Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 17-03-2024, 09:30
XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

XXI ƏSR XARƏZM SÖZ MÜLKÜNÜN SƏMƏNDƏRQUŞU

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!


Özbək ədəbiyyatı təkcə türk dünyasının deyil, dünya ədəbiyyatının ayrılmaz və üzvü bir hissəsidir, yazılmış və yaradılacaq bütün əsərlər dünya xalqlarının təfəkkürünün inkişafına – yüksəlişinə xidmət edir. Mütəfəkkir Əlişir Nəvai əsərləri dünya ədəbiyyatının “qızıl xəzinəsi” – deyilən etiraflar milli dəyərlərimizdir..
Özbək ədəbiyyatının dünyəvi yaradıcı şəxsiyyətləri haqqında tarixin hər əsrində var olmasını qürurla söyləyə bilirik – o cümlədən XX əsrdən və hazırkı XXI əsrin birinci rübündə də bu ənənənin davamına şahid oluruq. Heç şübhəsiz, özbək ədəbiyyatının XX əsrin 60-cı illərindən sonrakı nəslinin – Erkin Vahidov, Abdulla Aripov, Aman Matcan, Erkin Səməndər kimi sənətkarların yaratdıqları nəzm və nəsr şedevrləri dünya ədəbiyyatı meydanında yer almışdır.
2008-ci ilin aprel ayında Özbəkistan Elmlər Akademiyasına – Maqsud Şeyxzadənin 100 illik yubileyinə dəvət edilmişdim. Orada ilk dəfə xalq şairləri Abdulla Aripov, Cüməniyaz Cabbarov, Erkin Səməndər, folklorçu alim, akademik Tura Mirzəyev, akademik Naim Kərimov, nəvaişünas alimlərdən professor Azizxan Qayumov və professor Suyima Ğəniyeva ilə tanış oldum. Hər kəs Maqsud Şeyxzadə haqqında gözəl fikirlərini və xatirələrini bölüşdülər. Mən də, Maqsud Şeyxzadənin el qızı olaraq bu təriflər və xatirələrdən fəxrləndim və geniş bir məruzə etdim.
O günün söhbəti indi də yadımdadır: görkəmli özbək alimlərinin – ustaz Azizxan domlanın, Suyimə opamın çox ciddi təhlilləri, Abdulla Aripovun fəlsəfi mülahizələri ilə yanaşı Erkin Səməndər ustazın müdrik fikirləri məni heyrətləndirmişdi. Özbək xalqının, adlarını kitablardan bildiyim, oxuduğum, öyrəndiyim bu millət aydınlarının üzbəüz söhbətləri mənə yeni yaradıcılıq ruhu verdi, elmə canı-dildən, el dili ilə desək, dördəlli tutmağa sövq etdi. Eyni zamanda, Xarəzm oğlu, Xarəzm torpağının aşiqi, yazıçı-dramaturq Erkin Səməndərin Nəvai əsərlərini dərindən təhlil etməsi, Agahi yaradıcılığından misallar gətirməsini heç unutmuram.
Bu səfərimdən çox qısa bir vaxtdan sonra yenidən Özbəkistana – “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” və Azərbaycan-özbək ədəbi əlaqələrinin 600 illik bir dövrünü özündə əks etdirən “Azərbaycan-özbək ədəbi əlaqələri” kitablarımın təqdimat məclisinə dəvət olundum. Bu həyatımın ən gözəl bir səhifəsi idi. Doqquz yaşlı oğlum Atilla ilə birgə getmişdim (hazırda 25 yaşlı Atillam ÜMRƏ ziyarətindədir, Allah qəbul etsin). Xatirələrlə dolu unudulmaz bir gün oldu. Yuxarıda adlarını qeyd etdiyim şəxsiyyətləri yenə də həmin məclisdə gördüm. Demək, bu məclis dostluq - qardaşlıq dəyərləri ilə yanaşı elmə, ədəbiyyata verilən dəyər, qiymət idi.

O da yadımdadır ki, Erkin Səməndəri “sizin oğuzların böyük yazıçısı, dramaturqu” kimi Suyima opam təqdim etmişdi, sonra fotolar çəkildi.
Ötən il – 2023-cü ilin aprelində iki həftə Urgənc Dövlət Universitetinin tələbələrinə “Nəvaişünaslıq” fənnindən mühazirə deyən vaxtlarda, o böyük insanın Xarəzmdə yaşadığını bilsəydim, hökmən ziyarətinə gedərdim.
Bakıda oturanda bunu xatırlamağımın, xatirələrin kino lenti kimi beynimdə dolaşmasının səbəbi Erkin Səməndərin istedadlı, yaradıcı qızı Səyyarə xanımın şeirlər toplusunu oxumağım və ona sözbaşı yazmaq etibarı qazanmağımdır.
Kimdir Səyyarə Səməndər? – sualı qarşısında qısa bir həyat tablosu yazmaq iatədim: Səyyarə xanım Səməndər – Xarəzm Dövlət Pedaqoji İnstitutunun “Özbək dili və ədəbiyyatı” ixtisasına (1988) yiyələnib, “XX əsr özbək təzkirələri” adlı dissertasiyasını müdafiə edərək filologiya elmləri üzrə fəlsəfə doktoru (1997) alimlik dərəcəsi alan, dosent (2005), “Sizə deyilməyən sözlərim”, “Azadlıqtək bəxt yoxdur”, “Və yenə bahar” (Erkin Səməndərlə həmmüəllif) və “Könlüm” kitablarının müəllifi, Özbəkistan Yazıçılar Birliyinin üzvü (2006), “Mənəvi-maarif işlər əlaçısı” (ÖzR Müdafiə nazirliyi, 2021), ÖzR Müstəqilliyinin 15 illiyi (2006), ÖzR Müstəqilliyinin 30 illiyi (2021) və ÖzR Konstitusuyasının 25 illiyi (2006) döş nişanları mükafatçısı, nəhayət “Şöhrət”medalı laureatı (2022).

Səyyarə Səməndər də mənim kimi filoloqdur. O, alimlərin şairi, şairlərin alimidir. Məhz bu keyfiyyət – onun özbək klassik ədəbiyyatını, dünya ədəbiyyatını dərindən bilməsi, tədqiqatçı xarakteri yaradıcılığının formalaşmasına, mükəmməliyinə təkan verir.
Könül duyğularının təbii çalarlarla kağıza – qələmə tökülməsi – yazılması, elm üçün xarakterik olan fəlsəfi müşahidələr hər sətirdə öz əksini tapmış incilərdir:

Ahindan açılır göy pəncərəsi,
Gözyaşın saədət qədərdir mənə.
Vəfasız olublar dostlarin çoxu,
Dostluğun qiyamət qədərdir mənə!!


Təbii ki, bu sətirlər ömrünü SÖZə həsr etmiş yaradıcı şəxsiyyətin obrazını göz önünə gətirir. Onun üçün müqəddəs olan şeir – ədəbiyyatdır və bu hal poetik səslərə çevrilir:

Qasırğa, tufanlar içində
Qismətimi tək geçirəm mən.
Söykənib yalnız öz dilimə,
Heç düşmədən gedirəm mən.

Yollarımdan çıxırsa bəzən
Qəşqırlara şeir oxuyuram.
Sözlərimə qulaq asınca
Təslim olacaqdır pələng də.

Silahım Söz, Söz ordum mənim,
Ondan başqa heç kimim yoxdur.
Vücudumda bitən həsrətim
Yürəyimə atılan oxdur.

Daşi bassam yarpaq yazacaq,
Çiçək açır titrəyən torpaq,
Əsla asan deyil bu, amma (!)
Düşmədən ayaqüstə qalmaq!

Səyyarə xanımın yaradıcılıq boxçasından belə poetik incilərdən çox misal göstərmək, təhlil etmək mümkündür.
Yaradıcılığı tale hesab edən şairənin Erkin Səməndərə ithaf və ya atası ilə söhbətinin təsiri ilə yazdığı şeirləri var ki, bu da sənətkarın ədəbiyyat aləminə daxil olmasının müqəddəs ailəsindən – genetik kodlarla başladığını göstərir. Bu səbəbdən, Səyyarə xanıma alimlərin şairi, şairlərin alimi dedim. Atasından aldığı ədəbi və həyat dərsləri, elmi yaradıcılığını təzkirələrə həsr etməsi, klassik ədəbiyyatı dərk edərək təhlili onun öz qəzəl, müxəmməs və məsnəvilərində əksini tapmışdır.
Nəvai həzrətləri, Üveysi, Nadirəbəyim, Osman Əzim, Fəridə Əfruzun qəzəllərinin pərəstişkarı olan Səyyarə xanım atası kimi dərin düşüncəli, hərtərəfli yaradıcı qabiliyyətinə malik olduğuna sübutdur və əslində bu, yaradıcı şəxsin xoşbəxtliyidir.
Məlumdur ki, qəzəl Şərq poeziyasında geniş yayılmış lirik janrdır. İlk dövrlərdə romantik mövzuda yazılmış, sonralar onun əhatə dairəsi genişlənərək davam etmiş, ictimai-siyasi, fəlsəfi-etik, didaktik qəzəllər meydana çıxmışdır. Səyyarə xanımın qəzəllərinin oxucuları təkcə misralarda əks olunan məhəbbət duyğularını deyil, həm də insan iztirabları, həyat adlı ağrılı dünyaya aid tüğyanları ilə anlayır:

İstırabım xəzəl kimi batdı yerin dərinliyinə,
Oyadıb cısm-canımı varlığıma batdı səhər.
Etməyin eyb fiqan kim doldursa göy bağrını,
Hansı könülə yetmədi, hansı könülə çatdı səhər...

Qəzəl janrında müxəmməs (beşlik) yaratmaq üçün yaradıcının ədəbi-elmi biliyi və dərin fəlsəfi müşahidə yetkinliyi, şair cəsarəti olmalıdır. Həzrət Nəvai, Üveysi, Nadirə bəyim kimi klassiklərin yaradıcılığını dərindən dərk etmək, onlara yaxın olmaq, onların könül bağlarını özündə hiss etdikdə qəlbdə ecazkar səsə-sözə çevrilir.
İnanıram ki, Səyyarə xanım elmiliyini poeziya ilə özündə təcəssüm etdirən, klassik və dünya ədəbiyyatını çox oxuyan, elm sahəsində araşdırmalarını davam etdirməsi sayəsində misilsiz möcüzələr yaratmışdır. Bundan əlavə, müasirləri Osman Əzim və Fəridə Əfruzun yaradıcılığına hörmət, qəlbən onlara yaxınlıq da Səyyarə Səməndərin bənzərsiz əsərlər yaratmasına təsir etmişdir.
Şərq poeziyasının başqa bir janrı olan məsnəvidə hər beytin misraları qafiyələnir və beytdən-beytə yenilənir. Səyyarə Səməndərin məsnəviləri də qəzəlləri kimi onun həyat təcrübələrini, qəlb ağrılarını, fəlsəfi anlamda şərq ruhunda əks etdirir:

Gəlsə də dərd, tərki adət etmədim,
İncik görüb, əl yelləyib getmədim.

Ah çəkib özümü daşa vurmadım,
Gər sitəm yetsə, üzüm çevirmədim.

Bəzən sellər məni boğmaq istəyir,
Tək ümidim çiçəklənmək istəyir...

Yaxud da içindəki bu ürək ağrıdan misralar məsnəvi janrında yaradılmış incilərdir, - desək, deməli İNSANın ÖZÜ, öz ŞƏXSİYYƏTini əks etdirir:
Kim qəlbinə darıxsa olur ki salamat,
Mən kimi yavaş keçir özünə tərəf.
Nə gələn ağlıma, o sözümdədir,
Qəlbi gördüm, o mənim özümdədir.

İnsanın qəlbinə, ruhuna yaxın olan bu misralar təbii ki, hər bir poeziya aşiqinin ürəyincə olur və onu düşünməyə, düşündürməyə sövq edir.
Bu kitaba daxil olan və əsərin təsirini daha da artıran “Huzuruna gəldim, Təhəccüd” adlı üçlüklərdir. Məlumdur ki, Təhəccüd namazı İslamda nəfs namazlarından biridir. Şairə xanımın təhəccüdləri ANAya həsr olunmuş üçlüklərdir. Ağıllı övladlar dünyaya gətirən, sınaq dünyasında ataya sədaqətlə ömür-gün yoldaşlığı edən Anaya həsr olunmuş misralar, ona görə də şairənin ürəyindən dua nidası mərsiyə kimi səslənir.
“Təhəccud!
Gecənin bağrına bir zərrə olub qarışacam... Uzun müddət özümü dinləyəcəm. Haqq dünyasına köç edən anamın yarım təbəssümlə baxan siması gözlərim önündə canlanır... . Bu halımdan çıxmaq istəmirəm... . Sən – anamın həsrəti olub qəlbimə təsəlli verirsən, bu dünyada yaşamaq üçün güc verirsən, səbr verirsən...”.
Bəli, dünya ədəbiyyatında yaradıcı bütün qələm adamları ANAya SÖZdən bədii heykəl, bənzərsiz mənəvi ABİDƏ ucaldıblar və onların hamısında müqəddəs qadın obrazı var. Amma bu Təhəccüddəki qəhrəman ŞAİR Erkin Səməndərin həyat yoldaşı, ŞAİRƏ Səyyarə Səməndərin ANAsıdır. Buna görə də müəllif bu haqda belə yazır:
“Bu gecəki yazılarımı – atamın qayğısına qalan mehribanım, onun 66 illik ömür-gün yoldaşı, yeməklərini ən əvvəl atamın qarşısına qoyan, sağlamlığının keşikçisi, həyatın sınaqlarında arxasında dayanan qalası, atamın gözlərini hüzrlə dolduran onun böyük qadını (atam anam haqqında danışarkən, “o, böyük qadın idi” – deyərdi) “atanıza yaxşı baxın, onu sizlərə, sizləri isə Allaha tapşırıram” – deyərək mehrini ancaq atama salan, 85 yaşında belə işıqlandıran anam Cumənıyazqızı Aqilcanın əziz xatirəsinə ithaf edirəm. Ailəmizi onun adına bənzər bir hikmət nuru ilə yüksəldən anam Aqilcan Cümənıyazqızının əziz xatirəsinə ithaf edirəm.
Bu qeydlər və “Dünya” silsiləsidəki üçlüklər, onlardakı ağrılı nalələri (mərsiyələri) oxuyandan sonra dünya ədəbiyyatı, xüsusən də klassik yapon hayku (üçlük) şeirini xatırladım:
***
Mən sənin bağrında yanan bir şamam,
Başım əyib, dağ kimi möhtəşəməm.
Huzur və həlavət, rahat təhəccüd.
* * *
Özüm ədayam mən, özüm miskinəm,
Qırıq könlümlə kimə təsəlliyəm,
Zirvəyə yol alsam, rəğbət təhəccüd.
* * *
Mən kimi dünyanı dünyaya verdin,
Yayıldım bir mahnı kimi zəminə!
Məni yaratmaq üçün yarandın, Dünya!...
Məhz bu üçlüklər mənə həyatın imtahanları və sınaqlarından məntiqi və fəlsəfi müşahidələr çıxarmağın haykuya xas olduğu qənaətinə gəlməyə vadar etdi.
Yox idim, bədəndə cəm oldum,
Aləmi işıqlandıran şam oldum,
Deməyin, şam nədən işıqlandırmaz,
Ki, ona tutuşan can oldum.

Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərlər kimi dünyada ÖZünü axtaran, qəlbindəki kədərini, sevincini, hiss-duyğularını ədəbiyyat sevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır.
Bu kimi dördlüklər silsiləsi də hazırkı kitabda yer alan digər əsərləri kimi dünyada ÖZünü axtaran, sevincini, ağrısını ürəyində ədəbiyyatsevərlərə bəxş edən Səyyarə xanımın əbədiyaşar yazılarıdır. Şairin yazdığı kimi, –

Qəlbim o qədər oyaq –
Qəlbinizə çatana qədər.
Könlünüzdən qubarlar
Ta ki dağılana qədər!

Mənim yolum bir an kimi –
Söz dadını dadana qədər!
Mən dünyada yaşayıram
Ta özümü tapana qədər!


Ümumiyyətlə, bu kitabda hər bir yaradıcılıq nümunəsində müəllifin qəlbini, dərd dolu könlünün əksini görürük.
“Bir türk qadını ilə üç mübahisə” poemasını oxuyandan sonra nədənsə türk xalqlarının, xalqımızın iki böyük şəxsiyyəti – Azərbaycanın özbəyi, özbəyin Azərbaycanı kimi tanınan Maqsud Şeyxzadə və Ziya Bünyadovu xatırladım. Çünki bu müəlliflər Xarəzmşah-Anuştəqini dövlətini, Cəlaləddin Mənquberdinin fəaliyyətini dəqiq işıqlandıran, dövrün mənzərəsini gözümüzün qabağında təqdim edən əsərlər yaratmışlar. Səyyarə Səməndərin poemanı yazarkən arxalandığı Nəsəvi yaradıcılığı da bilavasitə Ziya Bünyadovun tərcümələri ilə geniş oxucu kütləsinə çatmışdır. Bu yerdə qeyd edim ki, Erkin Səməndər həm də “Əcdadların qılıncı”, “Cəlaləddin Mənquberdi” dramlarını, “Sultan Cəlaləddin” romanını yaradıb və bu əsərlərin özbək ədəbiyyatında xüsusi, həm də qürurverici yeri vardır.
Səyyarə xanım, atasının yaradıcılıq təsiri ilə, eləcə də tarixi hadisələri əks etdirən digər əsərləri oxuduqdan sonra Xarəzmşah-Anuştəqinilər dövrünün məlakəsi olmuş Türkan Xatun haqqında dastan-poemasını yazmışdır. Eposda Türkan Xatun, o dövrün tarixçisi Nəsəvi və müəllifin o dövrün reallığı ilə bağlı fikirləri öz əksini tapmışdır. Eposda ana Ceyhun və səmanı bədii obrazlar kimi təcəssüm etdirməsi müəllifin nailiyyətidir. Üç arqumentdən ibarət olan dastan oxucuya o dövrün mənzərəsini təsəvvür etməyə, real vəziyyəti anlamağa kömək edir.

Sözün sehrindən bəzən xəbərsiz oluram,
Atəşlərdə yanmayan Səməndərquşuyam!
– deyə, müəllif yazır.
Damarlarında, genində, qan yaddaşında böyük özbək ədibi, dövlət və ictimai xadimi Erkin Səməndərin qanı olan Səyyarə xanıma yaradıcılıq uğurları, özbək, türk və Şərq ədəbiyyatını daha gözəl əsərlərlə zənginləşdirməyi, SƏYYARƏ adını bütün dünyaya yaymasını arzulayıram. Erkin əfəndi könül bağı Səyyarə ilə, Səyyarə xanım atası Erkin əfəndi ilə, pərəstişkarları – oxucuları isə hər ikisi ilə fəxr edə bilərlər. Çünki hər iki Xarəzm övladı buna layiqdir.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru, professor
Özbəkistan Respublikasının “Dostluq” ordeni laureatı
P.S. Mətndəki şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi gənc özbək şairi Rəhmət BABACANdır.
"Bütöv Azərbaycan" qəzeti
15 mart 2024



Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!