Bahəddin Həzi: Amansız müharibənin anlamlı dərsləri Rusiya-Ukrayna müharibəsi haqqında publisistik yazım. Deyirəm: "Necə olur, bir slavyan ölkəsinin prezidenti əlinə silah alıb özünü xalqından qoruyurdu, o biri slavyan ölkəsinin prezidenti əlinə silah alıb xalqını özü qoruyur?!" Və bir çox başqa suallara cavab axtarmağa çalışdım. Vaxtınız və səbriniz üçün əvvəlcədən təşəkkür!
Amansız müharibənin anlamlı dərsləri"Есть еще время сохранить лицо. Потом придется сохранять другие части тела".
Bu, 1993-1998-ci illərdə Rusiya Federasiyasının baş naziri olmuş Viktor Stepanoviç Çernomırdinin söylədiyidir, aforizmə çevrilib. Tərcüməsi: "Sifətini qoruyub saxlamaq üçün hələ də vaxt var. Sonra bədəninin başqa hissələrini qoruyub saxlamaq lazım gələcək".
Düşünürəm ki, Ukraynaya və/və ya daha haralarasa qanadlı raketlər atmazdan qabaq Çernomırdinin bu "qanadlı" frazalarını oxumaq və düşünüb nəticə çıxarmaq faydalı olardı. Rusiya üçün də, hamı üçün də.
Görünür ki, bu ağılsız müharibəni başladanlar nəinki sifətini, bütün başqa yerlərini də artıq çoxdan unudublar.
RF-in xarici işlər naziri Sergey Lavrovun keçmiş illərdə verdiyi bir müsahibəsindən fraqmentlə qarşılaşdım. Ona sual verilir ki, niyə Rusiya Donetskdəki və Luqanskdakı separatçı rejimləri rəsmən tanımır? O da suala sualla cavab verir: "Siz deyirsiniz ki, Ukraynanın qalan hissəsini də itirək?!"
Bunu deyən adam indi nəinki o qondarma "respublika"ların tanınmasının ən alovlu tərəfdarlarından oldu, üstəlik Putinin "Ukraynanın qalan hissəsini" işğal etmək avantürasının da həmmüəlliflərindən biridir.
Boris Yeltsin dövründə xarici işlər naziri olmuş Andrey Kozırev belə bir söz işlətmişdi: "Nazir olmaq diplomat üçün son həddir". Görünür, sələfinin bu fikrini Lavrov başqa cür başa düşüb. Müstəqil, suveren, həm də unitar dövlətin bir (əslində iki) hissəsini ayrıca götürüb müstəqil dövlət olaraq tanımaq, ertəsi gün də həmin "müstəqil" "dövlət"lərin "çağırışı" ilə, "Ukraynanın qalan hissəsini" əldə etmək üçün müharibə başlamaq kimi bir yanlışın içində olmaq xarici işlər naziri üçün, əlbəttə, diplomatiyanın və diplomatın sonudur. Lavrov bu qərarı özü üçün verdiyi gün diplomat kimi bitib; министр иностранных дел idi, dönüb oldu министр странных дел. Yəni anlaşılmaz işlər naziri.
Sergey Şoyqunu müdafiə naziri kimi Ukraynanın müqaviməti bitirdi; ordusu haqda mifi dağıtdılar. Putindən isə danışmağa dəyməz. Fikir verdinizsə, Təhlükəsizlik Şurasının məlum iclasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin mümkün qədər uğurla "çaşaraq" bu avantüraya şərik olmaqdan qaçmaq istədi. Ən azı tarixə adını belə yazdırdı. Çünki Rusiyanı nələrin gözlədiyini bilirdi. Ancaq Putin ona basqı edərək kəlbətinlə də olsa, öz qərarına dəstək qopardı. Rusiya kəşfiyyatı da bununla "bitdi".
Dmitriy Medvedyevin çıxışlarını izləyirəm. Yadıma məşhur deyim düşür:
"- Ağıllınız kimdir?- Qabaqda gedən zəncirli".Hələ uzaq 90-cı illərdə Çinin Moskvadakı keçmiş səfiri səhv etmirəmsə, "Komsomolskaya pravda" qəzetinə müsahibəsində Rusiya insanı haqqında belə demişdi: "Həmişə təəccüblənirəm ki, bu qədər istedadlı, intellektual xalq niyə bu qədər içir?!"
Medvedyevə bu baxımdan yanaşdım. Oxumuş biridir. Ancaq çox oxumaq, çox bilmək hələ çox ağıllı olmaq demək deyilmiş, elə deyilmi?! İnformasiyalı olmaq ağıllı olmaq deyil. Ağıllı olmaq ağılla yaşamağı bacarmaqdır. O cümlədən, qonşularla, bütün Dünya ilə birgə yaşamağı bacarmaq. Baxıram, deyir: “Avropa İttifaqına ehtiyacımız qalmadı”. Adam, Rusiyanın bu günə qədər neft, qaz satdığı Avropadır. Onun Rusiyaya nə qədər ehtiyacı varsa, Rusiyanın da Avropaya o qədər ehtiyacı var. Doğrudan da, qabaqda gedən zəncirliymiş. Necə deyərlər, axsaq atın kor nalbəndi...
Siyasətlə, hərblə, diplomatiya ilə az-çox bağlılığı olan hər kəs qədim Roma tarixçisi, filosofu, dövlət adamı Qay Korneli Tatsiti mütləq oxuyub. O deyirdi: "Yaxınlar arasında müharibə daha barışmaz olur".
Ukraynada baş verənlər budur: doğma qardaşlar arasında müharibədir. Rusiyanın intellektualları bu gerçəyi anlayacaq qədər ayıq olmadılar. Görünən bu!
Deyəcəksiniz, Ukraynadan nə çox yazırsan?! Cavab çox sadədir: qardaşına bunları edən, görün, başqalarına nə edər?! Ukrayna nə deyib? “Avropa İttifaqının, NATO-nun üzvü olmaq istəyirəm” deyib. Və istəyinə görə cəzalanır. Belə çıxır ki, sabah-birisigün hətta bizim “balanslaşdırılmış” xarici siyasət kursumuz da kimlərinsə xoşuna gəlməyə bilər. Siyasi və insani məntiqin, normal ağlın və sağlam düşüncənin itdiyi yerdə bundan kim sığortalanıb ki?!
Çin dplomatının sözləri çox düşündürücüdür. Baxın, özünü dünyanın mədəni millətindən sayanların hər biri ömründə ən azı bir dəfə: "Bu qədər ərəb ölkəsi bir İsrailin əlində yesir qalıb" və ya "Ərəb dövlətləri bir-birini başqalarına satır" və sair kimi fikirlər deyib. Ya da ən azı bu haqda düşünmüsünüz. Öz slavyan qardaşının üstünə silahla gedən, öz qardaşının evini bombalayan bir Avropalı adam o bədəvi ərəbdən çoxmu fərqlənir təfəkkürcə?!
Nə olsun ki, sənin Dostoyevskini bütün Dünya oxuyur?! Ona qalsa, Dostoyevskinin ən birinci oxucusu sən idin: əsərlərini hamıdan qabaq oxuyub özünə ölüm hökmü "oxumuşdun". Sonra "rüsvayçılıq dirəyi"nə də bağladın... Elə alman kimi xalq da nəhəng dühalar yetişdirmişdi. Ancaq Adolf Hitleri də yetirmişdi.
Yüksək mədəniyyətin gücü siyasi tiranlığın qarşısını kəsə bilmirsə, deməli, o, sadəcə, öznüdəşeymiş. Tarixdə belə momentlər olub, olur da.
Bilirəm, yetərincə dərin və mübahisəli sularda üzürəm. Sadəcə, belə demək mümkünsə, yazılı düşünürəm. Düşünürəm ki, bir slavyan xalqı öz Vətənini bu qədər sevib, azadlığı üçün canını ortaya qoyduğu zaman başqa bir slavyan xalqı Putinin əsarətindən bunca necə "zövq” ala bilərmiş! Bax, o beloruslar da slavyanlardır. Lukaşenkonun öz hakimiyyətini qorumaq üçün əlində "Kalaşnikov" avtomat silahı ilə gəzdiyini görmüşdünüz. O kadrları izləmişdiniz.
Belorus və Ukrayna qonşu və qardaş xalqlardır, ölkələrdir. Birində özünü xalqından qorumaq üçün əlinə silah alan prezident var, o birində xalqını qorumaq üçün əlinə silah alan prezident. Necə ola bilir ki, eyni soykökə, ümumi tarixə, ortaq zəngin mədəni irsə mənsub olan bir xalqın ayrı-ayrı hissələri eyni vaxtda belə fərqli təfəkkür tərzinə sahibdir?! Ya da yaşam ukladına. Necə istəyirsiniz, adlandıraq.
Bu arada bizim çıxaracağımız daha bir önəmli nəticə var: Azərbaycan və Türkiyə bir-birlərinin qədrini bilməlidir. Qardaşlara qardaşlıq örnəyi, dostlara dostluq, müttəfiqlərə müttəfiqlik nümunəsiyik. Biz - Azərbaycan və Türkiyə olaraq dünya üçün bir nümunəyik. İllah da indiki kontekstdə Rusiya, Ukrayna, Belorus, Polşa və sair üçün.
Rusiya ilə Ukrayna arasında müharibə doğmaların savaşı olaraq Dünya üçün ən pis presedentdir. Buraya Rusiyanın Ukraynaya qarşı öz vassalı olaraq istifadə etdiyi Belorusu da aid etmək olar. Bu müharibə Dünyada hər kəs üçün, bizim üçün insani bağların dağıdılması baxımından da böyük və kədərli dərsdir. Doğmaların savaşı, baxın, necə böyük dağıntılara, iztirablara, göz yaşlarına - məyusluğa, faciələrə yol açır. Baxın və unutmayın. Bu, hökumətlərin öz xalqlarına, dövlətin öz vətəndaşına yanaşması baxımından da keçərlidir. Dövlət siyasətinə asi, qanuna zidd davranmış vətəndaşını cəzalandıranda da sevə-sevə cəzalandıracaq. Ailələr üçün də dərs var: övlada ata-ananın özündən deyil, onun sevgisini itirməkdən qorxmağı öyrətmək lazımdır.
Bir sözlə, bu savaş bizi çox ağrıtdı, çox şeylər də öyrətdi, anlatdı. Anlatmağa da davam edir. Təbii ki, anlayana...