Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                       
Tarix : 19-02-2014, 15:55

 

 

 

 

 

1965-ci ilin avqust ayından Qəşəm İlqarı tanıyıram. Hər ikimiz Bakı Dövlət universitetinin axşam şöbəsinin filologiya  fakültəsində oxuyurduq. Universiteti bitirəndən düz 40-il sonra “Nərgiz” nəşriyyatında görüşdük. Bu görüşün səbəbkarı “Nərgiz” nəşriyyatının direktoru - Hidayət Musabəyli oldu. O dedi ki, Qəşəm müəllim bir ildən çoxdur qan təzyiqindən xəstə yatır. O gündən etibarən tez-tez  görüşür, söhbət edir, universitet yoldaşlarımızı xatırlayır, onları axtarıb tapırdıq. Folklorşünas alim Elxan Məmmədli, universitetdə çalışan Aydın Rzayev, Ağdam Təhsil şöbəsində işləyən Qədulla müəllimlə ara - sıra söhbət edirdik. Qəşəm İlqarla müəllimimiz Gülhüseyn Hüseynoğlu ilə də görüşdük.  Akademiya bağında əyləşib qırx ildən  sonra  yenidən  onun şirin söhbətlərini  dinlədik. Üçümüz  bir  yerdə şəkil  çəkdirdik. Sonralar Qəşəm İlqarın məsləhəti  ilə həmin şəkli “Yaddaşlarda yaşayanlar” kitabımın üz qabağında verdik.

Qəşəm İlqar 1942 - ilin mart  ayının  iyirmisində Ağdam rayonun Pirzatlı kəndində  anadan  olub. 1971 - ci ildə BDU- nun filologiya  fakültəsini bitirib. 1998 - ci  ildə “Həsrətin  yolları necə  uzunmuş”, 2000 - ci  ildə  “Kamil  qaboyunun hekayətləri”, 2003 - cü  ildə “Biz  də uşaq olmuşuq” , 2004 - cü  ildə “Olum  ölüm  arasında” , 2007- ci ildə “Üçüncü dünyanın sakinləri”, 2008- ci ildə “Sevgi vadisi” və 2012 - ci ildə  “Üfüqdən qüruba” kitablarını  nəşr  etdirib. O, Azərbaycan  Jurnalistlər  və Yazıçılar  Birliyinin üzvüdür. “Qızıl  qələm” mükafatçısıdır. Kitabları bir-birindən maraqlı və  oxunaqlıdır. Hələ  tələbə  olduğumuz  dövrlərdə  kimi şeir, kimi hekayə, kimi də digər janrlarda özlərini sınayırdı. Şeir  sahəsində  Qəşəm İlqar, nəsr  sahəsində  mərhum Vidadi Məmmədov hamıdan  seçilirdilər.

Onlar  balaca  bir  taqda  kirayəniş  idilər. Otaq  çox  darısqal  idi. Ancaq  orada  yaşayan tələbələrin  qəlbi  çox  geniş  idi. O otaq həmişə qonaq - qaralı olurdu. Bir  dəfə  mənim  də yolum  oraya düşmüşdü. Azərbaycan jurnalında Qəşəm İlqarın  kiçik  bir  şeiri dərc olunmuşdu. Həmin  şeiri bir neçə dəfə oxuyub yadımda  saxladım:

Ürəyim tək dolan bulud,

Bağrı şan-şan olan bulud.

Ağla, ağla doyunca sən.

Sənə qibtə edirəm, mən.

Niyə insan ağlayanda,

Ürəklərə qəm  gətirir,

Sənin isə göz yaşından

Torpaq gülür, gül bitirir?!

Həcmcə bu balaca  şeirdə  dərin məna  var  idi. Ürək qəmli ağlayıb  göz  yaşı  tökür. Bulud dolanda isə  yağış yağır. İkisi  də sudur. Amma bu su birində  qəm -kədər gətirir, birində  isə gül  bitirir. Hələ  o  vaxt  bu şeir dillər əzbəri  idi.

Qəşəm İlqarın bir balaca cib dəftərçəsi var idi. Təbi gələndə  şeirləri  həmin dəftərçəyə köçürərdi. Onun xüsusi istedadı var idi. Bəzən  dərs  məşğələlərinin  gedişində də şeir yazardı. Bir dəfə rus  dili dərsində yazdığı  bir şeir ona uğur  gətirdi. Məhəbbət mövzusunda yazdığı  bu şeirə görə gənc, son dərəcə  gözəl  olan  Rus  dili  müəlliməsi ona imtahanda  əla  qiymət  vermişdi. Bunu  həmişə  xatırlayırdı. Şeirdə  gözəlin  xarici  portreti  bədii  sözlərlə  təsvir  olunmuşdu:

Bədirlənmiş ay kimi şölə saçır ağ sinən

Amandır, hər yetənə olmasın oylaq  sinən!

Mənim  Məkkəm, Mədinəm - müqəddəs  məkanımdır,

Müşki-ənbər qoxuyan gülüstanmı  bağ  sinən?

Məzhəbimi, dinimi  dəyişərdim Sənan  tək.

Əgər bir gün etsəydi sinəmi qonaq  sinən!

Məhəbbət dənizində fırtınaya düşmüşəm,

Daha nəyi gözləyir, çağırmır mayak  sinən?!

İlqarın can evini xaraba qoyub getdi,

Tər  sinən, mərmər sinən, qar  sinən, qaymaq  sinən.

Qəşəm  İlqar  yazdığı şeirləri  uzun  müddət  kitab şəklində  çap etdirə  bilmirdi. 1968- ci ildə  “Gənclik”, “Yazıçı” və  “İşıq” nəşriyyatlarına  təqdim etdiyi kitablar otuz il həmin  nəşriyyatlarda qalsa da, hər dəfə müəyyən  bəhanələrlə  kitablarının  nəşrini  yubandırır və nəhayət, əlyazmaları şairin  özünə qaytarırdılar. O, bunu “30 il əsarətdə  qalan  qovluqlar” məqaləsində ürək ağrısı ilə qeyd  edir. Yuxarıda  qeyd etdiyimiz kimi, şair yalnız 1998-ci ildə “Həsrətin yolları  necə  uzunmuş”  ilk kitabını nəşr  etdirməyə  müvəffəq  olur...

Qəşəm İlqar heç də təmtəraqlı, rahat  həyat tərzi  keçirməyib. Həm  işləmək, həm də  oxumaq  heç  də  asan  deyildi. Həm də onun  da  uşaqlığı, gəncliyi və əsgəri xidmət  illəri  mənim  kimi  ağır illərə təsadüf olunurdu. Şeirlərinin  birində yazır:

42 - illərin  ən  ağır ili,

20 mart - günlərin əfsun gözəli!

Bu  ildə, bu gündə doğulmuşam mən,

Zülmətdən işığa  qovulmuşam mən,

İşıqlı zülmətə qovuşmuşam mən,

Belə bir taleylə barışmışam mən...

Bəli, şair tale  yazısına inanmasa  da, belə  ağrılı - acılı  tale ilə barışmalı  olur.

Qəşəm İlqar  anasını, ana  vətənini, doğulub boya - boşa  çatdığı  torpağı  canından  artıq sevir. 1969- cu  ildə  anası  dünyasını dəyişir. Anasızılıq ona  çox  təsir  edir. Bu  itgidən  silsilə  şeirlər  yazır. Həmin  şeirlərin  epiqrafında özünün  yazdığı bir  bənd  bayatıda  deyir:

Ana sızlar,

Həsrətli ana sızlar,

Analılar bilirmi

Nə çəkir anasızlar?!

Nə qədər  ana  sağdır, bu  məhəbbəti, bu  sevgini o qədər də hiss etmirsən. Yalnız anasını itirəndən sonra  onun  yoxluğu  övlada  təsir  edir. Anayla bağlı  xatirələr yada düşdükcə qəhərlənib kövrəlirsən. Şairin  1974-cü ildə  qələmə aldığı  “Anasız  qalmışam”  şeirində olduğu  kimi:

Anam  köçəndən  bəri

Könlümün nəğmələri  susub,

Viran  olmuşam.

Ömrümün şən baharı

Yamyaşıl  yarpaqları solub, 

Xəzan  olmuşam...

Ey  dilimin əzbəri,

Sən  də  qınayıb  məni

Demə sirli  olmuşam,

Çox fikirli  olmuşam.

Demə xəyal olmuşam,

Demə ki, lal  olmuşam.

Sən özün  ki bilirsən,

Mən anasız qalmışam;

Bir  dünyasız qalmışam...

Vətən  həsrətini, yurd sevgisini bir an  belə  unutmayan  şair “Bədənim ruhuma  həbsxanadı” şeirinin sonunda  yazır:

Çarpışmasan həyat  hədər, mənasız,

Sevgisiz  hər günüm itər mənasız.

İlqar, yurdsuz ömür ötər mənasız,

Bədənim  ruhuma həbbsxanadı...

Başqa  bir şeirdə  şair inamla, cəsarətlə çıxış edir. Qatilləri, təcavüzkarları, xalqı öz  torpaqlarından didərgin salanları  Qarabağdan  qovacağına söz verir:

Yerə, göyə  yaradana  and içirəm,

Bağladığım  əhd - peymana  and  içirəm,

Xocalıda  axan  qana  and  içirəm,

Qatillərin  gözlərini ovacağam,

Quldurları Qarabağdan qovacağam!

 

Babəklərin qüdrətinə and içirəm,

Xətailər  fitrətinə and içirəm,

Mübarizlər qeyrətinə and  içirəm,

Düşmən üstə şimşək kimi çaxacağam,

Quldurları Qarabağdan qovacağam!

Şəhidlərin qisasını alacağam!

İşığıma, çırağıma and içirəm

Anam yatan torpağıma and içirəm,

Ay- ulduzlu bayrağıma  and içirəm,

Döyüşlərdə zəfər himnin çalacağam,

Qaranlığın mən  bağrını yaracağam,

Quldurları Qarabağdan qovacağam!

Şəhidlərin qisasını  alacağam!

Babəkin qəhrəmanlığından,Koroğlu  qorxmazlığından, şah Xətainin yurd sevgisindən, hünərindən tez - tez söz  açır, ölkəmizdə  belə qəhrəmanların  olmasını  istəyir:

Tarix  qədər ulu  Babək,

Yurdun  şərəf  yolu  Babək!

Qollarını  kəssələr  də,

Oldu elin  qolu Babək!

Şair “Ağdamlı doğulmur - Ağdamlı  ölür”  şeirində  kədərli, kövrək  məqamlara  toxunur. İyirmi il  əvvəl Ağdamdan  qovulanlar  yaşa dolur, vətən həsrətini, yurd  sevgisini ürəklərində  qoyub, bir  Ağdamlı  kimi  dünyalarını  dəyişirlər. Ağdamlılar  günü -gündən  azalırlar. Doğulan  uşaqlar  Ağdamlıların övladı olsalar  da, Ağdamlı  kimi  doğulmurlar. Yalnız doğum kağızlarında  doğulduqları yerin adı yazılır:

Çadıra Ağdamın havası gəlməz,

Çadırda ağdamlı doğula bilməz!

Ağrı var ağrıdan daha dözülməz,

Ağdamlı doğulmur, ağdamlı ölür...

“Sevgi vadisi” şeirində şair vətən  torpaqlarının öz doğmaları üçün darıxdığından, onların yolunu gözlədiyindən söz  açır:

Nə vaxtdır yol çəkir intizar gözüm,

Yəqin o yerlərdən itib izimiz.

Axı  yolumuzu  gözləyir bizim

Çoxdan bizsiz  qalan sevgi vadimiz...

Fəsillər dəyişib, əsr  dəyişib,

Aradan nə  qədər  gör  zaman keçib!

Köhnə  yurd  yerinə  təzə  el  düşüb,

İstəklər qalsa da, imkanlar  köçüb...

Qəşəm İlqarın  sevgi, məhəbbət  şeirləri son dərəcə maraqlı, musuqili  və  ahəngdar  səslənir: “O sevgi dünyamı  söylə, neylədin?” , “Sən dünyamdan  niyə  getdin?”, “Düşdüm baxış toruna” , “Olmadın”, “Neylədin”, “Görünməz niyə”, “Nə  deyim”, “Hər ömürdə bir ömürdü məhəbbət”, “Daha sevə bilməyəcəyəm” , “Bəs  niyə  sən  yoxsan  indi  yanımda” , “O  sevgi dünyamı sən mənə qaytar”, ”Gözəldi”, “Aytac  adlı bir qız yaşar”, “Qarabağda  bir qız gördüm” və sair şeirlər  bu  qəbildən  yazılan  dəyərli  şeirlərdəndir.

“O sevgi dünyamı söylə, neylədin”  şeirində  təmiz məhəbbət, saf  gülüş, məsum  baxış, gözəl  təbəssümlü  sevgi  arzulayır, güzəştli sevginin kərəksizliyindən, lirik aşiqin məğrurluğundan söz  açır:

Dönük çıxıbdısa sinəndə ürək,

Eşqimin  oduyla alışmır demək!

Güzəştli  bir  sevgi  nəyimə gərək!?

Yox, belə sevgini istəmirəm mən,

Məhəbbət kiçilib düşər gözümdən...

“Görünməz niyə” şeirində məhəbbətin, eşqin ucalığından, əsil aşiqin  Məcnun kimi, Sənan kimi dönməzliyindən, sevgililərinin  yolunda hər əzaba, əziyyətə  dözmələrindən  yazır:

Məhəbbətdir cümləmizin nidası!

Məhəbbətdir yerin, göyün sədası!

Məhəbbətdir qəlbin,ruhun qidası

Məhəbbətsiz ömür nəyə gərəkdir?

Məhəbbət  sinədə vuran ürəkdir!

Füzuli  Məcnunu sevgi dəlisi,

Cavidin Sənanı eşq divanəsi,

Bəs  hanı İlqarın qəlb ilahəsi?

Varlığı, yoxluğu bilinməz niyə?

Bircə  yol  gözünə  görünməz niyə?

Şairin  lirik  qəhrəmanı öz  sevgilisini  həqiqi  məhəbbətlə, əsl aşiq kimi  sevir, bir  tanrı  payı  kimi  onunla  xoş  günlər  keçirdiyini  “Nə  deyim” şeirində belə  qələmə  alır:

Bir  mən  idim, bir  o  idi, bir  də  ay...

Nəğməliydi  yaşıl  meşə, həzin  çay,

Tale  onu  göndərmişdi  mənə  pay,

Elə - belə  sevənlərə  nə  deyim?!

“Hər  ömürdə  bir  ömürdü məhəbbət”  şeiri  öz  məzmununa  görə  çox  dolğundur. Məhəbbət  həmişə  cavan  qalır. On  beşdə  də, yetmişdə  də  sevən  qəlblər  üçün  məhəbbət  təzə - tərdir, cavandır.

Sevginin  ömürü  tarix  qədərdir,

Məhəbbətsiz  ötən ömür  hədərdi,

Bu dünyada  hər  şey  gəldi - gedərdi,

Hər  ömürdə  bir  ömürdü  məhəbbət!

İki qəlbə  bir  möhürdü  məhəbbət!

İlk məhəbbət  sevən  qəlbdə qalandı,

On beşdə  də, yetmişdə  də  cavandı,

O  ürəyə, ürək  ona  həyandı...

“Gözəldi”  şeirində  M.P. Vaqifin  “Pəri”  qoşmasında  olduğu  kimi,şair  gözəlin  xarici  portretini  yaratmışdır:

Qəşəm  İlqarın Aytac adlı  bir  qıza  həsr  etdiyi şeirlər  onun  poeziyasındaxüsusi  yer  tutur. Şairin  üçüncü  dünyaya 48  günlük  səyahəti  də  elə  məhz  Aytaca  görədir. Saf  məhəbbətlə  bir - birlərini  sevənlər  nədənsə  çox  vaxt  qovuşa  bilmirlər. Bu  həqiqi  məhəbbəti  şair  ömrü  boyu  yaddan  çıxara  bilmir. Lap  böyük  şairimiz  Məmmədhüseyn Şəhriyarın Südabə adlı  bir  qızı  sevməsi və  onunla  qovuşa  bilmədiyi  kimi. “Aytac  adlı  bir  qız  yaşar”  şeirində  də şair  Aytaclı  günlərin  xatirəsi  ilə  yaşayır:

Bu yerlə göy arasında,

Bu məhəbbət  dünyasında,

Xəyalımın aynasında

Aytac adlı bir qız yaşar.

O  qız olsa bir də mənim

Yer də də mənim, göy də mənim!

Ona bağlı ömrüm, günüm...

Sevinc əkdim, kədər dərdim,

Köksüm oldu didim -didim,

Axtarıram - tapmayıram,

Axı  hara - hara  gedim?

Dərd  əriyə gilə - gilə,

Özü  gələ  gülə - gülə.

İlqarın  qəlbində hələ,

Aytac  adlı  bir qız  yaşar...

Qəşəm İlqar Əlfi Qasımov, Asif  ata, Xudu Məmmədov şəxsiyyətinə həmişə  yüksək  qiymət vermiş, onların haqqında səmimi və kövrək xatirələr yazıb mətbuat  səhifələrində, eləcə də “Üfüqdən qüruba” kitabında  dərc etdirmişdir. O, Asif  ata pərəstişkarıdır. Asif ata ocağının sevimlisidir. Bu ruhaniyyət ocağına silsilə şeirlər yazıb. Ocağa  həsr etdiyi şeirlərə nəzər salaq:

Ata  saldı Ocaq  adlı bu izi,

Alışdırdı ürəklərdə yurd közü.

Türküstana yayılacaq  hər sözü,

Asif Ata inamıdır ocağın!

Ocağın Ruhanı başçısı Safruh haqqında  yazır:

Zamanın içində zamandı Safruh,

Əqidə, amaldı, inamdı Safruh!

Ata  inamında sınandı Safruh,

Safruh adlı ünvanıdı ocağın...

Asif Ata ocağının yükümlüsü  İşıqlı Atalı  haqqında  yazır:

Əbədiyyat biçimlidi İşıqlı,

Mənəviyyat seçimlidi İşıqlı,

Üfüqlər tək əlçimlidi İşıqlı,

Məramını yayanıdır Ocağın...

“İnam evi” şeirində deyir:

İnam evi adi, sadə bir məkan,

Ata ziyasından alır nurunu.



Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!