Ərdoğan İlham Əliyevə zəng etdi .....                        İranda seçkinin tarixi açıqlandı .....                        Quterreş Rəisiyə görə başsağlığı verdi .....                        Hidayət Heydərov dünya çempionu oldu .....                        Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə .....                        Putin müdafiə nazirinə yeni müavin təyin etdi .....                        Rəisinin helikopteri niyə qəzaya uğrayıb? .....                        Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO .....                        Mincivana 3 min 146 nəfər köçürüləcək .....                       
Tarix : 4-05-2024, 22:38
XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA  TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ


XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA
TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ


XÜLASƏ
Ekoloji fkirlərin inkişaf tarixi əhalinin ətraf mühitə münasibəti ilə bir başlanıb. Bu özünü şifahi xalq və yazılı ədəbiyyat nümunələrində açıq şəkildə göstərir. Təsadüfi deyildir ki, müasir ekologiya elminin əsasında folklorda və klassik ədəbiyyatda mövcud olan, bu günümüzə qədər gəlib çatmış elmi fikirlər dayanır. Təqdim olunan məqalədə Azərbaycan ədəbiyyatında orta əsrlərə mənsub bədii söz ustalarının yaradıcılıq nümunələrində təbiət-insan münasibətlərinin yaranması, formalaşması və inkişafı öz əksini tapır. Araşdırmalarımız göstərir ki, onların irəli sürdükləri fikirlər zaman-zaman reallığa çevrilib. Azərbaycan klassikləri yaşadıqları dövrlərdə elmin müxtəlif sahələrinə dair qiymətli fikirlər söyləmişlər. Bu məqalədə Azərbaycanın XII-XIV əsrlərdə yaşayıb-yaratmış dahi sənətkarlarının həmin dövr üçün səciyyəvi olmayan maraqlı elmi yanaşmalarla diqqəti cəlb etmələri qeyd olunur. Biz burada həmin məsələlərə tipik nümunə kimi Xaqani Şirvani və İmadəddin Nəsiminin əsərlərini təhlil edərkən rast gəlmişik.
Ekoloji amillərdən su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu Xaqaninin yaradıcılığında ciddi problem kimi qoyulmuş, onun əhəmiyyəti qeyd edilmişdir. Nəsimi isə canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna faydasına diqqəti cəlb etmiş, birinci olaraq bitkilərin suda inkişafının labüdlüyü məsələsinə toxunmuşdur.
Tədqiqat prosesində biz hər iki klassik şairin yaradıcılığında onlarla bu cür ekoloji obyektlərə nəzər yetirdiklərinə dair misalllarla qarşılaşırıq. Həm Xaqaninin, həm də Nəsiminin yaradıcılıq nümunələrində ətraf mühitlə əlaqəli elmə söykənən ekoloji fikirlər çoxdur. Onlardan bol və dürüst istifadə göstərir ki, Xaqani də, Nəsimi də yalnız öz dövrlərinin deyil, özlərindən əvvəlki klassikləri də yaxşı mənimsəmiş, elmi-fəlsəfi nəzəriyyələrlə az-çox tanış olmuşlar. Apardığımız müqayisələr bunu göstərir.
Xaqaninin qəzəl və qəsidələrində, rübailərində, məsnəvilərində, Nəsiminin bütün fəlsəfi və ədəbi düşüncələrində ətraf mühitə qayğıkeş münasibət, onu qorumağa çağırış var. Bu baxımdan adi görünən təbiət gözəlliklərinin təqdimi də təbiəti öyrənməyə, sevməyə və nəticədə onu qorumağa yönəldilmişdir. Məqaləni işləyərkən tədqiqata cəlb edilmiş klassik şairlərimizin aktual məsələ olan bioloji müxtəlifliyə və insan ekologiyası probleminə diqqət yetirmələrı də nəzərə alınmışdır.
GİRİŞ
Azərbaycanda ətraf mühitin qorunmasının tarixi çox qədim dövrlərə gedib çıxır. Qeyd etmək lazımdır ki, ətraf mühiti və onun problemlərini öyrənən fundamental elm sahəsi kimi ekiologiya XIX əsrin II yarısında yaranmışdır. Buna baxmayaraq, orta əsrlərdə əhali canlı və cansız təbiət, onların qarşılıqlı əlaqələri haqqında müəyyən məlumatlara malik idi. Bu dövrdə ekologiya olmasa da, bitki və heyvanları öyrənərkən onların yaşama şəraiti nəzərə alınırdı (1). Qədim və orta əsr insanlarının gündəlik həyatda apardıqları müşahidələr buna imkan verirdi. Bu dövrlərdə təbiət-insan münasibətləri ən çox ovçuluqda öz əksini tapmışdı. Orta əsrlərdən başlayaraq, ələ öyrədilmiş hepard, qızılquş, qırğı və bu kimi ovçu heyvanlar vasitəsilə ov etmək digər tükrdilli xalqlar kimi Azərbaycan türklərinin də həyatında mühüm əhəmiyyət daşıyırdı. Ov məhsullarının kifayət qədər ucuz olması kütləvi ovlanmaya gətirib çıxarırdı. Bu isə bir sıra nadir növlərin nəslinin kəsilməsinə səbəb olurdu. Belə ki, XI-XII yüzilliklərdə şir və qulanın, XVII yüzillikdə hepardın, XX əsrin 30-cu illərində pələngin ölkəmizin faunasından yox edilməsi qanunsuz ovçuluğun geniş şəkildə fəaliyyəti ilə birbaşa bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Qırmızı Kitabının ilk nəşrinə (1989 cu il) daxil edilmiş növlərin sayı ilə müqayisədə, 2013-cü ildə çap olunmuş ikinci nəşrə adları daxil edilən növlərin sayı iki dəfə artmışdır.
Ətraf mühitlə əlaqədar qanun və qərarların mövcud olmadığı dövrlərdə əhalinin heyvanlara (xüsusən, yırtıcı növlərə) neqativ təsiri sürətlə gedib. Bununla belə əhalinin təbiətə tamamilə biganə qaldığı fikrini söyləmək doğru olmazdı. Bu problemin həllinə müxtəlif sənət sahələri, o cümədən rəssamlıq, heykəltaraşlıq, nəqqaşlıq, tikmə və toxuma, oyma, döymə, misgərlik, dulusçuluq, folklor, din, el adətləri və s. köməklik göstərib. İndiyədək müxtəlif tədqiqatçılar tərəfindən bu problemə toxunulub və bu istiqamətdə əhatəli araşdırma apaılıb. Bədii sözün gücündən məharətlə istifadə edən Azərbaycanın klassik şair və yzıçıları da problemə laqeyd qalmamış, yazdıqları əsərlərdə bu məsələyə öz münasibətlərini bildirməyə çalışmışlar. Şifahi xalq yaradıcılığı kimi, yazılı ədəbiyyat da əsrlər boyu əhalinin ətraf mühitə münasibətində maarifçilik xarakteri daşımış, həm də sayı azalan növlərin qorunması istiqamətində yasaqlayıcı fikirlər irəli sürərək təbiətin mühafizəsində faydalı iş görmüşlər.
Qeyd etdiyimiz kimi, klassiklərimizin yaradıcılığında ətraf mühitə münasibət geniş yer tutur. Məlumdur ki, orta əsr Azərbaycan ədəbiyyatı tarixində böyük ədəbi simalar yetişmişdir. Xüsusilə, XII əsrdə yalnız Azərbaycanda deyil, ümümiyyətlə, Yaxın Şərqdə elm və mədəniyyətin oyanma dövrü olmuşdur. Bu dövrdə, Azərbaycan həm də iqtisadiyyatın və mədəniyyətin inkişafına görə Şərq ölkələri içərisində daha yaxşı tanınırdı. Boyaqçılıq, dulusçuluq, metal emalı kimi sənət sahələrinin və təbabətin inkişafı ölkəmizdə tətbiqi kimyaya aid biliklərin geniş yayılmasına səbəb omuşdu. XII əsrdə qızıl, gümüş, mis, kükürd, stibium və qurğuşun kimi maddələr artıq elmə məlum idi. Belə bir dövrdə Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələri yazdıqları əsərlərdə bu məsələlərə diqqət yetirir, onlara demək olar ki, bütün yaradıclıq nümunələrində toxunurdular. Şərq ölkələrində fitri istedadı, geniş dünyagörüşü, ensiklopedik biliyi və ideya zənginliyi ilə Xaqani, Nizami və Nəsimi kimi şairlər digərlərindən xeyli dərəcədə fərqlənirdi. Belə ki, Xaqani yalnız bədii yaradıcılıqla məşğul olmur, eyni zamanda, dövrünün bir çox elmləri ilə də maraqlanıırdı. Bu isə ona topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində istifadə etməyə imkan verirdi. Dahi Nizami Gəncəvinin bütün yaradıcılığı isə birmənalı olaraq elimi fikirlərlə doludur. Nəsimi poeziyası da bu cəhətdən səciyyəvidir. Onun dərin düşüncəyə malik çoxtərəfli məna kəsb edən əsərlərində elm-fəlsəfi yön maraq doğurur. Əvhədi insanın doğuluşunu, təbiətdə gedən prosesləri, üzvi aləmin təkamülü məsələlərini ciddi və əhatəli, həm də elmi şəkildə yaradıcılığına gətirən mükəmməl bir sənətkar kimi tanınır. Bu klassiklərin hər birinin əsərləri elmi-nöqteyi nəzərdən mükəmməldir.
Tədqiqat işinin məqsədinə uyğun olaraq Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığnda ekoloji problemin qoyuluşuna müxtəlif rakursdan yanaşmışıq. Araşdırmamıza Xaqani Şirvaninin əsərlərində ətraf mühit amilləri və onların təbiətə təsiri barədə bəzi açıqlamalarla başlamaq istərdik. Xaqani bədii yaradıcılıqla məşğul olmaqla yanaşı, dövrünün bir çox elmləri ilə də maraqlanmış, topladığı zəngin bilik xəzinəsindən öz əsərlərində isifadə etmişdir.
Xaqani Şirvani (XII əsr) ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirirdi. Xüsusilə, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd edirdi:

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

Ətraf mühitin zəruri komponenti kimi su və torpağın insanın təsərrüfat fəaliyyətində rolu onun yaradıcılığında qabarıq verilmişdir:

Sən qara torpağa su versən əgər
Bir ildə gül açar qarşında bostan.

Xaqani burada əkin üçün münbit torpaqdan istifadə etməyi, onu vaxtaşarı suvarmağı məsləhət görürdü. Bildirirdi ki, yalnız bu halda əməyin bəhrə verəcəkdir. Bununla o, suyun cansız və canlı təbiət üçün əhəmiyyətini nəzərə çatdırırdı. Xaqaninin insan ekologiyasına aid fikirləri də maraqlı və düşündürücüdür.

Daxilən əfi ilan, tavus rəngəm zahirən,
Müxtəsər, bil, yolkəsən divə mənəm yol göstərən.

Bir çox insanlarda neqativ xarakterin formalaşması, zərərli vərdişlərin yaranması şairdə təəsüf doğursa da, bunun yer üzünün hər yerində olduğu qənaətinə gəlmişdir:

Təkcə bizim ölkəmizdə vəfa yoxdur, zənn eləmə
Yer üzünün heç yerində ondan bir iz yoxdur əsla.
...İnsanların məcazında insanlığı az axtar ki,
Çalağanın yuvasından qanadlanmaz heç vaxt huma.


Təkcə qloballaşan çağdaş dünyamızda deyil, X.Şirvaninin yaşadığı dövrdə də insana münasibət qanedici olmamışdır. Başqa sözlə, insan ekologiyası problem kimi həmişə yardıcı adamları, mütəfəkkirləri düşündürmüş, ondan çıxış yollarını axtarmış, bütün yaradıcılıqları boyu ibrətamiz fikirlər, nəsihətlər söyləməklə cəmiyyəti, gənc nəsli tərbiyə etmək istəmişlər. Xaqani həmçinin “insanlıq” probleminin yalnız bizim ölkədə yox, bütün dünyada mövcud olduğunu təssüflə qeyd edir. Hazırda bu problem qlobal məsələ kimi aktualdır.
Xaqani “Quşların söhbəti” adlandırdığı “Mədhiyyə”lərinin birində müxtəlif quşların dili ilə bəzi bitkilərin xüsusiyyətlərini açmağa cəhd etmişdir:

İlk dəfə ağ çiçəyi mədh elədi göyərçin,
Dedi: - Acı yarpaqda şəkər yığır bizimçün.

Məlumdur ki, işıq enerjisinin təsiri altında bitkilərin yaşıl hüceyrələrində qeyri-üzvi maddələrdən üzvi maddə olan nişastanın sintezi həyata keçirilir. Sonra nişasta şəkərə-qlükozaya çevrilərək bitkinin digər orqanlarında toplanır. Fotosintez adlanan bu proses nəticəsində ətraf mühitə çoxlu oksigen və su buxarı daxil olur. Beləliklə, ətraf mühitdə karbon qazı ilə oksigenin nisbəti balanslaşır. Atmosfer havasının vaxtaşırı çirklənməsinə baxmayaraq, tərkibindəki karbon qazının miqdarı demək olar ki, sabit qalır. Ona görə də yaşıl bitkilərin bol olduğu ərazinin havası təmiz və sərin olur. Xaqani “acı yarpaqda şəkər yığır”, dedikdə bitkilərin yarpaqlarında hazırkı elmi anlamda fotosintez prosesininin getdiyni nəzərdə tuturdu. Əlbəttə, bitkilərin əhəmiyyəti yalnız bununla bitmir:

Bu otlardan, güllərdən hansına üz tutsaq biz
Bu şahların içində hansıdır daha əziz...
Biz də sənə bir zaman verdik əgər dərdi-sər
Güllər ətir yayanda dərdi, qəmi sildilər.

Şair burada bitkilərin şəfaverici xüsusiyyətlərinə diqqəti yönəltmişdir. Məlumdur ki, tibb elminin kifayət qədər inkişaf etmədiyi orta əsrlərdə əhali xəstəliklərin müalicəsində türkəçarə üsullarından bəhrələnmişdir. Ona görə də, təbiətdəki dərman bitkilərini yaxşı tanıyır, onlardan dərman hazırlanması və müalicə üsullarını bilirdilər. Belə bitkilərdən qızılgül daha faydalı hesab edilirdı. Bizə görə, xoş iyi, gözəl görkəmi, müalicə əhəmiyyəti, uzun müddət çiçək açması və digər səbəblər qızılgülə əhalidə daha çox maraq yaratmış, onu müqəddəsləşdirmə səviyyəsinə çatdırmışlar. Xaqaninin aşağıdakı misraları belə nəticəyə gəlməyə əsas verir:

İstəyirəm güllərdən qızılgülün xətrini
Peyğəmbərin tərindən alıbdı öz ətrini.


Qızılgül və başqa bitkilərin müqəddəslik-toxunulmazlıq simvolu kimi təqdim edilməsinin (məsələn, “qızılgülün qoxusunu peyğəmbərin tərindən aldığı” deyimi) ətraf mühitin qorunmasında əhəmiyyəti olub. Analoji hallar heyvanların mühafizəsinə də müsbət təsir göstərib. Şübhəsiz, hədislərdə və dini rəvayətlərdə pişiyin, göyərçinin, hörümçəyin və bəzi başqa heyvanların (o cümlədən bitkilərin) Məhəmməd Peyğəmbərin və imamların onlara xoş münasibəti ilə qorunması arasında bağlılıq vardır.
X.Şirvaninin yaradıcılığında müxtəlif bitki və heyvan adlarına çox rast gəlinir; quşlardan bülübül, qumru, sar, səlsəl, teyhu, tuti, bubbu, ənqa, göyərçin, qarğa, kəklik, qırğı və b., bitkilərdən süsən, lalə, sərv, nərgiz, ağ çiçək, yasəmən, qızılgül və s. təsviri şairin yaşadığı orta əsrlərdə mövcud olmuş bir çox müasir bitki və heyvan növlərinin adlarının doğru olduğunu göstərir. Göründüyü kimi, o dövrdə müasir məzmuna uyğun gəlməyən növmüxtəliflikləri də az deyildir.
Biosenozu təşkil edən canlı orqanizmlər daim bir-birilə müxtəlif münasibətdə olurlar. Təbiətdə qida uğrunda geniş əlaqələrin tipik nümunəsi kimi rəqabət, yırtıcılıq, parazitizm və s. Xaqaninin şeirləri üçün səcciyəvidir:

Pəncə atıb ceyranın boynunu sındırdı şir,
Göyərçində şahinin caynağında xar olub.

Burada yirtıcı heyvanlardan şir və şahinin qidalanma xüsusiyyəti açıq bildirilir.
Orta əsr Azərbaycan ədəbi simalarından olan Xaqani bəşəriyyətin bədii fikir tarixində əbədi olaraq ad qazanmış dahi şairlərdən biridir. Zəmanəsində söz mülkünün xaqanı olan Xaqani geniş dünyagörüşlü sənətkar kimi məlum kimyəvi maddələrin xassələrini öyrənmiş, yaradıcılığında fəlsəfi fikirlərinə məna vermək üçün onlardan ustalıqla istifadə etmişdir. O, kimya elminə yüksək qiymət verirdi:

Dünyanın kimyası verilsə mənə,
Bunu bir kimsəyə satmaram yenə.

Kimya elminə münasibəti şairin bir sıra maddələrin xassələri haqqında düzgün fikirlər söyləməyə inkan verirdi. Qeyd ediyimiz kimi, burda ona əldə etdiyi elmi biliklər də kömək edib. Xaqani poyeziyasında bənzətmə məqsədilə ən çox qızıl, gümüş, qurğuşun kimi elementlərdən istifadə etmişdir. O, tamahkar adamların qızıl toplamalarına həris olduqlarına işarə edərək gözəl bir bənzətmə işlətmişdir.

Tamah fikrindən geyinsən paltar,
Qızıl paltarına miqnatis olar.

Yəni maqnit dəmiri özünə çəkən kimi, tamahkar adamları da qızıl özünə daha çox cəzb edir. Fiziki xassəsinə görə dəmir möhkəm olub, ağırlığa davam gətirən metaldır. Həyat tərzindən şikayətlənən şair, düçar olduğu böyük məhrumiyyətlərə tablamasını bədəninin dəmir kimi möhkəm olmasında görür.

Bədənim dərd üçün kor quyudur,
Həm dəmir dağıdır, qürurla durur.

XII əsrdə dəmir və poladdan istifadə olunmasa da, misin emalı dəmir və polada nisbətən daha asan və ucuz başa gəlirdi. Bu, misin ərimə temperaturunun dəmirə nisbətən aşağı olması ilə əlaqədardır.

Bir odlu nalə edərsən dəmir kimi candan,
Civə kimi əriyər hər dəmir bu əfqandan.


Yaxud poladın daha çox möhkəm olmasına işarə edərək yazırdı:

Bu təəccüb deyil, əgər bir qurşun olmaz qıra,
Hünər ona deyərəm ki, olmaz polad sındıra.

Şair burada dəmirin və poladın möhkəmliyini bənzətmə obyekti kimi vermiş, digər tərəfdən diqqəti civənin aqreqat halının maye olduğuna, gümüşün ərimə temperaturuna yönəltmişdir. O, bunu bədii şəkildə obrazlı misallarla oxucunun diqqətinə çatdırır. Xaqani bunu özünün düşdüyü çətin durumu ilə müqayisə edir, ona bənzədir, yəni vəzyyətinin çətinliyi şairi gümüş tək əridir, qəmi isə onu civə tək əzir:

Gümüş tək əridir gah bədənini,
Gah da qəmlə əzir bir civə kimi.

Bütan bunlar göstərir ki, Xaqani Şirvani yaradıcılığında yalnız ətraf mühitə təsir göstərən faydalı və zərərli faktorların adlarını çəkməklə, onlara münasibət bildirməklə kifayətlənmir, həm də canlı və cansız orqanizmlərin əsasını təşkil edən kimyəvi maddələrə də, faydalı qazıntı nümunələrinə də toxunur. Onun əsərlərində bu məsləyə yanaşma kompleks təkil edir.
Aristotel də daxil olmaqla, qədim dünya filosoflarından başlayaraq varlığın əsasında suyun, odun, torpağın və havanın dayandığı fikrini Xaqani də qəbul etmiş və belə nəticəyə gəlmişdir ki, Günəş həyatın özüdür O, bu qənaətində haqlı idi. Elmi baxımdan da Günəş həyatın varlığında başlıca amildir. Başqa sözlə, Günəşsiz həyat mövcud ola bilməz. Yəni işıq və istilik mənbəyi kimi Günəş həyatın əsasında dayanır.
Geniş və dərin təfəkkürə malik, XIV-XV əsr Azərbaycanın klassik, Cahanşümul şairi İmadəddin Nəsimi 700 ilə yaxındır ki, qoca Şərqin fəlsəfi fikir tarixində və ədəbi sənət aləmində özünün layiqli yerini tutub. Yaxın Şərqdə daha çox mökəm iradə, sarsılmaz güc rəmzi, ideya mücahidi və əqidə uğrunda mübariz kimi yüz illərdir yaddaşlara hopmuş Azərbaycan şairi İ.Nəsiminin üstün keyfiyyətlərini xarakterizə edən akademik Həmid Araslı yazırdı: “Şərq xalqları tarixində öz məsləki uğrunda ölümə gedən, ölüm ayağında belə fikrindən dönməyən dəmir iradəli şəxsiyyətlər olmuşdur. Xəlifə cəlladlarının qarşısında mərdanə dayanıb rənginin saralmasını düşmən görməsin deyə üzünü qanı ilə qızardan Babək, “Ənəlhəqq” dediyi üçün X əsrdə Bağdad şəhərində dara çəkilən Mənsur Həllac, dindarların kafir adlandırıb neft tökərək yandırdıqları Eynül-Qüzzat, Əlıncə qalasında Teymurləngin oğlu Miranşahın əmri ilə dara çəkilən, cəsədi at quyruğunda sürüdülən Fəzlullah Nəimi belə mərd insanlardandır. Lakin bunlardan heç birinin edamı böyük ideya maücahidi İmadəddin Nəsiminin ölümü qədər faciəli və əzablı olmamışdır. Məhz buna görə də beş əsrdən artıdır ki, onun şərəfli adı Yaxın Şərqdə mərdlik, fədakarlıq, sədaqət və mətin iradə rəmzi kimi hörmətlə çəkilir, haqqında rəvayətlər və bədii əsərlər yaranır.” Heç də təsadüfi deyildir ki, Nəsimidən üç əsr sonra yaşamış Sarı Aşıq bayatılarının birində deyirdi:

Gözəllik soy iləndi,
Şahmar da soy ilandı.
Nəsimitək yolunda,
Bu Aşıq soyulandı.

Təsadüfi deyildir ki, bu bayatı indiyədək bir zərb-məsəl kimi yaşamaqdadır. Şübhəsiz, Nəsimi yaradıcılığı bütövlükdə özündən sonrakı ədəbiyyat və fəlsəfi fikir tarixinə çox ciddi təsir göstərmişdir. Qeyd etmək lazımdır ki, şair-filosofun yardaıcılığının əhatəli tədqiqi və dünya elmi-ədəbi ictimaiyyətinə daha yaxşı tanıdılması üçün Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edilmişdi. Sözsüz ki, İ.Nəsimi yaradıcılığının hərtərəfli araşdırılması və təbliği baxımından bu qərar xüsusi əhəmiyyət kəsb edirdi. Dövlət başçısının təşəbbüsü və sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu cəhətdən səcciyəvidir. Tədqiqatlarımız göstərir ki, həm İmadəddin Nəsiminin, həm də Xaqani Şirvaninin timsalında, klassiklərimizin yaradıcılıq nümunələri ətraf mühitin öyrənilməsinə, təbliğinə və qorunmasına yönəlik zəngin məlumatlar mənbəyidir. Bu baxımdan apardığımız araşdırmanı İ.Nəsimi və X.Şirvani irsinə kiçik bir töhfə hesab eirik.
Məlumdur ki, dünyagörüşü cəhətdən hürufi-panteist olan İmadəddin Nəsimi Allahla təbiəti eyniləşdirmiş, Allahın insanda və təbiət cisimlərində təcəlləsi ideyasını təbliğ etmişdir. Nəsimiyə görə, ruh cansız təbiətdən canlı təbiətə (bitkiyə, heyvana, insana) doğru inkişaf edir. O, gerçəkdən insanı təkamülün son mərhələsi hesab edir, bütün şerlərində insanı təbiəti və həyat gözəlliklərini duymağa, ondan zövq almağa çağırırdı. Deməli, Nəsiminin poeziyasında ətraf mühitin qorunması təbliğ olunmuş, təbiətə məhəbbət və qayğı hissləri aşılanmışdır.
Qeyd etdiyimiz kimi, İ.Nəsimi təbiətə hürufilik təlimi əsasında yanaşır və canlı təbiətin özündən yarandığı fikrini irəli sürürdü. XIX əsrdə Nəsiminin bu ideyası elmi əsaslarla sübut olundu. İnsana ali varlıq kimi baxan şair, panteizm cərəyanının qəbul etdiyi kimi ruhun cəmadət, nəbatət və heyvanatdan keçərək insana doğru inkşaf etdiyi fiktində idi.

Çün xakdan eylər səfər mədən nəbat olur şəcər
Rovşen görür əhli-nəzər kol tömeyi-heyvan gəlir.
Çün tömeyi- heyvan olur, oda ki, insü can olur
İnsana vasil olmağa bi dəstü pa pərran gəlir.

Nəsimiyə görə, insan öldükdə ruhu çıxır, cəsədi torpağa qarışır, bitki şəklində həyata qayıdır. Torpaqdan mədən, mədəndən nəbatət, nəbatətdən heyvanat yaranır. Ümumşərq fəlsəfəsinin əsasını təşkil edən bu cür yanaşma meyarı qədim hind fəlsəfəsində daha qabarıq nəzərə çarpsa da, digər xalqların elmi-fəlsəfi prinsiplərinə də hopmuşdur. Təsadüfi deyildir ki, biz təbiətdə baş verən inkişaf proseslərinə bu cür yanaşmaya Nəsrəddin Tusinin “Əxlaqi-Nasir” əsərində, habelə — Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən “İşraqilik” təlimində, eləcə də, digər fəlsəfi baxışlarda, habelə klassiklərin bədii yaradıcılıq nümunələrində rast gəlirik. Maraqlıdır ki, biosferdə gedən maddələr dövranı İ.Nəsimi poeziyasında düzgün əsaslandırılıb. Şair təbiətşünaslığın hələ yaxşı inkşaf etmədiyi orta əsrlərdə ortaya maraqlı suallar qoyur: “Odu Su, Torpağü Yel aldı nədəndir Adəm?” Panteist şairin əsərlərində təbiət gözəllikləri tərənnüm edilsə də, onun əsas obyekti İnsandır. Nəsimi belə hesab edirdi ki, təbiət, yer, göy öz xidmətlərini və dəyərini insandan alır. Çünki insan kamil varlıqdır və böyük yaradıcı gücdür. Şairin təbiət görüşlərində abiotik faktor kimi kosmos amillərinə münasibəti də diqqətəlayiqdir:

Günəşin qürsi, nədən yer üzünə şölə verir,
Yenə bir məşəldə nur nədir, nar nədir?

O, bununla Günəş enerjisinin canlıların həyatında faydasını göstərir. Dördlüklərinin birində həyatın dörd ünsürdən yarandığını bildirir:

Dörd sütun üstündə qurulmuş bu can,
Varlıq ölkəsində odur hökmran.

Nəsiminin poeziyasında ətraf mühitə münasibət (insanın ekologiyası, canlıların təkamülü, həyatın əmələ gəlməsi və təbii sərvətlər haqqında mülahizələr) xüsusi yer tutur. Şair qəzəl və qəsidələrində təbiətdə baş verən fəsil dəyişikliklərini, o cümlədən yazın gəlişi ilə əlaqədar ətraf mühitdə, xüsusilə bitkilərin həyatında canlanmanın müşahidə edildiyini olduqca təbii vermişdir:

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə
Buraxdı qönçələr pərdə, bəşarət bülbülü-zarə.
Şəqayiq pərdədən çıxdı, boylandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü, boyandı rəngi əzharə.
Çəmənlər müxtəlif oldu, həzar əlvan çiçəklərdən
Açıldı laləvü nəsrin, şükufə gəldi əşarə.
Açıldı nərgisu lalə, tutubdur yasəmən çadır
Söyütlər, ərgəvan titrər, qamışlar mindi ənharə.


Göründüyü kimi, İ.Nəsimi burada diqqəti təbiətin gözəlliklərinə və onun qorunmasına yönəldib. Qeyd etmək lazımdır ki, Ş.İ.Xətainin “Dəhnamə”si də eyni məzmunda qələmə alınıb:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdivü laləzar gəldi.
Quşlar qamusu fəfanə düşdü,
Eşq odu yenə bu canə düşdü…
…Çaylar bulandı, yıxdı arxın,
Bağlar ağacı göyərtdi şaxın.
Yüz dürlü əba geyib çəmənlər,
Ağ donunu geydi yasəmənlər…

Şübhə yoxdur ki, Nəsiminin təsiri ədəbiyyata yuxarıdakı şeirilə “Bahariyyə” janrını gətirən görkəmli Azərbaycan şairi Şah İsmayıl Xətaidən yan keçməyib. Dahi şair-filosof İmadəddin Nəsimi zamanının yaradıcı şəxslərindən fərqli olaraq, təbiəti tərənnüm edərkən mahiyyətə varır, ondakı gözəlliklərin qədrini bilməyə, onları olduğu kimi duymağa çağırır. Baharın gəlişini təsvir edən şair, ətraf aləmdə baş verən fəsil dəyişkliklərini tamam yeni bir çalarda, yeni bir keyfiyyətdə təqdim edir. Başqa sözlə, o, yazın gəlməsi ilə təbiətdə baş verən gerçək çanlanma hadisəsini bəşərin, yəni təbiət və cəmiyyətin yaratdığı insanın özü ilə bağlayır.
Onu da qeyd etmək lazımdır ki, XI əsrin klassik və görkəmli Azərbaycan şairi Qətran Təbrizinin “Divan”ının əsasını təşkil edən mədhnamələrdə də heyranedici təbiət təsvirləri özünə yer tapmışdır. Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün poemalarında, o cümlədən Məhəmməd Fizulinin, Məmmədhüseyn Şəhriyarın, digər klassiklərimizin əsərlərində də təbiət motivləri həm elmi cəhətdən düzgün verilmiş, həm də əhatəli şəkildə təqdim edilmişdir.
XII əsrdə yaşayıb-yaratmış Xaqani Şirvani də ətraf mühitə təsir göstərən abiotik faktorların faydasını yüksək qiymətləndirmiş, günəş enerjisinin təbiətdə baş verən dəyişikliklərdəki rolunu qeyd etmişdir.

Səninlə bəzənir dünya camalı,
Sayəndə dəyişir aləmin halı.

İmadəddin Nəsiminin təbiət şeirləri canlıdır: “Bahar oldu, gəl еy dilbər, tamaşa qıl bu gülzarə, Buraхdı qönçələr pərdə bəşarət bülbüli-zarə.”- başlayan qəzəlində də yaz-mövsüm hadisələrinin tipik nümunəsi kimi canlılarda baş verən oyanma-fəallaşma prosesini o qədər real və maraqlı verib ki, heyrətlənməmək mümkün deyildir. Bu, dahi şairin hadisələrə real baxışının nəticəsi kimi ortaya çıxır:

Şəqayiq pərdədən çıхdı, boyandı bağ ilə bostan,
İrişdi gülşənin hüsnü boyandı rəngi əzharə.

yaxud

Ki, çıхdı qönçədən sünbül giriban çak еdər məntək,
Dəlindi qüssədən bağrım, sən еtmə yürəgim yarə.

– Şair burda çiçək tumurcuğunun tədricən açılma prosesini müşahidələri əsasında çox düzgün təsvir edə bilib. Novruz bayramının gəlişinə həsr etdiyi başqa bir qəzəlində də Nəsimi bitkilərin həyatında baş verən çiçəkləmə kimi həyati vacib məsələyə toxunub:

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-lalazər oldu yenə.

Digər bir şeirində dahi şair çəmənlik ekosisteminə aid müxtəlif ot bitkilərini sadalyır, həmçinin bəzi ağac və kol bitkilərinin adlarını çəkməklə bərabər, bənövşənin nümunəsində digər bitkilərin çiçəkləməsinə işarə edir. Şair həm də bu zaman bitkilərin çiçəkləmə müddətinə diqqəti cəlb etmiş olur:

Çəmənlər müхtəlif oldu həzar əlvan çiçəklərdən,
Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.
Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,
Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.
Bənövşə, gül tamaşası qənimət bil ki, bеş gündür,
Satar mə’şuqə gül hüsnün, хəridar ol bu bazarə.

Bu və digər şeirlərində İ.Nəsiminin yaşadığı tarixi dövrün biomüxtəlifliyi də öz əksini tapıb. Biz buna onun bir sıra qəzəl və qəsidələrində, rübailərində və başqa janrlarda yaratdığı bədii nümunələrdə rast gəlirik. Onlardan lalə, nərgiz, bənövşə, nar, reyhan, söyüd, ərğəvan, qamış, nəsrin, şükufə, eləcə də taxıllar fəsiləsinə aid bitkilərdən səmənini misal göstərə bilərik.

Səhərdə gül üzün şaha çü gülşəndə gülab oynar,
Anı görüb səfasından fələkdə afitab oynar.

Bu şeir parçasında Nəsimi səhər vaxtı gözəlin üzündə gülab kimi tər damlalarının göründüyünü, bu gözəlliyi görən günəşin də sevincdən oynadığını bildirir. Akademik Həmid Araslı buna əsasən qeyd edir ki, “məşuqə o qədər gözəl və təmizdir ki, onun üzünün şövqündən camalındakı niqab da rəqsə gəlir.” Bu, bizə quttasiya hadisəsini xatırladır. Fikrimizcə, İ.Nəsimi təbiətşünas olmasa da belə, praktik müşahidəçi kimi təbiəti doğru mənimsəyib. Ona görə də şeirlərində ekoloji elementlərdən istifadə edərkən elmi səhvə yol verməyib. Əminliklə deyə bilərik ki, səhər tezdən yarpaqların üzərində şeh damlalarının torpanması və mirvari dənəsi kimi Günəş işığında bərq vurması Nəsiminin diqqətindən qaçmayıb. Ətraf mühitdə baş verən bu cür halların poeziyaya gətirməsi, şübhəsiz, şairin elmi-fəlsəfi dünyagörüşünün bitkin olması ilə bağlı idi.
Şairin yaradıcılığında ətraf mühitə faydalı və zərərli təsir göstərən abiotik amillərin (külək, rütubət, su, torpaq, bitki, heyvan, istilik) adlarına da tez-tez rast gəlirik. Bu, şübhəsiz, şair-filosofun təbiət görüşlərindən xəbər verir. Bir başqa misal: “Dinin günəşi, dünyada imanım əfəndi”, – misrası ilə başlanan şeirində üz tutduğu şəxsi qiymətli daşlara bənzətməsi göstərir ki, Nəsimi öz dövrünün faydalı qazıntıları və onların əhəmiyyəti haqqında müəyyən bilgilərə malik imiş.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,
Qiymətli olan lə’li-bədəхşanım əfəndi.

Yer üzərində həyatın necə və nədən əmələ gəlməsi məsələsi yalnız alimləri düşündürməmiş, həm də filosuflar və din xadimləri bu problemə nəzər yetirmiş, zaman-zaman ona müxtəlif bucaqdan münasibət bildirilmişlər. Klassiklərimizin yaradıcılığında bu, əsas məsələlərdən biri kimi diqqətdən kənarda qalmamışdır. Qeyd etmək yerinə düşər ki, apardığımız araşdırmalar göstərir ki, bu problemə yanaşma müxtəlif olduğu qədər də mübahisəli olmuş, ona ikili münasibət göstərilmişdir: elmi və dini yanaşma. Elmi yanaşmaya görə həyat suda əmələ gəlmişdir. Fikrimizcə, İ.Nəsimi “Dəryayi-mühit” şeiri ilə bu məsələnin həllinə yönəlmiş elmi nəzəriyyəni (XX əsrin əvvəli – Oparin nəzəriyyəsi) altı əsr qabaqlaya bilmişdir. Əlbəttə, bunun mükəmməl olduğu fikrindən uzağıq, ancaq dəyərli şairimiz həyatın dörd ünsürdən (hava, su, torpaq, istilik) yarandığı faktını özündən öncəki həmfikirləri və həmkarlarının gəldikləri qənaəti çəkinmədən, qətiyyətlə davam və inkişaf etdirmişdir.

…Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yеl, su, türab oynar.

O, canlıların yaşayışında və inkişafında işıq enerjsinin müstəsna əhəmiyyətini xüsusi qeyd edir. Nəsimi suda birinci olaraq bitkilərin inkişafının labüd olduğunu, bunun üçün əlverişli mühitin yaranmasını şərt kimi göstərir. Onun nümünə kimi təqdim etdiyimiz şeirindən bir parçaya baxaq:

Dəryayi-mühit cuşə gəldi,
Kövn ilə məkan xüruşə gəldi.
Sirri-əzəl oldu aşikara,
Arif necə eyləsin müdara?
Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində.
Acı su şərabi-kövsər oldu,
Hər zəhr nəbatü şəkkər oldu.


Filosof-şair mənsub olduğu hürufilik təriqətinə söykənərək İnsanı ali mənsəb sayır. Lakin o dövrdə nə din, nə də elm bunu izah edə bilimridi. Üzvi aləmin təkamülündə İnsanın son halqa olduğu anlamı Nəsimi yaradıcılığında açıq-aydın hiss olunur. Nəsimiyə görə insanın ali vücud olması Allahın onda təcəlla tapması ilə əlaqədardır. Məhz hürufilikdə İnsanın ən ali məqam halında qəbul edilmsəsinə də səbəb budur. O, haqlı olaraq, İnsanı yaradıcısını tanımağı, şeytana uymamağı tövsiyyə edir:

Adəmdə təcəlli qıldı Allah,
Qıl adəmə səcdə, olma gümrah!
Şeytani-ləinə uyma zinhar,
Anın sözünə inanma, ey yar!.


İnsan öz aqibətindən çıxanda, halı dəyişəndə cahanı-dünyanı saymır. O zaman bəşəriyyət bundan ziyan çəkir:

Hər kimsə ki, tanıdı bu canı,
Bir zərrəyə saymadı cahanı.

Ümumilikdə götürsək, dini-fəlsəfi, sosial-iqtisadi amil kimi İnsan obyekti hər zaman aktual olmuşdur. Qədim dövrün böyük filosoflarından olan Diogenin günün günorta çağı əlində çıraq İnsan axtarışına çıxması da elə bu səbəbdən idi. Ötən əsrdə yaşayıb-yaratmış Azərbaycan filosofu, “Mütləqə İnam” təliminin yaradıcısı Asif Ata fəlsəfəsinin əsas məqsədi Kamil İnsan yetişdirmək idi. Bu cəhətdən o, “Nəimi və Nəsimi ömrümüzün bir hissəsidir” deyir və hürufiləri özlərinə “qohum” hesab edirdi…
Maraqlıdır ki, ötən əsrin sonlarında çağdaş dövrün ekoloji problemləri sırasına “İnsan ekologiyası” adlı çox ciddi bir anlayış gətirildi. Mənəviyyatda baş verən və ya mövcud olan deqradasiyalar, eyni zamanda ekoloji mühitə çox ciddi təsir göstərir. Bu problemin öyrənilməsi və tədricən aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm rol oynaya bilər. Nəsiminin yaradıcılığında həmin məsələ prioritetdir. Bir nümunəyə baxaq:

Əya, mö’min, gər istərsən səadət,
Özünə peşə qıl daim se adət.

– deyən şair, yaxşı əməllər sahibi olmağı tövsiyyə edir:

Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət.
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoş nəsihətdür bilənə,
Seadətdir, vəli eyni-səadət.

İnsanı səadətə qovuşduracaq bu xüsusiyyətlərin hər kəsi səadətə qovuşduracağını düşünən filosof, eyni zamanda bədəməlli-bədniyyətli adamlara mənsub keyfiyyətləri də sadalamaqla sanki onlardan uzaq durmağa çağırır:

Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətddir, siyasət.
Yəqin cənnət üzün görməz bir adəm
Ki, var canında anın üç əlamət.
Biri kəzzablıq, birisi qeybət,
Biri olmaq bəxil, əhli-ədavət.
Gəlir üç nəsnədən azari-mərdüm,
Var, etmə özünə anı sənaət.
Biri böhtan, biri kəcgəngəl etmək,
Biri küstaq olub, qılmaq zərafət.


O, bütün ömrünü yalnız əzab-əziyyətlə sərvət toplamağa sərf edən şəxslərə bunun mənasız olduğunu, insanın mənəvi kamilləşməsində heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayır.

Bir ovuc tozdur küləklər qarşısında bu bədən
Ömrümüz qar tək ərir hər an günəşdən, şölədən…
Sərvətin artdıqca bil ki, artacaq dərdi-sərin
Sən ölən tək parçalar ol sərvəti varislərin.


Nəsimi hürufi şairdir və bir hürufi kimi onun alı məqsədi İnsanı yüksək məqamda görməkdir. Ona görə də poeziyasında da İnsanı bir varlıq olaraq hər şeydən üstün tuturdu:

Hər nə yerdə, göydə var adəmdə var
Hər nə ayda, ildə var, adəmdə var.


Hürufi görüşlərinə görə dünya maddi və mahiyyəti etibarı ilə iki yerə bölünür: Kainat və İnsan. Birinci dünyada, ümumilkdə, qalaktika və təbiət; İkincidə isə bütün obyektiv varlıq öz əksini tapır. Başqa sözlə, hürufilər İnsanın daxil aləmində bütün səma cisimlərinin mövcudluğuna inanırdılar. Nəsimi də məhz bu mövqedən çıxış etməklə İnsana ideal qiymət verirdi. Ətraf mühitin müasir və aktual anlayışlarından biri kimi İnsanın bu cür qiymətləndirilməsi, əslində İnsan ekolgiyası kimi vacib bir problemin diqqət mərkəzinə gətirilməsi o dövr üçün olduqca maraqlı, həm də təhlükəli tendensiya idi. Nəzərə alsaq ki, hələ XX əsrin II yarısına qədər İnsan ekologiyasını bir problem kimi qaldırmaq asan məsələ deyildi, onda Nəsiminin bu sahədəki fəaliyyəti qibtəediləndir.
NƏTİCƏ
Xaqani Şirvani və İmadəddin Nəsiminin yaradıcılığı yalnız filosof-şair kimi təkcə ədəbiyyat və fəlsəfə tarixi üçün deyil, elmin ayrı-ayrı sahələri üçün də zəngin mənbədir. Əhalinin erkən dövrlərdə ekoloji fikirlərini öyrənmək baxımından bu klassiklərin yaradıcılıq nümunələri xüsusi əhəmiyyət daşıyır. Onların əsərlərində çağdaş elm üçün faydalı ola biləcək yönləndirici elmi informasiyalar vardır.
Tədqiqatlarımız göstərir ki, Azərbaycanda əhalinin ətraf mühitə münasibəti klassiklərimizin yaradıcılığında əsrlər boyu öz əksini tapmış, təbiətə qayğıkeş münasibətin təbliği və biomüxtəlifliyin saxlanması istiqamətində əhəmiyyətli iş görmüşdür.
Xaqani Şirvani, İmadəddin Nəsimi və digər klassiklərimizin yaradıcılığını dərindən öyrənməklə, elmin müxtəlif istiqamətlərində əhatəli araşıdılmamış problemlərin açılmasına nail olmaq mümkündür.

Yusif DİRİLİ (Mahmudov),
ətraf mühit üzrə tədqiqatçı,
tarix üzrə fəlsəfə doktoru










Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!