyar şəklinə,

Ağ gədikdə saçımtək işıqlı qar şəklinə. 

Nə zamandır qan ağlar o çaylar, o çeşmələr,

Tanrı dönüb baxırmı qanlı bahar şəklinə?

 

Şerim pərvaz eyləsin Qarabağ göylərinə,

Qatışsın durnaların qatar-qatar şəklinə.

Kor olaydı gözlərim kaş baxa bilməyəydim,

Gözəl Qırxqızım təki niskilli yar şəklinə.

 

Köksündən yaralanmış vüqarlı qəhrəmandır,

Can verib rəssam əli bu xan çinar şəklinə. 

Qan aparan bir əsgər son nəfəsdə boylanır,

Sal qayada çəkdiyi qəmli nigar şəklinə.

 

Şuşanın qayaları ekran açmış elə bil,

Od vurulmuş evlərin yanar-yanar şəklinə.

Bu tablonun önündə söykənmişəm divara,

Heyrətimdən dönmüşəm köhnə divar şəklinə.

5.XII.1994

BİR PARÇA ÇÖRƏK

 

Bir parça çörəkdən yana atəşlərə yandıq,

Dünya bizi xar eylədi, dövrandan usandıq.

Dağ çaylarıtək sərsəri sellərlə bulandıq

Bir parça çörəkdən yana.

 

Söz düşdü kəsərdən və dəyərdən, paxır oldu,

Rütbəylə ucalmışlara aləm axur oldu.

Dünya gözümüzdə sona yetdi, axır oldu,

Bir parça çörəkdən yana.

 

Qoymuş qumara yurdumuzu qorxulu başlar,

Əlxərci umur boş qafalardan dolu başlar.

Düşmüş ayağa boynu bükülmüş ulu başlar,

Bir parça çörəkdən yana.

 

Hər yan bazar olduqca ədalət də satıldı,

Ismət də, şərafət də, məhəbbət də satıldı.

Heyhat! Ucuz mal kimi qeyrət də satıldı,

Bir parça çörəkdən yana.

1992

SEVGİLƏNMİŞƏM

 

Mən ki Məcnun varisiyəm, səhraya sevgilənmişəm,

Xumar gözlü, bulud saçlı Leylaya sevgilənmişəm. 

Eşqimizin hicran gözü qətrə-qətrə qan ağladı,

Hər qətrəsi bir dəryadır, dəryaya sevgilənmişəm.

 

Ayım-günüm üzündədir, gözündədir gülçöhrəmin,

Bundan yana həm günəşə, həm aya sevgilənmişəm. 

Elə bil ki, həzin səsi bir bulağın laylasıdı,

Körpələtdi bu səs məni, laylaya sevgilənmişəm.

 

Qısqanclarım, xəbislərim surətpərəst deyir desin,

Xoşbəxtəm ki, mən bir mələksimaya sevgilənmişəm. 

Göz açdığım gündən bəri axtardığım tapılmadı,

Həqiqət bir xülya imiş, xülyaya sevgilənmişəm.

 

Yer üzünün hər yerinə qan saçılır zaman-zaman,

Üz tutub ulu dərgaha, səmaya sevgilənmişəm. 

Nazəndələr cəfasından usanmışdım Kürdoğlutək,

O sənəmin gözündəki dünyaya sevgilənmişəm.

2002

 

Aygün Bağırlı

filologiya üzrə

fəlsəfə doktoru

"Bütöv Azərbaycan" qəzeti 19 iyun 2014



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!