Rumen Radevin Azərbaycana səfəri başa çatdı .....                        Ermənistandan KTMT-yə qarşı daha bir demarş .....                        Paşinyanın sədrliyi ilə Moskva görüşü başladı .....                        İrəvanda vəziyyət gərginləşdi - Keşiş Milli Təhlükəsizlik Xidmətinə çağırıldı .....                        Azərbaycanla Türkiyə arasında sənədlər imzalandı .....                        Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - FOTO .....                        Ərdoğan Əli Əsədovu qəbul etdi .....                        Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı .....                        Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                       
11-02-2022, 21:00
Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib


Ərdoğan Şuşa Bəyannaməsini təsdiqləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı fərman imzalayıb.
Dövlət başçısı sənədi Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının nümayəndə heyətini qəbul edərkən təsdiqləyib.
11-02-2022, 19:25
ABŞ Əfqanıstanın 7 milyardını ələ keçirdi

ABŞ Prezidenti Co Bayden Əfqanıstan Mərkəzi Bankının Amerika banklarındakı 7 milyard dollarlıq aktivlərini bloklayan fərman imzalayıb.
Bu barədə Ağ Evin məlumatında deyilir.
Sözügedən məbləğ Nyu Yorkdakı Federal Ehtiyatlar Bankındakı vahid xüsusi trast fonduna köçürüləcək.
Ehtimal edilir ki, məbləğin təxminən yarısı əfqan xalqının humanitar ehtiyaclarına sərf ediləcək.
Digər yarısı isə 2001-ci il 11 sentyabr terror aktı qurbanlarının ailələlərinə kompensasiya olaraq ödəniləcək.
11-02-2022, 18:46
“Putin NATO-nu dağıtmaq istəyir”

“Rusiya Prezidenti Vladimir Putin NATO-nu dağıtmağa çalışır”.
Bunu Polşa Baş naziri Mateusz Moravieki deyib.
O əlavə edib ki, NATO müttəfiqləri nə dərəcədə birlikdə olduğunu nümayiş etdirməlidir:
“Polşa Rusiya ilə münasibətlərdə körpü qurmaq istəyir. Yalnız barış belə münasibətlərin təməli ola bilər. Biz sülh üçün çalışacağıq”.
Baş nazir həmçinin deyib ki, rəsmi Berlin “Şimal axını 2” qaz kəməri ilə bağlı Rusiyanın şantajının qarşısını almalıdır:
“Şimal axını 2 ilə bağlı alman müttəfiqlərimizə müraciət etmək istərdim. Mümkün qədər tez bir şəkildə boru kəmərindən şantaj üçün istifadə edilə bilməyəcəyini elan etməlisiniz”.
11-02-2022, 18:35
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama


Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bunu Prezident İlham Əliyev Azərtac-a müsahibəsində deyib:
"Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır."
11-02-2022, 18:26
Nazir ordu barədə yayılan məlumatlara münasibət bildirdi

Nazir ordu barədə yayılan məlumatlara münasibət bildirdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda hərbçilərlə görüşüb.
Z.Həsənov 2016-ci ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıq və fədakarlıq nümunələrinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb. Azərbaycan Ordusunun ən müasir silah, döyüş texnikası və avadanlıqla təchizatının bundan sonra da planlı şəkildə davam etdiriləcəyini vurğulayıb.
Vətən müharibəsində əldə edilən Qələbədən sonra informasiya sahəsində Azərbaycan Ordusunun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin fəaliyyətinə də toxunan müdafiə naziri yayılan böhtan və təxribat xarakterli məlumatlara qarşı diqqətli olmağı, hərbi və xidməti sirlərin qorunmasının vacibliyini xüsusi qeyd edib.
11-02-2022, 14:16
Zəfər tariximizin ədəbiyyatda təbliğinə dair yeni layihənin icrasına başlanılıb


Zəfər tariximizin ədəbiyyatda təbliğinə dair yeni layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi tərəfindən “Zəfər duyğularının ədəbiyyatda və nəşrlərdə təzahürü” adlı layihənin icrasına start verilib.
“Türk Dünyası İnfo” İctimai Birliyindən bildiriblər ki, 3 ay müddətinə həyata keçiriləcək bu Layihə xalqımıznın taleyində, tarixində, ərazi bütövlüyümüzün bərpasında mühüm əhəmiyyətli Vətən Müharibəsində qazandığımız böyük Zəfərin tariximizin ölkəmizdə və Türk dünyasında yaradılan müasir ədəbi-bədii əsərlərdə necə əksini tapması və milli özünüdərk prosesinə təsirlərindən bəhs edir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin ictimai əhəmiyyəti barədə deyib ki, Azərbaycan xalqının müasir taleyində və tarixində böyük dönüş yaradan Vətən Müharibəsində qazanılan Qələbə XX əsrin ən bariz faktı olmaqla, bizim milli düşüncəmizdə, o cümlədən, mədəni düşüncəmizdə yeni, başlıca strateji paradiqmanı da müəyyənləşdirmiş oldu. Qənaətimiz budur ki, bu qürurlu tarixi olayların timsalında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü böyük siyasətin nəticəsi olaraq, qalib xalqın qalib mədəniyyəti, ədəbiyyatı, elmi yaranmalı, ədəbi-estetik cəhətdən əlaqəli şəkildə inkişaf etməlidir: “Uzun illər erməni işğalında qalıb çözülməz beynəlxalq münaqişə düyününə düşən doğma Qarabağı azad etmək ruhu hər bir Azərbaycan insanının varlığının məqsədi olmuşdur. Eyni zamanda xalqımızın Vətən Müharibəsindəki mübarizliyi, həmrəyliyi mənəviyyatımızda yeniləşmə təməlidir. Ədəbiyyatımızda torpaqlarımızın müdafiəsi uğrunda birliyini, əzmini, sevgisini nümayiş etdirən azərbaycanlı obrazı Vətən Müharibəsinin elə ilk günlərindən yaranmağa mətbuatda görünməyə başladı. Qarabağ ədəbi-bədii salnaməsinin yeni səhifəsi də tariximizin bu həlledici anından ibarətdir. Vətən Müharibəsinin ədəbi-bədii düşüncədə təsirləri təkcə Qarabağ mövzusu ilə kifayətlənmir, keçmişə, bugünə və gələcəyə baxışlarımızın daha optimal koordinatlarının müəyyənləşməsində, mədəni düşüncəmizi yeni mərhələyə, yeni üfüqlərə keçməsi şərtlərini və məsuliyyətini şərtləndirir.
Vətən Müharibəsindəki qalibiyyət tariximiz yeni nəsillərin milli ruhunda, dilində, adət-ənənəsində, vətənpərvərlik duyğularınd, eləcədə müasir dünyada yaşayan bütün azərbaycanlıların həyatının, gələcəyinin ən aktual stimuluna çevrilməsində ədəbiyyatın müstəsna rolu vardır. Ona görə də layihəmizin məqsədi bu kimi məsələlər çərçivəsində Vətən Müharibəsində Zəfər tariximizdən bəhs edən, ölkəmizdə və Azərbaycanda və Türk dünyasında yaradılan ədəbi-bədii əsərləri toplamaq, ən yaxşılarını seçmək, mükafatlandırmaq və bu poetik nümunələrdən ibarət sanballı bir antologiya hazırlamaqdır. Bununla da müharibə mövzusunda ədəbiyyatın inkişafına dəstək verməyi nəzərdə tutmuşuq”.
11-02-2022, 07:59
Məhərrəm Mustafanı daha yaxından tanıyın!

Məhərrəm Mustafanı daha yaxından tanıyın!

Məhərrəm Nüsrəddin oğlu Mustafa 1956 - cı il avqust ayının 11-də Xaçmaz şəhərində anadan olub. 1973 - cü ildə Xaçmaz şəhər 2 nömrəli orta məktəbini bitirib və həmin il Bakı Kooperativ Texnikumuna qəbul olunub. 1975 - ci ildə Mühasibat Uçotu ixtisası üzrə texnikumu bitirib. 1975-ci ildə Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə çağırılıb. Qazaxıstanın Semipalatinsk şəhərində SSRİ Hərbi Hava Qüvvələrinin müdafiə sisteminin avtomatlaşdırılmış idarəetməsində operator kimi xidmətə başlayıb. Bacarıqlı və intizamlı xidmətinə görə irəli çəkilərək sınanmış əsgər kimi Altay vilayətinin Çin və Monqolstan sərhədi yaxınlığında yerləşən Roş Aqaç qəsəbəsindəki hərbi hissəyə göndərilib. 1977-ci ildə hərbi xidməti bitirib doğmalarının yanına qayıdıb. 1978 - ci ildə Xaçmaz Rayon İstehlak Cəmiyyətində mühasib vəzifəsində əmək fəaliyyətinə başlayıb. İşləməklə bərabər o, 1979- cu ildən “Xalqlar Dostluğu” ordenli Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində təhsilini qiyabi yolla davam etdirib. 1984- cü ildə təhsili bitirib Yüksək Dərəcəli İqtisadçı adı alıb. 1998 - ci ildə İstehlak Cəmiyyətindən irəli çəkilərək “Azərkontrakt” Dövlət Kooperasiyasının Xaçmaz rayon müəssisəsində işə başlayıb. 2005- ci ildən 2011- ci ilədək “Dübrar” MMC - nin direktoru olub. 2011- ci ildən 55 saylı Xaçmaz şəhər seçki dairəsi komissiyasının katibi vəzifəsində işləyib. Ədəbi fəaliyyətə məktəb illərində başlamasına baxmayaraq, yazılarını heç yerdə çap elətdirməyib. 2015-ci ildən dövrü mətbuatda hekayələri və şerləri sevilə - sevilə oxunur. 250 - dən çox aforizmi müxtəlif dillərdə ən çox bəyənilənlər sırasındadır.
2015 - ci ildə yazdığı ilk “Yaralı tut ağacı” kitabının elektron variantının təqdimatı AMEA - nın Mərkəzi Kitabxanasının konfrans zalında keçirilib. Məhərrəm Mustafa Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hekayələri almanaxlarda və dövri mətbuatda mütəmadi dərc olunur.
2020-ci ildə “Şərq – Qərb” mətbəəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun I siniflər üçün hazırladığı dərsliyə yazıçı Məhərrəm Mustafanın 2 hekayəsi daxil edilib: “Şah bə bağban”, “Qaranquşun Xocalı arzusu”. Hər iki hekayənin mövzusu müasir və aktual, dili rahat və lakonikdir.
Yazıçının ikinci elektron kitabı “Dəlidağın harayı” 2021-ci ildə fonda təqdim edilib.
2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonlarından olan igid döyüşçülərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarını ədəbiyyata gətirilməsi üçün “Zəfər yazanlar” mövzusunda yazı müsabiqəsi keçirilib. Vətən müharibəsində qazanılan tarixi Zəfərin ildönümündə keçirilən müsabiqədə Məhərrəm Mustafanın Xaçmaz rayonunun Xaspoladoba kəndindən olan şəhid İmamov Rəhim Rauf oğluna həsr etdiyi “Cənnətdən gələn qonaq” hekayəsi I yerə layiq görülüb. Hekayə “Zəfər yazanlar” almanaxında dərc edilib, müəllifə “Fəxri Fərman” təqdim olunub.
Füzuli Baratov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

11-02-2022, 07:54

İLTİMAS SƏMİMİNİN SÖZ DÜNYASI


MƏNİ
Qurtula bilmirəm çəkir özünə,
Çəkir o baxışlar, o gözlər məni.
Durduğum yerdəcə donub qalıram,
Xəyala qərq edir xoş sözlər məni.

Onun işığına mələklər gələr,
Eşqinə düşənlər Məcnunam deyər.
Yerişi bir dünya baxan qəm yeyər,
Öldürər gecələr, gündüzlər məni.

Sevən qəlbimizə tənhalıq bir yük,
Baxıb taleyindən, bəxtindən küsdük.
Söylədim, biləsən həsrətim böyük,
Yandırar bu alov, bu közlər məni.

Həsrət çəkə -çəkə, qəm yeyə -yeyə,
Gözümün yuxusu çəkildi göyə.
Verdim həyatımı mən bu sevgiyə.
Çəkdi sınaqlara bu hisslər məni.

01.01.2022.
MƏHƏBBƏTİN
Çəkilib göylərə yuxusu yaman,
Ardımca boylanan qara gözlərin.
Ürəkdən keçəni gizlətmək olmur,
Qəmli baxışların həsrəti dərin.

Bu da bir şaxtalı, qarlı qış günü,
Düşüb hicranlara sevgi arama.
Nə baxış təsəlli, nə göz təsəlli,
Nə də daş ürəklər gələr ilhama.

De, kimlər yanmadı sevgi odunda,
Bu sonsuz ümmanda üzmək çox çətin.
Sevgi dirigözlü oda atılmaq,
Gücünü bilmirsən sən məhəbbətin.
01.01.2022.
OLMASIN
Bir az Məcnun olum, bir az da Fərhad,
Sevgi Leyliyə ruh, Şirinə qanad.
Payız xəzəlidir sevgisiz həyat,
Sevən ürəyində şubhən olmasın.

Səadət istədin, səadət inam,
Təmiz ürəklərdə məhəbbət inam.
Xoş arzu, xoş dilək, xoş niyyət inam,
Sevən ürəyində şubhən olmasın.

Pirə inananın şəfası pirdir,
Sevənin qəlbində sevgisi birdir.
Sevgi sevməyənə açılmaz sirdir,
Sevən ürəyində şubhən olmasın.

İnan, şəkk edənlər batar günaha,
Gözəl nə olar ki, sevgidən daha.
Sevən səadətlə çıxar sabaha,
Sevən ürəyində şubhən olmasın.
02.01.2022.
ÇAĞIDIR
Xəyala qərq edir məni bu payız,
Yarpağın saralan, solan çağıdır.
Sıxılır köksümdə ürəyim yaman,
Gözümün buludtək dolan çağıdır.

Hanı o çiçəklər, hanı o güllər,
Vaxt da günəş kimi qüruba gedər.
Həsrət çəkə -çəkə ömür də ötər,
Dərdin qalaq-qalaq olan çağıdır.

Payız, yağışmısan yoxsa ki, külək?
Arzular gözümdə solan yarpaq tək.
Hələ məndən sonra kimlər deyəcək,
Fəqət xatirələr qalan çağıdır.
15.01.2022.
YAŞAMAQDIR
Suçu susmaqdır, danışsa,
Artırar günahları.
Solunda dəniz,
Sağında məzarlıq
Yollar üzünə bağlı.
Sükut...
Yanında bir kimsə yox,
Qoluna kədər girib.
Arzusu bir az da yaşamaqdır.
02.01.2022.
QALIB
Yorma ürəyini,
Ömür bir az bahar,
Bir az payız, bir az da qışdır.
Yaddaşında tozlanan
Xatirələri bir kimsəyə söyləsən də,
Ürəyin ovunmaz.
Bu yolların sonu bilinmir,
Son mənzilə
Bəlkə də bir-iki addım qalıb.
03.01.2022.
ÖZÜNÜ ALDATMAQDIR
Salam, kimsəsiz küçə,
Kimsəsiz şəhər.
Kimsəsiz evlər,
Üstündən toz tökülən ağacların
Söylədiyi xatirələri
Daha quşlar dinləməz...
Ovcumu açıb taleyimi oxuma,
İndi taleləri küləklər oxuyur.
Üstündə qara ruhlar dolaşdıqca,
Daşların qurd –qurd ulayır,
Yolların toz qoxuyur, toz...
Kimsəsizlərin göz yaşısan,
Əllərimi sənə sarı uzadıb
Aman istəmərəm.
Amansızsan,
Ağlar qoydun çoxlarını.
Səndən ümid diləmək
Özünü aldatmaqdır.
03.01.2022.
ÖMÜR BİR YAZ
YAĞIŞIDIR

Bu yolları birlikdə adlayıb
Getmək
Ürəyimizə təsəllidir.
Ölüm hələ bizdən uzaq,
Hələ ümidlər bitməyib...
Gözlərin bir kimsəni
Axtarmasın,
İndi hamı eyni cür taleyi yaşayır.
Alın yazıları eyni, kədəri eyni...
İçində tabut-tabut daşıdığın
Ağrılar...
Nəfəsin meyid qoxuyur.
Daha özünü aladıb gümanla yaşama,
Ömür bir yaz yağışıdır.. .
03.01.2022.
BU ADAMLAR
Sağım adam, solum adam.
Topa -topa gəlib keçir,
Məndən belə bu adamlar.
İçim adam, çölüm adam,
Tabut-tabut daşıyıram
Adamları xatirələr yaddaşına.
Boylanıram məzarlıqda
Doğmaların başdaşına,
Vaxtsız ölən adamların
Yaxınların göz yaşına.
Bir az torpaq, bir az hava,
Bir az od, bir az da sudur.
Uddar hələ öz nəfsinin caynağında
Çapalayan adamları,
Üşüdəcək yer üzünü,
Yandıracaq içimizi,
Boğularıq damlasında...
Sel adamlar,
Dərya kimi talatümlu,
Sonra belə torpaq olub,
Torpaqlaşar bu adamlar...
04.01.2022.
MƏZARI OT BASACAQ
Çoxmu yubandın,
Yoxsa yollar yordu səni?
Hardasa bir yad baxış
Ardınca boylanıb.
“Əlvida” kəlməsi
Küləkdənmi eşitdin?
Ölümü yada salmaq ürəyə dərddir.
Nə vaxtsa yoxluğunu
Düşünmək əzabı
Yandırırmı səni?
Xatırlamaz bir kimsə
Məzarı ot basacaq.
06.01.2022.
UÇULAR XƏYALIMDAKI
YER KÜRƏSİ

Əllərim saçlarına toxunar,
Baxışların içimi köz-köz yandıran
Həsrəti söndürər.
Bir az ilk görüşün
Həyəcanı,
Bir az gözlərinin sehri,
Bir az da aşıb-daşan hisslər...
Yum gözlərini,
Əllərin ovcumdan qoy sivişməsin.
Uçular xəyalımdakı yer kürəsi.
08.01.2022.
BİR İNSAN DA AZALIB
Səni bir kimsə xatırlamadı,
Unuduldun.
Nə adını çəkən oldu,
Nə xatirə söyləyən.
Elə bil bir damla yağış idin,
Düşdün torpağa.
Üşütdü yolları küləkin uğurtusu...
Sükutu sevməzdin,
İndi sükut məzarın qədər.
Başdaşına qonan sərçələr
Hardan bilsin ki, yer üzündə
Bir insan da azalıb.
09.01.2022.
QAÇMAQ İSTƏYİR
Daha göz yaşı tökməyə dəyməz.
Nə keçmişə qayıtmaq olur,
Nə keçmişi unutmaq.
Yaddaşında yarpaq -yarpaq
Boy atan xatirələr
Ayrılıqlar qoxuyur.
Nəfəsin payız küləyidir,
Baxışında ilan-ilan qıvrılan
Bir uşaq təbəssümü
Baş götürüb keçmişə
Qaçmaq istəyir.
16.01.2022.

YOXLUĞUNU XATIRLATDI
Üz tutub sənə sarı gəlmək istədim,
Yoxuşlu yollar üzdü ümidimi.
Kəsildi nəfəsim,
Qulağıma axan səslər
Ürəyimə ox tək sancıldı.
Yaddaşımda xatirələr,
Gözümün önündə rəsmin,
Baxışlarında donan təbəssümün
Yoxluğunu xatırlatdı.
19.01.2022.
AĞRILARI
Sən də dinlə
Ağaclara söylədiyim sözlərimi,
Ağacların yaddaşı var.
Axan sular yaxşı bilir
Xatırımda olanları.
Danışmışam buludlara,
Qayğılarla dolu olan uşaqlıqdan.
İnsanların sərt üzünü görə -görə,
Acı sözlər udda -udda
Bəzən elə göz yaşlarım selə dönüb.
Mən heç nəyi unutmadım,
Yaddaşımda qalaq -qalaq xatirələr,
Bir də qəmli ürəyimin ağrıları...
25.01.2022.
UNUTMUSANMI?
Tanrı dərgahına açılan
Bir kimsəsiz tənhanın əlləri
Titrəyir yarpaq-yarpaq.
Hər şeydən ümidi üzülən
Tanrının unutduğu adam...
Gözlərində bir dağılmış dünya,
Qara buludlarla örtmüş göy üzü,
İnsanı qorxudan qara ruhlar.
Baxtıqca sıxılır ürəyim,
Tanrım, sevdiklərinə
Tale yazmağını unutmusanmı?
25.01.2022.
QOY BİRCƏ BALIQDA
YATIB QALMASIN

İsidə bilmədi səni bu bahar,
İçində çovğunlu, boranlı bir qış.
Acı xatirələr ürəyə dağdır,
Bir az taleyindən, bəxtindən danış.

Qaçsın qoy dənizin yuxusu tamam,
Qoy bircə balıq da yatıb qalmasın.
Sahili gəmirsin dəli dalğalar,
Heç əcəl zəngini vaxtsız çalmasın.

Bəlkə, ünvanına gecikir kimsə,
Bəlkə, gecikənlər tələsir yaman.
Bəlkə, tələsənlər dayansın bir az,
Bəlkə, onları heç xoşlamır zaman.
26.01.2022.



11-02-2022, 07:45
Nuray Nəzərova yazır: "Qəribə şəhərin  qəribə keşikçisi"

Qəribə şəhərin qəribə keşikçisi
1700 il öncə Qəribə şəhərin, qəribə dənizinin ortasında bir qüllə inşa edilir. Bu qəribə şəhərin, qəribə insanları üçün bu qüllə o qədər də maraqlı görünmür. Amma hər necə olursa olsun, yaradılan hər şeyin bir yaşam hekayəsi var.
Qəribə şəhərin qəribə insanları bu maraqsız qülləyə “Keşikçi” adını verir. Çünki, bu Keşikçi, dənizin azğın sularında itmiş insanların ümid xəbərçisi idi. Keşikçi tikintisi bitdiyi ilk gündən gəmilərə öz işığı ilə yol göstərməyə başladı. Qəribə şəhər isə öz Keşikçisinin qayğısına qalır, tarix ilk illərdə onu əzizləyir, sərt və amansız üzünü ona göstərmirdi.
Tikildiyi vaxtdan 100 il sonra Qəribə şəhərin amansız hökmdarı Keşikçini, əsirlər üçün zindana çevirir. Hökmdarın bütün qələbələrində Keşikçi qalibiyyətin çirkin üzü ilə tanış olur. Əsir götürülən qızlar, gəlinlər namusları ləkələnməsin deyə özlərini Keşikçinin qəlbindən Qəribə dənizin azğın sularına qərq edirlər. Möhtəşəm qələbələrin çirkinliyini görən Keşikçi tarixin qəddar üzü ilə ilk dəfə belə tanış oldu.
Keşikçi son qonağını qoynuna aldığında artıq 200 yaşı tamam olmuşdu. Hələ də əsirlərin saxlandığı qüllə idi. Bu vəziyyət Keşikçinin ürəyincə olmasa da bildiyi bir həqiqət vardı. Yaşadığı 200 il ərzində divarlarında taleyi ilə vidalaşan insanların hekayələrini saxlayırdı. Bu hekayələrədə, “xoşbəxt günlərin xəbərçisi” olan Keşikçi “bədbəxtliyin ilk pilləsi” idi.
Dünya qalır, tarix öz çarxı ilə fərqli insanlar gətirir, yaşadır və yenidən öldürür. Yaşadığı zamanın 250 -ci ilində Keşikçini bir başqa hökmdar “yanğın qülləsi”nə çevirir. Keşikçi şəhərin elə bir yerində inşa olmuşdur ki, burdan rahatlıqla yanğın olan hər yeri görmək mümkün idi. Amma bu dəfə Keşikçini başqa bir talesiz hadisə gözləyirdi. Özü yanğın xəbərçisi ikən, iki dəfə yanır. Ayağından başına qədər. Bu hadisədən sonra Qəribə şəhərin, qəribə sakinləri Keşişçinin çöküb yox olacağını gözləyir. Lakin hər bir kərpicinin od tutub yanmasına rəğmən Keşikçi tarixə əlvida demir, ömrünün ən böyük üçüncü hökmdarını görür. O, Keşikçini təmir etdirir və qülləsi Allaha yaxın olduğundan onu Rəsədxanaya çevirir.
Üç yüz yaşlı Keşikçi xoşbəxt idi. Onun vasitəsilə, ulduzlar, planetlər kəşf edilir, səma Keşikçiyə daha yaxın olurdu. Günlər, aylar keçir. Gəl zaman, get zaman, ömrünün altı yüzüncü ilində iki böyük yanğın görən Keşikçi bu dəfə zəlzələ ilə tanış olur. 5 yerdən möhkəm zədə alır. Qəribə şəhər zəlzələdən yerlə yeksan olur. Hər yer çökmüş, insanlar kərpiclərin altında əzilmişdi. Qəribə şəhərin qəribə Keşikçisi bu dəfə də öz möhkəmliyini qoruyur. Lakin qəribə şəhərin sakinləri onun qəfildən çökəcəyini gözləyirdi. O, çılğın dənizin azğın sularına gömülmədi.
Sevimli hökmdarı Keşikçini bu vəziyyətdən qurtarır. Onu təmir etdirir. Keşikçi yaşının səkkiz yüzüncü ilində hələ də rəsədxana idi. Qülləsindən beş böyük yara almasına rəğmən, göyləri, dənizləri, ulduzları fəth edirdi. Gəl zaman, get zaman, Qəribə şəhərin, qəribə dənizində misli görünməmiş fırtına qopur. Sanki dəniz ulduzlara yaxın olduğu üçün Keşikçiyə paxıllıq edirdi. Və bu paxıllığı fırtınası ilə Keşikçinin üzünə vururdu. Ən böyük yaranı bu dəfə dənizdən alır Keşikçi. Fırtına qülləsini dağıdır. Keşikçi bununla vəzifəsini icra edə bilmir. Nə düşünəcəyini, nə edəcəyini bilmir. Fikirləşir ki, yəqin dəniz öz hirsini ondan belə çıxarır.
Bir neçə əsr beləcə viranə qalır Keşikçi. Qəribə şəhərin özü qədər qəribə sakinləri Keşiçini hər gördüklərində “sağ qalmayacaq, dağılıb gedəcək” deyirdi. Bu dəfə Allah Keşikçi ilə ədavətinə son verir. Ona qülləsini bərpa edəcək kral göndərir. Ömrünün min iki yüzüncü ilində Keşikçinin qülləsi bərpa edilir. Amma bu dəfə dənizlərin yol göstərəni, səmaların ənginliklərini kəşf edən deyil, Qəribə şəhərin qoruyucusuna çevrilir. Bu vəzifə keşişçinin tam da adına uyğundu. O, yenə dənizi seyr edir, düşmən gəmilərinin şəhərə gəlib- gəlmədiyini xəbər verirdi.
Kral Keşikçini göz bəbəyi kimi qoruyurdu. Aldığı yaraları bərpa edir, əzizləyir, hər zaman ona qonaq gəlirdi. Keşikçi həyatının min iki yüzüncü ilini olduqca xoşbəxt yaşayırdı. Təəssüf ki, Keşikçinin xoşbəxtliyi çox sürmür. Ömrünün min üç yüzüncü ilində Keşikçi yüzilliklərin ən böyük beç müharibəsi ilə qarşı-qarşıya qalır. Üç yüzillikdə on beş müharibə və yüzdən artıq top yarası. Keşikçi sağdı, ayaqdaydı, çökməmişdi. Sakinlərin çökəcək deyib, yaxın durmadığı Keşikçi yüzdən artıq top yarası ilə sağlamdı.
Qəribə şəhər öz məğrur Keşikçisinə heyran idi. Gec də olsa, ona aşiq olmuşdu. Bu dəfə Qəribə şəhər dua edirdi keşişçisi üçün. Yaşadığı min yeddi yüz il ərzində Keşikçi tarixin müharibəsinə, zəlzələsinə, topuna, tufənginə, dənizinin fırtınasına rəğmən qalib gəlmişdi. Bəs indi, indi nə edir bizim Keşikçi?
Keşikçi indi insanların sevgi dolu anlarını bölüşdüyü çay baxçasıdır. İnsanlar onun qülləsinə qalxır, isti çayını, qəhvəsini yudumlaya-yudumlaya Qəribə şəhərin, qəribə dənizini seyr edir.
Nuray Nəzərova


11-02-2022, 07:39
Şairin bir adı da Vətəndir...

Qarabağlı şairlər silsiləsindən - Əjdər Yunus Rza – 70


Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...
Şairin bir adı, bir ünvanı da Vətəndir. Bu adı, bu ünvanı ən çox doğruldan şairlərimizdən biri də ömrünün yeddinci onilliyini yaşayan Əjdər Yunus Rzadır. Onun bütün şeirləri, misraları Vətən duyğuları ilə süslənib. Elə bir şeiri, elə bir misrası olmaz ki, ordan Vətən, yurd qoxusu gəlməsin. Bir çox kitablarını bu ərəfədə bir də yenidən oxudum, vərəqlədim. Vətənin sevincindən, qəmindən ayrı bir şeirinə, bir sözünə də rast gəlmədim. Əksinə, onun duyğu ləçəkləri, poetik tabloya çevirdiyi ədəbi düşüncələri yurddan, Vətəndən başlayır, doğma torpaqdan, doğma eldən rişələnib poetik məkanda özünə əbədi binə qurur, ev tikir.
Doğulduğu Cəbrayıl rayonu - dağlar qoynunda yerləşən Xələfli kəndi nə az-nə çox, az qala bir qərinəni haqlayacaq qədər yağı tapdağında qaldı. Şair bu illər ərzində hicranın, ayrılığın göz yaşlarını neçə kitaba, neçə şeirə, neçə poemaya, neçə qəzələ, neçə-neçə deyilməmiş ağıya, bayatıya çevirdi.
Yurdsuzluq da bir dərd oldu dağladı,
Köçdən salıb karvanımı saxladı.
Yaman yerdə zaman məni haqladı,
Yorğun bəxtim bezdi, bezdi, qocaldım.

Əjdər Yunus Rza bizim Xələfli oymağından çıxmış ilk polkovnik-şair, tarix üzrə fəlsəfə doktorudur. Gənclik illərindən üzübəri müxtəlif ali məktəblərdə çalışıb. O cümlədən, Azərbaycan Polis Akademiyasında da bir ziyalı kimi çox ləyaqətli izlər qoyub. Azərbaycanın hansı bölgəsinə getsən, onun hüquq-mühafizə orqanlarında çalışan tələbələrilə rastlaşarsan. Onlar hamısı Əjdər müəllimi gözəl, humanist duyğularla zəngin bir insan kimi xatırlayır, onun səmimi, təmənnasız bir xarakter olduğundan ürəklə danışır.
Bir vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində mənim də müəllimim olub. Yadımdadır ki, Azərbaycan tarixinin ağrılı səhifələrini bizə can yanğısıyla keçərdi. Ömrünün cavan, enerjili, qaynar çağları idi onda. Ucaboyuna, şux qamətinə, geniş alnına, tarixin dərin qatlarından şığıyıb gələn azad ruhuna, vüqarlı baxışlarına şairanəlik qarışanda dərsimiz daha da maraqlı keçirdi. Əjdər müəllimin tarix dərsi olan gün tələbələrin heç birinə qaib düşməzdi. Çünki kimsə onun dərsindən qalmazdı. İmtahanından da hər kəs yaxşı qiymət alardı.
Hələ sovet dönəmində - Azərbaycan tarixinin saxtalaşdırıldığı, basqılara məruz qaldığı bir dövrdə Əjdər müəllim tariximizin qürur dolu səhifələrilə qəlbimizdə bir od qalayır, bizi Xətai şeirinin sönməyən işığına bələyir, Babək sevgisilə söylədiyi epizodlarda Xilafətin azadlıq eşqini susdura, iradəsini qıra bilmədiyi Babək qılıncının parıltısında düşüncəmizə Vətən sevgisi səpərdi.. Əslində, onun şair duyğuları ilə elə o vaxtdan tanışam. Qaçqın-köçkün düşdüyümüz illərdən isə yaddaşıma neçə ağrılı misrası hopub.
Yurdsuzluq nə yaman ağır dərd imiş,
Adamı alovsuz, odsuz odlayır,
Hardasa bir qərib ölən zamanı,
Yurdunda bir qəbir torpaq çatlayır.

Əjdər müəllimin şeirləri mövzusuna görə rəngarəng, çoxçalarlı ola bilər. Təbii ki o da başqa şairlər kimi dünya, həyat, zaman, ayrılıq, vüsal, mərdlik, qəhrəmanlıq, ölüm, sevgi, məhəbbət kimi əbədi mövzulara həsr etdiyi şeirləri ilə tanınır. Ancaq bu şeirlərin hər birinin nüvəsində mənəvi ağrıların əsas səbəbi şairin bölünmüş Vətəni, talan edilmiş yurdunun xarabalıqları, bu xarabalıqların göz dağına çevrilməsidir. Şairin qəlbinə heç bir ağrıyla, heç bir azarla müqaisəyə gəlməyən bir Vətən dağı, bir Vətən nisgili hakimdir. Bəlkə də bu üzdən şeirlərinin varlığına hopmuş bir küskünlük çaları da diqqətdən yayınmır. “Tövbə bu dünyaya bir də gəlmərəm” şeirində olduğu kimi.
Qoşulub aylara ilə gedərəm,
Qarışıb yağışa selə gedərəm,
Başımı götürüb elə gedərəm,
Tövbə bu dünyaya bir də gəlmərəm.

Poeziya həmişə qiyamdır. Əgər qiyamsız bir şeir doğulubsa, demək şairin özünün ruhunda bir ölgünlük dolaşır. Əjdər müəllimin bütün şeirlərində üsyankarlıq notları var. Zəmanəyə, dünyaya, həyatın haqsız üzünə, sözün yaltaq, yalaq donda təcəssümünə etiraz var. Dünya haqqında şeirləri çoxdur. Onun dünya və zaman haqqında şeirlərinin çoxluğuna səbəb olan da elə bu etirazlardır. Bu şerilərdə də şairin dünyayla danışması, dərdləşməsi onun müəyyən daxili etirazlarının poetik formasını müəyyənləşdirib.
Bilməzdim bu qədər aldadır bizi,
Qatıb-qarışdıran pər imiş dünya.
Görəndə bal daddı, sevindim düzü,
Dadanda bildim ki, zəhərmiş dünya.

Ancaq nə qədər zəhər dadsa da, dünyanın, həyatın cazibədar tərəfləri də az deyil... Və bu cazibədərlıq insanı həyata, yaşama səsləyən arzular, istəklər fonunda şairin digər şeirlərinə bir əlvanlıq, bir gözəllik gətirib. Ətirli dağların qoynundan ayrı düşməyini ən böyük əzab, ən böyük təəssüf hissi kimi misralarının boyuna biçib şair.
Səndən ilham aldı könlüm,
“Qoca qartal” çaldı könlüm.
Gəldim, Əjdər, qaldı könlüm.
Dağlar qoynunda, qoynunda.

Şeirlərinin möhürbənd yerində öz isminə, öz adına xitab etməsi o qədər poetik, o qədər sənətə, poeziyaya, mənim özümə də o qədər doğma səslənir ki, istəyirəm elə mən də ona Əjdər deyəm. Onda ruhumuzun doğmalığına səmimiyyətlə söykənə bilirəm. Əjdər ruhu dağlarda qalmış bir şairimizdir. Və sanki hər zaman öz ruhuna qovuşmaq, ona sarılmaq üçün yazır. Ayrılığın buz yollarında qələmini ürəyinin qanına batırıb isidir, əridir bu buz yolları.
Əjdərin Cənub həsrətilə yazdığı şeirlər ayrıca bir silsilədir. Sanki qoca Araz təkcə Vətənimizi deyil, şairin qəlbini də iki yerə bölüb; yarı o tayda, yarı bu tayda döyünən ürək... Təbriz həsrətli misralar müəllifin paralanmış ürəyinin göynərtisi, hicrandan sozalmış dodağında puçurlanmış qübar yeridir.
Doluxsunmuş gözü yolda qalan mən,
Sal qoynuna, könlümü al, Təbrizim.
Xəzan vurmiş çiçək kimi solan mən,
Ürəyimdə yara xal-xal, Təbrizim.

Yaxud başqa bir bəndində o tay həsrəti, Təbriz, Ərdəbil, Savalan ağrısı dil açıb danışır.
Acı-şirin xəyallara dalmışam,
Hər gələndən səni xəbər almışam,
Mən mehrimi ayrılığa salmışam.
Qismət ola bari vüsal, Təbrizim.

Əjdərin bütövlük məramı ilə çırpınan misraları, vətəndaş duyğusuyla yazdığı bütün poeziya nümunələri bizi bütövlüyə, birliyə, haqqımız uğrunda bir an belə səngiməyən döyüşə səsləyir. Necə ki 44 günlük Vətən müharibəsində şairin də ədəbi döyüşə çıxardığı əsgəri - şeirləri vardı. Bu şeirlər Vətən müharibəsində canıyla, qanıyla döyüşən hər bir Vətən oğlunun, hər bir Vətən qızının yağıya təslim olmayan ruhuna dönmüşdür. Şair xalqı, milləti qəti bir inamla qələbəyə çağırır, zəfərə hayqırırdı və bu qələbə gerçəkdən də yaxında idi. Şair öz duyğusunda, öz fəhmində yanılmamışdı. Qəhrəman əsgərlərimiz qısa bir müddətdə dağların zirvəsindəki tarixi diyarımızı, qala şəhərimizi – Şuşamızı düşməndən alıb bağrına basacaqdır.
Elə et ki, qılıncını pas qınında çürütməsin,
Koroğludan gələn qeyrət ayaq altda qoy itməsin;
Tək Qarabağ savaşıyla savaşımız qoy bitməsin.
İrəvanı, Zəngəzuru, Göyçəni də almalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Ordumuzun Qarabağdakı zəfərindən sonra savaşın hələ bitmədiyini də anladan şair haqlıdır. Qarabağın uca dağlarından, başı göylərə yetən zirvələrindən dərdli Savalan dağı da görünmədə. Arazın göz yaşı çilənmiş suları, bir xalqı iki yerə bölərək arasına tikanlı məftillər əkən rus, fars cəlladları, Xudafərin körpüləri – “Memarın xar olmuş əməlləri”.. şairin Araz nisgilinin göynəyən yaddaşıdır.
Qaytarın Arazı, döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən bu torpağın üzü gülməsin.

Əjdər Yunus Rza təkcə Qarabağın deyil, bütöv Vətənin mənəvi yaddaşıdır. Ədəbiyyatımızı zənginləşdirən, poetik üfüqlərimizin miqyasını genişləndirən neçə-neçə kitabın müəllifidir O. “Taleyimin qisməti”, “Haray dağlar”, “Bir ovuc torpaq”, “Gordu baba, yadındamı?”, “Darıxmasın”, “Zamanın girovuyam”, “Tövbə bu dünyaya bir də gəlmərəm” adlı kitabları onun ədəbiyyatımızdakı, poeziya sənətimizdəki yerini bəlli edir. Ayrı-ayrı poemaları isə şairin vətəndaşlıq mövqeyinin çox aydın göstəricisi hesab oluna bilər. “Haray”, “Gordu baba, yadındamı?”, “Atatürk, “Xocalı dərdi”, “Heydərbabayla üz-üzə”, “Azadlıq carçısı” adlı poemaları mövzu və mahiyyət anlamına görə Vətən tariximizin qüssə dolu poetik salnaməsidir.
Söz vaxtına çəkər, Fevral ayı Xocalı faciəsinin törədildiyi aydır. Şairin “Xocalı dərdi” poeması bu günlərdə yaramızın qaysağını bir daha qoparır. Bizi erməni vandallarının başımıza gətirdiyi faciəylə üz-üzə qoyur. Poemada Xocalı uğrunda döyüşdə şəhid olmuş Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin də əziz xatirəsi əbədiləşdirilir.
İstədim qayıdıb o faciənin,
Ağrısın, acısın təzədən çəkəm,
Bu Vətən uğurnda candan keçənin,
Dayanıb önündə bir an diz çökəm...

Poemadan sətirlərdən də göründüyü kimi Xocalı qətliamında mərdliklə həlak olmuş Əlif Hacıyevin şəxsində bütün şəhidlərimizə hörmət və ehtiram ifadə olunur. “Xocalı dərdi” poeması həm də “ruhu ölməyən xalqa zaval yoxdur” gerçəkliyi üzərində qurulub. Bir gün Xocalıda Azərbaycan bayrağının dalğalanması inamı ilə yazılıb.
...Dostlar, gələcəyə inanıram mən,
Qisas qiyamətə qalmayacaqdır.
Bu gün Xocalını ağlayan Vətən,
Sabah Xocalısız olmayacaqdır.

Qarabağı qarış-qarış, dağ-dağ, dərə-dərə, bulaq-bulaq, çəmən-çəmən şeirinə gətirən Əjdər Yunusun təbiət şeirləri də çoxdur. Onlardan biri də zamanında əsir yurdun əsir bənövşəsinə yazılıb. Ümumiyyətlə, Azərbaycan poeziyasında təbiətin bu nazlı gözəlinə, taleyindən küsəninə - Qurbanidən üzü bəri əksər şairlərimiz şeir həsr edib. Bu şeirlərin hər birinin özünəməxsus gözəlliyi var. Hər bir şair öz ruhunun əlvanlığından naxışlar əlavə edib ”Bənövşə”sinə. Əjdərin də öz “Bənövşə”si var. Şair açan bənövşənin qəflətən üzərini alacaq bir qış sazağından ehtiyatlanır sanki. “Niyə açdın, ay bənövşə” deyir.
Niyə açdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmuş gözlərini,
Görənin ki, yoxdu sənin.
...Gözləməkdən yorulursan,
Gələnin ki, yoxdu sənin.

Heç şübhəsiz ki, torpaqlarımızın azadlığa qovuşduğu anda şair bir bənövşə şeiri də yazsaydı, inanırıq ki tamam başqa cür yazardı. Çünki indi Qarabağın azadlığına qovuşmuş dağlarında yazbaşı kolların dibindən təbəssümlə boylanan bənövşələrin nə qədər gələni, nə qədər dərəni olacaq. Bənövşə demişkən, yaz demişkən, baharın ilk müjdə əsintilərini gətirən bu fevral ayı ruhumuza bir yaz ovqatı da qatır. Elə bu ovqatla şairin “Ay bahar” şeirini oxuyuram. Doğrudur, şeirdə yurda bizsiz gələn bahardan söhbət gedir, ancaq poeziyanın da elə sirli, sehrli düyünləri var ki, oxuyanda elə sanırsan bu şeir yurda bizlə gələn baharın şeiridir. İlk misralar yurda qovuşan qəlbin təzahürü kimi oxunur.
Zirvələrdə qar od tutub alışır,
Sular selə, sellər suya qarışır.
Bənövşələr nərgizlərlə yarışır.
Sən gələndə yurdumuza, ay bahar.

Dedim axı... Əjdər Yunusun bütün şeirlərindən yurd boylanır. Elat, tərəkəmə həyatının - bu əbədi karvanın, bu əbədi köçün səsi, harayı gəlir... Açığı, mətn boyu Əjdərin şeirlərindəki ağrıdan qaçmağa çalışdım. Amma hər dəfə də bu cəhdim boşa çıxdı. Çünki yönümü hansı misrasına, hansı bəndinə üz tutdumsa, ağrıya rast gəldim. Bayatılarında bu ağrının rəngi görünəcək, səsi eşidiləcək tondadır.
Əzizinəm yurd yarası,
Sağalmaz yurd yarası.
Bilərdimmi bu qədər,
Ağrıyar yurd yarası.
Əjdər Yunusun şeirlərində poetik mən, poetik ruh dipdiridir. Onun şeirləri yaddaşımızın ən dərin guşələrində uyumuş hissləri belə oyatmağa tələsir, təlaşlanır. Şeirləri hisslərin qiyamı ilə dolu, poeziyası həyəcanlı, titrək, milli heysiyyətlə yoğrulmuş bir poeziyadır. Vətən uğrunda savaşan poeziyanın qalib arzularla doğulan bir çox örnəklərini də yaradıb şair.
Bir türk zabitinin 44 günlük savaşımızla bağlı təəssüratı yadıma düşür. Zabit danışır, həm də içdən gələn səslə, təpərlə, qeyrət damarıyla danışır:
“Bir yabancı qəzetəçi Karabağ müharibəsində azərbaycanlı əsgərdən soruşur. Sizin kaç ölünüz var? Əsgər deyir, bizim ölümüz yok ki. O zaman qəzetəci deyir: Axı karşı tərəfin yüzlərlə ölüsü var, sizin nasıl ölünüz olmaya bilir. Əsgər deyir, bizim şəhidimiz var, bizim qəhrəmanımız, bizim qazilərimiz var, bizim ölümüz olmadı”.
Əjdər Yunusun şeirləri müharbə meydanında təslim olmayan, ölüm-dirim savaşında ölüsü olmayan, yalnız qazisi, qəhrəmanı, şəhidi olan xalqın, millətin poeziyasıdır. Əjdər haqqında, onun bədii yaradıcılığının ideyası, mahiyyət və məzmununa dair danışanda rəhmətlik qəzəlxan Hacı Mailin bir beytini xatırlamasam olmur.
“Hər kəs soruşsa gər mənim ünvanımı sizdən, ol şəxsə deyin:- Mailin ünvanı Vətəndir”...
...Əjdər ünvanı Vətən olan şairlərimizdəndir. O, bu başıbəlalı Vətəni yalnız ədəbi düşüncələri ilə deyil, bütün varlığı, ləyaqəti, canı, qanı, ruhuyla təmsil edir. Nə yaxşı ki, 30 ildir həsrətilə alışıb-yandığımız yurdlarımızın azadlığını görmək, ömrün dağların bəyaz zirvəsinə doğru dırmanan yollarında ona qismət oldu... Yadımdadır, Cəbrayıl azad olunanda ilk müjdənin təssüratlarını da ondan almışdım...
... İnanıram ki, bu yaz Ziyarət dağlarının görüşünə gedəcəyik. Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...

Fariz Çobanoğlu
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!