Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 13-10-2016, 16:40
YANDIRIN, KÜLÜMÜ SƏPİN DAĞLARA

Vəliyəddin MİSİROĞLU
yazıçı-publisist.

Ay ellər, üz tutub qürbətə sarı,
Tələsir mənzilə ömrün qatarı.
Qoynunda qismətim olmadı, barı,
Yandırın, külümü səpin dağlara.
(Həbib Əhmədov).

Yaman tələsirsən, Həbib müəllim!

Tələsmə, səbrin olsun. Ömrün qatarı qürbətə yox, dağlara yön çevirib sıralanmalıdır. Axı, karvan dağ aşırımında, üfüqdə çox cazibədar görünür. Zınqırovların da səsi dağ küləyinə qarışanda sanki elə bil həyat simfoniyası çalınır.

Qartal da ancaq zirvədə qıy vurub, qanad çalır. Şikarını da orda tapır, gözü də həmişə zirvələrdədir. Durna da alçaqdan uçsa, onun səsi insanı valeh eləməz, nə də durnaların qatarı göz oxşamaz, diqqət cəlb eləməz.

Səbrin olsun, dağlarımıza qayıdaq, zirvədən aşaq, Allah rizasıynan dağların bizə verdiyi canı qaytarıb özünə verək. Buna da səbr lazımdı... Səbrin də ki, meyvəsi gec yetişir, amma dadı bütün meyvələrdən şirin olur. Bizim də şirinliyimiz o dağlardadı. Biz də o şirinliyə qarışıb, o torpağa hopmalıyıq. Necə ki, siz deyirsiniz:

- Ölsəm, cəsədimi əmanət qoyun,
Bir gün götürərsiz Vətənə məni.
Orda yoğurarsız qara torpağa,
Bükməzsiz pambığa, kəfənə məni.

Adətdir; hər bir insanın işi müşkülə, çətinliyə düşəndə çox darıxır, özünə təsəlli verəcək bir çarə, əlac axtarır. O ki ola, yurd itirəsən, vətən həsrəti çəkəsən, ata-baba qəbirlərini ziyarət etməyə əlin çatmaya, baxa-baxa qalasan, vətəndə vətənsiz olasan. Bu, çox ağırdır...

Bəzən də insanın axtardığı çarə, əlac elə onun özü olur. O, özü-özünü ovundurur. Biri tablo çəkir, biri sənət əsəri yaradır, şairlər də hisslərini misralara, sətirlərə köçürür. O şairlərdən biri də siz özünüzsünüz, Həbib müəllim! Ona görə darıxıb deyirsiniz:

-Dünya dönüb od püskürən zindana,
Bir biz yox ki, dərdə düşüb zamana.
“Beşik dünya” məhbəs olub insana,
Qəm kökünə çalınıram gecələr.

Nə kövrək misralardı bunlar... Amma bir sözüm var, amandı, yuxarıda dediyin kimi, külümüzü göyə sovurmayaq... Qorxuram bu haqsız dünyanın ədalətsiz qara küləyi indiki zamanda külümüzü də aparıb yad torpaqlara dağıda, bizi beyman eləyə... Yox, yox, gəl, darıxmayaq... haqq bizimdi. Böyük Allah haqqı nahaqqa verməz, yurdlarımız tapdaq altında qalmaz. Bizim qəlblərimiz fəth olunmayıb ha, sadəcə daşlarımız uçurulub. Yenə də ocaqlarımız altındakı qorumuz közərməkdədi. Sadəcə, bir püfə bənddi. İnşallah, səba yelləri üstümüzdən əsər, ocaqlarımız alovlanar, yurdlarımız abadlaşar. Demə ki;

-Yığıldı sinəmə dərd qalaq-qalaq,
Gözlərimə köçdü dağlardan bulaq.
Yazıq Həbib, axır, bir ovuc torpaq
Qismətinə Kəlbəcərdə düşmədi.

Şairlər Allaha yaxın bəndələrdi deyirlər. Şairlərin də hər bir misrası bizə bir təskinlik, bir ürək qutudu. Dilin verdiyi bir toxtaxlığın gücü bir ordu gücü qədər ümidvericidir. Biz o dağlardan ümidlərimizi üzməmişik. Necə ki;

-Həsrətdən ölərəm, inam yaşadır,
Ömrümün sarvanı o dağlardadı.
Bunun ardınca da;

Talanmış yurd-yuvam ahlı-amanlı,
Dağların göz yaşı – Tərtərim qanlı.
Xınalı kəklikli, xallı ceyranlı
Dağımı, düzümü mən hardan alım? –

deyirsən. Gahdan da dağlarnan xəyalən danışırsan, onun hər fəslini, qayasını, daşını, gülünü, çiçəyini təsvir edirsən:

-Yaz gələndə Nərgizgülü güllənər,
Bənövşənin yanaqları çillənər.
Bülbül ötər, nəğmə ərşə zillənər,
Kəklik çəkər ziyarətin dağlara.

İnşallah, biz də qayıdıb dağları ziyarət edərik, Həbib müəllim! Bənövşələrin yanaqları çillənəndə, qızlar onu əlləriylə dərəndə. Axı, biz onları boynubükük qoymuşuq gələndə...

Nə bilək, bəlkə də yiyəsiz qalan o dağlarda güllər, çiçəklər, bənövşələr insan hənirinə həsrətdilər, gözəllərin gözü ilə oxşana bilmirlər. Ona görə də, Dədə Şəmşir demişkən, bəlkə;

-Maralların, cüyürlərin gözündən
Utanıb, qısılıb kola bənövşə.
Qismət olsun, bir qom “qan bənövşə” dərək, gözü yolda qalan ata-baba qəbirlərinin üstünə səpək.

Həbib müəllimin şeirlərini oxuduqca görürsən ki, onda çox mövzu genişliyi var; gəraylılar, qoşmalar, təcnislər, divanilər, müxtəlif səpgili şeirlər. Hamısında da

təbiət təsviri, vətənpərvərlik, dostluq, sevgi-məhəbbət, sözə-sənətə vurğunluq, nəsihətlər, tövsiyələr, yeri gələndə satira, gülüş və s. və ilaxır.
YANDIRIN, KÜLÜMÜ SƏPİN DAĞLARA

Həbib müəllim kövrək qəlbli bir şair kimi həm də rəvan dilli, kəskin sözlü, ağır təbiətli, sanballı ziyalı kimi ta gənclik illərindən bəri mənim qəlbimdədir. O, həm də yanğılı, coşğun, məhəbbət dolu ürəklərdə yaşayan şair Sücaətin əmisidir.

Mən Kəlbəcər Rayon Komsomol Komitəsinin Təşkilat Şöbəsinin müdiri işləyəndə Həbib müəllim rayon “Yenilik” qəzetinin redaktoru işləyirdi. Hələ o illərdən qəzet rəsmi partiya orqanı olsa da, rəngarəng buraxılırdı; hərtərəfli mövzuları əhatə edirdi. Hiss edirdin ki, hər səhifənin üzərində peşəkar, zəngin dili və qələmi olan vətənpərvər duyğulu bir jurnalist əli gəzibdi. Ona görə də qəzet çox oxunaqlı olurdu. Tənqidi, yumoristik, bədii çalarlı yazılar ara-sıra səhifələri bəzədiyindən gəncləri daha çox cəlb edirdi və mənim də vaxtaşırı rəsmi və digər mövzuda məqalələrim, yazılarım dərc olunurdu.

O vaxtlar Həbib müəllim rəsmi dövlət məmuru kimi təqdim olunurdu. O, təvazökarlıqdan uzaq olaraq, özünü şair kimi büruzə vermirdi. Amma mən ta altmışıncı illərdən onun yaxın dostu, nüfuzlu ziyalı və dərin təbli şair Qara Ələsgərovla el arasında gəzən aşağıdakı yazışmalarını əzbər bilirdim:

Qara Ələsgərov:

-Qardaş, sənsizlikdən lap kövrəlmişəm,
Gəl, səni bahar da, yaz da gözləyir.
Məclis yaraşığı, söz sərrafısan,
Yolunu sədəfli saz da gözləyir...

Həbib Əhmədov:

-Qardaş, xeyirxahlıq şah əsərindir,
Xəbər ver sədəfli saza, gəlirəm.
Sənin çox sevdiyin “Göyçəgülü”nə
Qafiyələr yaza-yaza gəlirəm...
Hətta cavanlıq illərində özünü gözəllərə təqdim etdiyi bir qoşması da yadımdaydı:

- Ay mələk simalı, sən axtardığın
“Məhəbbət vurğunu” - deyilən mənəm.
Qiblə bilib, camalının önündə
Qolubağlı qul tək əyilən mənəm.

Burada Həbib müəllimin o illərlə bağlı rəsmi vəzifə sahibi, haqqı nahaqqa verməyən, yeri gələndə sözünü kişi kimi deyən bir xüsusiyyəti yadıma düşdü.

1969-cu ilin fevral ayıydı. Mən gənc mütəxəssis kimi komsomol işimdəki fəaliyyətimə görə Kommunist Partiyası sıralarına tövsiyə edilmişdim. O vaxtlarda da rayonda bir az ziddiyyətli məsələlər – tərəfkeşlik, çəkişmələr, yersiz dedi-qodular vardı. Amma bunun yaxşı bir tərəfi vardı ki, adamların iç üzü açılırdı, kimin kim olduğu üzə çıxırdı. Nə isə... “Partiya Komissiyası” deyilən ictimai-təşkilatda mənim məsələmə baxırdılar. Mən cavan olsam da, həmişə neytral mövqe tuturdum, öz yolum vardı. Buna baxmayaraq, kiminsə xoşuna gəlmək üçün iclasda

komissiya üzvləri məni sorğu-suala tutdular, yağdırırdılar sualları. Həbib müəllim də komissiyanın üzvü kimi çox diqqətlə, özünəməxsusluğu, ağıryanalığı və ciddiliyi ilə bu mənzərəni seyr edirdi. Mən də yaxşı hazırlaşmışdım. özümə arxayın idim. Amma mənə çox adda-budda suallar verirdilər. Həbib müəllim bu qeyri-real mənzərəyə dözmədi və dedi:

- İndi də mənim siz komissiya üzvlərinə bir sualım var. (Sual-cavab olduğu kimi yadımdadı). Kim deyər, bu son həftədə Mərkəzi Komitənin hansı qərarı olub və məğzi nədən ibarətdir?

Bu sual hazırlıqsız olduqlarına görə komissiya üzvlərinin xoşuna gəlmədi. Həbib müəllim sualına çox ciddi tələbkarlıqla yanaşdı və dedi:

- Biz kommunistik və özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. (Bilmirəm, bu hadisə Həbib müəllimin yadında qalıb, yoxsa bu da bir çox şirin xatirələr kimi Kəlbəcərin gül-çiçəyinə bürünüb, yaşamaq xatirinə dağların qarı altında gizlənib bizi gözləyir?) Nə isə... hərə bir tərəfə yozdu və konkret cavab verən olamdı. Həbib müəllim üzünü mənə tərəf tutaraq dedi: - Cavan oğlan, bəlkə sən bunu izah edəsən, bizim gözümüz açıla?!

Mənə ünvanlanan bu müraciət birinin xoşuna gəlmədi (adını çəkmirəm, allah rəhmət eləsin!), dedi:

- Həbib müəllim, bu nə sözdü? Bizim gözümüzə nolub ki?! Kor-zad döyülük ki!

Bu sualın cavabında Həbib müəllimin soy-kökünə məxsus, gözü qırpmadan mərdanə hazırcavablığı, kişi cəsurluğu və söz adamı olduğu özünü göstərdi. Dedi:

- Əgər gözün olsaydı, filankəsin yedəyində, filankəsin arxasınca gəzməzdin!

Elə bil qurbağa gölünə daş atdın. Lal sükut...

Mən Həbib müəllimin sualını cavablandırdım və əlavə olaraq dedim ki, dünənki “Kommunist” qəzetində qəbul olunan qərar genişliklə dərc olunub.

Bu cavab Həbib müəllimi çox açdı və dedi:

- Ayıb döyülmü, səhərdən bəri özünüz bir çox şeyləri bilməyə-bilməyə bu cavan oğlanı sıxma-boğmaya salmısınız! Yadınızda qalsın, gənclərə meydan verin. Gün gələr, bu cavan oğlan gələcəkdə elə mövqe tutar ki, siz onun qarşısında xəcalət qalarsınız. (Həyat özü bunu göstərdi.) Mənə tərəf dönüb təbəssümlə dedi: - Hə, İsmayılov, təbrik edirəm, get, büro iclasına hazırlaş.

Qeyd. Büro iclasında Həbib müəllim komissiyadakı əhvalatı olduğu kimi raykomun birinci katibi rəhmətlik Qəşəm Xasıyevə danışdı. O da bu hadisəni sərt qarşıladı və hər kəsin payını verdi. Beləliklə də mən partiya sıralarına qəbul oldum.

Bununla mən öz həyat yolumu danışamq istəmirəm. Amma sadəcə bir epizodla Həbib müəllimin keçmişinə, xeyirxahlığına, ictimai mövqeyinə, həyata baxışına, sərbəst fikirli öz yolu olan ziyalılığına işıq salmaq istəyirəm.

Həbib müəllim çox uzaqgörən adamdı. Onun bir ağsaqqal kimi müdrikliyi və şair kimi şeirlərindəki ifadələr, deyimlər, nəsihətlər bunu təsdiq edir.

Həbib, sən çalış ki, adın, hörmətin
Özünlə bərabər dəfn edilməsin.
Çünki el çiynində gedən cəsədin
Soyuq məzara da ruhu şən gedir.

Həbib müəllim çox dərkidürüst şairdir. Gördüyünü düz dərk edir, dediyini dürüst deyir. O, çox söz qısqancı və sözə göy adamdı. Mən deyərdim ki, söz xəsisi, fikir xəsisidi. Nə qədər çox oxusa, çox öyrənsə də, yenə deyir azdı. Sözdən doymur ki, doymur. Nə qədər də xeyirxah fikir söyləsə, düz yol göstərib, düz məsləhət versə də, yenə də deyir azdı, mən nə iş görmüşəm ki, nə demişəm, nə yazmışam ki...

O, sözə heyfi gələn şairdi, qiymətli sözün layiq olmayan adama deyilməsini istəmir. İstəmir ki, bəzəkli gəlin kimi göz oxşayan, könül oxşayan xoş söz əqidəsiz bir adamın ünvanına yazılsın, bir anlığa da olsa onun qulaqlarına sakin olsun, layiq olmadığı halda onda özünəvurğunluq yaransın. O, belə qısqanır sözü. Onun yersiz söz deməkdən xoşu gəlmir. Deyir: "Hayıf döyül, niyə sözə simiclik eləmirsiniz, onu hər yerə səpələyib, xərcləyirsiniz".

Həbib müəllim bir şair kimi söz tamahkarıdı, dünya malının yox. O: “Acgöz olmayın, gözün, düzün, sözün acı olun, mənən tox olun, mənəviyyat toxtağı olun”. - deyir...

Çeşmin nurdan qalar, əl kasad olsa,
Səxanı unutma, göz əldən gedər.

və yaxud:

Bulaq qaynayarmı gözündən olsa,
İgid igid deyil, sözündən olsa...

Həbib müəllimin qoşmalarında fikir bolluğu, söz bolluğu ilə yanaşı, bir şirinlik, bir axım var... Sözün kələfi çox uzundu Həbib müəllimin dilində. Açıldıqca açılır, amma səni yormur. Qoşmanı qaranəfəs, tövşümədən, qımıldanmadan, hovurunu almadan oxuyursan. Sözün düzümü və qafiyənin qırımından görürsən ki, üstünə bir sel gəlir – söz seli. Amma bu selin qabağından qaçmırsan. Çünki o, sənu ağuşuna alır, məhəbbətin səni məst eləyən xam ipəyə bürüyür.

Yüz ləbi əmməli, yüz ağ sinəli,
Yüz meyli-məzəli, qaşı sürməli.
Yüz tuti ləhcəli, bülbül nəğməli,
Yüz şirin dil ola, səni sevirəm.

və yaxud:

Həbibim, təbibim, eşqim, vüsalım,
İdrakım, düşüncəm, ağlım, kamalım,
Arzum, ümidgahım, fikrim-xəyalım,
Köməyim, pənahım, imdadım sənsən!

Dolu kimi oxucunun üstünə yağan bu sözlər heç kəsi diksindirmir, əksinə, hamıya layla çalır. Bu, Həbib müəllimin qələminin şirinliyi, söz baxçasının ətridir. Çünki o, oxucunu umsux eləmir. Sözü xəkələmir, sözə çöküntü vermir. Həm də sözün harda bir bəzəkli ilməsi varsa, onu çalır. Ona görə də onun söz xalçası çox naxışlıdır.

Həbib müəllim yaradıcılığında böyük dahilərə - Füzuliyə, Nizamiyə, Xan qızı Natəvana, azman sənət sahiblərinə; Bülbülə, Cabbar Qaryağdıoğluna müraciət edir, onların həyat yoluna nəzər salır, yoxluğuna heyifslənsə də, ədəbiyatımızda, mədəniyyətimizdə, incəsənətimizdə böyük iz qoyduqlarıyla fəxr edir.

Seyr etdim şairlər xiyabanını,
Tar matəm keçirir, zaman yatıbdı.
Sanki Bülbül deyir “Şəbi-hicran”la-
Füzuli, səslənmə, Leylan yatıbdı.

* * *

Xan qızı Natəvan – o bəxti qara,
“Oğul” deyə-deyə yandı odlara.
Nəzər sal Nizami yatan məzara,
Neçə yazılmamış dastan yatıbdı.

Həbib müəllimin bir jurnalist kimi iti qələmi, yumoru, özünəməxsus satirası və tənqidi dili var. Dövrün, zamanın, cəmiyyətin, insanların, ayrı-ayrı məmur fərdlərin qeyri-adiliyini qəbul etmir, heç nədən çəkinmədən onları yerində tənqid atəşinə tutur.

Son vaxtlar qəbirstanlıqların bazara çevrilməsindən, qaçqın, köçkün, imkansız, əlil olan qocalara, hətta canını vətən yolunda qoyanlara bəzi yerlərdə qəbir yerlərinin pulla satılmasından hiddətlənir:

-Kasıbın ölməsi dəhşətdi, qardaş!
Burda ölüdən də vergi alırlar.
Məzar üçün torpaq, qazan üçün haqq,
“Maşallah”, bahadır burda insanlar.

* * *

Məscid tərəzisi, ölçü-biçisi,
Su tökən ayrıdı, yuyan da ayrı.
Qüsul eyləyəni, kəfən biçəni,
Yuyatdan tabuta qoyan da ayrı.

Həbib müəllimin öz təbiətində olduğu kimi, qələmində də bir gülüş doğuran güc var. Buna misal olaraq, qaçqınlıq-köçkünlüyün ilk illərində o şəraitsiz çadır şəhərciklərində, yeraltı daxmalarda, dəmir vaqonlarda, qonşuların künc-bucağında yaşayanların halına acıyaraq (indiki vəziyyətə min şükür, sağ olsun dövlətimiz!" qələmə aldığı eirinə nəzər salaq:

-Aman Allah! Bu ditdili
Lap gətirib cana bizi!
...................................

Abrı yox, həyası yox,
Hara gəldi, girir başı.
Toxunduğu yer alışır,
Sübhədək ha qartda-qaşı.

Qılınc kəsmir, güllə tumur,
Göz də görmür bu oğraşı!
Vızıltısı, dızıltısı
Çəkir asimana bizi...

Şair bu gülüş doğuran şeiri ilə adını demokrat qoyan bəzi dünya birliklərinə çatdırmaq istəyir ki, bu hala düşən adamların və bu hadisələrin günahkarları sizsiniz. Sizin müdafiə etdiyiniz mənfur erməni başbilənləriniz bu ditdililərin bənzərləridirlər, başlarını salmadığı yer qalmayıb. Vızıltıları isə səni məst eləyir. Ayılın bu yuxudan, dünyaya ədalət gözü ilə baxın.

Həbib müəllimin yaradıcılıq çələngi müxtəlif mövzularnan bəzədildiyi üçün mən də yazımın əvvəlini onun bədbin şeiri ilə başlasam da, sonunu gülməli şeirləri ilə bağlamağı lazım bildim. Qoy, Həbib müəllim hissə qapılmasın. Simasındakı ciddilik təbəssümlü gülüşlə əvəzlənsin. Şairin qulaqlarını ditdilinin səsi yormasın, xəyalən də olsa dağlara qayıdaq. Qulaqlarımızı çiçəklərə qonaq gələn xallı kəpənəyin, şirə çəkən bal arısının, güllər üstə bülbülün, qayada kəkliyin, zirvədə qartalın, meşə talasında cüyür balasının səsi, yarpaqların pıçıltısı doldursun.

Qamçısı şimşəkdən olan dağlarımızda ildırımın gurultusundan diksinək, başımıza dup-duru dağ yağışı çilənsin. Yuyunaq, durulaşaq, paklaşaq... Yaylaqlara ayaqyalın ayaq basaq, qədəmlərimizə taqət gəlsin: “Allah, Sənin bu gününə şükür!”- deyək.

Həbib müəllimin də gözləri yenidən nurlansın, qələmini itiləsin, “Qında qalan qılınc tez paslanar” deyiblər. Yazsın, yaratsın, dağlara külünü yox, sözün gülünü səpsin. Bəhrəsini nəvələr, nəticələr görsün. Onlar da bitsinlər, göyərsinlər, çiçək açsınlar, bəhrələri dərilsin.

Həbib müəllimə möhkəm can sağlığı və yeni yaradıcılıq uğurları arzusuyla...

Bakı şəhəri,
20 sentyabr 2016-cı il.

Yazı "Bütöv Azərbaycan" qəzetində çap olunub


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!