Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 11-02-2016, 13:50
Zəlimxanı ziyarətə gəlmişik


Hüseyn Məmmədov: Məni səsimdən tanımışdı

UNUDULMAZ XATİRƏLƏR

Tanınmış ictimai xadim, Azərbaycanın xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü gözəl insan, gözəl dost Zəlimxan Yaqub 9 yanvar 2016-cı ildə vəfat etdi.

Azərbaycan və Türk dünyasının böyük şairlərindən biri də Zəlimxan Yaqub olmuşdur. O bütün insani keyfiyyətləri özündə cəmləmişdir.
Zəlimxan Yaqubun şeirləri işıq üzü görəndən oxucu kütləsinin diqqətində olmuşdur və daim izlənən şairlərdən biri idi.
Zəlimxan Yaqub təkcə şair deyildi, həm də gözəl aşıq idi. Aşıqlıq sənətinin bütün dərinliklərini bilən aşıq-şair idi.
Zəlimxan Yaqub qədər həm aşıq poeziyasını, eyni zamanda Türk dünyasının bütün şairlərinin şeirlərini əzbər bilən ikinci bir insan tanımıram. Bu istedad şairə Allah tərəfindən verilmiş bir möcüzə idi.
Zəlimxanı ziyarətə gəlmişik

Mən hələ tələbəlik illərdən Zəlimxan Yaqub ilə tanış idim. Etdiyi çıxışlarda saatlarla danışardı, danışdıqca insanlar onun çıxışından yorulmurdular, əksinə yornuq olan adamların yornuqluğu çıxırdı. Zəlimxan Yaqub poeziyaya başlayanda elə başlayırdı ki, bilmirdin vaxt, zaman necə gəlib gedir. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycan poeziyasını Zəlimxan Yaqub qədər təbliğ edən elə bir şair yoxdur, nədə ki, tanımıram. Şair şeirlərinin birində yazır:

Dərədən dərinəm, zirvədən uca,
Bir yaşlı uşağam, yüz yaşlı qoca.
Tutdum öz yönümü Məkkəyə, Haca,
Haqdan işıq alan bir həqiqətəm.


Şair 4 misra ilə hər şeyi açıq deyir. Tutduğu yol haqq-ədalət yolu idi. Hər bir insanı da haqqa-ədalətə çağırırdı. Yazdığı şeirlərin hər misrası bir Quran ayəsinə bərabər sözlərdir. Ona görə də şeirləri aşıqların, xanəndələrin dillərinin əzbəri olub.
Zəlimxan Yaqubla dostluğum dövründə mən ondan çox şeyləri öyrəndim, Vətənə, insanlara məhəbbətini, sevgisini öyrəndim. Saza-sözə olan qiymətini öyrəndim. Şairin yazdığı “Şair ürəyinə toxunmaq olmaz” şeirində yazdığı kimi:

Şirin arzuları dəyməz, kal qalar,
Dərddən ürəyimdə qara xal qalar.
Havası tükənər, dili lal qalar,
Qırılar qəlbində köklədiyi saz,
Şair ürəyinə toxunmaq olmaz!


Və yaxud başqa bir şeirində deyir, “Allah, bircə ürəyimə toxunma”:

Əzab çəkən ruhdu, başdı, bədəndi,
Mən bilirəm ağrılarım nədəndi.
Başdan-başa el-obadı, vətəndi,
Allah, bircə ürəyimə toxunma.

Düz ürəkdə həqiqət var, doğru var,
Yananların köz-köz olan bağrı var.
Sən bilirsən, ürəyimdə ağrı var,
Allah, bircə ürəyimə toxunma.

Şair bu şeiri 2008-ci ilin mart ayında Almaniyada ürəyindən əməliyyat olan zaman yazmışdır. Şair ürəyindən əməliyyat olmasına baxmayaraq, həmişə alovlu və coşqun çıxışları ilə diqqət mərkəzində idi. Başqa bir şeirində yazığı kimi:

Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.

Səsli gələn səssiz ölməz istəmir,
Heç bir canlı ölüb-itmək istəmir.
Hamı gəlir, gələn getmək istəmir,
Aman Allah, dünya necə şirindi.

Zəlimxanı ziyarətə gəlmişik

Şair birdən-birə böyrək xəstəliyindən əziyyət çəkdi. Türkiyədə bir böyrəyini əməliyyat etdirdikdən sonra Bakıya qayıdan şair yoxlanmaq üçün Almaniyaya yola düşdü və ikinci böyrəyini də orada itirdi. Şair çox ümidlə gözləyirdi ki, böyrək köçürüləcək. Tez-tez müayinə üçün Almaniyaya gedirdi. 2013-cü ildə təkrarən Almaniyaya müayinəyə getdi. Bu dəfə müalicəsi uzun çəkdi, telefonla zəng etdim, hal-əhval tutdum, səhhəti ilə maraqlandım. Həmişə bir sözü deyirdi, “narahat olmayın, yaxşıyam”. Bakıya gəldiyi günü öyrəndim. Bizim təbrizli dostumuz Zülfüqar Abdullahiyə telefon açıb Zəlimxan Yaqubun Bakıya dönəcəyi günü dedim, Zülfüqar Abdullahi dedi ki, Zəlimxana baş çəkməyə mənsiz getmə, gələn gününü səhəri biz Bakıda olacağıq. Elə də oldu, vədələşdiyimiz vaxt gəldilər. (qardaşı və həyat yoldaşları ilə). Biz şairin Bakıda Bakıxanov qəsəbəsində olan evinə getdik. Qapının zənginin düyməsini basdıq, səs gəldi, - kimdi?

Dedim, Allah qonağı.

Dedi, xoş gəlib Allah qonağı. Qapı açıqdı, gəlin, ay Hüseyn. Artıq səsimdən tanımışdı ki, mənəm. Evin qapısının ağzında bizi özü qarşıladı. Çox gümrah idi. Dedi, güldü, təbrizli qonaqlardan Təbriz haqqında təbrizli aşıqları, şairləri soruşdu. Hal-əhval tutandan sonra Aşıq Ədalət Dəlidağlıya telefon açdı, dedi ki, bizə gəl. Ədalət Dəlidağlı az bir vaxtda gəldi. Şairin evində üç saz var idi. Sazlardan ikisini köklədi, dedi, - ustad hazırdı.

Zəlimxan müəllim qara szı götürdü. Ədalət dedi ki, siz sədəfli sazı götürün. Razı olmadı, dedi ki, - onun səsi zəif çıxır, mən qara sazda çalıb oxuyacam. Elə də oldu. İki saata qədər Zəlimxan, Ədalət cütlüyü yaddaşlardan silinməyən bir görüş keçirdilər. Biz şairi narahat etməmək üçün sağollaşıb ayrıldıq. Qonaqlar çox sevinirdilər ki, Allaha şükür, yaxşıdı.
2014-cü ildə yenə də Almaniyaya müayinə üçün getmişdi, gedəndə də, gələndən sonra da görüşürdük. Onda mən dedim ki, Zəlimxan müəllim nəyə görə sizə böyrək köçürmürlər. Bir qədər fikrə gedib, dərindən nəfəs alıb dilləndi ki, mümkün deyil, bu olmayacaq, yalnız dialez yolu ilə yaşayacam. Şairin bu sözü məni çox üzdü, gözlərim doldu, yaş məni boğdu. Özümü bir təhər ələ aldım, xudahafizləşib ayrıldım. Ayda bir-iki dəfə şairə baş çəkirdim. 2015-ci ilin yay ayında müayinə üçün yenə Almaniyaya getmişdi. Gələndən sonra şairə baş çəkmək üçün evinə getdim. Şair evdə yox idi. İsmayıllı rayonunun Basqal kəndinə getmişdi. Təbrizli dostum Zülfüqar Abdullahiyə telefon açdım. Şair haqqında məlumat verdim ki, havanın isti keçməsi ilə əlaqədar şair İsmayıllı rayonunun Basqal kəndinə gedib. Aradan üç-dörd gün keçmişdi telefonuma zəng gəldi ki, biz Bakının bir neçə kilometrliyindəyik. Zəng edən təbrizli dostum Zülfüqar Abdullahi və qardaşı Hacı Balaca Abdullahi idi. Biz Bakıya, şairi ziyarətə gəlirik.
Mən dedim ki, xoş gəlirsiniz. Gəlin, gedərik. Mən Zəlimxan Yaquba zəng etdim ki, Zülfüqar və qardaşı Hacı Balaca sizi ziyarətə gəliblər. – Basqalı tanıyırsanmı, qonaqları da götür, gəl. Biz Basqala getdik. Şairlə görüşdük, bir gecə də qonağı olduq. Bu xatirə haqqında “Respublika” qəzetində və Aşıqlar Birliyinin “Ozan dünyası” jurnalında “Zəlimxanı ziyarətə gəlmişik” başlıqlı geniş bir məqalə ilə çıxış etdim. Həmin vaxt Zəlimxan müəllim bizi xalq şairi Musa Yaqubla görüşdürdü. Türk dünyasının iki azman şairi gözəl şeir buketləri ilə qonaqları feyzyab etdilər. Zəlimxan Yaqub orada bu şeiri dedi, - şeiri nə vaxt yazın onu bilmədim, ancaq şeiri öz həyatına yazıb:

Allah bəndəsini sınağa çəkir,
Ömür sınağına, yaş sınağına.
Bizi addım-addım yaxınlaşdırır,
Bütün sınaqların baş sınağına.

Allah bəndəsini sınağa çəkir,
Ona əzab verir, iztirab verir.
Bir başı salamat saxlaya bilmir,
Zülümə, ölümə insan can verir.

Hər addımbaşında ayaq saxlayır,
Bəndə Allahına imtahan verir.


Sonra “Ey mənim səsimə qulaq asanlar” şeirini dedi:

Ey mənim səsimə qulaq asanlar,
Həsrəti dünyadan itirərsiniz.
Köhnə olanları torpağa qatıb,
Tərtəzə fidanlar bitirənsiniz.

Dünya bir dənizdi, ömür bir ada,
Bir-bir bu adalar gedəcək bada.
Bir dərdli şairi gətirib yada,
Hərdən köksünüzü ötürərsiniz.


Gah sağa boylanır, gah da ki, sola,
Göz deyir hər şeyi yaş dola-dola.
Qoca Zəlimxanı salarsız yada,
Cavan Zəlimxanlar yetirərsiniz.


Zəlimxan Yaqubdan ayrılıb biz Bakıya gəldik. Qonaqları öz vətənlərinə yola saldım, ancaq mən müntəzəm olaraq şairə baş çəkirdim, telefonla əlaqə saxlayırdım. Sonuncu dəfə dekabr ayının 29-u idi getdim ki, şairin qarşıdan gələn təzə (Yeni 2016-cı) ilini təbrik edim. Görüşdük. Təbrik etdim, ancaq mən Zəlimxan Yaqubu heç vaxt belə görməmişdim. Yanında anası Güllü nənə oturmuşdu. Qəhər məni boğdu, gözlərimdən özümdən asılı olmayaraq, yaş töküldü, gözü gözümə baxırdı. Gördüm nə isə demək istəyir, ancaq və ancaq...
Özümü ələ aldım, əllərindən öpüb otaqdan çıxanda həyat yoldaşı sahibə xanımla üz-üzə gəldim, gördü bulud kimi dolmuşam. Soruşdum ki, şair çoxdanmı bu haldadı? Dedi ki, yox, iki gündü. Dünya başıma fırlanırdı. Şairi tanıdığım uzun illərdən bəri ilk dəfə idi səssiz gördüm. Bir anlıq bütün xatirələr gözümün önündə canlandı və özünün yazdığı bu şeir yadıma düşdü.

Qışda doğulmağım bəs edər mənə,
Məni öldürəndə yaz öldür, Allah!
Bilim hansı gündü gedəcəyim gün,
Ölüm tariximi yaz, öldür, Allah.

Qoy yatım, yuxudan qaldırma məni,
Əcəlin cəngindən saldırma məni,
Zarıya-zarıya öldürmə məni,
Öldürə bilirsən, saz öldür, Allah!
Zəlimxanı ziyarətə gəlmişik

Acı gülüşlərin ürəyimdə xal,
Dodağım qıfıllı, baxışlarım lal.
Alırsan canımı birdəfəlik al,
Bu qədər ağrıyla az öldür, Allah!


Demək olar hər gün şairlə maraqlanırdım. Sahibə xanım deyirdi ki, necə görmüsünüz elədi. O gün şəhərdə yaşayan bir dostum zəng edib dedi ki, eşitdim şair rəhmətə gedib. İnanmadım. Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğluna telefon açdım. Sordum ki, düz deyirlər? Hə... Özüm-özümə təsəlli verdim ki, Zəlimxan ölməyib, Zəlimxan yaşayır və yüz milyonluq Türk xalqının qəlbində yaşayacaq.

Allah rəhmət etsin!

"Bütöv Azərbaycan" qəzeti
11 fevral 2016-cı il


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!