Bakıdan Çinə dəmiryolu ilə ilk ixrac qatarı .....                        Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək .....                        COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir - Prezident .....                        COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                       
Tarix : 11-02-2022, 07:39
Şairin bir adı da Vətəndir...

Qarabağlı şairlər silsiləsindən - Əjdər Yunus Rza – 70


Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...
Şairin bir adı, bir ünvanı da Vətəndir. Bu adı, bu ünvanı ən çox doğruldan şairlərimizdən biri də ömrünün yeddinci onilliyini yaşayan Əjdər Yunus Rzadır. Onun bütün şeirləri, misraları Vətən duyğuları ilə süslənib. Elə bir şeiri, elə bir misrası olmaz ki, ordan Vətən, yurd qoxusu gəlməsin. Bir çox kitablarını bu ərəfədə bir də yenidən oxudum, vərəqlədim. Vətənin sevincindən, qəmindən ayrı bir şeirinə, bir sözünə də rast gəlmədim. Əksinə, onun duyğu ləçəkləri, poetik tabloya çevirdiyi ədəbi düşüncələri yurddan, Vətəndən başlayır, doğma torpaqdan, doğma eldən rişələnib poetik məkanda özünə əbədi binə qurur, ev tikir.
Doğulduğu Cəbrayıl rayonu - dağlar qoynunda yerləşən Xələfli kəndi nə az-nə çox, az qala bir qərinəni haqlayacaq qədər yağı tapdağında qaldı. Şair bu illər ərzində hicranın, ayrılığın göz yaşlarını neçə kitaba, neçə şeirə, neçə poemaya, neçə qəzələ, neçə-neçə deyilməmiş ağıya, bayatıya çevirdi.
Yurdsuzluq da bir dərd oldu dağladı,
Köçdən salıb karvanımı saxladı.
Yaman yerdə zaman məni haqladı,
Yorğun bəxtim bezdi, bezdi, qocaldım.

Əjdər Yunus Rza bizim Xələfli oymağından çıxmış ilk polkovnik-şair, tarix üzrə fəlsəfə doktorudur. Gənclik illərindən üzübəri müxtəlif ali məktəblərdə çalışıb. O cümlədən, Azərbaycan Polis Akademiyasında da bir ziyalı kimi çox ləyaqətli izlər qoyub. Azərbaycanın hansı bölgəsinə getsən, onun hüquq-mühafizə orqanlarında çalışan tələbələrilə rastlaşarsan. Onlar hamısı Əjdər müəllimi gözəl, humanist duyğularla zəngin bir insan kimi xatırlayır, onun səmimi, təmənnasız bir xarakter olduğundan ürəklə danışır.
Bir vaxtlar Azərbaycan Dövlət Pedaqoji Universitetində mənim də müəllimim olub. Yadımdadır ki, Azərbaycan tarixinin ağrılı səhifələrini bizə can yanğısıyla keçərdi. Ömrünün cavan, enerjili, qaynar çağları idi onda. Ucaboyuna, şux qamətinə, geniş alnına, tarixin dərin qatlarından şığıyıb gələn azad ruhuna, vüqarlı baxışlarına şairanəlik qarışanda dərsimiz daha da maraqlı keçirdi. Əjdər müəllimin tarix dərsi olan gün tələbələrin heç birinə qaib düşməzdi. Çünki kimsə onun dərsindən qalmazdı. İmtahanından da hər kəs yaxşı qiymət alardı.
Hələ sovet dönəmində - Azərbaycan tarixinin saxtalaşdırıldığı, basqılara məruz qaldığı bir dövrdə Əjdər müəllim tariximizin qürur dolu səhifələrilə qəlbimizdə bir od qalayır, bizi Xətai şeirinin sönməyən işığına bələyir, Babək sevgisilə söylədiyi epizodlarda Xilafətin azadlıq eşqini susdura, iradəsini qıra bilmədiyi Babək qılıncının parıltısında düşüncəmizə Vətən sevgisi səpərdi.. Əslində, onun şair duyğuları ilə elə o vaxtdan tanışam. Qaçqın-köçkün düşdüyümüz illərdən isə yaddaşıma neçə ağrılı misrası hopub.
Yurdsuzluq nə yaman ağır dərd imiş,
Adamı alovsuz, odsuz odlayır,
Hardasa bir qərib ölən zamanı,
Yurdunda bir qəbir torpaq çatlayır.

Əjdər müəllimin şeirləri mövzusuna görə rəngarəng, çoxçalarlı ola bilər. Təbii ki o da başqa şairlər kimi dünya, həyat, zaman, ayrılıq, vüsal, mərdlik, qəhrəmanlıq, ölüm, sevgi, məhəbbət kimi əbədi mövzulara həsr etdiyi şeirləri ilə tanınır. Ancaq bu şeirlərin hər birinin nüvəsində mənəvi ağrıların əsas səbəbi şairin bölünmüş Vətəni, talan edilmiş yurdunun xarabalıqları, bu xarabalıqların göz dağına çevrilməsidir. Şairin qəlbinə heç bir ağrıyla, heç bir azarla müqaisəyə gəlməyən bir Vətən dağı, bir Vətən nisgili hakimdir. Bəlkə də bu üzdən şeirlərinin varlığına hopmuş bir küskünlük çaları da diqqətdən yayınmır. “Tövbə bu dünyaya bir də gəlmərəm” şeirində olduğu kimi.
Qoşulub aylara ilə gedərəm,
Qarışıb yağışa selə gedərəm,
Başımı götürüb elə gedərəm,
Tövbə bu dünyaya bir də gəlmərəm.

Poeziya həmişə qiyamdır. Əgər qiyamsız bir şeir doğulubsa, demək şairin özünün ruhunda bir ölgünlük dolaşır. Əjdər müəllimin bütün şeirlərində üsyankarlıq notları var. Zəmanəyə, dünyaya, həyatın haqsız üzünə, sözün yaltaq, yalaq donda təcəssümünə etiraz var. Dünya haqqında şeirləri çoxdur. Onun dünya və zaman haqqında şeirlərinin çoxluğuna səbəb olan da elə bu etirazlardır. Bu şerilərdə də şairin dünyayla danışması, dərdləşməsi onun müəyyən daxili etirazlarının poetik formasını müəyyənləşdirib.
Bilməzdim bu qədər aldadır bizi,
Qatıb-qarışdıran pər imiş dünya.
Görəndə bal daddı, sevindim düzü,
Dadanda bildim ki, zəhərmiş dünya.

Ancaq nə qədər zəhər dadsa da, dünyanın, həyatın cazibədar tərəfləri də az deyil... Və bu cazibədərlıq insanı həyata, yaşama səsləyən arzular, istəklər fonunda şairin digər şeirlərinə bir əlvanlıq, bir gözəllik gətirib. Ətirli dağların qoynundan ayrı düşməyini ən böyük əzab, ən böyük təəssüf hissi kimi misralarının boyuna biçib şair.
Səndən ilham aldı könlüm,
“Qoca qartal” çaldı könlüm.
Gəldim, Əjdər, qaldı könlüm.
Dağlar qoynunda, qoynunda.

Şeirlərinin möhürbənd yerində öz isminə, öz adına xitab etməsi o qədər poetik, o qədər sənətə, poeziyaya, mənim özümə də o qədər doğma səslənir ki, istəyirəm elə mən də ona Əjdər deyəm. Onda ruhumuzun doğmalığına səmimiyyətlə söykənə bilirəm. Əjdər ruhu dağlarda qalmış bir şairimizdir. Və sanki hər zaman öz ruhuna qovuşmaq, ona sarılmaq üçün yazır. Ayrılığın buz yollarında qələmini ürəyinin qanına batırıb isidir, əridir bu buz yolları.
Əjdərin Cənub həsrətilə yazdığı şeirlər ayrıca bir silsilədir. Sanki qoca Araz təkcə Vətənimizi deyil, şairin qəlbini də iki yerə bölüb; yarı o tayda, yarı bu tayda döyünən ürək... Təbriz həsrətli misralar müəllifin paralanmış ürəyinin göynərtisi, hicrandan sozalmış dodağında puçurlanmış qübar yeridir.
Doluxsunmuş gözü yolda qalan mən,
Sal qoynuna, könlümü al, Təbrizim.
Xəzan vurmiş çiçək kimi solan mən,
Ürəyimdə yara xal-xal, Təbrizim.

Yaxud başqa bir bəndində o tay həsrəti, Təbriz, Ərdəbil, Savalan ağrısı dil açıb danışır.
Acı-şirin xəyallara dalmışam,
Hər gələndən səni xəbər almışam,
Mən mehrimi ayrılığa salmışam.
Qismət ola bari vüsal, Təbrizim.

Əjdərin bütövlük məramı ilə çırpınan misraları, vətəndaş duyğusuyla yazdığı bütün poeziya nümunələri bizi bütövlüyə, birliyə, haqqımız uğrunda bir an belə səngiməyən döyüşə səsləyir. Necə ki 44 günlük Vətən müharibəsində şairin də ədəbi döyüşə çıxardığı əsgəri - şeirləri vardı. Bu şeirlər Vətən müharibəsində canıyla, qanıyla döyüşən hər bir Vətən oğlunun, hər bir Vətən qızının yağıya təslim olmayan ruhuna dönmüşdür. Şair xalqı, milləti qəti bir inamla qələbəyə çağırır, zəfərə hayqırırdı və bu qələbə gerçəkdən də yaxında idi. Şair öz duyğusunda, öz fəhmində yanılmamışdı. Qəhrəman əsgərlərimiz qısa bir müddətdə dağların zirvəsindəki tarixi diyarımızı, qala şəhərimizi – Şuşamızı düşməndən alıb bağrına basacaqdır.
Elə et ki, qılıncını pas qınında çürütməsin,
Koroğludan gələn qeyrət ayaq altda qoy itməsin;
Tək Qarabağ savaşıyla savaşımız qoy bitməsin.
İrəvanı, Zəngəzuru, Göyçəni də almalıyıq,
Ya bir yolluq ölməliyik, ya da zəfər çalmalıyıq!

Ordumuzun Qarabağdakı zəfərindən sonra savaşın hələ bitmədiyini də anladan şair haqlıdır. Qarabağın uca dağlarından, başı göylərə yetən zirvələrindən dərdli Savalan dağı da görünmədə. Arazın göz yaşı çilənmiş suları, bir xalqı iki yerə bölərək arasına tikanlı məftillər əkən rus, fars cəlladları, Xudafərin körpüləri – “Memarın xar olmuş əməlləri”.. şairin Araz nisgilinin göynəyən yaddaşıdır.
Qaytarın Arazı, döndərin geri,
Vətəni ikiyə bölə bilməsin.
Ağrıyır sinəsi yüz ildən bəri,
Nədən bu torpağın üzü gülməsin.

Əjdər Yunus Rza təkcə Qarabağın deyil, bütöv Vətənin mənəvi yaddaşıdır. Ədəbiyyatımızı zənginləşdirən, poetik üfüqlərimizin miqyasını genişləndirən neçə-neçə kitabın müəllifidir O. “Taleyimin qisməti”, “Haray dağlar”, “Bir ovuc torpaq”, “Gordu baba, yadındamı?”, “Darıxmasın”, “Zamanın girovuyam”, “Tövbə bu dünyaya bir də gəlmərəm” adlı kitabları onun ədəbiyyatımızdakı, poeziya sənətimizdəki yerini bəlli edir. Ayrı-ayrı poemaları isə şairin vətəndaşlıq mövqeyinin çox aydın göstəricisi hesab oluna bilər. “Haray”, “Gordu baba, yadındamı?”, “Atatürk, “Xocalı dərdi”, “Heydərbabayla üz-üzə”, “Azadlıq carçısı” adlı poemaları mövzu və mahiyyət anlamına görə Vətən tariximizin qüssə dolu poetik salnaməsidir.
Söz vaxtına çəkər, Fevral ayı Xocalı faciəsinin törədildiyi aydır. Şairin “Xocalı dərdi” poeması bu günlərdə yaramızın qaysağını bir daha qoparır. Bizi erməni vandallarının başımıza gətirdiyi faciəylə üz-üzə qoyur. Poemada Xocalı uğrunda döyüşdə şəhid olmuş Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin də əziz xatirəsi əbədiləşdirilir.
İstədim qayıdıb o faciənin,
Ağrısın, acısın təzədən çəkəm,
Bu Vətən uğurnda candan keçənin,
Dayanıb önündə bir an diz çökəm...

Poemadan sətirlərdən də göründüyü kimi Xocalı qətliamında mərdliklə həlak olmuş Əlif Hacıyevin şəxsində bütün şəhidlərimizə hörmət və ehtiram ifadə olunur. “Xocalı dərdi” poeması həm də “ruhu ölməyən xalqa zaval yoxdur” gerçəkliyi üzərində qurulub. Bir gün Xocalıda Azərbaycan bayrağının dalğalanması inamı ilə yazılıb.
...Dostlar, gələcəyə inanıram mən,
Qisas qiyamətə qalmayacaqdır.
Bu gün Xocalını ağlayan Vətən,
Sabah Xocalısız olmayacaqdır.

Qarabağı qarış-qarış, dağ-dağ, dərə-dərə, bulaq-bulaq, çəmən-çəmən şeirinə gətirən Əjdər Yunusun təbiət şeirləri də çoxdur. Onlardan biri də zamanında əsir yurdun əsir bənövşəsinə yazılıb. Ümumiyyətlə, Azərbaycan poeziyasında təbiətin bu nazlı gözəlinə, taleyindən küsəninə - Qurbanidən üzü bəri əksər şairlərimiz şeir həsr edib. Bu şeirlərin hər birinin özünəməxsus gözəlliyi var. Hər bir şair öz ruhunun əlvanlığından naxışlar əlavə edib ”Bənövşə”sinə. Əjdərin də öz “Bənövşə”si var. Şair açan bənövşənin qəflətən üzərini alacaq bir qış sazağından ehtiyatlanır sanki. “Niyə açdın, ay bənövşə” deyir.
Niyə açdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmuş gözlərini,
Görənin ki, yoxdu sənin.
...Gözləməkdən yorulursan,
Gələnin ki, yoxdu sənin.

Heç şübhəsiz ki, torpaqlarımızın azadlığa qovuşduğu anda şair bir bənövşə şeiri də yazsaydı, inanırıq ki tamam başqa cür yazardı. Çünki indi Qarabağın azadlığına qovuşmuş dağlarında yazbaşı kolların dibindən təbəssümlə boylanan bənövşələrin nə qədər gələni, nə qədər dərəni olacaq. Bənövşə demişkən, yaz demişkən, baharın ilk müjdə əsintilərini gətirən bu fevral ayı ruhumuza bir yaz ovqatı da qatır. Elə bu ovqatla şairin “Ay bahar” şeirini oxuyuram. Doğrudur, şeirdə yurda bizsiz gələn bahardan söhbət gedir, ancaq poeziyanın da elə sirli, sehrli düyünləri var ki, oxuyanda elə sanırsan bu şeir yurda bizlə gələn baharın şeiridir. İlk misralar yurda qovuşan qəlbin təzahürü kimi oxunur.
Zirvələrdə qar od tutub alışır,
Sular selə, sellər suya qarışır.
Bənövşələr nərgizlərlə yarışır.
Sən gələndə yurdumuza, ay bahar.

Dedim axı... Əjdər Yunusun bütün şeirlərindən yurd boylanır. Elat, tərəkəmə həyatının - bu əbədi karvanın, bu əbədi köçün səsi, harayı gəlir... Açığı, mətn boyu Əjdərin şeirlərindəki ağrıdan qaçmağa çalışdım. Amma hər dəfə də bu cəhdim boşa çıxdı. Çünki yönümü hansı misrasına, hansı bəndinə üz tutdumsa, ağrıya rast gəldim. Bayatılarında bu ağrının rəngi görünəcək, səsi eşidiləcək tondadır.
Əzizinəm yurd yarası,
Sağalmaz yurd yarası.
Bilərdimmi bu qədər,
Ağrıyar yurd yarası.
Əjdər Yunusun şeirlərində poetik mən, poetik ruh dipdiridir. Onun şeirləri yaddaşımızın ən dərin guşələrində uyumuş hissləri belə oyatmağa tələsir, təlaşlanır. Şeirləri hisslərin qiyamı ilə dolu, poeziyası həyəcanlı, titrək, milli heysiyyətlə yoğrulmuş bir poeziyadır. Vətən uğrunda savaşan poeziyanın qalib arzularla doğulan bir çox örnəklərini də yaradıb şair.
Bir türk zabitinin 44 günlük savaşımızla bağlı təəssüratı yadıma düşür. Zabit danışır, həm də içdən gələn səslə, təpərlə, qeyrət damarıyla danışır:
“Bir yabancı qəzetəçi Karabağ müharibəsində azərbaycanlı əsgərdən soruşur. Sizin kaç ölünüz var? Əsgər deyir, bizim ölümüz yok ki. O zaman qəzetəci deyir: Axı karşı tərəfin yüzlərlə ölüsü var, sizin nasıl ölünüz olmaya bilir. Əsgər deyir, bizim şəhidimiz var, bizim qəhrəmanımız, bizim qazilərimiz var, bizim ölümüz olmadı”.
Əjdər Yunusun şeirləri müharbə meydanında təslim olmayan, ölüm-dirim savaşında ölüsü olmayan, yalnız qazisi, qəhrəmanı, şəhidi olan xalqın, millətin poeziyasıdır. Əjdər haqqında, onun bədii yaradıcılığının ideyası, mahiyyət və məzmununa dair danışanda rəhmətlik qəzəlxan Hacı Mailin bir beytini xatırlamasam olmur.
“Hər kəs soruşsa gər mənim ünvanımı sizdən, ol şəxsə deyin:- Mailin ünvanı Vətəndir”...
...Əjdər ünvanı Vətən olan şairlərimizdəndir. O, bu başıbəlalı Vətəni yalnız ədəbi düşüncələri ilə deyil, bütün varlığı, ləyaqəti, canı, qanı, ruhuyla təmsil edir. Nə yaxşı ki, 30 ildir həsrətilə alışıb-yandığımız yurdlarımızın azadlığını görmək, ömrün dağların bəyaz zirvəsinə doğru dırmanan yollarında ona qismət oldu... Yadımdadır, Cəbrayıl azad olunanda ilk müjdənin təssüratlarını da ondan almışdım...
... İnanıram ki, bu yaz Ziyarət dağlarının görüşünə gedəcəyik. Ruhumuz o dağlardadır, əziz müəllim; sənin də, mənim də...

Fariz Çobanoğlu


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!