TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 22-08-2025, 22:03
ƏSAS ALTMIŞI ADLAMAQDIR


Rəşad MƏCİD - 61

ƏSAS ALTMIŞI ADLAMAQDIR

Son illərdə mənə elə gəlir ki, xüsusilə vəzifə, mənsəb sahibləri dostlarıma qarşı bir az ədalətsiz olmuşam, bircə addım atmadığım halda, özümə qarşı diqqət gözləmişəm. Beləcə, neçə dostdan uzaq durmuşam, bunu bir Allah bilir. Bu da xarakterdir, dəyişəsi deyil. Ancaq bu gün 70-ə çathaçatda artıq nə isə təmənnada olmağıma güman yeri qalmadığı bir vaxtda mehriban, diqqətcil tələbə yoldaşıma layiq olduğu ad günü təbrikini yazmağım, yəqin ki, kimsədə səmimiyətimə zərrəcə şübhə doğurmaz.
Jurnalistika fakültəsinin köhnə binasında hamı bir-birini yaxşı tanıyırdı. Çünki hamı özünü tez tanıtmaq həvəsində idi, filan qəzetdə işləyirəm, filan qədər məqaləm, şeirim çap olunub və sair və ilaxir. Bizim qrupun əksər istedadlı uşaqlarını rəhmətlik Qulu Xəlilov ilk dərs günündə, özü də haqlı olaraq qamçıladı; - bir neçə nəfərdən başqa jurnalistika sahəsində işləyən yox idi! Mən Zəngilandan gəlib neft sahəsində çalışırdım (çalışmağa fəhləlikdən başqa bir yer tapmaq olmurdu), cəlilabadlı İlham kolxozda hesabdar, qubalı Rahim konserv zavodunda nəzarətçi işləyirdi. İş yerimizi dedikcə kişinin başından alov qalxırdı sanki. Bu gün respublikamızın tanınmış jurnalisti Rövşən Binətlinin özünü komsomolçu kimi təqdim etməsi Qulu müəllimi lap hövsələdən çıxardı:
- Ay, qızıldiş kamsamol, ay uşaqlar, Allah evinizi tiksin, niyə bu istedadlı uşaqların qarşısını kəsirsiniz, diplom almaq üçün gərək jurnalistika fakültəsinə girəydiniz, hə? Bura istedadlı adamların yeridi axı. Gedin hüquqa girin, müəllimliyə girin, dədənizin puluynan katib olun, prokuror olun! Görün nə qədər istedadın qarşısına keçmisiniz axı?!...
Hələ orta məktəbdə oxuyandan rayon qəzetində yazılarım çıxsa da, ən böyük arzum jurnalist olmaqdısa da, bu irad mənə çox təsir eləmişdi. Ona görə də tənəffüslərdə çox vaxt itirmirdim, evdə çatdırmadığımı fakültənin 3-cü mərtəbəsindəki boş otaqlarda tamamlamağa çalışırdım.
Tələbə yoldaşlarım, o cümlədən Rəşad Məcidlə də qısa salam-əleykümlərim elə o dövrdən başlamışdı. Bir də Zeynəb xalanın çayxanasında 2-3 sosiska (birini pişik ayağıma dolaşıb əlimdən alardı) ilə bir çaynik çayla nahar edəndə bu gursəsli tələbə yoldaşımızın adətən başda oturduğu, çox zamanda hesabı ödədiyi məclisə dəvət alsam da, oturmağa vaxt eləmirdim. Bu məclislərin birində Aqil Abbası başda gördüm, birində digər məşhur jurnalisti, başqa bir vaxt respublikada tanınmış adamla masalar qoşalaşar, stulların sayı artardı, səs-küy də çoxalardı. Mən isə yerində olmayan tələbə kimi özümə qapanardım. Bu şeiri də o vaxt yazmışam:
Yersiz görünməkdən qorxduğumdandır,
Hələ də yerimi tapa bilmirəm.
İllər keçdi, 525-ci qəzet fəaliyyətə başladı və doğrudan da maraqlı mətbu orqana çevrildi. Mən MTN orqanı olan, əslində sərhədlərimizdən yazan “Sərhəd” qəzetində məsul katib idim. Qəzetin hər bir əməkdaşı, o cümlədən redaktor, məsul katib sərhəd və müharibə bölgələrinə səfərlər edir, məqaləsini tamamlayan kimi dərhal ezamiyyət kağızını hazırlayardı. Hərbi müxbir kimi daha çox ermənilərin qaniçənliyindən, vəhşiliklərindən yazırdım. Bir gün zəng olundu ki, Xocalı faciəsi ilə bağlı müsabiqənin münsif heyətinə seçilmişəm. Şifrələnmiş 70-dən çox yazı oxudum, qiymətləndirdim, indi adını çəkmək istədiyim bir nəfərdən zəng gəldi, mənə yazısının adını və məzmununu bildirmək istədi, qəti surətdə haqsızlığa yol verməyəcəyimi bildirdim.
Müəyyən olunmuş vaxtda yazı müəllifləri və münsiflər bir zala toplaşdıq. Əsas təşkilatçılardan biri də Rəşad Məcid idi. O, çox mehribancasına dəvət etsə də, 7 nəfərlik münsifdə mənim soyadım qeyd olunmuş yanındakı stola əyləşmədim, zalda özümü daha rahat hiss edirəm, dedim. Fürsətdən istifadə edən bir jurnalist cəld özünü yuxarı saldı, mənə ayrılmış yeri tutub, adım yazılı lövhəni üzüqoylu çevirdi. Rəşad Məcidin səmimi təbəssümü zaldakıların, həm də mənim diqqətimdən qaçmadı. Bir azdan qızğın mübahisə getdi, kimsə birinci yerə layiq olduğunu iddia etməyə çalışdı. Biri lap irəli gedərək “kimdir axı Mahir Cavadlı ki, bizim yazılara o qiymət verə, mən belə bir jurnalist tanımıram”- dedi.
Onda Rəşad Məcid haqqımda xoş sözlər deyərək, bu qədər ağrılı yazını oxuyub qiymətləndirdiyimə görə minnətdarlığını bildirdi, məni zala təqdim elədi. Ayağa qalxanda o jurnalist pul kimi qızardı,- onun “Sərhəd” qəzetinə gətirdiyi yazıları yanındaca redaktə edir, qaçqın olduğu üçün yaxşı da qonorar yazırdım (baş redaktorumuz mərhum şair Ramiz Duyğun bir-iki dəfə qonorar cədvəli ilə dəqiqləşdirmə apardıqdan sonra bir daha bu məsələ ilə maraqlanmazdı).
Rəşad Məcidin təklifi ilə mükafata layiq görülmüş üç yazı oxundu və seçimin düzgün aparıldığına şübhə yeri qalmadı. Tədbiri yekunlaşdırıb çay süfrəsinə gedəndə gülümsəyərək atmaca da atdı: “Allah insaf versin, dedim gəl otur rəyasətdə, bilmirsən adamların əksəriyyəti yuxarı tribunalardan qorxur?”
Düz sözə qarşılıq heç nə deyə bilmədim. Rəşad Məcid həm məclisi ələ alaraq haqqı bərpa etmiş, həm də mənim pərtliyimi aradan götürmüş oldu. Belə situasiyalarda onun məharəti danılmazdır.
Bilərəkdən R.Məcidin şeirləri və mətbu yazıları haqqında fikirlərimi yazmıram, çünki onun qələmindən çıxan hər bir sətir, hər bir misra geniş müzakirəyə səbəb olur, haqqında ustad şairlər söz deyiblər, “Ulduz” jurnalının baş redaktoru istedadlı şair Qulu Ağsəsin şeir kitabına ön söz əvəzi yazdığı fikirləri ən azı təkrarlamaq üçün hər iki şairin fikir dəryasında üzməyi bacarmalısan.
Rəşad Məcid, demək olar ki, gündəlik sosial şəbəkə istifadəçisidir. Feysbuk paylaşımlarında, yazdığı şərhlərdə təkcə məsuliyyətini çiynində daşıdığı Mətbuat Şurasının, Yazıçılar Birliyinin mövqeyində dayanmır, dövlətin, dövlətçiliyin, azad və doğru sözün, müstəqil düşüncənin, saf məsləkin qoruyucusu kimi çıxış edir. Bilik və çoxillik təcrübəsi ilə mətbu orqanları, onları yönəldənləri düzgün fikirləri dolğun ifadələr fonunda oxucuya çatdırmağı tövsiyə edir, şok effekti yarada biləcək yanlış sərlövhələrlə ictimai rəyi çaşdırmamağa çağırır. Dünyanı düşündürən qlobal problemlərlə bağlı şərhləri də mətbuat başçısının sağlam bəşəri düşüncəyə malik olmasının ifadəsidir.
Avqustun 21-də yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Tələbə yoldaşım, həmkarım, yazılarımı ən çox çap etdirdiyim qəzetin rəhbəri, üzvü olduğum AYB-nin məsul şəxsi, mətbuatımızın baş sözçüsü kimi Rəşad Məcidlə müəyyən tədbirlərdə qısa söhbətlərimiz olub, inanıram ki, bundan sonra da görüşməkdən çəkinməyəcəyik. Təmsil etdiyim Zəngilan rayonunun yaradıcı heyətinin Azərbaycan Yazıçılar Birliyi və yeni fəaliyyətə başlayan “Yeni Zəngilan” qəzeti ətrafında sıx birləşməsi naminə səylərimiz tezliklə səmərəsini verəcək.
Əsas 60 yaşı adlamaqdır, dəyərli Rəşad Məcid, ondan sonra qəti qorxusu yoxdur! Təbrik edirəm, xoş arzularla,

Mahir Cavadlı
İstanbul.


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!