Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 6-03-2014, 15:07

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Newtimes.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

– Novruz müəllim, mart ayının ortalarında Bakıda "Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların I Toplantısı''nın keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs kim tərəfindən irəli sürülüb? Belə bir forumun keçirilməsi ideyası kimə məxsusdur?

– İlk növbədə onu qeyd etməliyəm ki, Azərbaycan artıq dünya birliyində özünəməxsus yeri olan bir ölkədir. Azərbaycan bir çox beynəlxalq və regional təşəbbüslərin ideya müəllifi və əsas icraçısıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən işlərin məntiqi nəticəsi olaraq ölkəmiz 2012-2013-cü illərdə BMT TŞ-nin üzvü olmuşdur. Bu gün Bakıda bir sıra beynəlxalq təşkilatların regional ofisləri açılır. Bütün bunlar Azərbaycanın artan nüfuzunun təzahürüdür.

Məhz belə bir şəraitdə beynəlxalq təşkilatlarda işləyən bir qrup azərbaycanlı tərəfindən bir əlaqələndirmə mexanizmi, vahid şəbəkənin yaradılması təşəbbüsü irəli sürülüb. Bu istiqamətdə onlar ilkin olaraq Bakıda "Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların I Toplantısı''nın keçirilməsinə Azərbaycan dövlətinin öz dəstəyini göstərməsini xahiş ediblər. Belə bir tədbirin təşkilinin məqsədəuyğunluğu, onun maraqlarımızın reallaşdırılmasında oynaya biləcəyi rol nəzərə alınaraq, bu toplantının dəstəklənməsi ilə bağlı qərar qəbul edilmişdir. Artıq Azərbaycan Respublikasının Prezidentinin tapşırığı ilə bu istiqamətdə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Martın 17-18-də Bakıda "Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların I Toplantısı''nın keçirilməsi bu istiqamətdə atılan ilk addımlardan olacaqdır.

– Belə bir tədbirin keçirilməsinin zəruriliyi nədən qaynaqlanır? Ümumiyyətlə, bu ideya özündə nəyi ehtiva edir?

– Bildiyiniz kimi, dünya siyasətində çoxtərəfli diplomatiyanın əhəmiyyəti çox böyükdür. Beynəlxalq təşkilatlarla iş hər bir ölkənin xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Burada ölkənin beynəlxalq təşkilatlarda üzvlüyü ilə yanaşı, onun vətəndaşlarının fərdi qaydada həmin təşkilatların idarə olunmasındakı iştirakı da bir reallıqdır. Əksər ölkələr beynəlxalq təşkilatlarda öz kadrlarını yerləşdirməyə çalışır, onlar arasında əlaqələndirməni təmin edir və bunun üçün müvafiq mexanizm yaradırlar.

Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycanın üzləşdiyi əsas çətinliklərdən biri də ölkəni beynəlxalq səviyyədə təmsil edə biləcək kadrların azlığı idi. Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz davamlı şəkildə inkişaf etdikcə və dünyada tanındıqca, beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların da sayı artmağa başladı. İllər ötdükcə müxtəlif təşkilatlarda yardımçı vəzifələrdə çalışan Azərbaycan vətəndaşları ardıcıl olaraq təcrübə və bacarıq əldə edərək beynəlxalq təşkilatlarda daha əhəmiyyətli vəzifələrə çəkilməyə başladılar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük uğurlar sayəsində Azərbaycan artıq dünya siyasətinin yüksək imicə malik iştirakçısı kimi qəbul edilir. Sözsüz ki, bu imic vətəndaşlarımızın beynəlxalq təşkilatlarda işləmək imkanlarına da müsbət təsir göstərir. Hazırda bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən, BMT, BMT-nin müxtəlif ixtisaslaşmış qurumları və missiyaları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, ATƏT, Avropa Şurası və digər təşkilatlarda Azərbaycan vətəndaşları müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər. Bu gün dünyanın müxtəlif yerlərində, hətta beynəlxalq təşkilatların Okeaniyanın müxtəlif dövlətlərindəki nümayəndəliklərində belə Azərbaycan vətəndaşları təmsil olunurlar. Lakin qeyd etməliyik ki, bu insanların bir çoxu məhz öz təşəbbüsləri ilə müxtəlif beynəlxalq təşkilatlarda işə düzəlmişlər. İndiyədək bu istiqamətdə sistemli bir iş aparılmamışdır və buna görə də hazırkı təşəbbüs yeni bir mərhələnin başlanğıcıdır.

Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən vətəndaşlarımız arasında bu gün bir əlaqələndirmə mövcud deyil. Onlar vahid şəbəkədə birləşməyiblər, əksər hallarda bir-birindən xəbərsiz halda fəaliyyət göstərirlər. Üzləşdikləri problemlər qarşısında tək qalırlar. Bəzən hansısa bir vətəndaşımız müəyyən səbəblərə görə layiq olduğu vəzifəyə yüksələ bilmir, digər ölkələrin vətəndaşlarına üstünlük verilir. Bütün bunlar isə mövcud kadrların fəaliyyət göstərdikləri beynəlxalq təşkilatlar çərçivəsində təşviq olunmasını, onların köməkliyi ilə yenilərinin həmin təşkilatlarda işə cəlb olunmasını çətinləşdirir.

Bir faktı da diqqətinizə çatdırmaq istərdim. Azərbaycana qarşı qərəzli münasibət bəsləyən, Ermənistanı haqsız şəkildə müdafiə edən təşkilatların tərkibinə nəzər yetirsək, onların idarə olunmasında ermənilərin, erməni lobbisinə yaxınlığı ilə seçilən şəxslərin təmsil olunduğunu görərik. Bu baxımdan, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının vahid şəbəkədə birləşdirilməsi, yenilərinin işə cəlb olunması istiqamətində məqsədyönlü fəaliyyət Azərbaycanın bu qurumlarda maraqlarının müdafiə olunmasına, ölkəmiz haqqında həqiqətlərin çatdırılmasına və ölkəmizə qarşı yönələn qərəzli mövqeyə qarşı mübarizə aparmağa da yardım edə bilər.

– Novruz müəllim, toplantıda hansı məsələlərin müzakirə olunacağı gözlənilir?

Təşəbbüs Qrupunun əsas məqsədi beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlıların vahid şəbəkədə birləşdirilməsi, onlar arasında əlaqələndirməni təmin edəcək daimi mexanizmin formalaşdırılmasıdır. Tədbir bu məqsədlərin reallaşdırılması baxımından geniş fikir mübadiləsinin aparılması üçün nəzərdə tutulur.

Artıq Təşəbbüs Qrupu beynəlxalq təşkilatlarda fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının məlumat bazasını yaradıb və onları forumda iştiraka dəvət edib. Həmin vətəndaşlarımız da bu prosesə böyük maraq göstəriblər. Burada xüsusi vurğulamaq istərdim ki, bu zaman vətəndaşlarımızın fəaliyyət göstərdikləri beynəlxalq təşkilatlarda hansı vəzifəni tutmaları əsas meyar rolunu oynamayıb. İştirakçılar arasında istər rəhbər vəzifədə, istərsə də texniki işçi vəzifəsində fəaliyyət göstərən vətəndaşlarımız var.

Toplantıda müzakirə olunacaq məsələlərə gəlincə, bu sahədə daha öncə sistemli bir iş görülmədiyindən mövcud vəziyyətin təhlili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təşkilatların kadr siyasəti, bu istiqamətdə iş prinsipləri, Azərbaycan vətəndaşlarının fəaliyyət göstərdikləri təşkilatlardakı mövqeyi, qarşılaşdıqları çətinliklərin müzakirəsi gələcək addımların müəyyənləşdirilməsi baxımından vacibdir. Eyni zamanda, azərbaycanlı kadrların vahid şəbəkə çərçivəsində birləşdirilməsinin mümkün alət və vasitələrinə dair fikir mübadiləsi aparılacaq. Digər tərəfdən, mövcud kadrların öz vəzifələrində irəli çəkilməsi və yenilərinin işə cəlb olunması imkanları araşdırılacaq, göstərilə biləcək dəstəyin forma və xarakteri müzakirə olunacaq. Ümumiyyətlə, bu tədbirdə qarşıda duran problemlərin və gələcək planların hərtərəfli şəkildə müzakirə olunması nəzərdə tutulur.

– Gələcək planları qeyd etdiniz. Bu sahədəki gələcək planlar nədən ibarətdir?

Bildiyiniz kimi, Azərbaycanın dövlət siyasətinin ən mühüm prioritetlərindən biri "qara qızılın insan kapitalına'' çevrilməsidir. İnformasiya və biliyə əsaslanan insan kapitalını inkişaf etdirmək məqsədilə dövlət tərəfindən ardıcıl işlər görülür. Ölkə daxilində yeni, müasir təhsil ocaqları yaradılır, təhsil və elm sistemi təkmilləşdirilir, eyni zamanda xaricdə təhsillə bağlı dövlət proqramları həyata keçirilir. Belə bir toplantının keçirilməsinə dəstək də məhz bu prioritetdən irəli gəlir.

"Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların I Toplantısı''nda aparılacaq fikir mübadiləsi və müzakirələrdən sonra yeni bir mənzərənin açılacağını düşünürük. Azərbaycanlı kadrları vahid şəbəkədə birləşdirəcək mexanizm çərçivəsində hər bir beynəlxalq təşkilata münasibətdə xüsusi yanaşmanın tətbiq olunması, azərbaycanlı kadrların irəli çəkilə biləcəyi və yenilərinin cəlb oluna biləcəyi vəzifələrin müəyyən edilməsi, bu vəzifələr üçün tələb olunan peşəkar keyfiyyətlərin artırılması üçün müvafiq təlim və təcrübələrin təmin olunması və s. prioritet istiqamətləri təşkil edir. Bütövlükdə, belə bir mərkəzləşdirilmiş sistemin yaradılması beynəlxalq təşkilatlarda fəaliyyət göstərən azərbaycanlı kadrların əlaqələndirilməsi və təşviq olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Newtimes.az

 



Paylaş



Bölmə: Xəbər / Siyasət / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!