Qarabağ qazisi ƏDALƏT NİCATın bədii yaradıcılığı barədə dost qeydləriBu “solaxay” zamanda dərdini çəkə bilməyinə şükür eləyən şair Ədalət Nicat məcburən tərk edib gəldiyi yurd yerlərinin həsrət, xiffət poeziyasını yaradır. Dolaşıq ilməli ömür xalısının ərişini, arğacını çözələyir. Yarım əsrlik həyatının yarısının köçkünlük ağrılarına bələnməsini özünün poetik lövhələrində əks etdirir. Onun “boya”larında intizar da var, əzab da, ümid də var, inam da. Amma daha çox ürəyinin qanı ilə “rəsm”lər çəkir və bu, onda daha yaxşı alınır. Çünki Ədalət dərdinin rəssamıdır.
İçimdə ulayır Qarabağ dərdi,
Ayağım altında alışan yerdi.
Ölüm də gen gəzir, bu nə təpərdi,
Qan damır dinəndə sözümdən, Vətən!Ədalətin poetik qənaətinə görə, başdan-başa dağ-daş olan yurd yerləri ürəyi daşa dönən insanların daş səbrinə heyrət edir. Axı, nə qədər gözləsin qoç koroğluların dərələrdə əks-səda verən dəli nərəsini, igid nəbilərin qisas hayqırtılarını?! “Onsuz da özümə gün ağlamadım, Həyan dura biləm barı dərdlərə”, - deyən şairi düşmən tapdağında inləyən Qubadlıya qayıdacağına dəli bir inam yaşadır.
Buludların nəm gözündə,
Ulduzların o üzündə,
İtiyimi göy üzündə
İllərdi gəzirəm, Allah!..Elə mən də illərdir ki, onu dostyana müşahidə edirəm. Bu qədər dərdin, ələmin içində, necə deyərlər, dəngəsini qeyb etməməsi, insanlığa sevgisini tükətməməsi yaxşı mənada təəccübümə səbəb olur. Yurdu, torpağı, xatirələrinin göynədiyi izlər qatı tale dumanlarında itsə də, Ədalət qardaşım dünyanın ədalət hissinin heç də həmişəlik itib-batmamasına inamını itirməyib. Elə bu səbəbdən də onun bir şəxsiyyət kimi kişiliyini, mənliyini, xeyirxahlığını qoruyub saxlaya bilməsi toxtaqlıq yaradır. Filologiya elmləri doktoru Rüstəm Kamal bu barədə doğru yazıb: “Ədalət Nicatın şeiri şəxsiyyəti ilə, kişiliyi ilə, süfrəsi ilə tam vəhdətdədir. Şeir kişi qürurunun davamıdır”.
Ömür yarı nağıldısa,
Yarı da gerçəkdi-gerçək.
Kişi kimi ömür sürən
Həyatda erkəkdi-erkək.Həzrət Əli əleyhüssalamın bir kəlamı var: “Kiçiklə kiçik, böyüklə böyük ol. Amma əsla səviyyəsizin səviyyəsinə enib özünü kiçiltmə”. Bax, bu mənada Ədalət Nicatı hər külək əyə bilməz. Elə hörmətli, xətirli olmasının səbəbi də bundadır.
... Sumqayıtda Ədalət Nicatın 50 illik yubileyi qeyd olunurdu. Çıxış edənlər onun insan, şair, dost kimi keyfiyyətlərinə işıq salır, danışmaqdan doymurdular. Məhz o tədbirdə bildim ki, sən demə, Ədalət Qarabağ qazisi imiş. Döyüş dostlarından birinə söz veriləndə bundan xəbərdar oldum. Təvazökarlığa bax ha, Ədalət bunu heç vaxt bayraq eləməyib, gözə soxmayıb. Bir başqası olsaydı... O, düz beş il Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edib, qanı axıb torpağa. Kəndlər əldən getdikcə sanki canından can ayrılıb. Ürəyinə daş basaraq şəhid silahdaşlarının gözlərini qapayıb. Qazi dostu dedi ki, Ədalət içindəki harayları şeirə çevirir. Şeir onun üçün dərdini ovutmaq, nicatını tapmaq, qələbəyə qoşmaq üçün lazımdır.
Mən çıxışları dinləyə-dinləyə onun mərhum eloğluları - şair dostum Əlağa Aslanı və vaxtilə iş yoldaşım olmuş Eldar Baxışı xatırlayırdım. Özlüyümdə sevinirdim ki, nə yaxşı, unudulmazların ədəbiyyatda yerləri boş qalmayıb! Nə yaxşı, onların Ədalət Nicat kimi ardıcılları var! Kitabını vərəqləyəndə bənzər duyğulara rast gəldim:
Bulud yerə dikir dolmuş baxışın,
Torpağa yayılır ətri yağışın.
Əlağa Aslanın, Eldar Baxışın
Qılıncdan kəsərli sözü məndədi.Sonra tədbirin bədii hissəsi oldu. Aparıcı mən olsam da, hər kəs özünü dost məclisinin ərköyünü kimi apardı. Ədalətin işığı bütün çöhrələri nurlandırmışdı. Sanki Ədalətin deyil, hərənin öz ad günü idi. Hava soyuq olsa da, aura isti idi. Ədalətin çevrəsi də özü kimi istiqanlı idi.
Professor Vaqif Yusifli Ədalətin “Sözüm üşüyür” kitabına yazdığı ön sözdə fikirlərini ürəklə açıqlayıb: ”Bugünün qəribi, qürbətçisi Vətəndən Vətənə boylanan ədalətlərdi. Onlar üçün böyük Vətənin itirilmiş torpaqları göz dağıdı və bu itkiylə heç cür razılaşmırlar. Çünki: “Bağ-bağat yerinə, çiçək yerinə, Şəhid məzarları əkilir, Vətən... Ədalət Nicatam, sinəmə hər gün, Çalın-çarpaz dağlar çəkilir, Vətən”. Ədalətin “mən” obrazı həsrətli insanların, Vətəndən Vətənə boylananların ümumiləşdirilmiş obrazıdı”.
Mən hələlik oxumasam da, ədəbi zövqünə inandığım ağsaqqal şair Məmməd Namaz onun bir poeması barədə yüksək fikirlərini qələmə alıb: “Zəngəzur pələngi” adlı gözəl, oxunaqlı, bugünkü və gələcək gənclər üçün lazımlı olan epik poema, xalqımızın igid oğlu, Qarabağ döyüşlərinin pələngi olan Əlyar Əliyevə həsr olunmuş bu gözəl əsər Milli Qəhrəmana ədəbi-əbədi bir abidədir. Bu poema, məncə, ayrıca kitab halında nəşr etdirilməlidir. Bu kitab hər kəsin masası üstündə olmağa layiqdir”.
Ədalət Nicatın sözə sevgisi böyükdür. Sözü qışqıra-qışqıra deməyi xoşlamır. Elə bilir ki, qışqırsa, sözün ruhu inciyər. Elə sözün yaxasını dartıb cıranları da sözlə susdura bilir:
Ay Vətəndən, eldən danışan kəslər,
Basılmış sərhədlər çəpər gözləyir...
Şair dostumuz İbrahim İlyaslı Ədalətin sözə özəl münasibətini belə izah edir: “Ədalət sözə vurğun olduğundandır ki, söz ona sirr verir, onunla qolboyun olur və nəticədə qələmindən dürlü-dürlü misralar süzülür ağ vərəqlərə... Məsləki etibarı ilə milliyyətçi kəsimə aid olduğundandır ki, Ədalətin şeirləri də mənsub olduğu Türk qövmünün ağrı-acıları ilə süslənib. Yenə də bu səbəbdəndir ki, xalq olaraq nicat yolumuzu milli birlikdə, vətənpərvərlikdə görür və şeirlərində əsasən bu amalı, bu amacı vəsf edir Ədalət Nicat”.
Onun sevgi şeirləri də hər kəsə doğma təsir bağışlayır. Eşqində mərdanədir, əyilməzdir. Özü “ağırtaxta” kişi olduğuna görə məhz həyalı, abırlı gözəllərə dəyər verir. Hamının bənzər yaşantılarını şair özünəməxsus ifadələrlə dilə gətirir.
Çiçəkli çəməndi, yovşanlı düzdü,
Çeşməli baxışdı, laləli üzdü.
Bəstəli nəğmədi, ilhamlı sözdü
Gənclikdən bu günə söz açan eşqim.Ədalət hər mövzuda qələmini sınayır. Alınanı alınmayanından çoxdur. Amma mənə elə gəlir ki, şair ictimai mahiyyət daşıyan yazılarında daha sərrastdır, daha düşündürücüdür. Bu da onun artıq müdrikləşməsinin göstəricisidir.
Barmağa diksinib, sızlar sarı sim,
Ədalətdi atam verdiyi ismim.
Ruhum dartınsa da, təslimdi cismim
Mənimlə qocalan qarı dərdlərə.
Qısası, Ədalətin poeziyası maraqlı bir aləmdir. Poetik pıçıltıları göyqurşağının yeddi rəngində, musiqinin yeddi notunda, özünün yeddi vur yeddi və üstəgəl bir yaşının fonunda ürəklərə yatır.
Əli NƏCƏFXANLI
"Bütöv Azərbaycan" qəzeti