Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 11-08-2025, 19:10
Ruhların görüş yeri


Ruhların görüş yeri


1988-ci ildə ağır yığnaqlı Zəngəzur mahalından bir karvan qalxdı. Bu nə köç karvanı idi, nə də elat karvanı. Bu karvan yurdu yağıya qalan Didərginlər karvanı idi. Bu o zamanlar idi ki, qaniçən rus imperiyası quduzlaşmış erməni faşistlərini zənzirdən açıb üstümüzə buraxmışdı. Ona görə də silahlı quldurların qarşısında əliyalın, ac-yalavac qalan əhalinin hərəsi bir yana üz tutmuşdu. Bu son mənzili bəlli olmayan Didərginlər karvanında bığ yeri yenicə tərləmiş Müşfiq də vardı. Heç kimin yolunun sonu bəlli olmasa da, Müşfiqin müqəddəsliyə aparan bir əbədiyyət yolu var idi. O yol 1971-ci il sentyabrın 15-də Müşfiq dünyaya gələndən başlamışdı...

Vəliyev Müşfiq Ağa oğlu ulu Zəngəzurun Qafan rayonunun Kirs kəndində doğulub. 1988-ci ildə qarı düşmən Qarabağı ələ keçirmək üçün ona mane olacaq qüvvəni, Qərbi azərbaycanlıları silah gücünə qovmaq qərarına gələndə Azərbaycanın manqurtlaşmış rəhbərliyi əhaliyə ərzaq, silah-sursat göndərmək, yerlərində möhkəm dayanmaq üçün yardım etmək, ideoloji iş aparmaq əvəzinə köçmələri üçün nəqliyyat vasitələri göndərdi. Beləcə düşmən felinə düşən ellərimizin əhalisi pərən-pərən dağılanda 17 yaşlı Müşfiq də ata ocağından ayrı düşdü...
Ailəsi ilə birlikdə Azərbaycana pənah gətirən Müşfiq Bakının Nəsimi rayonundakı 19 saylı orta məktəbdə təhsilini başa vurub Sovet Ordusu sıralarında xidmətə gedib.

Müşfiq xidməti başa vurub qayıdanda azğın düşmən yurdumuza ayaq açmışdı. Qarabağda qanlı qırğınlar törədirdi. Ona görə də Müşfiq 1992-ci ildə ölməzliyə, əbədiyyətə aparan bir yolun yolçuluğuna başlayıb. Könüllü olaraq cəbhəyə getmək üçün Hərbi Komissarlığa müraciət edib.
Rəhmətlik atası Ağa Vəliyev deyirdi:
“O bilirdi ki, o torpaqlar bizimdir, həm də özü öz dədə-baba yurdundan ermənilər tərəfindən qovulmuşdu. Ona görə də heç tərəddüd etmədən cəbhəyə getdi. Həm də doğulduğu bölgəyə ən yaxın olan Zəngilan rayonuna getdi. Vətən yolunda da şəhid oldu. Mən oğlumun şərəfli yolu ilə fəxr edirəm, təki vətən sağolsun!”
Müşfiqin müəllimi, mərhum Bayram Məmmədovun dediklərindən:

“Müşfiq mənim dayım oğlu olmaqla bərabər həm də şagirdim olub. Özü də sevimli şagirdlərimdən olub. Müşfiq həm istedadlı, həm də cəsur, qorxmaz oğlan idi. O vaxt atasının mal-mülkünü ermənilərə verməyib. Qışın çovğununda keçilməz dağlardan keçib Naxçıvana gedib. Mal-heyvanı da təkbaşına özü ilə aparıb. Müşfiq Qafana yaxın olsun, bəkə öz kəndlərimizi də erməni işğalından azad edərik,- deyə Zəngilanda, Şayıflıda döyüşürdü.”
Müşfiq silah -sursatın çatışmadığı, bəzən bir neçə əsgərin növbələşib bir silahla döyüşə girdiyi vaxtlarda ruhunun, vətən sevgisinin gücünə arxalanaraq savaşırdı. O, kəşfiyyatçı idi. Ən mühüm döyüş tapşırıqlarını yerinə yetirirdi. Düşmənin döyüş mövqeləri, şəxsi heyəti barədə məlumat gətirmək üçün daim kəşfiyyatda olurdu. Zəngilan rayonunun Şərikan kəndində, Kollu Qışlaq, Şatazır, Rəzdərə kəndlərində, Cəbrayılın müdafiəsində, Qubadlı rayonunun Xanlıq kəndi ətrafında gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli canlı qüvvəsini məhv edən Müşfiq qarşı tərəfin bir tankını, bir ədəd UAZ markalı avtomobilini və Belarus markalı qoşqu maşınını qənimət gətirib.

Müşfiq Zəngilanda döyüşə-döyüşə Qərbi Azərbaycandakı dədə-baba torpağına da sahiblənmək niyyətindəymiş. 1993-cü il aprelin 10-da silahdaşları ilə birlikdə qədim Oğuz yurdu Qafanın 4 kəndini düşməndən təmizləyiblərmiş. Təəssüf ki, həmin vaxt Qubadlı, Cəbrayıl rayonları işğal olunduğundan Zəngilanın hər tərəflə əlaqəsi kəsilib. Oktyabrın 25-də düşmən ağır texnika ilə Qumlaq istiqamətindən hücuma keçib. İgidlərimiz düşmənlə ölüm-dirim savaşına atılıblar. Həmin gün düşmən cəbhəsinin 3 tankı yandırılıb. Xeyli canlı qüvvəsi məhv edilib. Bu Müşfiqin son döyüşü olub. O dünyadan köçəndə də ana torpağı oxşaya-oxşaya köçüb. Torpaq da öz balasını köksünə elə sıxıb ki, Zəngilanın işğal olunduğunu görməsin,- deyə...
Deyirlər Müşfiqin qanı düşən yerdə bir çiçək açıb. Buludların göz yaşı ilə suvarılan həmin çiçək neçə illərdir ki, ilin heç bir fəslində solmur. Orda ağaclar da yarpaq salmır. Onlar Zəngilandan keçib Oğuz ellərinə müjdə aparan Bakı- Qafan qatarının yolunu gözləyirlər.

20 il əvvəl Müşfiqin ailəsini ziyarət edib, doğmaları ilə görüşəndə qardaşı Bəhrəm dedi ki, tək Müşfiq yox, bütün Şəhidlər mənim qardaşlarımdır. Onların Vətən yolunda canlarından keçmələri bizim üçün fəxrdir. Təəssüf ki, onların qanı tökülən yerlərimiz bu gün düşmən əsgərinin tapdağı altındadır. O torpaqları azad etmək üçün döyüş əmri gəlsə mən birinci olaraq əsgər paltarı geyib döyüşə gedərəm. Həm torpağı azad eləməyə, həm də Şəhid qardaşlarımızın tökülən qanının qisasını almağa.
Müşfiqin anası Səkinə xala 2005-ci ildə Azərbaycan Televiziyasının “Zireh” verilişinin aparıcı müəllifinə verdiyi müsahibədə yeganə arzusunu belə ifadə etmişdi:
“11 ildi Müşfiqim ölüb, hələ torpağına göz yaşı düşməyib, üstünə gül qoyulmayıb, məzarı ziyarət olunmayıb. Bircə Allahdan əhdim odur ki, İlhama can sağlığı versin, dünya düzgünlük olsun, torpaqlarımız alınsın, Müşfiqin bacıları, anası, qardaşı qəbrinə ziyarətə getsin!
Haşiyə: O, Qərbi Azərbaycanlı ananın nəşi tapılmayan oğlu Müşfiq Zəngilan rayonunda Şəhid olmuşdu. Döyüş yoldaşları meyiti atəş altından çıxara bilmədikləri üçün nişanalanmış bir ağac dibində dəfn ediblər ki, torpaqlarımız işğaldan azad olunanda gəlib tapalar. Şükür, 44 Günlük zəfər müharibəsindən sonra döyüş yoldaşları Müşfiqin nəşini gətirib Zəngilan Şəhidlər Xiyabanında dəfn ediblər. O günü görmək Səkinə xanıma nəsib olmasa da, onun arzusu 20 ildən sonra çin olub.

Avqustun 9-da Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin təşkilatçılığı ilə Müşfiqin doğmalarının qohumlarının və Qafan Rayon İcmasının üzvləri Zəngilan Şəhidlər Xiyabanını ziyarət ediblər. Gülövşə Məmişova qardaşının mərmər məzar daşı ilə baş-baş verib göz yaşı axıdıb.
Onu dövrəyə alan əmisi uşaqları Zahid, Nizami, Bəylər, Əşrəf, Vüqar, Afaq, Qəmsiyə, əmisi gəlinləri Bənövşə, Nüşabə, İradə Müşfiqin Vəliyevlər və İmaməliyevlər ailəsinə bəxş etiyi şərəfli adın qürurunu yaşayıblar.
“Zəka Print” MMC-nin rəhbəri, naşir Misir Aslanov bu müqəddəs ziyarətin təşkilatçılarına Kirs- Kurud camaatı adından minnətdarlığını bildirib. Müdafiə Nazirliyinin əməkdaşı, şair Ramazan Səməroğlu Müşfiq Vəliyevin keçdiyi şərəfli döyüş yolundan danışıb.
Məmmədovlar ailəsindən Tahir, Xalid və Xəyalı təmsil edən Kərəm Məmmədov ürək sözlərini söyləyəndə həyəcanını boğub göz yaşlarına hakim ola bilməyib. Mən Müşfiqdən kiçik olsam da, günümüz bir yerdə keçirdi,-deyib. Onun fədakarlığı ilə qürur duymaq nə qədər şərəflidirsə, xatirələrilə yaşamaq bir o qədər ağırdır, acıvericidir.

Hamının ürəyində sözü olsa da bütün gözlər Müşfiqin daşdan boylanan qərib baxışlarına zillənib. Qazi Hafis Tahirov döyüşdə yaralandığı o qanlı-qadalı günləri xatırlayaraq sükuta gedib. Lətif Əzizovun, Qafar Qafarovun, Ağalar Seydəliyevin, Qulu Rzayevin, Fərzəndə Vəliyevin, Elşən Əbdüləzimovun xəyalları Müşfiqin də gəzib dolandığı Zəngəzur dağlarının gədiklərinə qədər qanadlanıb...

Bəhrəm Vəliyev zəhmət çəkib uzaq yoldan Şəhid qardaşlarının ziyarətinə gələnlərə ailələri adından minnətdarlığını bildirib.
Ziyarətçilər Müşfiqlə “keçən” bir günü əbədiləşdirmək üçün xatirə şəkili çəkdiriblər. Beləcə Səkinə xalanın, Ağa dayının, qızları Tamaşa və oğulları Müşfiqin ruhlarının görüş yerində duyğulu anlar yaşanıb. Qəbir ziyarətindən sonra Müşfiq Vəliyevin adına ehsan süfrəsi açılıb. Süfrə arxasında gedən söhbət əsnasında Kurud- Kirs İcmasının ziyalılarından Dünyamalı Məmişov, Elxan Əsədov, Nəcməddin Yunusov və başqaları belə ziyarətlərin gerçəkləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolundan, yurd-yuvasından qovulanlarımıza bir təsəlli olmasından danışıblar.

Tamxil ZİYƏDDİNOĞLU,
Fotolar Vəfalı QASIMOVUNDUR








Paylaş



Bölmə: Şəhidlər / Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!