Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
5-09-2023, 15:08
Çingiz Abdullayev ölkəni tərk etməsiylə bağlı danışdı: “Heç yerə getmirəm”


Çingiz Abdullayev ölkəni tərk etməsiylə bağlı danışdı: “Heç yerə getmirəm”

İlk dəfə hekayələri mətbuatda çap olunanda sovet dönəmi idi. Moskvada deyirdilər ki, “Çingiz Abdullayev kimdir ki, siyasi detektiv yazıb? Ona deyin ki, gedib qoyunları ilə məşğul olsun, bazarda göyərti satsın”.
1988-ci ildə “Mavi mələklər” adlı ilk kitabı işıq üzü görəndə isə, onu Mərkəzi Komitəyə çağırıb banditdən, milisdən yazmasını, amma siyasi detektiv qələmə almamasını tövsiyə ediblər. Bu işin sovet yazıçısının çörəyi olmadığını bildiriblər...
Deyir ki,- “Onlar düşünürdülər ki, azərbaycanlının belə ağlı olmaz, siyasi detektivi ancaq yəhudi yaza bilər. Dedim, yazacağam. Onda mənə dedilər, çalış onlardan yaxşı yaza bildiyini sübut edəsən. Görünür, sübut etmişəm ki, Rusiyanın hər bir şəhərində, hər bir kitab mağazasında mənim kitablarımdan ibarət ayrıca rəf var. Buna sevinmək lazımdır. Fəxrlə deyirəm: kitablarım xeyli dildə nəşr olunub. Təzəlikcə bilmişəm ki, mənim kitablarımı erməni dilinə qanunsuz tərcümə edib Xankəndi və İrəvanda da oxuyurlar. Ermənilər Azərbaycan yazıçısını oxuyur, azərbaycanlılar isə deyir, iki xalq yazıçısının kitablarını yandıraq. Azərbaycanda cəmi 4 xalq yazıçısı qalıb. Onların da kitablarını yandırsaq, nə olar?”.
Rusdilli ailədə böyüyüb boya çatıb. Ata tərəfdən ulu babası hələ 1890-cı illərdə Bakıda vəkil köməkçisi olub. Atası Abdullayev Akif Abdulla oğlu isə İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Müharibədən sonra Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. Daha sonra Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifələrində işləyib...
Bu gün yazıçıya Azərbaycan dilində sərbəst danışmamasını irad tutanlar unudurlar ki, həqiqətin məxsus olduğu dil yoxdur- hansı dildə desən də, həqiqət elə həqiqətdir…
“İlk romanım olan “Mavi mələklər”i xaricdə yazmışam. Əllə yazmışdım. 23 yaşımda yazmağa başladım, 25 yaşımda bitirdim. Nəşriyyat dedi, bunu qəti çap edə bilmərik. Soruşdum niyə, dedilər, Dövlət Təhlükəsizlik Komitəsi icazə vermir. Neçə ildən sonra o vaxt indi nazir olan Nazim İbrahimov dedi ki, mən kömək edəcəyəm. Azər Mustafazadə Mərkəzi Komitədə şöbə müdiri idi. Onlar birləşib nə etdilər bilmirəm, amma 28 yaşım olanda icazə aldılar. Nəhayət kitab 30 min nüsxə ilə çıxdı və bir həftəyə satıldı. Çox böyük qonorar aldım. 29 yaşımda zəng vurdular ki, istəyirik, kitabı təkrar nəşr edək. 100 min tirajla çap olundu. İkinci nəşrin qonorarını alanda fikirləşirdim, bu pula ömür boyu yaşaya bilərəm. Mavi mələklər bir müddət sonra Krasnodarda 500 min tirajla üçüncü dəfə nəşr olundu”- söyləyir.
Haqqında söhbət açdığım Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində dünyaya gəlib. 1976-cı ildə 189 nömrəli məktəbin rus dili bölməsində orta təhsili bitirərək, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. 1981-ci ildə orada ali təhsilini rus dilində başa vuraraq, hüquqşünas ixtisasına yiyələnib. 1981-ci ildə əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi kimi başlayıb. Bir müddət sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, Kominist Partiyasının Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb. 1989-cu ilin fevralında Azərbaycan Yazıçılar İttifaqının katibi seçilib. 1988-ci ildə "Beynəlxalq təcavüz problemləri" mövzusunda rus dilində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-ci ildə yenidən rus dilində "Beynəlxalq cinayət problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsinə yiyələnib. Xidmətlərinə görə bir sıra orden və fəxri adlara layiq görülüb...
Deyir ki,- “Pul həmişə insanlar üçün önəmli olub. Çox vaxt düşünürlər ki, pulun olanda hər şey yaxşı olacaq. Məsələn, qızın yaxşı ərə gedəcək, oğlun yaxşı evlənəcək, yaxşı vəzifə ala bilərsən, yaxşı maşının, evin olacaq və s.. Pul xoşbəxtlik üçün etalon deyil. Mənə bir nəfər dedi, siz cavanları aldadırsınız, pul hər şeydən üstündür. Dedim, onda qızının gözlərini sığorta etdir, nə isə olsa, yaxşı pul alarsan. Adam övladının gözünü neçəyə ala bilər? Adamın atası-anası yanındadır, uşaqlar sağlamdır, bundan yaxşı nə var? Amma başqa bir həqiqət də var ki, bəli, pul olmayanda yaşamaq çətindir. Çox pul olanda adam onu yox, o səni idarə edir. İkincisi də, baxır pulu necə qazanırsan. Həkim gözləyirsə ki, rüşvət verməsələr, əməliyyata girməyəcəyəm, bu, haram qazanılan puldur. Mən bir dəfə demişdim, rüşvət almaq fahişəlikdir. Əgər öz vicdanını satırsansa, sənə nə demək olar? Bədənini də yox, vicdanını satırsan. Bu dəhşətdir. Axı sənin uşaqların da bilir ki, sən harada oğurluq edib, yalan danışırsan”.
Onu sevməyən insanlar da var. Doğrudur, bunun səbəbini müxtəlif arqumentlərlə izah etməyə çalışırlar, amma unudurlar ki, insanın mahiyyəti dilində yox, əməllərindədir. Prokuror ailəsində böyüyən çox harın adamları görmüşük. Adamı tapdalayıb keçməyə də hazırdırlar, lakin Çingiz Abdullayev öz əməyi, istedadı, bacarığı, intellekti ilə tanınan, məşhurlaşan prokuror balalarındandır. Onun hansı dildə danışması, fikirlərini ana dilində hansı tərzdə ifadə etməsi elə də önəmli deyil. Əsas odur ki, başdan ayağadək azərbaycanlıdır...
“Son 20-25 ildə Azərbaycanda qonorar almırdım. Alanda da Qarabağ cəmiyyətlərinə və uşaq evlərinə bağışlayırdım. Bunu bilənlər var. Yalnız xaricdən qonorar alırdım. Təəssüf ki, Rusiyada da kitablara görə vergi çoxdur. Əgər öz yazıçılarından 10 faiz alırlarsa, xarici müəlliflərdən 38 faiz vergi tuturlar. Mən Azərbaycanda qonorarı son vaxtlar alıram. Bu proses “Qanun” nəşriyyatından başladı. İndi də “TEAS Press” Nəşriyyatı mənim kitablarımı çap edir, mənə qonorar verir. Çıxan və çıxacaq kitablarımın qonorarlarını almışam. Hazırda İngiltərə və Türkiyədə də müqavilələr imzalanıb. Çünki “TEAS Press” hər iki ölkədə mənim kitablarımı nəşr edəcək. Bir dəfə filmim çəkiləndə mənə 50 min dollar qonorar yazmışdılar. Nazir Polad Bülbüloğlu zəng vurdu ki, Çingiz müəllim, gəlin, dəhşətli bir şey olub. Getdim, dedilər, 35 faiz vergi verməlisən. Məndən 17,5 min dollar vergi aldılar. Sonra Vergilər Nazirliyindən, televiziyadan zəng vurdular ki, siz yaradıcı insanlar arasında ən çox vergi verən nümunəvi adamsınız, sizi çəkmək istəyirik. Bəlkə mən də o pulu verməzdim, amma nə etmək olar, hesabdan çıxarılır. O vaxt “ANS” gəldi çəkməyə, dedim, kül mənim başıma ki, ən çox vergini mən ödəmişəm. Bu “julik” məmurların heç biri vergi vermir, yazıçının qonorarından alırlar. İndi Azərbaycanda kitablar 500 nüsxə ilə çıxır. İkincisi də açıq danışaq, yaradıcı insan təvazökar ola bilməz. Bizim çox az yazıçılarımızın kitabları xaricdə çap olunur. Azərbaycanda çıxan kitablardan da böyük qonorar ala bilməzlər. Çox sağ olsun “TEAS Press” ki, mənim kitablarımı çıxarır, yaxşı qonorar verir. Azərbaycanda iki-üç yazıçı qonorar alır. Məsələn, bilirəm ki, Elçin Hüseynbəyliyə verirdilər. Azərbaycan yazıçılarının qonorar ala bilməməsi o demək deyil ki, onlar istedadsızdırlar. Xeyir! Türkiyədə 4-5 yazıçı yaxşı qonorar alır. Rusiyada isə 12-13 belə müəllif var. Azərbaycandan təkcə mənəm. Bu faciədir, amma həqiqətdir”.
Bəli, ədəbiyyat sahəsində dünyada yeganə azərbaycanlı olan bu adam həm də qürur yerimizdir. Onu usandırmaq, yalan şaiyələrlə insanların gözündən salmaq nadanlıqdır...
Deyir ki,- “Yəqin fikirləşirlər ki, Çingiz niyə bu qədər kitab yazır. Haqqımda bəzən yalan şeylər yazırlar. Mənim nə mağazam, nə kafem, nə restoranım və şadlıq evim var. İndi kimin bir az pulu var, şadlıq evi açır. Mən pis biznesmenəm. Bütün qazancım kitablardan və kinolardandır. Bəzən mənim açıq danışmağımı qəbul etmirlər. Deyirlər, qorxmursan, heç kimdən asılı deyilsən, ona görə danışırsan. Mən Yazıçılar Birliyindən aldığım maaşı paylayıram. Oxucu kitab oxuyanda onun müəllifinə inanmalıdır. 29 milyon insan kitablarımı alıb oxuyub. Əgər onlar bilsə ki, mən yaltaqlanıram, kiminsə xoşuna gəlmək istəyirəm, onlar məni oxumayacaqlar”.
Doğrudur, hər bir insan öz ana dilində gözəl danışmağı bacarmalıdır. Bəli, Çingiz Abdullayev öz ana dilində hamı kimi danışa bilməsə də, fəqət o, danışanda hamı onu başa düşür. O qədər gözəl, pafoslu danışanları görmüşük ki, mahiyyəti Çingiz Abdullayevin kölgəsində qalır...
“Bir neçə il əvvəl də söhbətlər olmuşdu ki, guya Azərbaycanı tərk etmək istəyirəm. Bunu indi də qəsdən yazırlar. Mən yenə də deyirəm, yadda saxlasınlar: Heç yerə getmirəm, Azərbaycanda yaşayacam".
1-09-2023, 16:15
Aliyə Ramazanova vəfat etdi


Aliyə Ramazanova vəfat etdi

Əməkdar artist, rəqqasə Aliyə Ramazanova vəfat edib.
Bu barədə aparıcı Saleh Bağırov məlumat yayıb.
O, 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub.
30-08-2023, 17:52
BİR DƏ QANADLANDIM


Bu gün ömrünün yarım əsrə yaxın bir dövrünü Azərbaycan Radio-Televiziyası vasitəsilə xalqına xidmət etmiş Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezident təqaüdçüsü QARA TAĞIZADƏNİN doğum günüdür. Təsadüfi deyil ki, Azərbaycan Radiosu bu gün də onun səsilə dinləyiciləri sabaha səsləyir. Diktorun bənzərsiz səsilə "Danışır Bakı" sözləri insanları səhər-səhər xoş ovqata kökləyir.
Radionun "Misraların işığında" rubrikasında şair Şəkər Aslanın şeirləri dəfələrlə səsləndirilib. QARA TAĞIZADƏNİN ifası şairin qəlbini necə riqqətə gətiribsə, ona şeir həsr eləyib.
Hər ikisinin ruhu şad olsun.
Publisist Lətafət Tağızadənin ömür-gün yoldaşı Qara Tağızadənin həyat və yaradıcılığından bəhs edən "Uzaq yaşıl ada" kitabında dərc olunmuş həmin şeiri izləcilərimizə təqdim edirik.
Sevda Əlibəyli

BİR DƏ QANADLANDIM

"Misraların işığında" rubrikası ilə diktor, Xalq artisti QARA TAĞIZADƏNİN ifasında şeirlərimi radiodan dinləyən zaman qəribə hisslər keçirdim. Öz şeirlərim, ürək sözlərim mənə son dərəcə təzə görünürdü. O qədər təzə ki, lirik duyğularımı sanki diktor qardaşımız bir əlvan göyqurşağına bələmişdi. Onun sevə-sevə, duya-duya aydın və sirayətedici bir səslə oxuduğu bu şeirlər məhz mənim arzumca səslənirdi. Haldan-hala düşür, sanki özümün deyil, elə Qara qardaşımızın varlığından qopan lirik çırpıntıların izharına diqqət kəsilirdim. Həmin andakı minnətdarlıq duyğularımı aşağıdakı sətirlərlə bildirməyə çalışmışam.

Bir də fərəhləndim, bir də dirçəldim,
Bir də qanadlandım söz həvəsində.
Şeirimi dinləyib, heyrətə gəldim,
Ruhum dil açmışdı sənin səsində.

Ay Qara, bir daha anladım bu gün
Səni də ucaldan həssas ürəkmiş...
Sən demə, şeiri də oxumaq üçün
İstedad gərəkmiş, ilham gərəkmiş.

Sənə məhəbbətlə el qulaq asır,
Hər sözü şair tək görür, duyursan!
Mənim kimi bəlkə çoxları yazır,
Sənin kimi ancaq sən oxuyursan.


Şəkər Aslan
19 oktyabr 1994-cü il
28-08-2023, 15:32
76 yaşlı sənətçi xəstəxanaya yerləşdirildi


76 yaşlı sənətçi xəstəxanaya yerləşdirildi

Britaniyalı müğənni, bəstəkar, pianoçu və aktyor Elton Con xəstəxanaya yerləşdirilib. 76 yaşlı sənətçi evində yıxılıb.
Ətraflı
Onun Monakoda xəstəxanaya yerləşdirildiyi bildirilir.
Elton Conun yüngül xəsarət aldığı qeyd olunur.
15-08-2023, 23:08
Aşıq Əkbər -90


Aşıq Əkbər -90

İllərin səltənətindən adlayıb bugünümüzə gəlib çatmış Aşıq poeziyasından söhbət açarkən ilk olaraq Aşıq Qurbani yada düşür, sonra da bu sırada Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Molla Cuma, Aşıq Valeh, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Şəmşir, Aşıq Əmrah Gülməmmədov, Aşıq Hüseyn Saraçlı, Aşıq Kamandar Əfəndiyev, Aşıq Şakir, Aşıq Pənah, Aşıq Bəylər, Aşıq Mikayıl Azaflı, Aşıq İmran Həsənov və Aşıq Əkbər Cəfərov da yer tutr. Bu ustad aşıqlar uzaq-yaxın tariximizin sənət fədailəridir – hər birinin özünəməxsus sənət yolu, öz yaradıcılıq dəsti-xətti olub...
Təbii ki, Aşıq sənətinin ucalıqlarından bəhs edərkən Tovuz Aşıq məktəbinin görkəmli davamçısı, saz-söz sənətinin ölməz dühası Aşıq Əkbər Cəfərovun zəngin yaradıcılığından söhbət açmaya bilmirsən. Əslində, məqsədimiz bu günlərdə 90 illik yubileyi olacaq, yaddaşımızda artıq bir məktəbə çevrilmiş Əkbər Cəfərov - böyük sənəti ilə daim diqqət mərkəzində olmuşdur. Məqsədimiz misilsiz ozan haqda söhbət açmaq, onun yaradıcılığı barədə yazı yazmaq, dəyərli sənətini bir daha Aşıq poeziyasını sevənlərə təqdim etməkdir.
Məlum olduğu kimi, görkəmli saz, söz ustası Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi ilə əlaqədar hazırlıq işləri gedir. Bu mövzuda bir neçə dəfə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə görüşüb söhbət etdik. Məhərrəm müəllim söhbət əsnasında bildirdi ki, Aşıq Əkbərin 90 illik yubileyi həm boya-başa çatdığı Tovuz rayonunda, həm də Bakı şəhərində çox yüksək səviyyədə qeyd olunacaq. Bu günlərdə Şəmkirdə yaşayan bir dostumdan eşitdim ki, Tovuzda Aşıq Əkbər Cəfərovun 90 illik yubileyi münasibətilə hazırlıq işləri görülür...
Aşıq Əkbər Cəfərov yaradıcı aşıqdır. Onun həm ifaçılıq bacarığı, həm də yaradıcı ruhu aşıq sənətinə misilsiz töhfədir. Onun kimi bir ozan haqqında istəkli oxucularımıza məlumat verməyi özümə borc bilirəm.
Aşıq Əkbər Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində Zərbəli kişinin ocağında dünyaya gəlmişdi. Erkən yaşlarından el-obanın toy şənliklərində aşıqlara qulaq asmış, məşhur zurnaçı Lələni, balabançı İbrahimi, dəfçi Mikayılı dinləmiş, onların ifaçılığına vurulmuş və onlardan çox şey əxz etmişdir. Beləliklə, balaca Əkbər ilk sənət ruhunu yastı balaban çalmaqla başlamışdır. Balabanın qəlbinə yatan sehrli sədaları onu Aşıq sənətinin ecazkar dünyasına yaxınlaşdırmışdır. Sonra ustad aşıqların yanında şəyirdliyə başlamışdır. Aşıq Əkbərin ilk ustadı Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olmuşdur.
Əkbəri el şənliklərində aşıq formasında görən insanlar - Ayə, bu, bizim balabançı Əkbərdi ki... - deyirmişlər. Aşıq Mirzə Bayramov, Aşıq Yusif Yusifov, Aşıq Mikayıl Azaflı kimi ustadlar gənc Əkbərə öz xeyir-dualarını veriblər. Ustadı Aşıq Qədir İsmayılov isə ömürünün sonuna qədər Aşıq Əkbər Cəfərovdan ayrılmayıb.
Mən Azərbaycan aşıq sənətinə kifayət qədər bələd olan bir insan kimi, Aşıq Əkbərin sənətə gəlib, bu meydanda necə “at oynatdığına”, hörmət-izzətlə qarşılanıb, hər ifasından sonra sürəkli alqışlarla qarşılanmasına dəfələrlə şahid olmuşam. Aşıq Əkbərin el şənliklərində, toyda-nişanda ifa zamanı vurduğu zəngulələr, oxuduğu müxtəlif havacatları yerli-yerində ifa etməsi hələ də onun pərəstişkarlarının yaddaşından silinməyib.
Aşıq Əkbərin anası Gədəbəy rayonunun Şınıx mahalının Hacılar kəndindəndir. Əkbərin Şınıx mahalına olan sevgisi "Şınıxa gəlsin" qoşmasında da özünü aşkar büruzə verir:

...Əkbər də çox görüb cavan yaşında,
Kəklik ötür hər xınalı daşında.
Kimin meyli varsa, bulaq başında
Çiyələk dərməyə Şınıxa gəlsin.


Şınıx camaatını, bu mahalı yaxından tanıdığı üçün sakinlər Aşıq Əkbər Cəfərova xüsusi rəğbət bəsləyir və onun əvəzsiz səsinin vurğununa çevrilirlər. Beləliklə, Aşıq Əkbər, Aşıq Əlxan və balabançı Müseyib üçlüyü bu mahalda düzənlənən toyların yaraşığı olur.
Aşıq Əkbər həm respublika daxilində, həm də kənarda keçirilən müxtəlif festivallarda fəal iştirak etmiş, Azərbaycanın Aşıq sənətinə uğurlar qazandırmışdır. O, 1956-cı ildə Azərbaycanda keçirilən I Ümumittifaq Xalq Yaradıcılığı Festivalında qızıl medala və I dərəcəli laureat adına layiq görülür. 1957-ci ildə Moskvada keçirilən VI Ümumdünya festivalına dəvət alır və qızıl medalla təltif olunur. Festivalda qazandığı uğura görə 1967-ci ildə ona Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Azərbaycan SSR-in Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilir.
Aşıq Əkbər Cəfərov 1975-ci ildə I Ümumittifaq Folklor Festivalının laureatı, 1977-1979-cu illərdə gənc aşıqlar festivalının laureatı, 1984-cü ildə Polşada keçirilən XI Beynəlxalq Folklor Festivalının laureatı, 1987-ci ildə Almaniyada keçirilən Aşıqlar Festivalının qalibi olur. Qazandığı dörd qızıl medalı da bu uğurların sırasına daxil etmək olar.
Bir neçə gün əvvəl Azərbaycan televiziyasının "Mədəniyyət" kanalında Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının növbəti verilişi Aşıq Əkbər Cəfərovun 90 illik yubileyinə həsr edilmişdi. Verilişə Əkbərsayağı oxuyan orta və gənc nəslin aşıqları dəvət olunmuşdu. Tamaşa etdikcə bəlli oldu ki, onlar çox yüksək səviyyədə Aşıq Əkbərin yolunu mənimsəyiblər və təbliğ edirlər. Həmin verilişdə Məhərrəm müəllim çox doğru olaraq qeyd etdi ki, Aşıq Əkbərə el arasında "Zilxan" təxəllüsü verilmişdi, o, nadir aşıqlardan idi ki, hər üç (zil, bəm, orta) köklərdə həm çalır, həm də oxuyurdu...
Aşıq Əkbər Cəfərov dediyimiz kimi, həm də yaradıcı aşıq idi. O, Aşıq şeirinin bütün janrlarında qələmini sınamışdır. Onun yazdığı qoşma, gəraylı, təcnis, divani, müxəmməs aşıqların dilinin əzbəridir. Bu da Aşıq Əkbər Cəfərovun Aşıq sənətinin bütün incəliklərinə bələd olduğunu təsdiqləyir.

Gözümü açanda, ağlım kəsəndə,
Yurdumuz uçurdu qəmi, - dedilər.
Doğuldum Kür üstə, seyr etdim Kürü,
- Suyun üzündədir gəmi, - dedilər.

Sancıldım yurduma, göstərdim, bitdim,
Boy atdım, böyüdüm, məclisə getdim.
Mən sazı özümə havadar etdim,
- Asıq, bizə çal "Kərəmi", - dedilər.

Qarşıladım neçə-neçə yazları,
Yaş ötdükcə təzələdim sazları.
Dünən əmi dediyimin qızları,
Bu gün mənə - "Əkbər əmi", - dedilər.


Və yaxud başqa bir qoşmasında ustad Aşıq yazır:

Saz sənəti eşqim təki təmizdi,
Hərbə-zorba qıfılbəndlə əkizdi,
Deyən olsa "Misri", "Cəngi" qəlizdi,
Bu meydanda sən Əkbəri nişan ver.


Aşıq Əkbərin zəngin yaradıcılığı onun ərsəyə gətirdiyi "İşıqlı tellər" və "Saz danışanda" kitabları öz əksini tapmışdır.
Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 24 avqust 1990-cı ildə - 57 yaşında bu fani dünyaya “əlvida” deyib ulu Tanrının dərgahına qovuşdu. Yaradıcılığının coşub-daşan, bulaq kimi çağlayan vədəsində dünyadan köç etdi. Amma böyük bir irs qoyub getdi. O, öz səsinin sədaları altında - "Laylamı sən çalarsan, ay Mirzə dayı" avazının müşayiəti ilə Bozalqanlı kənd qəbiristanlığında ustadı Aşıq Qədir İsmayılovun yanında torpağa tapşırıldı.
Allah rəhmət etsin, ruhu şad olsun!
Unutmamalıyıq ki, Azərbaycan Aşıq sənətini zənginləşdirən ozan, yaradıcı – şair aşıqlardan idi Aşıq Əkbər. Onun bir neçə Azərbaycan filmində obrazlaşdırılması sənət üçün örnək addımdır və nə yaxşı ki, o filmlərdə Aşıq Əkbərin şaqraq-məftunedici səsi bu gün də pərvaz edir.
Dövlətimizə minnətdaram ki, görkəmli saz-söz fədaisi, ustad ozan Aşıq Əkbərin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Bu, olduqca təqdir olunası haldır və Aşıq Əkbərin fonunda bütün Aşıq sənətinə verilən misilsiz dəyərdir.
Bəli, hələ bundan neçə əsr sonra da Aşıq Əkbər yaradıcılığı, Aşıq Əkbər səsi könülləri fəth edəcək. Buna şübhəm yoxdur...

Hüseyn İsaoğlu (Məmmədov),
AYB və AJB-nin üzvü.


8-08-2023, 17:31
2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi bəlli oldu


2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi bəlli oldu

“Stage 6 Films” və “Blumhouse Productions”ın birgə istehsalı olan “Astral 5: Qırmızı qapı” filmi 182,5 milyon dollar qazancla cari ilin ən çox gəlir gətirən qorxu filmi olub.
Patrik Vilsonun rejissorluğu ilə çəkilən ekran əsəri nümayişlərdən gələn gəlirə görə, 180,8 milyon dollar qazancı olan “M3Qan” filmini üstələyib.
Ekran əsərində əsas rollarda Rous Börn, Tay Simpkins, Lin Şaye və Li Uannell çəkiliblər.
Bu günə qədər “Astral” layihəsinin bütün bölümləri dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.
8-08-2023, 15:49
Dünyaşöhrətli ifaçı yenidən Bakıya gəlir


Dünyaşöhrətli ifaçı yenidən Bakıya gəlir

Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Kolbens şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir.
1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur.
Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
8-08-2023, 10:49
Rasim Balayevin 75 yaşı tamam oldu


Rasim Balayevin 75 yaşı tamam oldu

Onun çoxsaylı milli kinolarımızda ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları dərin psixoloji yozumu ilə səciyyələnib. Fərdi ifadə üslubu və kino mədəniyyətimizin klassik ənənələrinə sadiqlik bu sənətkarın yaradıcılığında bədii-estetik prinsiplərə uyğun, novatorcasına davam etdirilib. O, kinoda yaratdığı obrazlarla tamaşaçını hər zaman düşündürməyi bacarıb.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan görkəmli aktyor Rasim Balayev zəngin yaradıcılıq axtarışları ilə milli kino sənətinin inkişafına dəyərli töhfələr bəxş edib. Sənətkar bütün yaradıcılığı boyu tükənməz tamaşaçı sevgisi qazanıb, ən yüksək fəxri adlara layiq görülüb.
Bu gün Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” , “Şərəf” və “İstiqlal” ordenli aktyor Rasim Balayevin 75 yaşı tamam olur.
1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib.
1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb.
Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb.
Görkəmli sənətkar ardıcıl olaraq Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb.
Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Çünki Nəsiminin dərisi soyulanda o əzabı simasında verə bilsin deyə ovcunun içində saxladığı mismarı var gücü ilə sıxıb ətinə pərçimləyəcək qədər sənətini sevirdi. Mismar onun ovcunu parçaladıqca Nəsimi dərisi soyularkən yaşadığı cismani əzabı yaşayır və bu, onda təbii alınır. Yaxud “Qatır Məmməd” filmində Göyüş onu vurarkən çəmənliyə yıxılır və çabalamaq istəyir ki, bu vaxta qədərki filmlərdə güllə dəyən kimi yıxılıb ölmək olmasın. Axı insan yerə yıxılır, çabalayır və canını tapşırır. Rasim özünü çəmənliyə çırpanda bilməyib ki, otların arasındakı çapıq daş onu necə yaralayacaqsa çabalamağa taqəti qalmayacaq ağrıdan.
Ömür boyu qəhrəmanları oynayıb, amma bu o demək deyil ki, biz ondan qəhrəmanlıq gözləyək, umaq. Bu barədə özü də deyib: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”.
Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Aktyor həmin ekran əsərlərində səsin psixoloji çalarlarını xarakter səviyyəsində səsləndirməkdə çox səriştəlidir. Bunun üçün “Həmişə təmizlikdə” filmində Andrey Myakkovun heyrətamiz sənətkarlıqla ifa etdiyi Jenya obrazını Azərbaycanca səsləndirməsini xatırlamaq kifayətdir.
Onun kino mədəniyyətimizin inkişafında göstərdiyi xidmətlər və bu yöndə qazandığı uğurlar onu deməyə əsas verir ki, o, 75 illik ömrünün əsas hissəsini sənətə həsr edib.
Rasim Balayevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, ali dövlət orden və mükafatları ilə təltif olunub. Rasim Balayev 1998-ci il avqustun 7-də “Şöhrət”, 2018-ci il avqustun 1-də “Şərəf”, 2023-cü il avqustun 7-də isə “İstiqlal” ordenləri ilə təltif edilib.
2-08-2023, 20:44
Azərbaycan kinosunun 125 illiyi qeyd olundu


Azərbaycan kinosunun 125 illiyi qeyd olundu

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş “Kinokonsert” adlı multimedia şousu təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası mövzusunda videoçarxın nümayişi ilə başlanıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıb. Nazir bildirib ki, 125 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət nümayiş etdirib: “Biz sevinirik ki, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlarımız, ustadlarımız var. Bu sahədə yetərincə istedadlı və öz sözünü deməyi bacaran gənclərimizi də xüsusən qeyd etmək istərdim. Azərbaycan kinematoqrafiyasının hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyev milli kinonun inkişafına xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda, Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, həmçinin milli kinematoqraf məhsullarının nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi məhz bu sahəyə olan qayğının və diqqətin göstəricisidir. Bu gün də Mədəniyyət Nazirliyi olaraq təşkil edilən Kino Forumundan başlayaraq bütün fəaliyyətimiz komanda şəklində bu sahədə olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaqdır. Kinomuzun tarixi uğurları timsalında düşünürəm ki, zamanla bizim kinematoqrafiya öz layiqli inkişaf yolunu tapacaq. Mən, eyni zamanda, bu günlərdə iki ittifaqın könüllü olaraq birləşməsini xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə bizim dəyərli sənətkarlarımız olan Rasim Balayev və Şəfiqə Məmmədova çox böyük bir addım atmış oldular. Düşünürəm ki, bu, Azərbaycan kinematoqrafiyası üçün böyük bir çağırış oldu. Bu sahəni inkişaf yoluna çıxara bilmək üçün bu cür birləşmək ən gözəl addımdır”.
Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan mövcud işlərin təşkilindən məmnunluqlarını bildirərək, kino xadimlərinə uğurlar arzulayıblar.
Sonra bir qrup kino xadimləri və gənc kino işçiləri bir neçə gün əvvəl birləşmələri barədə bəyanat verən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi xüsusi fəxri fərmanlarla təltif olunublar. Mükafatları Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayev təqdim ediblər.
Tədbirin davamında “Avanqard” kamera orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
26-07-2023, 16:16
Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib


Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

İyulun 21-i təcrübəli pedaqoq, tarixçi-müəllim, tədqiqatçı, şair-jurnalist Təranə Cəbiyevanın doğum günüdür.
Təranə Kommuna qızı Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb.
Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyası ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da çiçəklənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və Təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.
Bir-birinin ardınca “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülüb. Azərbaycan Respublikası “Təhsil” Mərkəzi tərəfindən “XXI Əsrin Ziyalısı” Fəxri mükafatı ilə təltif olunub. Dövri mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvdür.
AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Təranə Cəbiyeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Təranə Cəbiyevanın müəllifi olduğu kitab və məqalələr nümayiş olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!