AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 80-Cİ İLDÖNÜMÜ 1945-1946-cı illər İran Azərbaycanında Milli İstiqlal uğrunda mübarizənin ən qanlı, həm də şərəfli dövrü olmuşdur. İstibdad rejiminin əsarətindən qurtarmaq uğrunda başlayan bu mübarizənin alovu ara-sıra səngimiş kimi görünsə də, heç vaxt sönməyib və qələbəyə qədər davam edəcəkdir. Bu mübarizənin başlanması Azərbaycan Demokrat Firqəsinin yaradılması hicri 12 Şəhrivər 1324-cü il, miladi tarixlə 3 sentyabr 1945-ci ildə ADF-nin tarixə “12 ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ” adı ilə həkk olunaraq 05.09.1945-ci il tarixində bəyan edildi. Bu tarixi bəyanatı Qüzeyli-Güneyli Azərbaycan ictimaiyyətinin, xüsusilə gənc və orta yaşlı nəslinə təqdim edirik.
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN
“12 ŞƏHRİVƏR MÜRACİƏTNAMƏSİ” Məlumdur ki, dünya ölkələrində yaşayanlar çoxlu tarixi prosess və səbəblərə görə vahid cəmiyyət halında deyillər. Hər bir ölkənin sərhəddi daxilində yaşayan qəbilə, tayfa və millətlər dil, irqi, adət-ənənələri və s. cəhətdən bir çox xüsusiyyətlərə malikdirdər. Əgər hər bir ölkənin quruluşunda və idarəçilik sistemində bu xüsusiyyətlər nəzərə alınmasa, orada həqiqi demokratiya və milli hökumət mövcud ola bilməz. Dünyanın böyük və mütərəqqi ölkələrinin milli hökumətlərinin nailiyyətlərini sorğulayanda görürük ki, bunların hamısı həmin millətlərin özəl xüsusiyyətlərinin nəzərə alınmasına əsaslanır. Amerika Birləşmiş Ştatları, Birləşmiş Sovet Cümhuriyyətləri, həmçinin İsveçrənin dövlət quruluşları bizim bu fikrimizi mövcud fakt olaraq təsdiq edir. Bu klassik demokratik ölkələrdə milli hüquqları və federasiya üsulunu qorumaqla bütün millətlərinin fərdlərinin ölkənin müqəddəratını həll etmək və dövlət işlərində iştirak etməsinə müvəffəq olmuşlar Məhəlli hüquqlar və federasiya üsulunun mərkəzi idarəetməyə zərər vura biləcəyi fikirləri əsassız və çürük iddialardır. Amma, bunun əksinə olaraq təcrübə sübut etmişdir ki, qəbilələr, tayfalar, millətlər və mərkəzdən kənar yaşayan əhalinin nə qədər müstəqil və sərbəst şəkildə dövlət işlərinə müdaxilə və iştirakı təmin edilərsə, onların vətənlə əlaqəsi və vətənə məhəbbəti o nisbətdə artıq və möhkəm ola bilər. Bu düşüncə və əsas ilə Konstitusiya tələb edən hərəkat yaradanlar və İranın Əsas Qanununu (Konstitusiyasını) yazanlar əyalət və vilayət əncümənlərini (yığıncaqlarını) irəli çəkərək çalışmışlar ki, bu vasitə ilə bütün İran xalqını ölkənin müqəddəratını təyin etməkdə iştirakını təmin etsinlər, əyalət və vilayətlərin yerli özünəməxsus ehtiyaclarını onların əhalisi vasitəsilə təmin etməyə çalışsınlar. Əyalət və vilayət yığıncaqlarının qapalı, qeyri-şəffaf keçirilməsi İran millətlərinin ictimai hüquqdan məhrum edilməsi deməkdir. Mütləqiyyət bürokratiyası rejimi və mənasız mərkəzləşmə vasitəsilə İran məmləkəti bir ovuc satqın, oğru və istismarçı ünsürlərin əlində oyancaq olmuş və bu səbəbdən tərəqqi və təkamül karvanıdan həddən artıq dalda qalmışdır. Tamamilə yararsız bürokratik rejimin mövcudluğunun nəticəsidir ki, İranlıların əksər hissəsi ictimai hüquqdan məhrum, qayda-qanuna və milli hökumətə bədbin olub, İranın gələcəyinə şübhə və ümidsizlik gözü ilə baxırlar.
İnkar etmək olmaz ki, bu gün bizim ölkəmizdə milli hökumət və qayda-qanundan əsər qalmamışdır. İran dövləti əməldə iradəsiz və pozucu bir maşın halına düşmüşdür ki, onun başında duranlar xalqı qarət etməkdən başqa bir məqsəd və niyyət təqib etmirlər. Bütün sahələrdə fəsad, bədbəxtliklər və fəlakət hökm sürür. Bütün əcaibliklər bundan yaranmışdır. Dərəbəyliyin qüvvətlənməsi, diktator və diktatorsevənlərin tapılması bu ağılsız və faydasız idarəetmə üsulunun nəticəsidir ki, dörd-beş nəfər çürük siyasi başçılar güc ilə İran camaatına zorla qəbul etdirmişlər.
Əgər İranda yaşayan ellər, millətlər, xalqlar ölkənin istiqlalını qorumaqla bərabər öz yerlərində və öz sərhəddləri hüdudunda azad və muxtariyyətə malik olsaydılar, ölkənin bütün ümumi qanunlarına riayət etməklə bərabər, öz müqəddəratını öz istək və iradələri ilə təyin etməyi bacarsaydılar, əgər onların özlərinin mədəni, iqtisadi və siyasi cəhətdən tərəqqiləri uğrunda öz əlləri ilə münasib olmayan qeyd və şərtsiz çalışmaq haqqı olsaydı İranın vəziyyəti və hala düşməz, saysız qurbanlar hesabına əldə edilmiş qayda, əsas qanun (konstitusiya) təsirsiz qalmazdı. Buna görə bu vəziyyət min illər davam edərsə İran xalqının düşkün, pis vəziyyət və çarəsizlik dəryasından xilas olub, tərəqqi və təkamül yoluna qədəm qoyması, müstəbid, qaniçən və zalım ünsürlərin əlindən xilas olması mümkün deyil. Əgər bu mənhus rejim olduğu kimi qalarsa, siyasi firqələr (partiyalar) və sair demokratik təşkilatlardan hətta kiçik faydalar belə hasil olmayacaqdır. Ayrı bir çarə yoxdur. Xalq içindən və camaatın geniş xalq kütlələrinin ehtiyacına uyğun əyalət və vilayətlərdə yaşayan xalqların xüsusiyyətləri əsasında əsas qanunun təkmilləşdirilməsi və icrası üzrə ciddi işə başlayıb milli hökuməti işlək və yararlı hala gətirmək lazımdır. Məhəlli hüquqlar və federasiya sisteminin bəsit və sadə forması olan əyalət və vilayət iclasları təzə bir fikir deyildir. Təkcə müasir və mütərəqqi ölkələrdə deyil, tarixən böyük ölkələrdə belə, xalqın və millətlərin xüsusiyyətlərini nəzərə alaraq onların əllərini daxili işlərində açıq qoymuşlar. Böyük Dariyuşun ölkədaxili ərazi bölgüsü də ancaq bu təbii ehtiyac üzərində qurulmuşdur. Qədim İranın ərazi bölgüsü bu günkü fedaralizm və muxtariyyət üsulunun ibtidai formasından başqa bir şey deyildir. Hazırda İrandakı mövcud olan şahənşahlıq rejiminin başqa təfsiri, izahı yoxdur. Əgər mərkəzi hakimiyyəti diktatorluq, özbaşınalıq və zorakılıqdan ötrü saxlamaq istəsək, bu başqa məsələdir. Əgər istəsək ki, mərkəzi dövləti demorkatik hökumətdən yüksəkdə durmasını qəbul edək, o vaxt, böyük milli, mədəni xüsusiyyətlərə malik olan əyalət və vilayətlərə öz daxili işlərində azadlıq və muxtariyyət verməliyik ki, bu vasitə ilə onlar mərkəz ilə mənəvi rabitələrini gücləndirə bilsin.

Bir halda ki, biz Azərbaycanın xüsusiyyətlərindən bəhs edirik və deyirik ki, bu geniş torpaqda dörd milyon yarım Azərbaycanlı yaşayır və bu camaatın dili, adət-ənənəlri, vergi cəhətdən İranın başqa əyalətləri ilə böyük fərqi vardır, həm də bu xalqın öz mədəni işlərində və öz torpağının abadlaşdırılmasına müdaxilə və iştirak etsin, bu zaman biz mərkəzi hökumətin əleyhinə deyil, onun güclənməsinə çalışmış oluruq. Bəzi dar düşüncəli adamlar xəyal edirlər ki, qara-gürüh çomaq, zor vasitəsilə bu xalqın dilini, xüsusiyyətlərini, adət-ənənələrini, sərvətini əlindən almaq mümkündür. Onlar bu xam xəyalla insanları, hətta Azərbaycanın uzaq kəndlərində belə, öz ana dilindən başqa bir dil bilməyən kəndliləri belə, fars dilində danışmağa vadar və məcbur etməyə çalışırlar. Bunlar İran xalqını aldatmaq üçün yaratdıqları milli vəhdət sözünü, insanların paltarı və dilini süni surətdə birləşdirməklə reallaşdıra biləcəklərini düşünürlər. Bilmirlər ki, dilin kökü anaların sinəsindən, xalqın adət-ənənələrindən və maddi həyatından yaranır. Nə qədər analar diri və maddi həyat qaynamaqdadır bu xalqın dilini və adət-ənənələrini əvəz etmək mümkün olan işlərdən deyildir. Milli birlik o vaxt yarana bilər ki, xalqın hamısı öz xüsusiyyətlərini və daxili azadlığını saxlamaqla tərəqqi edib, bir-biri ilə bərabər ola bilsin. Azərbaycan xalqı mərkəzin çürük və yaramaz adamlarının siyasəti sayəsində özünün istedad qabliyyət və zəkasına baxmayaraq hər cür azadlıq, ixtiyardan məhrum edilmişdir. Onun oğullarının öz ana dilində təhsil almaq imkanları olmamışdır. Onun ziyalıları xalqın mədəni, tibbi və sair ehtiyaclarını qarşılamaq üçün heç bir haqq və ixtiyara malik deyildir. Onlar öz ana yurdlarında və özlərinin qızıl törədən torpaqlarında yoxsul və çarəsizlik halında yabançılar və əsirlər kimi yoxsul halda yaşamaqdadırlar. Onun şəxsiyyətini, dilini və milliyyətini hər an aşağılanaraq təhqir etməkdədirlər. Rza xanın şum siyasətinin tərəfdarı və mərkəzi dövlətin rəsmi nümayəndəsi, bəlkə də Azərbaycan xalqı düşmənlərinin nümunəsi olan Əbdüllah Mustafinin təhqiramiz sözləri bayquş səsi kimi hazırda da Azərbaycan xalqının qulaqlarında əks-səda verir. Bir müəyyən saydan başqa bütün Azərbaycan xalqı özlərinin adına, şöhrətinə, milliyyətinə sıx bir surətdə bağlıdır. Bunlar həmişə səy etmişlər, Azərbaycanın azadlığı, səadəti və bununla bərabər bütün İranın azadlığı, səadəti uğrunda ciddi çalışmışlar. Biz mətləbin uzanmasını nəzərə alaraq Azərbaycanın parlaq tarixindən bəhs etmək istəmirik. Bu xalqın mənşəyi və cəsur babalarının böyük bir dövlət təşkil edib uzun illər müstəqil siyasi həyat sürdüklərini də irəli çəkməyirik. Səfəvi sultanlarının Azərbaycan oğullarından təşkil etdiyi qızılbaş ordusunun bu günkü İranın təşkilində gördükləri böyük işlər və göstərdikləri böyük qəhrəmanlıqlardan da bəhs etmirik.
Hətta İran və Azərbaycanın məşrutə hərəkatında Səttərxanın bayrağı altında fədakarlıq göstərən Azərbaycan mücahidlərinin fəyaliyyətlərini də ayrı mövqeyə saxlayırıq. Şeyx Məhəmməd Xiyabaninin azadlıq uğrunda başladığı qiyamı və bundan sonra meydana çıxan bütün qiyamlar və azadlıq hərəkatlarını da şərh etməyəcəyik. Biz deyirik: Azərbaycan torpağında dörd milyondan çox bir xalq yaşayır ki, onlar özlərinin milli mənsubiyyətini tanıyır, özlərinə məxsus dilləri və ayrı bir adət-ənənələri vardır. Bu xalq deyir: biz istəyirik ki, İranın istiqlaliyyətini və bütövlüyünü qorumaqla bərabər öz daxili işlərimizi idarə etməkdə muxtar və azad olaq. Öz evimizi öz istəyimizlə və iradəmizlə idarə edək, məhəlli ehtiyaclarımızı öz gücümüzlə təmin edək.
Azərbaycan deyir: Tehran bizim dərdimizə yetişmir və bizim ehtiyaclarımızı aydınlaşdırıb çarə etməkdə acizdir. Bizim mədəniyyətimizin tərəqqisini məhdudlaşdırır. Bizim ana dilimizi təhqir edib başqa vətəndaşlarımız kimi sərbəst yaşamağa yol vermir. Bununla belə biz oradan rabitəmizi kəsmək iddiasında deyilik. Ölkəmizin bütün və ümumi qanunlarına itaət edəcəyik. Ölkə Parlamentində iştirak edərək fəaliyyət göstərəcəyik. Fars dilinin dövlət dili olmaq şərti ilə milli məktəblərimizdə öz dilimiz ilə bərabər tədris edilməsinə imkan verəcəyik. Amma bunların hamısı ilə bərabər özümüz üçün bu haqqı da qəbul edirik ki, gərək öz evimizin ixtiyar sahibi olub, onu öz səliqəmizlə idarə etmək imkanına malik olaq.

Yuxarıda dediyimiz kimi biz təzə bir iş başlamamışıq. İllərdir ki, Azərbaycanın aydınları Azərbaycan və İranın azadlıq və istiqlalının gizli və açıq şəkildə Azərbaycanlıları mədəni muxtariyyət üçün mübarizə etmişlər. İndi demokratik ölkələrin qəhrəman cavanlarının mübarizəsi sayəsində faşizmin əsası yıxılmış və millətlərin başqa millətlər üzərində ağalıq nəzəriyyəsinin boş bir iddia olduğu sübuta yetmiş, bütün dünya millətlərinin sərbəst bir surətdə öz müqəddəratını təyin etmələri qanunlar, müqavilələr vasitəsilə elan olunmuşdur. Bu halda Azərbaycan xalqı və Azərbaycan azadlıqsevərləri çeşidli fərdlər halında mübarizəsini davam etdirə bilməzdi. Ona görə də bu mübarizəyə rəhbərlik etmək üçün möhkəm intizama malik bir firqə (partiya) təşkilatı yaranmalı idi. Azərbaycan Demokrat Fİrqəsi bu ehtiyacdan doğulmuş bir təşkilatdır. O təşkilat bütün demokratik və azadlıqsevər şəxsləri öz sıralarına dəvət etməklə bir ağır çəkili milli bir mərkəz yaradacaqdır. O Azərbaycan xalqını azadlıq hədəfinə doğru getməyə sövq etməklə, həm də İran xalqının tərəqqi və təkamül yolunu açmış olacaqdır. Əlbəttə bu firqənin proqram və əsasnaməsi çox tezliklə konfrans tərəfindən qəbul edilib xalq arasında yayılacaqdır.
Bununla bərabər Təsisçilər Heyəti bu vasitə ilə firqənin əsas fikirlərini bütövlükdə xalqa elan etməklə onları öz sıralarına çağırmağa başlamışdır.
Əziz həmvətənlər! Budur, böyük tarixi mübarizə dövrü başlanır. Azərbaycan Demokrat Firqəsi hansı sinfə və təbəqəyə mənsub olmasından asılı olmayaraq, hamını öz təşkilatına üzv olmağa və müqəddəs milli mübarizə işində iştirak etməyə çağırır.
Bu firqənin qapıları oğrular və xainlərdən başqa bütün Azərbaycan xalqının üzünə açıqdır. Hər kəs bizim şüarlarımızı və məqsədlərimizi qəbul edərsə çox tezliklə özünü firqə təşkilatına üzv yazdırmalı və Azərbaycanın, bütövlükdə İranın azadlıq bayraqdarının sırasına daxil olmalıdır. Bizim şüarlarımız bunlardır:
1. İranın istiqlal və bütövlüyünü saxlamaqla bərabər Azərbaycan xalqına azadlıq və mədəni muxtariyyət verilməlidir ki, öz mədəniyyəti yolunda və Azərbaycanın abadlaşması və tərəqqisi üçün ümumilikdə ölkənin bütün ədalətli qanunlarına əməl etməklə bərabər öz taleyini təyin etsin.
2. Bu məqsədi həyata keçirmək üçün çox tezliklə Əyalət və Vilayət yığıncaqlarını təşkil edib işə başlamaq lazımdır. Bu yığıncaqlar mədəni, tibbi, iqtisadi sahələrdə fəaliyyət göstərməklə bərabər, bu baxımdan əsasən bütün dövlət işçilərinin əməliyyatını təftiş edib, onların işdən kənarlaşdırılaraq, başqaları ilə əvəz edilməsi ilə əlaqədar fikirlərini açıqlasınlar.
3. Azərbaycanın ibtidai məktəblərində dördüncü sinifə qədər dərslər ancaq Azərbaycan dilində aparılmalıdır və dördüncü sinifdən başlayaraq yuxarı siniflərdə dövlət dili olmaq etibarilə fars dili də Azərbaycan dili ilə yanaşı tədris edilməlidir. Azərbaycanın Milli Universitetinin təşkili də Demokrat Firqəsinin əsas məqsədlərindən biridir.
4. Azərbaycan Demokrat Firqəsi sənayenin, fabrikaların genişlənməsinə ciddi çalışacaq və səy göstərəcək ki, mövcud fabrikaları təkmilləşdirməklə bərabər işsizliyi aradan qaldırılması, manufaktura və maşın sənayesini genişləndirmək üçün vasitələr əldə edərək yeni fabrikalar yaratsın.
5. Ticarətin genişlənməsini ADF-si çox zəruri və ciddi məsələlərdən hesab edir. Bu günə qədər ticarət yollarının bağlı qalması çoxlu kəndlilərin, xüsusilə bağ sahiblərinin və kiçik sazibkarların sərvətlərinin əllərindən çıxmasına və onların dilənçi halına düşməsinə səbəb olmuşdur. Bunun qabağını almaq məqsədi ilə Demokrat Firqəsi bazar tapmaq və Azərbaycan əmtəələrinin xarici bazarlara çıxarılması üçün tranzit yolları axtarmaq işinə də ciddi başlamağı, bu vasitə ilə ümummilli sərvətin azalmasının qabağının alınmasını nəzərdə tutmuşdur.
6. Demokrat Firqəsinin əsas məqsədlərindən biri də Azərbaycan şəhərlərinin abadlaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün Firqə, çox tezliklə şəhər əncümənlərinin qanuni təsdiqini tapıb (burada əncümənlərə qanunla bələdiyyə statusu verilərək, bələdiyyələrə çevrilməsi nəzərdə tutulur) şəhər əhalisinə müstəqidl bir surətdə şəhərin abadlığına çalışıb onları səliqəyə salaraq müasir hala gəlməsinə imkan verilsin. Təbriz şəhərinin su ilə təmin edilməsi Azərbaycan Demokrat Firqəsinin çox təcili cari məsələlərindəndir.
7. ADF-nin təsisçiləri gözəl bilirlər ki, ölkənin məhsul istehsal edəni və iqtisadi qüvvəsi kəndlilərin qüvvətli qoludur. Ona görə Firqə kəndlilər arasında yaranan hərəkatı nəzərə almalıdır. Firqə səy edəcəkdir ki, kəndlilərin ehtiyaclarını qarşılamaq üçün əsaslı tədbirlər görülsün. Xüsusilə kəndli ilə sahibkarın arasında müəyyən bir hüdud təyin etmək və bəzi torpaq sahibləri tərəfindən ixtira edilmiş qeyri-qanuni vergilərin qabağını almaq Demokrat Fİrqəsinin təcili vəzifələrindəndir. Firqə səy edəcək ki, məsələ elə bir surətdə həll edilsin ki, həm kəndlilər razı qalsın, həm də torpaq sahibləri özlərinin gələcəyinə inam duyub, rəğbətlə kəndlərinin və öz ölkəsinin abadlığına çalışsınlar. Boş torpaqları, Azərbayanı tərk edib qaçan və Azərbaycan xalqının zəhmətlərinin məhsulunu Tehranda və sair şəhərlərdə istifadə edən torpaq sahiblərinin torpaqları, onların tezliklə Azərbaycana müraciət etməkdikləri halda, Demokrat Firqəsinin əsasnaməsinə müvafiq olaraq kəndlilərin ixtiyarına verilməlidir. Biz Azərbaycandan kənarda özlərinin təmtəraqlı həyatını təmin etməkdən ötəri sərvətini xaricə aparanları Azərbaycanlı hesab etmirik. Əgər onlar Azərbaycana qayıtmaqdan imtina etsələr, biz onlar üçün belə bir haqqı tanımırıq. Bundan əlavə Firqə çalışacaq ki, Azərbaycan kəndlilərinin əksəriyyəti torpaq və əkin alətləri ilə çox asan və sadə bir surətdə təmin edilsin.
8. Demokrat Firqəsinin mühüm vəzifələrindən biri də işsizliklə mübarizə etməkdir. İndidən bu təhlükə çox ciddi bir surətdə özünü göstərməkdədir. Gələcəkdə bu sel (prosses) gündən-günə qüvvətlənəcəkdir. Mərkəzi dövlət və yerli məmurlar tərəfindən bu istiqamətdə heç bir iş görülməmişdir. Əgər prosses bu minval ilə davam edərsə, Azərbaycan xalqının əksəriyyəti çətin bir duruma düşməyə məhkumdur. Firqə çalışır ki, bu təhlükənin qabağını almaq üçün ciddi tədbirlər görülsün. Hələlik fabriklərin yaradılması, ticarətin genişləndirilməsi, əkinçi təşkilatlarının təsis edilməsi, dəmir və şosse yollarının çəkilməsi kimi tədbirlər bu təhlükənin qarşısını xeyli almış olar.
9. Seçki qanununda Azərbaycan haqqında böyük zülm edilmişdir. Dəqiq məlumata görə bu ölkədə dörd milyondan yuxarı Azərbaycanlı yaşamaqdadır. Bu ədalətsiz qanuna əsasən Azərbaycana ölkənin Parlamentində 20 vəkil yeri verilmişdir. Bu qətiyyən mütənasib bir bölgü deyildir. Azərbaycan Demokrat Firqəsi səy edəcək ki, Azərbaycanın öz əhalisinin say nisbətinə uyğun vəkil seçmək hüququ olsun. Bu Təqribən Parlament nümayəndələrinin üçdə birini təşkil etmiş olar. ADF-si Parlamentə (məclisə) seçkilərin mütləq azad olması tərəfdarıdır. O dövlət məmurlarının, ölkə daxilində və xaricində yaşayan varlıların əhalini qorxutmaq, aldatmaq yolu ilə seçki prossesinə qarışmalarına ciddi müxalif olacaqdır. Gərək seçki prossesi bütövlükdə İranda eyni vaxtda başlayaraq, eyni vaxtda qurtarsın.
10. ADF dövlət idarələrinə soxulmuş pozğun, əyri və rüşvətxor şəxslərə qarşı ciddi mübarizə edəcək, dövlət məmurları arasında saf, düzgün, obyektiv insanları dəstəkləyəcək. Xüsusilə Firqə çalışacaq ki, onların maaşları, həyat şəraitləri elə təşkil edilsin ki, onlar üçün oğurluq, xəyanət etməyə bəhanə qalmasın. Onlar özlərinə abırlı həyat qura bilsinlər.
11. Demokrat Firqəsi səy göstərəcək ki, Azərbaycanda dolayısı ilə alınan vergilər ciddi surətdə azaldılsın. Yığılan vergilərin yarısından yuxarı hissəsi Azərbaycanın öz ehtiyaclarına sərf edilsin və dolayısı ilə yığılan vergilər ciddi surətdə azalsın.
12. ADF-si bütün demokratik dövlətlər, xüsusilə müttəfiqlərlə dostluq münasibətləri saxlamaq tərəfdarıdır. Bu dostluğu davam etdirmək üçün mərkəzdə və şəhərlərdə İran ilə müttəfiq demokratik dövlətlər arasında dostluğu pozmaq istəyən xain ünsürlərin əllərini ictimai, siyasi və dövlət işlərindən kənarlaşdırmağa çalışacaq. Demokrat Firqəsini yaradılanların əsl məqsədi budur. Biz ümidvarıq ki, hər bir vətənpərvər Azərbaycanlı, Azərbaycanın daxilində və ya xaricdə yaşamasından asılı olmayaraq bu müqəddəs məqsədə çatmaq üçün bizimlə həmfikir və əlbir olacaqdır. Təbii ki, insan əvvəl öz evini sahmana salmasa, məhəllə, şəhər və ya ölkə üçün işləyə bilməz. Biz əvvəl öz evimiz olan Azərbaycandan başlayırıq və inanırıq ki, Azərbaycanın islah və tərəqqisi İranın tərəqqisinə səbəb olacaqdır. Vətənimiz bu vasitə ilə quldurların və mürtəcelərin əsarətindən xilas olacaqdır.
Yaşasın Demokratik Azərbaycan!
Yaşasın Müstəqil və Azad İran!
Yaşasın İran və Azərbaycan azadlığının həqiqi məşəldarı olan Azərbaycan Demokratik Firqəsi!
(imzalar) – 14 şəhrivər (05.09.1945)
Qeyd: İran Azərbaycanında uzun yüzilliklərdən bəri təhsil, yazı işləri, dövlət və hətta fərdi kargüzarlıq sənədləri, ədəbiyyat, mətbuat və s. fars dilində aparıldığından bəyanatın mətnində Azərbaycan dilində pərçim edilmiş çoxsaylı fars sözlərinin işlənməsinə, eləcə də, cümlə quruluşları və söz sonluqlarının Azərbaycan ədəbi dili qaydaları ilə tərs-mütənasib olan fars dili stilində yazıldığından, oxucularımızın bəyanatın mətnini dəqiq başa düşməsini asanlaşdırmaq məqsədilə bəyanatın mətninin məzmun və mahiyyətini olduğu kimi saxlamaqla Azərbaycan ədəbi dilinin qayda və tələblərinə uyğunlaşdırılmışdır.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri:
Adilə Çernik-Bülənt
İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyinin sədri:
Firidun Ənuşirəvan oğlu İbrahimi